Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, XX əsr təsviri sənətinin görkəmli nümayəndələrindən biri Vəcihə Səmədovanın 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimi olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova rəssamın geniş mövzu dairəsini əhatə edən əsərlərinin tematika üzrə bölünmüş zallarda təqdim olunduğunu diqqətə çatdırıb.
O bildirib ki, sərginin ekspozisiyasına daxil olan mənzərə əsərlərində müəllifin canlı müşahidələri əsasında fırçaya aldığı Azərbaycan torpağının əsrarəngiz təbiəti, qeyri-adi gözəllikləri canlanır. "Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın rəngkarlıq və qrafika əsəri yer alır.
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunu, Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədova seçilən dəst-xətə malik rəssam kimi özündən sonra dəyərli irs qoyub. Bolqarıstana yaradıcı səfərindən xatirə qalan əsərləri isə bu ölkənin təbiəti, memarlığı, insanlarına həsr olunmuş rəngarəng kompozisiyaları nümayiş etdirir.
Rəssamın “İmtahandan qabaq”, “Xəbər gözləyərkən”, “Kəşfiyyatçı qocalar”, “Azərbaycan toyu” və digər tematik tabloları mükəmməl kompozisiya həllinə malik olmaqla canlı hiss və duyğuların təsviri ilə fərqlənir. Qeyd edilən bədii həll prinsipi müəllifin 1950-1960-cı illər yaradıcılığına aid qrafik əsərləri üçün də xarakterikdir. 1961-ci ildə yaratdığı və sanki öz bədii-estetik axtarışlarının zirvəsinə çatdığı “Kürün sahilində” tablosu ekspozisiyada xüsusi yer tutur. Bu əsərdə o bir daha böyük kolorist-rəssam qabiliyyətini, istedadının qüdrətini, dəst-xətinin özəlliyini sübut edir. Multimedia vasitələrindən istifadə edilən sərgidə həmin tablonun vizuallaşdırılmış maraqlı təqdimatı da yer alıb. Vəcihə Səmədovanın sevimli ömür-gün yoldaşı, Azərbaycanın digər tanınmış təsviri sənət ustası Lətif Feyzullayevin fırçaya alınmış füsunkar obrazı, eyni zamanda, onun sənətkar kimliyi və yaradıcı dünyası haqqında videosorğu sərginin konsepsiyasına xüsusi məna çaları qatır", - deyə Ş.Məlikova əlavə edib.
Sərgidə nümayiş olunan tanınmış elm, sənət insanlarının obrazları, eləcə də rəssamın avtoportreti onlara xas individual aləmin özünəməxsus ifadəsi ilə seçildiyini vurğulayan Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini, Xalq rəssamı Səlhab Məmmədov deyib: "Ekspozisiyanın xüsusi hissəsini Vəcihə Səmədovanın özünü sənətkar kimi təsdiq etdiyi aparıcı janrlardan olan portret əsərləri təşkil edir. Burada, həmçinin savadlı, iradəli, öz gücünə güvənən müasir qadın xarakterlərindən görkəmli aktrisa “Leyla Bədirbəylinin portreti”, “Geoloq M.Məmmədbəylinin portreti”, “Memar Solmaz Səmədovanın portreti”, pambıqçı “Şamama Həsənovanın portreti” və digər portretlərdə dolğun şəkildə əksini tapıb".
Əməkdar incəsənət xadiminin nəvəsi Akşin Feyzullayev Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinə tədbiri yüksək səviyyədə təşkil etdikləri üçün minnətdarlığını bildirib. "Azərbaycan mədəniyyət ocağıdır. Nəticədə incəsənət və mədəniyyətimizdə dahi şəxsiyyətlər saysız-hesabsızdır. Onların xatirəsini əbədi olaraq yaşadan isə dövləti və xalqıdır. Bu gün Vəcihə Səmədovanın işığına toplaşıb, onun xatirəsini yad edirik. Mən düşünürəm ki, bu sahədə sənətsevərlərin rolu danılmaz faktdır".
Qeyd edək ki, sərgi noyabrın 25-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)