“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində 85 illiyini qeyd etdiyimiz mərhum Xalq şairimiz Vaqif Səmədoğlu barədə növbəti yazı təqdim edilir. Müəllif Xalq artisti Ramiz Həsənoğludur.
Vaqiflə ilk tanışlığım qiyabi olub. 1960-cı illərin əvvəllərində qonşuluqda yaşayan fotoqraf Ərdəş Məhərrəmov bir şeir kitabçasını mənə göstərdi və ağızdolusu onun müəllifindən danışdı. Mən kitabı Ərdəşdən birgünlük aldım və birnəfəsə oxuyub bitirdim. İndiyə qədər oxumağa alışmadığım, qeyri-adi üslubda yazılmış şeirlər məni alıb apardı. O vaxtdan gözüm hər yerdə Vaqifin şeirlərini axtarırdı. Lakin mətbuatda - qəzet və jurnallarda təzə şeirləri uzun müddət rastıma çıxmadı. Sadəcə, hərdən radio və televiziyada, konsertlərdə onun sözlərinə bəstələnmiş mahnılar səsləndirilir, mən də sevə-sevə dinləyirdim.
Vaqiflə əyani tanışlığımıza isə onun dostu Anar səbəbkar oldu. Ötən əsrin 80-ci illərinin lap əvvəlində Azərbaycan Televiziyasında "Evləri köndələn yar" teletamaşasına quruluş verirdim. Hazırlıq prosesində Anarın təklifi ilə Vaqif bir neçə mahnı mətni yazdı və onun sözlərinə Emin Sabitoğlunun bəstələdiyi bu mahnılar dillər əzbəri oldu.
80-ci illərin ortalarında Vaqif mənim çəkdiyim "Üç çinar yarpağı" adlı bədii-sənədli filminin qəhrəmanlarından biri oldu və bu iş bizi xeyli yaxınlaşdırdı.
Vaqif artıq öz qələmini dramaturgiyada da sınamağa və dərhal da orijinal dramaturq kimi tanınmağa başlamışdı. Onun "Bəxt üzüyü" dramaturgiyamızda yeni söz idi.
O, 1987-ci ildə AzTv üçün "Yaşıl eynəkli adam" teletamaşasının ssenarisini yazdı və əsər Yeni il gecəsi efirə gedəndən sonra ondan sitatlar ağızdan-ağıza gəzdi. Beləcə kədərli şeirlərin şairi indi də baxımlı komediyaların müəllifi kimi şöhrət tapdı.
Vaqiflə bizim yaradıcı dostluğumuz onun ömrünün sonuna kimi davam etdi. Həm teleekranda ("Yaşıl eynəkli adam 2", "Yaşıl eynəkli adam 3", "Yumurta"), həm də teatr səhnəsində ("Generalın son əmri") onun əsərləri mənim quruluşumda işıq üzü gördü.
Vaqif Səmədoğlu öz şəxsiyyəti və yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətimizdə silinməz izlər buraxmış bir Ustaddır.
Ruhun şad olsun, Vaqif. Səni unutmuruq.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)