Super User
QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı
“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
67-Cİ DƏRC
Baş Hakimin söylədiyi proses barədə danışmaq üçün kürsüyə hüquqşünas dəvət olundu, o, əlindəki qovluğu nümayiş etdirib sonra işindəki bəzi kağızları çıxardı, oxumağa başladı:
-3 iyul 1994–cü ildə Bakı Metropolitenində tükürpədici bir terror hadisəsi törədilib, Gənclik və 28 May metrostansiyaları arasında baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Terror aktını törətməkdə təqsirli bilinən, Azərbaycanın ləzgilər yaşayan ərazilərində yaranmış separatçı Sadval təşkilatının üzvü Azər Aslanov həbs olunub. Məhkəmə zamanı müttəhim Aslanov bildirib ki, Qarabağ müharibəsinin iştirakçısı kimi erməni əsirliyində olub, əsirlik zamanı Zori Balayan onunla görüşüb və ona Bakı metropolitenində partlayış törətmək göstərişi verib. Aslanovun bu ifadəsi öz təsdiqini tapanda bununla əlaqədar olaraq Zori Balayana qarşı cinayət işinin açılmasına qərar verilib. 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa elan edib. Bundan sonra, Azərbaycan Baş Prokurorluğu MDB ölkələrinin aidiyyatı orqanlarına analoji təqdimatla müraciət edib. 2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi həbs edilib, lakin polis məntəqəsində 4 saat saxlandıqdan sonra ermənilərin canfəşanlığı sayəsində beynəlxlq havadarlarının təpkisi ilə sərbəst buraxılıb. Onun adı bundan sonra İnterpolun siyahısından da çıxardılıb.
Baş Hakim prosesin aktyorların ifası ilə davam etdiriləcəyini bildirdi, elan etdi ki, burada ayrıca Xocalı prosesi keçirilib, hamının qanını donduran həmin vəhşiliklər barədə müttəhimin nə yazması yəqin hamı üçün maraqlı olar. "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdilən soyqırım haqqında Zori Balayanın yazdıqları, xahiş etdi ki, bu səhnədən oxunulsun.
Bir kişi aktyor səhnəyə çıxıb intonasiya ilə sözügedən kitabdan bir hissəni oxumağa başladı:
-Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.
Tamaşaçılar arasından ucalan “lənət sənə”, “murdar”, “alçaq” nidaları o həddə şatdı ki, doğrudan da müttəhimin qamətinin büzüşdüyü, üzünü gizləmək çabaları aydın sezildi. Əlbəttə ki, tarixən belədir, bir vaxt bir şəraitdə yazdığı cümlələr sonda başqa şəraitdə adamın özünə qarşı kompromata çevrilir.
Baş Hakim prosesin bu yerində ssenarinin kulminasiya nöqtəsinin yetişdiyini söylədi, uşağın qətlə yetirilməsini qəhrəmanlıq hesab edən Zori Balayana meşədə körpə uşaq görüb ac olsa belə onu parçalayıb yeməyən canavar barədə bir pritça danışdı, dedi, əfsus ki, ən ali canlı sayılan insan adı daşısan belə, sən yırtıcı heyvandan belə yırtıcısan.
Sonra da prosesin son sənədinin səslənməsini istədi. Bu sənəd erməni millətçiliyinin kainatın ən saf, ən müqəddəs varlıqları sayılan körpələrə, uşaqlara yönəli qanlı cinayətlərinin bir hissəsini ortaya qoyacaqdı. Həmin sənədi də Baş ekspert özü səsləndirdi:
-Əlimizdəki minlərlə istintaq materiallarından, şahid ifadələrindən, tarixi sənədlərdən iqtibas etdiyimiz bu faktlar bir insan kimi mənim ürəyimi o qədər ağrıdıb ki, gecədən bəri altı tübik Karvalol içmişəm. Buyurun, siz də dinləyin. 1915-ci ildə insan qanına susamış erməni daşnaklar Osmanlı İmperiyasının Qars və Ərdahan yaşayış məntəqələrindəki əhalini qılıncdan keçirərkən kiçik yaşlı uşaqların bir qismi qaçaraq gizlənməyə nail olmuşdu. O zaman bu uşaqların toplanıb xilas edilməsi müzakirəyə çevrilmişdi. Azərbaycan mətbuatının "Yeni iqbal" qəzetində yazar Ömər Faiq Nemanzadə ürək ağrısı ilə yazırdı: "Ey həmiyyətli bakılılar, ey gəncəlilər, ağdaşlılar, şamaxılılar, şəkililər, üzümü sizə tutub yalvarıram. Hər biriniz 10-12 uşaq götürüb saxlayınız. Bir düşünün, sizin qucağınıza can atan balalar kimlərdir: ev-eşiyi viran olmuş, anası, atası boğazlanmış, 11-12 yaşlı bacısı aylarla vəhşi heyvanlarfın əlində qala-qala dəlilənib axırda tələf olmuş, bütün qohumu yox edilmiş, yarı canı qalmış öz millətinizin, türk millətinin balalarıdır". Bununla bağlı yazar Əhməd Cövdət isə "Açıq söz" qəzetində yazırdı: "Anadoludan ölüm sədaları gəlir. Anadoludan uşaqların ah-nalələri, iniltiləri eşidilir. İrz yox, namus yox. Balta, dəmir, tüfəng süngüsü ilə, daş-qaya ilə, qurğuşunlarla qırırlar. Canım, insan deyilmi bunlar?"
1918-ci ildə erməni silahlı quldurları Türkiyənin Katranlı kəndinə hücum edərək ətraf yaşayış məntəqələrinin əhalisini qılıncdan keçiriblər. Bu qanlı savaşda daşnaklar 1400 uşağı odda yandırıblar. 1918-ci il yanvar ayının 28-də Gəncənin Zağalı kəndində ermənilər 15 uşağı vəhşicəsinə qətlə yetiriblər. Həmin il Şamaxıda qırğınlar törədən daşnaklar 1277 uşağa işgəncə verərək öldürüblər. 1920-ci il yanvarın 6-da ermənilər Naxçıvanın Bılağ kəndində atəşə tutduqları yüzlərlə insanın arasında işgəncə ilə 25 uşağın həyatına son qoyublar. Elə həmin ilin müxtəlif aylarında öz yurdlarında yüzlərlə uşaq ermənilər tərəfindən min bir əzabla qətlə yetirilib. Təkcə Zəngəzurda güllələnən 7729 nəfərdən 2196-sı azyaşlı uşaq olub. Körpəni güllələmək, onu təndirə atmaq, yabaya, süngüyə keçirmək, şişə taxmaq, parça-parça edib quduzlara tullamaq ermənilərin adi məşğuliyyətinə çevrilib.
Rus fotoqraf Vladimir Sokolov uşaqların qətli ilə bağlı 1918-ci ildə Bakıda üç fotoşəkil çəkib. Onun yazdığına görə, gördüyü "mənzərə"lər ona ağır təsir etdiyindən şəkil çəkməyi başa çatdıra bilməyib. Birinci fotoşəkildə başında güllə, bədənində beş süngü yarası olan və sağ çiyninə qılınc yarası vurulmuş ananın qucağında körpə uzanıb. Ananın döşünü əmən körpənin ayağında süngü yarası var. İkinci şəkildə iri mismarla divara mıxlanmış iki-üç yaşlı uşaq təsviri var. Üçüncü şəkildə isə 13-14 yaşlı qızın meyiti həkk olunub. Onun cırılmış paltarları və qançırlardan zorlanaraq öldürüldüyü görünür.
70 ildən sonra erməni millətçiliyi öz qanlı əməliyyatlarını daha azğınlıqla davam etdirib. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin istintaq materiallarında göstərilib ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulduqda 216 nəfər qətlə yetirilib. Həlak olanların arasında 23 uşağın olduğu bildirilir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması həyata keçirilərkən yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşüb, körpələr amansız şaxtaya, qurd-quşa yem olub.
Bəzi tükürpədici faktları da konkret olaraq sadalayacağıq. 1988-ci il dekabrın 5-də Spitak şəhərində 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq borunu hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan tullayaraq uşaqları qətlə yetiriblər. Elə həmin ilin noyabrında Quqark rayonunda da bu cür hadisə həyata keçirilib. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblar. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açıb dəhşətə gəliblər.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
BİRİ İKİSİNDƏ – Səddam Laçının şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Səddam Laçınındır.
BİR QARIŞLIQ ADAM
Günəşi görmək üçün gecə baxırsan göyə...
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.
Biz isə ağıllıyıq, hər şeyi "düz" bilirik,
Ürəyin dünya boyda olsa da, biz bilirik,
Bir qarışlıq adamsan.
Saçında ağ tellərin qaralarla yarışır,
Belə də davam elə, sənə də bu yaraşır,
Tam yarışlıq adamsan.
Gözlərindən axanlar gözünə bir də baxmır,
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?
Ahın yerdən göylərə heç çatmasın, əzizim,
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.
YUXU YOZMA
Yum gözünü, bəlkə, hər şey düzəldi?
Bir yuxu ki gerçəyindən gözəldi,
Oyanma.
Oyandınsa, yuxulara inanma.
Bir yuxudu gerçək olan, bir həyat,
Aç gözünü, inanmasan, bir də yat.
Yubanma.
Yubandınsa, əbədi yat, oyanma.
Ölmüşəmmi ağlayasan, gözəlim?
Kim desə ki ağlamaqla düzəlir,
İnanma.
İnandınsa, ağla, qızım, utanma.
Bir eşqi ki qurban verdik bir səhvə,
Yüz dəfə də “gəlmə” desəm, bir dəfə
Gəl, amma
Bil ki, səni gözləyən var,
Yubanma.
QƏRİBƏ QADIN
Sən qəribə qadınsan,
Nəfəsin od kimidir,
Buz kimi görsənirsən.
Sən öz dərdi bir yana,
Hamının dərdin çəkən
Qız kimi görsənirsən.
Sən qəribə qadınsan,
Gözlərində həqiqət,
Dilində yalan yatır.
Ürəyində məhəbbət,
Qoynunda ilan yatır.
Sən qəribə qadınsan,
Yalandan dilin küsüb,
Dodaqların öpüşmür.
Gözlərin açıq qalıb,
Kirpiklərin görüşmür.
Özünü danlamaqla,
Ağlamaqla ötüşmür.
Sən qəribə qadınsan,
Əməlin arzularla
Bir gün üst-üstə düşmür.
BƏXTSİZ
Ay bəxti üzündən qara,
Qısqanırmı kömür səni?
Ömür deyib yaşayırsan,
Öldürəcək ömür səni.
Bu ki, heç kimə sirr deyil,
Ömür ölümlə bir deyil,
Dünya ölməli yer deyil,
Sevdiklərin gömür səni...
TREMOR RƏSSAM
Dağınıq otaq...
Fonda Mozart... Reqviem-d minor.
Kətan parça üzərində
Tələskən barmaqlar – tremor.
İki dünya bir olur hər səhər,
İki adam qovuşur hər axşam.
Səsləri kəsən bəstəkar,
Əlləri əsən rəssam,
Notlara hakim adam,
Rənglərə kəniz qız.
Bir gözü gölməçə,
Bir gözü dəniz qız…
UNUDULAN QADIN
Göz yaşını qurutmağın yanında
Bir dənizi qurutmağa nə var ki?
Dərd eləmə, qurban olum dərdinə,
Unut məni, unutmağa nə var ki?
Mən ki sənin sevmədiyin adamam,
Elədirsə, kimin dərdin çəkirsən?
Get tarının, mizrabının dərdin çək,
Niyə gəlib simin dərdin çəkirsən?
Axtardığın mən olsam da, əzizim,
İtirdiyin mən deyiləm, bilirsən.
Mən olsam da, itirdiyim adamı
Axtarmaram, sən deyiləm, bilirsən...
Bir bağçada gül olsan da, sonunda
Ləçək-ləçək qurudulan qadınsan.
Unut məni, unutmağa nə var ki?
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Uğur üçün 15 keyfiyyət - Möhkəm ailəyə malik olmaq
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
İynə-sap günü, Qolodomor və Alfred Nobelin vəsiyyəti
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bugünə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdırıram:
27 noyabr. İynə və sap günü
Nədir bu günün anlamı, dərzilərləmi bağlıdır? Dərhal deyim ki, yox. İynə və sap – bir-birini tamamlama günüdür. Sapsız iynənin, iynəsiz də sapın bir dəyəri olmadığı üçün onlar vəhdətin simvoludurlar. İnsanların da, bildiyiniz kimi həyatda ikinci yarısı, onunla vəhdət təşkil edəcək tərəf-müqabili olur. Bu iynə və sap günündə hamıya öz vəhdət yarısını düz tapmağı, səhv etməməyi arzulayıram.
27 noyabr. Ukraynada milli matəm günü
Bu gün qardaş Ukrayana xalqı Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edəcək. 1932-33-cü illərdə ukraynalıların kütləvi olaraq aclıqdan qırılması faktı mövcuddur. 13 milyon insanını həyatını itirdiyi o dəhşətli hadisənin səbəbini uzun illər Sovet rejimi dövrün çətinlikləri, taxıl ehtiyatlarının tükənməsi, quraqlıq, eyni zamanda əksinqilabi ünsürlərin törətdikləri sobotajlarla izah edib. Amma perestroykanın aşkarlıq siyasəti sovetlərin müdhiş cinayətinin üstünü açıb. Sən demə, 30-cu illərdə Ukraynanı bürüyən milli-azadlıq hərəkatının, Ukrayna xalqının sovet imperiyasından qopma tələblərinin müqabilində Kreml süni aclıq yaradaraq xalqı cəzalandırıbmış.
27 noyabr. Nüfuzlu alim Zakir Qarayevin ad günü
Gəlin qocaman alimimizi təbrik edək və haqqında bəzi bilgilər əldə edək. 2001-2004-cü illərdə İstanbul Universitetinin Tibb fakültəsi, Mikrobiologiya və immunologiya kafedrasında professor vəzifələrində çalışan, 2004-cü ildən Azərbaycan Dövlət Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasına müdirlik edən Zakir Qarayev müxtəlif mikroorqanizmlər, radiasiya, hormonal preparatlar, antibiotiklər və s. təsirindən orqanizmdə baş verən immun çatışmazlıqların və ikincili infeksiyaların formalaşma mexanizmlərinin tədqiqinə, diaqnostika, müalicə və profilaktika tədbirlərinin təkmilləşdirilməsinə nail olan görkəmli alimimizdir. (Üstünə düşsə, covid əleyhinə vaksin də hazırlaya bilər). O, 300-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Z.Qarayevin yazdığı “Tibbi mikologiya” kitabı mikoloji xəstəliklərin diaqnostikası və müalicəsi haqqında qələmə alınan yeganə əsərdir. Onun rəhbərliyi altında 69 fəlsəfə doktoru, 20 elmlər doktoru hazırlanıb. O, SSRİ-də 3 dəfə dünya miqyaslı konqres təşkil edib, 2009-cu ildə Bakıda 23 ölkədən 300-dən çox alimin qatıldığı 3-cü Avrasiya Klinik Mikrobiologiya, İmmunologiya və İnfeksion Xəstəliklər Beynəlxalq Konqresinin prezidenti kimi konqresin təşkilatçısı olub. Z.Qarayev dünyanın bir çox nüfuzlu elmi cəmiyyət və universitetlərinin akademiki və fəxri doktorudur. O, 2010-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
27 noyabr. Karandaş yadınıza düşürmü?
Hərb sevgili ruslar dəniz piyadası gününü bayram edəcəklər. Braziliyada əmək təhlükəsizliyi, İspaniyada müəllim, Britaniyada Lankaşir, Tailandda sağlamlığı möhkəmləndirmə günüdür. ABŞ isə bu dəfə Milli kremli Bavariya tortu gününü qeyd edəcək.
2010-cu ilin bu günündə amerikalı rejissor, “Ulduz müharibələri” və “Heç vaxt heç vaxt demə” kimi məşhur filmlərin rejissoru İrvin Kerşner dünyasını dəyişib. 1940-cı ildə xüsusən uşaqların çox sevdiyi, filmlərinə baxmaqdan doymadıqları, kinematoqrafiyanın savaş filmləri janrının ən görkəmli nümayəndəsi, Çin əsilli Amerika aktyoru Bryus Li doğulub.
1901-ci ildə Mixail Rumyantsev (şəkildə) – məşhur sovet klounu dünyaya gəlib. Uşaqkən bir dəfə atam məni Bakı Sirkinə aparmışdı, Karandaşın məzhəkəsinə. Bax Karandaş həmin Rumyantsevin təxəllüsüydü. Nə qədər gülmüşdümsə başımdan ağrı qalxmışdı. Sonradan – gərək ki, 83-cü ildə onun vəfat etməsi xəbərindən çox sarsılmışdım, xatırlayıram. O vaxtın yumoru, məzhəkəsi indiki kimi bayağı deyildi, hər bir ştrix hansısa anlamı ifadə edirdi. Həm gülürdün, həm düşünürdün.
1895-ci ildə isveçli Alfred Nobel Bakı neftindən qazandığı milyonlarının vəsiyyətnamə yazaraq Nobel fonduna köçürülməsini təmin edib. 1701-ci ilin bu günündə başqa bir məşhur isveşlinin – astronom, geoloq və meteroloq Anders Selsinin (temperaturun dərəcə ölçüsü onun adıyladır) doğum günüdür. 1095-ci ildə Roma Papası 2-ci Urbanın qərarı ilə tarixdə ilk səlib yürüşü baş tutub. E.ə. 8-ci əsrdə isə antik dünya ədəbiyyatının tanınmış siması, şair Horatsiy dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Bizdə universitetlər azdırmı, çoxdurmu?
Könül, “Ədəbiyyat və incəsənət”
Orta və agıl yaşlı əhali hey deyinir ki, bu nədir, ölkədə ali təhsil ocaqlarınln sayı yağışdan sonrakı göbələk sayı qədərdir, bir ucdan kadr istehsal olunur, halbuki sovet vaxtında cəmi 6-7 ali təhsil ocağı var idi. Gileyə səbəb ali təhsil diplomlu savadsız kadtların bolluğudur.
Əcabə, bizdə həqiaətənmi universitetlər çoxdur? Demək, Azərbaycanda 54 universitet var. Təbii ki, həm dövlət, həm də özəl universitetlərdən söhbət gedir. Bu çoxdurmu? Məsələn, qonşu Rusiyada 1010, İranda 440, Türkiyədə 209 universitet var. Deyəcəksiniz, bu ölkələrdə əhali bizdən xeyli çoxdur.
Əhalicə bizə tam yaxın olan Afrika ölkəsi Tunisi götürək, 12 milyon əhalisi olan bu ölkədə 236 universitet var. Demək, təqribən, 51 min adama 1 universitet düşür. Bizdə isə 185 min adama 1 universitet düşür.
İndi nəticəni özünüz çıxarın, bizdə universitet azdımı, ya çoxdumu.
Bu arada portalımızın izləyicilərinə Statista portalında dərc edilən Dünyada ən çox universiteti olan ölkələrin siyahısını təqdim edirəm.
1. Hindistan 5349
2. İndoneziya 3300
3. ABŞ 3200
4. Çin 2945
5. Braziliya 1264
6. Meksika 1139
7. Rusiya 1010
8. Yaponiya 992
9. Fransa 625
10. Almaniya 461
11. İran 440
12 Polşa 408
13. Cənubi Koreya 401
14. Kanada 383
15. Filippin 366
16. Pakistan 359
17. Malayziya 351
18.Böyük Britaniya 331
19. Ukrayna 300
20. Kolumbiya 299
21. İtaliya 289
22. Nigeriya 278
23. İspaniya 276
24. Tunis 236
25. Türkiyə 209
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Kişi olmaq məsuliyyəti - BU ÖHTƏLİYİN DOĞURDUĞU FƏSADLAR
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Çoxdandır yazmaq istədiyim, düzünü desəm, yazmağımı istədikləri bir mövzu var idi. Mövzumuz kişilərə həsr olunub. Bəli təəccüblü olsa da, kişilərdən danışacağıq bu dəfə.
Apardığım müşahidələrdən açıq-aydın görürəm ki, cəmiyyətdə kişilərdən elə də çox danışılmır. Onları hansısa vəzifənin incraçısı olaraq görüb də sadəcə müəyyən işlər üçün nəzərdə tutulan robotlara çevirmişik. Bəli, bu sözlərim çox ürəyaçan olmasa da, cəmiyyətimizdə kişi olmaq qadın olmaqdan daha çətindir. Çünki, kişisənsə güclü olmalısan, sərt olmalısan, özünü və çevrəni qorumalısan, iş sahibi, ev, maşın, pul sahibi olmalısan. Eyni zamanda zəhmli, hər şeyə dözən, ağlamayan, gülməyən qısacası duyğularını yox etməyi bacaran ətdən robot olmalısan. Əgər sən kişisənsə cəmiyyət səni əlləri və ürəyi qabarlı olmağa vadar edir. Bəs bu fikirlər haradan formalaşır? Belə düşüncələrin nəticəsində öz cinsiyyətindən imtina edən, qoruyan yox qorunmaq istəyən şəxsiyyətini satan neçə min insan var bilirikmi? Təssüf ki, bir çoxumuz sadəcə qınamaqla məşğuluq və öz pafoslu çıxışlarımızda insanları alçaltmaqdan başqa heç bir çarə tapa bilməyib boş danışırıq və çox zaman keçmişlə müqaisə edilməkdən bezən gənc təbəqədə formalaşan oğlanlar kişi olmaq üçün ya öz böyüklərini örnək götürür, ya da kişi olmamaq üçün özünü axırıncı yola qoyur. Məhz bu məsələdə də, məsuliyyət qadınların üstünə düşməlidir. Əgər qadın istəsə yoldaşını, övladını, hətta atasını belə tərbiyə edə biləcək gücə qadirdir. Əgər bu cəmiyyətdə qadınlar yoldaşlarına maaşları qədər hörmət etmək əvəzinə ona sevgi versə, onu xoşbəxt etmək üçün qucağına uşaq doğub yeməyini isti, yatağını, paltarlarını təmiz etməkdən əlavə onu dinləsə, söhbət etməyə çalışsa birlikdə ən azı bir ortaq mövzuda müzakirə etsə, kişi üzərində təkcə evin rəisi olmağın məsuliyyəti və bu məsuliyyət ödənildiyi təqdirdə qarşılıq görmək əvəzinə sevilmək üçün daha çox çabalayar.
Əgər analar övladlarına kişi ağlamaz əvəzinə kişi ağlatmaz, məsumun ahını almaz, heyvanlara zərər yetirməz, yerə tüpürməz kimi olması gərəkən insani keyfiyyətləri aşılasa, onu həqiqətən normal bir fərd kimi öz işini özü görə biləcək şəkildə, yəni yemək bişirməyin, yatağını səliqəyə salmağın, dağıtdıqlarını yığışdırmağın onun kişiliyindən heç nə əskiltmədiyini anlatsalar, bu cür bəsit ehtiyaclarını ödəyə bilməyən kişilər qarşı cins ilə öz potensialını balanslaşdırmaq üçün qadınların təhsil almasına və işləməsinə mane olmaz.
Kim bilir, bəlkə belə cəmiyyətdə kişilər satın alınan gülləri zəhmətlə torpağa əkilən güllərə dəyişməz. Bəlkə də, ağlamaq istəyəndə kişiliklərindən utanmaz, bəlkə də, atalarına oxşamaq üçün yox, özlərini hiss etmək üçün yaşayarlar. Və bəlkə atasından sevgi görən qızlar sevgini başqalarında axtarıb bədbəxt olmaz.
Bəlkələrimiz xoşbəxt sonlarımız olsun.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Dünyanın ən qalın kitabı
Səidə Sübhinin köşəsi
Bu gün kitabların həcmindən danışacağıq. İndi kitabların həm maya dəyərinin ucuz olması, həm də oxucunu qorxutmaması üçün nazik çıxartmaq dəbi var. Amma haçansa kitabın sanbalı olun qalınlığı ilə ölçülərmiş.
Dünyada ən qalın kitab isə 18-ci əsrin ortalarında yazılmış pəmbə üzlü “Klarissa” romanıdır. Britaniyalı Samuel Riçardsonun yazdığı bu roman 984 870 sözdən ibarətdir.
Müqayisə üçün deyək ki, günümüzdəki romanlar orta hesabla 50 000 sözdən ibarət olur.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
ASAN xidmət “Peşəkar 100 il” idarəçilik marafonunu reallaşdırır
25 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılan “Peşəkar 100 il” idarəçilik marafonunun açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsəbət” portalı ASAN İnnovativ İnkişaf Mərkəzinə istinadən xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş layihənin məqsədi gənc menecerləri Ulu öndərin zəngin idarəçilik təcrübəsi ilə tanış etməklə onların kadr potensialının formalaşmasına dəstək olmaqdır.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov və digər şəxslər iştirak ediblər.
Öncə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qonaqlar müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik tariximizdəki zəngin siyasi irsindən və idarəçilik təcrübəsindən söz açıblar. Diqqətə çatdırılıb ki, məhz Ulu öndərin məqsədyönlü və müasir idarəçilik modeli Azərbaycan xalqının milli rifahının daha da yaxşılaşmasına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə hədəflənib.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və peşəkar idarəçilik yoluna həsr olunmuş, eyni zamanda ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair videoçarxlar nümayiş etdirilib, təqdimat baş tutub.
Ardınca “İdarəetmədə yeni çağırışlar” mövzusunda panel müzakirələr reallaşdırılıb. Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovun moderatorluğu ilə baş tutan müzakirələrin spikerləri “MilliKart” MMC-nin İdarə Heyətinin sədri Söhrab Fərhadlı, “Azəricard” MMC-nin baş direktoru Fərid Quliyev, “SİNAM” MMC-nin prezidenti Elçin Əliyev və “Rabitəbank” ASC-nin baş direktoru Ziya Nuriyev olublar.
2 ay boyunca davam edəcək və 100 nəfəri əhatə edəcək “Peşəkar 100 il” idarəçilik marafonunda iştirakçılara müxtəlif istiqamətlərdə idarəçilik təlimləri və ustad dərsləri təşkil olunacaq.
Qeydiyyat üçün link:
https://forms.gle/G9Gu423bWKcZRrxRA
Sponsorlar: “Rabitəbank” ASC, CHOCO ART
Tərəfdaşlar: “ASAN Könüllüləri” Təşkilatı, “Başkənt” restoran və şirniyyat evi, “CreaTime”, "Final çay"
Media tərəfdaşı: ASAN radio
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
DOST-lar üçün “Meksika Mətbəxi Günü”
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Meksika Mətbəxi Günü” təşkil olunub. Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero da tədbirdə iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə istinadən xəbər verir ki, mərkəzin direktoru Nigar Məmmədova qonaqları Azərbaycan və Meksika incəsənətinə məxsus əl işlərinin yer aldığı sərgi ilə tanış edib.
Qonaqlar Mərkəzdə təlim alan sosial cəhətdən həssas əhali qruplarına aid şəxslərin müxtəlif üslublarda hazırladığı bədii oyma, təsviri incəsənət, keramika, floristika, xalçaçılıq, toxuma və tikmə nümunələrinə baxıblar.
M.V.R.Kabalyero xalqlarımız və mədəniyyətlərimiz arasındakı oxşar xüsusiyyətlər, habelə benefisiarların Meksika mədəniyyətini tanımaq istəyi ilə bağlı xoş təəssüratlarını bölüşüb.
Sonra xanım səfir Mərkəzin 15 benefisiarının iştirakı ilə master-klassda iştirak edib. Mərkəzin Kulinariya istiqaməti üzrə təlimçiləri-Azərbaycan Kulinarlar Gildiyasının rəhbəri İlkin Əkbərzadə və Azərbaycan Peşəkar Qənnadçılar Assosiasiyasının rəhbəri Eynur Nağdəliyev benefisiarlara Meksika mətbəxindən kesadilyanın hazırlanmasında köməklik göstərib.
Qonaqlara Mərkəzin təlimçiləri və benefisiarlarının ifasında Meksika folklorundan nümunələr, sevilən dünya hitlərindən ibarət musiqi nömrələri təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)
Düyünlənmiş qəfəs
Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
23-35 yaş üçün:
Yaş artdıqca anlayacaqsan ki, özünü təkmilləşdirməlisən. Bu dəfə səni hərəkətə gətirən həvəs, ya da motivasiya olmayacaq. Disiplin və iradə olacaq.
Anlayacaqsan ki, bir işi bacarmaq üçün motivasiyaya ehtiyacın yoxdur, disiplinə və əzmkarlığa ehtiyacın var. Öyrənəcəksən, öyrəndikcə çıxacaqsan qəfəsdən. Başa düşəcəksən ki, böyümək üçün başqalarının başının üstündə cəllad kimi durmasına ehtiyac yoxdur. Sən özün özünün hakimi, hisslərinin cəlladı olacaqsan. Sevgi qatili olacaqsan özünə qarşı.
Səni aldadan sevgilidən, nəfsini yeniləməklə qurtulacaqsan. Bəziləri üçün valideyn ən böyük dost, bəziləri üçün isə aşılması çətin olan bir baryer kimi görünür. Əgər o baryeri aşa bilsən valideynlərinlə dost olacaqsan. Ancaq o baryeri sındıraraq və ya dağıdaraq keçmək olmaz, gərək qəfəsin qapısının harada olduğunu tapasan. Onlar səni qorumaq üçün qəfəsə salıb. Qəfəsi dağıtsan onların qəlbini qıra bilərsən. O qəfəsin qapısını düyünlənmiş bir ip misali asta-asta və aramla açmalısan. Onların ürəyinə gedən yolu tapa bilsən valideynlərin sənin ən böyük dəstəkçin olacaq. Yox, əgər tapa bilməsən onların yanında dustaq olacaqsan.
“Ədəbiyyat və incəsənət”
(27.11.2023)