Poetik Qiraətdə bu gün yenə də daimi müəllifimiz, şair İqbal Nəhmətdir. Onun “Payıza oxşayıram” şeirini çox bəyənəcəksiniz.
Xoş mütaliələr!
Yarpaq kimi tökülməyim
Payıza oxşatdı məni...
Mən heç kimə oxşamadım,
Nə atama, nə anama,
nə dayıma.
Yerdən çıxdım, göydən gəldim,
Bir bətndən, beldən gəldim,
Bir balaca uçuq evdən,
Bir obadan, eldən gəldim.
Bənzətdilər,
məni ona, onu mənə
Geydirdilər
heç əynimə biçilməyən donu mənə.
Göstərdilər,
görünməyən sonu mənə.
Mən heç kimə bənzəmədim.
Bəlkə adam tapılmadı
mənə bənzər,
Bəlkə mən adam olmadım adam kimi,
Niyə baxır mənə ,,adam" yadam kimi?
Mən heç nəyə bənzəmədim.
Külək kimi əsməyim yox,
Bulud kimi yağmağım yox,
Yerə-göyə sığmağım yox,
Bənzətdilər
biri gözə, biri yaşa,
ağlatdılar demədilər yaşa! yaşa!
Bənzərimi axtarmağa döndüm başa.
Yarpaq kimi tökülməyim
payıza oxşatdı məni.
Düzü dedim, yüzü dedim,
sizi dedim, bizi dedim.
Nə faydası, bu deməyim
qarğışa oxşatdı məni.
Mən heç kimə oxşamadım!
Ədəbiyyat və incəsənət”
(12.06.2024)