“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində növbə poeziyanınıdr, sizlərə Seyid Aynurun şeirləri təqdim edilir.
QARABAĞ
“Qarabağ şikəstəsi”ni oxuyar
Şuşadan çıxan o sonuncu zabit,
"Qayıdacağıq!" deyib
Dəfn edər yaddaş məzarıstanında
Hey qisas gözləyən nakam ruhların
Susmayan harayını.
Əsir düşmüş körpə gülüşləridir –
Döyülməkdən sırtılan ən pis uşaq,
Ölümdür müharibə!..
İşğal olunmuş saysız ümidlərdir,
“Topxana”dan gələn imdad səsləri,
Qəbirlərdir yiyəsiz.
Kaş üşüyən vüqarımın çiyninə
Buşlatını atasan, şanlı əsgər.
Həsrət gözümü qırıb –
Bakının havası düşmədi yaman,
Qohumlarım xatirə oldu bir-bir,
Quş olub uçdu hamı.
Quruyar gözlərimdən axan çaylar
Dalğalanar göydə zəfər bayrağı
Duman olub çəkilər
Gözümüzdən vətənsizlik qorxusu;
Xoşbəxtlikdən hamıyla qucaqlaşar,
Doğmalaşar insanlar.
Həqiqətin dilində azan verər
Yarası sağalan Şuşa məscidi.
Dayanıb namaz qılar
üzünü küləyə tutan çiçəklər.
Dağlara düşən şəhid qanı dönüb
qırmızı lalə olar.
YAĞIŞ
Bu şəhərin kiri axır üzündən,
Diri baxır ölüləri özündən.
Buludlardan düşən bir yağışam mən,
Qismət olsa, yanağından öpəcəm.
Bu ağlağan göy üzündən qurtulub
Əllərini, kirpiyini sevəcəm.
Mən bir evəm,
Başım üstə damım yox,
Darıxmağa dostum yox,
Adamım yox.
Yağmağım da gəlmir daha çöllərə,
Qan qoxuyan, qisas görən ellərə.
Daha gülə, budağa qonacağam.
Yar qoxuyan otağa hopacağam.
Bu şəhərin kiri axır üzündən,
Diri baxır ölüləri özündən.
Günahını sərib gecə yollara,
Dəyişib namusu dövlətə, vara-
Bu şəhərin kiri axır üzündən,
Diri baxır ölüləri özündən.
Düşürəm mən hər fəsil,
Bu sonsuz yer üzünə.
Göy üzünün gözündən,
Buludların içindən
Qara, sarı torpağa,
Bağrı yarıq torpağa.
Mənə yol ver,
Yola doğru yoldaş ver!,
Mənə söz ver,
Söz tutacaq sirdaş ver!..
Daşa çevir məni indi, ilahi!,
Puça çevir, heçə çevir, ilahi!
SƏN
Lal divarlar.
Utandığından gözlərini yummuş çilçıraq.
Bir fincan qəhvə –
içinə şəkər əvəzi gülüş qatılmış.
“Sən” – “O”:
Vanna otağının tərli kafelləri.
Üzlü pərdələrin
gizlətməyə çalışdığını hayqıran vicdanlı
pəncərələr,
doğulmayacaq körpə.
“Sən” – “Mən”,
“Ər” – “Arvad”:
orta statistik ailə olmağı bacarmayanlar.
Sevilməyən bədənlərdə əllərin yox,
yad gözlərin izi qalır.
SÜKUT
Arzularımı ağ vərəqə yazıb
qoydum ümidin cibinə,
qum üzərində bir alma ağacı çəkdim
günahlarımı xatırladan,
gözlərimi dənizin ətəklərinə
sıxıb ağladım –
bir də baxdım, gün çıxıb.
ŞEİR
Eyvanda “ayrılıq” sözü tumurcuqlayırdı:
səbri tulladım uçurumdan üzüaşağı,
şeir çiçəklədi ağ vərəqdə
dalğalanma daha, nəm çəkən gözlərim.
Qolumu qaldırıb
yatmış körpəmin üstünü örtmək istədim –
bir də gördüm əllərim
bir cüt qanad olub.
MEŞƏLİ
O gün Adilənin qırmızı başmağı
Ağquta atın təkindəki
qırmızı qotazlı xurcunun gözündə qaldı-
qırdı camaatı ermənilər.
Göz-göz olmuşdu,
düz yetmiş səkkiz dəfə
ürəyindən vurulmuş,
erməninin hirsi soyumamışdı.
Günahsızam dedi məhkəməyə gətirilən Xaçaturyan:
Qopdu Meşəlidə gəzən ruhların fəryadı,
Ədalətin güclü əli sıxdı boğazını –
Tarix unudulmadı!..
YUXU
Bəyaz gecələrin
rəngli yuxusunu görən alma ağacları
ağappaq əlləri, al yanaqları olan bir
qızcığaza nağıl danışdı:
“Ömür qanadıqırıq insanların
quş kimi azad olmaq arzusudur.
Xoş gəldin,
Doğum günün mübarək!”.
UŞAQ
Bu gün “Ayrılıqlar qəbiristanı”nda
əllərimlə torpağa qoyduğum
Sevgimizin qırxı çıxdı.
Onsuz da bütün eşqlər yalan,
Məcnunlar ağciyərdir.
Əllərini qoynuna qoyan
Qış günəşi mənə tərəf baxır,
Biixtiyar qışqırıram yollara:
Məhəbbətin dilini bilmədinsə,
“İngiliscə”ni tum kimi çırtlamaq
hünər deyil.
Sən bilməzsən ürəyimdəkiləri,
bilməzsən,
bilməzsən, uşaq!..
MÜHARİBƏDƏN KASKAD ŞEİR
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı, bilmədim,
Gecənin gündüzə toxunduğu o al-qırmızı sabah.
Dil açdı bətnimdə azadlıq,
Gileyləndi olanlardan,
Bakının havası düşmədi – qocalar qırıldı bir-bir.
Dizin-dizin alçaldı ucaboy, enlikürək cavanlar,
Ay da kədər dolu baxışlarla son dəfə oxşar kimi
Daradı o gur, buruq-buruq saçlarını Həkərinin.
Gözlərinin dibi mavi, yoxsa yaşılmıydı, bilmədim.
Düşmən durmadan göydən mərmilər yağdırdı
başımıza,
Yamacdan boylanan gülxətmi də ağladı kəndimizi.
Mən evimizin pəncərəsində durub səni gözlədim
Gecənin gündüzə toxunduğu o al-qırmızı sabah.
Laçından bəd xəbər gətirdi bizim əmioğlu Abo,
Zəhrimar “Koridor” sözünü ilk dəfə onda eşitdim.
Bir də köçkünlükdə bir özgə mənzilinə
sığmayanda,
Dil açdı bətnimdə azadlıq,
Gileyləndi olanlardan.
Şuşadan tək xatirə – başdaşlarında şəkillər qaldı…
Son nəfəsdə nənəm dodaq qurudan həsrətlə
danışdı:
“Bizləri bir az da elə bu özümüzkülər öldürdü,
Bakının havası düşmədi – qocalar qırıldı bir-bir”.
DARIXMAQ
Yollar –
Dünyanın əlifbasıdır!
Çata bilməyəcəyim yasəmən qoxulu
arzudur uşaqlıq.
Rəssam olsam, kətan üstünə
Çiçəklərin ətrini çəksəm…
Adın düşüb yada –
darıxmışam iki heca.
SEVGİSİZLİK
A Z A D L I Q – çörək pulu üçün qadınların
Qul bazarında sərbəst dayanmasıydı!..
Hər gün evlərdə
neçə-neçə qadının ümidlərini
udurdu tozsoran.
Böyüklər gün eynəkləri taxırdı
gecə-gündüz,
vitrindəki konfetlərə baxa-baxa qalırdı uşaqlar.
Adamlar baxışlarıyla güllələyirdi
əl-ələ gəzənləri,
hamı rəsmi idi –
şəxsiyyət vəsiqəsindəki
fotolardakı kimi,
bu şəhərdə ölmüşdü sevgi.
LAVANDA
Lavanda tarlası.
Türkiyə,
Quyucuq kəndi:
Yanaqlarını sevgilisinin üzünə
sərən gülərüz qadın
bənövşəyi sonsuzluğa baxar,
sığal çəkər dikəlmiş qarnına
soruşar pıçıltıyla:
“Şair, yoxsa rəssam olsun?..”
PORTAĞAL
Radioya bənzəyirdi
o gün adamlar – hərənin ağzında bir avaz,
ürəyində bir dalğa.
Mən portağal qabıqlarından
qayıqlar düzəldib
dənizə buraxdım,
portağal qoxulu adam
şirin-şirin çarpayısında yatırdı.
Ailə tabloları çəkə bilməyən
sağ əlim
cızdı qumun üzərində:
məni,
onu,
bir də körpə portağalı.
KİBRİT
sinirləri yumaq edib,
ərinə köynək toxuyan bəstəboy qadın.
divarda göz boyda dəlik açıb
qonşusunu
seyr edən kişi.
bir qutu qədər ev –
və bir daha heç vaxt
alışmayacaq bir cüt kibrit.
XOCALI
Cavan, qoca, körpə:
kim vardısa,
hamısını “uddu” Xocalı.
Birdən silah səsləri gəldi:
hər kəs “adətdəndir” deyib,
bəyi gözlədi,
qara gəldi mamaqızı Sədiqənin toyu.
Göydən yağış kimi yağdı mərmilər,
əmioğlu Azadın qollarını qoparıb
yüyrüktək ağacın budağına asdı,
mən isə xatirələri,
toz olmasın deyə,
ovuclarıma yığdım
və üşüdüm zirvəyə sancılmış bayraq kimi.
Gecdir daha –
ümidin gözlərini sığadım,
külək əsdikcə
qəfil burnuma
hardansa qarağac qoxusu gəldi.
Ağac-ağac hıçqırdı,
ləpələndi yaşıl gözləri Badaranın,
ağı deyib özünü
o yan-bu yana çırpdı.
Suya düşən ağ yelkənə bənzədi
körpələrin cansız bədəni.
Qız-gəlinin naləsi
kəndi bürüdü,
Həlimə arvad qışqırdı möhkəm:
“Ayılın, ay camaat,
qırıldı xocalılar”.
“Ədəbiyyat və incəsənət”
(07.06.2024)