Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
Kadrarxası mətn: “Əfsanə folklora aid termin deyil. İnsanlar da əfsanəyə çevrilir. İstənilən millətin taleyində sakral ruhlu insanlar olub. Belə insanların həyatı örnəyə çevrilərək millətlərinin təfəkkür tarixini dəyişib. Azərbaycan üçün belə mərhələ insanlardan biri də Hacı Zeynalabdin Tağıyevdir. Tağıyevin gerçək həyatı ilə əfsanə reallığı arasında sərhəd yoxdur. O, həm tarixi fiqurdur, həm də əfsanədir. Dövlətinin olmadığı bir coğrafiyada millətini öz adı ətrafında toparlamağı bacarmış bu insan əməli ilə daha əfsanədir, adı ilə isə gerçək. İstənilən insanı zaman içində əfsanəyə çevirmək olar. İstənilən əfsanə də hacansa bir zaman gerçək insan olub. Əfsanə ilə gerçəyi bir-birindən ayırmağı bacarmaq cəmiyyətin görəvidir. Biz Tağıyevin ömrünü əfsanə etmişik. Onu insan etməyin zamanı deyilmi? Məncə, biz bu əfsanədən dərs almalıyıq. Ona görə ki, Tağıyev dərsdir. Milli yaddaş nədənsə bu dərsi əfsanə edib.
Mətn arxiv kadrları üstündə oxunur.
Dağüstü park. Bakının ümumi görünüşü. Kadrarxası mətn: “Azərbaycan türkləri müxtəlif əsrlərdə müxtəlif dövlətlər yaradıblar. Müxtəlif imperiyaların tərkibində yaşayıblar. Yaratdığımız dövlətlərin müstəqil olanı da olub, yarımmüstəqil olanı da. Dövlətyaratma gerçəkliyinin bir forması da var ki, bu yaşam modelini heç bir xalq bizə qədər düşünməyib. Mən dövlət içində dövlət-adam olan Hacı Zeynalabdin Tağıyev fenomenindən və onun yarada bildiyi əfsanə reallığı deyirəm.
Arxiv kadrlar
Kadrarxası mətn: “Çar Rusiyasının tərkibində yaşamağa məhkum olunmuş Azərbaycan türklərinin Qacar dövlətçiliyi yaddaşı ilə bərabər min illik etnik dövlətçilk tarixləri də vardı. Bunu Rus imperiyasını idarə edənlər də bilirdilər. Elə buna görə də bizi milli özünüdərk prosesindən kənarda saxlayırdılar. Bizə tüfəngi, kitabı və ən başlıcası, milli yaddaşı qadağan edirdilər. İçi uralanmış mollaxana, kəmsavad molla, kefli İsgəndər görkəmli ziyalı, kökündən qoparılmış zabit o dövrün milli arxitipləriidi. Və bu gerçəklikdə necəsə qəfil bir əfsanə yarandı. Bu əfsanə milli burjuaziyanın üzünü müəyyən etmiş Tağıyev əfsanəsi idi. Doğrudan da, görəsən, dövləti, azad təhsili, qanun və qadağaları, parlamanı, ordusu və ümumiyyətlə heç bir təşkilatlanma mexanizmi olmayan bir toplum Tağıyev fenomenini necə yaratdı? Onu millət deyil, zaman yaradıb. Tağıyev qanunauyğunluqdan kənardır. Məntiqlə dərk edilən deyil”.
“İsmailiyyə” binasının önü
Mətn: “Bu binanı Ağamusa Nağıyev oğlu İsmayılın şərəfinə tikdirib. Keçən əsrin əvvəllərində yaşanan erməni qırğınları zamanı bu bina ilə indiki Ədəbiyyat Tarixi muzeyi arasındakı ərazidə səngərlər qazılıbmış. Bakılılar bu tərəfdə, ermənilər isə o tayda səngərə düşüb tüfənglərdən bir-birinə doğru atəş açırlarmış. O zamanlar bu binada Müsəlman Xeyriyyə Cəmiyyətinin idarə heyəti yerləşirmiş. Birinci Cahan savaşı zamanı Lənkəranda yerləşən hərbi hissənin silah-sursatını atıb qaçmış rus dezertirlərinin xəbərini alan Tağıyev bu binada fövqəladə iclas çağırır. Əvvəlcə Nağı bəy Şeyxzamanlının Nuru paşanın arxasınca İstanbula getmə xəbərini müsəlmanlara çatdırır. Sonra Tağıyev silah dalınca Lənkərana gedəcək kiçik dəstənin siyahısını təsdiq edir. O siyahıdakı mücahidlər gülləbaran altında Lənkərana gedib oradakı silah-sursatı Bakıya gətirməliydilər. Qoçu Nəcəfqulunun rəhbərliyi ilə ermənilərlə vuruşan dəstələrin o zamanlar da, həmişə olduğu kimi, silahı çatışmırmış. Tağıyev bu dəstəyə rəhbərlik etməyi oğlu Mir Kazıma tapşırır. Və onun 23 yaşlı oğlu atasının tapşırığı ilə Lənkərana yollanır. Fikir verirsiniz, Tağıyev oğlunu Parisə qaçırmır. Onu haradasa gizlətmir. Əksinə, ona ən çətin işi tapşırır. Və Tağıyevin oğlu Mir Kazım bu tapşırığın öhdəsindən uğurla gəlir. Tağıyevin oğluna olan münasibəti sonralar Stalinlə oğlu haqqında yaranacaq əfsanəyə də təsir edib. Tağıyevin bu hərəkəti yerli burjuaziya üçün bu gün də örnək ola biləcək addımdır. Bizim üçün isə dərsdir. Amma tipik deyil. Dövlətin və qanunların işləmədiyi bir zamanda, görəsən, Tağıyevin atdığı bu addım əfsanədir, ya gerçək?”
Tarixçi Nailə Vəlixanlının şərhi
Mərdəkan. Tağıyevin bağı.
Kadrarxası mətn: “Deyilənə görə, Tağıyev həyasından ölüb. Artıq yüz yaşını adlamış Tağıyev Azərbaycanda sovet hakimiyyətinin qurulmasına baxmayaraq, Mərdəkandakı bağında yaşayırmış. Bir zamanlar illərlə təhsil haqqını ödəmiş olduğu student Nəriman Nərimanovun təzə hökumətdəki mövqeyi onun ömrünü xilas etsə də, yaşamını əvvəlki kimi edə bilməmişdi. Bir gün evinə qonaqların gələcəyini eşidən Hacı qulluqçusunu yanına çağırıb ona yaxındakı qəssabdan ət almağı tapşırır. Qulluqçu: “Ağa, qəssablar borcumuz olduğu üçün daha bizə ət vermirlər” deyir. Bir zamanlar dünyanın və zamanın ən varlı adamlarındna biri sayılan Tağıyev bir kiloqram ət pulunun qarşısında aciz qaldığını görüb qulluqçusuna bir söz demir. Yataq otağına keçib üzü divara sarı çarpayısına uzanır. Səhər onu elə bu vəziyyətdəcə ölmüş aşkar edirlər. Gözlədiyi qonaqlar da onun qonaqlığına deyil, yasına gəlib çıxırlar. Evinə gələcək qonaqları layiqincə qarşılaya bilməyəcəyini özünə sığışdırmayan Tağıyevin, deyilənə görə, həmin gecə abrından ürəyi partlayıb. Görəsən, bu hadisə əfsanədir, ya gerçək?”
Tarixçi Yaqub Eyyubovun şərhi
Pir Həsən ağa ziyarətgahı.
Kadrarxası mətn: “Bu məzarda Hacı Turab ağa dəfn olunub. Onun ayaqları altında isə əfsanə adam Tağıyev uyuyur. Bu iki azman adamın qəbirləri təsadüfən yan-yana deyil. Hacı Zeynalabdin Tağıyev Hacı Turab ağanın ayaqları altında öz vəsiyyətinə görə dəfn olunub.
Bir dəfə dünyanın düz zamanı Hacı Turab ağa ilə iqamətgahında şam edən Tağıyev var-dövlətinə işarə edərək: “Hacı, mənim bu var-dövlətim haçansa tükənərmi?” – soruşur. Hacı Turab ağa Tağıyevə: “Hər şey Allahın əlindədir, elə ola bilər ki, səni bir yamaqlı şalvarla dəfn edərlər. Bu var-dövlətinə çox güvənmə!” – deyir. Son günlərini yoxsulluq içində yaşayan Tağıyev Hacı Turab ağanın bu sözlərini tez tez xatırlayarmış. Onun arif adam olduğunu anladığından ayaqları altında basdırılmasını istəyərmiş. Onun vəsiyyətinə, deyilənlərə görə, Nəriman Nərimanov əməl edib. Və deyilənlərə görə, həqiqətən də, Hacı Zeynalabdin Tağıyevin gecə köynəyi bir neçə yerdən yamaqlı imiş. Görəsən, bu danışılanlar necə, gerçəkdir, ya əfsanə?”
Tarixçi Yaqub Eyyubovun şərhi
Vağzal binasının önü.
Kadrarxası mətn: “Lap bu yaxınlara qədər bu küçədən şəhərin yaraşığı olan tramvaylar keçərdi. Deyilənə görə, Tağıyevin həyat yoldaşı Sona xanım keçən əsrin otuzuncu illərində bu tramvayların birində həyatını dəyişib. O zaman çox yoxsul olduğundan bir neçə gün heç nə yeməmiş Sona xanıma, danışılana görə, bir hərbçi tramvayda kökə verir. Və acından boğaz yolları daralmış Sona xanım ona verilmiş bu kökəni həzm edə bilməyib boğulur. Deyilənə görə, sovetlər gələndən Tağıyevin ailəsi aclıq çəkirmiş. Tağıyevin ölümündən sonra isə bu aclığın şiddəti lap artır. Artıq bağı da əlindən alınmış Sona xanım küçələrdə yaşamalı olur. Millət bir zamanlar “ata” dediyi Tağıyevin qadınına yiyə çıxmır. Və o, aclıq, səfalət içində yaşayır. Tağıyevin qızı Sara xanım xatırlayırdı ki, bir gün onların evində qonaqlıq imiş. Hacı Zeynalabdin Tağıyevın yaxın ətrafı, şəhər qubernatoru, Buxara əmiri, İran konsulu və digər rəsmi şəxslər də qonaqlıqda iştirak edirlərmiş. Qəfil mətbəxdən gurultu eşidilir. Nə baş verdiyini öyrənmək üçün mətbəxə girən Tağıyev qadını Sona xanımın əlindəki yun çubuğu ilə aşpazı döydüyünü görür. Sona xanımın fəna xasiyyəti varmış. Çox sərt, ötkəm qadın imiş. Tağıyev aşpazı zorla Sona xanımın əlindən alıb nə baş verdiyini soruşur. Sona xanım aşın duzlu çıxmasından gileylənir. Və onun üçün də əliylə bütün aş qazanlarını yerə dağıtdığını söyləyir. Döşəməyə dağılmış aşa heyrətlə baxan Tağıyev üzünü Sona xanıma tutub deyir: “Sən acından öləcəksən, belə yaşamaq olmaz. Onun da Allahı var”. Və Tağıyevin sözü həqiqət olur. Sona xanım, doğrudan da, acından ölür. Görəsən, bu əhvalat necə, əfsanədir, ya gerçək?”
Tarixçinin Nailə Vəlixanlının rəyi.
Tağıyevin evi. Qış bağı.
Kadrarxası mətn: “Tağıyev bizim üçün Qaraqoyunlu, Ağqoyunlu dövlətləri qədər əfsanədir. Onun ətrafında yaşananlar da eləcə. Biz xalq olaraq bu əfsanələri yaradan və onlardan ibrət alanlarıq. Tağıyev bir zamanlar, dövlətimizin olmadığı zamanlarda bizə sərhəd və ruhaniyyət düşündü. Bizə təhsil və mədəniyyət gətirdi. Onun olması mətbuata da təsirsiz ötüşmədi. Bu gün necə, bizlər onun əfsanəyə çevrilmiş həyatından dərs ala bilirikmi? Bu fikrimin özü necə, görəsən, gerçəkdir, ya əfsanə? Əfsanənin gerçəyə, gerçəyin əfsanəyə çevrilməsi zaman məsələsi ilə bərabər həm də milli taledir”.
İzdihamlı küçə ilə tələsə-tələsə harasa gedən insan dəstəsi.
Get-gedə insanların sürəti lap artır.
Artıq onların üzləri görünmür.
Smazka...
Rəng qarışıqlığı içində, nəhayət ki, filmin adı kadrda görünür:
“ƏFSANƏ”
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)