Milli İncəsənət Muzeyində “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı ekspozisiya açılıb

İyunun 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi olub.

 

AzərTAC xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova qeyd edib ki, ekspozisiyada ümumilikdə 157 ədəd rəngkarlıq, qrafika, heykəltaraşlıq və keramika nümunələri təqdim olunur. XX əsrin əvvəllərində təsviri sənətdə gedən gərgin yaradıcılıq axtarışlarını diqqətə çatdıran Ş.Məlikova deyib: "Burada bədii eksperimentlər 1920-1940-cı illər rəssamlar nəslinin görkəmli nümayəndələrinin yaradıcılığı ilə təmsil olunur. Həmin illər Azərbaycan qrafikası ekspozisiyasını milli qrafika sənətinin formalaşmasına böyük töhfələr vermiş, özünəməxsus dəst-xəttə malik rəssamların müxtəlif janr və texnikalarda yaratdıqları silsilə əsərlər təşkil edir. Sərgidə ilk dəfə olaraq Bəhruz Kəngərlinin portret, mənzərə eskiz və rəsmlərindən ibarət albomlar yer alıb.

 

Ekspozisiyada, həmçinin XX əsrin müxtəlif onilliklərində ərsəyə gəlmiş, qrafik əsərlərlə həmahənglik yaradan müəlliflər tərəfindən işlənilmiş keramik fiqurlar və dekorativ boşqablar da nümayiş olunur. Sərgi interaktiv xarakter daşıyır. Hər bir zalda tamaşaçılar QR kod vasitəsilə aid olduqları yaş qrupunu qeyd edib bəyəndikləri əsərə səs vermək imkanına malikdirlər".

 

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sərgidə yer alan əsərlərin hər birinin xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. O vurğulayıb ki, muzeydə keçirilən hər görüş, hər yeni sərgi təqdirəlayiq bayrama çevrilir.

 

Sonda qonaqlar sərgilənən eksponatlarla yaxından tanış olublar.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.