Küveytdə keçirilən sərgidə Azərbaycan stendi qurulub

Küveyt Dövlət Universitetinin Sabah əl-Səlim tədris korpusunda iyunun 10-13-də “Turizm və Səyahət” adlı sərgi təşkil olunub. Tədbirdə Küveytin müxtəlif sektorlarını təmsil edən yerli qurumlarla yanaşı, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri də iştirak ediblər.

 

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən AzərTAC-a bildirilib ki, sərgidə diplomatik nümayəndəliyimizin dəstəyi ilə Azərbaycan stendi qurulub. Sərgiyə gələnlərə ölkəmizin tarixi, mədəniyyəti, mətbəxi, turizm potensialı barədə məlumat verilib.

 

Eyni zamanda, 2024-cü ildə Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olması və bu il üçün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ziyarətçilərin diqqətinə çatdırılıb. Sərginin təşkil edildiyi zalda ölkəmizin şəhər və rayonlarının, habelə Şuşa şəhərinin tanınmış məkanlarına aid stend quraşdırılıb və səfirliyin dəstəyi ilə çap edilmiş “Şuşa: Azərbaycan mədəniyyətinin paytaxtı, Qarabağın incisi” kitabı iştirakçılara təqdim edilib.

 

Eyni zamanda, tədbirdə cari ilin noyabrında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcəyi və bununla əlaqədar olaraq 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğu barədə məlumat verilib. Həmçinin tədbirin keçirildiyi zalda quraşdırılmış ekranlarda COP29-un loqosu və bununla bağlı videogörüntülər nümayiş etdirilib.

 

Sərgini Küveyt Universitetinin müəllim-tələbə heyəti ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də ziyarət ediblər.

 

Sərgiyə gələnlərə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Küveyt-Bakı istiqaməti üzrə reyslərinin uçuş tarixləri və xidmətləri barədə də məlumat verilib.

 

Azərbaycan stendində videomateriallar vasitəsi ilə ölkəmizin tarixi-mədəni abidələrinə, gəzməli-görməli yerlərinə virtual səyahət də təşkil olunub.

 

Sərgidə fəal iştiraka görə səfirliyə Küveyt Universitetinin sertifikatı təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.