Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
ÜFÜQDƏKİ ADAM
2019-cu il. Bakı.
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun izdihamlı zalı.
İndicə auditoriya qarşısında tarix elmləri doktoru adını qazanmaq üçün elmi işinin müdafiəsini uğurla həyata keçirmiş ispan qızı Aqueda Peres üç nəfərlik professorlar şurası önündə ayaq üstə dayanıb.
O, gənc və gözəl qızdır.
Professorlar onu uğurlu müdafiəsi ilə təbrik edirlər.
Onlardan biri Aquedanın İspaniyaya haçan dönəcəyi ilə maraqlanır.
Aqueda professora Nəsrəddin Tusinin gözlərini əbədi yumduğu zaman söylədiyi son sözlərini xatırladır. “Burla öldüyündən səkkiz əsr sonra yenidən diriləcək. Bunu dəqiq bilirəm. Ulduzlarla hesablamışam. Məni ondan soruşarsınız. O, mənim son kəşfimdir!”
Bundan sonra Aqueda Madridə deyil, İrana gedib Ələmut qalasının xarabalıqlarında Tusinin vəsiyyəti olaraq Burlanın qəbrini axtaracağını, Tusinin son sözlərinin doğru olduğuna əmin olduğunu deyir. Professorlara Burlanın qəbrini Ələmut qalasının xarabalığı ətrafında mütləq tapacağını söyləyir.
2019-cu il. Müasir İran.
Ələmut qalasının ətrafında salınmış müasir arxeoloji çadır.
Çadırın yaxınlığında iki gənc arxeoloq Hülakü xanın Ələmut qalasına hücumu zaman törətdiyi dağıntıların qalıqları arasında çala qazır. Onlar qalanın yerləşdiyi zirvənin ən hündür gədiyində bir zamanlar İsmaili şeyxinin Nəsrəddin Tusi üçün inşa etdirdiyi nücum elminə aid olan “görüntü hovuzu”nu artıq olduğu kimi bərpa ediblər. Hovuza su belə doldurulub ki, gecə ulduzlar həmin o “ayna hovuz”da aydın görünsünlər. Gənclərdən biri arxeoloqdur. O, azərbaycanlıdır. Adı Səməddir. İkinci gənci isə biz artıq tanıyırıq. Bu qız tarixçi arxeoloq Aquedadır. Səmədlə Aquedanın münasibətlərində flirt elementləri də sezilir. Onlar hələ evli olmasalar da, bir-birinə çox bağlıdırlar. Eyni yataqda yatır, son tikəni belə bir-biriylə bölüşürlər.
Səməd qalanın ətrafında qazılmış dərin çalanın içində qədim monqol üslubunda inşa edilmiş ovdanın gil qalıqlarını tozdan təmizləyir.
Aqueda isə rəsədxananın yerləşdiyi zirvənin coğrafi özəlliklərini əlindəki elektron cihazla aşkarlayır. Arxa fonda onların təkərləri palçıqlı hərbi Cip maşını görünür. Fonda kiçik generator səsi də eşidilməkdədir.
Gecə.
Çadırda yatmış Aqueda qala tərəfdən eşidilən əcaib səsə yuxudan oyanır. O, qorxa-qorxa Səmədi silkələsə də, Səməd yuxudan ayılmır. Gün ərzində bircə qurtum belə su içmədən gərgin işləmiş Səmədi bir toxunuşla oyatmağın çətin olacağını anlayan Aqueda təkbaşına çadırdan eşiyə çıxmalı olur. O qəribə səs get-gedə daha da artmaqdadır. Ay, ulduz görünməyən qaranlıq bir gecədir. Ancaq çobanaldadan ulduzu buludların arasından közərir.
Aqueda qorxa-qorxa dağ yuxarı bərpa etdikləri “nücum hovuzu”na doğru qalxır. Səs daha çox oradan gəlir. O, hovuza çatıb maraqla içinə baxır. Bayaqdan bəri eşidilən qəribə səs, sən demə, göydə sağa-sola axan ulduzların sürüşməsinin səsi imiş. Göy üzünün tutqun olmasına baxmayaraq, minlərlə işıqlı ulduz hovuz suyunda açıq-aydın görünür. Ulduzlar sarı, qırmızı kəhrəbalar kimi suyun üzündə bərq vurub adamın gözünü qamaşdırırlar. Onların suda əks olunan hərəkətləri çox əcaib səslidir. Aqueda gördüyü bu möcüzədən heyrətlənir. Ulduzlar hovuzun içində elə iri, elə aydın görünürlər ki, Aquedanın gözləri qamaşır. Zirvədə inşa edilmiş rəsədxana yerinin bu özəlliyini Aqueda ilk dəfədir ki, görür.
Aqueda Səmədi səsləyir. Səməddən səs çıxmır ki, çıxmır. Hovuzdakı ulduzların qəribə düzülüşü Aquedanın diqqətini bu dəfə başqa cür cəlb edir. Ulduzlar sanki ona “qalanın sağ səmtində yerləşən mağaraya en” işarəsini verirlər. Aqueda ulduzların nizamlı düzülüşünə itaətlə qulaq asır. Lakin mağaraya doğru enmək üçün irəli getmək istədiyi zaman ayağı boşluğa düşür. Və o, kəlləmayallaq qalanın arxasındakı dərənin içinə yumalanır.
Aquedanın başı dərənin dibində olan iri sal daşa dəyir. Və o, bir müddət huşunu itirir.
Bu kadrlardan sonra film ağ-qara görüntülü də ola bilər.
Aquedanın yıxılaraq düşdüyü dərə, sən demə, üstünü torpaq örtmüş qədim kurqan qəbirdir.
Bir neçə saniyədən sonra Aqueda özünə gəlir. Və cibindən çıxardığı fənərlə düşdüyü yerin kurqan qəbir olduğunu görür. O, sevindiyindən ağrılarını unudub ucadan Səmədi səsləyir.
Bu dəfə onun səsinə alt tuman-köynəkdə olan Səməd qaça-qaça gəlir. Səməd də Aquedanın arxasınca özünü dəlikdən içəri atır. Və Kurqan qəbri görən kimi heyrətlənir.
Səhər Aqueda gecə öz gözləri ilə gördüyü kəhkəşan möcüzəsini Səmədlə müzakirə edir. O, aşkar etdiyi Kurqan qəbrin üst hissəsində olan daş kitabənin ərəbcə yazısını oxumağa çalışır. Nəhayət, Aqueda daş kitabəni oxuya bilir. Və daş kitabənin üstündə miniatür üslubda çəkilmiş şəklin də qəbir sahibinə aid olduğunu anlayır. Bu qəbir Nəsrəddin Tusinin sevgilisi Burlanın qəbridir. Səmədlə Aqueda Kurqan qəbrin üstündəki daş kitabəni çətinliklə olsa da yerindən tərpətdikdə gözlərinə inanmırlar. Kurqan qəbirdə Ələmut qalasının sahibi, İsmaili şeyxi Bahəddinin qızı Burlanın yaxşı qorunmuş nəşi aşkar olunur. Burla sanki səkkiz əsr bundan qabaq ölməyib. Sadəcə yatıb. Nəsrəddin Tusinin “Səkkiz əsrdən sonra Burla danışacaq. Məni ondan soruşun!” vəsiyyətinin çin olduğunu görən Aqueda elmi açılışın bircə addımlığında olduğunu anladığından Səmədi bağrına basıb öpür. Onlar tapıntılarına əməlli-başlı sevinirlər. Və qəribəsi də budur ki, Aqueda eynən Burlaya oxşayır. Onlar elə bil əkiz bacıdırlar. Burla ilə Aquedanı bir-birindən ayırmaq mümkün deyil. Burlanın sinəsi üstə çarpazladığı əllərinin içində bir məktub da var. Aqueda papirus kağızına ərəbin nəstəliq xətti ilə yazılmış həmin məktubu açıb oxuyur. Məktubda Tusinin bir çox dünyəvi kəşfi ilə bərabər “ölməzlik eliksiri formulu”nu kəşf etdiyi qeyd olunub. Burlanın səkkiz əsr diri kimi qalan bədəni də həmin bu kəşfin sübutudur.
Paris.
Arxeologiya muzeyində Səmədlə Aquedanın dünya arxeoloqları ilə görüşü keçirilir. Burlanın kurqan qəbirdən tapılmış möcüzə “nəşi” də dünya alimlərinə nümayiş olunmaq üçün Parisə gətirilib. Tədbir ən yüksək elmi dairələrin iştirakı ilə təntənə ilə keçirilir.
Səhər Burlanın şəkli bütün dünya dərgilərində dərc olunur.
Almaniyanın kiçik Bayden şəhərində Burlanın bədəni xüsusi avadanlıqlara qoşulub. Bu avadanlıqların köməyi ilə alimlər Burlanın “yaxşı qorunmuş” beyin toxumalarını yenidən dirildib onun tarixi yaddaşını görüntülərlə bərpa etmək istəyirlər. Onlar bu üsulla Tusinin formullarının sirrini də anlamağa çalışırlar. Burlanın xatirələrinin və əqli görüntülərinin vizual dirilməsi otağın içindəki iri ekranda dəvət olunmuş alimlərə də vizual olaraq göstərilir. Eksperiment bir neçə gün davam etdikdən sonra, nəhayət, Burla yaşadıqlarını bir-bir xatırlamağa başlayır. Burla artıq ilk görüntülü məlumatları da alimlərə ötürür.
Ələmut qalasının 1250-ci ildəki görüntüsü.
Hülakü xanın qalaya hücumu. Nəsrəddin Tusi ilə Burlanın gizli eşq macərasının başlanğıcı. İsmaili şeyxinin Tusi üçün rəsədxana tikdirməsi. Tusinin ölümsüzlük eliksirini kəşf etməsi. Hülakü xanın Burlanı edam etdirməsi. Nəsrəddin Tusinin onun cansız bədəninə icad etdiyi ölümsüzlük məlhəmini sürtməsi və digər görüntülər o dövrü olduğu kimi tarixçilər və alimlər üçün görüntülü şəkildə bərpa edir. Elə ilk seansdan bəlli olur ki, Nəsrəddin Tusi monqolların İran işğalı dövründə Hülakü xanın hakimiyyəti zamanı Marağa rəsədxanasını qurarkən Aristotelin bütün hərəkətlərin xətti və dairəvi olması fikrinə qarşı çıxıb. Alimlər bu kəşfdən heyrətə gəlirlər. Tusinin Darvindən bir neçə əsr öncə insanın bir canlı növ olaraq evolyusiyası haqqındakı inqilabi fikirlərini Burladan öyrənən dünya alimləri bir daha heyrətlənirlər.
Nəhayət, alimlər Burlanın beyin toxumasından bir tikə götürüb laboratoriyada daha dəqiq araşdırmaq üçün xüsusi şüşə kolbaya köçürürlər. Və bu toxumalardan keçmişə səyahət etməyə cəsarəti çatacaq Burlanın prototipini yaratmaq qərarına gəlirlər. Bir neçə gündən sonra alimlər Burlanın beyin toxumasından aldıqları genetik toxumalardan hazırlanmış, zamanı və düşüncəni adlaya biləcək xüsusi eliksirli kiçik ampulanı Aquedaya nümayiş edirlər. Və ona başa salırlar ki, bu ampulanın köməyi ilə o, əgər istəsə, elmi maraq naminə Burlanın yaşadığı dövrə Nəsrəddin Tusi ilə görüşə gedə bilər. Aqueda düşünmədən bu ampulanı damarına vurdurmağa razı olur. Və alimlər icad etdikləri yeni eliksiri iynə vasitəsilə Aquedanın damarına vururlar. Və Aquedadan Burlanın cismində və yaddaşında yaşayıb onun xatirələri ilə baş vermiş hadisələri bir-bir xatırlamasını xahiş edirlər. Əsl Burla canlı olmadığı üçün bir daha heç vaxt dirilib geri dönə bilməz. Aquedanın sağlam bədəni ilə isə bu iş mümkün olur. Həm də Aqueda ilə Burlanı bir-birindən ayırmaq görüntü olaraq çox çətin olduğu üçün keçmişin insanları da ondan şübhələnməyəcəkdilər. Həqiqətən də, Aquedanı Burla kimi görən Nəsrəddin Tusi belə onu ayıra bilmir.
Çox keçmir Aqueda Burlaya çevrilir. Onu qəribə bir yuxu halı alır. O, özünü kurqan qəbrin içində daş kitabə altında görür. Elə bil indicə yuxuya gedib. Sən demə, əsl Burla iki gündür Ələmut qalası içində itkin düşüb. Qalanın keşikçiləri ilə birlikdə Nəsrəddin Tusi də onu əllərində məşəl axtarırlar. Burla onu xəncərlə öldürüb çala gədiyə atan adamın üzünü də görür. Amma onun kim olduğunu blimir. Çox keçmir keşikçilər Burla olmuş Aquedanın cansız bədənini tapırlar. Onun öldüyünü düşünüb kurqan qəbrə qoymaq istəyəndə Aqueda ayılır. O, Ələmut qalasında onunla birgə yaşayan adamlardan heç birini tanımasa da, hamı onu Burla kimi qəbul edir. Əsl Burla Nəsrəddin Tusinin sevdiyi qızdır. Aralarında yaş fərqinin olmasına baxmayaraq, o da Tusini dəlicəsinə sevir. O, Ələmut qalasına sığınmış Nəsrəddin Tusini və digər elm adamlarını Hülakü xanın zülmündən qoruyan İsmaili şeyxinin yeganə qızıdır. Gözəl ox atıcısı, mahir at minicisdir. Film boyu o, bu məharətini dəfələrlə göstərəcək. Aqueda Ələmut qalasının üç aylıq mühasirəsi zamanı Burla sifətində qalada yaşayıb İsmaili döyüşçüləri ilə çiyin-çiyinə monqollara qarşı döyüşəcək də. Bu hadisə 1256-cı ilə təsadüf edəcək. Noyabr ayının sonuna.
Qaranlıq bir gecə.
Soyuq iliyə işləyir. Ələmut qalası İranın şimal-şərqində yerləşir. Dağ başında ucaldılmış qalanın önündə qurulmuş hərbi çadırlarda monqol əsgərləri tonqal ətrafında dincəlirlər. Onlar səhər açılan kimi növbəti hücuma keçəcəklər. Hülakü xanın monqol və uyğur döyüşçülərindən topladığı çoxsaylı ordusu artıq bir neçə aydır ki, qalanı mühasirədə saxlayır. Amma İsmaili şeyxləri və ətrafı təslim olmaq fikrində deyillər.
Hülakü xanın qızılı çadırı içində qızğın mübahisə gedir. Monqol sərkərdələrindən biri artıq neçə aydır çəkdikləri əziyyətə dözməyib qalanı yandırmağı təklif edir. Hülakü xana İsmaili şeyxlərinin nazı ilə çox oynamamağı tövsiyə edir. Onların, xüsusilə də Burlanın soyuqqanlı və qorxulu qatil olduğunu deyir. Hülakü xanın önünə əsir kimi qolları bağlı gətirilmiş, Ələmut qalasını və Nəsrəddin Tusini yaxından tanıyan Əhməd Marağayi adında fikir alimindən Ələmut qalasının sirrinin nə olduğunu soruşan Hülakü xan qəribə bir cavab alır. “Qalanın sirri Tusinin özüdür, Hülakü xan. O, Ələmut qalasını ulduzların köməyi ilə göydən idarə edir!” Bu cavaba əvvəlcə gülməklə münasibət bildirən Hülakü xan sonda sinirlənir. Və qalanı tamamilə yandırıb xarabazara çevirdikdən sonra Nəsrəddin Tusinin ona diri-diri gətirilməsini tələb edir.
Ələmut qalasının iç görüntüsü.
Dağ zirvəsində inşa olunmuş rəsədxana uzaqdan görünür. Ələmut qalasını igidcəsinə qoruyan İsmaili təriqətinin imamı və Nəsrəddin Tusi rəsədxana içində inşa edilmiş kiçik səlcuqlu hovuzunda görünən ay və ulduzların nizamlı düzümü fonunda gələcəkdən söhbət edirlər. Tusi qala başçısına ulduzların düzülüşünə görə gələcəyin necə olacağını deyir.
Qala yaxşı təşkil olunmuş müdafiə sistemi ilə, bir neçə mədrəsə, rəsədxana və məscidə malik olan elmi mərkəzi xatırladır. Hülakü xanın basqısına baxmayaraq, qalada həyat öz axarı ilə davam edir. Tusinin tövsiyələri ilə qazılmış dərin su quyularından əhali su çəkir. Daş gədiklərdə düzəldilmiş ərzaq anbarlarında saxlanılan ərzaq icma nümayəndələri arasında ədalətlə bölünür. Gənc və orta yaşlı döyüşçülərin döyüş qabiliyyəti hər an yoxlanılır. Uşaqlar gecə-gündüz elmlə, ibadətlə məşğul olurlar. Qadınlar yemək və təmizlik tədarükündə qulluqdadırlar. Nəsrəddin Tusinin şagirdi olan gənc İmran Təbrizi də filmin əsas qəhrəmanlarından biridir. O, ibranidir. Müsəlmanlığı Tusiyə görə qəbul edib. Onun ensiklopedik bilgisi qarşısında səcdə edir. Və Tusidən nücum elminin sirlərini öyrənməklə öz qəbiləsinə elmi baxımdan gün ağlamaq istəyir. Yeni Burlaya bütün film boyu baş vermiş əhvalatı da olduğu kimi təfsilatı ilə danışan əslində odur. O, Burlanın yaddaşını dirildir. Onu bir-bir gördüyü adamlarla yenidən tanış edir. İmranın dimdiyində məktub daşıyan bir göyərçini də var. Tusinin digər dünyəvi alimlərlə yazışmasını da film boyu həmin quş təmin edir. Aqueda yavaş-yavaş düşdüyü vəziyyətə alışır, uyğunlaşır. Həm alim marağı onu geri qayıtmağa qoymur. Həm də Tusinin ona olan sevgisi qızı ruhən qanadlandırır. O, artıq reallıqla irreallığın sərhədində qalıb. Nə edəcəyini bilmir. Vəziyyət elə sürətlə dəyişir ki, Aqueda sadəcə düşdüyü vəziyyətə uyğun olaraq yaşayır. Daha heç nə düşünə bilmir. Heç nəyi dəyişmək istəmir. Və qəfil özünün də Tusini dəlicəsinə sevdiyini anlayır. Eyni zamanda, ondan öyrəndiklərini bir-bir yaddaşı vasitəsilə iyirmi birinci əsrə, alman Baydeninə də ötürür. Tusini bir alim kimi kəşf etdikcə dünya alimləri onun ensiklopedik bilgiləri qarşısında səcdə etməyə hazırdırlar. Bir gün Aqueda əsl Burlanın son dəfə harada qeyb olduğunu araşdırmaq üçün yenidən kurqan qəbrə enir. Və burada Burlaya zəhər verib öldürən çuğul Yaqubla bir daha rastlaşıb onu tanıyır. Və çuğul Yaqub ifşa olunmasın deyə Aquedanı bir daha zəhərləyib bayıldır. Və elə huşsuz vəziyyətdəcə Hülakü xanın hüzuruna gətirir. Hülakü xan Burlanı göpən kimi ona vurulur. Və onu öz kənizi etmək istəyir. Burla buna razı olmur. Və itaət etmədiyinə görə onu edam gözləyir. Hülakü xan ondan ölüm ayağında son arzusunun olub-olmadığını soruşur. Burla Hülakü xanla döyüşmək istədiyini deyir.
Onlar qılıncla və monqol əmuduyla təkbətək döyüşürlər. Burla Hülakü xanı təkbətək döyüşdə yenir. Və qılıncı onun boğazına dirəyərək Ələmut qalasından çəkilməsini tələb edir. Elə bu anda Ələmut qalasının qapıları taybatay açılır. Bütün İsmaili təriqəti başda Nəsrəddin Tusi olmaqla, Burlanın öldürülməməsi şərti ilə, Hülakü xana təslim olduqlarını demək üçün qızılı çadıra doğru gəlirlər. Ələmut qalasının açarlarını da çuğul Yaqub Hülakü xana təhvil vermək üçün gətirir.
Bu təslimçiliyə Burla mane olur. O, Hülakü xanı əsir götürüb Nəsrəddin Tusi və İsmaili camaatı ilə birlikdə qalaya qayıdır. Ancaq qalanın dəmir qapıları bağlandıqdan sonra Hülakü xanı Burla azad edib öz çadırına doğru göndərir.
Ələmut qalasının önü.
Hülakü xan qızılı çadırında başına topladığı astroloqları və astronomları ilə birlikdə Tusinin elmi bilgilərini, kəşf və riyazi hesablamalarını dərk etdikdən sonra fikrində yanılmadığını anlayır. Ələmutu fəth etdikdən sonra mütləq Tusini öz yanında, hakimiyyətini möhkəmlətmək, onun adını tarixə həkk etmək üçün işlədəcəyini qət edir. O öz əmirlərindən və məsləhətçilərindən Tusinin zəif damarının, incə yerinin nə ola biləcəyini soruşur. Monqol astroloqlarından biri Tusinin ən böyük arzusunun düzgün seçilmiş yerdə tikilə biləcək rəsədxana ola biləcəyini deyir. Bu fikir Hülakü xanın ağlına batır.
Bir gün monqol döyüşçülərindən biri İmranın məktubdaşıyan poçtalyon quşunu oxla vurub yerə salır. Quşun dimdiyindən yerə düşmüş məktubu Hülakü xana gətirirlər. Hülakü xan məktubu oxutdurur. Məktubda Nəsrəddin Tusi Tusda yaşayan dostu alim Dədə Xətibə Aristotelə aid olan elmi açılışları inkar edən öz yeni fikirlərini göndəribmiş. Hülakü xan Tusiyə əziz olan Dədə Xətibi tapdırıb hüzuruna gətizdirir. Onu ordusunun qabağına çılpaq görkəmdə qatıb qalaya doğru göndərir. Bunu görən Nəsrəddin Tusi qala qapılarından əlində ağ bayraq çölə çıxır. Tusini görən Hülakü xan əlinin işarəsi ilə döyüşçülərini saxlayıb onun qarşısına tək özü gedir. Və onunla danışmaq istədiyini söyləyir.
Hülakü xanla Tusi qızılı çadırda söhbət edirlər. Burla da buradadır. Bir kənarda oturub. Hülakü xan Nəsrəddin Tusiyə onun hansı mərtəbəyə, mənsəbə layiq olduğunu bildiyini deyir. İsmaili camiəsinin yetirməsi olan Tusinin İbn Sina və Biruni elminin davamçısı olaraq Hülakü xana bir söykənəcək kimi gərək olduğunu söyləyir. Hülakü xanla yaxınlıq Nəsrəddin Tusiyə də gərəkdir. O, Abbasilərin onu həbs edib zindana saldırdığını unutmayıb. Hələ də intiqam hissi ilə alışıb-yanır. Hülakü xan həm də Tusinin elmi fəaliyyətinə dəstək ola biləcək yeganə fövqəlgücdür. Və onlar razılaşırlar. Tusi Hülakü xanın əliylə İslam xəlifəsini qətlə yetirib ondan intiqam alır. Şərqdə böyük güc və nüfuz sahibi olur. Bu razılaşmadan dərhal sonra Tusinin özünün seçdiyi coğrafi baxımdan ulduzlar üçün uyğun olan en və uzunluq ölçülərinin düzgün uzlaşdığı bir yerdə Hülakü xanın paytaxt elan etdiyi Təbriz yaxınlığındakı Marağa ucalığında yeni rəsədxana da tikilir. Və Tusi müxtəlif sahələrdə etdiyi elmi açılışları ilə özü ilə bərabər Hülakü xanın adını da tarixdə əbədiləşdirir.
Bu rəsədxanaya dünyanın hər yerindən – Cindən və Bizansdan belə alimlər elm dalınca gəlirlər. Və bu alimlər o zaman üçün, elə indinin özündə də yeni olan bir sıra elmi açılışlar və elmi hesablamalar edirlər. Burla olmuş Aqueda ilə Nəsrəddin Tusi yaratdıqları həmin bu “elmi oazis”də çox xoşbəxtdirlər və onlar bir gün Marağada evlənirlər. Toya dəvət olunmuş Hülakü xan Burla olmuş Aquedanın onun əlinə baxan Nəsrəddin Tusiyə ərə getdiyini görəndə çox sinirlənir.
Bir gün isə çuğul Yaqub Hülakü xanın könlünə yenə Burlanın sevgisini salır. Və Hülakü xan Tusidən ona yaratdığı elmi mərkəzə əvəz kimi kənizi olan Burlanı istəyir. Ona istədiklərini vermiş Hülakünün bu həyasız istəyi Tusini çox qəzəbləndirsə də, xana cavab vermir. Nə hə deyir, nə də yox. Və Tusi günlərin bir günü sarayı tərk edərək Burlanı Alban kilsəsində gizlətmək qərarına gəlir. Onlar Burla ilə birlikdə Marağadan gecə vaxtı qaçırlar. Bunu eşidən Hülakü xan onları iri dəvələrlə təqib edir. Və Şamaxı yaxınlığında, nəhayət ki, haqlayıb tutur. Hülakü xan Tusiyə toxunmur. Burlanı isə Tusinin gözləri qarşısında öldürtdürür. Tusi bu qətlə də mane olmur. Eləcə ikili yanaşma ilə qətli uzaqdan sakitcə izləyir. Bu məqamda onun sevdiyi insanı belə elminə görə qurban vermə reallığını yaşaması qabardılmalıdır. Ancaq bundan sonra Hülakü xan Tusini əli-qolu zəncirli halda Marağaya gətizdirir. Tusi Burla ilə son dəfə vidalaşanda onun bədəninə kəşf etdiyi ölməzlik eliksirini sürtür. Və bundan sonra bir daha heç zaman elmlə məşğul olmayacağını deyib təkkəyə çəkilir.
Burlanı kurqan qəbirdə dəfn edirlər. Və qəribə axıcı bir duman içində Burla gözlərini zorla olsa da açır. Və nə qədər qəribə olsa da, özünü filmin əvvəlindən xatırladığımız Ələmut qalasının ayağında qurulmuş arxeoloji çadırda görür.
Bu kadrdan ağ-qara görüntü rəngli kadrlarla əvəz edilir.
Burla yenə Aquedaya çevrilib. Aquedanın, nəhayət ki, ayıldığını görən Səməd gözləri yaşlı halda onu qucaqlayır. “Axı sən təkbaşına çadırdan niyə çölə çıxırsan? Əməlli-başlı qorxutmuşdun məni. Beş gündür ki, özündə deyildin. Sayıqlayırdın”, – deyə pıçıldayır.
Filmin finalında bizə bəlli olur ki, sən demə, kəhkəşanlı gecə ayağı büdrəyib Ələmut qalasının dibindəki dərəyə yuvarlanmış Aquedaya film boyu görünənlər sadəcə bir qarabasma görüntü kimi görünürmüş.
Səhər yenə Aquedanın qulağına ulduz səsləri gəlir. Və o, ayağa qalxıb ulduzların ona göstərdiyi yolla yenə dərəyə tərəf enir. Və Aqueda finalda Səmədlə birlikdə, həqiqətən də, Burlanın dərədəki kurqan qəbrini aşkar edirlər. Və daş kitabənin üstündə açıq-aydın Burlanın adını oxuyurlar. Bəlkə Aquedanın gözünə görünənlər elə həqiqət idi? Tusi, həqiqətən də, ölümsüzlük eliksirinin formulunu düşünüb tapmışd?! Bunu artıq biz görməyəcəyik.
Ona görə ki filmin son titrləri elə bu kadrların üstündə yazılır.
“Ədəbiyyat və incəsənət”
(12.06.2024)