Super User
“Səhvlərinlə, yalnışlarınla sev həyatını” - ESSE
Turunc Baxışlı, “Ədəbiyyat və İncəsənət”
YAŞAMINI YAŞADIQLARINLA DEYİL, GÖZLƏNTİLƏRİNLƏ ŞƏKİLLƏNDİR.
Bernard Şou
Bilirsənmi, özünə inanmağın ən yaxşı yolu, uğursuzluğa imkan verməyəcək qədər gözəl çalışmaqdır. Bilirəm, zaman-zaman yaşadıqların yaşamına kilid olub, səni həyat yolunda düzgün irəlləməkdən geri qoydu. Yoruldun, usandın, niyələrlə gününü gün etdin. Amma bir düşünsənə, kimə bu həyat qızıl məcməidə gəlmişdi ki, sənə də gəlsin? Vardır əlbət, hər kəsin özünə yetəcək qədər dərdi, ağrısı, acısı. İnanmaq deyə bir kəlmə var və bu, ilk öncə özündə başlasa gözəl olar, əziz dost. Güvənə biləcəyin, dəstəyin olmağını istədiyin tək insan yenə sən özünsən. İnan ki, gözləntilərin səni "yaxşı ki" yerinə, "kaş ki" dedizdirməsin. Çalış, heç bir zaman yetərincə yaxşı olmadığını düşünmə. Çünki insanlar sənə, sənin özünə dəyər verdiyin qədər dəyər verərlər. Səhvlərinlə, yalnışlarınla sev həyatını. Özünə olan inamını bir an belə unutsan, bir zamandan sonra duyduğuna inanacaqsan təəsssüf ki.
Bu həyat bizlərə ritmini tutub da, mənasını bilmədiyimiz musiqi kimidir. Sevərik, amma niyəsi heç kimə məlum olmaz. Bəlkə bu günə qədər çox insan, hətta yaxınım dediyin dostların belə səni yalnışlarına görə günahlandırıb, sən də özün olmaqdan daha çox, bəzək olmağı seçmisən. Amma fərqində belə olmadığın bir şey var, insanlar heç zaman razı qalmazlar. Dəyərmi, kimlər üçünsə ruhunu incitmək, incə qəlbinə acı çəkdirmək? Dəyməz, əzizim.
Və unutma, özünəinanan, qəlbinə güvənməyi bacaran hər kəs güclü və xoşbəxtdir. Çalış, xoşbəxt olmaq üçün ömürdən bir gün daha istəmə. İnan ki, qoy, inanmayanlar belə inandığına inansın.
“Ədəbiyyat və incəsənət”
(06.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Göbələk küküsü
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Göbələk küküsünün hazırlanması qaydasını şərh edəcəyik.
ƏRZAQLAR:
§ Göbələk – 131 qr
§ Kartof – 103 qr
§ Soğan – 26 qr
§ Kəvər – 57 qr
§ Yumurta – 40 qr
§ Yağ – 20 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
Soğan yağda qızardılır, üzərinə xırda-xırda doğranmış göbələklər əlavə edilir, bir qədər tovlanır. Ardınca xırda dördkünc doğranmış kartof, bir az tovlandıqdan sonra doğranmış kəvər əlavə olunur, qarışdırılaraq vam odda bişirilir. Yağa düşənə yaxın üzərinə bol yumurta vurulur.
Ədəbiyyat və incəsənət”
(06.01.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Şəhram Qolkarın “Yorğun düş”ü
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Şəhram Qolkarın şeirlərini təqdim edir.
Şəhram Qolkar 1973-də Muğanda doğulmuşdur. Baklavra qədər orada olub oxuyubmuş. Universitet illərini şirkət yönətimi sahəsində davam etmək üçün Tehrana yol almışdır. Orada olub Muğanda olmayan azcıq olanaqlar uşaq çağlarından başlayan ədəbiyyat həvəsini daha da qabartmışdı. Az zamanda gəlişməsinin yapdırtdığı açıq ara az sonra əsgərlikdəki və daha sonra yaranan geniş bol boş işsizlik vaxtları ona şeir, hekayə, araşdırma və məqalələr üzrə yazı, köçürmə, çevirilər, ayrıca genəl mədəni ortamda qəzet, jurnal, sanalda ədəbi sitə, axaq və quruplarla çalışma zəmini yaratmışdı.
YORĞUN DÜŞ
Həmişə yorğun olanda
Bir quş kitab olur uçur köosümdə
Qolum alnımda
Gözlərim qapalı
Az açıq dodağından
Hortlatma su içirəm
Cəhəngimdən
Şəlalələr axır çılpaq döşünə...
ONLAR
Onlar cəbhədə döyüşüb
Qoymadılar `namusumuz`a kimsə toxunsun
İllər sonra
Gerçəkdən də qoymadılar
Namusumuza kimsə toxunsun...
“Ədəbiyyat və incəsənət”
(06.01.2024)
Bir il keçdi o məşum gündən…
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Yenicə qayıtmışdım Qardaş Türkiyədən Azərbaycana.
Bir ömür unudulmayacaq xatirələrlə dolu böyük sevinc və coşqu içində. Amma bu sevincimin kədərlə əvəzlənəcəyini hardan bilə bilərdim ki...
Təqvimlər 06.02.2023 göstərərkən hər kəs kimi mən də səhəri böyük bir hüznlə açmalı oldum. Mobil telefonumu əlimə alarkən gördüklərimin sadəcə bir yuxu olmasını arzulamış, dilim söz tutmayacaq qədər yerimdə donub qalmışdım. Yer yerindən oynamış, dağlar silkələnmişdi o gecə...
Amansızcasına zəlzələ bağrımıza xəncər vurmuşdu saatlar 04.17-ni göstərərkən. Kahramanmaraş, Hatay, Adana, Gaziantep, Malatya, Kilis, Adıyaman, Diyarbakır, Şanlıurfa ve Osmaniye titrəyərkən ruhumuz da sarsılmışdı, qan ağlamışdı gözlərimiz... Onminlərlə qardaşımız can almışdı canımızdan. Hər ürəkdə min arzu yox olmuşdu, hər arzuda min xəyal...
Nə biləydik saatlar sonra, daha dəqiq 13.24-də bir daha titrəyəcəkdi yer, yenidən artacaqdı şəhidlərimizin sayı...
Kim deyir ki, aramızda yoxdu onlar,
Yox olarmı Sonsuzadək qəlbimizdə yaşayanlar...
Başın Sağ Olsun Türkiyəm!
Başın Sağ Olsun Türk Dünyası!
Biz vardıq, biz varıq, biz olacağıq...
“Ədəbiyyat və incəsənət”
(06.01.2024)
“Hamı bir dünyada yaşasa da, hərə öz dünyasında yaşayır” - Hümbət Həsənoğludan 10 aforizm
“Ədəbiyyat və incəsənət” portalı statusman Hümbət Həsənoğludan növbəti 10 aforizm təqdim edir.
1.Ağız pis-pis danışandan sonra onu bərk-bərk yummağın xeyri yoxdur.
2.Sevib qarşılığını ummayan xoşbəxtliyi həmişə özü ilə gəzdirəndir.
3.Bu dünyaya insan kimi gəlmisən, çalış, bu dünyadan da insan kimi gedəsən.
4.Ağılların toqquşmasından elm, hisslərin toqquşmasından sevgi yaranıb.
5.İnsan geri qaçsa belə, həyat onu irəli aparır.
6.Hamı bir dünyada yaşasa da, hərə öz dünyasında yaşayır.
7.İnsana qulaq as ki, onunla danışıb-danışmamağa qərar verə biləsən.
8.Buraxmayacağına əmin olmadığın əlləri tutma.
9.Vaxtını uzanmaqla keçirənin ömrü uzun olmur.
10.Paxıllıq öskürək kimidir, istəməsən də, üzə çıxır.
“Ədəbiyyat və incəsənət”
(06.01.2024)
“QIZIL” - Təranə Dəmirin yeni hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni yazdığı “Qızıl” hekayəsini təqdim edir. Hekayənin iki qəhrəmanı var, yeniyetmə oğlan və it.
Qonşumuz Əlimirzənin itini ta küçüklükdən tanıyırdım. Hardansa tutub gətirmişdi. Allahtərəfi yaxşı da saxlayırdı. Balaca it damı da tikmişdi onunçun. Heç vaxt da zəncirə vurmazdı. İt azad böyümüşdü. Həyətə girənləri hənirindən tanıyırdı. Hürərdi, di gəl, kimsəyə toxunmazdı. Əlimirzə elə öyrətmişdi. Dil bilirdi it sanki. Amma hər ehtimala qarşı həyət qapısını döyüb gözləyirdi gələn qonaqlar. İtə nə etibar var axı? Hərdən Əlimirzəyə qoşulub qonşuları da gəzirdi it. Kənddə hamı tanıyırdı bu iti. Onu görəndə bəzən uşaqlar qorxub qaçırdılar. İtsə hər kəsin yanından etinasız keçirdi. Yəni ki, heç kimlə işim yoxdu. Sərbəst gəzə bilərsiz.
Qızılı rəngi olduğundan Əlimirzə onun adını Qızıl qoymuşdu. İt adını tanıyırdı. Çağıran kimi gəlib dururdu yanımızda. Sual dolu baxışları ilə zilləyirdi gözünü gözümüzün içinə. Əyilib başını sığallayırdıq, belinə tumar çəkirdik. Əlimizin altında xumarlanırdı. Yaraşıqlı it idi. Həm də çoxbilmiş. Özünü istətməyi bacarırdı. Divarın o tayı onların həyəti idi. Hürəndə bilirdik ki, kimsə yaxınlaşıb darvazamıza. Elə bil bütün həyətlərin keşiyini çəkirdi bu it. Gözütox idi həm də. Sülənməyi sevməzdi. Bircə tanıdıqlarından nəsə umurdu. Mənə elə gəlirdi, yəni. Kəndin o başında havlamağından tanıyırdıq Qızıl-ı. Qalın səsi vardı. Hərdən qabağımıza düşüb getdiyimiz yerəcən ötürürdü bizi.
Yadımdadı. Bizdən iki ev aralı bir qonşu vardı. Suğra xalagil. Bir gün anam məni yumurta almağa göndərmişdi onlara. Onların da bir dişi itləri vardı. Ağzı yava idi deyə zəncirləyirdilər. Sən demə, həmin gün təsadüfən iti açıb buraxıblarmış. İt uzaqdan məni görüb qırğı kimi üstümə şığıdı. Qorxudan gözlərim böyüdü. Özümdən ixtiyarsız qışqıra-qışqıra qaçmağa başladım itin qabağınca. Artıq özümdən əlimi üzmüşdüm. Bilirdim ki, bu qancığın əlindən qurtuluşum yoxdu. Ölümümü gözə almışdım artıq. Ürəyim qorxudan ağzıma gələcəkdi sanki. Birdən möcüzə baş verdi. Nə görsəm yaxşıdı. Qızıl dişi itin boynundan tutub boğurdu. Səsə ev yiyələri də düşmüşdülər həyətə artıq. Onlar da mat-məətəl qalmışdılar. Hamı bu mənzərəyə heyrətlə baxırdı. Suğra xala hövlnak yanıma gəlib sual yağışına tutdu məni:
-Ay bala, niyə gələndə xəbər eləmirsən? Çər dəymiş yeyərdi səni, diri-diri, Allah iraq eləsin. Hər şey qaydasındadı? Qapıb eləməyib səni ?
-Yox. Şükür ki, salamat qurtardıq. Sağ olsun Qızılı. Yaxşı çatdırdı özünü. Vaxtında.
Oğlanları itlərini tutub zəncirindən ağaca bağladılar. İt guya əlindən bir şey gəlirmiş kimi zəncir çeynəyirdi. Bilirdi ki, Qızılın yanından yel olub keçə də bilməz. Amma kürəyini yerə də vurmaq istəmirdi.
Yenildiyini həzm edə bilmirdi yəni. Dönüb Qızıla baxdım. Məğrur-məğrur ora-bura qaçırdı.
Sanki meydan sulayırdı. Mənə elə gəldi ki, it bərk hisrlidi həm də. Əyilib başına sığal çəkdim. Gözündə həyəcan gördüm. O an elə doğma, məhrəm gəldi ki, it mənə. Bu an yaşayırdımsa, bu itə borcluydum. Zivər xala 7 düyü atdırdı mənə sonra. Guya qorxuluğu götürürmüş. İnanmasam da düyüləri ovuclayıb uddum. Necə olmasa xalqın inancı idi. Sonra yumurtaları da götürüb evimizə döndüm. Qızıl da qabağıma düşdü. Arada yol boyu dönüb mənə baxırdı. Elə bil ki, nəzarətdə saxlayırdı məni.
O gündən daha da çox istəməyə başladım Qızılı. Ən yaxın dostum oldu. Hara çatırdımsa başıma gələnləri danışırdım və Qızılı öyürdüm. İti qaldırıb qoymuşdum ala dağın başına.
...Bir gün günorta vaxtı Əlimirzə kişinin həyətində bərk çığır -bağır düşdü. Hərə bir yanda qışqırırdı. Qızılın səsi də həyəti başına götürmüşdü. Hövlnak qonşu həyətə keçdim. Gözümə inanmadım. Şükür adlı kəndçimiz ayaqlarını tutub yerdə qıvrılırdı. Gözü hədəqədən çıxmışdı.
Əvvəlcə heçnə anlamadım. Sonra başa düşdüm ki, Şükür Qızılın güdazına gedib. Baldırına diş batırmışdı Qızıl. Ev yiyəsi həyətdə olmasaydı diri-diri yeyəcəkmiş kişini. Özləri belə deyirdi yəni. İnanmağım gəlmirdi nəsə. Əlimirzə kişinin mənlə yaşıd oğlu itin boğazına zəncir bağlayırdı. İt sakit durmayanda da arada belinə, başına təpik vururdu:
-Qudurub əclaf. Yazıq kişinin üstünə necə şığıdısa heç kimin xəbəri olmadı. Yaraladı kişini.
-Axı Qızıl bu vaxtacan kiməsə hücum etməyib.Necə ola bilər bu?
Hər vəchlə Qızıla haqq qazandırmağa çalışırdım. Oğlan deyəsən heç mənə qulaq da asmırdı. Öz işində idi. Nəhayət iti döyə -döyə həyətin başındakı tut ağacına zəncirlədi. Qızıla yazığım gəldi bir anda. Boynunu qucaqlayıb başından öpmək istədim. Gözüm gözlərinə sataşdı. Heyrətə gəldim. Qızılın gözlərindən yaş axırdı. İt ağlayırdı. Birdən-birə Şükürə acığım tutdu. Axı xəbərsiz-ətərsiz nə vacib idi ki, həyətə girirdi. Bilmirdimi ki, bu həyətin iti var?. Adam bir qapını döyüb gözləyər. Amma Qızılın da ona hücum etdiyinə heç inanmağım gəlmirdi. İnanmasam da olan olmuşdu. Əlimirzə kişinin yarasını yuyub təmizlədi. Spirt vurub sarıdı. Kişi hələ də ufuldayırdı. Aradabir itin qarasına söyüb söylənirdi də. O söyləndikcə mən əsəbləşirdim. Əlbəttə Qızıl bizim itimiz olsaydı mən ona heç bir cəza verməzdim. Görəsən kişi neyləmişdi ki, it ona hücum etmişdi?. Günahı o kişidə axtarırdım yenə də.
Daha orda dayana bilmədim.
Qanıqara evimizə döndüm. Qızılın səsi kəsilmırdi. Qulaqlarımı tutmuşdum ķi, eşitməyim. Sonra kitab oxumaq istədim. Anamın kitabxanasından seçib bir kitab götürdüm. Kiril əlifbası ilə yazılmışdı. Seyran Səxavətin "Dar köynək"əsəri. Vərəqlədim, oxumağa həvəsim olmadı. Qatlayıb bir qırağa qoydum. Atam işdən gələndə hiss etdi ki, kefim yoxdu. Səbəbini soruşdu. Olanları danışdım. Diqqətlə qulaq asdıqdan sonra :
-İt də bilib e Şükürün taraz adam olmadığını. Uşaqlıqdan üzübəri düz əməlli işi olmayıb. Paxılın, yekəxananın, vicdansızın biridi. Fikri -zikri onun bunun bostanına daş atmaqdı. Lap yaxşı olub ona. Qızıla halal olsun, -dedi.
Elə bil çiynimdən yük götürüldü. Qızılın günahsız olduğuna bir daha əmin oldum. Demək, zənnimdə yanılmamışdı. Hava qaranlıqlaşanda qəribə səs gəldi qulağıma. Canavar ulayırdı. Özü də lap yaxınlıqdan gəlirdi bu səs. Eyvana çıxdım. Bir az da qulaq kəsiləndən sonra başa düşdüm ki, ulayan Qızıldı. Ətim ürpəşdi. Tez evə keçdim. Bütün gecəni Qızıl uladı, mən yatmadım. Səhər üzü səs kəsildi. Səs kəsiləndən sonra yuxuya getdim. Yuxuda Qızılı gördüm. Suğra xalagilin dişi itiylə dava edirdi. Birdən hər yeri duman bürüdü. Qızıl yoxa çıxdı. Nə qədər çağırdımsa səsimə səs vermədi. Öz səsimə oyandım yuxudan. Saata baxdım. Gün günortanı keçmişdi. Əzgin idim. Bir yandan da yuxunun təsirindən çıxa bilmirdim. Durub əl üzümü yudum. Bir az özümə gəldim. Eyvana çıxdım. Qonşu həyətə baxdım. Sakitçilik idi. Qızılın da səsi gəlmirdi. Birdən qonşunun mənlə yaşıd oğlu Sadiqi gördüm. Əl elədim. Başıyla salamlaşdı mənlə. Sonra nə düşündüsə geri döndü. Düz hasarımızın dibinə gəlib: -Bilirsən nə olub? Qızıl öldü, -dedi.
-Necə yəni öldü?
-Öldü də. Səhər durub gördük ki, boğulub ölüb.Zəncirini qırmaq istəyib, dolanıb ağacın başına və boğulub.
Elə bil dünya başıma fırlandı o an.
Ən əziz, ən doğma birini itirmiş kimi hiss etdim özümü.
Bir qədər susdum və birdən: -Qızılı haqsızlıq öldürdü, ədalətsizlik öldürdü, -dedim.
Sonra oğlanın nə deyəcəyini belə gözləmədən otağıma keçdim.
Gözüm aynada özümə sataşdı. Gözlərim şişmişdi, rəngim boğulmuşdu. Heyim yox idi. Özümü günahkar hiss edirdim Qızılın qarşısında. Onu xilas edə bilmədiyimçün özümdən zəhləm gedirdi. Heç cür sakitləşə bilmirdim. Qəhər boğazımda düyünlənib qalmışdı. Birdən hardansa it zingiltisi eşidildi. Kimsə hardasa daş atmışdı deyəsən itə. Axı it ağrıyanda belə zingildəyir. Yumruğumu düyünləyib böyrümə sıxdım. Anidən nə fikirləşdimsə tələsik özümü küçəyə atdım.
“Ədəbiyyat və incəsənət”
(06.01.2024)
Türk Mədəniyyəti və İrsi Fondunda yaradıcılıq gecəsi keçirilib
Türk Mədəniyyəti və İrsi Fondunda Qırğızıstanın Xalq yazıçısı, dövlət və ictimai xadimi Kayrat İmanaliyevin yaradıcılıq gecəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Fonddan AzərTAC-a verilən məlumata görə, tədbir Azərbaycan ziyalılarının və gənclərinin müasir qırğız yazıçısının fəaliyyəti ilə daha yaxından tanış olmasına, Türk dünyasında mövcud dostluq körpülərinin möhkəmləndirilməsinə töhfə vermək məqsədilə təşkil olunub.
Tədbirdə çıxış edən Fondun prezidenti Aktotı Raimkulova təşkilatın son illər ərzində Qırğız Respublikası ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişləndirməsindən söz açıb. O, Fond tərəfindən Kayrat İmanaliyevə həsr olunan tədbirdə Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərinin, həmçinin gənclərin iştirakının əhəmiyyətini xüsusi qeyd edib.
Tədbir iştirakçılarına minnətdarlığını bildirən görkəmli yazıçı, dövlət və ictimai xadimi Kayrat İmanaliyev bütün türk xalqlarının tarixi və mənəvi yaxınlığından bəhs edib. Yazıçı, eyni zamanda, Heydər Əliyevin qırğız xalqı tərəfindən hər zaman böyük rəğbətlə anıldığını, ötən il Ulu Öndərin 100 illik yubileyinin Qırğızıstanda təntənəli tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov müasir dövrdə Türk xalqlarının ortaq tarixi-mədəni irsinin yaşadılmasının mühüm əhəmiyyətini vurğulayıb. O, bu cür tədbirlərin keçirilməsinin Türk dünyasında ədəbi-mədəni mübadilələri daha da gücləndirdiyini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Azərbaycan və qırğız xalqlarını ortaq mədəniyyət, qədim tarix və ənənələr, dil və folklorun birləşdirdiyini vurğulayıb. O, Türk xalqlarının inteqrasiya prosesinin sürətləndirilməsində ədəbiyyat sahəsinin önəmli rol oynadığını qeyd edib.
Tədbirdə, həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin katibi Səlim Babullaoğlu, Manasşünas alim Adil Cəmil çıxış edərək, ortaq mədəni-ədəbi abidələr ətrafında birləşən Türk xalqlarının ziyalılarının və gənclərinin Türk dünyasının inteqrasiyasında fəal iştirakının mühüm əhəmiyyətini vurğulayıblar.
Sonra Qırğızıstanın tanınmış yazıçısı, ictimai xadim Kayrat İmanaliyevin həyat və yaradıcılığına dair videoçarx nümayiş etdirilib.
Bədii hissədə Bakı Bələdiyyə Teatrının aktyorları - Azərbaycanın Əməkdar artisti Hüsniyyə Mürvətova, tanınmış aktyor Tural Əhməd və Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, gənc yazar Vəfa Mürşüdlü tərəfindən Qırğızıstanın Xalq yazıçısı Kayrat İmanaliyevin əsərlərindən parçalar səsləndirilib.
Tədbirdə, həmçinin ədəbiyyat, mədəniyyət və elm xadimləri, türkoloqlar, Bakı Dövlət Universitetinin tələbələri, eləcə də media təmsilçiləri iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(06.01.2024)
“ASAN xidmət” brendi beynəlxalq arenada təqdim olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Almatı şəhərində səfərdə olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin dəvəti ilə baş tutan səfərin məqsədi Şanxay Əməkdaşlıq Təşkilatının “Sənaye X” mövzusunda baş tutmuş “Rəqəmsal Almatı” Forumunda (“Digital Almaty”) iştirak olub.
50 000-dən çox ziyarətçinin iştirak etdiyi tədbirdə 30-dan çox sessiya təşkil edilib.
Ceyhun Salmanov Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva, Syerra-Leone Respublikasının rabitə, texnologiya və innovasiyalar naziri Salima Monorma Bah, Toqo Respublikasının rəqəmsal iqtisadiyyat və transformasiya naziri Sina Lovson, Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin birinci müavini Kanış Tuleuşın ilə ikitərəfli görüşlər keçirib.
Bu çərçivədə ölkəmizin “ASAN xidmət” konseptinin rəqəmsallaşma, şəffaflıq və dövlət xidmətlərinin inkişafı yolunda önəmindən danışılıb. Azərbaycan brendi olan bu modelin müvafiq sahədə şəffaflığın artırılması və müasir texnologiyaların tətbiqi baxımından önəmi diqqətə çatdırılıb.
10 ildən çoxdur ki, fəaliyyət göstərən “ASAN xidmət”in beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı idarəetmə modeli kimi qəbul edildiyi və bir sıra dövlətlərdə uğurla tətbiqi diqqətə çatdırılıb.
Görüşlərdə ASAN təcrübəsinə böyük maraq ifadə edilib və həmin ölkələrdə tətbiqinə dair müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
“ASAN xidmət”ə 70 milyonuncu müraciət qeydə alınıb
5 fevral 2024-cü il tarixində “ASAN xidmət”ə 70 milyonuncu vətəndaş müraciətinin qeydə alınması ilə bağlı tədbir keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Bu müraciət 7 saylı "ASAN xidmət" mərkəzinə Qazaxıstan Respublikası vətəndaşı Zemfira Yunussova tərəfindən edilib. O, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi xidmətindən yararlanıb.
70 milyonuncu müraciətin sahibi kimi Zemfira Yunussovaya təşəkkürnamə və ABADçı tərəfindən hazırlanmış simvolik hədiyyə təqdim olunub.
Hazırda 27 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan və Lənkərandadır.
“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.
Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil edir.
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)
Böyük Rüstəm İbrahimbəyovun “Ad günü”
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Zənnimcə, "Ölsəm bağışla", "Ad günü" kimi filmlər bu günə qədər öz aktuallığını qorumuş, müxtəlif epizodları dillər əzbəri olan filmlərdir. Belə filmlərin ekrana çıxmasında ən böyük yük də, ən böyük təşəkkür də ssenaristə düşür. Fikrimcə, Rüstəm İbrahimbəyov bu filmlərlə öz ən mükəmməl işlərini yaradıb.
“Ölsəm bağışla” — II Dünya müharibəsindən sonrakı illərdə baş verən hadisələrdən bəhs edən, dram janrında çəkilmiş bədii filmdir. Mənim bu filmdə ən sevdiyim cəhət budur ki, filmdə təsvir edilən məhəbbət bir çox sınaqlardan keçən, insan qəlbini pisliklərdən təmizləyən, paklaşdıran sevgidir.
“Ad günü” filmi isə uğursuz tale hekayətidir hardasa. İnsan yaşayır, amma niyə, nə səbəbə, bilmir və bir gün də başa düşür ki, sən demə, tutub gəldiyi bu yol onun yolu deyilmiş.
“Ad günü”ndən danışdım, bu gün məhz bu şedevrləri yaratmış Rüstəm İbrahimbəyovun doğum günüdür axı.
Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnsitutunu bitirmiş, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnmişdir. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilmişdir. 1989-cu ildə əsası qoyulan "İbrus" (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğuldur.
Nailiyyətlərindən bir qisminə - ssenaristliklə bağlı olanlara nəzər yetirək: “Urqa – məhəbbət dairəsi" (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-də "Cənnətə bağlı" (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də Oskar mükafatına nominant olub.
Ssenari müəllifi olduğu "Günəşdən usanmışlar" filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə "Ən Yaxşı Xarici Dilli Film" kimi Oskar mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan "Sibir bərbəri" 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı "Şərq-Qərb" filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş "Səhranın bəyaz günəşi" filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.
Rüstəm İbrahimbəyov 11 mart 2022-ci ildə uzun sürən xəstəlikdən sonra 83 yaşında Moskvada vəfat etmişdir. 13 mart 2022-ci ildə sənətkar ilə Moskvadakı Mərkəzi Kinematoqrafçılar Evində vida mərasimi keçirilmiş və 16 martda nəşi Bakıya gətirilmişdir.
Sənətkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(05.02.2024)