Super User
Gülüş klubu
Fransızların şorbası
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1
Parisdəki məlum hadisə hamının diqqətini çəkdi. Ekofəallar Luvr muzeyində Mona Lizanın portretinin üzərinə düyü şorbası tökdülər. Bu hadisəyə bizim “Gülüş klubu”nun interpretasiyası:
Ekofəallar Mona Lizanı supa bələyəndə qışqırışıblar:
-Bizim kənd təsərrüfatı xəstədir!
Soruşulacaq ki, bəs Mona Lizanın məsələyə nə dəxli?
Deyək! Giperinflyasiyaya qədəm qoyan fransızlar ətdən-mətdən məhrum olub sonuncu şorbalarını yeyir. Bu itin qızı isə gülümsəməkdədir.
2
Özünüz barədə tez-tez yaxşı şeylər danışmaqdan utanmayın. Belədə, qəbristanlıqda yola salanlarınız barı deməyə söz tapacaqlar.
3.
Görəsən niyə dəniz sahilində yaşayan balığı satın alır?
4.
Özünəxidmət terminalından qocalar uşaqlığa bilet ala bilməzlər, amma marazm, Alsheymer və tremor testindən keçə bilərlər.
5.
Yadınızdadır, uşaqlıqda siz sürüşkəndən sürüşəndə o biri uşaqlar zarafatyana üstünüzdə oturardılar ki dura bilməyəsiniz?
Böyüklükdə həyat məhz bu cürdür, özü də zarafatsız.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
POETİK QİRAƏTdə Ruslan Dost Əlinin “Məni” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə olduqca istedadlı gənc şair, Silk way Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turunun qalibi Ruslan Dost Əlinin yenicə yazdığı “Məni” adlı şeirini təqdim edirik. Ovqatınıza lirik ricətlər daxil olsun, bir qədər də həyatın şablon axınından qopmaq barədə düşünün.
görən məni kim ağladar,
görən kim güldürər məni.
bu yağışda anam kimi
kimsə geyindirər məni?
dostlar keçər sağ-solumdan,
hərdən azaram yolumdan:
kim çıxar, tutar qolumdan
yolumdan döndərər məni?
qəfil, yenə də azmışam,
yenə andımı pozmuşam:
o qıza şeir yazmışam,
bilməsin, öldürər məni...
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
“Canyataq-Gülyataq qızılı” – Zahirə Cabir
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər.
Növbəti təqdim edilən nağıl Canyataq-Gülyataq qızılı adlanır.
Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, balçının bal tası yox, baltaçının baltası, burdan bir tazı keçdi, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm.
Biri vardı, biri yoxdu. Bir padşah vardı. Onun Can adlı aman-zaman bir oğlu vardı. Can igidləri başına yığıb ova gedər, at çapıb, ox atardı. Bir gün ov dalınca düşərkən meşədə çırpı yığan gözəl bir qızla rastlaşdı. Qız nə qız, görən bunun camalına heyran qalardı, qaş qara, gözlər sürməyi, boyu sərv. Qız onu görçək ürkək baxışları ilə tez şələsini götürüb getmək istədi. Can atdan düşüb qızdan hansı obadan olduğunu sordu. Qız heç bir söz demədi. Yalnız qorxu, həyəcanla icazə istəyib ordan uzaqlaşdı. Can xeyli vaxt qızın gözəlliyi qarşısında donub qaldıqdan sonra özünü birtəhər ələ alıb və evə dönür. Qızın dərdindən rəngi saralır, solur, bir an belə onu unutmur. Xəstələnir. Padşah məmləkətin loğmanlarını sarayına dəvət edir, oğlunun dərdinin əlacını soruşur. Onlar xəstəliyi ilə bağlı heç bir söz deyə bilmirlər. Bir dərviş gəlir, Cana baxır və padşaha bildirir ki, oğlunun xəstəliyi sevgi xəstəliyidir. Oğlunu sevən ata Candan onun kim olduğunu sorur. Can isə gördüklərini danışır, qızın hansı obadan olduğunun bilmədiyini deyir. Atası söz verir ki, o qızı tapıb, onunla Canı evləndirəcək. Atasının ona mərhəmət göstərdiyi görən Can o qızı axtarmaq eşqilə sağalır, ayağa durur. Yenə də meşəyə üz tutur, axtarır, taqətdən düşür, yorulur. Yaxınlıqdakı çaya gedib yuyunmaq, bir az dincliyini almaq istəyir.
Hə, sizə kimdən deyim, Canın meşədə rast gəlib, gördüyü qızdan. Bu qızın adı Gül idi. Körpəlikdən anasını itirmiş, atası dul qadınla evlənmişdi. Analığ ona gün verib, işıq vermirdi. Gününü göy əskiyə döndərmişdi. Evin bütün ağır işlərini ona gördürərdi. Gül hər gün çaya gəlib, ağır səhənglə evlərinə su daşıyardı. Ögey ana Gülün günü- gündən gözəlləşdiyini görüb daha da qəddarlaşırdı. Bütün günü onu işlətməkdən, söyməkdən, təhqir etməkdən həzz alırdı.
Gül də meşədə cavanı gördüyü gündən könlün ona salmışdı. Hər cün çaya gəlir, çayın kənarında məskən salmış salxım söyüdün altında oturub dərdini caya danışır, dərdləşirdi. Və yenə də çaya gəlib səhəngini doldurdu. Gözlərini qaldıranda qarşısında Canı gördü. Gül özünü bir anlıq itirib, çaş-baş qalır. Can onu axtardığını, onu gördüyü gündən yalnız onun eşqilə yaşadığını, sevdiyini bildirir. Gül də ona biganə qalmadığını söyləyir. Nəhayət, Can padşaha istədiyi qızdan danışır, ona bir könüldən min könülə aşiq olduğunu deyir. Padşah oğlu ilə razılaşır və Gülü oğlu üçün istəməyə elçi göndərir. Ögey ana padşahın oğlunun Gülü sevdiyini eşitcək hikkəsindən, paxıllığından az qalır ki, çatlasın. Dərdə düşür. Bütün günü fikirləşir ki, nə etsin. Axır ki, tapır. Gələn elçilərə qızının əvəzində qızıl yatağı istəyir və bu yataqların yalnız Canın əli ilə tapılmasını istəyir. Əri nə qədər onu bu fikrindən daşındırmaq istəyirsə əl çəkmir.
Can, bu yolun gedər-gəlməz olduğunu bilsə də, sevdiyi qızın yolunda qızıl yatağı əldə etmək üçün yola düşür. Yorulmadan, gecə, gündüz bilmədən çayın qırağındakı qayalarda qızıl yatağı axtarır. Gülün eşqiylə sıldırım, adamkeçməz qayalarda külüng vurur. Nəhayət ki, tapır. Həmin vaxt Gül Canı görmək ümidilə çayın kənarına gəlmişdi. Çayın kənarındakı qayalardan Canın külüngünün səsini eşidir. Can həmin vaxt artıq qızıl yatağını tapmışdı. Külüng səsi ara verəndə Gül aşağıdan onu səslədi. Can Gülün səsin eşitdi, tez sevgilisinə qovuşmaq istədi. Qayaların üstündən sanki uça-uça ona qızıl yatağını tapdığını söyləmək istədi. Elə bu vaxt ayaqları yerdən üzüldü, qayadan sürüşdü, ölümcül halda çaya düşdü. Gül onu dizləri üstə aldı, sevgilisinə son anda doyunca baxdı, qayaların üstünə çıxdı, özünü qayadan atmaq istədi. Bu vaxt bir pəri peyda oldu. Onun əllərindən tutub, qayadan aşağı endirdi. Qıza dedi ki, yaxınlıqdakı qalanın arxasında yerdən bir bulaq çıxır, dirilik suyudur. Get o bulaqdan su götür, Canın yaralarına tök, Can sağalacaq. Gül pərinin dediyi kimi etdi, axtarıb bulağı tapdı, dirilik suyundan gətirib Canın yaralarına tökdü. Can gözlərini açdı. İki sevgili yenidən bir-birinə qovuşdu.
Bəli, padşah bu xəbəri eşidən kimi bütün şəhəri xalça-xalı ilə bəzədi. Böyük sevinc, coşqu ilə çıxdı oğlunun, gəlninin qabağına. Analığ bunları gördükdə qan başına vurdu, paxıllıqdan bağrı çatlayıb öldü.
Padşah oğluna qırx gün, qırx gecə toy elədi. Onlar yedi, içdi, yerə keçdilər. Siz də yeyin, için, kama çatın. Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl danışanın.
İllər keçir. Həmin qızıl yatağı Canyataq-Gülyataq adı ilə məşhurlaşır. Onların sevgi dastanı dillərdə gəzir. Can və Gül bir-birini sevən bütün aşiqlərə bu qızıl yatağından pay verir.
Danışdığım nağıl Kəlbəcərdəki Canyataq-Gülyataq qızıl yatağı haqqındadır. O yer sevgililərin qovuşduğu yerdir. Ordan nə qədər qızıl daşısalar da, həmin yataqdan qızıl tükənməz, cünki o müqəddəs yer - əbədi sevginin yatağıdır. Oradan çıxan qızıldan həmin yerlərin insanları xeyir görər. Xaincəsinə əl uzadanların apardıqları qızıl isə onlara xeyir gətirməz, gilə dönərək ayaqlara yapışar.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Marketinq planı - Varlanmaq üçün uğur formulu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bu dəfə sizlərə marketinq planı barədə danışmaq istəyirəm. Nədir marketinq planı?
Potensial müştərilərin real müştərilərə çevrilməsi üçün kiçik müəssisə marketinq planına malik olmalıdır. Bu plan müştərilərin sizin məhsulu niyə alacaqlarını özündə əks etdirməlidir.
Siz burada marketinq planınızın əsas elementlərini düşünüb hazırlamalı və potensial partnyor və ya investorlara izah etməlisiniz: qiymətqoyma, əmtəənin yayım sxemi, reklam, satışı stimullaşdırma metodları, satışardı müşayiətin təşkili, imicin formalaşması.
Bəs əmtəəyə necə düzgün qiymət qoymalı? Əsas prinsiplər bunlardır:
· Əmtəənin qiyməti maya dəyərindən yüksək olmalıdır;
· Qiymət bazar imkanları ilə müəyyənləşir;
· Qiymət maksimal gəliri təmin etməlidir (vahid məhsula görə deyil, hər hansı zaman kəsiyinə görə).
İnsan kimi istənilən əmtəə də bazarda öz həyatını yaşayır: gənclik, yetkinlik, qocalma və ölum. Bu mərhələlərin hər birində də qiymətqoyma məsələləri özünəməxsus qaydada həll edilir.
Məsələn, əmtəə cavan olanda ona olan tələbatı qiymət vasitəsilə stimullaşdırmaq lazımdır. Burada qiymətlərin müvəqqəti olaraq uzlaşdırma strategiyası özünü doğruldur. Əmtəə yetkinlik dövrünə çatdıqda və ona olan tələbat formalaşdıqda məsələ başqa cür olur. Bu zaman ilkin əmtəənin modifikasiyalarının qiymətlərində bacarıqla manevr edərək ən yüksək gəlir əldə etmək məqsədilə onları bir qədər qaldırmaqla satış həcminin artımını stimullaşdırmaq olar. Əmtəə köhnəlməyə başlayanda isə ona tələbat düşdüyündən, onun həyatını qiymətləri kəskin aşağı salmaqla uzatmaq olar (məsələn, mikrokalkulyatorların belə qiymət düşümü onların satış həcmində kəskin sıçrayışa və istehsalçıların gəlir kütləsinin artımına gətirdi, çünki yeni qiymətlə bu əmtəə hər bir məktəbli üçün əlçatan olmuşdu).
Satışın stimullaşdırılması kampaniyası planlaşdırılarkən dörd faktora xüsusi diqqət yetirmək lazımdır:
· Potensial müştəriləri tapmaq;
· Onları maraqlandırmaq və stimullaşdırmaq;
· Onların tələbatlarını təmin etmək;
· Satmaq.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
44-cü hissə
Yenə eyni yolda
Keçmiş günlərdə o qədər ağrı-acı var idi ki... Bununla belə, həbsxanada gördüklərindən sonra keçmişdə yaşadıqları ona xoşbəxtlik işartılı günlər kimi gəlirdi. Uşaqlığı, bacısı Leyli ilə oyunları, məktəb illəri, atasının, qardaşının qadağalarına baxmayaraq gizlicə seriallara baxmaqları, kişi-qadın münasibətlərinin dərinliklərini bildikcə oğlanlara maraqla tamaşa etmələri, böyüdükcə öz ağ atlı oğlanlarını gözləmələri...
Sonra Rüfətli günlər, ürkək-ürkək dəhlizdə baxışmaları, söhbətləşmələri, ilk dəfə əlini Rüfətin ovcunda hiss eləməsi, Rüfətin göndərdiyi şeirlər, hədiyyə olaraq verdiyi açarqabı...
Sonra Bakı günləri, yaddaqalan tələbəlik illəri. Qızlarla boş dərslərdə alış-veriş mərkəzlərinə, kitabxanaya, kinoya getməkləri... Toyunun, Madarlı günlərinin üstündən sükutla keçib o günlərdən yalnız eyvandan gizlicə qonşu oğlanla baxışmasını xatırlayırdı, bir də ömrünün ən xoşbəxt gününü -- Aylininin doğulduğu günü.
Rasimli günlər sonu acı olsa belə, öz gözəlliyini və təkrarsızlığını qoruyurdu. Stomatoloji kabinetdə, Rasimgildə sevişmələri, Rasimin ionika ifa etməsi, oxuması, birlikdə gələcəyə xəyal qurmaları, Xızıda keçən təkrarsız həftələri...
Rəşid müəllimlə bağlı günlərdən də xoşbəxt bir şeylər var idi. Əlinə pul gəlməsi, salonu həvəslə işlətməsi, fitnes günləri, xarici gəzintilər, Dubayın, Bodrumun qəlbi riqqətə gətirməsi, Səda Sayanın konserti, rahatlıq, əmin-amanlıq və firavanlıq. Ən bahalı hədiyyələr, ən dəb geyimlər, ən bərkgedən restoranlarda ən dadlı təamları dadmaq...
Turallı günlər büsbütün gözəl günlər idi, dinə tapınmışdılar, ibadət edirdilər, ibadət o qədər təkrarsız məşğuliyyət idi ki, insanı mənən təmizləyirdi, paklaşdırırdı. Yalnız Turallı günlərində Ülkər maddiyyatı ötəri, keçəri şey sanmış, mənəvinin mükəmməlliyinə heyran qalmışdı. Turalın qızıl kimi xasiyyəti, Banu ilə şirniyyat bişirmələri, üçlükdə çay içərək şirniyyat yemələri, cüməgünləri məscidə getmələri, Turalın doymaq bilmədən dinlədikləri söhbətləri, Aylinlə gəzintiləri...
Bilgəhli günlərdən də yaddaşına yazılan anlar olmuşdu. Masmavi dənizin nəhayətsizliyinə öz tənhalığı ilə tapınması, dənizlə dərdləşməsi, yayda Aylinlə orada keçən xoş anları unudulmaz idi...
Həbsxanadan qayıtdıqdan sonra gedib Nazəndə xanımgildə qızına sarmaşmışdı, duz kimi yalamışdı onu, götürüb evə aparmaq istəyəndə Nazəndə xanım qarşısını kəsmiş, demişdi:
-- İncimə, ancaq mən Aylini sənə verə bilmərəm. Sən nə işlə məşğul olduğunu gözəl bilirsən. Mən də bilirəm. Bununçün səni danlamaq, aşağılamaq fikrində də deyiləm. Sadəcə, o işlə övlad tərbiyə eləmək tutmaz. Səhər çıxıb gecə yarı evə gələn adamsan. Bəzən sutkalarla itirsən. Zöhrə baxırdı uşağa, indi o da yoxdu. Kim bu uşağı məktəbə aparıb-gətirəcək, dərslərinə baxacaq, yemək-içməyini verəcək? Onu başdı-başına buraxıb bədbəxtmi eləmək istəyirsən? Uşaq mənimlə qalasıdır. İstəyirsən, köç sən də bizimlə qal. Etiraz etmirəm. Öz işindir. -- Susub əlavə etmişdi:-- Əslində, sənin getdiyin yolun yolçusuna bəraət ola bilməz, yəni cəmiyyət sənin kimilərini qəbul etməməlidir, mən məhkəmə yolu ilə nəvəmi səndən alıb səninlə əlaqələri bilmərrə kəsməli, sənin Aylinlə yaxınlaşmağına imkan verməməliyəm. Amma göydə Allah var. Sən bu qapıya gələndə ağıllı, ismətli bir qız idin, başına nə gəldisə, mənim murdar övladımın əliylə gəldi. Bu, sənin bəraətin də olmasa, ən azından, günahlarının yarıbayarı yüngülləşməsidir.
Əlbəttə ki, qadın düz deyirdi. Aylinlə kimsə məşğul olmalıydı. Üstəlik, Nazəndə xanımın nənə olaraq da hüquqları var idi. Ülkər öz evində qalmaq qərarı verdi. İki-üç gündən bir gəlib nənə-balanı yoluxurdu, yenə qazandığı pulları deyil, lombarddan götürdüyü pulları gətirib Nazəndə xanıma verir, balası üçün xərcləməsini təvəqqe edirdi. Utandığından üzünə üzlər keçirib qadını aldatmağa da çalışmışdı ki, vallah, mən o yola qulluq etmirəm, bir firmada çalışırdım, firmanın qız alveri ilə məşğul olduğunu əsla bilmirdim.
Guya indi də başqa bir firmada çalışırdı, fahişəlik pulları deyildi gətirib verdiyi.
Maliki də sürücü kimi qızını gəzdirmək üçün bu dönəmdə tutmuşdu, Nazəndə xanımgilin qonşusu idi Malik.
Yatıb-çıxandan sonra bir müddət Nazadan uzaq qaçıb özünə iş tapmaq istəmişdi, amma “ləkəli avtobioqrafiyası” ona hər yerdə əngəl olmuşdu, bir həftə uğursuz cəhdlərdən sonra yenidən Nazanın qapısını döymüşdü. Naza onu ələ verməyən, mərd-mərdanə “srokunu yatıb çıxan” Ülkəri artıq sağ əli hesab edirdi.
Tezliklə Ülkər Dubaya da gedib-gəlməyə başladı, bir dəfəsində beş-altı qız aparırdı, haradasa bir həftə-on gün çəkirdi turneləri, ərəblərin tər qoxuyan yaşıl əsginaslarını üst-üstə qalaqlayıb Bakıya qayıdır, növbəti gedişə hazırlaşırdı. Beləcə ömür davam edirdi. Həyat nisbətən stabilləşmişdi. Özü daha müştərilərlə yatağa girmirdi deyə Ülkər nisbətən sakit, həyəcansız idi.
Bir dəfə qardaşı Xəyalla da rastlaşmalı olmuşdu. “Park-bulvar”dan özünə və Aylinə pal-paltar alırdı, Xəyal da arvad-uşağı ilə uşaq şöbəsində idilər. Onu görcək Xəyal ailəsindən aralanıb Ülkərin yanına gəldi. Ülkərin əlində son “Ayfon” vardı, olduqca bahalı libasdaydı, üç iri paket də pal-paltar almışdı, zəngin yaşadığı sezilirdi. Xəyal onu öldürəcəyi ilə hədələdisə də, sözləri çox sönük çıxdı, bir xeyli ordan-burdan söhbətləşdilər, Xəyalın sonradan hər halda doğmalıq hissləri oyanmışdı deyəsən, bacısını öldürmək fikrindən vaz keçmişdi. Gün-güzərandan söhbət düşəndə isə qardaşı çətin durumda olduğunu, dolana bilmədiyini dilə gətirmiş, Ülkərdən iki yüz dollar borc da almışdı.
Ülkər həyatının növbəti dönümünün ssenarisini yazmışdı artıq. Nazayla birgə işləmək. Pul-para qazanmaq. Lap pullu olanda çəkilib bir salon açıb işlətmək. “Aylin” salonunu bərpa eləmək. Bütün çabalarını qızını böyütməsinə həsr etmək. Qızını oxutmaq, ağıllı-kamallı bir oğlana ərə verib xoşbəxt eləmək.
Amma insan heç vaxt burnundan uzağı görə bilməz.
Ülkərin ağlına gəlmədiyi başına gəldi.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
SƏNİ UNUTMADIQ - Polkovnik-leytenant Fəxrəddin Əsgərovun Şəhadətindən 16 il keçir
Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Nə qədər istədim ki, onun Şəhadət gününü səhər tezdən Votsap qrupunda paylaşım. Nədənsə alınmadı. Facebook sosial şəbəkəsində bir video paylaşdım. Günün sonuna kimi onun haqqında nə qədər çalışsam da "Qazax" Xeyriyyə İctimai Birliyinin qrupunda nə yazı yaza bildim, nə də paylaşım edə bildim. Bəlkə bu da səbəbsiz deyil. Neçə vaxtdır çox götür-qoy etdim özüm-özümlə: Onun məzarı yoxdur, onu necə yad edək? Xatirəsinə ehtiramımızı necə bildirək? Çıxış yolu kimi bircə onu tapmışam ki: Şəhid olduğu ərazidə, onu bizdən alıb aparan Xəzər dənizinin sahilinə gedib bir dəstə gülü Xəzərə ataq və sulara deyək: "Bu gülləri yerin dibində də olsa bizim adımızdan Qazaxlı polkovnik-leytenant Fəxrəddin Əsgərova çatdırarsınız". Bundan o yana heç nə düşünə bilmirəm...
Əzizlərim, yəqin bildiniz kimdən yazıram. Müstəqil Azərbaycan Respublikasının ilk, xüsusi, seçilən, hərbi sirlərə dərindən bələd olan hərbi pilotu polkovnik-leytenant Fəxrəddin Əsgərovdur bu yazımın Qəhrəmanı. Axı onun özü də Qəhrəmandır. 31 yaşında polkovnik-leytenant rütbəsinə yüksəlmiş Eloğlumuzun Hərbi Hava Qüvvələrindəki xidməti danılmazdır. Vaxt vardı Fəxrəddin Əsgərov deyiləndə hər kəsin gözünün önünə Göylər, açıq Səma gəlirdi. Tale elə gətirdi ki, indi Fəxrəddin Əsgərov deyiləndə təkcə Səmanın əngillikləri yox, yerin ən son nöqtələri, dalğanın, qasırğanın ən güclüsü, ən amansızı yadımıza düşür. Dövründə keçirilən hərbi paradların təşkilində yüksək fəallıq göstərən, Azərbaycanın Üçrəngli bayrağını Vətən səmasına çəkən ilk pilotlardan idi Fəxrəddin Əsgərov. Həmin dövrün ən çox uçuş saatı olan pilotu da o idi.
Qazaxlı Fərrux Ağa Qayıbov Azərbaycanın ilk hərbi təyyarəçisi idi. Qazaxlı Fəxrəddin Əsgərov da müstəqil Azərbaycan Respublikasının ilk hərbi təyyarəçilərindən ən savadlı, ən peşəkarı idi. Bənzər taleləri var bizim ilklərin. Fərrux Ağa Qayıbovun da məzarı yoxdur. Fəxrəddin Əsgərovun da. Fərqli dövrlərdə ilkə imza atan Qəhrəmanların məzarı yoxdur. Bəlkə onlar Xızır peyğəmbər idi. Yerlərin köməyinə çatmaq üçün göndərilmişdilər. Gəldilər, missiyalarını şərəflə yerinə yetirdilər və bir göz qırpımında qeybə çəkildilər. Bəlkə onlar bizi Qazağa gedəndə qarşılayır, Qazaxdan qayıdanda yola salır. Bəlkə Fərrux Ağa Qayıbovun xatirəsinə ucaldılmış Təyyarə abidəsinin yanında Fərrux Ağa ilə birlikdə Fəxrəddinin də yeri var. Biz görə bilmirik, hiss edə bilmirik.
İndi isə bir neçə il öncəyə qayıtmaq istədim. 2021-ci ilin sonları idi. Fəxrəddin Əsgərov 13 ildən artıq idi Şəhadətə ucalsa da ona rəsmi olaraq Şəhidlik statusu verilməmişdi. "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədovun və İctimai Birliyin İdarə heyətinin qərarı ilə həmin məsələ ictimailəşdirildi. Mətbuat vasitəsilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edildi. Təbii ki, ailə üzvü olaraq Fəxrəddin Əsgərovun qardaşı Səməndər Əsgərov da bizimlə əlaqə saxlayırdı. Səməndər Əsgərov eyni vaxtda rəsmi müraciət ünvanlamışdı rəsmi dövlət qurumlarına. Bizim müraciətdən qısa zaman keçmişdi. 2022-ci ilin fevral ayı idi. Səməndər Əsgərovun həyat yoldaşı Humay xanım mənə bir şəkil göndərdi. Şəkil rəsmi dövlət sənədi idi. Müdafiə Nazirliyindən Səməndər Əsgərova göndərilmişdi. Məktubda yazılmışdı: Hörmətli Səməndər Əsgərov, müraciətinizə cavab olaraq bildiririk ki, Cənab prezident İlham Əliyevin göstərişinə əsasən qardaşınız Əsgərov Fəxrəddin İlham oğluna Şəhidlik statusu, ailəsinə Şəhid ailəsi statusu verilib".
Humay xanım mesajda bu sözləri yazmışdı mənə: "Səbinə xanım, Allah sizlərdən razı olsun. "Qazax" Xeyriyyə İctimai Birliyinin diqqəti sayəsində 14 ildən sonra Fəxrəddin öz haqqına çatdı".
Səməndər Əsgərov da mənimlə telefon əlaqəsi saxladı və öz təşəkkürünü bildirdi: ""Qazax" Xeyriyyə İctimai Birliyinə təşəkkür edirik. İndiyə kimi getmədiyimiz yer qalmadı. Ancaq müraciətlərimiz cavabsız qaldı. Anam dözmədi, dünyasını dəyişdi". Səməndər qardaşı dinlədim və dedim: "Onların ruhu şaddır. Biz Cənab prezident İlham Əliyevə inanırdıq. Bilirdik ki, cənab prezident İlham Əliyev, vitse-prezident Mehriban xanım Əliyeva hər zaman olduğu kimi ədaləti bərpa edəcəklər".
Həqiqətən bu xəbərə hamımız sevinirdik. Sevindiyimdən bilmirdim nə edim? Elə bilirdim ki, Fəxrəddin sağ-salamat qayıdıb. Dərhal İlham müəllimə zəng etdim: "Dədə, sizə şad xəbərim var. Fəxrəddin Əsgərova Cənab prezidentin göstərişinə əsasən Şəhidlik statusu, ailəsinə Şəhid ailəsi statusu verilib". Məni təmkinlə dinləyən İlham müəllim sevinclə dilləndi: "Səni şad xəbər olasan. Cənab Prezidentə, Mehriban xanıma təşəkkür edirəm. Səsimizə səs verdi". İlham müəllim o qədər sevinirdi ki. 14 ildən sonra Fəxrəddin Əsgərov öz haqqını almışdı. Sanki çiynimizdən bir dağ götürülmüşdü. Daha sonra yenə də İlham müəllimin məsləhəti ilə cənab Prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya "Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax mahalının ziyalıları adından təşəkkürümüzü bildirdik. Bu bir tarixdir - Göylərin Qəhrəmanı polkovnik-leytenant Fəxrəddin Əsgərova rəsmi olaraq Şəhidlik statusunun verilməsinin tarixi.
Mən İlham müəllimə təşəkkür edirəm. Fəxrəddin Əsgərov kimi unudulmaz bir hərbçinin Şəhidlik statusunu almaq üçün onun necə narahat olduğunun şahidiyəm. Bu gün səhər tezdən İlham müəllim dedi: Səbinə, bu gün hansı tarixi gündür, bilirsən? Dedim, Dədə, Fəxrəddinin Şəhid olduğu gündür. İlham müəllim dedi: "Halaldı sənə. Yadındadır. Yazarsan Fəxrəddin haqqında". İlham müəllim belə diqqətli insandır. Hər kəsə, hər hadisəyə diqqət edir. Bu onun böyüklüyündən, Qazax mahalına necə bağlı olmasındandır. Hörmətli İlham müəllim, bir az gec yazdım. Üzrlü sayın. Bu gün axşama kimi gözlərim önündə Xəzər canlanır, qulaqlarıma uğultulu səslər gəlir, o günün faciəsi başımda dolanırdı.
Əziz Qazaxlılar, Fəxrəddin Əsgərov 24 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 25 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından, Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Hərbi Hava Qüvvələrinin yüksək səviyyədə formalaşmasında Polkovnik-leytenant Fəxrəddin Əsgərovun xidməti danılmazdır. Vətən Müharibəsində düşmənin başına od yağdıran Qəhrəmanların böyük hissəsi Polkovnik-leytenant Fəxrəddin Əsgərovun tələbələridir. Vətən Müharibəsi Qəhrəmanı Şəhid polkovnik Zaur Nudirəliyev, Qazağın Birinci Şıxlı kəndindən olan Vətən Müharibəsində düşmənə ən çox aviazərbə endirən pilot polkovnik-leytenant "Qarabağ" ordenli Elçin Məmmədov da Fəxrəddin Əsgərovun yetirməsidir.
P.S. Fəxrəddin Əsgərov 1974-cü il 29 iyun tarixində Qazax rayonunda ziyalı ailəsində dünyaya gəlib. Orta təhsilini Qazax rayonunun 2 saylı orta məktəbində alıb. Məktəbi yüksək qiymətlərlə bitirib. Yuxarı siniflərdə oxuyanda könüllü kimi Qarabağ uğrunda gedən döyüşlərdə (Qazax rayonunun kəndlərində) iştirak edib.
1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və elə həmin il müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Türkiyə Respublikası Ali Hərbi Təyyarəçilik məktəbinə (Hava Harp Okulu) göndərilib. 1996-cı ildə ali təhsilini fərqlənmə ilə başa vurur. 1996–2006-cı illərdə Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Bu dövr ərzində baş təyyarəçi vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə qədər yüksəlib. 2006–2008-ci illərdə isə başqa bir hərbi hissədə qərərgah rəisi vəzifəsində xidmət etmişdir. Təyyarəçi kimi xidmət etdiyi dövrdə L-39, Su-17, Su-25, MiQ-29 tipi döyüş təyyarələrini idarə etməyi qısa müddətdə mənimsəyərək ölkəmizin gənc təyyarəçilərinin yetişdirilməsində təlimatçı-təyyarəçi kimi fəal iştirak etmişdir. 1999-cu il 25 aprel-2 may və 2000-ci il 13-25 noyabr tarixində Türkiyədə, 2001-ci il 7-18 may aralığında Macarıstanda, 2006-cı il 24 iyuldan 27 sentyabra qədər Ukraynada ezamiyyətdə olmuşdur. 2007-ci il 10-13 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubay-2007" Aerokosmik Beynəlxalq Sərgisində iştirak etmişdir. 2008-ci il yanvarın 29-da döyüş hazırlığı planı əsasında kapitan Əfqan Aslanovla birlikdə MiQ-29 təyyarəsi ilə, təlimatçı qismində, hava döyüşü uçuşu yerinə yetirərkən təyyarənin Xəzər dənizinin Şuraabad istiqamətinə düşməsi nəticəsində həlak olurlar. Aparılan axtarışlar nəticəsində digər pilotun nəşi tapılıb dəfn edilir. Lakin Fəxrəddin Əsgərovun nəşi tapılmır. Həyatını Azərbaycan Hərbi Hava qüvvələrinin inkişafına adayan pilot 33 yaşında sözün hər mənasında canını vətən uğrunda verir. 16 fevral 2022-ci il tarixində, Prezident İlham Əliyevin sərəncamı ilə Fəxrəddin Əsgərova şəhidlik, ailəsinə isə şəhid ailəsi statusu verilib.
P.P. S. 2022-ci ildə rəsmi olaraq Şəhidlik statusuna layiq görüldükdən sonra Qazaxda Şəhid polkovnik-leytenant Fəxrəddin Əsgərovun xatirəsi əbədiləşdirilib. Qazax Tarix - Diyarşünaslıq Muzeyində Şəhidlərimizin şəkli həkk olunan guşədə polkovnik-leytenant Fəxrəddin Əsgərovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəkli vurulub. Həmçinin Qazax Şəhidlər Xiyabanında mərmər lövhədə polkovnik-leytenant Fəxrəddin Əsgərovun şəkli vurulub.
Sizi unutmadıq, unutmayacağıq, mərd, qorxmaz, qəhrəman Eloğlumuz. Fəxrimiz,
Azərbaycanın fəxri!
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Türk ruhlu, Azərbaycan sevdalı Xasiyyət Rüstəm poeziyası
“Ədəbiyyat və incəsənət” portalı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türkoloji mərkəzin Türk ədəbiyyat bölməsinin müdiri professor Elman Quliyevin görkəmli özbək yazarı Xasiyyət Rüstəmə həsr etdiyi yazısını təqdim edir.
30 ilə yaxındır ki, çoxəsrlik tarixə malik özbək ədəbiyyatı problemlərinin tədqiqi ilə məşğulam. Araşdırmalarımın nəticəsi olaraq özbək ədəbiyyatının qədimliyini və qədim olduğu qədər də zənginliyini, bu ədəbiyyatın nəinki Orta Asiya məkanında, eyni zamanda Yaxın və Orta Şərqdə böyük ədəbi-mənəvi hadisə tipində təsdiq və qəbulunu müşahidə etmişəm. Xüsusi olaraq 50 min misralıq türkcə 4 divan, 10 min misralıq farsca 1 divan, 25620 beytlik türkcə “Xəmsə”, 20 elmi-fəlsəfi əsər müəllifi kimi tanınan Əlişir Nəvai yaradıcılığını özündən sonrakı 500 illik bir dövrdə müxtəlif ədəbi mərhələlərin formalaşma və inkişafı üçün əhəmiyyətli ədəbiyyat və mənəviyyat hadisəsi hesab etmişəm. Lakin bütün bunların fonunda çoxəsrlik tarixə malik Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin mövcudluğu problemlərinə xüsusi diqqət ayırmış, bu istiqamətdə müəyyən araşdırmalar aparmışam. Ə.Nəvainin “Xəmsə”yə daxil etdiyi poemalarında Nizamiyə, Marağalı Əşrəfə, “Məcalisin-nəfais” təzkirəsində Şah Qasım Ənvara olan münasibətindən tutmuş müasir mərhələdə Zülfiyyənin S.Vurğuna olan dərin ehtiramına qədərki 500 illik zaman aralığında özbək mənəviyyatında Azərbaycan ruhuna olan hörmət və sevgini izləyə bilmişəm.
Təbii ki, bu cür əlaqə və yaxınlıq digər türk xalqları arasında da mövcuddur. Çünki kökü eyni olan türk xalqları müxtəlif ərazi, region, hətta mühitdə yaşasalar belə, onlar eyni ruhi və mənəvi dəyərlərdən, eyni bədii təfəkkür və düşüncədən heç vaxt uzaq olmamışlar.
1991-ci ildə Azərbaycan və Özbəkistanda milli müstəqilliyin bərpası iki qardaş xalqın bütün sferalarda olduğu kimi, ədəbi mühitdə də əlaqələrinin genişlənməsinə təkan vermişdir. Min illər boyu eyni bədii zövqün, eyni mənəviyyatın yolçuları olan Azərbaycan və özbək yazarları hər iki xalqın ruhi-mənəvi birliyinin möhkəmlənməsi naminə işlər görmüşlər. Xüsusi olaraq, 1988-ci ildən sonra Azərbaycanın üzləşdiyi Qarabağ problemləri zamanı yurd-torpaq itkilərimizə, didərginlik fəryadımıza, bir milyonluq qaçqın-köçkün harayımıza və s. məsələlərə münasibətdə bir çox özbək yazarının içdən gələn duyğularını qardaş təəssübkeşliyinin ən bariz göstəricisi hesab etmək olar. Bu prosesin davamlı olması 30 illik Qarabağ haraylarımızın özbək ədəbiyyatında bu və ya digər dərəcədə yer alması üçün mühüm rol oynamışdır. Türk milli təəssübkeşliyi və qardaşlıq münasibətlərinin nəticəsi olaraq özbək yazarları bədii yanaşmada Azərbaycanın 30 il müddətində üzləşdiyi faicələri kədər, dərd hissi ilə, 44 günlük müharibə uğurlarımızı, qələbə zəfərimizi isə böyük sevinc duyğusu ilə ifadə etmişlər. Çağdaş özbək ədəbiyyatının tanınmış şairi Xasiyyət Rüstəmin yaradıcılığının bu istiqaməti sənətindəki Azərbaycan sevgisi təzahürünün göstəricisidir. Bu mövzu hər şeydən əvvəl Xasiyyət Rüstəmin yaradıcılığı üçün ictimai-siyasi səciyyə daşıyır. Azərbaycanın dərdini dərd, sevincini sevinc kimi yaşayan Xasiyyət Rüstəm özünün poetik mühakimələri ilə üzərinə düşən işin öhdəsindən layiqincə gələ bilmişdir. Maraqlı odur ki, şair heç bir aludəçilik olmadan mövzuya uyaraq yox, onu duyaraq müdaxilə etmişdir:
Mənim dostum çoxdur Azərbaycanda
Onlar dosta, yara sədaqətlidir.
Onların hər biri Vətənə sadiq,
Yolundan dönməzdir, əzəmətlidir.
Fəqət bir istəyim yadında qalsın,
Bircə kəlmədədir, ürəyi, canı.
Bil ki, bircə kəlmə “Qarabağ” sözü
Titrədir, çalxadır Azərbaycanı!
Bu parçada şairin sevgi hissləri misralara hakimdir. Şeirdə misralara hakim kəsilən sevgi hissləri kifayət qədər səmimi və kifayət qədər realdır. Xasiyyət Rüstəm şeirdə 30 il azad Qarabağ düşüncəsi ilə yaşayan, düşmənə nifrət bəsləyən, Qarabağın azadlığı uğrunda hər an nəinki döyüşə, həm də ölümə hazır olan qəhrəman igidlərimizin timsalında vətənə sədaqət, düşmənə nifrət ruhunun böyüklüyünü ifadə edir. Bu tipli şeirlərdə Xasiyyət Rüstəm özünəməxsusluğu ondadır ki, duyğularının böyüklüyü səbəbindən ürəyində ağırlığını qaldıra bilmədiyi vətən sevgisini yaşadır. Mən bu keyfiyyəti tanınmış özbək şairi Xasiyyət Rüstəm yaradıcılığı üçün tısadüf hesab etmirəm. Şairin 2009-cu ildə “Gündəliy”inə daxil etdiyi “Başqa cür yaşaya bilməzdim” başlıqlı yazısında ruhuna hakim kəsilən sevginin mənbəyini hər kəs üçün açıqlayır: “Əgər şeir yazmaq kimi ibadətim olmasaydı sevginin necə olduğunu bilməz, yaxşılığı fərq etmədən yanından ötərdim”. Elə bilirəm ki, Xasiyyət Rüstəm ruhundakı bu möhtəşəmliyi onun şeir pərisi kimi qadın şairə obrazı ilə əlaqələndirmək daha doğru olardı. Çünki türk poeziya mələklərimizin (Məhsəti xanım, Natəvan, Nigar Rəfibəyli, Leyla xanım, Fatma Aliyə, Xalidə Nüsrət, Zülfiyyə və s.) şeir sənətinə yüz illər boyu verdiyi töhfələrin təsiri və davamı olaraq Xasiyyət Rüstəm yaradıcılığında istənilən poetik müdaxilədə zəiflik və pəriyanəliyi müşahidə etmək mümkündür. Xasiyyət Rüstəm yaradıcılığında Azərbaycan mövzusu onun şair-vətəndaş mövqeyinin nəticəsi kimi məhz bu kontekstdə təzahürünü tapır. Buradakı milli-mənəvi duyğular, onun yaratdığı milli psixoloji situasiyalar şairin bu günümüzü dəyərləndirməsi ilə yanaşı, gələcək baxışlarını da formalaşdırmağa imkan verir. Digər baxımdan şairin poeziyasında Azərbaycan obrazının rəngarəng mənzərələri həm özbək ədəbiyyatına, həm özbək-Azərbaycan qardaşlığına, eyni zamanda türk birliyimizə, turançılığa gedən yola xidmət kimi dəyərlidir. Xasiyyət Rüstəmin Azərbaycana sevgi və məhəbbətlə yazılmış “Adı Lalə idi o qızın...” poemasını yaradıcılığı ilə yanaşı, Azərbaycan sevgisinin də şah əsəri hesab etmək olar. Poema Azərbaycan dilinə tanınmış türkoloq, peşəkar tərcüməçi, dəyərli dostum Əkbər Qoşalı və Rəhman Babacan, Elşən Əzim tərəfindən tərcümə edilmişdir. Poema erməni vəhşiliyi nəticəsində Lalənin simasında yurd-yuvasından, tarixi vətən torpaqlarından didərgin düşən soydaşlarımızın faciəli həyatını və haraylarını ifadə etmək baxımından səciyyəvidir. Şəxsiyyətinə, milli qürur və ləyaqətinə, qələminə xüsusi hörmətlər bəslədiyim mərhum millət vəkilimiz Qənirə xanım Paşayevanın əsərlə bağlı fikirlərindən bir fraqmenti yada salmağı lazım bilirəm: “Əsərin süjet xətti son dərəcə maraqlıdır. Yurd-yuvasından körpə ikən didərgin düşən bir qızın vətən həsrətinin ən incə detalları poemada xüsusi sənətkarlıqla ifadə olunur. Hər sətirdə bir yanar ürək çırpıntısı, bir qadın həssaslığının incəliyi, şair qələminin möcüzəsi görünür”. Bir qədər yuxarıdan bədiyyat detalı kimi Xasiyyət Rüstəm yaradıcılığı üçün xarakterik olan zəriflik və pəriyanəliyin mövcudluğundan bəhs açmışdım. Hesab edirəm ki, əsərdə Lalənin hiss və duyğuları ifadə edilərkən zərif cinsə məxsus duyğular şair duyğularından öndə dayanmışdır. Ona görə də biz poemada şairi həm də bir növ ana obrazında görə bilərik. Şairin Laləyə və onun timsalında baş vermiş hadisələrə münasibətindəki həssaslığı və səmimiliyi doğuran bu məqam üzərində düşünməyə dəyər. Şair taleyi erməni vəhşiliyi və düşmənçiliyinin qurbanı olmuş Lalənin ona verdiyi xatirələr dəftərinə yazılanlara öz taleyi və dərdi səviyyəsində yanaşır. Bu yanaşma daxilində Lalənin özündən də böyük olan dərdini ruhuna köçürə bilir:
Lalə, səni başa düşürəm daha,
Dəftərin əlimi yandırıb yaxır.
Və hopar ruhuma hər cümlə, hər söz.
Qarabağ deyəndə oyanar yollar
Və iki dünyamız gələr üzbəüz.
Titrədər qəlbimi indi hər sözün.
Qəm-qəhər bürüyüb şux gəncliyimi
Sənin dəftərini açanda sanki,
Tapıb qaytarıram gəlinciyini.
“Adı Lalə idi o qızın” poemasında qəlbə hakim kəsilən şair duyğularının özünəməxsus ifadəsində ümumi qayə dərinləşir, rəngarəng motivlər bir-birini əvəzləyir. Şair sərt motivlər daxilində ümid və inamın simfoniyasını səsləndirə bilir:
Ağaclar qəmgin Azərbaycanda,
Küləklər hay salır əsib hər yana.
Ey həyat, mərhəmət yağdır bu yurda,
Ürəyini qaytar Azərbaycana!
Yadına düşərmi gülmək? -Yox əsla,
Qara torpağında ağrılar çin-çin...
Açılan qönçə də, göyərən ot da,
Bir savaş hayqırır Qarabağ üçün.
Adını yaşadır, məğrur böyüdür,
Yığılır qoluna tarixin gücü!
O yurdda doğulan, böyüyən oğlan.
Namus döyüşünə hazır döyüşçü.
Xasiyyət Rüstəm uzaq Özbəkistanda yaşasa da, yaratmış olduğu söz və nur körpüsü vasitəsilə Azərbaycana gəlir və bu diyarı qarış-qarış gəzmək imkanı əldə edir.
Lakin bu torpağa ruhən bağlı olduğundan könlünün gözü ilə böyük şairimiz Məmməd Araz demişkən, “Azərbaycan dünyasında baxır dünyaya”. Xasiyyət Rüstəm Azərbaycana yanaşmasında böyük bir ülviyyət, uşaq sadəlövhlüyü çərçivəsində ana sevgisi sərgiləyərək haqqa çağırış haraylarını poetik şəkildə ifadə edir:
Uzaqda olsam da, barışmıram heç
Qapılıb qalmıram öz həyatıma
Harda müharibə oldu desələr,
Ancaq Azərbaycan düşür yadıma.
Məzarlar cürbəcür, məzarlar fərqli,
Ölkələr bənzəmir biri-birinə.
Hərəsi bir tarix saxlar özündə;
Öz ana bildiyim Azərbaycanın,
Şəhid məzarları getməz gözümdən.
Poemanın ana xəttini Lalə ilə bağlı səslənən fikirlər təşkil edir. Lakin Xasiyyət Rüstəm bu poemanı 2020-ci ilin iyul ayında Tovuzda gedən döyüşlər zamanı yazdığı üçün oxucu bədii informasiya tipində Tovuz döyüşlərindən də xəbərdar olur. Qarabağdan çox uzaqda yerləşən bu bölgədəki erməni təxribatlarının yada salınması onların Azərbaycan xalqına və dövlətimizə olan düşmənçiliyini, əsassiz torpaq iddialarını, eyni zamanda mənfur erməni xislətini göstərmək məqsədi daşıyır. Əslində bu döyüşün Lalənin keçmişi və ümumilikdə taleyi ilə heç bir əlaqəsi olmasa da, şair haqlı olaraq, insan taleyinin məhvi və faciəsində müharibə səbəblərini önə çəkmiş olur.
Lakin şair bütün əsər boyu toxunduğu məsələləri Lalənin taleyi fonunda dəyərləndirməyə çalışır. Müəllif Lalə adlı qızcığazla Azərbaycanda görüşür, amma onun taleyi ilə bağlı düşüncələrini Daşkənddə tamamlayır. O, Lalənin dəftərindən bir tale kitabı kimi istifadə etsə də, Lalə ilə görüşlərini xəyalında hər zaman canlandırır və xəyalən onunla tez-tez görüşür. Poemada rast gəldiyimiz “Lalə, hardasan?”, “Lalə, səni başa düşürəm daha”, “Adı Lalə idi o qızın” və s. müraciət və informasiya xarakterli poetik nümunələrdəki fikir həm Laləni, həm də Azərbaycanı özündə ehtiva edir. Müəllif məqsəddən asılı olaraq bunları gah obraz, gah da simvol kimi canlandırmış, bədiilik daxilində şair-vətəndaş mövqeyini nümayiş etdirmişdir:
Unudub aləmi, cümlə cahanı,
Bütün dərdi ilə, yanğısı ilə.
Mən qucub ağladım Azərbaycanı!
Adı Lalə idi o qızın!
Və yaxud,
Nədənmiş bu qızın pərişan halı,
Laləyə baxıram kirpiyində nəm.
Sanki şəklinin də canı varıydı.
Mən o gün bir dərya göz yaşı ilə
Sanki qucaqladım Azərbaycanı.
Adı Lalə idi o qızın!
Sözlə əbədi yolçuluğa davam edən şair “Adı Lalə idi o qızın” poemasında Laləni bütün iztirabları ilə yanaşı, bir Azərbaycan gözəli kimi təqdim etməkdən də yan keçmir. Lakin Laləyə məxsus bu gözəllik görkəmi sırasında onun daxilindəki pərişanlığın doğurduğu kədərin də verilməsi canlı bir həyat tablosunu xatırladır:
Əsl Azərlərtək qəşəngdən qəşəng,
Gözləri xumardı vücudu incə,
Əynində ipəkdən qırmızı köynək,
Saçları pərişan, dodağı qönçə
İndi yenə onu görmək istədim,
Sızladım, yarama duz səpildi, duz...
Amma yaşla dolu gözləri ilə
İki dünyaya da baxırdı məyus...
Adı Lalə idi o qızın!
Lirik duyğuların özünəməxsus tərənnümü Xasiyyət Rüstəm yaradıcılığında önəmli yer tutur. O, ictimai-siyasi, məhəbbət, təbiət təsvirli və s. şeirlərində həyat və mənəviyyat faktorlarını lirik duyğular şəklində mənalandıra bilir. Bu şeirlərdə yeni bir səpki, yeni bir orijinallıq görünməsə də, misralarda bədii cəhətdən mükəmməl poetik cazibədarlığı müşahidə etmək mümkündür:
Həyatda heç kimdən almaram rüsxət,
Dünyanı şar kimi aldım əlimə.
Allahım, fəqət sən,
Cürət ver, cürət.
Özümü göstərim, gülüm ölümə...
Lakin Xasiyyət Rüstəm şeiriyyətində elə nümunələr vardır ki, bu nümunələr obrazlı düşüncə baxışı ilə yanaşı, poetik baxışın orijinal mənalandırılması keyfiyyəti ilə də seçilir:
Ağaclar danışsa –
Düz danışardı.
Ağaclar ağlasa
Gerçək ağlardı.
Sirr versən
Sirrini o gizlədərdi
Güvənsən
Yaxşı dost çıxardı ondan...
Belə hesab edirəm ki, özbək şeirinin zəngin ənənələrindən bəhrələnən vətəndaş yanğısı, türk bədii təfəkkürünə məxsus düşündürücü və ibrətamiz keyfiyyətləri ilə seçilən Xasiyyət Rüstəm yaradıcılığı bundan sonra da öz uğurları ilə oxucularını sevindirəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
«Bu sınıq könlümə dərman olasan, istəmirəm” - QƏZƏLLƏR
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
İstəkli oxucularım. Bu dəfə sizlərə gənc qəzəlxan Murad Vəlixanovu təqdim etmək istəyirəm. Onun qəzəlləri kifayət qədər ad edib və bəyənəcəyinizə əminəm.
1.
İSTƏMİRƏM
Get, gülüm, get, mənə sən can olasan, istəmirəm,
İşvəli, sevgili canan olasan, istəmirəm.
Bir də göz yaşı töküb kuyivə gəlməm, gözəlim,
Görüb əhvalımı xəndan olasan, istəmirəm.
Bivəfalıqda bütün aləmə məşhur oldun,
Sən əgər huriyü qılman olasan, istəmirəm.
Vurmusan sinəmə min yarə, kifayətdi mənə,
Bu sınıq könlümə dərman olasan, istəmirəm.
Bivəfasan, deyiləm razı, öləndən sonra,
Qəbrim üstündə nigəhban olasan, istəmirəm.
Pis günümdə məni saldın nəzərindən, getdin,
Yaxşı gündə mənə mehman olasan, istəmirəm.
Muradın qiymətini bilmədin, incitdin onu,
Elə ki, öldü, peşiman olasan, istəmirəm.
2.
YA RƏBB
Hifs eylə günahdan bu bəladan məni YA RƏBB
Heç etmə cüda zikri-duadan məni YA RƏBB
Şah sənsən əgər mövqeyimin söhbəti olmaz
Bilsən də ucuz xoşdu gədadan məni YA RƏBB
Mən harda öyünsəm sənə biganəliyimdən
Təcrid elə ol mülki-fənadan məni YA RƏBB
Gözlərdəki nur vəslinə yetmək əlacımdı
Var etmisən ən ali ziyadan məni YA RƏBB
Yoxdur dözümüm ədlinə, Sən Sahibi-Qüdrət
Tərk etmə tükənsəm də cəfadan məni YA RƏBB
Rəhmani-Rəhimsən ki əta mərhəmətindi
Qıl məhrum əta içri-xətadan məni YA RƏBB
Murad sənə səssiz dua eylər ki duyursan
Vay halıma kəssən bu sədadan məni YA RƏBB
3.
MEYL ET KUYİNƏ
Dedim ibrət götürüm birdəfə zahidlərdən
Mənə yox fayda kor olmuş, qoca şahidlərdən
Ona hey eşqimi etsəm də uca əlçatmaz
Xaliqim çox daha yüksəklərdədi xalidlərdən
Bu könül bezdi daha tab gətirə, əzm eliyə
Niyə siz bezmədiz ancaq acı tənqidlərdən?
Sən də ey Həccə gedən mötəbər ağsaqqalımız
Uca tikdin bu imarətgahı məscidlərdən
Meyl et kuyinə ey badi-həva, eylə xəbər
Sənə çoxdur inamım bivəfa qasidlərdən
Yenə Murad O'na aid nəsə yazsın dilədi
Nəsə tapmır daha yazıq O'na aidlərdən
4.
ALLAHIN ADINDAN
İstədim lütf eləyim mən kəlam ALLAHIN adından
Sonra çaşdımki nə yazsın adam ALLAHIN adından
Ona hər canlılar aşiq ona hər bir aləm aşiq,.
Eliyər eşqi təvafın İmam ALLAHIN adından
Fərqi yoxdur ateyisdir ya müsəlman həmin insan,
Verilir cümlə bəşərçün salam ALLAHIN adından.
Sığınır şeytana insan yaranır yalançı xislət,
Eliyirlər istifadə tamam ALLAHIN adından.
Hələlik bəsdi bu Murad çatar ömrün sona bitməz,
Bu gedişnən çox edərsən davam ALLAHIN adından.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Gəl səninlə Turan bağında Müşfiqin şeirində görüşək... - SEVGİ MƏKTUBLARLNDAN
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Gəl ən başından başlayaq...
Hələ Hərcayi kimi verilən vədlərə xilaf çıxılmamış,
Qardələninki kimi saf və sadiq sevgilər vəfasızlığın xəyanət xəncəri ilə yaralanmamış olsun.
Gəl ən başından başlayaq...
Hələ Adəm əlini o məşum meyvəyə uzatmamış, Qabil qardaşı Habilə qıymamış, Məryəm günahlandırılmamış, İsa qeybə çəkilməmiş olsun.
Gəl ən başından başlayaq...
Hələ sadiqlik xəyanətə, güvən vəfasızlığa uduzmamış, nəfs insana hökmran olmamış, yalan həqiqətin paltarlarını oğurlamamış olsun.
Gəl ən başından başlayaq...
Hələ Enil dünyanın ilk sevgi məktubunu yazmamış, inək yer kürəsini buynuzundan yerə qoymamış, Janna Darkı yandıran tonqal qalanmamış olsun.
Gəl ən başından başlayaq...
Leyliylə Məcnun hələ bir-birini görməmiş, İnnokendi cənnəti pulla insanlara satmamış, sevgiylə nifrətin arasındakı məsafə bir addım qədər qısalmamış olsun.
Gəl ən başından başlayaq...
Nəsiminin dərisi hələ soyulmamış, Çaldıranda qardaş qırğını qopmamış, Araz həsrətə körpü atmamış, Rəsulzadənin səadəti yarım qalmamış, Şəhriyar ulduzları saymamış, qırmızı mühit turan ziyasını boğub söndürməmiş, Şükriyyənin önünə o məşum kağız hələ qoyulmamış olsun.
Gəl ən başından başlayaq...
Ana hələ buzdan heykələ çevrilməmiş,
Qərənfillərin taleyi dəyişməmiş, Fərizə günahı başına çəkməmiş, torpaq hələ Çingizi bağrına basmamış olsun.
Gəl ən başından başlayaq...
Ərtoğrullar, Ülvilər, Müşfiqlər dünyadan nakam köçməmiş, əlyazmalar yarım qalmamış, hələ intizar ədəbiyyatı yaranmamış olsun.
Gəl ən olmazlara toxunaq.
Məsələn, talenin bizim üçün yazdıqlarına qarşı gələk.
Zamanın belə silə bilmədiyini silməyə çalışaq, məsələn hələ xəyallara xülya adı verməmiş olaq, ya da boş ver çalışmayaq.
Tünd rəngli bir qələm götür, yazılanın üzərindən təkrar keçək.
Gəl yenidən doğulaq səninlə, əl-ələ böyüyək, əsalara deyil, bir-birimizə yaslanıb qocalaq.
Ya da gəl bu səfər itirdiklərimizi unutmaq üçün çalışaq.
Gəl ən başından yenidən başlayaq...
Gəl mən bütün ulduzları sayıb bitirməmiş gəl,
Gəl səninlə Turan bağında Müşfiqin şeirində görüşək, gəl...
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)
Azərbaycn COP29-a ən yüksək səviyyədə hazırlaşır
“Əsas hədəfimiz hər zaman olduğu kimi, bu il də hotellərdə xidmət keyfiyyətinin yüksəldilməsidir. Cari ildə bu, xüsusi əhəmiyyət daşıyır. Çünki COP29 tədbiri çərçivəsində ölkəmiz çox mötəbər qonaqları qarşılayacaq və biz də buna ən yüksək səviyyədə hazır olmalıyıq”.
Bu sözləri AzərTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.
Baş icraçı direktor bildirib ki, COP29 tədbirinin hotellər üçün tələbləri minimal standartları əhatə edir. Təmizlik, hotelin ümumi vəziyyətinin yaxşı olması, peşəkar işçilər, “Wi-Fi”, 24 saat qəbul servisi, otaq servisi, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün əlçatanlıq və ən vacibi dayanıqlıq prinsipinə uyğun standartlar, onların arasında su və enerjinin qənaətli istifadəsi, plastikdən olduqca az istifadə olunması nəzərdə tutulur.
“Bakı şəhəri, Abşeron və Sumqayıtda yaxın zamanda hotellərin və bütün yerləşmələrin tam monitorinqi həyata keçirilib. Bəzi hotellərdə müəyyən boşluqlar var və sahibləri tərəfindən təkmilləşdirmə işləri görülməlidir. Bizim tövsiyəmiz təkmilləşdirmə işlərinin tez bir zamanda aparılmasıdır.
Həmçinin hotel sənayesinə dəstək planlarını hazırlayırıq. Təlim planı hazırlanır və yaxın zamanda vacib amilləri cəmləşdirən, peşəkar ekspertlər tərəfindən hotellərə özəlliklə xidmət, qonaq məmnuniyyəti, təmizlik xidməti, minimum standartlar və dayanıqlılıq əsasları mövzularında təlimlər keçiriləcək”, - deyə o vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(30.01.2024)