Super User

Super User

Yunus Oğuz yazır

 

“Ədəbiyyat və incəsənət” portalı tanınmış politoloq və yazıçı Yunus Oğuzun siyasi şərhini təqdim edir. 

Artıq prezident seçkiləri təbliğat və təşviqat mərhələsinə qədəm qoyub. Bununla əlaqədar olaraq beşinci kolon aktivləşib. Hazırda təxribat təxribat ardınca gəlir. 
Hər gün bir təxribatın şahidi oluruq. Paytaxtda mebel  sexinin yanması və  orada insan ölümünün qeydə alınması, Sumqayıtda binada partlayış, bir necə gün öncə Respublika Perinatal Mərkəzində yanğının baş verməsi təsadüfi hesab edilə bilməz. 

Xatırladım ki, 2018-ci il prezident seçkilərinin əvvəlində də eyni ssenari həyata keçirilmişdi. O vaxt da Mingəçevir və Sumqayıtda yanğınlar oldu, Gəncə hadisələri baş verdi. Deməli, prezident bilirmiş ki, seçkilər bir il sonraya saxlanılsa nələr ola bilər. Digər tərəfdən də ölkə yeni dönəmə qədəm qoyub. Ona görə də prezident seçkiləri irəli  çəkilib. Amma beşinci kolon seçkilərin irəli çəkiləcəyini  gözləmirdi. Bəlkə də seçkilər 2025-ci il də keçirilsəydi, böyük miqyasda təxribatlar hazırlaya, nəticədə ölkəni qarışdıra bilərdilər. Prezident bunu gördü və seçkiləri fevral ayına təyin etdi. Nəzərə almaq lazımdır ki, Azərbaycanı, Azərbaycan prezidentini sevməyən dövlətlər ölkəmizdə təxribat törətməyə çox meyillidirlər. Buna xüsusi hazırlaşırdılar, lakin indi çatdıra bilmirlər. Ona görə də hələ ki, xırda təxribatlar törədirlər.
Əslində, belə təxribatlar prezident seçkilərinə təzyiq və təhdiddir. Həm də prezident seçiləcək adama və indiki prezidentə təhdiddir. Bizim prezident beynəlxalq aləmdə də kifayət  qədər tanınmış liderdir. Apardığı siyasət isə dövlətin maraqlarına hesablanıb. Başqa dövlətlərin maraqlarını Azərbaycana buraxmır. Azərbaycanda marağı olan dövlətlər demək istəyirlər ki, seçkilərin sakit keçirilməsini istəyirsənsə, mənim iqtisadi maraqlarımı təmin elə, geosiyasi maraqlarımı qəbul et. Çünki, geosiyasət iqtisadi maraqlar üzərində qurulur. İndi dünya bir-birinə qarışıb, belə bir şəraitdə bizim üçün seçkilərin keçirilməsi çox əlverişlidir.
Məsələn, İran İŞİD-i vurdu, guya ki, İŞİD-i Amerika yaradıb, ona görə vururam. Əslində Yaxın Şərqdə qazan qaynayır. Bunun da Azərbaycana təsiri ola bilər, amma biz bundan yan keçə biləcəyik. Yəni, qaynayan qazanın içinə  düşməyəcəyik. Baxmayaraq ki, artıq qaynar qazana düşən dövlətlər var, hələ də anlamırlar hara düşüblər. Qazanın altı çırta-çırt yanır, qazan da pıqqa-pıq qaynayır. Görüntülər ondan ibarətdir ki, belə bir şəraitdə nə Rusiya-Ukrayna müharibəsi, nə də İrana təhdidlər dayanacaq. Hazırda İsrail demək olar ki, yaddan çıxıb, HƏMAS gündəmdə deyil, əsas məsələ Qırmızı Dəniz uğrunda mübarizədir.
İndi dünyada baş verən proseslər biz deyənə gəlib  çıxır. Artıq dünyanın geosiyasəti dəyişir. Yeni geosiyasətdə də Azərbaycanın xüsusi yeri olacaq. Bu, o deməkdir ki, yeni dönəm təkcə Azərbaycan üçün deyil, həm də dünya geosiyasəti üçün yaranıb. Məsələn, Azərbaycan Prezidenti Davosa getmədi, niyə də getsin ki? Artıq Davosun bütün nümayəndələri Azərbaycana gəlib prezidentlə danışıqlar aparır. Bax, hazırda liderin gücü budur. Kim nə istəyirsə gəlir Azərbaycana, danışıqlar aparır, müqavilələr bağlanır. Azərbaycan da baxır ki, döst ölkədirsə, qucaq açır, dost deyilsə, siyasi və diplomatik vasitələrlə yola salınır. Davosa qoy Paşinyan getsin, Makronla görüşsün. Maraqlı bir situasiya yaranıb ki, Davos üzvləri danışıqlar aparmaq üçün Azərbaycana gəlirlər. Bu isə Azərbaycan dövlətinin, onun prezidentinin dünyadakı nüfuzunun göstəricisidir.

“Ədəbiyyat və incəsənət”
(16.01.2024)

 

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Xətai Sənət Mərkəzində (XSM) “Baharın rəngləri” adlı respublika uşaq rəsm yaradıcılıq turnirinə qeydiyyat başlayıb.

Plener Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və XSM-in təşkilatçılığı ilə gerçəkləşir.

Xətai Sənət Mərkəzindən AzərTAC-a bildiriblər ki, layihədə iştirak etmək istəyən 10-21 yaş arası uşaq, yeniyetmə və gənclər fevralın 5-dək müvafiq anketi tamamlayaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. adresinə göndərməlidirlər.

Plenerə tək və ya qrup şəklində qoşulmaq olar. İştirakçı akvarel boyaları ilə bahar mövzusunda bir rəsm əsərini ərsəyə gətirməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və fərdi düşüncəyə üstünlük veriləcək.

Ən yaxşı 100 əsər sərgilənmək üçün seçiləcək. Sərgilənəcək əsərlər, müəlliflər və sərginin vaxtı XSM və Dövlət Rəsm Qalereyasının sosial media hesablarında paylaşılacaq.

Sərginin virtual kataloqu da hazırlanacaq. Sərgilənəcək əsərlər XSM-in kolleksiyasında saxlanılacaq. Əsəri sərgidə nümayiş olunan müəlliflərə hədiyyə və sertifikat təqdim ediləcək.

Layihənin media dəstəkçiləri arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi də var.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Çərşənbə axşamı, 16 Yanvar 2024 17:00

“Yolun rəngi” - Sadıq Qarayevin yeni hekayəsi

Bir saatdan çox idi ki, yol qırağında dayanıb gözləyirdi. Avtomobillər dayanır, sürücülər getdikləri rayonların adını, neçə nəfərlik boş yer olduğunu ucadan deyirdilər. Elə bil buradan hər yerə, lap Marsa da gedənlər var idi, bircə onun gedəcəyi istiqamətə bu gün heç kim getməyəcəkdi...

Gözləməkdən yorulsa da bunu hiss etmirdi. Əksinə, vaxt keçdikcə, əsəbləşir, intizarı artır və bundan sanki ayaqlarına güc gəlirdi, bəlkə də günlərlə burada dayanıb gözləyə biləcəyinə inanırdı. Axı birinci sinifdə oxuyan qızına söz vermişdi ki, üç saata onun yanında olacaq. Bu gün onun ad günüydü. Bura çatanda telefonla danışmışdılar..

- Ata, nə vaxt gəliysən?

- Bu gün, indi yola çıxıram. Uzağı üç saata çataram.

- Gözlüyüyəm ata..

Gedəcəyi yolun iki saat yarımlıq oduğunu, avtomobil gözləməyi nəzərə alıb, üç saat demişdi.

Geciksəydi Nigar ondan küsəcəkdi. O qəribə qız idi, bir ay öncə verilən sözü də unutmaz, atasının yadına salardı. Əməl edilməsini istəyərdi. Bu sözvermələr əsasən gəzməyə getmək, oyuncaq alma "sürpirizləri" olardı. Belə vaxtlarda ata həmişə öz- özünə deyərdi ki, daha söz verməyəcək. Çünki, Nigar sonra əl çəkmir.

     İndi də özünü qınadı ki, gərək vaxt deməyəydi, gedib çatanda sürpiriz olardı, həm də rahat gedib çıxardı, yol işini bilmək olmur axı. Dəqiq bilirdi ki, Nigar artıq bir saatdır ki, onu gözləyir, saata baxır, oynayır, özü öz başını qatır...

       Əslində günortadan yola çıxmışdı, vaxtının çoxunu bazarda Nigara don və şlyapa axtarmaqla keçirmişdi. Məsələ burasında idi ki, hər ikisi də gərək "pəmbə" rəngdə olaydı, Nigarın istəyi belə idi. O da donu tapırdı, rəngi uyğun gəlmirdi, pəmbə olanda da ölçüsü düz olmurdu. Bir qədər də vaxt doha uyğun şlyapanı tapmağa sərf olundu. 

     Niyə məhz "pəmbə" rəng? Bayaqdan özünə verdiyi sual yenə ağlına gəldi.  Nigarın, elə bir çox qız uşaqlarının niyə pəmbə rəngdən daha çox xoşu gəlir? Yaxşı bəs niyə cəmiyyətdə "qız uşaqlarına pəmbə, qırmızı rəngli paltarlar, oyuncaqlar almaq olar, oğlanlara isə yox" fikiri formalaşıb?  

- Ey, qardaş oğlu hansı tərəfə gedirsən?

Nisbətən kök, başı yarımçıq keçəl, qalın qaşlı, orta yaşlı sürücü boynunu elə uzatmışdı ki, sağ tərəfindəki oturacaq yerini keçərək, avtomobilin aşağı endirilmiş şüşəsi yerindən bayıra çıxmışdı.

Onunla eyni istiqamətə gedirmiş, qiymətdə çənə-boğaz etmədi, nə dedisə, razılaşdı. Qara rəngli Mersedes boş idi, qabaqda sürücünün yanında əyləşib, saata baxdı. Nigarla danışandan artıq saat yarım keçmişdi. Elə təsləsirdi ki, imkanı olsa, sürücünün yerinə keçib, radar zad bilməz, ən yüksək sürətlə sürüb gedərdi. 

-Hə, əmi, yolumuz açıq olsun, gedək.- Bunu deyib, sürücünün üzünə baxdı. 

   Sürücünün də üzü qırmızıya çalırdı, bilmək olmurdu ki, bu onun təbii rəngidi, ya dağ adamlarının sağlam, “qan daman" yanaqlarındandır, ya təzyiqi vardır, ya da pərt olub, pörtüb qızarıb?

      Sürücü onun üzünə baxıb gülümsədi, qızıl dişləri göründü. Bu an qızılı rəng, qırmızı rəng və topa qaşlarının qara rəngi yenə onun diqqətini cəlb etdi. Bir insanın simasında nə qədər rənglər olarmış...? Başı da üç rənglidir... keçəl yeri, ağ, qara tüklü yerləri. Gözləri isə göm-göy idi...

- Qardaş oğlu, mən xaltura eləmirəm. Sadəcə olaraq, yoldu gedirəm, Bakıda işim var idi. Dedim, qulaq yoldaşı olsa yaxşı olar. Daha keçib, sən rahat otur, düşüm aşağı, baxım görüm, gedən varsa bir nəfər də götürüm, gedək. Həm də savab işdir, bəlkə kimsə tələsir, yolda qalıb...5 dəqiqəyə gəlirəm, olar-olmaz gedərik...

     Heç nə deməyə üzü gəlmədi. Ağlına gələn o oldu ki, görəsən bu savab iş deyilən əməlləri canlandırsaydılar, nə rəngdə olardı? Əgər bunu bilsəydi, insanların rəngindən hansı əməllərin, düşüncələrin yiyəsi olduğu bəlli olardı. 

 

Saatına baxdı, iyirmi dəqiqə keçmişdi, sürücü hələ də yol qırağında o yan- bu yana gedir, müştəri axtarırdı. Az qala hamıya yaxınlaşıb, hara getdiklərini soruşmuşdu.

Aşağı düşüb, üzünü sürücüyə tutaraq:

- Ay əmi, getməyəcəyik?, - soruşdu.

- Budəqiqə gəlirəm, səbr elə, qardaş oğlu.

Doğurdan da o gəldi, yanında da çəlimsiz, əlində balaca bir selofan torba olan gənc oğlan.

- Otur bala, otur, yolda qalma. Bundan sonra çətin maşın olar, - deyib, arxadan sol qapını açdı, özü isə cəld sükan arxasında əyləşdi.

-A bala, niyə minmirsən? Nə gözləyirsən?

-Əmi, 5 manat verəcəm ha..

- Yox da bala, danışdıq axı, 7 manat.

- Yox, əmi, 5 manatım var, axı Sizə dedim.

- Yaxşı, eybi yox, 6 manat verərsən.

- Əmi, Vallah  yoxdu, fəhlə adamam. 5 manatım var, zəng ediblər, anam xəstədi, təcili rayona getməliyəm. Müdir pul vermədi, işləmişəm, alacağım da var. Vermirlər ki, birdən qaçarıq, bir də qayıtmarıq.

- Allah şəfa versin anana, amma 5 manata apara bilmərəm, 10 manatlıq yoldu e...

Bu söhbətə qulaq asa-asa bir az da əsəbləşdi, acıqla üzünü sürücüyə tutub:

- O bir manatı mən verərəm. Qoy əyləşsin gedək, -dedi. 

- Sən niyə verirsən, özü verər. 

- Sənə nə fərqi vardı, kim verdi?

- 5 manata yol olmaz, bilirlər axı. Ondansa götürmərəm, maşına nə qədər ağırlıq, güc düşür, sabah bir yeri qırılsa mən düzəltdirəcəm...

İstədi düşüb yerə qapını çırpıb: - Rədd ol get! - desin. Nigar gəldi gözü önünə, evdən gəlib darvazanın deşiyindən bayıra baxır, geri evə gedib bu dəfə də saata baxırdı.

- 5 manat o verir, 5 də mən qoyuram onun əvəzinə 10 edir, otursun gedək...

Qara Mersedes üzü qərbə, günbatana tərəf gedirdi. Qürubdakı günəş görsənirdi, elə bil batmağa azalmış daha da böyümüşdü. Günəşdən çox, o, üfüqə, dünyanın qurtaracağına qoyulmuş qırmızə kürəyə bənzəyirdi..

Çönüb arxaya baxdı, gənc oğlan yatmışdı, yorğunluq və gedişhaqqı söhbətinin nəticəsi olan pərtlik simasında cizgilər formasında donub qalmışdır. Ona nədənsə elə gəldi ki, oğlanın siması yetişməkdə olan açıq qızılı rəngli buğda dənəsi rəngindədir.

Oğlandan gözünü çəkib, sürücüyə tərəf baxdı, təəccübləndi, onun simasının ilk gördüyü qırmızımtıl rəngi getmiş, sarımtıl 5-lik kağız pul rəngi almışdı.

Sürücü onun baxdığını hiss edib, üzünü çevrib , gülümsəyərək dedi:

- Günəşi görürsən, elə bil yolumuzun üstündə dayanıb, doğma adam kimi bizi gözləyir. Bu yaxşı əlamətdir. Bu cür anı görmək, ona tərəf getmək hər vaxt adama nəsib olmur. 

- O niyə qırmızımtıl rəngdədir?- qəfil ağlına gələn sualı verdi.

Sürücü bir az susub, dedi:

- Mövcud olan hər şey öz rəngini mahiyyətindən alır. Zaman daxilində də tez-tez dəyişir. Bunun çoxlu səbəbləri var. Bu Allahın hikmətidir.

- Qızıl, eləcə də bir çox şeylərin rəngi dəyişmir axı, göy üzü və ya dəniz də həmişə mavidir.

Sürücü yola tərəf baxa- baxa, astadan gülərək dedi:

- işığı keçirsən, qızılı nə rəngdə görərsən? Və ya gecə göy üzünü gündüzdən fərqli görmürsən? Dəyişməzlik, sabitlik Allah məxsusdur.

Sürücü bu sözləri danışdıqca səsi mülayimləşir, elə bil elm, hikmət dolu, bir xəzinə sahibi danışırdı. Bir az əvvəl onun fəhlə oğlanla 1 manat söhbətini, eşitməsəydi, onu mömin bir adam sayardı. Xeyli təcüblənmişdi.

Araya sükut çökdü. Birazdan yenə maraq onu bürüdü. Yenə üzünü sürücüyə çevrib sual etdi:

- Niyə yarpaqlar məhz yaşıldır? Üzüm qorası göy olur, yetişəndə qara, sarımtıl, qırmızı olur?

- Hər hansı bir şey üzərinə düşən işıq şüalarının hamısın udursa qara, hamısını qaytarırsa ağ, hamısını udub, yaşılı qaytarırsa yaşıl, qırmızını qaytarırsa qırmızı görsənir. 

O, başı ilə sürücünün dediklərini təsdiq edib, dedi:

- Doörudur, bunları mən də bilirəm. Amma yarpaqlar niyə məhz yaşıl, qan qırmızdır? 

Sürücü yenə düşünə-düşünə yola tərəf baxmağa başladı. O isə başını çöndərib, sürücüyə tərəf baxdı. Təcübbləndi, heyrətdən gözünü yumub, açdı. Ona elə gəldi ki, sürücünün sükanı tutan əlləri, qolları ağ- appaq idi, sanki quş qanadlarını xatırladırdı. 

- Sənin bu sualının cavabını mən bilmirəm, bəlkə də elmin sərhəddir. Daha doğrusu, elm izah edər, yarpaq niyə yaşıl görsənir, ancaq onun məhz niyə yaşıl görsənən quruluşda olması, qanın qırmızı olması Allahın hikmətidir.

Yenə araya sükut çökdü. Sürücü avtomobilin sürətini azaltdı, yavaş-yavaş yolun sağ tərəfinə çəkərək, bir kafenin həyətində saxladı. 

-Qardaş oğlu, bir çay içək, yoruldum, həm də hara tələsirik ki?...

Nə deyəcəyini bilmədi, məcbur razılaşmalı oldu. Geri çönüb, oğlanı oyatmağa başladı:

- Qardaş, oyan, düşək bir çay içək.

     -Onu oyatma.

     - Niyə

     - Onsuz da pulu yoxdu. Qoy yatsın.

       Sürücünün bu sözündən yenə əsəbləşdi. Onun kafenin həyətindəki işıqlardan aydın görsənən simasına baxdı. “İlahi, bu nə əcaib sifətli adamdı. Gecə adamın qabağına çıxsa, nə qədər ürəkli olsan da qorxarsan"- deyə düşündü.

     - Eybi yox, onun çayının pulunu mən verəcəm.- dedi.

     

Yenə yollarına davam edirdilər. Fəhlə oğlan çaydan içib, dalbadal iki siqaret çəkib, yenidən yatmışdı. Bu dəfə xoruldayırdı. Elə bil dünya yaranandan o da yaranmış, bu ana qədər yuxusuz işləmişdir.

    - Çaya nə qədər verdin?- sürcü soruşdu.

     - 5 manat . Halal xoşunuz olsun.

      - Sağ ol. Halalıq nə rəngdədir, bilirsən?

       O təcübblə başını yırğalayıb dedi:

      - Bir az əvvəl ağlıma gəlmişdi ki, savab iş nə rəngdədir? İndi Siz halallığın rəngini soruşursuz.

       -Biz haradayıq?

        Arxadan səs gəldi, fəhlə oğlan yuxudan oyanmışdı. Heç cavab da gözləmədən dedi:

      - Əmi, zəhmət olmas yavaşlayın, o qabaqdakı yol keçidində saxlayarsız.

      - Hansı, o maşınlar dayanan yerdə? 

       - Bəli.

       Oğlan avtomobildən düşdü. Utana-utana sarı rəngli 5 manatlıq çıxarıb, sürücüyə uzatdı.

       - Onu ver bu qardaş oğluna, mən ondan pulu bir yerdə, kom alacam, - sürücü dedi. 

       Oğlan pulu ona verib, xeyli təşəkkür edib, sürücüyə "sağ ol" demədən çıxıb getdi.

      "Belə pulgir, qanmaz, insanlıqdan kənar adam olar?"- O ürəyində qəzəblə sürücü haqqında belə düşünürdü.

      - Sənə maraqlı bir söhbət edim?

       O acıqla, heç sürücünün üzünə baxmadan, könülsüz halda dedi:

        - Edin.

         - Rənglərin çox sirrli xüsusiyyətləri var. Bir gəlin dünyaya oğlan uşağı gətirir.  Bundan sonra gənc ailədə, qohum- əqrabada aləm dəyir bir-birinə. Niyə? Çünki ata, ana,  babalar, nənələr - hamısı qaraşin, uşaqsa sap-sarı, göygöz, elə bil rus balası idi.

         - Niyə, gəlin xəyanət etmişdi?

          Sürücü gülüb dedi:

          - Hamı belə düşünürmüş. Bir ağsaqqal kişi gəlib gəlindən soruşur:- Hamilə  vaxtlarında sarışın kimləsə söhbət etmisən?                

       Gəlin deyir:- Bəli, qonuşumuzda bir rus xanım var idi. Çox gözəl insan idi, həmişə peraşki bişirəndə məni çağırırdı. Məni peraşkiyə, çaya qonaq edirdi. Həm də onun söhbətlərindən doymurdum, saatlarla qulaq asırdım. Ən çox da anasından, qardaşlarından danışırdı. O qədər onları təsvir etmiş, haqlarında danışmışdı ki, mən sanki gözümün önündəymiş  kimi həmən insanları görürdüm.

      Bundan sonar ağsaqqal camaatı başa salır ki, bu uşağın sarışın və gözlərinin göy olması gəlinin həmən rus xanımla çoxlu söhbətləri, üzünə baxması və danışdığı hekayələrin təssüratının nəticəsidir. Bax oğul, kərtənkələ, çəyiritkələr yaşıl çəmənliklərdə yaşıl, bozqırlarda boz olurlar. Alimlər bunu təbii seçmə ilə izah edirlər, guya ki, boz və yaşıllar düşmənlər tərəfindən görünmürlər, mühitə uyğun rəngləri olanlar seçilib sağ qalır. Əslində isə onların hər gün gördükləri rənglər göz vasitəsilə vücuda keçir, öz rənglərinə təsir edir.

    - Çox maraqlıdır, necə?

      Sürücü gülüb dedi:

      -Necəsini biz bilmirik. Allah bilir. O yerdə və göydə hər nə varsa yaradıb, hər şey onundur və keçmişi, gələcəyi bilir.

    Sürücü danışdıqca çönub ona baxırdı. İndi lap heyrətə gəlmişdir. Ətrafda gecənin zil qaranlığı fonunda sürücü tərəf elə bil nurlu, işıqlı idi. Sükandan isə dörd ağappaq quş qanadına oxşar qollar tutmuşdu.

       Sürücü mülayim səslə söhbətinə davam etdirdi

     -Biz infraqırmızı və ultra bənövşəyi şüalar arasındakı rəngləri görürük. Amma bəzi həşəratlar ultrabənövşəyi, infraqırmızı şüaları da görürlər. Bax aləmlər, məxluqlar arasında pərdə var, ona görə biz insanlar mələkləri, cinləri, şeytanları, virusları və başqalarını görə bilmirik. Biz onları görə bilsəydik, sözün əsl mənasında aləm qarışardı bir-birinə. 20 herslə 20 min hers arasınada dalğa uzunluqlu səsləri eşidirik. Daha kiçik səsləri eşitsəyďik digər məxlulqların səsindən çaş- baş qalardıq, kainatın daha uca, bədheybət səslərini eşitsəydik lərzəyə gələrdik, dəhşətdən diz üstə çökər, bağrımız çatlayardı. Amma Allah  bizə yaxın göyü hər cür bəlalardan, pisliklərdən, o cümlədən bədheybət səslərdən qoruyur, qulağımızı və gözümüzü bizə zərər gəlməsin deyə sərhədləndirib. Sonsuz şükürlər olsun Allaha.

     Düzü, sürücünün danışdıqlarına lap mat qalmışdı. 

     -Qarşıdakı  döngədə saxlayın, mən çatmışam, - dedi.

      Sürücü heç nə deməyib, onun dediyi yerdə maşını saxladı.

      O, yuxu görürmüş kimi, nə deyəcəyini bilmədən sürücüyə tərəf baxdı, qap- qaranlıq idi, heç nə görümürdü.

      Aşağı endi, əlini cibinə salıb özünün və fəhlə oğlanın pulunu üst- üst qoyub, başını qaldırıb, avtomobilə tərəf uzatdı. Avtomobil çıxıb getmişdi...

       İndi xatırladı ki, elə arxada yatan yorğun fəhlə oğlan da avtomobildən düşdükdən sonar belə sakitcə yoxa çıxmışdı...

       Gəlib evə çatmışdı, Nigar onu görən kimi üstünə atıldı, çox sevinirdi. Pəmbə donunu və şlyapasını gördükdə sevinci, fərəhi daha da artdı, gülə-gülə: - Ata, vaxtında gəydin. Saata bax, düz üç saat keçib, - dedi. 

    O, başını qaldırıb, divardakı, sonra qolundakı saatına baxdı. Nigar düz deyirdi. O həmişə düz danışırdı...

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Amerika mədəniyyət sferasında əsas hadisələrdən biri baş tutub. Hollivuddakı tətil səbəbindən təxirə salınan “Emmy” mükafatlarının 75-ci təqdimat mərasimi Los-Ancelesdəki Peacock Teatrında keçirilib. 

 

Mərasimi BBC-dən izləyərək ona şahid olduq ki, 2024-cü ilin əsas laureatları 3 idi, mediamaqnatların nüfuzlu klanları arasında mübarizədən bəhs edən “Varislər” teleserialı, Çikaqo restoranından bəhs edən “Ayı” komedik serialı və təsadüfən qarşılaşan iki şəxsin mübarizəsindən bəhs edən “Gəmirici” mini serialı. 

Gecəyə “Succession” (“Varislər”) serialı möhür vurdu. Bu ekran əsərinin baş rollarının ifaçıları Sara Snok, Kieran Kalkin və Metyu MakFadyen əsas mükafatlara layiq görüldülər. (BBC news-un qapaq fotosunda onların sevinc anlarını görürsünüz)

Serial, həmçinin ən yaxşı dram filmi mükafatını da aldı.

Bununla yanaşı, “The Bear” (“Ayı”) filmi ən yaxşı komediya və ən yaxşı ssenari nominasiyalarında mükafatlara layiq görüldu.

Ayo Ederi ən yaxşı aktrisa nominasiyasını qazandı (Reuters-in iç fotosu)

Mərasimin ən yaddaqalan hissəsi əfsanəvi Britaniya müğənnisi Elton Cona “Emmi” mükafatının verilməsi oldu. O, bu mükafatı Elton Live adlı teleproqrama görə aldı. 

Qərb ekşn və fantastikadan bezib, deyəsən, yenə lirikaya köklənir. 

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Çərşənbə axşamı, 16 Yanvar 2024 14:30

Sevginin ömrü neçə ildir?

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu soyuq yanvar günündə sizlərə Varisin 2018-ci ildə Teaspress” yayın evi tərəfindən işıq üzü görən “Uzaqdan gələn yağış” bestsellerindən paylaşım edəcəyəm. 

Sevginin ömrü, görəsən, neçə ildir?

 

“Sevginin ömrü 3 ildir" postulatı əsla uydurma deyil (fransız yazıçı Frederik Bekbederin bu adla məhşur bestselleri var). Tədqiqatlara görə, sevgi nə qədər cavandırsa, bir o qədər möhkəmdir. Özünün 3-cü ilində isə o artıq qoca bir qarıya dönür.

Doğrudan da sevgi bir bağdır, çiçəklər cücərib, pöhrələnir, açır, ətirlənir, sonra da get-gedə satalıb-solur... Bağı, necə deyərlər, xəzan vurur. 

Uzunmüddətli sevgiləri ucdantutma fenomen hesab etmək olar. Əslində isə sevgi uzunömürlülük statusu qazanırsa, o, artıq sevgidən daha çox dostluq, qarşılıqlı hörmət, bağlılıq, doğmalıq və s. forma alır.

Alimlərin belə bir qənaəti də var. Sevginin ömrünü süni şəkildə uzatmaq istəyirsinizsə, onu 3 səviyyədə bəzəməlisiniz: fiziki - intim, emosional - mənəvi və intellektual."

 

Bəs sizcə, istəkli oxucular, sevginin ömrü nə qədərdir? Öz prakyikanıza müraciət edin, əgər sevib-sevilmisinizsə. Əsl sevgi nə qədər çəkib, qarşılıqlı hörmətə və dostluğa o nə zaman keçib?

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Çərşənbə axşamı, 16 Yanvar 2024 15:30

Unudulmaz sevgi şeirləri - Ramiz Rövşən, “Ayrılıq”

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün rubrikamda sevilən şairimiz, şeirlərini əzbər söylədiyimiz Ramiz Rövşənin yaradıcılığına müraciət edəcəyəm. Və onun çox məşhur “Ayrılıq” şeirini sizlərə təqdim eləyəcəyəm. 

Əlbəttə, dərhal bildiniz hansı şeirdən söhbət gedir. 

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla!..

 

 

AYRILIQ

 

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik,

xəbərimiz yox.

 

Aradan nə qədər il keçib görən, -

Tanıya bilmədim,

məni bağışla.

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla!

 

"Ölmədim" deyirəm,

nə bilim axı, -

Bəlkə də, mən sənsiz ölmüşəm elə,

Qəbirsiz-kəfənsiz

ölmüşəm elə.

 

Bəlkə də, biz onda ayrılmasaydıq,

Nə mən indikiydim,

nə sən indiki, -

Ayrıldıq, şeytanı güldürdük onda;

Bu ilin

bu ayın

bu günündəki,

Elə bu küçənin bu tinindəki

məni də, səni də öldürdük onda.

 

...Sağımız-solumuz adamla dolu,

Qol-qola kişilər, qadınlar keçir.

Özündən xəbərsiz

ömründə min yol

Özünü öldürən adamlar keçir.

 

Keçir öz qanına batan adamlar,

Bir də ki, qan hanı?

Qan axı yoxdu.

Hamı günahkardı dünyada,

amma

Dünyada heç kəsin günahı yoxdu.

 

Bizsiz yazılmışdı bu tale, bu baxt,

Sapanddan atılan bir cüt daşıq biz.

Bəlkə bu dünyada

on-on beş il yox,

Min il bundan qabaq ayrılmışıq biz.

 

Halal yolumuzu dəyişib,

nəsə

Çaşmışıq, bir özgə yoldan getmişik.

Bəlkə min il qabaq səhv düşüb nəsə,

Minillik bir səhvə

qurban getmişik.

 

Dəyişib yerini bəlkə qış-bahar,

Qarışıb dünyanın şəhəri, kəndi.

Bəlkə öz bətnində

ögey analar

Ögey balaları gəzdirir indi.

 

Ömrüm başdan-başa yalandı bəlkə,

Taleyim başqaymış doğrudan elə.

O yoldan ötən qız

anamdı bəlkə,

Bəlkə də, oğlumdu bu oğlan elə.

 

Bu yalan ömrümdə

görən sən nəsən?

Bəlkə heç sevgilim deyilsən mənim.

Anamsan,

bacımsan,

nənəmsən,

nəsən?!..

Bircə Allah bilir, nəyimsən mənim.

 

Bizi kim addadar bu ayrılıqdan,

Çatmaz dadımıza

nə yol, nə körpü.

Ölüsən,

dirisən,

hər nəsən,

dayan!

Dayan, heç olmasa əlindən öpüm...

 

Deyirsən: "Ölüyəm, ölünü öpmə..."

Əlimin içində

soyuyur əlin.

Deyirsən: "Sən Allah, əlimi öpmə,

əlimdən, deyəsən, qan iyi gəlir..."

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2924)

Çərşənbə axşamı, 16 Yanvar 2024 11:45

İrəvan mətbəxindən nümunələr - DÖYMƏNC

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edəcəyik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Döymənc

Təndirdən təzəcə çıxarılmış isti çörəyin üzərinə və ya içərisinə yağ qoyulur, yağ əridikdən sonra yeyilir.

Azərbaycanın digər bölgələrində, Göyçədə, Tovuzda isti çörək, yuxa, lavaş elə təndirdən, ya külfədən, kürədən çıxan, ya sacdan götürülən kimi kərə yağı ilə qarışdırıla-qarışdırıla əldə ovxalanır, iri umac şəklinə salınır, əzilir, sanki döyülür. Adı da buradandır. Elə ocaq başında yeyilir. Bəzən buna quru pendir də əzib qarışdırırlar. Çox ləzzətli olur.

 

ƏRZAQ:

Yumurta – 80 qr

Pendir – 35 qr

Yağ – 25 qr

Çörək (və ya lavaş) – 50 qr

Duz – 2 qr

b)

Yağ – 25 qr

Pendir – 80 qr

Qoz ləpəsi – 40 qr

Duz – 2 qr

 

HAZIRLANMASI:

a) Yumurta yağa salınır, üzərinə pendir doğranır, quru lavaş və ya çörəklə əzilir.

b) Qaynar yağa çörək, pendir, qoz ləpəsi əlavə olunur.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəhbəri, Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu Avstriyanın ən tanınmış caz məkanı olan “Porgy&Bess” caz klubunda konsert verib.

 

AzərTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan konsertdən əvvəl klubun rəhbəri Kristof Huber mütəmadi olaraq Azərbaycan musiqisinə diqqət ayırdıqlarını bildirib. O, indiyədək qurulan uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib.

 

Konsertdən əvvəl musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Azərbaycan caz musiqisinin tarixi inkişafı barədə məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda caz musiqisinin təşəkkülü, əsas inkişaf istiqamətləri, janrlar, aparıcı simalar, qrup və orkestrlər, xüsusilə də Azərbaycan musiqisinin ayrılmaz tərkib hissəsi olan caz-muğam barədə məlumat verilib, göstərilən nümunələrə dair müvafiq musiqi parçaları təqdim olunub. Həmçinin məruzədə 1930-cu ildə rejissor Mikayıl Mikayılovun ekranlaşdırdığı “Lətif” (“Üz-üzə”) bədii filmi barədə məlumat verilib, Salman Qəmbərovun Azərbaycan milli musiqisinin imkanları əsasında bədii filmə musiqili müşayiət bəstələdiyi, beləliklə də ekran əsərinə ikinci həyat bəxş olunduğu vurğulanıb.

 

Sonra Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik caz” triosu konsert proqramı ilə çıxış edib. Konsertdə Salman Qəmbərovu bass gitarada Fuad Cəfərov, zərb alətlərində isə Nicat Bayramov müşayiət ediblər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının caz kompozisiyaları, eləcə də Salman Qəmbərovun öz bəstələri maraqlı caz improvizələri ilə təqdim olunub.

 

Konsertin ikinci hissəsində isə “Lətif” (“Üz-üzə”) bədii filmi Salman Qəmbərovun bəstələdiyi musiqinin müşayiəti ilə nümayiş etdirilib. Azərbaycan kinematoqrafiyasında uşağın baş rolda oynadığı ilk ekran əsəri olan ağ-qara, səssiz “Lətif” filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Kamançada Fəxrəddin Dadaşov, zərb alətlərində Eyvaz Həşimov yer aldığı musiqi proqramında Azərbaycan xalq mahnıları, müasir və caz musiqisi filmin gedişatı, hadisələrin tempi və obrazların emosional hərəkətləri ilə tam uzlaşdırılmış şəkildə ifa edilib.

 

Qeyd edək ki, “Lətif” layihəsini Salman Qəmbərov 2001-ci ildə yaradıb və layihə indiyədək dünyanın müxtəlif ölkələrində beynəlxalq festivallar çərçivəsində uğurla nümayiş olunub. Layihənin ideyası sənətşünas Cahangir Səlimxanov və rejissor Ayaz Salayev tərəfindən təklif olunub və onlar Qəmbərova keçən əsrin əvvəllərində çəkilmiş səssiz filmi müasir üslubda səsləndirərək, maraqlı bir sintez yaratmağı təklif ediblər.

 

Böyük uğurla keçən konsertdən sonra “Porgy&Bess“ rəhbərliyi qarşıdakı dövrdə öz proqramında Azərbaycanla bağlı konsertlərə yer ayıracağını ifadə edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Yanvarın 15-də Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev ilə Səudiyyə Ərəbistanı, İordaniya və Tacikistanın ölkəmizdəki səfirləri İssam bin Saleh əl-Cuteyli, Ömər Bərəkət əl-Nahar və İlxom Abduraxmon arasında görüş keçirilib.

 

AzərTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə bu ölkələr arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

DTA-nın sədri Fuad Nağıyev cari il ərzində Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil ediləcəyini qeyd edib. Səfir İssam bin Saleh əl-Cuteyli, öz növbəsində Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycanı uzunmüddətli səfərlər üçün uyğun destinasiyalardan biri hesab etdiklərini diqqətə çatdırıb. Görüşdə Azərbaycan vətəndaşları üçün viza sadələşdirmə proseduru haqqında da fikir mübadiləsi aparılıb.

 

Agentliyin sədrinin İordaniya və Tacikistan səfirləri ilə görüşündə isə birbaşa aviareyslərin açılması, mövcud aviareyslərin artırılması istiqamətində işlərin aparılması və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi haqqında fikir mübadiləsi edilib. Turizm əlaqələrinin gücləndirilməsi məqsədilə Yol Xəritəsi üzərində işlənilməsi təklif olunub.

 

“Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə reallaşan “Xalqın mədəni sərvəti” adlı sənət layihəsinin bağlanış mərasimi keçirilib.

 

AzərTAC xəbər verir ki, mərasimdə qonaqlar əvvəlcə Gəncə şəhərinin gənc rəssamlarının Fikrət Əmirova həsr olunan rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

 

Tədbiri giriş sözü ilə açan layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov Mədəniyyət Nazirliyinə təşəkkür edərək bu layihənin məqsədinin istedadlı gəncləri aşkara çıxarmaq olduğunu vurğulayıb.

 

Layihə 4 minə yaxın musiqiçinin iştirakı ilə təşkil olunub. Tədbirdə Gəncə, Naftalan, Goranboy, Daşkəsən və Samux rayonunda fəaliyyət göstərən Uşaq Musiqi məktəblərinin şagirdləri görkəmli bəstəkar Fikrət Əmirovun əsərlərini səsləndiriblər.

 

 “Ədəbiyyat və incəsənət”

(16.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.