Super User
Xudafərin körpüsü əfsanəsi
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Keçmiş zamanlarda böyük bir mahalda dinləri bir, dilləri bir insanlar məskən salmışdılar. Tanrı bu mahala dünyanın heç bir yerində olmayan bütün sərvətləri bəxş eləmişdi. Buranın insanları da doğru dürüst idilər. Mahalın tən ortasından kiçik bir çay axırdı. Çayın suyu dayaz olduğundan insanlar bir-birinin evlərinə çayı ulağ, atla keçib gedərdilər. Və bu mahalı da o tay, bu tay adlandırmışdılar. Bir gün fəlakət üz verdi. Güclü sel gəldi, çayın qırağındakı evləri yuyub apardı. Abbas kişinin qızı çayın o tayındakı evlərdə ərdə idi. Nəvələri isə babanın yanında, görüşə gəlmişdilər. Sel gələndə ana o tayda, balalar bu tayda qaldı. Ana fəryad qopardı, balalarına qovuşmaq üçün. Amma güclü axar çay onları qovuşdura bilmədi. Bir gün ana üzünü tanrıya tutub dedi, Allahım sən bizi yaradansan. Və mən də sənin izninlə o balalarımı yaratdım, indi bir möcüzə elə, mən balalarıma qovuşum. Səhərisi gün doğrudan da möcüzə baş verdi. Çayın aşağı yatağında 15 tağlı, yuxarı yatağında isə 11 tağlı körpü göründü. Ana Allahına çoxlu dua edib, balalarına qovuşdu. O vaxtdan körpülər Xudafərin körpüsü adlanır. Yəni,“Allahın yaratdığı” bu körpülər o vaxtdan bugünəcən nə qədər insanları görüşdürmüş, ayrılıq yollarını birləşdirmişdir.
Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. Körpü haqqında ilk məlumat VIII–IX əsrlərə aiddir.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Deyl Karnegidən üzü bəri
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Təbiidir ki, illərdir bir çox müəlliflər uğur qazanmağın yollarını göstərmək niyyəti güdən kitablar yazıblar. Onların içində adı dünyalarca məşhurlaşanlar, ən tanınmış motivasiya spikeri adını alanlar da var, yazdıqlarını bestseller səviyyəsinə daşıya bilməsələr belə, kütləvi oxucu qazanmaq şərəfinə nail olanlar da var, heç bir iz qoya bilməyərək yazdıqlarının makulaturaya çevrilməsiylə barışanlar da var.
Əlbəttə ki, mən öz tədqiqatım boyunca ən çox səs-küy qoparan «uğurqazanma bestsellerlərinə» toxunacağam. Oxuculara oxunması məsləhət görülən bu bestsellerlərin əsas müddəalarını göstərəcək, tezislərini qabardacağam.
Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.
Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.
Bilmirəm, başqa ölkələrdə necədir, amma bizim Azərbaycandla motivasiya spikeri söylənəndə ilk öncə ağıla Deyl Karnegi gəlir. Motivasiya kitabı söylənəndə isə ağıla onun «Dostları necə qazanmalı və insanlara necə nüfuz etməli» (Kak zavoevıvatğ druzey i okazıvatğ vliənie na lödey) kitabı gəlir. İlk dəfə 1937-ci ildə dərc edilən və dərhal da populyarlaşan bu kitabı, əminəm ki, dünyanın əksər digər dövlətlərində də motivasiya ədəbiyyatının klassikası hesab edərək sevirlər. Dahi liderlərin və biznesmenlərin həyatlarından olan real hadisələr kitabı olduqca maraqlı və faydalı edib.
Həmin 1937-ci ildə haqqında ayrıca danışacağımız daha bir motivasiya şedevri – Napoleon Hillin «Düşün və varlan» kitabı da işıq üzü görüb.
Bu kitabdan bir qədər öncə, 1926-cı ildə Amerikada motivasiya ədəbiyyatının pionerlərindən olan «Vavilonda ən varlı adam» (Samıy boqatıy çelovek v Vavilone) kitabı işıq üzü görmüşdü. Corc S.Kleysonun bu kitabı çoxları üçün şəxsi maliyyənin idarə edilməsi işində əsas bələdçiyə çevrilmişdi.
Motivasiya ədəbiyyatı adlı janrın banisi isə, şübhəsiz, Britaniya yazıçısı Ceyms Allendir. XIX əsrdə – 1864-cü ildə İngiltərənin Lester şəhərində günyaya gəlmiş Ceyms Allen bütün həyatı boyu nə şan-şöhrət, nə də var-dövlət qazana bilmişdir. Bununla belə, bu şəxs yüz illərdir ki, insanlara öz əsərləriylə şan-şöhrət və var-dövlət qazanmağın sirlərini öyrətməkdədir.
Onun 1902-ci ildə yazdığı «Düşünən insan» (Çelovek mısləhiy) adlı əsəri isə tarixin ilk motivasiya kitabı kimi tanınır. Bu hissədə həmin kitab barədə ayrıca söz açacağam.
Bazar ertəsindən etibarən əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğu şərh etməyə başlayacağam.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Beşmərtəbəli binanın yarızirzəmi olan alt mərtəbəsinin mənzillərindən birində masa arxasında oturmuş adam barmaqları arasında tutduğu siqaretə son qullabı vurub külqabıya basdı. Ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Pəncərədən birbaşa evin içi göründüyü üçün qaldığı gündən bu birotaqlı mənzilin tək pəncərəsinin pərdəsini həmişə bağlı saxlayırdı. Əlini uzadıb pərdəni azca araladı və bayıra baxdı. Buradan, küçə ilə keçən adamların, əsasən, ayaqlarını görmək olurdu. Bu mənzildə qaldığı ilk günlərdən darıxanda pəncərədən baxıb üzünü görə bilmədiyi adamlar haqqında ayaqqabılarına baxmaqla özlüyündə təsəvvür oyatmağı məşğuliyyət seçib bu yolla başını qatırdı. O, gözəl bilirdi ki, insanın varlı və ya kasıb olmasını nişan verən ilk əlamət onun ayaqqabılarıdır. Ortabab imkanlı bir adam, bir kostyuma iki yüz əlli-üç yüz manat verdiyi halda, heç vaxt üç yüz manata ayaqqabı almaz. İmkanı daha zəif olan biri isə, ümumiyyətlə yüz-yüz əlli manata kostyum alarsa, ondan baha qiymətə ayaqqabı almağı heç ağlının ucundan da keçirməz. Burada həmin adamların maddi imkanları nə qədər rol oynayırsa, psixoloji yanaşmaları da bir o qədər rol oynayır. İnsanlar bütün bədəni örtüb uzaqdan diqqəti cəlb edən kostyumla, təkcə bu bədənin ölçülərinin təxminən əllidə biri qədər olan ayaqları örtmək üçün nəzərdə tutulan ayaqqabıları alarkən elə bunu nəzərə alıb mütləq kostyumun qiymətindən dörd-beş dəfə ucuzunu seçirlər. Çox imkanlı olanlar isə, əksinə, mütləq qaydada ən bahalı ayaqqabıları seçib alır, ayaqqabını qarderoblarının vacib komponentlərindən biri hesab edirlər. Bu tendensiya imkanına görə insan kateqoriyalarının istər tufli, istər idman ayaqqabısı, istərsə də yay mövsümündə geyindikləri çəkələklərdə də eynilə müşahidə olunur.
Son bir il müddətində təlim keçdiyi qapalı düşərgədə peşəkarların buna bənzər incəliklərlə yanaşı geyim və ayaqqabılar haqqında da verdikləri biliklər, indi qaldığı mənzilin pəncərəsinin qarşısından keçən adamların ayaqlarını seyr edərkən yadına düşmüş və başını bununla qatırdı.
Budur, çəliyinə söykənib asta-asta gedən qocanın ayaqqabıları necə də nimdaşdır. Rəngi solmuş, dabanları isə tamamilə yeyilib. Sözsüz ki, qoca təqaüdçüdür. Aha, bu da yan-yana gedən ortabab cütlük. Heç də kasıb görünməyən əyin-başlarını bir qədər də zəngin göstərmək üçün kişi «inspektor» tufli, qadın isə «Nike» şirkətinin krosovkalarını geyiniblər. Əlbəttə ki, heç birinin orijinal olmadığı diqqətlə baxan kimi hiss olunur. Əks təqdirdə bu iki cüt ayaqqabının qiyməti, bu cütlüyün başdan-ayağa geyindiklərindən iki-üç dəfə baha olardı.
Uzaqlaşan cütlüyü baxışları ilə yola salan adam, daha kimin gəldiyini görmək üçün pərdəni bir az da yana eləyib başını sağ tərəfə döndərdi. Elə bu zaman düz pəncərənin tuşuna çatan gənc xanım büdrəyib az qaldı ki, yerə yıxılsın. Müvazinətini saxlamaq üçün əlini səkinin kənarındakı ağaca atdığından əlindəki kitablar yerə dağıldı. Xanım əynindəki donu qısa olduğu üçün bir qədər ətrafa boylanıb sonra arxasını binaya tərəf çevirdi və əyilib kitabları yığmağa başladı. Əyilərkən onsuz da qısa olan donu lap yuxarı sürüşdü və əynindəki arxasını yarıya qədər zorla örtən mavi rəngli qısa alt tumanı tamamilə çöldə qaldı. Altdan yuxarı gənc qadının yarıçılpaq arxasını seyr edən adam başını bulayıb baxışlarını yayındırdı və pərdəni çəkib bağladı. Xeyli müddət tək olmasına baxmayaraq gördüyü gözəl qadın bədənindən ehtiraslanmaq istəmirdi. Aldığı tapşırığın ciddiliyi ondan fikrini başqa şeylərlə məşğul etməməyi tələb edirdi. Pəncərədən aralaşıb mətbəxə keçdi və süzdüyü çayla qayıdıb yenidən masaya oturdu. Qaynar çaydan bir qurtum vurub yenidən əlini masanın üstündəki siqaret qutusuna uzatdı.
Hələ ki, ona gözləmək əmr olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
“Cümə günü Əbülfəzqızının 10 sualı” Rüstəm Behrudi ilə
SEVMƏK - SEVDİYİN ADAMA ÇEVRİLMƏKDİR
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı ömrü Ədəbiyyat qoxan və haqqında bir çox tanınmış şairlərimizin bənzərsiz fikirlər söylədikləri Rüstəm Behrudidir.
"Rüstəm Behrudi doqquzmərtəbəli binaya bənzəyir. Yüksək binanın gözəlliyi yaxından görünmədiyi kimi, onun gözəlliyini sonradan görəcəklər."
Bəxtiyar Vahabzadə
(Xalq şairi)
"Rüstəm Behrudi Vətəndir, Vətəndir, Vətən!"
Məmməd Araz
(Xalq şairi)
"Hər kəs dar ağacına salam verə bilər. Ancaq dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir."
Ramiz Rövşən
(Xalq şairi)
"Əzizim Rüstəm! Sən mənim gözümdə həmişə kənddən yenicə gəlmiş o gənc oğlan, tələskən, haqsızlığa dözməyən, senzurasız dahisən!"
Sabir Rüstəmxanlı
(Xalq şairi)
Bəli, bir çox tanınmış şairlərimizin rəğbətini qazanıbdır dəyərli şairimiz Rüstəm Behrudi.
Rüstəm Behrudi yaradıcılığında türkçülük və dərviş fəlsəfəsi üstünlük verir. Şair "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" və sair şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabının müəllifidir.
Onun "Şaman duası" kitabı türkdilli dövlətlərdə dillər əzbəridir, kitabdan seçmələr Türkiyədə, İranda, Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə nəşr olunub.
-Xoş gördük, dəyərli Rüstəm bəy!
Sizin yaradıcılığınızın zənginliyi o qədər möhtəşəmdir ki, 10 sual yox, sonsuz suallar lazım.. Bitməyən və tükənməyən bir sərvət var, Rüstəm Behrudi yaradıcılığında.
Suallarımız çox əhəyəcanlıdır", Rüstəm bəy.
İstərdim 1- ci sırada qəlbi döyünən sualımızı səsləyim.
1) Əvvəlin sonu yox, sonun əvvəli,
Bu canım ruhuma qənimdir, nədən?
Bu əllər, bu saçlar, bu göz mənimmi?
Yoxsa özgə ruhu gəzdirir bədən?
Günah içindəyəm ruhum didərgin,
Günahın həmişə - son ucu tövbə
Sözümdən boylanan bu tənhalığım
Ruhumun önündə sonuncu tövbə.
İlahi, sən mənə bir az səbr ver,
Hisslərin əlindən qopar, çək məni.
Yoxsa ki, tezliklə dəlisov ürək
Bir qəfil ölümə çəkəcək məni.
(Rüstəm Behrudi)
Dəyərli Şairimiz Rüstəm bəy, qüsursuz, səhvsiz insan olmur- söyləyirlər. Bəs
"Qüsursuz insan modeli"- dedikdə o insanda hansı xüsusiyyətlər cəm olmalıdır?
-Mükəmməl üst insan anlayışı Sokratdan, Diogendən, Konfutsidən başlamış (sonradan şərqdə daha çox Nəsimidə, Rumidə, Tusidə rast gəlinir), qərbin ən böyük filosoflarından Nitşeyə qədər fəlsəfi düşüncənin əsas predmeti olmuş və olmaqda da davam eləyir!
“Heç kim heç kimdən üstün deyil" prinsipinə söykənən bu düşüncə (üst insan) bütün bəşəri dəyərləri özündə etiva eləyən, bəzən də o dəyərlərə əlavələr eləyən insan anlayışıdır!
Mənə görə, içində mərhəmət hissi olan, paylaşmaq duyğusunu tərcümeyi-halına çevirən adam mükəmməl insandı. Mərhəmət və paylaşmaq duyğusu olan, insana sevgisi olan insan bütün böyük dəyərlərin fövqündədir!
2) Yox! Yox! Məhəbbətə sədd çəkmirəm mən,
Qəniməm, dilimə kim ki qənimdi.
Kərəmin dilində Kərəmə «can-can»,
«Qurbanam» – söyləyən əsli mənimdi.
Səninlə böyüyəm, varam, can dilim,
Məni sözlərinin başına çevir.
Sənə yenməlidir məni sevən kəs,
Yenirsə, deməli ürəkdən sevir.
(Rüstəm Behrudi)
Əziz Şairimiz, öz dilini unudub yad dilində danışmağı ilə fəxr edənlərə münasibətiniz necədir, onlar öz dilinin əzəmətini hansı səbəbdən görmürlər? Unutmamalıyıq ki, ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir, dilimiz mənəviyyatımızdır.
- Dil insanın ikinci Vətənidir! Öz ana dilini bilməyən adamın Vətənin sərhədləri nə qədər böyük olsa da, o adam qürbətdə yaşayır. Bir vaxtlar yazmışdım ki:
Səninlə böyüyəm, varam, can dilim,
Məni sözlərinin başına çevir.
Sənə enməlidir məni sevən kəs,
Enirsə, deməli, ürəkdən sevir.
Bu dildə söz desəm, yetər Tanrıya,
Çoxları bu sirri anlamır, dədə.
Biz "bizi" yaşadan dilə enmişik,
Bu Vətən torpağı kiçiləndə də!
3) Eşqdən başqa şey könlümə yaddır,
Ömrümün quşuna sevgi qanaddır.
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında bil eşq uludur.
Bu dünya eşqdir, qalan fırıldaq,
Eşqdən başqa şey boş bir oyuncaq.
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir, qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Eşqsiz bu dünya soyuq məzardır.
Ancaq eşq evində rahatlıq vardır.
(Nizami Gəncəvi)
Əziz Şairimiz, bəs eşq deyiləndə
Rüstəm Behrudinin ruhunda, qəlbində, dilində ilk hansı cümlə işlədilir?
- Sevgiyə, ölümə dair,
Nə yazırsan yaz;
Ölüm- sevgiyə, sevgi də ölümə
Oxşayır bir az!
Sevmək sevdiyin adama çevrilməkdi!
Sevgidə eqo yoxdu—“böyüklüyü ölür içində, sevməyə başlayan adamın”.
Sevən adam zaman öçüsünü itirir, sevən adama elə gəlir ki, dünyada bütün saatlar sevdiyi adamla görüşə qurulub.
Dünyada insan adına nə varsa, sevdanın kölgəsidi! İnsan sevəndə qarşı tərəfə məğlub olur və bu məğlubiyyəti qələbə hesab eləyir! Sevdanın möhtəşəmliyi də burda gizlənib!
4)Üzün dönməz, sən "sənsənsə",
Göydən yerə fələk yensə.
Dur ayağa, gedirsənsə,
Mənzilim uzaqdı mənim.
Sevda dəlisiyəm, adım -
Qurddu, yalquzaqdı mənim.
Kim mənimlə yol gedəcək?!
Mənzilim uzaqdı mənim.
(Rüstəm Behrudi)
Dəyərli Şairimiz, "Son mənzilə" üzüağ" çatmağın şərtləri nədir?
-Son mənzil deyilən şey yoxdu. Son da yoxdu, sonrasızlıq var! Son mənzil içimizdə getdiyimiz yola bənzəyir. İçimiz göy üzündə böyükdü bizim. Bütün yollar bitər, içimizdəki yol, əsla! Son mənzil yoxdu, yol var!
5)" Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır." (Ömər Xəyyam)
Rüstəm bəy- əziz Şairimiz, bəlkə, elə həyat anlamı təzadları anlamamız üçündür, nədir həyatın anlamı?
-“Mən sizi yaratdım ki, məni tanıyıb, mənə itaət eləyəsiniz". Bu bir dini kitabda yazılıb . Yəni deyilir ki, yaradılışın səbəbi, həyatın anlamı budur! Bu çox cılız bir düşüncədir! Mənə görə, ömür-ölümü öyrənmək, yaşamaq, yavaş-yavaş ölməkdi əslində! İnsan da, ona verilmiş ömür də qurulmuş saat kimidi.
6)Beşin yarısı - gecə...
Sənsiz gecə - bilməcə.
Qayıt, xəlvət, gizlicə,
Ömür, bir an olmadan.
(Rüstəm Behrudi)
Dəyərli Şairimiz, “Bilməcə"ni açmaq üçün cismi torpağa, ruhu səmayamı qondurmaq lazım?
-İnsan bu bilməcəni açmaq gücündə deyil! Sadəcə ona cəhd eləyə bilər. Bütün bilməcələrin sirri ölüm deyilən şeyin içindədi. O bilməcəni açmaq üçün ölmək lazımdı! Ancaq heç kim də ölmədən ölmək istəmir!
7)Yolumu gözlədin hər səhər-axşam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
Əcəllə ölməyə doğulmamışam,
Salam, Dar ağacı!
Əleyküm-salam.
(Rüstəm Behrudi)
Əziz Rüstəm bəy, ölümə aşiq olmaq, əbədiliyə qucaq açmaqdırmı? "Ölümsüzlük qapısı" "ölüm körpüsündən" mütləq keçməlidirmi?
-Mən buna ölümə aşiq olmaq yox, ölümə meydan oxumaq deyərdim!
Dar ağacına salam vermək türkün düşmənlərinə, türkün dəyərlərinə, böyük mənada insanlığa, insanlığın əbədiyaşar dəyərlərinə qarşı gələnlərə qorxmadan tarana getməkdi, qiyam qadırmaqdı!
Mən hətta:
Alçaq da sən, uca da sən,
Cavan da sən, qoca da sən,
Sən hər şeydən ucadasan
Ölüm, xoş gəldin, xoş gəldin -
yazanda da ölümə meydan oxumuşam!
Ölümü sevmək axmaqların, qiyam qaldırmaq qəhrəmanların işidi!
Bütün şairlər əfsanələşmək, bütün qəhrəmanlar heykəlləşmək istər! Bunun bir adı da ölümsüzləkməkdi.
Ölümsüzləşmək üçün də, ölmədən ölümü öldürmək gərəkir!
8)" Ürəkmi insana sev deyən, yoxsa, təklikmi?
Nədir sevmək: bir şama od olmaqmı, yoxsa, yanan oda toxunmaqmı?" ( Sədi Şirazi)
Əziz Şairimiz, bu sualımıza nədir cavabınız?
-Sevgi və sevda tamamilə fərqli anlayışlardı!
Sevgiyə ağıl qarışıb, sevda dəlilikdi!
Mən dəlilərin tərəfindəyəm!
Şam ya pərvanə ol, nə fərqi var ki?
Biri öz -özünə yanır, biri özünü yandırır!
Əsas olan yanmaqdı! Ancaq bir şey də var-sevən adam sevilən adamdan daha xoşbəxtdi!
Şam, ya pərvanə olmaq! Mən şam olmağın tərəfindəyəm! Qarşılıq gözləmədən sevən adam Allah kimidi!
9)Əziz Rüstəm bəy, müsahibələrinizin birində oxudum ki, 60 yaşınızda 18 yaşda yazacağınız şeiri yazmısınız. İndi xahiş etsəm, o şeirdən bir parça söyləyərsinizmi?
-Bir məktub yaz son dəfə,
Anlat bir eşqi yasın.
Lap öləndən sonra yaz,
Gəlib mənə çatmasın!
10) " Axmaqlıq və müdriklik yolxucu xəstəlik kimi asanlıqla yoluxur. Ona görə də özünə yoldaş seçərkən diqqətli ol" ( U. Şekspir)
Dəyərli Şairimiz, Sizin üçün dost kimdir?
-Mənim dostlarım yoxdu ki! Oturub- durduğum adamlar var. Mən hamı kimi deyiləm axı, mən:
Yazda da payızam, payız,
Üst-başım duman, buluttu;
Rüzgarlar sevdi məni,
Məni adamlar unuttu…
Mən bir zamanlar adamlara inanıb, onları sevirdim, indi sevib heç inanmaram!
Ona görə günlərin bir günü yazdım ki:
Ağac ildə bir kərə,
Mən hər gün puçur-puçur
Dərd açıb düzdüm onu
Tənhaların baxtına.
Öldür kimə üz tutsam,
Nəyə sığınsam, uçur,
Ucalt məni ömürlük
Divanələr taxtına…
Divanələr taxtına oturan adamın dostları olmur ki, xanım əfəndi!
-Əziz Rüstəm bəy, yaradıcılığınız sönməz Günəş kimi qaynar və işıqlıdır, Ədəbiyyata aşiqlər olanlar üçün ruhi qidadır. Rubrikamıza ömrünüzdən pay ayırdığınız üçün Sizə təşəkkür edirəm.
Sonda ənənəvi sualımıza cavab istəyirəm: ən çox hansı sualımızı bəyəndiniz?
-4-cü sualınızı! “ Mənzilim uzaqdı mənim!”
Bu sual bütün zamanlarda gözlədiyim sualdı!
Bu sualın cavabını da çoxdan yazmışam— kitabın adı— “Qızıl alma”.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
“Həyat yaşandıqca, şeir yazıldıqca məna qazanır” - Ali YURTSEVENlə müsahibə
Habil Yaşar, “Ədəbiyyat və incəsənət”
Qardaş Türkiyənin daha bir dəyərli yazıçısı ilə müsahibəni sizlərə təqdim edirəm. Qonağımız Ali YURTSEVEN bəydir.
-Salam Ali bəy! Necəsiniz? Zəhmət olmasa öncə azərbaycanlı oxuculara özünüz haqqında məlumat verərdiniz.
-Salam Habil bəy! Mən 1967-ci ildə Ankarada anadan olmuşam və əslən Ohriddən - Şimali Makedoniyadanam.
İbtidai, orta və lisey təhsilimi Ankarada, bakalavr təhsilimi isə Əskişəhər Anadolu Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi İqtisadiyyat bölməsində tamamlamışam.
1992-ci ildə başladığım iş həyatımdan 2022-ci ilin avqustunda təqaüdə çıxdım.
Tarix və Mədəniyyət Araşdırmaları aparmaq, Arxeoloji və Turistik Təbiət, Səyahət və Gəzintilərdə iştirak etmək, rəngli və ya rəngsiz fotoşəkillər çəkmək, Şeirlər və Hekayələr yazmaq, Şəxsi İnkişaf, Mentorluq və Ünsiyyət Təlimlərinin təşkili mənim ümumi maraq dairəmdir.
Korhan ALTUNYAY Yazı Akademiyasından Yaradıcı Yazma, Dərin Oxuma, Kitab Analizi, Prof. Dr. Yavuz DEMİR tərəfindən təşkil edilən Yaradıcı Yazı və Mətn Dizaynı üzrə Sertifikatlı Yazı Seminarı Təlimləri aldım.
“Hüznü Kıran Umutlar” adlı şeir kitabım, “Kalem İzleri ile Kalemlerin İz Düşümleri” adlı Hekayə Seçmə kitablarındakı hekayələrim, “Şah-ı Şiirler 5” ilə “İz Bırakan Kalemler” Şeir Antologiyası kitablarında nəşr olunan şeirlərim, “Ankara Şehir” qəzetində, Fısıldayan Qələmlər (fisildayankalemler.org) Ədəbiyyat saytında şeir, hekayələrim və dərc olunmuş məqalələrim var.
Mədəniyyət və Turizm Nazirliyinə bağlı İLESAM, GESAM Peşə Təşkilatları və AKSED Mədəniyyət və İncəsənət, Ankara Rumeliləri və Türk Makedoniya Dostluq Dərnəklərinin üzvüyəm.
-Ədəbiyyata marağınız necə yarandı? Bu haqda fikirlərinizi bilmək çox maraqlı olardı.
-Ədəbiyyata, xüsusən də şeirə marağım kiçik yaşlarımdan başlayıb. İllüstrasiyalı nağıl kitablarını oxumağı, anamdan nağılları dinləməyi və yatarkən dinlədiyim nağıllarla bağlı xəyallar qurmağı özümü tanıyandan məşğuliyyətə çevirmişəm. İlk şeirimi 10 yaşım olanda balaca pişik balası üçün yazmışdım. Pişik balası yeni doğulmuşdu və hava küləkli idi. Ona ərzaq mağazasından süd almışdım. Kiçik qabdan süd içmək istəyərkən birdən ilk şeirimin sözləri üzə çıxmışdı.
Uşaqkən ilk Kemalettin Tuğcunun kitablarını oxudum.
Məktəb illərimdə Ümit Yaşar Oğuzcan, Atilla İlhan və s. şairlərin şeir kitablarını oxudum. Sonra şeirlər yazmağa və emosional intensivliyimi kağıza köçürməyə başladım. Daha sonra Nəcib Fazil Qısakürək, Yunus Əmrə Divanı, Nazim Hikmət, Məsnəvi, Somuncu Baba, Yaşar Kamal, Ataol Behramoğlu və bir çox başqa yazıçı və şairlərin kitablarını oxudum.
Belə kitabları oxuduqca duyğularımın intensivliyi artdı, yazmaq hissim gücləndi. Artıq mənim də şeir dəftərim var idi. Yadıma düşən kimi şeirlərimi bu dəftərə yazırdım.
Bu arada kiçik də olsa nağıl, hekayələr də yazdım. Amma bu mövzuda çox məhsuldar ola bilmədiyim üçün tamamilə poeziyaya üz tutdum. Şeir mənim üçün həvəsə çevrilib. İş həyatımda da poeziya həmişə mənim dəstəyim və daxili rahatlığımı tapmaq üçün bir yol olub. Şeir yazmaq, hisslərimi ifadə etməklə həyatıma məna qatır, anı yaşayaraq rahatlıq tapıram.
-Əsərləriniz haqqında məlumat verə bilərsinizmi?
-İlk şeir kitabım 2021-ci ildə çıxdı. Bu kitabı nəşr etmək fikrinə belə başladım.
Həyat yoldaşımla şeirlərimi gözəl tərtib edib, yazı halına gətirdik. Şeirləri həyat yoldaşımla mən seçdik, kitabın ön və arxa şəkilləri qızımla birgə redaktə olunub, bəzi sözləri isə oğlumla birgə yazdıq və etdik. Bir xəyalım və bu xəyalla bağlı bir məqsədim var idi və o gerçəkləşdi.
Daha sonra “Korhan ALTUNYAY Yazarlık Atölyesi” komandası ilə birlikdə hekayələrim, “Kalem İzleri ile Kalemlerin İz Düşümleri” adlı Hekayə Seçimi kitablarında hekayələrim, Ankara Aksed Mədəniyyət və İncəsənət tərəfindən nəşr olunan “Şah-ı Şiirler 5” ilə “İz Bırakan Kalemler” adlı “Şeir antologiyası” kitablarında çap olunan şeirlərim, Ankara Şehir Qəzetində və Fısıldayan Qələmlər (fisildayankalemler.org) Ədəbiyyat Saytında şeirlərim, hekayələrim, çap olunmuş məqalələrim vardır.
Yeni hekayə kitabı hazırlayıram. Qismət olsa, bu hekayə kitabını bu ilin iyun ayına kimi nəşr edəcəyəm.
-Xəyallarınızın genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?
-Uşaqlığımdan bəri uşaq nağıl və hekayələrini, müxtəlif hadisələrin danışıldığı dini və mifoloji qəhrəmanlıq dastanlarını, real həyat hekayələrindən ibarət romanları oxumağı çox sevirəm.
Bu tip kitablar mənim təxəyyül və üfüqlərimi genişləndirir. Yaxşı müşahidələr aparmağı və hadisələri araşdırmağı xoşlayıram.
İnsanların hər zaman həyat məqsədi, arzusu və bu arzuya çatmaq amalı olmalıdır. Xəyallarımızı həyata keçirmək üçün nəinki planlaşdırmalıyıq, həm də xəyallarımıza inanmalıyıq.
Əgər xəyal qurarkən motivasiya ola bilmiriksə, iş, məktəb həyatında və ya ailə ilə münasibətimizdə bədbəxt biri olsaq, bu da xəyallarımıza təsir edəcək və həyat məqsədimizə çatmağımıza mane olacaq.
Həyatımızın və xəyallarımızın tarazlıqda olması üçün hər iki vəziyyətdə motivasiyalı və xoşbəxt olmalıyıq. Həyatda ikən arzularımızın hədəflərinə çatmaq, uğur qazanmaq və xoşbəxt olmaq üçün çalan bu həyati melodiyanı daim qulağımızda eşitməliyik.
- Zaman sizin üçün nə deməkdir və yazarkən hər hansı bir rutininiz varmı?
-Hər şey, hər şey şeirdir və yazılmaq üçün nəzərdə tutulub.
Zaman əvvəldən sonsuzluğa axan çaydır və biz müdaxilə edə bilmərik. Həyatın bizə bəxş etdiyi bu həyati musiqi zamanın axar çayında bizim üçün həmişə eyni səviyyədə çalınmaqdadır.
Həyat mənbəyi olan o mahnının melodiyasını tuta bildikcə, yəni anı yaşayıb dəyərləndirə bildikcə içimizdəki duyğuların, hisslərin şiddətinin artacağını hiss edirik.
Beləliklə, o ömür nəğməsinin o andakı sözləri qələm vasitəsi ilə kağıza yazılır. Bu yazılar bəzən şeirə, bəzən də romana çevrilir. Həyat yaşandıqca, şeir yazıldıqca məna qazanır.
Başlanğıcı naməlum olan, əbədiyyətə doğru axan zaman çayında biz bu yaşana bilən dünyaya gələn bəxtəvərlər keçmişdən dərs götürmək, gələcəyi zamana uyğun planlaşdırmaq, ən əsası isə “o anı” yaşamaq qabiliyyətinə sahibik.
Həyatımızda yaşadığımız hər an və o an dəyərlidir.
Uçub gedən zaman bizə verilən ən vacib hədiyyədir. Bu həyat tezliyində hədiyyə edilən zamanı məhsuldar və gözəl istifadə etmək özümüzə etdiyimiz ən böyük lütf və sərmayədir.
- Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?
-Birincisi, oxumağa mövzularını bəyəndiyimiz kitablardan və müəlliflərdən başlamalıyıq. Kitab oxumağı gündəlik həyatımıza daxil etməliyik. Oxumaq üçün düzgün və istiqamətləndirici kitablar seçməliyik. Bizi darıxdıran, təxəyyülümüzü, dünyagörüşümüzü daraldan, oxumaqdan həzz almamağa məcbur edən kitablar seçməməliyik.
Oxumaq üçün rahat və xoş mühit seçməliyik. Oxuyarkən yorulmamaq və kitabın mövzusundan yayınmamaq üçün xoşumuza gələn, ləzzət ala biləcəyimiz bir içki içə bilərik. Beləliklə, kitab oxuma mühitimiz daha da gözəlləşəcək və oxuyarkən bizə həzz verəcək.
Başlanğıc mərhələdə, ilk gün on səhifə kitab oxuyun. Sonra hər gün səhifələrin sayını artıraraq bunu davam etdirin. Alimlərin fikrincə, iyirmi bir gün fasiləsiz edilən bir fəaliyyət vərdişə çevrilir. Deməli, iyirmi bir gün ərzində hər gün bir kitab oxusaq, bu, bizim üçün vərdiş halına gələcək.
-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi?
-Ölkəmizdə kitab oxuma səviyyəsi aşağıdır. Sosial medianın mənfi təsirləri, gündəlik həyatdakı çətinliklər, gəlir bərabərsizliyi, yüksək kitab çapı xərcləri, nəşriyyatlar və yayım kanallarında çətinliklər, təhsil səviyyələrindəki dalğalanmalar və s. kimi mənfi faktorlar kitab oxuma/oxumama vərdişlərimizi azaltmaqdadır.
2023-cü ildə aparılan araşdırmaya görə, ölkəmizdə 15 və yuxarı yaşda olan insanların 69 faizi son 12 ayda heç bir kitab oxumayıb, 31 faizi isə ildə ən azı bir kitab oxuyur.
-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?
-Azərbaycan ədəbiyyatını çox izləyə bilmirəm. Müəyyən vaxtlarda Sosial Media (Facebook, Instagram və s.) platformalarında izlədiyimiz, yazışdığımız yazarlar olur.
Xüsusilə sizin “Ədəbiyyat və incəsənət” portalınızı araşdırdım. Dost və qardaş ölkə Azərbaycan ədəbiyyatının daha çox yazıçılarını tanımaq, oxumaq imkanım oldu.
Təsəvvüf fəlsəfəsini çox ciddi şəkildə, Tanrı ideyasına əsaslanaraq izah edən, Azərbaycan türkcəsindən ən gözəl şəkildə istifadə edərək şeirlər yazan “İmadəddin Nəsimi”ni xüsusilə tez-tez oxuyuram.
“Xar içində bitən qönçə gülə minnət eyləməm,
Ərəbi farisi bilməm, dilə minnət eyləməm.
Sırat-i müstəqim üzrə gözetirim rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm”.
Mədəniyyət və ədəbi araşdırmalarda türk ədəbiyyatının zəngin bir qolunu təşkil edən Azərbaycan ədəbiyyatı ümumi türk ədəbi xüsusiyyətləri ilə yanaşı özünəməxsus xüsusiyyətlər də qazanmış, bütün Şərq ədəbiyyatlarına təsir etmiş sənətkarlar yetişdirmiş çox qədim tarixə malik bir ədəbiyyat kimi qarşıya çıxır.
Ölkəmizdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY-un təşkilatçılığı ilə mədəniyyət və incəsənətdə iz qoymuş şanlı övladlarının anım tədbirləri çərçivəsində Azərbaycanın tanınmış şairi, yazıçısı və dramaturqu Vaqif Səmədoğluna həsr olunmuş anım toplantısı keçirilmişdir.
Əminəm ki, Azərbaycan türk ədəbiyyatını ölkəmizdəki hər platformada daha çox izah etmək və ədəbiyyatçılarımızın qarşılıqlı əlaqədə olması ən yaxşı yoldur.
-Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?
-Kitab təhlili, dərin oxu, həyat koçluğu və yazı seminarları açmağı hədəfləyirəm.
Qismət olsa, iyuna qədər yazdığım yeni hekayələr kitabını çap etdirəcəyəm.
-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?
-Ənənəvi çap kitablarını oxumağa üstünlük verirəm və bundan həzz alıram.
Bu kitabları oxuyarkən aldığım həzzi elektron kitabları oxuyarkən ala bilməyəcəyimi hiss etdim.
– Bir yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?
-Bizdə yazıçı olmağın əsas problemi empatiyasız, kitab oxumadan və ya bu mövzuda ibtidai təhsil almadan yazmağa başlamaqdır.
Bacarıqlı və təsirli olmadığımız bir sahədə yazmamalıyıq. Hər cür tənqidə açıq olmalıyıq. Empati qurmalı, qarşıdakı insanı başa düşməli və addımlarımızı ona uyğun atmalıyıq. Nəşriyyatlar və ya mətbəələr maliyyə problemlərini və qazanclarını nəzərə alaraq aldıqları kitab nəşri layihəsini hərtərəfli araşdırmadan çap etməməlidirlər.
Məncə, yaxşı yazıçı olmağın ən vacib meyarları ayrı-seçkilik etmədən müxtəlif mövzularda kitab oxumaq, xatirələrin və duyğuların intensivliyini tuta bilmək, empatiya qura bilmək, metaforalardan (simvolik ifadə və söz sənəti) yaxşı istifadə etmək, müşahidələr aparmaq, uydurma hadisələr və qəhrəmanlar haqqında daim qeydlər aparmaq, müşahidə etmək, yaxşı dinləyici olmaq, araşdırmanı, səyahət etməyi sevmək, hər mövzuda məlumat əldə edə bilmək və hər kəslə ünsiyyət qura bilməkdir.
-Təşəkkür edirəm!
-“Yüksek bir insan toplumu olan Türk Milletinin tarihi bir özelliği de güzel sanatları sevmek ve onunla yükselmektir.
Bunun içindir ki, milletimizin yüksek karakterini, yorulmaz çalışkanlığını, doğuştan gelen zekasını, ilme bağlılığını, güzel sanatlar sevgisini ve milli birlik duygusunu devamlı olarak ve her türlü vasıta ve önlemlerle bağlayarak geliştirmek milli idelimizdir.”
“Rumeli ve Anadolu halkı, Azeri kardaşlarının kalbinin kendi kalbi gibi çarptığını bilirler.”
14 Ekim 1921
Gazi Mustafa Kemal Atatürk
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
POEZİYAMIZIN QIZIL FONDUNDAN - Bəxtiyar Vahabzadə, “Axı dünya fırlanır”
Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Bəxtiyar Vahabzadə Sovet dönəminin sonlarında və müstəqilliyimizin ilk illərində poeziyamızda parlayan ən parlaq ulduz olub. Onun bir neçə şeiri poeziyamızın qızıl fondunu təşkil edir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadə şeirlərinin əsas qayəsidir.
Bu sırada dayanan şeirlər arasında “Axı, dünya fırlanır” əhəmiyyətli yer tutur və bu gün oxuculara məhz bu şeiri təqdim edirəm.
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır...
Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır...
Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazıların üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.
Əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
Əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
Sabir Yusifoğlunun xatirə gecəsi keçiriləcək
Könül, “Ədəbiyyat və incəsənət”
Ya dəli ol, ya dərdli ol,
Biri bilsə, beşi bilməz.
Bu küləkdə hönkürtüylə
Ağlasan da eşidilməz…
Bu sətirlər mərhum şair Sabir Yusifoğlunundur. Sanki həqiqətən də şairin hönkürtülərini amansız külək eşitməyə qoymadı, şair ömrünün son illərini ağır xəstəlik çəkərək, sıxıntılar içində yaşadı.
Amma poeziyasevərlər onu əsla unutmadılar, sətir-sətir yaddaşlarına hopdurdular.
Xüsusən yaşadığı Sumqayıtda və doğulduğu Cəlilabadda şair daim ehtiramla anılır.
Fevralın 10-da Əli Kərim adına Sumqayıt Poeziya Evində Azərbaycan Yazıçılar Birliyi Sumqayıt Bölməsinin və Sumqayıt Poeziya Evinin birgə təşkilatçılığı ilə Sabir Yusifoğlunun Xatirə gecəsi keçiriləcək.
Tədbir saat 12-də başlayacaq.
Mərhum şairin sənət yoldaşları onun barəsində xatirələrini danışacaq, şairin şeirləri səsləndiriləcək.
Bir şeylə təsəlli tapırıq ki, Sabir Yusifoğlunun yerində Emin Piri kimi bir oğul qalıb. Qazi şairimiz gənc olmasına rəğmən artıq atası kimi öz bənzərsi şeirləri ilə sevilir.
Ruhu şad olsun Sabir Yusifoğlunun.
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
Günün fotosu: Bakıda seçki yürüşü keçirildi
Günün fotosu: Bakıda seçki yürüşü keçirildi
Ötən günün əsas hadisəsi təbii ki, prezident seçkiləri oldu ki, seçkilərin nəticələri elan esildikdən sonra Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə yürüş keçirildi, yürüşdə minlərlə vətəndaş iştirak edirdi.
Tədbirə qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Azərbaycanın Xalq və Əməkdar artistləri qatılmışdılar.
Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edirdi.
Foto: AzərTAC
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Cılbır
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Cılbırın hazırlanması qaydasını şərh edəcəyik.
ƏRZAQLAR:
§ Gicitkən – 50 qr
§ Soğan – 35 qr
§ Ərinmiş yağ – 30 qr
§ Buğda yarması – 50 qr
HAZIRLANMASI:
Gicitkən təmizlənir, suda bişirilir, üstünə buğda yarması əlavə olunur. Soğan təmizlənir, xırda doğranır, yağda qızardılır. Hazır olduqda şorbaya əlavə olunur və qarışdırılır.
Ədəbiyyat və incəsənət”
(08.02.2024)
Unudulmaz sevgi şeirləri: Cəlil Cavanşir, “Daha bundan sonra dönmə…”
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Cəlil Cavanşirin şeirləri o qədər içdən yazılır, o qədər duyğusal, o qədər ruhsaldır ki, onları təsirlənmədən oxuya bilməzsən. Sevgi şeirləri isə xüsusən gözəldir.
Hamısında ayrılıq var.
Və hamısında göynərti var.
Çoxdan kilidlidir sən açan qapım
Bir də boş, səbəbsiz qapımı döymə
Yəqin gələcəksən,
Baş çəkəcəksən
Sabah payız gəlir, sən sabah gəlmə...
Üşütdü ruhumu səssiz gedişin
Bunu çox yaşadım səndən də əvvəl
Mən bu payızdan da sənsiz keçərəm
Gözlə bahar gəlsin...
durnalarla gəl
Sənin hər fəsildə yerin göründü
Amma sən bilmədin,
Sən axı yoxdun
Yayın istisində gəlib çıxmadın
Günəşli günlərdə qardan soyuqdun...
Sabahdan qapımı küləklər döyər,
Yağışlar küçəyə çağırar, səslər
Payız dumanında itər xəyalın
Səslər göylər məni
Yanına səslər...
Mən öz təkliyinə sarılıb, solan
Ağacsız çöllərdə qalan sarmaşıq
Bir az payız çökər gecələrimə,
Bir az da çiskinli,
nəmli qaranlıq
Məni təkliyimdən qoparmaz heç kim,
Heç kimin nəfəsi istiməz daha.
Daha bundan sonra dönmə, qayıtma
Sabah payız gəlir,
Şükür Allaha!
“Ədəbiyyat və incəsənət”
(08.02.2024)