Gəncədə “Sevgi Meksidadadır” adlı konsert

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub. Meksikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı, Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə keçən konsertdə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero çıxış edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, xanım Kabalyero Azərbaycan və Meksika xalqlarının qədim tarixə, güclü dövlətçilik ənənələrinə malik olduğunu deyib, Meksikalı ifaçıların konsertinin maraqlı olacağını bildirib. Həmçinin səfir Gəncə Dövlət Filarmoniyasına təşəkkürünü bildirərək, bu cür layihələrin Azərbaycan-Meksika mədəni əlaqələrinin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Meksikalı tenor Luis İtzkoatl və pianoçu Maurisio Duran maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsertdə Meksikanın milli vokal musiqi nümunələri və gənc bəstəkarlarının əsərləri səsləndirilib.

Konsertin sonunda ifaçılar Müslüm Maqomayevin “Azərbaycan” əsərini ifa ediblər. Meksikalı ifaçıların bu jesti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.