Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindən idi. Yaxşı bir nəsil kimi şəcərəsi indi də Xızıda ehtiramla yad edilir…
Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdi. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdi. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdı.
Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdu. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adına layiq görülmüşdü. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdi.
1944-cü ildə "Azərbaycan sovet ədəbiyyatının inkişafı yolları" mövzusunda namizədlik, 1954-cü ildə isə "Cəfər Cabbarlının yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Filologiya elmləri doktoru idi…
Gözləyirdik ki, iyunun 10-u bu böyük ədibin 120 illiyi ya AMEA və ya da ki, Elm və Təhsil Nazirliyi tərəfindən yüksək səviyyədə qeyd ediləcək. Amma həmin gün necə deyərlər, səssiz-səmirsiz keçdi. Ona olan ögey münasibəti görüb əndişələnməyə bilmirəm. Hələ də külliyyatı latın qrafikası ilə nəşr olunmayan alimlərdəndir…
Bir vaxtlar Şeyx Şamil haqqında əsər yazan Heydər Hüseynovu müdafiə etdiyinə görə, rusbaşlar hələ də ona qısqanclıqla yanaşırlar. Bəlkə də günahı “TAR”la bağlı yazıları olub, bilmirəm. Amma onu bilirəm ki, ona dəyər verməyə borcluyuq…
Məmməd Arif Dadaşzadınin bir vaxtlar yaşadığı binaya, dəfələrlə müraciət olunsa da hələ də barelyefi vurulmayıb.
“Ədəbiyyat və incəsənət”
(14.06.2024)