Super User
“CINEMO” Mobil Film Festivalının açılışına bir həftə qaldı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılış mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.
Tədbir dekabrın 1-də Nizami Kino Mərkəzində olacaq.
Festivala təqdim ediləcək mobil telefon vasitəsilə çəkilən filmlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və sonda qaliblər müəyyən olunacaq.
Festivalda iştirak şərtləri, filmlərə dair tələblər, mükafatlar və digər zəruri məlumatlar açılış mərasimində elan ediləcək, həmçinin festivalın rəsmi internet saytında cinemoff.com yayımlanacaq.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
Tbilisidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş rəsm əsərləri sərgisi açılıb
Noyabrın 23-də Tbilisidə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılıb.
AzərTAC xəbər verir ki, sərgidə Marneulidən olan rəssam Xəyalə Mustafayevanın Ulu Öndərə, Azərbaycana, Şuşa, Xarıbülbül və Xocalı soyqırımına həsr etdiyi və digər əsərləri nümayiş etdirilib.
Tədbirin təşkilatçılarından olan Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov çıxış edərək bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın Ulu Öndər Heydər Əliyevə böyük və xüsusi sevgisi var. X.Mustafayevanın çəkdiyi rəsmlər həm Ulu Öndərə, həm də doğma Azərbaycana olan sevginin bariz nümunəsidir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov çıxışında ölkələrimiz arasındakı dostluq münasibətlərindən, soydaşlarımızın, eləcə də gürcü xalqının Ulu Öndərə olan sevgisindən bəhs edib. Bildirib ki, sərgidə nümayiş etdirilən rəsm əsərlərinin - M.K. Atatürkün, Azərbaycan-Gürcüstan dostluğunun, Xocalı soyqırımının, Qarabağımızın, Xarıbülbülün, Şuşanın əsrarəngiz təbiətinin, Ulu Öndərin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrin, Ümummilli Liderin və onun siyasətini ləyaqətlə və uğurla davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin portretlərinin xüsusi ardıcıllıqla nümayiş etdirilməsi olduqca təqdirəlayiqdir.
Diplomat səfirliyin soydaşlarımıza hər zaman dəstək olduğunu və bundan əvvəl də rəssam X.Mustafayevanın sərgilərinə dəstək olduğunu qeyd edib.
Gürcüstanda səfərdə olan ADA Universitetinin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva çıxışında X.Mustafayevanın yaradıcılığına münasibət bildirib, gənc rəssamın çəkdiyi əsərləri yüksək qiymətləndirib.
Gürcüstan parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov Ulu Öndərin soydaşlarımıza göstərdiyi diqqət və qayğı barədə məlumat verib. Rəssamın bu sərgisinin soydaşlarımızın Ümummilli Liderə olan sevgisinin bariz nümunəsi olduğunu vurğulayıb.
Rəssam X.Mustafayeva sərginin təşkilinə göstərilən dəstəyə görə, təşkilatçılara minnətdarlıq edib. Bildirib ki, bu əsərləri çəkməklə Ulu Öndərə və onun layiqli davamçısı Prezident İlham Əliyevə, eləcə də Azərbaycan xalqına olan sevgisini göstərmək istəyib.
Sərgidə paytaxt Tbilisi ilə yanaşı Rustavi şəhərindən, Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarından ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Sərgidə rəssamın 30-dan əsəri nümayiş etdirilib.
Qeyd edək ki, sərgi qafqazturk.com portalının informasiya dəstəyi ilə reallaşıb.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Sara Nacidən “Mənimlə gəl” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Sara Nacinin şeirlərini təqdim edir.
Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub. 1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib. O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.
MƏNİMLƏ GƏL
Saçlarım çiyinlərindən tökülür
Və bu pəncərədən Şimal dənizinə qovuşur
Məndən uzaqlaşmağını istəmirəm
Rəmkədə keçən buludlarla gedəsən
Ya da mövsümün qanlı yarpaqlarının üstündə addımlayasan
Və ya qoca tısbağalar arasında
Özünə dalasan
Səsini içindən eşidirəm
Onun dinliyi yoxdur
Gəl olayların dibərdinə vuraq
Gəl suların üzündə əsək
Və Mərcan qayalarını dalğalara oyuncaq edək
Günəş nəhəng ağaclar səltənətini idarə edir
Və sən daxili duyğularının inqilabında boğulmaq istəyirsən?
İndi boğulmaq vaxtı deyil
Yerdəki canlılar arasında həyat hələ də davam edir
Mənimlə gəl
Tropik küləkləri izləyək
Və başqa yerə gedək.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
Sabah “Sənsiz” oynanılacaq
Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyinə həsr olunan “Sənsiz” tamaşası sabah və birigün - noyabrın 25-26-da Akademik Milli Dram Teatrında teatrsevərlərə təqdim ediləcək.
Şıxəli Qurbanovun eyniadlı dramı əsasında səhnələşdirilən əsərin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, quruluşçu rəssamı Vüsal Rəhimdir.
Tamaşada rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov və Lalə Süleymanova ifa edəcəklər.
“Sənsiz” repressiyaya məruz qalan, həyatdan və ailəsindən qoparılmış insanların dramından bəhs edir.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
Heç nə ikinci dəfə təkrarlanmır
Sərtyel, “Ədəbiyyat və incəsənət”
Cümə günü sizlərə lətifə yox, bir ibrətamiz pritça söyləyəcəyəm. Qəhrəmanımız bir qurbağadır.
Bir gün qurbağa başı üstə yerə çırpılır. Nəticədə gözəl bir qıza çevrilir.
Bu metamarfozdan bərk sevinən qurbağa ikinci dəfə özünü başı üstə yerə çırpır.
…Və idbar bir oğlana çevrikir.
Heç nə ikinci dəfə təkrarlanmır.
Bilin, qulaqlarınıza sırqa edin.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
26 noyabr - KƏLAĞAYI GÜNÜ
Könül, “Ədəbiyyat və incəsənət”
26 noyabrı biz Kəlağayı günü kimi qeyd edirik. Bu il bu günün hansı özəllikləri olacaq? Bu sualla da Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı muzeyinin qurucusu Güllü Eldar Tomarlıya müraciət edib ondan bilgilər aldıq. Həmin bilgiləri təqdim edirəm.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 26 noyabr Kəlağayı gününə həsr olunmuş “Anam kəlağaylı bir muğamıydı...” adlı konsert tədbiri keçiriləcək.
26 noyabr 2023 cü ildə baş tutacaq konsertdə saat 16:00-da kəlağayıya aid rəsm əsərlərinin sərgisi keçiriləcək, saat 17:00-da isə konsert proqramı təqdim ediləcəkdir. Konsertdə milliliyimizin simvolu olan kəlağayımıza həsr olunan ifalar, şeirlər səsləndiriləcək.
Xatırladaq ki, konsert-tədbirə biletləri iticketaz sayıtından əldə edə bilərsiniz.
https://iticket.az/en/events/concerts/anam-kelagayli-bir-mugamiydi-s/102938
Fürsətdən istifadə edib mən də bir kəlağayısebən kimi portalımız vasitəsilə bütün sənətsevərləri və kəlağayısevərləri tədbirə dəvət edirəm.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
“Açgöz ağa” - Əyyub Türkaydan yeni uşaq mənzum nağılı
“Ədəbiyyat və incəsənət” portalı istedadlı gənc şair Əyyub Türkayın uşaqlar üçün yazdığı yeni mənzum nağılını təqdim edir.
ACGÖZ AĞA
(Mənzum nağıl)
Keçmiş zamanlarda uca bir dağda
Yaşardı Əjdaha gözdən qıraqda.
Kimsəyə bir pislik eləməmişdi,
Hamı düşünürdü, bu necə işdi?
Əjdaha dediyin hücum eləyər,
Qorxudan canlılar aman diləyər.
Lakin bu Əjdaha sakitcə durur,
Ömrünü xoşluqla evində sürür.
İndi kimdən deyim sizə, a dostlar,
Bu kəndin bir acgöz Ağası da var.
İncidib hər kəsi həddin aşardı,
Pislik etmək ilə ömür yaşardı.
Kəndlinin sərvətin çapıb-talardı,
Etdiyi əməldən məmnun qalardı.
Hərənin boynuna bir iş qoymuşdu,
Kəndlilər Ağadan cana doymuşdu.
Toplaşıb bir yerə plan qurdular,
Çoxlu fikirlərlə beyin yordular.
Nəhayət, danışdı bir müdrik qoca,
Hörməti var idi dağdan da uca.
Söylədi: - Gərəkdir bu acgöz Ağa
Aldanıb bizlərə yollansın dağa.
Başqa əlacımız qalmayıb daha,
Onun öhdəsindən gəlsin Əjdaha.
Çəkdilər Ağanı kənd meydanına,
Bir-bir toplaşdılar onun yanına.
Hiylə dəyirmanın saldılar işə,
Girdilər Ağayla gizli döyüşə.
Dedilər: - Qarşıda gördüyün bu dağ
Dünyada hər yerə salıb səs-soraq.
Zirvəsi almazla, qızılla dolu,
Heyif ki, çətindir, keçilmir yolu.
Əgər qalxa bilsən dağın başına
Var-dövlət orada qalmaz boşuna.
Daha sərvətinin çoxalar sayı,
Bu da olar sənə Tanrının payı.
Ağanın sevincdən parladı gözü,
Tez qəbul elədi deyilən sözü.
Bilirdi Əjdaha hakimdir orda,
Özünü qoyacaq çətində, darda.
Lakin var-dövlətin xəyalı onun
Düşünmür tezliklə gətirər sonun.
Aldı qılıncını, yollandı dağa,
Düz getdi, baxmadı nə sola-sağa.
Nəhayət, yetişir həmin məkana,
Vahimə gətirir bura insana.
Gördü burda yoxdur ləl-cəvahirat,
Anladı kələklə üzləşib heyhat.
Bir az da irəli yüyürüb getdi,
Dağın zirvəsində xeyli yol ötdü.
Gördü yaxınlıqda bir iri quyu,
Düşündü içərəm mən sərin suyu.
Boylanıb quyunun içinə baxdı,
Bu zaman quyudan Əjdaha çıxdı.
Ağa qılıncını uzatdı ona,
Zərbə vurmaq üçün çəkildi yana.
Əlində qılıncı oynadan zaman
Qorxudan əlləri əsirdi yaman.
Qəzəblə nərilti çəkirdi nəhəng,
Ağanın üzündə qalmamışdı rəng.
Əjdaha Ağadan yapışdı dərhal,
Qəti tərpənməyə vermədi macal.
Bir göz qırpımında uddu Ağanı,
Hamının acgözdən qurtardı canı.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
Ailə münasibətlərində problem yaranarsa…
Səbinə Məmmədova, “Ədəbiyyat və incəsənət” üçün
Münasibətdə baş verən hər hansısa problemi həll etmək o qədər də asan deyildir. Problemi həll etməyiniz üçün edilən müzakirə hər şeyi yoluna da qoya bilər, problemin bitməsinə də səbəb ola bilər, amma əksi də ola bilər.
Bəs müsbət nəticə üçün əsas nəyə diqqət etməlisiniz?
Münasibəti davam etdirmək kənardan göründüyü qədər asan deyildir. Bəzən qarşı tərəflər bir-birini anlamaqda çətinlik çəkə bilirlər. Mövzu ilə bağlı Peşəkar Psixoloqlar İctimai Birliyi”nin psixoloqu Zümrüd Haqverdiyevaya müraciət etdik. O aşağıdakı həll yollarından bəhs etdi:
1) Probleminizi müzakirə edin.
Münasibətdə olan problemlər həll olunmadığı zaman narahatlıqlar arta bilir. Buda zamanla münasibətin bitməsinə səbəb ola bilər. Bunun yerində baş verən problemi həmin zamanda partnyorunuzla müzakirə edib, həll yolları axtarın.
2) Qarşı tərəfə güvən hissini verin.
Partnyorunuza davamlı olaraq hər hansısa bir mövzuda narazılıq etmək, ona istəmədiyiniz mesajını ötürəcəkdir. Problemi müzakirə etmədən öncə, onu sevdiyinizi hiss etdirməyiniz daha gözəl seçimdir.
3) Bir-birinizi dinləyib, anlayış göstərməyə çalışın.
Müzakirə zamanı haqqlı olmağa çalışmaq normaldır. Lakin bu kimi hallarda partnyorunuzun da fikirlərini nəzərə almağı unutmamaq lazımdır. Ən çətin anlarda belə onu anlamağa çalışın.
Hər hansı bir narahatlığınızı açıq şəkildə ifadə edin, eyni zamanda qarşı tərəfin də fikir və duyğularını nəzərə almağınız, münasibəti daha sağlam və uzunmüddətli olmasına gətirib çıxaracaqdır.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
Sabah Tarkanın möhtəşəm konserti gözlənilir
Sabah “Baku Crystal Hall” səhnəsində türk pop musiqisinin ən məşhur və sevilən sənətçilərindən biri, möhtəşəm ifaları, eləcə də hərarətli səhnə performansı ilə bir çox ölkələrdə milyonlarla insanın qəlbini fəth etmiş, həmçinin yüzlərlə yerli, beynəlxalq mükafatlara layiq görülmüş Tarkan konsert proqramı ilə çıxış edəcək.
Meqastar enerji dolu möhtəşəm atmosfer yaratmaq üçün öz repertuarında olan unudulmaz mahnıları ilə yenidən pərəstişkarları qarşısına çıxacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(24.11.2023)
“Sazlı-sözlü kəlağayı günləri” bu dəfə Qazaxda
Noyabrın 22-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət Mərkəzində ''Sazlı Sözlü Kəlağayı Günləri'' adlı tədbir keçirilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı məlumat verib. Məlumata görə, tədbirdə sazlı-sözlü konsert, ''Anam kəlağayılı bir muğamıydı...'' kitabının təqdimatı və Kəlağayı ev muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi tamaşaçılara təqdim edilib.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq tədbir iştirakçılarını salamlayıb, vətənimizin azadlığı, ərazi bütövlüyü, suverinliyi uğrunda şirin canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Güllü Eldar Tomarlı tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populyarlığını daha da artırmaq olduqca vacibdir. Şair-publisist Güllü Eldar Tomarlı vurğulayıb ki, ''Sazlı-sözlü Kəlağayı Günləri'' çərçivəsindəki tədbirlər noyabrın 1-də Naxçıvandan başlayaraq bu gün Qazaxda davam edir və yekun olaraq noyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində 26 Noyabr-Azərbaycan Kəlağayısı günü münasibəti ilə kəlağayı bayramı keçiriləcəkdir.
(Bu barədə ayrıca xəbəri portalımızdan günün sonuna doğru oxuya biləcəksiniz)
Güllü Eldar Tomarlı söyləyib: “Kəlağayımız 2014-cü ildə ölkəmizin birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESKO-nun Qeyri -Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş, dünya birliyi tərəfindən tanıdılmış və təqdir olunmuşdur. Kəlağayı bayramı - Naxçıvan, Tovuz, Gəncə, Naftalan, Sumqayıt, Şamaxı, İsmayıllı, Şəki, Qazax və Bakıda Azərbaycan Mədəniyyət Nazirliyinin aidiyyatı üzrə regional qurumlarının, İcra Hakimiyyətlərinin dəstəyi ilə qeyd olunmuşdur”.
Sonra söz AYB-nin Qazax Zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsala verilib. O, kəlağayının bayram atributu kimi qeyd edilməsinin tarixi bir hadisə olduğunu vurğulayıb və kəlağayıya aid yazdığı şeiri söyləyib.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri- Cavanşir Rüstəm, Tamella Poladlı , Qaymaqlı Kənd Folklor evininin müdiri, şair Kazım Kazımlı, Qazax rayon Mədəniyyət Mərkəzininin ''Buta'' rəqs qrupu, Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı, aşıq Lütfiyyə Musayeva, Qazax rayon Mədəniyyət Mərkəzinin ''Zurnaçılar'' ansamblı, Uşaq Musiqi məktəblərinin şagirdləri Məhəmməd Budaqov, Samir Mehdizadə, Kəmərli kənd orta məktəbinin şagirdləri Nərmin Alıyeva, Şəfəq Ləzgiyeva söylədikləri şeirləri, musiqi nömrələri ilə iştirakçılara xoş ovqat bəxş ediblər.
Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri, şairlər- Brilyant Atəş, Tamam Yaralı, Güləndam Dağlarqızı kəlağayı haqqında maraqlı xatirələrini, düşüncələrini söyləyiblər.
Sonda Güllü Eldar Tomarlı bu möhtəşəm Sazlı Sözlü Kəlağayı Günlərininin Azərbaycanın hər bir bölgəsində gözəl qarşılandığına, təşkilatçılığına görə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə, şəhərlərin, rayonların İcra hakimiyyətlərinə, Regional Mədəniyyət İdarələrinə, Bakı şəhər Mədəniyyət Baş İdarəsinə, Qazaxdakı bu günkü möhtəşəm qarşılanma və təşkilatçılıq üçün isə Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Aygün Məmmədovaya, Qazax Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənovaya, Qazax rayon Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlovaya təşəkkürünü bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
Kəlağayı günündə görüşənədək!
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)