Super User

Super User

 

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adlarını isə Münsuflər Heyəti bu gün bəyan edib.

Beləliklə:

 

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, 

Səma Quliyeva

 

3-CÜ YER

Xan Abdulla

 

2-Cİ YER

Orxan Cuvarlı

 

1-Cİ YER

Cavid Babayev

 

Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək. 

 

 

BƏŞİR NİFTƏLİYEV

 

Mən, Niftaliyev Bəşir Qədir oğlu, 24 sentyabr, 1988-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşam. 1995-ci ildə Sabirabad rayonunun Ulacalı kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirmişəm. 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Biznesin təşkili və idarə edilməsi ixtisası” üzrə bakalavriatura təhsil pilləsinə daxil olmuş, 2010-cu ildə həmin təhsil müəssisəsini müvafiq ixtisas üzrə “Fərqlənmə” diplomu ilə bitirmişəm. 2010-2011-ci illərdə hərbi xidmətdə olmuşam. 2011-ci ildə Azərbaycan Dövlət İqtisadi Universitetinin “Təhsil, elm və sosial mədəni sahənin iqtisadiyyatı” ixtisası üzrə magistratura təhsil pilləsinə daxil olmuş, 2014-cü il tarixində həmin universiteti müvafiq ixtisas üzrə “Fərqlənmə” diplomu ilə bitirmişəm.

1 iyun 2019-cu ildən Böyük Britaniyanın “Chartered Institute of Taxation” təhsil müəssisəsində tələbə kimi qeydiyyatdan keçmiş, 10 iyun 2021-ci il tarixdə imtahanda uğur qazanaraq “Transfer pricing” modulu üzrə sertifikat əldə etmişəm.

5 yanvar 2023-cü ildən bu günədək Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçot şöbəsinin rəisi vəzifəsində çalışıram.

Ailəliyəm, iki övladım var.

 

 

SEHRLI DANAXOR

 

    İsti yay günlərindən biri idi. Həmin gün üçün atam mənə söz vermişdi – günortadan sonra balıq tutmağa gedəcəkdik. Hələ səhərdən həvəslə, bir gün əvvəl suvardığım bağımızdan atamın bəyənəcəyi qara yağış qurdlarını çıxarıb köhnə, paslanmış konserv qabına yığmış, ölməsinlər deyə üzərinə yaş torpaq tökmüş, qarmaqları hazır vəziyyətə gətirmişdim – bəzi qarmaqlar əyilmişdi deyə onları kəsib yenisi ilə əvəz etmişdim. Tutduğumuz balıqları canlı saxlamaq üçün suya sallamağa kartof-soğan yığmaq üçün nəzərdə tutulmuş sintetik torlardan da götürmüşdüm. Həyətdə oturub atamın evdən çölə çıxmasını dörd gözlə gözləyirdim. Altı yaşlı kiçik qardaşım həyətdə məftildən düzəldilmiş arabasını sürməklə məşğul idi. Arada gəlib mənə siqnal verir, yanımdan keçib uzaqlaşırıdı.

     Baxmayaraq ki, yüngül meh əsirdi və böyük ehtimalla axşama tərəf hava sərinləşəcəkdi, qərara gəldim ki, içmək üçün yola su da götürsək yaxşı olar. Vaxt itirmək olmazdı. Birdən atam həyətə düşər, məni görməz, fikrini dəyişər. Cəld su çəninin yanında yığılmış şüşə butulkalardan birini götürüb su ilə doldurdum. Bu işim də hazır. Birdən yadıma düşdü ki, çörək götürməmişəm. Gedəcəyimiz yeri atam seçəcəkdi. Ola bilərdi ki, həmin yerdə qurdla balıq tutmaq mümkün olmasın. Atam deyirdi ki, xırda balıqların çox olduğu yerdə qurdla böyük balıqları tutmaq mümkün olmur, xırda balıqlar qurdu didişdirib yararsız hala salırlar deyə böyük “Çəki” balıqlarını tutmaq üçün yarımislanmış və xəmir halına salınmış çörəkdən istifadə edilir. Atamı razı salmağım vacib idi. Yoxsa, ya ona getməmək üçün bəhanə verəcəkdim, ya da qayıdanda yol boyu “Məni boş yerə məcbur edib gətirdin, bu günümüz boşa getdi”, “Çörək götürməmisən deyə heç nə tuta bilmədik”, “Bir də səni bir yerə aparmaram”, “Hava isti idi deyə gərək gəlməzdik” və ya hansısa başqa acıqlı ifadə ilə deyinəcəkdi. Buna görə də mənə çörək verməsi üçün açıq pəncərədən anamı çağırdım. O, cavab vermədi. Əlimdə saxladığım qarmaqları ağaca söykəyib evə qaçdım. Qapını açanda atamla üz-üzə gəldim. O, heç də balıq tutmağa getdiyi geyimdə deyildi. Təzə paltarda, saçları daranmış, əlində ayaqqabı fırçası ilə yanımdan keçdi, pilləkənlərdə səliqə ilə cütlədiyi ayaqqabılarını götürdü, fırçasını qara ayaqqabı kreminə batırdı və fırçalamağa başladı. Bu səhnə mənə çox tanış idi. Çünki, istisna hallarda və vacib işi olanda o axşamlar evdən çıxmazdı. Başqa günlərdə isə bu qaydada geyinib-keçinər, kənd çayxanasına domino oynamağa gedərdi. Axı bu gününü mənə ayırması üçün ondan söz almışdım! Görünür, ya yadından çıxmışam, ya da domino oynamağı mənə verdiyi sözdən üstün bilib. Pilləkənlərdə oturub dizimi qucaqladım və tələsik şəkildə ayaqqabılarını fırçalayan atama tamaşa etməyə başladım. Gözlərimdən axan yaş damlaları yanaqlarımdan süzülməyə başladı. Duzlu göz yaşı dodaqlarıma toxunanda üzümü şalvarımın dizinə sildim. Atam işini bitirib mənə tərəf baxmadan küçəyə açılan taxta qapıya tərəf getdi. O, qapıdan çıxanda artıq səsli ağlamağa başlamışdım, ancaq səsimi eşitmədi.

Bayaqdan bəri evdə təmizlik işləri görən və bütün olan-bitənlərdən xəbərdar olan anam evdən çıxanda məni pilləkənlərdə büzülüb oturmuş vəziyyətdə gördü. Atamın verdiyi sözü o da bilirdi və bu sözü ondan qoparmaq üçün mənə əlindən gələn köməyi etmişdi. Bir həftədən çox idi ki, hər dəfə şam edəndə atamdan məni balıq tutmağa aparmasını xahiş edirdim. Nəhayət dünən anamın israrı ilə bu günə mənə vaxt ayıracağını söz vermişdi. Atamın heç bir söz demədən, üzrxahlıq etmədən, geyinib-keçinib evdən çıxmağını da görmüşdü. Hər halda içəridə məni balığa aparmayıb çayxanaya getdiyinə görə etirazını da bildirmişdi ona.

-  Ağlama ağıllı balam – deyə anam yanımda oturdu, məni qucaqlayıb başımı qollarının arasına alıb öpdü.

Anamın məni oxşayıb əzizləməsi sanki ağlamaq üçün mənə bir az da cəsarət verdi. Başa düşdüm ki, ürəkdən ağlamaq üçün də cəsarətli olmaq lazım imiş.

– Ağ evlərin yanındakı gölə gedərsən, orada da çoxlu balıq olar, bilirəm mütləq tutacaqsan – deyə anam mənə təskinlik verməyə çalışdı. Hiss etdim ki, o da ağlayırdı, ancaq gözlərini məndən qaçıraraq gizlətməyə çalışırdı.

Anamın nəzərdə tutduğu yer hər tərəfdən qapalı, qamışlıq basmış bir göl idi. Suyu isə mamırla örtülmüş, yaşıl rəngə çalırdı. SSRİ dönəmində həmin göl pambıq əkinində suvarma məqsədləri üçün – həm qurunt sularının çəkilməsində, həm də pambığın suvarılması zamanı suyun normasının tənzimlənməsində istifadə olunurmuş. Anam nəzərdə tutduğu “Ağ evlər” isə pambıq becərənlər üçün eyni formada, yan-yana tikilmiş və əhənglə rənglənmiş üç ev idi və gölün sahilində yerləşirdi. Həmin göldən balıq da tutarlarmış, hətta atam da bir neçə il əvvəl həmin göldən böyük balıqlar tutubmuş. Lakin sonradan Kür çayının suyundan qidalanan və suvarma üçün istifadə olunan şirin su borusundan gölə tökülən suyun qarşısı kəsilmiş, istifadə olunmadığı və illər ərzində qazılmadığı üçün dayazlaşmış, diqqətdən kənarda qalıb unudulmuşdu. Dəfələrlə həmin gölü böyük torlarla süzüb balıqlarını tutmuşdular. Deyilənə görə, hətta bir neçə dəfə qaçaq ovçulər gölə elektrik cərəyanı qoşub olan-qalan su canlılarını da məhv etmişdilər. Bütün bunları anam da bilirdi, orada balıq yaşaması ehtimalının az olmasını da. Ancaq o, mənim təkbaşına uzağa getməyimə razı olmazdı.

-  Dayan, yaxşı yadıma düşdü, sənə danaxor düzəldəcəm – anam nəsə tapmış kimi sevincək şəkildə ayağa qalxdı. Danaxor düzəltməyin qaydasını da təxminən bilirəm, baban – qayınatasını nəzərdə tuturdu – çox vaxtı onun köməyilə balıq tuturdu, o hazırlayanda görmüşəm. Onunla balıq tutmağa getsən suda bir dənə balıq olsa onu da sən tutacaqsan.

Bu sözü ilk dəfə idi eşidirdim. Nə isə sehrli bir şey olduğunu düşündüm. Daha ağlamırdım. Anamın diqqəti və nəvazişi ilə qəlbimə rahatlıq çökməyə başlamışdı.

Anam evə girdi, bir qədər sonra əlində qayçı, ip və iki-üç yaşlarımızda geyindiyimiz, nimdaş uşaq şalvarlarından biri ilə qayıtdı. Yanımda oturdu. Qayçı ilə şalvarın bir ayağını kəsdi, aşağı tərəfindən iplə yaxşıca düyünlədi. Sonra isə birlikdə həyətin sonundakı söyüd və çinar ağacından dirəklər və döşəmələr üzərində, qamış və palçıqdan tikilmiş tövləyə getdik. Anam tövlənin divarına söykənmiş kürəyi götürüb yerdə bir qədər yumşaq quru peyin topladı. Tövlənin divarına bitişik toyuq hininin üstündəki böyük çuqun qabdan bir-iki ovuc arpa götürüb yerdə yığılmış peyinlə qarışdırdı və şalvar ayağından düzəldilmiş torbanın içərisinə doldurub ağzını bağladı.

-  Əslində danaxor bir-iki gün suda qalmalıdır ki, peyinin içərisində arpa qıcqırsın və balıqların xoşladığı qoxusu yaransın. Hələlik təkcə peyinin qoxusu da bəs edər. Gələn dəfə gedəndə isə lap hazır, yetişmiş vəziyyətdə olacaq. Bunu da özünlə götür. Balıq tutmaq üçün qarmağını atdığın yerdə bir ağac parçası tapıb suya basdırarsan, bunu bağlayarsan və suya sallayarsan. Çox keçməyəcək balıqlar bunun qoxusuna dayana bilməyib yanına gələcəklər. Yeməyə bir şey tapmayanda isə sənin qarmağındakı qurdu yeyəcəklər, sən də rahatca onları tutacaqsan – deyə anam əminliklə gülümsədi.

Bayaqdan bəri ağzı ilə maşın səsi çıxararaq öz tel arabasını sürə-sürə bizim arxamızca gəzən qardaşım da maraqla dayanıb sakitcə anama qulaq asmağa başlamışdı. O, soruşdu:

-  Ana, olar ki, balıq tutmağa mən də qardaşımla gedim?

-  Yox bala, sən balacasan, yorularsan – anam etiraz etdi.

-  Nə olar ay ana, gedim də - qardaşım israrla ayaqlarını titrətdi.

Anam gülümsəyərək mənə baxdı:

-  Nə deyirsən, ay Yumu – anamın dediyinə görə körpəlikdə yatmış vəziyyətdə qoyub getdikləri bir yerdə dayanmayıb yumaq kimi başqa yerə yuvarlandığıma görə sonradan məni bu adla oxşamağa və çağırmağa başlamışdılar. Əsl adım da babamın adı olduğu və baba, nənə adlarının başqa sözlə əvəzlənməsi demək olar ki, adət halını aldığı üçün mənə yeni ad qoyulması başqa bir bəhanə olmuşdu – apara bilərsən? Sənə mane olmaz ki? Aparsan, gərək bir gözün də onda olsun. Suya düşməkdən də qoru.

-  Yox ay ana, narahat olma, qağam ağıllı uşaqdır. Onun da balıq tutmağa həvəsi var, arada mənim qarmaqlarımı götürüb arxdan balıq tutmağa çalışır. Qoy getsin mənimlə, həm də tək qalmaram.

Qardaşım artıq anamın icazə verəcəyindən arxayın şəkildə hıçqırıqlı gülməyə, gah mənim, gah da anamın üzündən öpməyə başladı.

Anam razılaşdı:

-  Yaxşı Yumu, birlikdə gedin, ancaq hava qaralana qədər qayıdıb gəlin. O gölün ətrafında axşamlar çaqqallar ulaşır, uşaq qorxar birdən.

Bir qədər sonra iki qarmaq, balıq üçün tor, qurd və torpaqla dolu konserv qabı və danaxorumuzu götürüb qardaşımla birlikdə yola düzəldik.

Gölə çatıb qamışlıq olmayan açıq yer tapdım. Cəld anamın öyrətdiyi kimi danaxoru suya salladım və təxminən yarım metr uzunluqda bağlanmış ipini suyun kənarındakı yulğun ağacına bağladım, qarmaqların hər ikisinə qurd keçirdim. Birini özüm suya atdım, digərini isə atması üçün qardaşıma verdim və qaydasını başa saldım.

Xeyli vaxt keçsə də qarmağımız qətiyyən tərpənmirdi, balıqdan əsər-əlamət yox idi. Təkcə mənim qarmağım bir dəfə yuxarı-aşağı gedib gəldi, bir az aralıda suyun üzünə çıxan tısbağanı görəndə əmin oldum ki, bu onun işidir. Qarmağı yoxlamaq üçün çəkib baxanda isə gördüm ki, bu yaramaz tısbağa qoyduğum qurdu elə yeyib ki, sanki qarmaqda heç qurd olmayıbmış kimi. Qarmağıma yenidən, bir az da qalın qurd seçib keçirdim və suya salladım.

Bir saata yaxın idi ki, heç nə dəyişməmişdi. Qardaşım artıq yorulmuş, qarmağını oyun oynayarcasına suya daldırıb yuxarı çəkirdi. Suyun üzündə sakitcə dayanan qarmağım hələ də tərpənmirdi. İstədim ki, çəkib yoxlayam görüm qurd yerindədirmi, ya yox. Qarmağı dartanda elə bil yer ayağımın altından qaçdı. Böyük, güclü bir şey məni suya tərəf dartmağa başladı, bir ayağım suya düşdü və palçığa bulaşdı. Bu ancaq mənim çəkimlə nisbətdə çox iri və güclü bir balıq ola bilərdi. Güman ki, balıq qarmaqdakı qurdu yeməklə məşğul olanda mən qarmağı dartmışam və qarmaq onun ağzına ilişib.

Həmin vaxt doqquz yaşında, arıq bir uşaq idim. Balıq nə qədər böyük idisə, sudan çıxarmaq mənim kimi biri üçün olduqca çətin idi. Balıq da sudan çıxmamaq üçün var gücü ilə mübarizə aparırdı. Balığın iri ağ gövdəsi suyun üzündə görünəndə çox həyəcanlandım, həyatımda ən böyük qələbə və yaxud ən ağır məğlubiyyətimin başlanğıcının bu gün olduğunu düşündüm. Bir tərəfdən həyəcan, bir tərəfdən də qollarımın taqətdən düşməsi nəfəsimi dərmək üçün verdiyim fasilədə birtəhər suyun səthinə qədər dartıb gətirdiyim balığa suyun dərinliyinə getmək üçün imkan yaradırdı. Eyni işi görmək üçün təkrar-təkrar başa qayıtmalı olurdum. Bir anlıq fikrimdən keçdi ki, kaş atam burada olaydı, asanlıqla balığı sudan dartıb çıxarardı.  “Yox, kim olduğumu, əslində onun bacardığı bəzi şeylərin mənim edə biləcəyimi ona sübut etməyin vaxtıdır” düşüncəsi ilə daha qətiyyətlə mübarizəmə davam etdim. Həm də anama onun sehrli danaxorunun necə möcüzə yaratdığını göstərməyə, əməyini boşa çıxarmadığımı ona nümayiş etdirməyə çalışırdım.

Üç-dörd dəqiqədən çox olardı ki, balığı sudan çıxarmaq üçün əməlli-başlı çarpışırdım. Artıq balığın da yorulduğunu hiss edirdim. Deyəsən, qarmaq ağzına möhkəm keçmişdi, yoxsa çoxdan ağzının yaralanmasına mail olsa belə bu gərgin ölüm-qalım mübarizəsindən qalib ayrılıb gözdən itmişdi. Həm də bəxtimdən qarmağım çox möhkəm idi, əks halda bu ağırlıqda dartılmaya tab gətirməzdi. Qarmaqları atam özü üçün hazırlamışdı, köhnə də olsa qonşu kənddən gətizdirdiyi iynə kimi düz, qalın, möhkəm qarğıdan və sərt qaytandan diqqətli şəkildə, səliqəli hazırlamışdı. Bu arada qardaşımın öz qarmağını bir tərəfə atıb balıqla davam edən mübarizəmi seyr etmək üçün başımın üzərində tamaşaçı kimi öz yerini aldığını da görməmişdim. Bəlkə də nəsə deyirdi, ya da öz köməyini təklif edirdi, ancaq qulaqlarım qəribə ahəngi olan şırıltı və ya uğultudan başqa heç nə eşitmir, sevinc və həyəcandan dumanlanmış gözlərim isə dar çərçivədə suyun və hərdənbir suyun üzərində ağaran balığın bulanıq görünüşündən başqa heç nə görmürdü.

Balıq növbəti dəfə suyun üzərinə çıxanda var gücümü toplayıb sudan ayırmağa çalışdım. Bilirdim ki, balıq suda güclü olur, havaya çıxdısa öz çəkisindən başqa heç nə qalmır. Çətini onu sudan ayırmaq idi. Belə də oldu. Sudan çıxardıqdan sonra əvvəl tətbiq etdiyim gücü azaltmadığım üçün balıq havaya sıçradı, qarmağın qaytanı başımın üzərində əyilmiş vəziyyətdə olan qamış dəstəsinə ilişdi və balıq gözümün qarşısında havadan asılı vəziyyətdə qaldı. Düşünmədən balığı qucaqlayıb sudan kənarlaşdım və sahilin yamacı boyu yuxarı daşıdım. Bu kifayət qədər böyük (uzunluğu təqribən bir metrdən çox idi) enli, ağappaq Karp balığı idi (həmin vaxt balıqların adlarını bilmirdim, sonradan öyrənmişdim ki, bu balığın adı Karpdır).

Balığı yerə sıxıb qardaşımdan var gücü ilə saxlamasını istədim. Qardaşım sanki balığın üstündə oturmuşdu, ancaq onu zorla saxlaya bilirdi. Hər an əlindən çıxıb suya düşəcəyi qorxusu ilə bir gözüm qardaşımda, əvvəlcə özümün, sonra isə qardaşımın qarmağını yığışdırıb bağladım. Qarmaqları ona verib balığı güclə qucağıma götürdüm. Sevincimizdən bir-birimizlə danışa da bilmirdik. Sadəcə olaraq qollarımın arasında qıvrılan balığı seyr etməklə məşğul idik. Yol boyu qucağımda tutduğum və quyruğu yerlə sürünən balığa tamaşa edən adamların təəccüblü baxışları və sual dolu nəzərləri altında, həyəcanla evə tərəf addımlayırdıq. Onlardan bir neçəsi bizi saxlayıb balığa tamaşa edir, bəziləri isə bunu necə və haradan tutduğumuzu soruşurdu. Mən isə balığı yerə qoyub həm dincəlir, həm də qürurla onlara öz qəhrəmanlıq hekayəmi danışırıdm.

Küçə qapısından içəri girəndə həyətdə böyük teştdə paltar yumaqla məşğul olan anamla qarşılaşdım. Qucağımdakı balıqla anama tərəf getdim. O, oturduğu daşın üstündən qalxdı, “Aman Allahım, bu nədir ay Yumu, sən tutdun bu balığı?” deyə çaşqınlıqla dilləndi. Onun gözləri yenə də dolmuşdu – bu dəfə isə sevinc göz yaşları ilə.

-  Ana, sənin danaxorun işə yaradı – deyə balığı yerə qoyub dərin nəfəs aldım və anamı möhkəm qucaqladım. Bütün baş verənləri həvəslə ona danışdım. Anam həm diqqətlə məni dinləyir, həm də hərdən çevrilərək yanındakı balığa həvəslə baxırdı. Onun yaşıl rəngli, parıldayan gözlərinin nə qədər gözəl və mənalı olduğunu kəşf etdim.

-  Sizinlə fəxr edirəm, balalarım. Halal olsun ikinizə də!

Yaşadığım günün həyəcanı gecə mənə yatmağa da imkan vermədiyi üçün gec saatlarda evə gələn atamı ayaq səslərindən tanıdım. Anamın eyvanda karton kağızın üzərinə qoyduğu balığı görməməsi mümkün deyildi. “Görəsən, indi nə hislər keçirir, balığın haradan peyda olduğunu düşünür, səhər onunla ilk qarşılaşanda nə deyəcək?” düşüncəsi ilə səhərin açılmasını tezləşdirmək üçün yatmağa çalışdım.

Səhər yuxudan oyanıb həyətə düşəndə atamın qarmaq hazırladığını gördüm. Hər halda anam onu məsələdən agah etmişdi. Yanına getdim. Atam başını qaldırdı, mənə baxdı. Əlindəki qarğını yerə qoydu və əllərini açdı. İstər-istəməz özümü atamın qucağında gördüm. Atam məni qucaqlayıb alnımdan öpdü.

-  Yumu, sən ağıllı oğlansan, əsl kişisən. Səninlə fəxr edirəm. Mən indiyədək o qədər qəşəng balıq tutmamışam. Yumu, dünən sənə verdiyim sözü tutmadım, məni bağışla. Onun əvəzinə sənə daha yaxşı qarmaq düzəldəcəm və biz səninlə birlikdə mütləq bu axşam balıq tutmağa gedəcəyik – atam başımı oxşayaraq gülümsədi.

Bu dəfə atam sözünü tutmuş, məni balıq tutmağa aparmışdı. Həmin gündən bəri o, çayxanaya daha az, nadir hallarda, xüsusilə də kiminləsə görüşməli olanda getməyə başladı. Tez-tez balıq tutmağa gedirdik. Artıq atam mənimlə daha çox vaxt keçirməyə başladı. Bir dəfə yeşik taxtasından mənə gitara düzəltdi. Həmin gitara simləri qırılana qədər mənim ən sevimli oyuncağım oldu. Atam söyüd budağından yay, nazik qarğıdan ox düzəltdi və mənə ox atmağı öyrətdi. Onun köməyilə dama, nərd və domino oynamağı öyrəndim. Artıq dərslərimlə maraqlanmağa və ev tapşırıqlarımda mənə kömək etməyə başlamışdı.

Atam sonralar balıq tutuduğum gölün yaxınlığında yerləşən evlərdə yaşayan kənd camaatından imza toplayaraq bələdiyyəyə gölün qazılmasını, suyunun dəyişdirilməsini və şirin su ilə doldurulmasını, gölə balıq körpələrinin tökülməsini xahiş etmişdi. Gec də olsa onun müraciətinə baxılmış, həmin göl və onun ətrafı bir-iki il ərzində əvvəlkindən daha gözəl vəziyyətə gətirilmişdi. Kənd sakinləri gölün kənarlarında ağaclar əkdi. Artıq həvəskar ovçuluqla məşğul olan insanlar həmin göldən həm balıq tuta bilir, həm də balıqların sayını normada saxlamaq üçün əllərindən gələni edirlər – gölə kiçik balıqlar buraxır, onları yemləyir, gölün suyunun daim dəyişdirilməsinə və şirin su ilə əvəzlənməsinə nəzarət edirlər. Hər axşam gölün ətrafı dincəlməyə, söhbət etməyə və gəzişməyə çıxan insanlarla dolu olur. İnsanlar bələdiyyə tərəfindən quraşdırılmış turniklərdə, paralel qollarda idman edir, skamyalarda oturur, qəzet və kitablar oxuyurlar. Kəndlilərdən birinin öz maddi vəsaiti hesabına gölün ətrafında tikdirdiyi, təqaüdçülər və əlillər üçün birmərtəbəli taxta tikilidə samovar çayı içib, nərd və domino oynayırlar. Artıq atam da domino oynamağa qonşularımızla həmin gölün sahilinə gedir.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

- Unutmayın, marketinq sizin biznesin ən vacib təşkilatlanma alətidir. Marketinqin dörd əsas aspekti mövcuddur: 

 - məhsul: satdığınız əmtəə və ya xidmət;

- qiymət: öz əmtəəniz və ya xidmətiniz müqabilində aldığınız pul;

- irəliləmə: sizin bazarda özünüzü təqdim etdiyiniz üsullar – siz kimsiniz, nəçisiniz və haradasınız;

- təminat: sizin malı istehlakçıya çatdıran kanallar.

Aydındır ki, marketinq sadəcə reklam və satışdan başqa digər xeyli şeyi əhatə edir. Məsələn, marketinqin əsas hissəsinə sizin müştərilərin öyrənilməsi prosesi daxildir.

Onlar nə istəyirlər?

Onlar özlərinə nəyi rəva görə bilərlər?

Onlar nə düşünürlər?

Sizin sualları anlamaq və formalaşdırmaq qabiliyyətiniz və həmin sualların cavablarını təcrübədə tətbiq etməyiniz biznesdə uğlur qazanmağınızda başlıca rol oynayır.

- Bazar payının və bazar potensialının müəyyən edilmə prinsipləri də çox vacibdir. İlk olaraq öz istekhlakçınızı (kim) və bazarın həcmini (nə qədər) müəyyən edin. Bu, bazarın ümumi potensialıdır. Rəqiblərinizin sayı və gücünü bildikdə və onlardan ala biləcəyiniz bazar payını qiymətləndirdikdən sonra siz konkret olaraq öz müəssisəniz üçün bazar potensialını almış olacaqsınız.

- Sizin biznesin artım templəri sizin reklam kampaniyasını nə dərəcədə yaxşı planlaşdırıb həyata keçirmənizdən asılıdır. Bu, sizin kampaniyanın imicini formalaşdıran əsas faktorlardan olduğundan, reklam kampaniyası yaxşı planlaşdırılmalı və maliyyə resursları ilə təmin edilməlidir. Sizə effektiv reklam strategiyasının işlənib hazırlanmasında kömək edəcək yerli reklam agentliyini dərhal müəyyənləşdirməli və onunla əlaqəyə girməlisiniz.

- Biznesin həyata keçirilməsi üçün yer seçiminə sərf etdiyiniz vaxt və səylər sizin işinizin uğur və ya iflasını birbaşa təmin etmiş ola bilər. Biznesin həyata keçirilmə yerini seçərkən siz sahənin xüsusiyyətləri, potensial bazar, əlçatan işçi qüvvəsi, rəqiblərin sayı və gücü kimi amilləri nəzərə almalısınız.

Biz bəzi şərtlərə baxdıq. Artıq siz müstəqil hazırlığı bitirmisiniz, biznes-planı işləyib hazırlamısınız, harada (hansı sahədə) işləyəcəyinizi bilirsiniz, nə qədər pul lazım olacağını hesablamısınız, siz öz işçiləriniz, tədarükçüləriniz və bazar imkanlarınız haqqında zəruri informasiyaya maliksiniz. Planlarınızın mütləq obyektiv kənar qiymətə ehtiyacı var. Kənar obyektiv qiymətləndirmə üçün regionunzdakı ekspertlərlə əlaqəyə girin. Qərarınızda əmin olduqdan sonra işə başlayın. Uğur mütləq sizi tapacaq!

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Emin Süleymanova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

EMİN BƏHMƏN OĞLU SÜLEYMANOV

(21.07.1977.-09.11.2020.)

 

İmişli rayonunda anadan olmuş Azərbaycan Silahlı Qüvvələrin peşəkar zabiti, mayor, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi

 

 

UCALDI ƏBƏDİ ZİRVƏYƏ  E M İ N

 

Öz ömrünü ləyaqətlə yaşadı,

Doğma yurda məhəbbətlə yaşadı,

Sevgi ilə, sədaqətlə yaşadı,

Ucaldı əbədi zirvəyə Emin.

 

Ordunun mayoru, zabiti idi,

Vətənin cəsur bir igidi idi,

Qələbə-arzusu, ümidi idi,

Ucaldı əbədi zirvəyə Emin.

 

Artilleriyada komandir idi,

Döyüşlərdə sanki pələng, şir idi,

Yaradan da ona dayaq, yar idi,

Ucaldı əbədi zirvəyə Emin.

 

İmişli elinin əziz balası,

Vətənin dayağı, sipər- qalası,

Qəlblərdə həmişə yaşar, qalası,

Ucaldı əbədi zirvəyə Emin.

 

Mənim şair könlüm ilhamla dinər,

Aprel döyüşündə göstərdi hünər,

Dedi:-Ey əsgərlər, bizimdir zəfər,

Ucaldı əbədi zirvəyə Emin.

 

Verəndə əmrini Ali Komandan,

Oldu döyüşlərdə Emin  bir aslan,

Yox oldu, məhv oldu tayqulaq, nadan,

Ucaldı əbədi zirvəyə Emin.

 

Hər zülmətdən sonra doğular səhər,

Xilas eylədilər neçə kənd, şəhər,

Yağının aşına qatdılar zəhər,

Ucaldı əbədi zirvəyə Emin.

 

Şeytanlar, iblislər gəlsin lənətə,

Bu aslan ürəkdə baxın qeyrətə,

Sonadək vuruşdu, köçdü cənnətə,

Ucaldı əbədi zirvəyə Emin.

 

Vətən azadlığı ona səadət,

Göstərdi nə qədər hünər, rəşadət,

İki gül balası qalıb əmanət,

Ucaldı əbədi zirvəyə Emin.

 

Şəhidlər tacdılar Azərbaycana,

Başını dik saxla, Tamara ana,

Mərd oğlun yetişdi şöhrətə, şana,

Ucaldı əbədi zirvəyə Emin.

 

“Ədəbiyyat və incəsənət”

(19.01.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir. 

 

1.Tarixdə çapıq qoyanlar iz qoyanlardan daha yaxşı yadda qalırlar.

 

2.Tənbəl dostun olsun, özləri heç nə etməsələr də, sənə yaxşı ideyalar verə bilərlər.

 

3.Dost olmadan aldatmaq olmur.

 

4.Elmin əlaməti odur ki, hər elmi cavabdan sonra daha da çox elmi suallar doğur.

 

5.Xoş düşüncə, pəhriz və hərəkət səni xəstəxanadan uzaqlaşdıran arabanın atlarıdır.

 

6.İşıq yoxdursa, gözü, məna yoxdursa, sözü qınama.

 

7.Kişi yalanını inandırdığı qadını sevməyə borcludur.

 

8.Milçəyə yumruq, düşmənə buyruq göstərmək əbəsdir.

 

9.Nəfəs verib bir cüt soyuq əli isitmirsənsə, nəfəs almağın əbəsdir.

 

10.Nifrəti sevgisini üstələyənin ilk qurbanı elə özü olur.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün şad xəbər aldıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə millət vəkili,

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd İsmayıl oğlu Seyidov “Şöhrət” ordeni ilə təltif edildi.

 

Eyni zamanda onu da bildiririk ki, bu gün Səməd Seyidovun 60 illik yubileyidir və bu təltifetmə onun yubileyi münasibətilə idi. 

Səməd Seyidov Bakı şəhərində anadan olsa da əslən Qazaxdandlr. Qazaxın çox nüfuzlu bir nəslinin nümayəndəsidir, bu nəsil Azərbaycan sufizminin öncüllərindən biri, nəqşibəndilik təriqətinin görkəmli nümayəndəsi Hacı Mahmud Əfəndi ilə bağlıdır. 

Azərbaycanı beynəlxalq miqyasda layiqincə təmsil edən, ən ali tribunalarda xalqımızın haqq səsini, dövlət siyasətini lazımi instansiyalara çatdıran Səməd Seyidov həm də mükəmməl natiqdir. Dəfələrlə şahid olmuşuq ki, onun nitqlərinə zaldakılar necə heyranlıqla qulaq asıblar. 

Səməd Seyidov həm də “Qazax" Xeyriyyə İctimai Birliyinin fəal üzvüdür, tədbirlərdə iştirak edir, təşkilati işlərdə məsləhət və köməyini əsirgəmir. 

"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Səməd Seyidovun ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirir, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə bütün işlərində ona uğurlar arzulayırlar.

İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Səməd Seyidovu "Şöhrət " ordeni ilə təltif olunması və anadan olmasının 60 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, gələcək işlərində yeni-yeni uğurlar arzulayırlar.

 

Səməd İsmayıl oğlu Seyidov 1964-cü il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. 1981–1986-cı illərdə Leninqrad Dövlət Universitetinin (indiki Sankt-Peterburq Dövlət Universiteti) Psixologiya fakültəsində təhsil almışdır. 1986-cı ildə Leninqrad Dövlət Universitetinin psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir və Leninqrad Dövlət Universitetində fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1986-cı ildən Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda laborant, baş laborant, müəllim, baş müəllim, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 1994-cü ildə Psixologiya Doktoru elmi dərəcəsinə və daha sonra professor elmi dərəcəsinə yüksəlmişdir. 1998–2000-ci illərdə Azərbaycanın təhsil sistemini Avropa Şurasında təmsil etmişdir. 1999-cu ildən Azərbaycan Dillər Univesitetinin psixologiya kafedrasının professorudur. 1994–2000-ci illərdə Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində işləmişdir. 2000-ci ildən 2015-ci ilədək Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsində işləmişdir. Müasir dövrün tələbləri səviyyəsində yazılmış 150-dən çox elmi əsər, dərslik, dərs vəsaiti və monoqrafiyanın, həmçinin psixologiya dərsliyinin, "Menecment psixologiyası", "Yaradıcılığın fenomenologiyası" və s. kitabların da müəllifidir. Azərbaycan, rus, ingilis və fransız dillərini bilir. 

Səməd Seyidov ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2000-ci ildən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini, 2003-cü ildən isə AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəridir. 2003–2005, 2007–2009, 2011–2013 Avropa Şurası Parlament Assambleyasında vitse-prezident və Büronun üzvü olmuşdur. 2018-ci ildən Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentidir. 2016-cı ildən "Siyasi Psixologiya Mərkəzi" İctimai Birliyinin direktorudur.

2018-ci ildə "Diplomatik Xidmət Orqanlarının 100 illik yubiley medalı" ilə təltif edilmişdir.

2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif edilmişdir.

Səməd Seyidov Azərbaycanın hüdudlarından kənarda da yüksək nüfuza malik ziyalıdır. Dövlətlərarası yüksək ictimai-siyasi əlaqələrin inkişafındakı xidmətlərinə görə bir neçə xarici dövlət tərəfindən orden, medal, döş nişanları ilə təltif edilmişdir. Səməd Seyidov 2011-ci ildə Azərbaycanla Fransa arasında əlaqələrin inkişafındakı müstəsna roluna görə Fransanın "Fəxri legionun kavaleri" rütbəsi ilə təltif edilmişdir.

2014-cü ildə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto professor Səməd Seyidova Azərbaycan və Macarıstan arasında ikitərəfli əməkdaşlıqda göstərdiyi xidmətlərə görə, universitetdə macar dili və mədəniyyətinin tədrisinin həyata keçirilməsi ilə bu əlaqələrə verdiyi töhfə və AŞPA-da bu əlaqələrin inkişafı yönündə fəaliyyətinə görə Macarıstan Prezidentinin fərmanı ilə döş nişanı və ordeni təqdim etmişdir.

2014-cü ildə Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olunmuşdur.

Evlidir, 2 övladı var.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqədə Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Finalçıların adları öncəki günlərdə açıqlanıb və finalçılar aşağıdakılardır:

Elay İsmayılov;

Xanbala Mahmudov;

Cavid Babayev;

Orxan Cuvarlı;

Bəşir Niftəliyev;

Şəhriyar Bəhmənov;

Səma Quliyeva;

Pərviz Əlyaroğlu.

Qalib və mükafatçıların adlarını isə Münsiflər Heyəti bu gün bəyan edib.

Beləliklə:

 

HƏVƏSLINDİRİCİ YERLƏR

Bəşir Niftəliyev, 

Səma Quliyeva

 

3-CÜ YER

Xan Abdulla

 

2-Cİ YER

Orxan Cuvarlı

 

1-Cİ YER

Cavid Babayev

 

Mükafatlandırma mərasimi barədə əlavə məlumat veriləcək. 

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Yeni təqvim ilinin ilk ayının yarısını geridə qoymuşuq. Təqvim illərinin ilk aylarımı sürətli keçir yoxsa bu, mənə belə gəlir? - bilmirəm. Bilirəm, bizdən daha çox il qarşılsmış, aylar yola salmış böyüklər, ömrün hələ ilk ilini, ayını yaşayan körpələrimiz var. Şair necə deyir? - 

“Bir adam yol gedir bizdən qabaqda, 

Amma birisi də bizdən sonra var”…

 

Bizdən öncələrdən “Uzun, incə bir yolda” yürüyənlərə sayğılar yetirir, bizdən sonrakılara “qayım-qədəm”lər diləyirəm. 

Böyüklü-kiçikli, cavan-cumrulu hamımız - bir ölkənin vətəndaşları olan biz azərbaycanlılar Yer üzünün dörd yanına yayılmış həmvətənlərimizlə (Azərbaycanın uğurunu öz uğuru, kədərini öz kədəri bilən qardaşlarımızla!) birgə yeni təqvim ilinə daha əzmlə başlamışıq. Əzmlə başlamaq nəyi ifadə edir yaxud öncəki illərin başlanması ilə bu ilin nə fərqi? 

Ötən təqvim ilinin sonlarında Qarabağda ərazi bütünlüyümüzü, suverenliyimizi tam bərpa etməyimiz

bizim bu ilə əzmlə başlamığımızı şərtləndirir. Yəni o əzmin, qürurun xumarında deyilik, şərəf və sorumluluğunun fərqindəyik. 2020-ci ildə Şuşada bayraq ucaldan Mübarək Əl - Dəmir Yumruq, Polad iradə, Cəsur Ürək və Dərin Dövlət Ağlının üzvi birliyi olmasaydı, bu gün elə Şuşadaca arxayınlaşa, tənbəlləşərdik… 

Şuşanın qurtuluşu kimi fövqəladə böyük hadisədən sonra orada dayanıb-durmamaq özü bir mübarək araşdırma mövzusudur. Hərçənd, öz şanlı ordusu ilə Şuşaya bayraq sancmış Ali Baş Komandan adını zatən tarixin altun səhifəsinə pozulmaz şəkildə həkk etdirmişdi! - Buna baxmayaraq, o, həmin andan etibarən yeni hədəfləri elan etdi. 

Bax, son üç ildəki böyük hadisələrin sirri Şuşada dayanıb-durmamaq qərarında, cəsarət və hünərindəydi! 

Hədəf- insanı, toplumu, xalqı səfərbər edir.

Hədəfin vaxtı-vədəsi elə seçilməli, onunla elə uhulət-suhulətlə davranmalıdır ki, özümüz öz hədəfimizə yenik düşməyək; hədəf bizi dağa qaldırsın, dərələrdən sel kimi, təpələrdən yel kimi keçirsin! Və əyilməz, əbədi nidaya çevrilsin!

Bəli, 2024-cü ilədək, özəlliklə ötən təqvim ilində elə parlaq sonuclar əldə etdik, bunlar bizim məhz əzmimizi təcalla etdirmiş oldu. 

2024-cü il o ildir ki, Xankəndi, Xocalı… bu ili müqəddəs bayrağımızla qarşıladı. Necə deyərlər, “o il bu ildir”!..

Bəlağətli cümlələrdən qaçınmağa çalışıram - amma könüldən gəldiyi üçün qüsur sayılmayacağına da inanıram: torpaqlarımız, şəhər-kəndlərimiz Azərbaycan bayrağının dalğalanmasından dinclik tapır, özünə gəlir, ruhlanır və dirçəlir… 

Xankəndimizə ay-ulduzlu bayrağımız, bayrağımıza Xankəndi elə möhtəşəm yaraşır, elə möhtəşəm yaraşır - sanki bu şəhər bu bayraqçün, bu bayraq bu şəhərçün yaranıb!.. Bir bayraq ki, 105 il idi o şəhərin, bir şəhər ki 105 ildir o bayrağın özləmi içindəydi!.. Bəs  belədirsə, 2024-cü ilə əzmlə başlamaq mübarək qədərimiz, açıq alnımıza ilahi yazı sayılmazmı?..

 

2024-cü ilə əzmlə başlamaq, nəhayət, onu ifadə edir ki, bu il bu ilə sığmayan yeni milli müjdələrlə başa çatmağı haqq edir. Tanrı necə haqdır!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Cümə axşamı, 18 Yanvar 2024 11:15

Məğlubedilməz alim...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onunla söhbət zamanı siyasət, hava haqqında danışmağına dəyməz. Söhbət xatirinə söhbət edən insanlardan deyil. Onu düşündürən mövzular haqqında danışmağa səy göstərsəniz, bəlkə də ayaq saxlayıb sizi dinləyər. Kobudluqdan, kəskin ifadələrdən xoşu gəlmir. Ondan həyat yolu ilə maraqlanmağına da dəyməz, onsuz da danışan deyil. Bəlkə də bundan irəli gəlir ki, onun tərcümeyi halına bütövlükdə heç bir yerdə rast gəlmək olmur...

 

Deyir ki,- “Hazırda çoxları iddia edirlər ki, guya ziyalılarla cəmiyyət arasında böyük uçurum var, lakin mən belə düşünmürəm. Ziyalı təbəqəsi sadəcə efir, televiziya vasitəsi ilə deyil, auditoriyalarda, müxtəlif toplantılarda, gündəlik həyat tərzində də insanlarla ünsiyyətdə olur. Ziyalılar və gənclər arasında görüşlər keçirilməsi ünsiyyətin tam səmimi və uğurlu qurulması üçün heç də vacib şərt deyil. Əsas odur ki, ziyalının mövqeyi, düşüncələri, onun əməlləri ilə üst-üstə düşsün və cəmiyyətin tərəqqisinə xidmət etsin. O zaman ziyalının düşüncələri gənclərə örnək olacaq. Hər hansı bir şüarla, tribunadan danışıb, bəyanatlar verməklə, gənclərin zehninə istədiyin fikri təlqin etmək mümkün deyil. Çünki gənc elə qüvvədir, özü qavrayıb düşünür, qərar verir. Bu, bütün zamanlarda belə olub...”

 

Adi həyatda olduğu kimi iş həyatında da mübarizdir. Sakit həyatı xoşlamır. Çox məhsuldar xanımdır, öhdəliklərini vicdanla yerinə yetirməkdən, bildiklərini xalqa çatdırmaqdan zövq alır. Səmimiyyət və dürüstlük onun üçün vacib amillərdəndir. Hissləri və intuisiyası güclü olduğu üçün qarşısındakı insanın daxili aləmini görməyi bacarır...

 

“Sovet dönəmində ziyalılarımız ideoloji çərçivə daxilində fəaliyyət göstərən şəxslər olub. Onlar imkanları daxilində bu və ya digər məsələdə millətin, xalqın mövqeyi ilə bağlı səy göstəriblər. Çox zaman bu ziyalıların həyatı bahasına başa gəlib, cəzalandırılması ilə nəticələnib. Amma bütövlüklə həmin ziyalıların fəaliyyətinin üzərindən xətt çəkmək cəmiyyətin sivil düşüncə tərzinə fayda gətirməyəcək. İstənilən məsələdə qərəzlə hərəkət etmək obyektiv nəticəyə gətirib çıxarmır. Bunu anlamasaq, gələcəkdə də eyni səhvləri etməli olacağıq. Gənclər düşünsün ki, mən bu gün obyektiv təhlil edə bilmirəmsə, gələcəyimi necə düzgün planlaşdıra bilərəm?..”- söyləyir.

 

 Mükəmməl xasiyyətə malik olduğu üçün araşdırmaları da maraqlıdır. Həddən ziyadə realistdir, onu boş-boş xəyallarla, iddialarla fikrindən döndərmək mümkün deyil. Və heç vaxt ram edə bilməyəcəyi məqsədlərin arxasınca getmir. Elə ona görə də ən nifrət etdiyi məsələlərdən biri də qeyri-müəyyənlikdir. Bu səbəbdən də hədəfə doğru planlı şəkildə irəliləyir...

 

Deyir ki,- “Azərbaycan gəncliyi bilgilənməyə laqeyd deyil. Mən də sosial şəbəkələrdən istifadə edirəm və gəncləri də izləyirəm. Müşahidələrimə görə, deyə bilərəm ki, gənclərimiz nəinki bilgi almağa meyllidir, hətta o bilgini paylaşaraq maarifçilik fəaliyyəti göstərməkdə də aktivdirlər. Sosial şəbəkələrdə yayılan məlumatlar içərisində çoxlu elektron kitablar, məqalələr də yer alr. İstifadəçilər maraqlı materialları paylaşır və öz dostlarına oxumağı tövsiyə edir. Amma mən yaşlı nəslin nümayəndələri arasında belə nümunələrə rast gəlmirəm. Ona görə, bu gün kitabı tək klassik formada oxumağın informasiya mənbəyi olduğunu demək düzgün olmaz. Kitabları alıb oxumaq da lazımdır, lakin texnologiyanın inkişafı sayəsində ağırlıq elektron kitablara düşüb. Maddi baxımdan da bu kitablar sərfəli olduğundan gənclər elektron kitablara üstünlük verirlər...”

 

Həm də çox emosionaldır. Amma duyğularını gizlətməyi bacarır. Özünə, biliyinə çox güvənir. Kənardan sərt və amansız görünür, amma göründüyü qədər də nəcib, mülayim və nəzakətli xanımdır...

 

“Hər bir Azərbaycan vətəndaşı özünün müstəqil dövlətə sahib olmağı ilə fəxr etməlidir. Çünki Yer üzündə yaşayan bütün xalqların dövləti olmaq xoşbəxtliyi yoxdur. Amma Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun müstəqil dövləti var və biz müstəqil dövlətin vətəndaşlarıyıq. Bu, müstəqil cümhuriyyətdən yaranan bir tarixdir. Çünki Azərbaycan dövlətçiliyinin tarixi çox qədimdir - e.ə. III minillikdən gələn bir tarixdir. Amma Azərbaycan ərazisində dövlətçiliyimizin varisliyi zaman-zaman yadelli işğalların nəticəsində kəsilibdir. Bütün bunlara baxmayaraq, Azərbaycan böyük bir imperiya yaradan dövlət olub. XV əsrin sonu – XVI əsrin əvvəli Səfəvilər dövləti yaranıb. Bu dövlətin əsasını Azərbaycanəsilli sülalə qoyub. Yəni zəngin bir dövlətçilik tariximiz var. Ən qürurlusu da ondan ibarətdir ki, 105 il öncə bütün türk dünyasında ilk türk cümhuriyyətini 1918-ci il 28 Mayda Azərbaycan xalqı qurub. 105 ildir ki, respublika quruluşunda yaşayırıq. Düzdür, 23 aydan sonra birbaşa Sovet Rusiyasının hərbi müdaxiləsinin nəticəsində müstəqil dövlətçiliyimizə son qoyuldu, amma yenə də Azərbaycan Respublikası sovetlər formasında, müttəfiq dövlətlər statusunda öz varlığını saxladı. 1991-ci ildə isə dövlət müstəqilliyini bərpa edəndə özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi bərpa etdi. Bunlar çox qürurverici tarixdir”.- söyləyir.

 

Ölkədə cümhuriyyət tarixini mükəmməl bilən nadir alimlərdən biri də odur. Uzun illər bu mövzunu araşdırıb, necə deyərlər, gecəsini gündüzünə, gündüzünü gecəsinə qatıb. Dövlət İdarəetmə Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktorudur. “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülüb. "Nəriman Nərimanov – ideal və gerçəklik" kitabının, 40-dan çox elmi məqalənin, "Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası" iki cildliyində isə 200 məqalənin və 7 elmi toplunun tərtibçilərindən biridir. Türkiyə və Bakıda keçirilmiş xeyli beynəlxalq konfransların iştirakçısı olub. “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Tarix, Arxeologiya və Antropologiya” üzrə redaksiya heyətinin üzvüdür...

 

Bəlkə də bu yazını növbəti ad günündə qələmə alsaydım, lap yerinə düşərdi. Məni tələsdirən, haqqında söhbət açdığım Firdovsiyyə xanım Əhmədovanın Cümhuriyyət tarixinin və eləcə də inqilabdan sonrakı Azərbaycanın araşdırılmasında göstərdiyi misilsiz xidmətləri oldu. Və bu yolda məğlubedilməz bir alim kimi müvəffəqiyyətlə addımlamaqdadır. Ona bu fədakarlığına görə ehtiram göstərməyə borcluyuq...

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

Cümə axşamı, 18 Yanvar 2024 12:30

QİRAƏT SAATInda “Eşq mələyi”

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

34-cü hissə

 

Gözlənti davam edir

 

Saat 5-ə qalmışdı, artıq hava işıqlaşırdı. Küçəyə açılan laybalay iri pəncərəyə alatoranın göyümtülə çalan işığı düşürdü.

Ülkər acışan gözlərini ovxaladı. Durub hamam otağına keçdi. Üzünə su vurdu. Sonra mətbəxə adladı. Qəhvədanı doldurub su qaynatdı. Mətbəx şkafını açdı, quru çay axtarışlarına başladı. Bir neçə qutu tapdı, həm iriyarpaqlı, həm xırdayarpaqlı qara çay da var idi, yaşıl çay da, üstəlik, qırmızı çay da. İriyarpaqlı çaydan götürüb çaynikə tökdü. Yadına uşaqlığı düşdü, atası həmişə qutusu iri olur deyə iriyarpaqlı çay alardı.

Su qaynamışdı, çayı dəmlədi, çay içmək üçün qənd axtarışına çıxdı, amma şokoladları görəndə qəndlə çay içmək istəyindən vaz keçdi, şokoladlardan gözü tutanının ikisi ilə bir fincan çay içdi, sonra şokoladın xatirinə daha iki şokoladla daha bir fincan çay içdi.

Nəsə yemək istəyirdi. Soyuducunu açdı, xeyli içinə boylandı. Buz dolabında toyuq naqetsi və yarımfabrikat mal əti kotletləri var idi. Əlbəttə ki, subay adamın soyuducusunda kiloyla ət, toyuq, balıq görməzsən ki... Bitki yağı, bir qutu yumurta... Balıq konservi, ət tuşonkası, kolbasa, sosis, bankada hazır dovğa...

Belə bir ömür yaşamaq qismət imiş, demək, Ona. Subaylıq sultanlıqdır, deyirlər. Amma isti bişmişin də öz yeri var. Plov, bozbaş, piti, ürəyin istəyəndə bunları yemədinsə, daha nə oldu. Lap elə şorba olsun. Qələndərov çox vaxt evdən çıxanda yazıq anasına əmr verərdi, lobya şorbası bişir, sarımsaq-qatıqla. Toyuq şorbası bişir, həm düyü at içinə, həm vermeşil. Qəşəng dovğa elə, noxudu da olsun.

Sulu yeməklərin aşiqi idi Qələndərov.

Birdən içinə haradansa acıq doldu, atasını xoş halda xatırlamağından diksindi. Onu bədbəxt edən insanı niyə bu cür xatırlamalıdır axı? Yalnız lənətlə, nifrətlə xatırlanmağa layiq idi Qələndərov.

Nəsə yemək iştahı bir anda çəkildi. Durub qonaq otağına keçdi.

Ev sahibinin əntiqə zövqü var idi, bu zövqə heyran olmamaq mümkünsüzdü. Bolluca suvenirlər düzmüşdü otaq boyu. Qab-qacaq da yaraşıqlı idi, yumşaq mebel də, çilçıraq da.

Divanın üstündə əyləşdi. Birdən içinə nəsə bir qısqanclıq doldu. Görəsən, O, bu evə başqa qadınları da gətirirmi? Bax elə bu divanda, kim bilir, hansı oyunlardan çıxıb o qadınlarla. Bunu düşünüb anidən dodağını büzdü, tez də özünün özünə acığı tutdu. “Bunu sən deyirsən? Sən??? Saysız-hesabsız kişilərin altına yıxılmış fahişə, sən indi Onun hansısa qızla yaxın ola bilməsindən narahatlıq duyursan?”

Özünü bu cür aşağılamağı, sanki başqası tərəfindən edilibmiş kimi, özünü də incitdi, hətta doluxsundu. Gör haradan-hara gəlmişdi, o cür ciddi, nizam-intizamlı bir ailənin qızı olaraq gəlib gör hara çıxmışdı. Fahişə adı üstündəydi artıq.

Durub kor-peşman güzgünün önünə qayıtdı.

Xatirələri Bilgəhdə qırılmışdı. Davamını gətirməliydi. Həyatının kulminasiyasına yaxınlaşmışdı. Nə olmuşdusa, ondan sonra olmuşdu. Ona kimi olanlar yalan idi sonra olanların yanında.

Güzgüyə baxdı. Sanki o anları yenidən yaşayırmış kimi, xatırladıqca zülüm-zülüm ağlamağa başladı.

 

 “Ədəbiyyat və incəsənət”

(18.01.2024)

 

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu şərtlər daxilində fəaliyyət faydalı olar:

- Şəxsi və professional keyfiyyətlər texniki və maliyyə köməyi göstərmək imkanı ilə yanaşı partnyorluğun müvəffəqiyyətini müəyyən edir.

 

- Öz işçilərinizi diqqət və səylə toplayın. İşə götürməzdən qabaq onlardan məhz nə gözlədiyinizi müəyyən edin. Sizə öyrənməyi bacaran, öz səlahiyyətləri çərçivəsində müxtəlif tapşırıqları yerinə yetirə bilən işçilər lazımdır.

 

- Əməkhaqqının səviyyəsi vəzifənin vaciblik dərəcəsi və əmək təcrübəsinin qiymətləndirmə kriteriyalarından istifadə etməklə müəyyən edilir.

Əksər vəzifə və məşğulluq tipləri üçün qanun tərəfindən təyin edilmiş minimal əməkhaqqı dərəcəsi olduğundan, əmək haqqının real həcmi sizin məramlarınızla işçinin gözlədikləri arasında orta qiymətə bərabər olmalıdır.

 

- İşçilərdən gələn qarət və israfçılıq təhlükçəsi ən müvəffəq biznesi belə dağıda bilər. Onun qabağını almaq üçün siz etibarlı fiziki mühafizə sistemi qurmalısınız. Necə olursa olsun, işəgötürmə zamanı işçilərin ətraflı, diqqətlə öyrənilməsi cinayətlərdən qorunmaq üçün ən yaxşı təminatdır.

 

- İstehsalat binaları və avadanlıqla bağlı hər şey müəyyən edildikdən sonra siz ən azı bir il müddətinə əməliyyat xərclərinizin ödənilməsi üçün kifayət qədər pul vəsaitinizin olması barədə əsaslı şəkildə düşünməlisiniz.

Biznesdə uğursuzluğun əsas səbəblərindən biri start kapitalının kifayət qədər olmamasıdır. Odur ki, biznesin həyata keçirilməsi prosesi ərzində maliyyə tələbatını qiymətləndirmək üçün siz partnyorlarınızla birgə hesablamalar üzərində diqqətlə işləməlisiniz.

 

- Öz şəxsi vəsaitlərinizin cəlb olunması çox zaman sizin biznesinizin maliyyələşdirilməsində ilk addımdır. Faktiki olaraq, bu sizin öz şəxsi işinizə  nə dərəcədə ciddi yanaşdığınızı göstərir. Sizin öz şəxsi pullarınızla riskə getməyiniz digərlərini də sizin biznesə isvestisiyalar qoymağın məqsədəuyğun olmasına əmin edir. Şübhəsiz, əsas maliyyələşdirmə mənbələri isə banklardır. Digər maliyyələşdirmə mənbələri – kommersiya-maliyyə kompaniyaları, regional inkişaf proqramlarını təmin edən kompaniyalar, sığota kompaniyalarıdır. Əmtəə krediti, qiymətli kağızların emissiyası, lizinq isə borc vəsaitinin cəlbedilmə variantlarıdır.

 

- Kredit almaq üçün öncə özünüzə üç sual verməlisiniz: «Kreditdən necə istifadə edəcəksiniz?», «Hansı həcm borc vəsaitinə sizin həqiqətən  ehtiyacınız var», «Krediti necə qaytaracaqsınız?».

 

Növbəti yazıda sizə marketinq barədə danışacağam.

 

“Ədəbiyyat və incəsənət”

(18.01.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.