Super User
Şəhidlər barədə şeirlər – Kamil Şirinov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Kamil Şirinova həsr edilmiş şeirlə tanış olacaqsınız.
KAMİL ALTAY OĞLU ŞİRİNOV
(09.08.1999-12.10.2020.)
Kürdəmir rayonunun Ərəbqubalı kəndindən olan Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
K A M I L
Kamil birinci sinifdə oxuyarkən.
Müəllim:
-Kamil, sən, böyüyəndə, söylə, kim olacaqsan?
Bəlkə, dülgər, mühəndis, ya həkim olacaqsan?
Kamil:
Müəllim, böyüyəndə, mən əsgər olacağam,
Düşməni Qarabağdan biryolluq qovacağam!
Uşaqlar səs saldılar, hamısı gülə-gülə
İstədilər, fürsətdir- lağ etsinlər Kamilə.
Müəllim əsəbləşib, bir az qaldırdı səsin,
Dedi: - Kamilə əhsən, sizsə, gülməyi kəsin.
Kamil lap uşaqlıqdan çox sevirdi bayrağı,
Uşaqkən anlamışdı kimdir dost, kimdir yağı.
Böyüdü, yaşa doldu, mətinləşdi, bərkidi,
Oldu Ərəbqubalının qoçaq, cəsur igidi.
Vaxt ötdü, əsgər oldu, Vətən borcunu verdi,
Qarabağ azad olsun, yoxdur başqa bir dərdi.
Əsgərlikdə hamının dilinin əzbəriydi,
Yaxşı xidmət edirdi, manqa rəhbəriydi.
Qurtarıb xidmətini, qayıtdı kəndlərinə,
Lənətlər yağdırırdı ermənin şərinə.
Səfərbərlik başladı, vaxt gəldi, çatdı məqam,
İgid, qorxmaz oğullar alacaqlar intiqam.
Kamil də döyüşlərə atıldı şücaətlə,
Vuruşdu Füzulidə qorxmadan, rəşadətlə.
Qəhrəmanlıq –şanlı ad! –hər kəsə qismət olmaz,
Qorxaq, aciz insana heç yerdə hörmət olmaz.
Vətən sevdası ilə canından keçdi, Kamil,
Vətənçün şəhidolub, cənnətə köçdü Kamil.
Ən əziz insan kimi ürəklərdə yaşayır,
Bu gündən gələcəyə xoş müjdələr daşıyır.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
UĞUR QAZANDIRAN KİTABLAR - Riçard Brenson, «Çılpaq biznes»
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
İndi isə gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək:
Riçard Brenson. «Çılpaq biznes»
Tanınmış ingilis biznesmeni, Virgin kompaniyasının sahibi Ser titullu Riçard Brensonun bu kitabı öz biznesinin yaranma tarixinə və onun idarə olunması xüsusiyyətlərinə həsr olunub.
Burada uğura gedən yol hər bir səhvlərlə, nöqsanlarla birgə göstərilib. Kitabın ən dəyərli məziyyəti isə odur ki, o, Ser Riçardın gündəlikləri əsasında yaranıb. Müəllif gündəliklərini necə var, o cür də, bəzək-düzəksiz və ixtisarsız kitab halına gətirərək molyonların ixtiyarına buraxıb. Onun kitabdakı qiymətli sitatları isə beyinlərə çox rahat həkk olunur.
- Ehtiyatlı olmaq vacibdir, amma astagəl olmaq təhlükəlidir.
- Hər şeyi mürəkkəbləşdirmək cəhdi sizin düşməninizdir. Mürəkkəb bir situasiya yaratmağı hamı bacarır. Amma sadə bir şey etmək çox çətindir.
- Ən nəhəng brend olmaq cəhdi mənasızdır. Daha vacibi ən hörmətedilən brend olmaqdır.
- Pul müvəffəqiyyətin pis göstəricisidir. Ondan pisi yalnız şöhrətdir.
- Əsl liderlik keyfiyyəti odur ki, rahat və aydın şəkildə izah edə biləsən ki, nə səbəbə bu və ya digər qərarı qəbul etmisən.
- Bir dəfə sizi tapmış uğur bütün ömrünüz boyu sizi yemləyə bilməz.
- Mənəviyyat – biznesdə heç də boş səda deyil. Onda bütün əsas mənalar var.
- Mənim can atdığım ən vacib şey kiməsə verdiyim sözün üstündə dura bilməyimdir.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
Cəbrayıl ryonundakı Divlər sarayı abidəsi əfsanəsi
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Çox-çox qədim zamanlarda bir oba vardı. Bu obanın insanları xoşbəxt, firavan yaşayırdılar. Onlar tanrının bəxş etdikləri yamyaşıl meşələrdən hər cür qış azuqəsi yığar, ov ovlayar, çaylardan balıq tutardılar. Bu obanın heç bir şeyə ehtiyacı yox idi. Buranın təbiəti, əsrarəngiz mənzərəsi, yaşıllıqları, meşələri öz möhtəşəmliyi ilə insanları valeh edirdi. Sanki ulu yaradan bu obadan heç nəyi əsirgəməmişdi. Yeraltı sərvətləri tükənməz xəzinə olduğu kimi, yerüstü sərvətləri də canlı və zəngin idi.
Bir gün obaya bədbəxtlik üz verdi. Meşənin ən səfalı yerində divlər peyda oldular. Meşəyə üz tutan insanlar onların şikarına çevrildi. Otlağa gedən qoyun sürüləri, mal-qara da onların hədəfi oldu. Bu obada ox atmağı, qılınc çalmağı ilə ad çıxarmış Paşa adlı bir igid vardı. O çox götür-qoy edəndən sonra divləri öldürmək, obasını bu bəladan xilas etmək qərarına gəldi. Amma divlərin öhdəsindən necə gəlmək olardı. Onun nə atdığı oxlar, nə də vurduğu qılınc onlara təsir edə bilməzdi. Paşa qonşu obada yaşayan, hər şeyin əlacını bilən Əli Çələbi adlı pirani qocanın yanına gəlib, ondan məsləhət istədi. Pirani qoca igidə:- “əvvəlcə Diridağda yaşayan kərgədanı öldürməlisən”- dedi. Sonra kərgədanın iç piyini çıxardıb divlərin mağarasının yaxınlığındakı ağacların başındakı budaqlara elə asmalısan ki, gün düz onların üstünə düşsün, yeddi gün ərzində piy əriyib damcı-damcı torpağa düşəndə torpaqdan gələn qoxu mağaranın ətrafına yayılacaq. Bu qoxunu divlər sevmir, odur ki, onlar mağaranı tərk edib qaçacaqlar. Paşa pirani qocaya təşəkkür edib, altdan geyinib üstdən qıfıllandı, üstdən geyinib altdan qıfıllandı, üz tutdu Diridağa. Bəli Diridağ sanki bir qan çanağı idi. Burada yaşayan kərgədanlar heç də divlərdən geri qalmırdı. Paşa nəyin bahasına olursa olsun kərgədanlardan birini öldürməli idi. İki gün Diridağa onların nəriltisindən yaxınlaşa bilmədi, axırda qulaqlarına əski tıxadı ki, vahiməli səsləri duymasın. Bir az uzaqda rahat bir yer seçdi, yaxınlaşmaqda olan kərgədanı düz ürəyindən nişan aldı. Üçüncü oxdan sonra kərgədan tir-tap yerə sərildi. Dan yeri söküləndə Paşa kərgədanın qarnın yırtıb iç piyini çıxartdı, bir torbaya qoyub, öz obasına tərəf üz tutdu. Gün təzəcə doğmuşdu. Paşa divlərin yaşadığı mağaranın yaxınlığındakı ağaclara çıxıb piydən kəsib, budaqlardan asdı. Beləcə mağara ətrafındakı ağaclardakı piylər qızmar günün şəfəqləri altında əriməyə başladılar. İgid uzaqdan divlərə göz qoyurdu. Divlər mağaradan çıxan kimi “Adam-badam iysi gəlmir? Yağlı badam iysi gəlmir? Bəs bu nə iydir belə? ”- deyib qaçmağa başladılar. Paşa iki gün ağacda gözlədi. Divlər tamam yox olandan sonra mağaraya yaxınlaşdı, yavaşca içəri girdi. Mağarada bir dənə də olsun div qalmamışdı. Amma mağaranın içində çoxlu qızıl-gümüş, ləl, cəvahirat vardı. Divlər yığdıqları bütün qənimətlərini bura daşımışdılar. Paşa obaya dönüb igidləri başına yığdı, divlərin xəzinəsini atlara yükləyib kəndə döndülər. Xəzinədəki qızıl, gümüş, ləl cəvahiratı obada yaşayan insanlara payladılar. Oba yenə də firavan həyat sürməyə başladı. Obanın insanları bu mağaranı “Divlər sarayı” adlandırdı, çünki bu qədər xəzinə yalnız şah saraylarında ola bilərdi.
Bu əfsanə Cəbrayıl rayonun Dağtumas kəndi yaxınlığındakı “Divlər sarayı” tarixi abidəsi haqqındadır.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
BİRİ İKİSİNDƏ – Anar Gülümsoyun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Şeir vaxtıdır, Anar Gülümsoyun şeirləri ilə tanışlıqdır.
ALOOO, EŞİDİRSƏN?...
yolumu nə qədər dəyişsəm də mən,
bir də ayılıram ki, yolundan düşüb.
səni ürəyimin vaxtı biləndən
saatım qırılıb qolumdan düşüb.
gözlərin ruhumu çəkir göylərə
sənəmi inansın, onamı ürək?!
eeh... mənim qəlbimin dəlilikləri
sənin gözlərinin işidir, demək.
sən hələ od ilə oynayan uşaq,
yandırsan əlini, izi qalacaq.
mənim ürəyimi oxuyanmasan,
sənə bir ömürlük sözü qalacaq.
çevrilib yarpağa, gülə, çiçəyə
səni ətir-ətir izləyəcəkdir.
çilənib yağıştək yolların üstə,
bitib bənövşətək gözləyəcəkdir.
qalacaq dünyanın bir eşq nəğməsi,
qalacaq gecənin pıçıltısında,
qalacaq yağışın şırıltısında...
sənin də yuxunu alar əlindən,
eh, sənin də ağlın çıxar başından,
bacara bilməzsən bu dəli sirlə,
durub zəng edərsən bir gecə vaxtı:
"alooo, eşidirsən?
– səni sevirəm".
ZÜMZÜMƏ EDİRƏM XATİRƏ ÖMRÜ
daha çiçəkləməz bahar eşqimiz,
indi arzuların üzü qışadı.
sən düşüb getdiyin yollar uzandı,
geri qayıtmağa ömür qısadı.
qısadı, əzizim, qısadı həyat,
bitirib yenidən başlamaq olmur.
ən gözəl çiçəyin ömrü bir əsim,
bir yağışla bitər kəpənək ömrü –
ürək də belədir, qışlamaq olmur.
amma, nə yazıq ki, unutmaq olmur
bu çiçək ürəyi, kəpənək eşqi.
hər gecə yuxunda görüb durarsan
bir ömrə sığmayan biçənək eşqi.
İlahi, ilahi, yaşadıqlarım
hamısı yuxuymuş, hamısı yuxu.
qurbanı olduğum dəli çağların
indi nağıl kimi görünür çoxu.
hissim də, duyğum da qurban gedibdi,
qurbanlıq olubdu neçə ilim də.
ürək də belədir, arzu da belə...
zümzümə edirəm xatirə ömrü
şirin nəğmə kimi qalıb dilimdə.
eeh... bax belə, bax belə...
ETİRAF
tufanlı köksümə baş qoyan qadın,
məni dua etdin öz əllərinə.
gözümə, könlümə kimisə qoydum,
heç kəsi qoymadım sənin yerinə.
sən necə kitabsan, necə yazısan?!
hər gün oxuyuram bitdiyin yerdən.
saçıma dən düşdü, ürəyimə od,
qoxlayıb saçımı öpdüyün yerdən.
“Ədəbiyyat və incəsənət”
(13.02.2024)
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidimiz Abdulla Paşayevin ailəsinə dəstək göstərib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
22 yaşlı şəhidimiz Paşayev Abdulla Sultan oğlu Gəncə şəhərində doğulub.
Əsgərliyinin bitməsinə 3 ay qalıbmış.
O, 2020-ci il sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Əsgər Paşayev Abdulla “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
"Youtube" video: https://youtu.be/IQrUGSuFA6Y
Yüksək keyfiyyətli formada videolink: https://we.tl/t-GVRwxK5r0h
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Azərbaycan "2023-cü ilin Mədəniyyət Destinasiyası" mükafatına layiq görülüb
Çin Xalq Respublikasının "Voyage" jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət Destinasiyası” mükafatına layiq görüb.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqe və nüfuzu xüsusi qeyd olunub.
Tədbir zamanı UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Şirvanşahlar Sarayı və Qız qalası ilə birgə İçərişəhər, Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu" mədəni landşaftı kimi tarixi irs əraziləri haqqında geniş məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sözügedən məkanlar haqqında məlumat Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə “Voyage” jurnalının “Weibo” sosial platformasındakı səhifəsində dərc olunaraq milyonlarla səyahətçiyə Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı yaradıb. Bununla yanaşı, səhifədə "#VoyageAwards年度大奖" həştaqı ilə həyata keçirilən təbliğat kampaniyası müddətində Azərbaycan cəlbedici destinasiya olaraq, ümumilikdə, 10,95 milyon insana nümayiş etdirilib.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl "Voyage" jurnalı tərəfindən “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunub.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Ulduz ətri...” şeiri
Poetik Qiraətdə dalbadal ikinci gündür ki, sizlərə Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nurinin şeiri təqdim ediləcək, bu dəfə “Ulduz ətri...”
Ulduz ətri
Yarpaq kimi sevmək olmur xəzəli,
Boğazına keçər bir gün öz əlin...
Yaxşı baxsan, ulduzların gözəli
Sevgilitək görünəcək dünyada.
Dərilməyən yalan qalıb görəsən?
Yapışmağa saman qalıb görəsən?
Ölüm niyə cavan qalıb görəsən-
Bu qocaman, bu ağbirçək dünyada?
Haqq hardaymış?- yuxarını gəzirdim...
Qurumuş çay axarını gəzirdim.
Mən bəxtimin baharını gəzirdim-
Əzilibmiş çiçək-çiçək dünyada.
Ay idi?- ya, yar gözümə sataşdı?
Tanrı bu gün kor gözümə sataşdı...
Hara baxdım- tor gözümə sataşdı
Hara baxdım-bu hörümçək dünyada.
Gül eşqinə gül üzünü itirmə,
Günəşi tut, gündüzünü itirmə.
Canım durna, göy üzünü itirmə-
Üşüyərsən lələk-lələk dünyada...
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
“Bu gün teatrda və kinoda tamaşaçının arxasınca qaçmaq bir növ dəbə düşüb”
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- “Teatrdan 2009-cu ildə uzaqlaşmışam, amma bu o demək deyil ki, səhnədən də uzaqlaşmışam. Doğrudur, səhnəyə qayıtmağımla bağlı müəyyən təkliflər var, hələ ki, mən həmin təkliflərə münasibət bildirməmişəm. Aktyor olaraq ilk çalışdığım teatr Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı olub. Daha sonrakı iş yerim Şuşa teatrı oldu. 1992-ci ilə kimi orada fəaliyyət göstərdim və teatrın Bakıda məskunlaşması üçün çox işlər gördüm. 1993-cü ildə iş üçün Bakı Bələdiyyə Teatrının direktoru mərhum Xalq artistimiz Amaliya Pənahovaya müraciət etdim. Amaliya xanım məni müqavilə ilə işə götürdü. 2007-ci ilə qədər, düz 15 il Bakı Bələdiyyə Teatrında fəaliyyət göstərdim. Zamanla elə bir vəziyyət yarandı ki, artıq mənim o teatrda qalmağım mümkün deyildi. Heç kimin qəlbini qırmadan dostcasına ayrıldım. Oradan ayrıldıqdan sonra heç bir teatrda işləmədim. Təəssüf olsun ki, bu gün teatrda və kinoda tamaşaçının arxasınca qaçmaq bir növ dəbə düşüb. Mən belə şeylərin əleyhinəyəm. Azərbaycan teatr və kinosunun çox zəngin tarixi var. Biz bu kinonu, teatrı yaşatmağı bacarmalıyıq...”
Qaraqabaq, zəhimli görünsə də əslində ürəyi yumşaq adamdır. Davranışında sadə və mehribandır. Heç kimin xətrinə dəyməyi xoşlamır. Bağışlamağı, mərhəmət göstərməyi bacarır.
“Bəzən çox ürəyi yumşaqlıq elədiyimə görə özümü danlayıram. Sonra fikirləşirəm ki, yox, Allah məni insan yaradıb, gərək insanlığımı icra edim. Axı Allah adamı it də yarada bilərdi, pişik də. Mən isə insanam, deməli Yaradanın etimadını doğrutmalıyam. Allah mənim məhz insan olmağımı istəyibsə, bunu nəzərə alıb yaşamalıyam. Heç vaxt unutmuram ki, hər bir hərəkətim üçün o dünyada cavab verməli olacam.”- söyləyir...
Haqqında söhbət açdığım Azad Hətəm oğlu Şükürov 1959-cu ildə Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub. 1977-1981-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb, sonra bir müddət aktyor kimi N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışıb. 1984-cü ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tədris Teatrında fəaliyyət göstərib. 1990-cı ildən həmin ali təhsil ocağının “Səhnə danışığı” kafedrasında müəllim kimi çalışır, 2001-2006-cı illərdə kafedra müdiri olub. Sonra Bakı Bələdiyyə Teatrının aktyoru kimi səhnədə maraqlı obrazlar yaradıb, bu teatrdakı fəaliyyətinə görə 2002-ci ilin noyabrında Əməkdar artist fəxri adına layiq görülüb. 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Azad Şükürov həm də tez-tez mətbuatda elmi məqalələrə çıxış edir. “Televiziyada danışıq” proqramı , “Danışıq texnikası” fənninə dair proqram və metodik göstərişlər və “Televiziyada danışıq” fənninə dair proqram və metodik göstərişlərin müəllifidir...
Qəribə xüsusiyyətləri də az deyil. Çox prinsipial adamdır. Necə deyərlər, “nemes kimidir, “yox” dedisə, onu fikrindən döndərmək çətindir.” Amma bütün bunlara baxmayaraq xeyirxahlığından da qalmır. Əl tutmağı, kömək etməyi xoşlayır. Heç vaxt şit zarafatlar etmir, lakin yumor hissi yüksəkdir. Yerində deyib gülməyi də bacarır, ciddiliyinə də söz ola bilməz...
Deyir ki,- “Doğrudur, teatrda çalışdığm dövrdə heç cür vaxt tapıb kinoya çəkilə bilmirdim. Amma arada Nadir Muqbilovun “Prokuror”, Azər Zamanlının “Oyun” filmində baş rollara çəkilmişəm. Ramiz Həsənoğlunun “Cavid ömrü”, “Sübhün səfiri” filmlərində, Ramiz Əzizbəylinin “Yalan” filmində də rol almışam. İndi demək olar ki, hər il ən azı bir filmə çəkilirəm...”
Həyatı boyu ona çox təkliflər olub. Hətta onu- sənin danışığın da, savadın da, görkəmin də filan vəzifəyə uyğundur- deyib həvəsləndiriblər də. O isə bu təkliflərdən imtina edib, qəbul etməyib ki, öz sənətindən uzaq düşməsin. Çünki o, bu sənətə kortəbii deyil, şüurlu surətdə gəlib və sənətə gəldiyi zaman bütün çətinlikləri əvvəlcədən göz önünə alıb...
“İş orasındadır ki, mənim sənət müəllimlərim görkəmli sənətkarlarımız Rza Təhmasib və Əliabbas Qədirov olublar. Onlar mənə hər zaman acı həqiqəti deyərdilər. Sənətin və həyatın gözə görünməyən, amma reallıqda adamı gözləyən çətinliklərdən söz açırdılar. Mən erkən yaşlarımdan həyatın çətinliklərini yaşayan insanam və bu gün çətinlikdən qorxmuram”- söyləyir.
Siyasətdən çox uzaq adamdır. Heç vaxt siyasi proseslərdə radikal mövqe nümayiş etdirməyib. Amma ata-baba torpağlarının işğaldan azad olunması onu çox sevindirir. Buna görə Ali Baş Komandana minnətdarlığını gizlətmir. Prezident seçkilərində məhz ona səs verdiyini dilə gətirir: “Allah şəhidlərimizə rəhmət eləsin! Bir mədəniyyət xadimi, pedaqoq olaraq insanlara bildirmək istəyirəm ki, bizə qələbələr bəxş edən, 30 il ərzində məhrum olduğumuz ana torpağa, doğma yurda, doğulduğumuz kəndə-kəsəyə getmək, valideynlərimizin məzarını ziyarət etmək imkanını yaradan müdrik şəxsiyyətə, ölkə rəhbəri İlham Əliyevə səs verdim və bunu ona olan minnətdarlığımın təzahürü hesab edirəm!”
İllər sürətlə bir-birini əvəz edirlər. Sanki bir neçə il bundan öncə, Amerika qitəsindən ona göndərdiyim təbriki dünən yazmışdım. Budur, fevralın 11-də haqqında söhbət açdığım əməkdar artistin artıq 65 yaşı tamam oldu, yubileyi idi. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşayın, sənətkar!
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.
Zəif sentyabr günəşi səhərdən havanı qızdırsa da, günortadan sonra meşənin sərinliyi özünü göstərməyə başlamışdı. Kabab çəkmək üçün qaladığım ocaq çoxdan sönüb, yerində ancaq külü qalmışdı. Süfrə açıb oturmaq üçün yerə sərdiyimiz palaz da torpağın soyuğunu özünə çəkib dizlərimi üşüdürdü. Çönüb Gülanəyə baxdım. O da jiletinə bürünüb oturmuşdu.
Meşənin sakitliyini çox sevirdim. İllərlə, əvvəlcə, polis sıralarında çalışarkən, sonradan isə detektiv kimi apardığım araşdırmalarda rastlaşdığım, əslində, insan adına yaraşmayan, ancaq insanlar tərəfindən törədilən cinayətlərin, qəddarlıqların, xəyanətlərin məni yavaş-yavaş insanlardan uzaqlaşmağa sövq etdiyini hiss edirdim. Son zamanlar daha çox tək qalmağa üstünlük verirdim. Tez-tez şəhərin səs-küyündən uzaqlaşmaq üçün rayonlara dincəlməyə gəlir, hansı rayonda olmağımdan və neçə gün qalacağımdan asılı olmayaraq mütləq meşəyə gedib sakit bir yer tapıb vaxtımın çox hissəsini orada keçirirdim. Belə günlərdə mənim yanımda ola biləcək yeganə adam Gülanə idi. Xasiyyətimi incəliklərinə qədər öyrənmiş, harada danışmaq, harada susmaq lazım olduğunu gözəl bilən Gülanə ilə çox vaxt danışmadan, baxışlarımızla bir-birimizi başa düşdüyümüzdən, yalnız ona şamil olunmayan bu tək qalmaq istəyimə onun varlığı başqa bir rahatlıq gətirirdi. Qəribə hisslər yaşayırdım belə anlarda. Sanki həm tək idim, həm də onunla. Bu qadını çox sevirdim. Heç vaxt özünə deməsəm də, onu göylərdən mənə göndərilən bir mələk hesab edirdim-gəlişi ilə heç vaxt ailə qurmamış bir kişinin bir-birindən fərqlənməyən boz günlərini növbə ilə hər gün göy qurşağının bir rənginə boyayan mələk.
Daha getmək lazım idi. Bu gün səhər gəlib yerləşdiyimiz oteldə heç bir saat qalmamış, bəzi əşyalarımızı otağımıza qoyub otelin restoranında bir stəkan çay içdikdən sonra İsmayıllı bazarından yaxşı bir bazarlıq edib meşəyə gəlmişdik.
-Gedəkmi, xanım?
-Gedək, cənab detektiv.
Tanışlığımızın ilk günündən aramızda yaranmış bu danışıq formasını olduğu kimi saxlamışdıq. Bu, ikimizin də çox xoşuna gəlirdi. Bir-birimizə baxıb gülümsədik və eyni vaxtda ayağa qalxdıq.
-Mən hər ehtimala qarşı ocağın üstünə su töküm, sən də süfrəni yığ.
Beşlitrlik qabın dibində qalan suyu ocağın üstünə səpəndə külün içində gizlənmiş tək-tük közlər cızıldamağa başladı. Onların tam söndüyünə əmin olduqdan sonra Gülanəyə köməyə gəldim. Birlikdə əvvəlcə onun palazın üstündəkiləri yığıb qablaşdırdığı iki zənbili, sonra isə palazı maşının yük yerinə qoyduq. Buradan qaldığımız otelə qədər yarım saatlıq yol var idi.
Meşənin içi ilə uzanan torpaq yol geniş olsa da, yola əyilən bəzi ağacların budaqlarının maşını cızmaması üçün əsas yola çıxana qədər asta sürətlə gedirdim. «Niva» markalı bu maşını yayın əvvəllərində kreditlə götürmüşdüm. Belə şeylərə çox fikir verməsəm də, təzə olduğu üçün maşının cızılmasını istəmirdim.
Bu yayı demək olar ki, istirahətə həsr etmişdim. Sonuncu araşdırmamdan, iki qətl hadisəsini paralel olaraq araşdırmağımdan düz dörd ay keçmişdi. Olduqca gərgin keçən bu araşdırmada cinayət aləminin «elitası» sayılan «qanuni oğru»ların maraqlarına zidd olan dərinliklərə gedib çıxdığım üçün qarşı tərəf mənim «ölüm hökmü»mü vermiş, ancaq mən də, bütün araşdırma boyu məni tək qoymayan müəllimim, istefada olan polis polkovniki Arif Dadaşzadə də bu təhlükəli işdən qalib çıxa bilmişdik. Bundan sonrakı dörd ayda bir neçə xırda məsələ ilə bağlı müraciət edənlər olmuşdusa da, o işləri köməkçim Layiqəyə həvalə etmiş, özüm isə yalnız ona istiqamət verməklə kifayətlənmişdim. Bunu qəsdən, Layiqənin sərbəst araşdırma aparmağa alışması üçün etmişdim. Layiqə də yanımda olduğu bir ildən artıq müddətdə topladığı təcrübəsini işə salmış, həmin xırda oğurluq və sairə ilə bağlı olan işləri qısa müddətə açmışdı. Ona görə də bu işləri hesabımdan saymırdım və onları Layiqənin aktivinə yazmışdım. Belə bir köməkçim olduğu üçün rahat idim. Elə indi də ofisi ona tapşırıb dincəlməyə gəlmişdim. Şəhərdə olmadığım müddətdə Layiqə bütün işləri tək aparır, gələnləri qarşılayıb dinləyirdi. Mənə isə, yalnız ağır cinayətlə bağlı müraciət edən olarsa, xəbər verməsini tapşırmışdım.
Detektiv kimi profilim, əsasən, ölüm işi, insan oğurluğu, şantaj kimi cinayətlərin araşdırılması, xüsusilə təhlükəli cinayətkarın axtarışı, bir sözlə, ağır cinayət hadisələridir. Mən bunun məktəbini keçmişəm. Belə cinayətləri araşdırmaqdan xüsusi zövq alıram.
Son dörd ayda belə cinayətlərlə bağlı müraciət edən olmadığından vaxtımı Gülanə ilə dincəlməklə keçirmişdim. İndi də havamızı dəyişmək, payızın ilk günlərinin gözəlliyindən zövq almaq üçün Azərbaycanın mənzərəli guşələrindən biri olan İsmayıllı rayonunu seçmişdim...
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)
Azıx mağarası əfsanəsi
“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin nağıllarını, əfsanələrini ardıcıl təqdim etməkdədir. Nağıllar uşaqlar üçün yaradılır. Amma bu nağılları böyüklər də məmnuniyyətlə oxuyurlar və bəyənirlər. Əfsanələr isə yurdumuzun qədim tarixi, toponimləri barədə hamı üçün bir mənbədir.
Xocavənd rayonu, Azıx mağarası
Yüz milyon illər bundan əvvəl insanlar qəbilə halında yaşadıqları vaxtlarda səfalı bir meşədə iki qəbilə yaşardı. İnsanlar təbiətin onlara bəxş etdiyi qidadan – meyvə, qoz, bitki köklərindən yeyər, vəhşi heyvanları ovlardılar. Gözəl iqlim şəraiti, bol çaylar qəbilələrin sayının artmasına səbəb olurdu. Qonşu qəbilələr arasında daim yaşayış uğrunda mübarizə gedərdi. Qəbilə başçıları bir-birlləri ilə ölənəcən vuruşardılar. Havalar soyuyanda, şaxtalar düşəndə meşələrdə yaşayan qəbilə adamları heyvanları öldürübmağaralarda, kahalarda, zağlarda yaşayırdılar. Ov üstündə qəbilələr bir-birlərilə qanlı döyüşə girərdi.
Bir qəbilədə digər üzvlərdən fərqli bir-birini çox istəyən ana və oğul vardı. Oğlu hər zaman anasını qoruyur, tapdığı yeməyi anası ilə bölürdü. Nəhayət onlar bu haqsız müharibələrə dözməyib tənha yaşamaq qərarına gəldilər. Heç kəsin bilmədiyi qalın meşəliklə örtülən, iki qayalığın arasında yerləşən bir mağarada məskunlaşdılar. Ananın adı Az, oğulun adı İxo idi. Oğlu çox güclü, cəsur, döyüşkən, birnəfəsə aslanları, kərgədanları daşla vurub öldürər, azuqə götürərdilər. İxo özünü qorumaq üçün daşdan silahlar, sapand düzəltmişdi. Bir gün ana xəstələndi. Ov üçün İxo tək meşəyə üz tutdu. Ov dalınca bütün günü qaçdı, kərgədanla döyüşdə yaralandı, güclə ondan canını qurtardı, yorulub tamam əldən düşdü. Mağaraya gəlib çatanda dağdan böyük bir daş parçasınınmağaranın ağzına düşdüyünü gördü. Daş mağaranın ağzını tamam bağlamışdı. Qışqırıb Az İxo dedi, amma xəstə ana yəqin ki, ölmüşdü. Oğul Azixo deyib hayqırır, anadan bir səs gəlmədiyini görüb, həmin yeri tərk edir, qəbiləyə qayıdır. O vaxtdan bu mağara Azıx adlanır.
“Ədəbiyyat və incəsənət”
(12.02.2024)