Super User
POETİK QİRAƏTdə İqbal Nəhmətin “Bu ağrıyla burax məni qoy gedim” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə İqbal Nəhmətin “Bu ağrıyla burax məni qoy gedim” şeirini təqdim edirik.
Adətən, “bir ağrı var içimdə” deyirik, amma İqbal Nəhmət “Bir ağrı var şeirimin içində” söyləyir.
Bir ağrı var şeirimin içində,
Hansı misra xəstə olub bilmirəm.
Hansı sözü deməmişəm yerində,
Bəlkə ayrı kəsdə olub bilmirəm.
Tuşlananda gülələrin nişanı,
Neçə ölüm can verəcək gilizdə.
Bir ağrı var içimizdə sürünür,
O məndədi, o səndədi, o bizdə.
Bir ağrı var, desəm məni öldürər,
Ta qədimdən dayanıbdı qəsdimə.
Ha özümü bir az soyuq göstərim,
Axı kimsə dözə bilmir istimə.
Öz evində bəxtəvərsən balası,
Adam var ki, nə yurdu, nə eli var.
Bir ağrı var danışdırar adamı,
Bir ağrı var adam kimi dili var.
Əvvəl-axır qayıdacaq atdığın,
Sənin daşın yetənədir, yetənə.
Bu ağrıyla burax məni qoy gedim,
Mənim yolum Vətənədir, Vətənə!
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
ÖTƏN İL BU GÜN Fevralın 8-də Moskvada Azərbaycan kinosunun retrospektivi açıldı
Tamaşaçılara ümumilikdə 19 film təqdim olundu
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən ilin bu günkü gününə təsadüf edən mədəniyyət xəbərləri arasında diqqətimi bu xəbər çəkdi.
Azərbaycan kinematoqrafiyasının müxtəlif dövrlərin və janrların 19 filmindən ibarət miqyaslı retrospektivi fevralın 8-də Moskvada rejissor Fariz Əhmədovun "Sonuncu" (2021) sənədli filminin nümayişi ilə "İllüzion” kinoteatrında açıldı.
Azərbaycan kinosunun petrospektivi barədə bazar ertəsi kinoteatrın mətbuat xidməti məlumat yaydı. "Azərbaycan və Rusiyanın tarixi əlaqələri yüz ildən çoxdur və ölkələrimiz mədəniyyət, o cümlədən kinematoqrafiya sahəsində səmərəli əməkdaşlıq edirlər. Ötən ilin sonunda Azərbaycan paytaxtında Rusiya Film Festivalı keçirilib, bu günlərdə isə "İllüzion" kinoteatrında Azərbaycan kinosunun irimiqyaslı retrospektivi olacaq - əminik ki, çoxsaylı kino həvəskarlarının böyük marağına səbəb olacaq hadisə başlayıb", - deyə proqramın kuratoru, rejissor və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kinematoqrafiya departamentinin rəhbəri Rüfət Həsənovdan mətbuat xidməti sitat gətirib.
Təqdimat proqramına ilk azərbaycanlı qadın rejissor Həmər Salamzadənin və Aleksandr Popovun "Coşqun Vətən" (1937) məktəb komediyası, Boris Barnetin "Mavi dənizin sahilində" lirik kinopoeması (1936), Tofiq Tağızadənin "Uzaq sahillərdə" (1958) casus trilleri, İsmayıl Səfərəlinin "Balıqçı qızı" (2019) pritçası və başqaları daxildir. Tamaşaçılara ümumilikdə 19 film təqdim olunub.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq sayəsində biz nəinki Dövlət Film Fondunda saxlanılan sovet dövrünün filmlərini, həm də yenidənqurma dövrünün kinosunu və müasir Azərbaycan "yeni dalğa kinosu"nun ən yaxşı nümunələrini göstərəcəyik. Filmlərin yarıdan çoxu Rusiya Dövlət Film Fondunun arxivindən 35 mm-lik plyonka ilə nümayiş olunacaq, rəqəmsal surətləri isə bizə lütfkarlıqla Azərbaycan Dövlət Film Fondu təqdim edib. Bu filmləri böyük ekranda görmək praktiki olaraq mümkün deyil",- deyə proqramın həmkuratoru və "İllüzion"un art-direktoru Aleksandra Lavrova qeyd edib.
Açılışda Xəzər dənizində Kür adasının sonuncu sakini Vitali Pronindən bəhs edən "Sonuncu" sənədli filmi nümayiş etdirilib. Bu filmin premyerası 2021-ci ildə Rotterdam kinofestivalında baş tutub.
Nümayişlər Kinoşünaslar və kinotənqidçilərin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunub. Proqram fevralın 15-dək davam edib.
Moskvalıların, eləcə də Rusiya paytaxtında yaşayan həmyerlilərimizin retrospektivə böyük maraq göstəriblər.
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
Necə yəni, “arvad almaq?” - AKTUAL
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
-Gərək, sabah bazara gedim yağ, kartof, soğan alım. Evdə heç nə qalmayıb….
-…
-Oğlum, sabah bazara gedəcəm, nə istəyirsən sənin üçün də alım? Ana qurban, sənə meyvə alım ?
- Yox ana, istəmirəm.
-Oğlum, bəlkə yemək üçün nəsə istəyirsən.
- Yox ana, istəmirəm.
-Bəlkə, sənə bir köynək alım ?
- Bəsdir ana, istəmirəm dedim axı.
-Tapdım, tapdım. Mən sənə "arvad" alacam.
- Ay ana, nə arvad ?! Arvad satılır ki, bəyəm ?!
-Ay oğul, təki sən istə, alaram. Qonşumuz Safuranın qızı, qonşu kənddən Tükəzbanın qızı, uzaq qohum Suqranın qızı - bunlar nə üçündür bəs ?! Sən istə, birini seç mən onu sənin üçün alaram.
Arvad sözü kökü ərəb dilindən olan "avret" sözündən dilimizə keçib. Ərəbcə "avret" örtülən, gizlənən, qadağan mənasına gəlir. Çünki ərəblərə görə qadın qadağandır. Xanım sözü isə türkcədən "xanlar xanı" sözündən gəlir.
Hətta, bir rəvayətə görə, bir gün Çingiz xan məclisi - məşvərət edəndə, öz əyanlarını xanımının yanında bir araya toplayır. Onlara deyir ki, mən sizin xanınızam, daha sonra öz yoldaşını göstərib deyir ki, o da mənim Xanımdır. Deyilənə görə, o vaxtdan xanım ifadəsi belə formalaşmağa başlayıb.
Günümüzdə "arvad almaq" ifadəsi bəsit bir məfhuma çevrilib. Əşya və ya digər bir alıntı vasitəsi kimi qiymətləndirilir. Bağça yoldaşı, sinif yoldaşı, universitetdə qrup yoldaşı, əsgərlik yoldaşı, iş yoldaşı və nəhayət, həyat yoldaşı gəlir. Bir ömür sənə yoldaşlıq edəcək qadın, insan həyatda çox önəmli rol oynayır. Düşün ki, elə bir insan seçməlisən ki, bir pazl kimi səni tamamlamağı bacarsın. Cəmiyyətdə formalaşan "arvad" obrazı isə tamam fərqli situasiya yaratmağa müvəffəq olur.
-Oğlum, sabah bazara gedəcəm, nə istəyirsən sənin üçün də alım? Tapdım, tapdım. Mən sənə "arvad" alacam.
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Şəhram Qolkarın “Üçün”ü
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Şəhram Qolkarın şeirlərini təqdim edir.
Şəhram Qolkar 1973-də Muğanda doğulmuşdur. Baklavra qədər orada olub oxuyubmuş. Universitet illərini şirkət yönətimi sahəsində davam etmək üçün Tehrana yol almışdır. Orada olub Muğanda olmayan azcıq olanaqlar uşaq çağlarından başlayan ədəbiyyat həvəsini daha da qabartmışdı. Az zamanda gəlişməsinin yapdırtdığı açıq ara az sonra əsgərlikdəki və daha sonra yaranan geniş bol boş işsizlik vaxtları ona şeir, hekayə, araşdırma və məqalələr üzrə yazı, köçürmə, çevirilər, ayrıca genəl mədəni ortamda qəzet, jurnal, sanalda ədəbi sitə yazdırtdırlb.
ÜÇÜN
Baxınılacaq görüntülər aradan götürülür
Öyünüləcək səkkilər
Kətillər oturulacaq yan izindən silinir
Uzadılacaq əllərin
Atılacaq ayaqların uzantı izləri pozulur
Yaşamdan nə bilirlər
Yaz ola biləcək şeirin hekayəsinin içinə edirlər.
Yatalağın altı fərşlərdirlər
Yetdi... Baş qoyulmur tər çirkli kəpləminizə
Sırılmaz
İçi köhnə-külə qalınçalar
Ömürlük türmə özləmi dadını çiynəyib əskildirlər
Üzüm salxımının sapağından yapışmış narin əlin
Şərabını soyuq torpağa basdırırlar
Anlıq divar kağızlarına gilənar suyu yaxmanızı
Bilirlər yuvasız hörümçəklər
Ömürlük insansızlığı necə bacarırlar
Hardan alırlar keçim məlzəmələrini
Paket tutacaq boş əllərin darınası ürəyini
Seviniləcək olaylarda necə gülürlər
Bəs öyünəcək olaylar
Sallandıqları gerçəkdən göyüs qabardıcı imgə payı almaq olarmı
Gecəyin hansı asılqan buynuzundan aslanıb dincəlirlər
Dəyəcək darvaza dibi dəyənək
Dəyiləcək gövdələrin dəyən yerini gözlərinin canında
Bıləklərində gizlətdirirlər
Qollarından açılan saçma qurşunları
Toxundurtdurmadıqları
Baxdırtdırmadıqları
Sarılacaq yerimizə toxunurlar.
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
“Araz sahilində doğan günəş» Naxçıvan Dövlət Milli Teatrının səhnəsində
Bilman İsaq, “Ədəbiyyat və incəsənət” üçün
Bu gün müstəqilliyimizin inkişafına doğru atılan hər bir addım, yazılan hər bir əsər müasir Azərbaycan ədəbiyyatı tariximiz üçün sanballı töhfədir. Şair-dramaturq Həsənəli Eyvazlı da «Türkmənçay qətli», «Araz sahilində doğan Günəş», «Qurtuluşa gedən yol» tarixi dramlarında, «Ərtoğrul Cavid, yaxud bir ailənin dramı» mənzum faciəsində, “Vəzifə hərisi”, “Yasda toy əhvalatı”, “Ruhların görüşü” və digər pyeslərində müxtəlif dövrləri əhatə edən hadisə və əhvalatlara öz müəllif münasibətini bildirməklə qalmamış, tarixi keçmişimizin bir sıra qaranlıq məqamlarına aydınlıq gətirməyə çalışmış və buna nail olmuşdur.
Həsənəli Eyvazlının əsərlərində qarşıya qoyduğu yüksək əxlaqi-mənəvi keyfiyyətlərin bədii şərhi bir daha göstərir ki, zaman keçsə də bu əsərlər öz aktuallığını və əhəmiyyətini itirməmiş və itirməyəcəkdir.
2024-cü il 9 fevral tarixində Naxçıvana Muxtariyyət verilməsinin 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Muxtariyyətin 100 illiyinin təntənəli keçirilməsi haqqında sərəncam imzalanmışdır.
Bu günlərdə məlim oldu ki, Sərəncama uyğun olaraq Naxçıvan MR Mədəniyyət Nazirliyi bir sıra tədbirlərlə yanaşı şair-dramaturq Həsənəli Eyvazlının «Araz sahilində doğan günəş» əsərinin də yenidən Naxçıvan Milli Dram Teatrında tamaşaya hazırlanmasını məsləhət bilmişdir.
«Araz sahilində doğan günəş» tarixi dramının gənclərə vətənpərvərlik duyğularının aşılanması baxımından özünəməxsus yeri vardır. Əsər 10 aprel 2008-ci il tarixdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur. Daha sonra isə 2014-cü ildə yenidən bərpa edilərək səhnə həllini tapmışdır.
Pyesdə Naxçıvana Azərbaycan Respublikasının tərkibində Muxtariyyət verilməsi ilə bağlı aparılan siyasi mübarizədən bəhs edilir. 1921-ci ildə bağlanmış “Moskva” və “Qars” müqavilələrinin mahiyyəti bədii dillə işıqlandırılmışdır. Əsərdə o dövrü əhatə edən tarixi faktlara, bədii, sənədli və mətbu materiallara və bir çox mənbələrə istinad edilmişdir. Əsərdə N. Nərimanov, Mustafa Kamal Atatürk, Heydər Əliyev, Mirzə Davud Hüseynov, Behbud ağa Şahtaxtinski, İbrahim Əbilov, Yusif Kamal, Veysəl Ünüvar, Bahadur Vəlibəyov, Georgi Çiçerin, İosif Stalin, Abbas Qədimov, Tağı bəy Səfiyev və s. kimi tarixi şəxsiyyətlər müasir tamaşaçının baxışları nöqteyi-nəzərincə dəyərləndirilmişdir.
Əsərdə, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda yaşayan insanların real həqiqətləri əks etdirən müasir düşüncə tərzinə uyğun fikirləri bədii həllini tapmışdır.
Tarixi faktlara əsaslanan müəllif Naxçıvanın ermənilərə verilməsinə qarşı çıxan naxçıvanlıların əzmi, vətənpərvərliyi, bu işdə naxçıvanlılara tarixi köməyini əsirgəməyən qardaş Türkiyənin hərbi-mənəvi yardımını da əsərdə səmimi şəkildə işıqlandırmışdır.
Pyesdə adı çəkilən insanların fəaliyyəti haqqında arxiv materiallarından, eləcə də başqa mötəbər mənbələrin materiallarından istifadə edilmişdir.
Müəllif böyük uzaqgörənliklə 1921-ci ildən 1992-ci ilə körpü salır. Əsrin əvvəllərində Naxçıvanın taleyi ilə bağlı ciddi narahatçılıq keçirən Nəriman Nərimanov, Mustafa Kamal Atatürk kimi tarixi şəxsiyyətlərin Naxçıvanla bağlı narahatçılığına, sonsuz sevgisinə, bu torpağın böyük oğlu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin də övlad sevgisini, yurd sevgisini qatır.
Müəllif tarixilik prinsipini gözləyərək süjeti tarixi bir ardıcıllıqla inkişaf etdirərək, müasir günümüzə qədər gətirib çıxarır. Əsərdən belə bir ideya ortaya çıxır ki, bu torpaq bizə ata-baba əmanətidir. Onu qorumaq, gələcək nəsillərə çatdırmaq isə torpaq üzərində gəzən oğulların vətəndaşlıq borcudur. Nəriman Nərimanovun, Mustafa Kamal Atatürkün düşmən pəncəsindən saldırdıqları Naxçıvan torpağını onların şərəfli yolunu ləyaqətlə davam etdirən ulu öndər Heydər Əliyev də bir övlad kimi üzərinə düşən şərəfli missiyanı uğurla sona çatdıraraq bu yurdun övladları üçün qoruyur, onu ata-baba əmanəti kimi Vətənin övladlarına tapşırır.
Əsərdə ermənilərin torpaq iddiaları, Stalinin, Çiçerinin onlara havadarlıq etmələri real tarixi faktlar əsasında təsvir olunur. Həmin dövrdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sədri Nəriman Nərimanovun və Azərbaycan SSR Ədliyyə Komissarı işləyən Behbud Şahtaxtinskinin Naxçıvanla bağlı nigarançılığı daha geniş, daha dolğun verilir.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Naxçıvan MR-in Əməkdar mədəniyyət işçisi, Tərəqqi medallı, Prezident mükafatçısı Şair-dramaturq Həsənəli Eyvazlını «Araz sahilində doğan günəş» əsərinin yenidən Naxçıvan Milli Dram Teatrında tamaşaya hazırlanması münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(08.02.2026)
Şeytan ritualları
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Zəng.
-Salam. Siz şeytan ritualları keçirirsiz?
-Yox.
-Vəs vudu ritualları?
-O da yox.
-Bəs hindusların təmizləyici Açaman ritualını?
-Əşi, yox.
-Onda heç olmasa zərdüştlikdən Navcot ritualı?
-Cavan oğlan, siz hara zəng etmisiz? Biz belə şeylərlə məşğul olmuruq.
-Bəs onda nə səbəbə adınızı Ritual xidmətlər agentıiyi qoymusuz?
2.
Xüsusən nazirlər, icra başçıları evlərini, kabinetlərini təmiz saxlamalıdırlar, DTX çəkilişlə birgə gələndə içəri göz oxşamalıdır. Yoxsa içəri tör-töküntü olsa çəkilişdən sonra rüsvay olarlar.
3.
-indiki gəncliyin axırı necə olacaq?
-Heç nə, qocalacaqlar və deyəcəklər ki, indiki gəncliyin axırı necə olacaq?
4
Avropalı fermerlər tətil edərək avtomobil yollarını bağlayıblar ki, ötən il tətil nəticəsində avtomobil yollarının bağlanması zamanı onlara dəyən ziyan ödənilsin.
5.
Cənnətlə cəhənnəmin fərqi nədir?
Odur ki, cəhənnəmdə biz etdiklərikizə görə ödəniş edirik, cənnətdə isə ödəniş etdiklərimizə görə edirik.
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
Xocalıda Qarqar dağı və Qarqar çayı əfsanəsi
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Qarqar dağı və Qarqar çayı (Xocalı)
Çox qədimlərdə ucadan-uca bir dağ vardı. Bu dağ qara yağışlı buludlardan yapıncı geyərdi. Qışın qarlı, şaxtalı günlərində belə başında ildırımlar çaxardı. Bu dağa kim pənah aparardısa əli boşa çıxardı. Dağdan aralı bir çay axardı. Novruzun on dördüncü günündə elin qız-gəlinləri evlərindəki səməniləri bu axar çaya atar, niyyət edərdilər. Bu məmləkətin şahı çox zalım və qaniçən idi. Aman-zaman, gözünün ağı-qarası bir qızı vardı. Qızını vəzirin bivec oğluna vermək istəyirdi. Şahın qızı isə çobanın oğlunu sevirdi. Bir gün şahın qızı sevdiyi çobanın oğlu ilə əhd- peyman bağlayır ki, bu diyardan qaçıb getsinlər. Bundan vəzir duyuq düşür, şaha qızının çobanın oğlu ilə qaçdığı xəbərini verir. Şah onların dalınca cadugün küp qarısını və atlılarını göndərir ki, ya ölülərini, ya da dirilərini tapıb gətirsinlər. Çobanın oğlu sevgilisini dağın ətəyində gözləyirdi. Qız gəlib çaya çatanda onların dalınca gələn şahın küp qarısı, cadugün çayı kükrədir, qız çayı keçə bilmir. Az qalır ki, batsın. Allaha yalvarır ki, onu quşa döndərsin. Həmin an qız qarğa olub uçmaq istəyəndə, cadugün bir naqqa balığı olub qarğanın ayaqlarından yapışır, suya çəkir. Qarğa “Qarrr”, “Qarrr” qışqırır, naqqa onu udur. Şahın adamları isə dağın ətəyində sevgilisini gözləyən çobanın oğlunu zəhərli oxla vurub öldürürlər. Həmin vaxtdan o çayın və dağın adı Qarqar qalır. Hər yazın əvvəlndə donan çayın buzu əriyir, sevən çay öz suları ilə dağa çırpılır, sevgilisini axtarır.
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
Ukraynalı Yaponiya gözəli niyə tacından imtina edib?
Yanvar ayında Karolina Siino "Miss Yaponiya" seçildikdən sonra cəmiyyətdə homogenlik və konformizmin hələ də qiymətləndirildiyi bir ölkədə "Yapon olmağın" nə demək olduğu barədə şiddətli mübahisələr başladı.
İştirakçıların hamısı monqoloid - qıyıqgöz və oxşar yapon xanımları, içərisində bircə avropoid - ukraynalı xanım və o bir nəfər gəlib qalib gəlir. Əlbəttə ki, fenomenal bir haldır.
Amma Karolina Siino bu cür çətinliklə əldə etdiyi tituldan ötən gün asanca imtina etdi.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı “Associated Press"-ə istinadən xəbər verir.
Builki "Miss Yaponiya" müsabiqəsinin qalibi - 26 yaşlı ukraynalı Karolina Siino tabloidlərdən birinin evli kişi ilə münasibəti haqqında məqalə dərc etməsindən sonra tituldan imtina edib.
İnstagram-dakı bir postunda Siino məqalə çıxdıqdan sonra özü tacı "təslim etməyi" və model Agentliyindən ayrılmağı təklif etdiyini yazıb. Onun sözlərinə görə, təklifi dərhal qəbul edilib.
"Associated Press" şərh üçün dərhal Siino ilə birbaşa əlaqə qura bilməyib.
Nə deyə bilərik? Görünür, bəyənmədiyimiz sovet şinelindən çıxan xalqlarda sovet əxlaq kodeksi nümunəsi - lazımi anda vicdanın oyanması ənənəsi davam etməkdədir.
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
Azərbaycan jurnalistikasının "QIZILGÜLÜ"...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Qadınlar güllər kimidirlər. Hər birinin öz gözəlliyi, öz təravəti olur. Nahaq yerə el arasında kimisə tərifləyəndə “gül kimidir” ifadəsini söyləmirlər ki... Bəli, güllərin hamısı gözəldir, amma aralarında ən gözəli QIZILGÜL sayılır…
Qəribə xanımdır, həyatından nə razılıq, nə də narazılıq edir. Acılı, şirinli yaşadığı bütün məqamları özünə doğma bilir. Taleyə, alın yazısına inansa da, ömür yolunu, həyat tərzini hər kəsin özü seçdiyini dilə gətirir. Kamal Abdulla, Anar, Vaqif Səmədoğlu, Rüstəm Behrudi, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, Salam Sarvan, Pərviz Cəbrayıl, Qulu Ağsəs, Xanəmir kimi yazıçı və şairləri mütaliə etməkdən zövq alır. Gənclərin də yaradıcılığına biganə deyil, Aqşin Yeniseyin, Şərif Ağayarın, Varisin, Seymur Baycanın yaradıcılığına önəm verir. “Azərbaycanda iki zümrə yazar var: ya istedadının, ya da mütaliəsinin gücünə yazanlar. İkisi bir arada olanlar barmaqla sayılacaq qədərdir”, -söyləyir...
Deyir ki,- “Bütün uğurlu qadınların arxasında Allah dayanır. Uğur insanın çabası, fəaliyyəti ilə bağlı olsa da, burada şansın da çox böyük önəmi var. Allahın bizə verdiyi şanslar bəzən həyatımızı çox dəyişdirir. “Hər uğurlu kişinin arxasında bir qadın dayanır” sözünü mən də çox bəyənirəm. Dediyim kimi, hər uğurlu qadının arxasında da Allah dayanır. Yolumuzu müəyyənləşdirməkdə, çətinlikləri aşmaqda bizə doğrudan da gözə görünməz qüvvə kömək edir. Mən öz işimi çox sevirəm. İşləməsəydim bəlkə də çox yaxşı evdar qadın ola bilərdim. Amma təəssüf ki, özümdən asılı olmayan səbəblərdən buna kifayət qədər vaxt ayıra bilmirəm. Həftə sonları imkan düşdükcə çalışıram ki, yeməyi, səhər süfrəsini özüm hazırlayım. Uşaqları özüm yedirdim, onları gəzməyə çıxardım. Lakin bu, hər zaman alınmır...”
Haqqında söhbət açdığım xanım bir vaxtlar Milli Məclisdə təmsil olunan sabiq deputat, jurnalist, yazıçı, "Gündəlik Teleqraf" MMC-nin direktoru, publika. az, teleqraf. com və axar. az saytlarının rəhbəri Aynur Camalqızıdır. O, 1975-ci ildə Tərtər rayonunun Mamırlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (BSİPİ) Politologiya fakültəsində ali təhsilə yiyələnib. 1996–2000-ci illərdə "Azərbaycan Ordusu", "Xalq qəzeti", "Şans", "Ulus", "Millətin səsi", "Yeni Yüzil" qəzetlərinin müxbiri olub. 2001–2005-ci illərdə isə "Yeni Müsavat" qəzetində çalışıb. 2005-2010-cu illərdə parlamentdə Tərtər rayon 95 saylı dairənin seçicilərini təmsil edib. 2010-cu ildən bir neçə saytın rəhbəridir. Xidmətlərinə görə “Azərbaycan Respublikanın əməkdar jurnalisti” fəxri adı və “Tərəqqi” medalı ilə təltif olunub...
İşgüzar, qorxmaz, cəsarətli adamdır. Qarşısına qoyduğu məqsədə doğru inamla və inadla irəliləməyi bacarır. Onu nə dedi-qodu, nə məkirli niyyətlər yolundan saxlaya bilməz. İdarəetməni, təşkilatçılığı gözəl bildiyindən çoxdandır ki, rəhbərlik etdiyi kollektivin sevimlisinə çevrilib. Evinə-ocağına bağlı xanımdır. Ailədə həm ana və həm də həyat yoldaşı kimi, çox mehriban və səmimidir. Ötən gün - fevralın 7-si onun növbəti ad günüydü. Bir gün ötsə də bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
“Bütün yaşları sevirəm. Nə yaxşı ki, yaş üstünə yaş gəldikcə insan dəyişir. Bu təbiətin işidir və ömrünün sonuna kimi heç kim gənc qala bilməz. Hər yaşın öz gözəlliyi olur. Düşünürəm ki, qadınlar yaşlaşdıqca, daha da gözəlləşirlər. Mən hər bir qadına yaşlanmağı arzulayıram. Düzdür, öz şəxsi həyatımda doğmalarımı erkən yaşlarında itirmişəm. Bunun nə demək olduğunu bəlkə də mənim qədər heç kim anlaya bilməz. Amma yaşlanmaq, qocalmaq Allahın lütfüdür. Arzu edirəm ki, Allah bütün yaxşı, dəyərli insanlara 80, 100 il yaşamağı qismət etsin.”- söyləyir.
...Bəli, qadınlar güllərə bənzəyirlər, hər birinin öz gözəlliyi, təravəti olur. Bu güllərin arasında, nə qədər tikanlı olsa da, ən gözəli QIZILGÜL sayılır...
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
“Sevgi”Sizlər” Günü” nümayiş olunacaq
“Qanun” Nəşriyyatı, M Teatr və C.C. Literary Agency birlikdə yeni layihəyə başlayır: “M.Teatr"da yaradıcılıq gecələri! Layihənin ideya müəllifi və rəhbəri tanınmış şair, ssenarist Cəlil Cavanşirdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, layihənin ilk buraxılışı 15 fevral, 2024-cü il, saat 19:00-da baş tutacaq və Cəlil Cavanşirin yaradıcılığına həsr olunur. Səhnədə onunla bərabər Röyal Musa da olacaq.
"M. Teatr"ın səhnəsində onlara Cavid Baba, Tamilla Həsən, Ramiz Qəmbər və İlahə Zahid yoldaşlıq edəcək.
Şeirli, musiqili, necə deyərlər sazlı-sözlü bir gecə tamaşıçıları gözləyir.
"Sevgililər Günü"ndən dərhal sonra "Sevgi"Sizlər" Günü"ndə tamaşaçılarla görüşəcək bu layihə üzvləri qeyd edirlər ki, onlar üçün ən böyük sevgi elə tamaşaçılardır. Xüsusilə "Sevgililər günü"ndə kim tək qalıbsa, bu poeziya gecəsi onlar üçün lap yerinə düşəcək.
Biletlər iTicket.AZ saytında (link aşağıdadır) satışda olacaq və qeyd edək ki, qiyməti büdcənizə uyğundur.
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)