Super User

Super User

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı iyunun növbəti uik-end-ində bizləri yenə də maraqlı səhnə əsərləri ilə sevindirəcək. Sadəcə, mobil telefondan, internetdən qopub sirli-sehirli teatr aləminə transfer olunmalıyıq. 

 

BU GÜN, CÜMƏ

 

19.00. 

“Kimdir müqəssir?”

(Böyük klassikimiz Əbdürrəhman bəy Haqverdiyevin dramı)

 

Janr: iki hissəli ilahi-komediya

Tamaşanın müddəti: I hissə - 55 dəqiqə

                                 II hissə - 60 dəqiqə

Quruluşçu rejissor: İradə Gözəlova

Quruluşçu rəssam: Nabat Səmədova (Əməkdar artist)

Quruluşçu baletmeysterlər: Təranə Muradova (Xalq artisti) Qalina Semyonova

Baş Dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)

 

Dünya binə olandan bəri bütün dövrlərdə ər və arvad arasında əbədi mübahisəyə səbəb olan bir mövzu var. Allahın buyruğundan çıxıb, onun qadağan etdiyi meyvədən yedikləri üçün cənnətdən qovulduqlarına görə Adəmmi günahkardı, Həvvamı? Lakin lap sonda belə bir ümumi razılığa gəlirlər ki, əgər onlar bəşəriyyətin ilk sakinlərinin yerində olsaydılar, heç biri Allahın əmrindən çıxıb, o qadağan olunmuş meyvənin dadına baxmaz, insanlığı bu günədək davam edən günahlar girdabına sürükləməzdilər. Ağa (cənab) ər və arvadın mübahisəndə hakim rolunu oynayır və onları sınağa çəkmək qərarına gəlir. Yoxsul ər-arvadı özünün zəngin evinə dəvət edir və belə bir şərt qoyur ki, əgər qonaqlar 3 saat ərzində bağlı sandığı açmağa cəhd göstərməsələr, o var-dövlətinin yarısını və sandığın içindəkiləri onlara bağışlayacaq, əks təqdirdə, nəfslərinə hakim kəsilə bilməyənlər yenə öz kasıb komalarına dönmək məcburiyyətində qalacaqlar. Ağa onları tək qoyub 3 saatlığa evi tərk edir. Qəfildən Pişik simasında birisi peyda olur və Baharı hər vəchlə yoldan çıxarmağa çalışır ki, sandığı açsın. Mahmud arvadını bu fikirdən daşındırmağa səy göstərsə də, sonda onun iradəsini qıra bilməyəcəyini başa düşüb təslim olur. Tarix təkrarlanır, sandıq açlır, orada gizlədilmiş cənnət quşu uçur. Peşmançılıq keçirən ər-arvad nə qədər çalışsalar da onu tuta bilmirlər. Ağa geri qayıdır və əməllərinin acısını yaşayan ər-arvad göz yaşı içində öz kasıb evlərinə dönməli olurlar. Lakin ulu Yaradan öz bəndələrinə rəhm edir və təssəlli olsun deyə onları övladla müjdələyir ki, nəsilləri kəsilməsin.

 

 

SABAH, ŞƏNBƏ

 

19.00.

“O olmasın, bu olsun”

(Dahi Üzeyir Hacıbəyovun ölməz əsəri yeni interpretasiyada)

 

Janr: Musiqili komediya

Dil: Azərbaycan

Tamaşanın müddəti: I hissə - 1 saat 10 dəqiqə, II hissə - 45 dəqiqə

Quruluşçu rejissor: Cənnət Səlimova (xalq artisti)

Quruluşçu dirijor: Nazim Hacıəlibəyov (əməkdar incəsənət xadimi)

Quruluşçu rəssam: İsmayıl Məmmədov (əməkdar rəssam)

Baş Dirijor: Fəxrəddin Atayev (Əməkdar incəsənət xadimi)

Azərbaycan milli operetta janrının banisi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri 1911-ci ildə yazılmış, müxtəlif teatr truppaları tərəfindən dəfələrlə tamaşaya qoyulmuşdur.

Operettadakı hadisələr XX əsrin əvvəllərində, qadın hüquqlarının pozulduğu, onların tacirlər, ağalar, bəylər tərəfindən istismar olunduqları dövrü əhatə edir. Əsərin qəhrəmanı tacir Məşədi İbad da belə ixtiyar sahiblərinin tipik nümayəndəsidir. Onun gənc Gülnazla evlənməyə can atması, cavan, ağıllı, yeni fikirli Sərvərlə rəqabət aparması müəllifin gülüş hədəfinə çevrilmişdir.

Əslində Məşədi İbadı bu addımı atmağa təhrik edən, təkcə varlı-dövlətli olması deyil, həm də bütün sərvətini qumarda uduzub müflisləşən Rüstəm bəyin tamahkarlığı, pula hərisliyidir. O, gənc qızını qoca kişiyə yalnız ondan daha çox pul qoparmaq naminə verməyə razılaşıb.

Əsər boyu həm Məşədi İbad, həm də onu əhatə edən fırıldaqçı və hər şeydə özü üçün xeyir güdən “ziyalı” təbəqənin iç üzü məharətlə açılır və beləliklə də cəmiyyət öz keçmişindən gülə-gülə ayrılmağa can atdığını göz önündə sərgiləyir.

Azərbaycan teatr sənəti tarixində qızıl hərflərlə yazılmış “O olmasın, bu olsun” operettasının uğurlu tamaşaları onlarla gülüş ustasının, gənc aktyor nəsillərinin inkişafında böyük rol oynamışdır.

 

BİRİ GÜN, BAZAR

19.00

“Bəxtiyar”

 

Bəxtiyar” musiqili komediyası görkəmli bəstəkar Tofiq Quliyevin musiqiləri əsasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ilk dəfə səhnəyə qoyulub, quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.  
Səhnə əsəri füsunkar və əvəzolunmaz səsi ilə milyonların yaddaşlarda silinməz izlər qoyan SSRİ Xalq artisti Rəşid Behbudovun həyat və yaradıcılığını özündə əks etdirən “Bəxtiyar” filminin motivləri əsasında hazırlanıb.

"Bəxtiyar" filmi 1955-ci ildə Əməkdar incəsənət xadimi Lətif Səfərovun rejissorluğu ilə çəkilib və əsərin süjet xətti ilə hamı tanışdır. Filmin səhnə variantı isə fərqli təəssüratlar yaradır. 
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Elşən Sərxanoğlu, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Fidan Babayeva, rəqslərin quruluşçusu Elvira Əzizova, rejissor assistenti Zaur Əliyevdir.
Bəxtiyar obrazını teatrın gənc və istedadlı solistləri Şaban Cəfərov, İbrahim Əlizadə, Emil Zeynallı, Saşa obrazını isə Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılzadə canlandırırlar.
Tamaşada teatrın tanınmış aktyorları iştirak edirlər.

 

İnanıram ki, reklam alındı və bir xeyli adam uik-end planlarında dəyişiklik edəcək. 

 

Şəkildə: “O olmasın, bu olsun”un afişası

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi qrup Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Uşaq və Gənclər Beynəlxalq Teatr Festivalında uğurla iştirak ediblər.

 

Teatrın mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, kuklaçılarımız teatr bayramında “Məlikməmməd” (Azərbaycan xalq nağılı əsasında) tamaşasını nümayiş etdirərək münsiflər heyətinin rəğbətini qazanıblar.

Kuklaçılar 10-a yaxın ölkədən kukla teatrı kollektivlərinin təmsil olunduğu festivalda “Ən yaxşı səhnə həlli” və “Ən gözəl kukla” nominasiyalarında mükafata layiq görülüblər.

Xatırladaq ki, teatr qrupu “Məlikməmməd” tamaşasını həm də azərbaycanlıların kompakt yaşadıqları Marneulidə də göstərərək tamaşaçıları sevindiriblər.

Məlumat üçün deyək ki, bu səfər Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu çərçivəsində reallaşır. 2022-ci ildə imzalanmış bu sənədə əsasən, iki ölkənin nəinki kukla, ümumən teatrları müxtəlif istiqamətlərdə davamlı əməkdaşlıq edəcək və müştərək layihələrə qatılacaqlar. Bu mənada tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulub.

Memoranduma əsas məqsədi tərəflərin qarşılıqlı əməkdaşlığı yolu ilə müxtəlif yaş qrupları üzrə kukla ifaçılıq sənətini daha da təkmilləşdirmək və dünya miqyasında sistemli təbliğinə nail olmaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Oxu tar

1926-cı il. Bakının Novxanı kəndi. Azan səsi eşdilir. Molla, Məhəmməd Əmin Rəsulzadənin atası Hacı Ələkbərin evinin damından nərdivanla aşağı düşür. Rəsul, Azər əmisini qucaqlayıb birlikdə ağlayırlar. Sonra yenə də divardan xalçanı açıb ruhsuz bədənə bükürlər. Mərhumun qardaşı oğlu Məhəmmədəli uşaqlara dogma əmi kimi idi. O, altı yaşlı balaca Azərin üzündən öpüb onu sakitləşdirməyə çalışır. Oohumlar, qonşular mərhumu məsciddən birbaşa kənd qəbirstanlğına aparıb dəfn edirlər.

Azər əmisinə möhkəm sığınır:

- Əmi, bəs atam niyə gəlmədi?

Əmi: 

- Oğlum, baban “Məhəmməd Əmin” - deyə-deyə bu dünyadan köçdü. İlbislər atanı vətəndən uzaqlara didərgin saldılar. İlahi, sən özün bizim məmləkətə nicat yolu göstər, onu cəhənnəm əzabından xilas et!

Azər:

- Axı, atam nə günahın sahibidir?

Məhəmmədəli:

- Atan bu ölkəni azad görmək istəyir… İnanıram ki, o, tezliklə vətənə qayıdacaq. Çünki onun qaldırdığı bayraq bizim ürəyimizə həmişəlik sancılıb.

İllər keçdi. Azərin on altı yaşı olmasına baxmayaraq heç vaxt görmədiyi atasını əvəz edən babasını hər gün xatırlayır, bir gün də olsa yaddan çıxara bilmirdi. Azər həm yaxşı şəkil çəkir, həm də tarda gözəl ifa edirdi. Bir gün qardaşı Rəsula dedi:

- Kaş babam sağ olardı, mənim necə tar çaldığımı görərdi.

Rəsul qardaşını qucaqlayıb köks ötürdü:

- Azər, babam sənin tar çalmağını görmədi, amma inanıram atam görəcək, hələ sənə “afərin oğlum” da deyəcək. Az qalıb, atam bizi öz yanına Türkiyəyə aparacaq.

Azər içəri otaqda divardan asılan tarı götürüb segah çalır.  Elə bil mizrabı simlərə deyil, ürəyinin tellərinə vurub ürəyini çalır, tarı ağladır. Tarzən qəmli olanda simlər də nalə çəkir. Sanki insan kimi dil açıb, uzaqlarda olan, üzünü belə görməyən atasına olan məhəbbətindən qəmli bir hekayə nəql edir, “baba sevgisindən” danışır.

Ulduzlu fəzada görünən ay ağ buludlar altında üzürdi. Aşağıda isə həmin ayparanın işığına qərq olmuş daxmanın həyətindəki ağaclarda bir budaq da tərpənmirdi. Təkcə ağacların salxım-salxım sallanan yarpaqlarının ipək kəlağayı kimi xəfif və mülayim səsindən, incə xışıltısından başqa.

Azər tarı çaldıqca Rəsul heyrətdən donub qalmışdı. Hələ indiyənə kimi muğama belə vurulmamışdı, belə məftun olmamışdı. Bir anlıq ona gəldi ki, atası babası ilə birgə qapıda durublar. Hər ikisinin gözlərində sevinc var.

Azər tarı köksünə sıxıb gözündən yaş axa-axa çalırdı. Babalardan bizə miras qalan, tarı yasaq edənlərin acığına çalınan tarın səsi getdikcə daha da ucalırdı. Sanki tarımızı əlimizdən almaq istəyən proletarların açığına Müşfiqin “Oxu tar”ına  sevinirdi. Bu “Segah”ın  yaratdığı möcüzə idi!

 

“Ədəbiyyat və incəsənət”

(07.06.2024)

Cümə axşamı, 06 İyun 2024 16:07

WOW növbəti poetik marafon keçirib

İyunun 6-da UNESCO tərəfindən ərəb əsilli böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin 225 illiyi qeyd edilib. Bu münasibətlə Ümumdünya Yazıçılar Təşkilatı  (WOW) “Puşkin dünya xalqlarının dilində” adlı poetik marafon keçirib. 

 

Marafonda təşkilatın bütün 5 dil qrupu üzrə (ingilis, ispan, rus, ərəb və türk) katibliyi şeirlər təqdim edib. Brazilya, Britaniya, Fransa, Avstriya, Rusiya, Azərbaycan, Misir, Hindistan və Nigeriyadan olan məruzəçilər ayrı-ayrı dil qruplarında Puşkin yaradıcılığının necə tərənnüm edilməsindən söz açıblar. 

Təşkilatın Türk dilləri üzrə katibi, Azərbaycan yazıçısı Varisin “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, o, türk dünyası ədəbiyyatından, bu arealda dünya ədəbiyyatının ən gözəl nümunələrinin tərcümə edilərək yerli oxuculara çatdırılması ənənəsindən bəhs edib.

Poetik marafonda Türk dünyasından 5 söz adamı öz ana dilində Puşkin şeirlərini səsləndirib. Bunlar - Azərbaycandan şair,  Yazıçılar Birliyinin Poeziya sektorunun müdiri İbrahim İlyaslı, Özbəkistandan Termez Dövlət Universitetinin prorektoru doktor Obidjan Sofiyev, şair və tərcüməçi Şohistə Artukova-Kamranlı, Qazaxıstandan şair, tərcüməçi Tanagöz Tolkınqızı, İrandan (Güney Azərbaycandan) şair, naşir Əli Çağladır. 

Layihənin türk dünyası üzrə əlaqələndiricisi Azərbaycan şairi, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalıdır. 

Ümumdünya Yazıçılar Təşkilatı il ərzində poetik marafonları davam etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)

Cümə axşamı, 06 İyun 2024 18:11

Moskvada azərbaycanll rəssamın sərgisi açılıb

 

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya və Azərbaycanda tanınan fırça ustası Bayram Salamovun fərdi sərgisi açılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın Moskva müxbirinə istinadən xəbər verir ki,  “Şəhərlərin melodiyası” adlı sərgidə rəssamın 20-dən çox rəsm əsəri nümayiş etdirilir.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova jurnalistlərlə söhbətində qeyd edib ki, Bayram Salamovun əsərlərinin parlaq palitrası və maraqlı mövzuları heç kəsi laqeyd qoymur. “Sərgi Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Düşünürəm ki, sərgi bu bayramla vəhdət təşkil edir. Bayram Salamovun rəsmləri kortəbii, rəngarəng və canlıdır, uşağın dünyaya baxışını çatdırır. Rəssam rəng sxemləri və maraqlı hekayələri ilə tamaşaçılara Azərbaycan haqqında danışır”, - deyə pavilyonun direktoru bildirib.

Rəssam Bayram Salamov çıxışında sərginin təşkilinə görə “Azərbaycan” pavilyonuna təşəkkür edib və Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini qeyd edib.

Bayram Salamov Azərbaycanın Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, Şəki Dram Teatrında dekorasiya rəssamı kimi fəaliyyət göstərib, sonra Tolyatti şəhərində öz şedevrlərini yaradıb və 2010-cu ildə ümdə arzusunu həyata keçirərək “Bayram Art Gallery” adlı şəxsi rəsm studiyasını açıb.

Rəssamın əsərləri Rusiyanın bir çox şəhərlərində, həmçinin Azərbaycan, Almaniya, İtaliya, Çexiya və Kiprdə keçirilən sərgilərdə nümayiş etdirilib. Onun tablolarına Tolyatti İncəsənət Muzeyinin və Mordoviya İncəsənət Muzeyinin kolleksiyalarında rast gəlmək olar. Bundan başqa, fırça ustasının rəsmləri Rusiya, İspaniya, Böyük Britaniya, Almaniya, Kipr, Çexiya, İtaliya və Kanada kolleksiyaçılarının şəxsi kolleksiyalarına da daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)

 

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Anamın əlləri yadıma düşüb, 

Öpüb gözüm üstə qoymaq istərəm. 

Əlinin kötəyi necə şirindir, 

Şirin kötəyindən doymaq istərəm. 

 

Alın qırışının dərinliyində, 

Bu gün fikir-fikir olub itmişəm. 

Ana kötəyinin şirinliyində 

Məst olub, Məst olub, huşa getmişəm. 

 

Hirslənib o məni hərdən döyəndə, 

Yaşlı gözlərini qırpıb yumardı. 

Xırda əllərinin titrəyişindən 

Nəsihət tökülər, 

Öyüd damardı. 

 

Bir az "qudurmuşam", 

Dəcəlləşmişəm, 

Anam cızığıma salaydı məni. 

Özünü kötəyin altına atıb 

Atamın əlindən alaydı məni! 

 

Niyə öpməmişəm ana əlindən, 

Ovcunda naz gülü əkməmişəm heç?! 

Hamının nazını çəksəm də bəzən 

Anamın nazını çəkməmişəm heç.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024).

Cümə axşamı, 06 İyun 2024 13:20

Rəsm qalereyası: Sakit Məmmədov, “Natürmort”

Rəsm qalereyası: Sakit Məmmədov, “Natürmort”

Cümə axşamı, 06 İyun 2024 16:36

Yaddaşımın lentinə köçən görüş

 

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan Milli Konservatoriyasında yazıçı Anar ilə görüş haqqında düşündüklərim

Görüşün günü, saatı təyin olunduqda və tamamilə layihə kimi mənə həvalə olunduqda heç düşünmədim. Daha doğrusu, əksinə düşündüm ki, mən nəsri ilə böyüdüyüm, dramatik əsərlərindən ruhlandığım bir yazıçını niyə araşdırım və bu görüşü niyə qeyri-adi etməyə çalışım? Ədəbiyyat özü Anar deyilmi?

Mən bildiyim, tanıdığım, təxəyyülümün, düşüncəmin Anarına aid bir görüş olacaq, çox güman. Gələcək nəslin yaddaşında həkk olunacaq görüş. Gün yetişdi. Anar müəllim Azərbaycan Milli Konservatoriyasının qonağı oldu. Onu Xalq artisti, AMK-nın rektoru Siyavuş Kəriminin yanına ötürdükdə içimdə olan hissin nə olduğunu bilmədim. Sanki bir ordu sevdiyim ədəbiyyat nümunələri ilə addımlayırdıq. Mənim də alnıma belə bir gün yazılıb, düşündüm. Yolu yarılamışdıq ki, dedim: “Anar müəllim, necəsiz?” Ayaq saxlayıb, dayanıb “Sağ olun, yaxşıyam” dedi. Sonra yenə addımladıq. Amma mən yaman sıxılırdım. Danışmağa söz tapmırdım. Tədbirin başlamağına da az qalmışdı. Tez səhnəyə tərəf tələsdim. Zal tələbə və müəllimlərlə dolmuşdu. Yazıçılar birliyindən cəmi iki nəfər sadiq dostlar Arifə Əliyeva və Məlahət Qənbərova da burada idi. Onları görüb sevindim. Kənan Hacı, ədəbiyyatşünas  Nərgiz Cabbarova, şair Aybəniz Qafarlı da qonaqlar içində idi. Yalnız zalımız maraq dolu baxışlı gənclər, tələbə və müəllimlərlə dolmuşdu.

Səhnəyə doğru gələn Anar müəllimi yerində əyləşincəyə qədər ayaqüstə alqışladılar. Mən onun ağır, səngin yerişindən, duruşundan, dalğın baxışından bir həsrət gördüm. Yəqin dostlarının, mələk ana, atanın xiffəti görünüb gözlərimə. Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru əziz qonağı qarşıladı. Siyavuş müəllim də tamam ayrı dünyadır; onun özündən böyük sənət adamlarına olan dəyəri, ehtiramı həm müəllimlərinə, həm də tələbələrə bir örnəkdir. Siyavuş Kəriminin səhnəyə dəvətindən sonra sözə başlamalı idim. Özüm üçün bəlli bir danışıq düşünmüşdüm. Yalnız bihudə sözə belə başladım: “Bir dəfə Vaqif Səmədoğlunun yubileyində gördüm ki, hamı hər kəs onun haqqında ayrı-ayrı xatirələr paylaşır, bir-birini qısqanır. Onda ağlıma belə bir fikir gəldi: hər kəsin öz Vaqif Səmədoğlusu var. İndi mən də bu gün üçün heç bir araşdırma aparmadım, Vikipediya vərəqləmədim. Sadəcə mənim üçün Anar kimdir, onu anlatmaq istədim.”

Əlbəttə, bu gün AMK-nın tələbələri üçün yaddaşlardan silinməyən bir gündür. Çünki yazıçı Anar onların qonağıdır. Yazıçı Anar Azərbaycan ədəbiyyatına, incəsənətinin tarixində böyük xidmətləri olan bir şəxsiyyətdir. Onun ədəbiyyata, xüsusilə Türk dünyasından ədəbiyyat incilərini toplaması sahəsində işləri sonsuzdur. “Min beş yüz ilin oğuz şeiri” antologiyası iki cilddən ibarət bir antologiyadır. Azərbaycan və Türk ədəbiyyatı üçün əvəzedilməz bir dərslikdir. Onun çəkdiyi filmlər, yazdığı ssenarilərdə kökümüzü, tariximizi, dilimizi, adət-ənənələrimizi qoruması kimi nüanslar unudulmazdır. Sovet dövründə “Dədə Qorqud” filminin ssenarisini yazdı. “Gürcü familiyası” hekayəsinin əsasında çəkilmiş “Gün keçdi” filmində İçəri şəhərin təəssüfünü çəkməsi də cəmiyyətə o dövrdə bir mesaj deyildimi? Sevimli yazıçımız elə bəşəri mövzulara müraciət edir ki, bu mövzular Azərbaycan gerçəkliyini ayrı-ayrı zamanlarda bizə başa salır.

Bu barədə məlumat verəcəyimdən əmin idim. Yalnız bütün bu gərəkli informasiyaların altında mən Anar müəllimə gizli bir məktub ötürürdüm. Onun əsərlərini, yaradıcılığını nə dərəcədə mənimsədiyimi göstərirdim. Ta uşaq çağlarımdan oxuduğum “Adamın Adamı” kitabı, “Yaxşı padşahın nağılı”, “Molla Nəsrəddin 55”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Mən, sən, o və telefon”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Dantenin yubileyi”, “Gürcü familiyası”, “Şəhərin yay günləri” əsərlərini bir-bir yadıma saldım. Oxucu və yazıçı ünsiyyəti mistik bir duyğudur. Kimsə səni oxucun qədər tanımaz əslində. Hərdən ədəbiyyat görüşlərində mənim tanımadığım, ruhundan bixəbər olduğum, əsərlərini çox az oxuduğum həmsöhbətlərim də olur. O zaman mən əlavə məlumatlardan onu tanımağa çalışıram. Yalnız Anar o qədər doğma bir imzadır ki, mənim üçün.

Anar haqqında danışanda onun “Sizsiz” əsərindən söz açmamaq mümkün deyildi. Bu əsərdən söz açdım. Gözəl şair Nigar Rəfibəylinin oğlu balaca Anara yazdığı şeirini oxudum. “Sizsiz” əsərini çox erkən çağlarımda oxumuşdum. O zamanlar itginin nə olduğunu bilmirdim və içimdə çox qəribə sıxıntı üzmüşdü. İnsan doğmalarını itirəndə filosof olur, özü üçün təsəlli düşüncələrə dalır, yazılar yazır. “Sizsiz” əsəri də yazıçının təsəllisi idi. Yalnız o böyük eşqi olan iki böyük şairin ürəyini, hisslərini, ağrısını, sevgisini bizlərə aşkar edir. Onlar hətta dünya üzündə ölüm qədər kədərli bir anlayışı sevgiylə əvəzləyir. O sevgi kainatı, illəri aşıb indi də ürəyimizi sevindirə və bizi düşündürə bilir. O sevgi poeziyada o qədər diridir ki, bu minvalla elə tədbir gedərkən belə Anar haqqında kiçik bir filmə baxdıqda düşüncələrim tamamilə ayrı bir səmtə getdi. Bir anlıq anladım ki, mənim gördüyüm Anar müəllimi burada əyləşən tələbələr tanımır. Azərbaycan Yazıçılar Birliyinin sədri və yazıçı Anar. Hərdən ədəbi mühitin iynəli sözlərinə tuş gələn və ya aşırı yaltaqlığa məruz qalan ziyalı. Vəssalam, cəmiyyətin çoxluğunun bildiyi bu idi. Yalnız mən standart olmayan, yeknəsək olmayan bir yanaşma düşündüm.

Anar, əgər düşünə bilənlər çoxluq təşkil etsəydi, ədəbiyyat üçün böyük simalardan biridir. O, əslində Azərbaycanın gələcəyi və ədəbiyyatı üçün çox töhfələr bəxş edib. Üzeyir Hacıbəyli, Hüseyn Cavid, M.F. Axundov, Cəlil Məmmədquluzadə kimi mövzularda yazdığı və çəkdiyi filmlər insanların həyatında mühüm rol oynayır. Tələbə və gənclər üçün isə ekskursiya xarakteri daşıyır. "Dədə Qorqud" filmi Dədə Qorqud dastanları haqqında bir neçə nəsildə ilk təəssüratı yaratdı. Dədə Qorqud anlayışına ilk bu filmdən qaynaqlandı. Qobustan haqqında sənədli film, televiziya və teatr səhnələri üçün yazdığı dramaturji əsərlər də diqqətəlayiqdir.

 

Anar, çoxşaxəli və gərəkli yaradıcılıq yolunda saysız-hesabsız əsərlər yaratdı. Azərbaycan teatrının və kinosunun yetmiş faizini onun yaradıcılıq nümunələri təşkil etdi. O, gözəl obrazlar müəllifidir. Mən onun obrazlarını sevirəm. Obrazlar tamdır, onları sevmək, onlardan küsmək, onlarla söhbət etmək olur. Anar yaradıcılığını və bütün bu informasiyaları bacardığım qədər bir saata sığışdırmaq istədim. Yalnız Anar, Azərbaycan ədəbiyyatında elə dərin köklü yaradıcılığa malikdir ki, onu bir saatlıq tədbirə sığışdırmaq qeyri-mümkündür.

 

Görüş boyunca Aysel İbrahimova və AMK-nın “Populyar musiqi və caz ifaçılığı” fakültəsinin tələbəsi Babək Əfəndinin ifasında Nigar Rəfibəylinin sözlərinə yazılmış “Neyləyim” və Anarın sözlərinə yazılmış “Əlvida” musiqi əsəri səsləndi.

 

Tədbirdə AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət “Balaca yazarlar birliyi”nin bir qrup üzvü də iştirak edirdi. Balaca yazar Rəhimə Anar müəllim üçün şəkillərlə bəzədilmiş məktub hazırlamışdı. Tələbələrin məktublarını səsləndirdikdən sonra hamı bu ədəbiyyat adamı ilə şəkil çəkdirmək üçün yaxınlaşdı. Gözəl yazıçımızı yormadan tədbiri sona çatdırdıq.

 

Mən, atamın mənə əmanət etdiyi ədəbiyyat aləmində əsl yazı adamlarının üstündə əsirəm. Onlar mənim üçün çox müqəddəs yerdədirlər.

Anar, gözəl yazıçı, mənim ta yeniyetmə dövrümdən indiyə qədər yaradıcılığını, axtarışlarını, yeniliklərini izlədiyim gözəl yazıçıdır. Azərbaycan Milli Konservatoriyasında 22 may 2024-cü il bir günəş parladı. Gözəl tövsiyələr və müdrik fikirləri ilə hər birimizi sevindirdi, fərəhləndirdi. Kitabları imzaladı. Mənim də Anar imzalı kitabım oldu.

“Evləri köndələn yar” tamaşasındakı kimi bir nəfər operator gəlib nəsə çəkib getdi. Amma tədbiri lentə almalı olan operator səhərisi gün gəldi. Sonra başladıq həmin gün gələnini axtarmağa. Şap doğrudan da elə bildi şupdadı. Nə qədər danışıqlar aparsam da süjetlər əlimə gəlmədi. Özüm də səhnədə olduğumdan çəkiliş də edə bilmədim. Xəbərlər yaxşı ki gəlib yayımlandı. Səhər saytları da ələk-vələk etdim, heç kim yazmamışdı. Heç xəbər lentində də bu görüşlə bağlı bir xəbər yox idi.

Bəli, başa düşdüm ki, bu görüş mənim yaddaşımın lentinə və həmin gün bizimlə o günü paylaşan, Anar yaradıcılığına dəyər verən insanlar üçün idi.

Standart görüşlərdən fərqli olaraq, Ana Nigar Rəfibəyli, Ata Rəsul Rza olan xalqının vətənin gərəkli gözəl övladı Anar üçün olan səmimi və gözəl görüş... yaddaşımın lentinə həmişəlik köçdü.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)

Qocaman fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna yeni fotosənədlər daxil olub.

 

Fondun yaydığı məlumata görə, təqdim olunan fotosənədlərdə Xalq artisti, görkəmli dirijor və bəstəkar maestro Niyazinin müxtəlif görüşlərdə çəkilmiş nadir görüntülərinə rast gəlmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)

Bakı rusiyalıların uşaqlarla birgə uçduqları şəhərlərin siyahısında liderdir.

AzərTAC xəbər verir ki, bu barədə “Tutu” səyahət xidmətinin araşdırmasında deyilir.

 

Səyahət xidməti uşaqlarla səyahət etmək üçün ən populyar şəhərlərin adlarını sadalayıb. Araşdırmada qeyd olunur ki, ilk üçlükdə Azərbaycan, Qırğızıstan və Belarusun adı var, 6 yaşınadək uşaqları olan sərnişinlər isə ən çox Bakıya və Oşa səyahət edirlər.

 

Ölkə sakinlərinin uşaqlarla birgə uçduğu Rusiyanın ən populyar şəhərləri Soçi, Moskva və Sankt-Peterburqdur. Aviaistiqamətlərin ilk onluğuna, həmçinin Kalininqrad, Mineralnıye Vodı, Mahaçqala, Yekaterinburq, Tümen, Krasnoyarsk və Ufa daxildir.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.