“Yanar ürək, yurd eşqilə, daima için-için” - Bu gün Silahlı Qüvvələr Günüdür. Featured

Heyran Zöhrabov, “Ədəbiyyat və incəsənət”

 

Vətən məni yetişdirib 

Bu ellərə yolladı, 

Bu torpağa qurban deyib 

Allaha ismarladı. 

“Boş oturma, çalış, - dedi, 

- Xidmət eylə Vətənə. 

Südüm sənə halal olmaz, 

Sən baş əysən düşmənə”.  

 

Marş irəli! Marş irəli! 

Azərbaycan əsgəri! 

Dönməz geri, dönməz geri 

Azərbaycan əsgəri!  

 

Yastığımız Vətən daşı, 

Yorğanımız qar olsun. 

Biz bu yoldan dönər olsaq, 

Namus bizə ar olsun! 

Nə gözəldir ölmək bizə 

Sevimli Vətən üçün, 

Yanar ürək, yurd eşqilə 

Daima için-için.  

 

Marş irəli! Marş irəli! 

Azərbaycan əsgəri! 

Dönməz geri, dönməz geri 

Azərbaycan əsgəri! 

 

Bu gün şanlı Azərbaycan ordusunun, silahlı qüvvələrimizin 106 yaşı tamam olur. 

1918-ci il may ayının 28-də müstəqilliyini elan edən Azərbaycan xalq cumhuriyyəti hökuməti iyun ayının 26-da  ilk milli diviziyanın və Hərbi Nazirliyin yaradılması barədə qərar qəbul etdi və Azərbaycan Milli Ordusunun təməli qoyuldu. General Səməd bəy Mehmandarov hərbi nazir, general Əliağa Şıxlinski hərbi nazirin müavini, general Süleyman Sulkeviç isə baş qərargah rəisi təyin olundu.  Qafqaz İslam Ordusunun köməyi ilə Bakı erməni-rus qüvvələrindən azad edildi, milli hökumət Bakıya köçürüldü.

Ordunun yaradılması prosesi 1920-ci il yanvar ayında əsasən başa çatdırıldı. 40 min nəfərlik nizami ordunun 30 mini piyada, 10 mini isə süvari qoşun hissələrindən ibarət idi. Lakin, 1920-ci ilin 28 aprelində böyük qüvvə ilə rusların XI Qırmızı Ordusu Azərbaycana soxularaq ölkəmizi yenidən işğal etdi. Bakı buxtasına yan alan XI ordunun hərbi gəmiləri toplarını parlament binasına tuşlayaraq milli hökuməti devirdilər. Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyuldu. Milli Ordunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi, komandirlərin böyük hissəsi repressiyaya məruz qaldı. Yalnız 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra milli ordu quruculuğunun yeni dönəmi başladı. Azərbaycan Prezidentinin 22 may 1998- ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi elan edildi.

Yaşasın silahlı qüvvələrimiz! 

 

“Ədəbiyyat və incəsənət”

(26.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.