Super User

Super User

 

Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib. 

Sərginin müxtəlif ərazilərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin innovativ həlləri və maketləri nümayiş etdirilib. 

Rəqəmsal inkişaf və innovasiyalar blokunda süni intellekt əsasında fəaliyyət göstərən “RoboRek” robotu, “ASAN xidmət” mərkəzlərində vətəndaşların qarşılanması üçün nəzərdə tutulan  “Holoqram” kimi innovativ həllər təqdim olunub. Həmçinin elektromobillərin qidalandırılması üçün “INNOLAND” tərəfindən hazırlanmış “Charge Box” elektrik qidalandırma stansiyaları,  ağıllı sistem əsasında fəaliyyət göstərən əlil arabası mexanizmi burada quraşdırılıb.  

İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı blokunda video, animasiya, musiqi və digər qrafiki təsvirlərini özündə birləşdirən “Ağıllı kitab” nümayiş olunub.

Azərbaycan Milli Stendinin mərkəzində isə “ABAD”çı sənətkarların hazırladıqları əl işləri sərgilənib.

Açıq hava ərazisində isə Səyyar ASAN xidmət avtobusu yerləşdirilib. 

Sərginin məqsədi iştirakçı ölkələrin iqtisadi potensialını nümayiş etdirmək, birlikdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını müzakirə etmək və üzv dövlətlər arasında regional iqtisadi əməkdaşlığı gücləndirmək olub.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Bazar ertəsi, 27 Noyabr 2023 14:45

Bir fotoya şərh: Şərqi Avropaya şaxta hücumu

 

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə AP fotomüxbiri Aleksandr Kazakeviçin bir fotosu diqqətimi çəkdi, sanki fevral qışıdır, qarın altında qalan avtomobil və ağaclar çox miskindirlər, sanki qar ağırlığından inildəyirlər. 

Fotonun Moldovada çəkilməsi məni lap təəccübıəndirdi və mövzu ilə bağlı bilgi topladım ki, rubrikanın oxucuları ilə bölüşüm. 

Qara dəniz üzərində əmələ gələn siklon Şərqi Avropaya qar fırtınaları və şiddətli külək gətirdi. Bir neçə dəqiqəyə insan həyatını alan bir neçə yol qəzası baş verdi. 

 

Moldovanın Nisporensky rayonunda qəza 40 yaşlı bir kişinin həyatına son qoyub. Polisdən verilən məlumata görə, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Başqa bir qəzada sürücü hadisə yerində ölüb, iki qadın xəstəxanaya yerləşdirilib. 

Daha sonra yolda daha bir ölüm hadisəsi məlum olub. Orgeevski rayonunun Çiperçeni kəndi ərazisində baş verən qəzanın qurbanı 49 yaşlı qadın olub. Daha sonra…

Siyahı uzanır. Mənsə bu yerdə Allah bizləri qorusun deyirəm.

Yeri gəlmişkən, sinoptiklər sabahdan bizdə də havanın kəskin soyimasını proqnoz edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Bazar ertəsi, 27 Noyabr 2023 18:00

Zamanı niyə öldürək ki? - AKTUAL

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Zaman, sən bizə meydan oxuyursan, yoxsa, biz sənə? Səninlə yarışa girmək anlamsızdımı, yoxsa, bu, sadəcə mümkün deyil?

Bəli, sən qızıldan da dəyərlisən, hər saniyən ömrümüzü qısaldır. Ömrümüz canımızda zəncirlənib axı... Zaman canımızı bu zəncirdən qurtarmağa çalışır sanki... Bu zəncir qırılsa, zaman ömrü bitiricək, ya əbədi zamansızlığa düçar edəcək...? 

Qəribə sualdır... Gözümüzü qırpmadan ağ divara zilləyib ağ rəngin öz boyasından imtina etməsi kimi. 

Amma anlamalıyıq ki, beyin diqqəti yayındırmaq üçün qeyri-adi görüntülərlə siqnal verəcək.

 Zaman anlayışını insan öz işlərini rejimə salmaq üçünmü yaratdı? Bəzən də belə düşünürük. Nə qədər haqlıyıq, bax söyləyə bilməyəcəyəm.

Tez-tez də söyləyirlər: “Dünən dünəndə qaldı, gələcək özü gələcək, bu gününün qədrini bil".  Dünəni unutmaq-  "manqurtlaşmaq" işə yarayarmı, çox vaxt da dünəni unudub növbəti səhvləri eləyirik. Zamanla oynamaq işə yaramadı axı... Zamanı yox, pis düşüncələri unudaq, pis əməlləri " əməllər siyahısından əbədi silək." " İnsanlığın düsturuna" misal olaq. 

Zamana isə yaxşı əməllərlə iz salaq. O zaman "Zaman" özü bizdən razı qalacaq. Razılıq isə qəlbində mərhəmətinin, məhəbbətinin daha da artmasına səbəb olacaq. Nəticədə daha çox gözəl əməllər əlindən gələcək. Sən özündə rahatlıq tapacaqsan. 

Bencamin Franklinin bir deyimini xatırladım: "Əgər həyatı sevirsənsə, zamanı öldürmə, çünki həyat zamana bağlıdır".  Həyat isə əməllərimiz gözəl olanda gözəldir. Zamana gözəl əməllərimizlə meydan oxusaq, o zaman biz qazanmış olarıq.

Hər şey öz zamanında gözəldir. Gec qalıb peşman olmayaq, zamanı sürətli təyyarəyə bənzədək, amma pilot özümüz olaq. Boş yerə itirməyək, idarə edib məqsədlərimizə nail olaq. Zamanı itirsək, çox şey itirmiş oluruq, çünki zamanın dəyəri onun qiymətsizliyindədir.

Onere de Balzak söyləmişdir:" Vaxt öldürmək ən bahalı əyləncədir."

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

 

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

-Xoş gördük, Güzide xanım. Zəhmət olmasa öncə özünüz haqqında azərbaycanlı oxuculara məlumat verərdiniz.

-Bakalavr təhsilimi İqtisadiyyat fakültəsində, magistratura təhsilimi isə Fatih Universitetinin Hüquq fakültəsində bitirmişəm. Bilgi Universitetində ədəbiyyat seminarlarına qatılaraq yazıçılıq təhsili, həmçinin, Ssenari Müəllifləri Assosiasiyasının emalatxanalarında ssenaristlik təhsili almışam.

 

-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.

 

-Ancaq ədəbi səyahətimə başlayanda mənə güc verən böyük bir ailəmin olması idi. Yazmağıma imkan verən əsas arteriya bu gün həyatda olmayan ailə ağsaqqallarımdan aldığım ilham oldu. Məsələn, babam Avni Narmanlı böyük şair olub. Onun da çox dəyərli romanları, hekayələri var idi. Eləcə də, mənim yazıçı şəxsiyyətimin formalaşmasında atam Nebil Kotanın anama yazdığı şeirlər çox dəyərlidir. Bu dəyərli mirasdan aldığım payla ürəyim ucaldı, dünyagörüşüm genişləndi.

 Bu arada istedad mütləqdir. Bununla belə, onun texnikasını və riyaziyyatını öyrənmək mümkündür. Məsələn, tənlik qurulmazsa, cümlələr titrəyəcək və sözlər səpələnib havada uçacaq. Ədəbiyyatın texnikası və riyaziyyatı ziddiyyətli ifadə kimi görünsə də, mən belə hesab edirəm. Mən ağlımdan, eləcə də ürəyimdən istifadə edərək düzgün və nizam-intizamla yazmağın tərəfdarıyam. Tələb olunan şey çox diqqətli və rasional olmaqdır. Bütün məsələ diqqəti cəmləmək, personajların ruhuna daxil olmaq, onlar kimi düşünmək və o insan olmaqdır. Xarakterlərin mükəmməl uyğunlaşması, kəskinləşməsi və işarələnməsi. Bir sözlə, mövzunun mənimsənilməsi və möhkəm konstruksiya. Personajları yaxşı bilmək və buna görə də ədalətli davranaraq onları yazarkən obyektiv olmaq lazımdır.

 

-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi

 

-Uşaqlar üçün yazdığım “Xəyallar diyarının açarı” adlı 65 hekayədən ibarət 10 şəkilli kitabımın son variantını iki cilddə topladıq. Fantastik ədəbiyyatda metaforalarımdan istifadə etdiyim bu kitablar ibtidai siniflərdə ev tapşırığı kimi tədris olundu. Bəzi jurnallarda mətnlərin bölmələri götürülərək test sualları kimi istifadə olundu. Həmçinin bəzi universitetlərdə yekun dissertasiya və qrup işi kimi nəzərdən keçirilib.

 "Unudulmuş Foto Çərçivəsi" adlı hekayə kitabım həyat təcrübələri və bir az da ironiya ilə qarışan 19 hekayədən ibarətdir.

Sonralar iki romanım – “Zəkkum” və “Yüz illik xəyanət” nəşr olundu.

Son romanım “Məsumluq” biz tənhalaşdığımız və evlərimizə çəkildiyimiz pandemiya dövrünə təsadüf etdi. “Məsumluq” cümhuriyyətin ilk illərində Ərzincanda başlayan və bugünkü İstanbula qədər uzanan epik hekayədir... 27 dekabr 1939-cu ildə Ərzincanda gecə baş verən zəlzələ faciəsindən sonra köklü bir tarixə malik bir ailənin həyatında dönməz dəyişikliklər nəsillər boyu davam edir.

 

-Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?

 

-Yazarkən tək qalmaq mənim üçün çox önəmlidir. Yaratdığım dünya ətrafında hərəkət etmək və o dünyada həyat tapmaq üçün bütün diqqətimi cəmləməliyəm. Sakit, stresssiz, hər hansı narahatçılıqdan uzaq olmalı və daxili səsimi dinləməliyəm. Məsələn, televizorun açıq, qucağımda noutbukun, əlimdə telefonun olması mümkün deyil. Günün ən məhsuldar və konsentrasiya ilə yazdığım saatları günorta saatlarıdır. Axşam düşməyə başlayan kimi aydın düşünmək mənim üçün çətinləşir. Zərurət olmadıqca gecə yazmaq ən son seçimimdir.

 

-Ən çox sevdiyiniz yazıçı kimdir?

 

-Hörmətli yazıçı Pınar Kür mənim müəllimim olub. Bütün kitablarını darıxmadan, zövqlə oxumuşam. Onun bir sözü həmişə yaddaşımdadır.

"Unutma ki, oxucu səndən daha ağıllıdır.  Çünki oxucu bir səhv tapıb hər hansı bir şəkildə o  yanlışı yazıçıya çatdıracaq”.

 

 -Dəyərli vaxtınızdan bizlər üçün zaman ayırdığınız üçün minnətdaram, Guzidə xanım!

 

-Xoşdur Habil bəy! Mən də sizə və bütün əməkdaşlara təşəkkür edirəm! Türkiyə və Azərbaycan qardaş ölkələrdir... Bunu "bir millət, iki dövlət" kimi çox gözəl ifadə etmişlər... Ümidvaram qədim dostluğun nəticəsi olaraq aramızda olan birlik, həmrəylik daim davam edəcək...

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Bazar ertəsi, 27 Noyabr 2023 16:30

Bir dəfə duyulmayan min dəfə susar - HEKAYƏ

 

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Abituriyentlərlə yanaşı valideyinlərin də həyəcan içində olduğu iyul yenə də öz sürprizləri ilə gəlmişdi.

Fatimə kompüterin qarşısında həyacanla şəxsi səhifəsinə daxil olmağa çalışır, titrəyən barmaqları ilə kodu yazırdı.

Birdən o yerindən sıçrayıb, qışqırmağa başladı.

Qız: Ana...ana...ana... Bax...bax (hıçqıra hıçqıra, gözündə yaşla), 670 bal toplamışam. Yəni "Hüquqa" pulsuz düşürəme, ana, Hüquqa. Qızın Hüquqşünas olacaq, vəkil olacaq .

Ana: Təbrik edirəm. Amma hələ az yığmısan, üç ildi pullarımızı hazırlıq müəllimlərinin boğazına tökürük. Özü, də ki başın çatmir sənin, az?  Müəllimliyə verəcəksən. Qız uşağı üçün ən gözəl peşə budur.

Qız: Ana, nə danışırsan sən? Zarafat edirsən? Mən  üç il gecəmi gündüzümə qatmışam ki müəllim olum? Mən istəmirəm, mən bu peşəni sevmirəm. Mənim xəyalım Hüquqşünas olmaqdır. 

Ana: Mən zarafat edənə oxşayıram, az? Hüquqşünas olacaq, yox bir müqüqsunas olacaq. Sənin ağlın qaçıb ha. Rədd ol get otağına, əmimin oğlu müəllimdi, deyəcəm gəlib kodlaşdırmanı da etsin.

Qız: (ağlaya-ağlaya, qəhvəyiyə çalan termonun üstündəkiləri dağıdaraq) ana, sən görəcəksən, mən özümü öldürəcəm, onda meyidimi edərsən müəllim. Sən görəcəksən! Görəcəksən!

Ana:  Rədd ol! Qudurmuş küçük! Türk seriallarına çox baxırsan sən. Özünü öldürəcək, yox bir. Bizi biabır etmək istəyirsən, deyəsən, el aləmdə.

Qız: Batsın sizin bu cəmiyyət! Batsın sizin bu cahil beyniniz . Sizin kimi cahillərə görə hər il, hər gün, hər saniyə necə gəncin həyatı məhv olur: ya ümidləri puç olmuş, sadəcə, nəfəs alaraq, ya da nəfəsini bu dünyadan sonsuza qədər kəsərək. 

Ana: Sənə demədim, rədd ol burdan?! Cəhənnəmə öldür nə edirsən et. Mənim sən adda qızım yoxdu daaa, rədd ol, az!

 

Həmin günün axşamı. Başını qaraya bağlamış bir qadın, dizlərinə, başına döyərək,  gənc bir qızın meyidinin üstündə ağlayaraq deyir:

-Ay qızım, ay Fatimə, neynədin axı sən  özünə, neynədin. Qələt eləmişəm, ay bala, qələt eləmişəm, dala qayıt gəl, qucaqla yenə bərk- bərk məni. Ürəyimi yara etdin, ay bala. Oyy, Ay Allah, qələt eləmişəm. Ay Fatimə, ciyərimi yandırdın, ay bala, ciyərimi.  Gəl istədiyin yerdə qoyacam oxuyarsan. 

Yasa gələn arvadlardan biri: Bir görürsən az Sevdanı? Yalandan necə özünü artistliyə qoyur, guya qızını oxumağa qoymayıb, ona görə qız öldürüb özünü. Allah bilən, günahı öz boyunlarına, qızın nə zibil işi var imiş. Kim bilir, kimlərlə mıcığlaşıb, kimlərlə nə hoqqalardan çıxıbmış ki, öldürüb özünü. 

O biri arvad: Nə deyim e. Vallah indi gərək qızları tez verəsən ərə ki, ana-atanın başını yerə soxmasın. Allah haqqı mənim qızımı bilirsən də, gül kimi qız idi, amma yenə də tez verdim ərə. Nə var e mənim yanımda. Yaşı keçməmiş vermək lazımdı.

Başqa bir qonşu:  Hə də az, düz deyirsiz. Ay bacı, elə nəsə bir zibil işi var imiş bu qızın . Nəysə ee, Allah ailəsinə səbir versin...

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Bazar ertəsi, 27 Noyabr 2023 17:00

Epitafiya

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

28 iyul 2023

Salam. Xoş gördük, necəsən?

Heç xatırlayırsanmı məni hərdən?

Bu arada girişdə bir xala yerləri süpürürdü, gözümə toz düşdü, yoxsa elə bilərsən səni gördüyüm üçün ağlayıram, xeyir, ona görə yaşarıb gözlərim.

Özüm sənə buket deyil, dibçək gülü almışam, doğrusu almamışam, öz əllərimlə yetişdirmişəm onları.

Bir söz var deyir:

"Mən güllərin səmimiyyətinə inanıram, istər ən ucuz bir qaba, istər ən bahalı dibçəyə əkin, zəhmətiniz qədər gözəlləşəcəklər."

Həqiqətən də belədir, ucuz və ya bahalı bir qaba əkməyin fərq eləmir, onlara etdiyin qulluq önəmlidir.

Mən uşaqkən heç saxsı belə almazdım, əlimə keçən uyğun bir qaba əkərdim gülləri. Hətta bir dəfə bir gül əkmişdim, o qədər gözəl çiçəkləri var idi ki, evimizin önündən keçənlərin hamısının gözü o güldə qalırdı. Neçə nəfər istəmişdi o gülü məndən.

Bu gün sənə də o güllərdən gətirmişəm.

Çox böyük anlamlar yükləmişəm bu çiçəklərə. Və bu çiçəyi sənin evinin torpağına əkəcəm. Çünki o anlamlar ən çox sənə yaraşır və ən çox səndə gözəldir. Və bilirəm ki, bu gül də ən gözəl çiçəklərini sənin torpağına qarıışınca açacaq.

Bilirsən, bəzən həyatda bir yerə varmaq istəyirsən və o yerə varmağın üçün zaman lazım olur, uzun və məşəqqətli bir zaman. 

Bu zaman ərzində çalışırsan-çabalayırsan, fəqət o zaman keçib sən həmin yerə varıanda sanki bir yanlışlıq, bir əksiklik olduğunu hiss edirsən burada. Çünki ətrafına baxdıqda görmək istədiyin bəzi insanları görmürsən yanında. Hansı ki, sən o insanları çox sevirdin və  çox arzuladığın o yerə vardığında həmin  o insanların səni orda görməsini və səninlə qürur duymasını çox istərdin.

Və belə olduqda sən o yerə gəlib çatanda içində sevincdən, xoşbəxtlikdən zərrə əsər qalmır, əgər o insanlar məni burada görməyəcəksə, yanımda olmayacaqsa nə anlamı varki gəlib bura varmağımın?!

Halbuki nə qədər əmək sərf etmişdin o yerə varmaq üçün, ümidlərindən bir körpü düzəldib elə keçmişdin önünə çıxan uçurumların üstündən ki…

Bilirsən, mən də indi elə bir yerdəyəm və sənin məni orada görməyini, mənimlə qürur duymağını çox istərdim.

Sən isə məni bir ton cavabsız sualla üz-üzə qoyub çıxıb getdin. 

Çıxıb getdin və bir daha dönmədin.

Ondan sonra yalnız mən gəldim sənin görüşlərinə və həmişə mən gəldiyim kimi, həmişə də mən danışdım. Sən isə susdun. Elə hey susdun.

Uzun sözün qısası, bu gün sən Mübariz Tağıyevin mahnısının dili ilə desəm, Dünyanın ən xoş günündə əzab verirsən mənə...

Nə təsadüf yadında, deyərdin ki, "xatirə" çox bahalı bir mahnıdır. Onu hər kəs dinləyə bilməz. Onu dinləyə bilmək üçün gərək çox şeyini itirəsən...

Doğrudan sən niyə intihar etdin?

Bilirəm, onsuz bu dəfə də susacaqsan, bu dəfə də cavab verməyəcəksən mənə.

Narahat olma, gedirəm və bilirəm ki, yenə gələcəm. 

Nə vaxt gələcəyimi bilmirəm, amma yəqin gələcəm.  

Sən yəqin sözünün mənşəyini bilirsən də...

Çünki mən hansı tərəfə səmt götürsəm də, bütün yollarım sonda yenə sənə gəlib çıxır.

İnsan harada olsa, hara da getsə başını daim ən çox xoşbəxt olduğu yerə çevirərmiş...

Güllərim sənin torpağınla çiçək açacaq, hər gün onları sulamağı unutma və sonda bir də  heç vaxt unutma ki, Aqşin Yenisey demişkən, mən Tanrının deyil, sənin yoxluğunun ateistiyəm..

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

 

Dekabrın 18-20-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq.

Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltaraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin və milli irsimizin yaşadılması, inkişafı və təbliği, mövcud vəziyyət, maddi və qeyri-maddi irsimizə, təsviri və tətbiqi sənətə, tarixi abidələrə dövlət dəstəyi və digər istiqamətlərdə diskussiyalar olacaq.

Forumda “Azərbaycanın daşınmaz tarixi - mədəni irsinin tədqiqi və mühafizəsi problemləri”, “Postkonflikt dövründə Azərbaycanın tarixi - mədəni və təbii irsinin qorunması məsələləri”, “Azərbaycanda daşınar mədəni irs: muzey işi və müasir çağırışlar”, “Qeyri-maddi mədəni irsin mühafizəsi və müasir çağırışlar”, “Təsviri sənət və müasir çağırışlar”, “Mədəni irs və müasir memarlıq- Şəhərsalma prinsipləri” mövzuları üzrə panellər təşkil olunacaq.

Panellerdə müvafiq sahələrin mövcud vəziyyəti və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

 

La Roşel (La Rochelle) şəhərindəki Assosiasiyalar Birliyinin təşkilatçılığı ilə keçirilən “Les Papilles du monde” festivalında Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə ölkəmiz də təmsil olunub. Festivalda ənənəvi mətbəx və mədəniyyət vasitəsilə ölkələrin kulinariyası və mədəniyyəti təşviq edilib.

 

AzərTAC xəbər verir ki, Fransada fəaliyyət göstərən müxtəlif ölkələrin səfirliklərinin, eləcə də burada yaşayan müxtəlif xalqların nümayəndələrinin iştirakı ilə keçirilən festivalda Azərbaycan stendi və təqdimatı maraqla qarşılanıb.

Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, sənətkarlığı və mətbəxinə dair fransız dilində nəşr etdirdiyi kitablar nümayiş olunub. Milli musiqi alətlərini əks etdirən suvenirlər, milli ornamentlə işlənmiş armudu stəkanlar və nar budaqları ilə bəzədilmiş stendimizin ziyarətçiləri paxlava, şəkərbura, badambura kimi milli şirniyyatlarımıza, eləcə də milli mətbəximizin qutab, plov kimi dadlı təamlarına qonaq ediliblər.

Ziyarətçilər “Qarabağ” şərabı, onun hazırlandığı üzüm növü və hazırlanma metodu ilə maraqlanıblar. Azərbaycan şərabının yüksək keyfiyyətli olduğunu bildiriblər. Ziyarətçilər coğrafiyamızı və milli atributlarımızı əsk etdirən afişa vasitəsilə ölkəmizlə yaxından tanış olublar.

Səfir Leyla Abdullayeva festivalın təşkilatçılarına, eləcə də assosiasiya rəhbərlərinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş və xalqımızın milli mənəvi dəyərlər sistemində, adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindən olan kəlağayı baş örtüyü, eləcə də tar və kamança musiqi alətləri haqqında ətraflı məlumat verib. Həmçinin xalqımızın çoxəsrlik mədəni adət-ənənələrindən, milli mətbəximiz və geyimlərimizdən danışıb.

Eyni zamanda, Azərbaycan səfiri yerli radioya mədəniyyətimiz və mətbəximizlə bağlı müsahibə verib.

İştirakçı ölkələrin mədəniyyət proqramlarının təqdimatı zamanı səfir Leyla Abdullayeva çıxış edərək, festival təşkilatçılarına Azərbaycan mədəniyyəti və mətbəxinə dair məlumat verilməsinə yaradılmış bu imkana görə təşəkkür edib, mədəniyyətimiz və mətbəximiz haqqında danışıb.

Sonra milli geyimdə Azərbaycan rəqsi təqdim edilib. Rəqs zamanı böyük ekranda Azərbaycanla bağlı videoçarx nümayiş olunub. Təşkilatçılar yüksək səviyyəli təqdimata görə Azərbaycan səfirliyinə təşəkkür edib.

Festivalda Avropa, Afrika və Asiya qitələrindən olan çoxsaylı ölkələrin mədəniyyəti və milli mətbəxi təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

 

Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi keçirilib. Bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun dəyərləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə ustinadən məlimat verir.

Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 tammetrajlı sənədli, 2 qısametrajlı, 4 tammetrajlı bədii, 1 qısametrajlı animasiya film layihəsi olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.

Seçim Komissiyası və Ekspert şurasının yekun iclası noyabrın 28-də keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Bazar ertəsi, 27 Noyabr 2023 11:00

Şuşa necə qurulur? - AKTUAL

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Şuşa - Azərbaycanın üzük qaşı. Bu möcüzə şəhər get-gedə öz mədəniyyət beşiyi statusunu qaytarmaqdadır. İstiqlala qovuşduqdan sonra Şuşa öncə Azərbaycanın, hazırda Türk dünyasının, gələn ildən islam dünyasının mədəniyyət paytaxtı elan olunub. Bəs şəhərin Baş planı hazırda necə hazırlanır, məskunlaşma necə həyata keçirilir, ümumən Şuşada nə qədər abidə var? 

Suallarımızı Azərbaycanın tanınmış memarı Cahid Həsənova ünvanladıq və ondan aşağıdakı bilgiləri aldıq: 

 

-Şuşa Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri, ölkəmizin mədəniyyət beşiyi, “Qafqazın konservatoriyası” olmuşdur. Şəhərin ərazisi tarixi abidələrlə zəngindir. Rəsmi məlumata görə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən 72 tarixi abidə, həmçinin bir sıra dövlət xadimlərinin və tanınmış şəxsiyyətlərin mülkləri, ev-müzeyləri vardır. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayı Səfərəli tərəfindən zövqlə işlənmişdir.

Ermənistanın Azərbaycana qarşı apardığı 30 illik işağalçılıq siyasəti nəticəsində buradakı tarixi-mədəniyyət abidələri yerləyeksan edilmişdir. Şuşanın işğal altında olduğu illər ərzində şəhərdə memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək mədəniyyət və tarixi abidə, 22 ümumtəhsil məktəbi, 7 uşaq bağçası, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey dağıdılmış, məbəd və məscidlər təhqirə məruz qalmış, 20 kitabxana yandırılmışdır. Yerli memarlıq abidəsi hesab edilən binalar tamamilə məhv edilmiş, hətta görkəmli şəxsiyyətlərin büst və heykəlləri gülləbaran edilmişdir.

Şuşa işğaldan azad olunduqdan sonra möhtərəm Prezident İlham Əliyev şəhərin tezliklə bərpasını prioritet hesab etdi və sürətli bərpa işlərinə başlanıldı. 

Şəhərin Baş və müfəssəl planının hazırlanması Bakı Dövlət Layihə İnstitutunun layihəsi əsasında aparılır. Planlaşdırılan ərazinin ümumi sahəsi 389,58 ha təşkil edir. Bu yaxınlarda Bakı Dövlət Layihə İnstitutunun Planlaşdırma şöbəsinin müdiri Aytən Abdullayevanın bir açıqlamasına görə, şəhərin Baş və müfəssəl planının hazırlanmasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti də iştirak edir. Layihədə tarix və mədəniyyət abidələrinin mühafizəsi, müxtəlif məkan həllərinin köməyi ilə şəhərlə inteqrasiyası diqqətdə saxlanılıb, bu da çox vacibdir. 

Bu ərazidə əhalinin sayına görə 15 məktəbəqədər təhsil müəssisəsinin, 6 uşaq bağçasının layihələndirilməsi planlaşdırılır. Həmçinin layihədə səhiyyə müəssisələri, muzey, ticarət və əyləncə mərkəzi, rabitə evi, poçt binası, radio və televiziya yayım stansiyasının, digər sosial və iaşə obyektlərinin inşası nəzərdə tutulur.

2026-cı ilə qədər Şuşaya 2000-ə yaxın sakinin köçürülməsi planlaşdırılır.

O ki qaldı, Şuşa rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş abidələrin sayına, tarixi və mədəniyyət abidələrinin sayı 210-dur. Bunlardan biri, yəni Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu dünya əhəmiyyətlidir. Abidələrdən 49-u ölkə, 160-ı isə yerli əhəmiyyətlidir.

Və ən nəhayət, onu da deyim ki, monitorinq nəticəsində Şuşa rayonunda 10 yeni tarix və mədəniyyət abidəsi aşkar edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.