Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı - AMEA SADIQ QARAYEVİN YUBİLEYİNİ KEÇİRDİ Featured

İyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyasında yazıçı, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin 50 illik yubileyinə həsr olunmuş “Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi” adlı tədbir keçirilib. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Sadıq Qarayevdən tədbirlə bağlı aşağıdakı bilgiləri alıb. 

 

İSA HƏBİBBƏYLİNİN ÇIXIŞI

Öncə ondan başlayaq ki, tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli məni 50 illik yubileyim  münasibətilə təbrik etdi. Məni yazıçı, alim və ictimai xadim olaraq vətənpərvər fəaliyyətimlə tanındığını, əsərlərimdə  azərbaycançılıq məfkurəsi və ideyasını əsas tutaraq, azərbaycançı düşüncəni təbliğ etdiyimi bildirdi, bir yazıçı kimi mövqeyimin  mahiyyətini milli mənafe, ölkə maraqları və bəşəri dəyərlərin təşkil etdiyini vurğuladı. 

Akademik qeyd etdi ki, müxtəlif elm sahələrini təmsil edən insanların həm də bədii sənət və yaradıcılıqla məşğul olması təqdirəlayiq haldır. Dedi: “Bu mənada, Sadıq Qarayev həm elmi-fəlsəfi, həm də bədii üslubda yazdığı əsərləri ilə Azərbaycan ədəbiyyatında yeni cığır yaradıb, milli və bəşəri dəyərləri özünəməxsus tərzdə əks etdirib, azərbaycançılıq ruhu və şüuruna dair mülahizələrini qələmə aldığı əsərlərində ustalıqla ifadə edib: “Azərbaycançılıq məfkurəsi” onun bir əsərinin adıdır, amma bu ideya onun bütün əsərlərinin mərkəzində durur”.       

Akademik müstəqillik illərindən ədəbiyyatımızda yaranmağa başlamış akademizm cərayanının ictimai-siyasi ideyasından bəhs etdi. Yaradıcılığımda elmi idrakla bədii istedadın vəhdət təşkil etdiyini qabardaraq məni bu cərəyanın layiqli nümayəndələrindən olduğumu söylədi. 

Natiq müəllifi olduğum “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, “N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının adlarını sadaladı, onların ümumi xülasəsini xarakterizə etdi.

 

DİGƏR ÇIXIŞLAR

Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov əsərlərim haqqında fikirlərini bölüşdü. Qeyd etdi ki,  elmi biliklərimi bədii yaradıcılığım vasitəsilə ictimaiyyətə çatdıran aliməm. 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi” adlı məruzəsində yaradıcılığımı fəlsəfi aspektlərdən qiymətləndirərək söylədi: “Azərbaycançılıq məfkurəsinin bütün faktları onun əsərlərində sujet və xırdalığı ilə elmi və bədii sintez təşkil edir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri millət vəkili Fazil Mustafa çıxışında bildirdi ki, yaradıcılığımda azərbaycançılıq məfkurəsini elmi postulat kimi ədəbiyyata gətirməyim ən uğurlu cəhdlərimdındir. 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli yaradıcılığımı təhlil edərək, azərbaycançılıq ideyasını yeni fikir müstəvisində məharətlə təqdim etdiyimi dedi. Əsərlərimin elmi-ədəbi fikrin müasir səviyyəsini əks etdirən dəyərli nümunə kimi milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətli olduğunu, bununla, milli ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilərək azərbaycançılıq düşüncəsinin, ideologiyasının carçısı kimi mövqe qazandığımı bildirdi. 

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rektoru vəzifəsini icra edən, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov, 

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov məni yubileyim münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzuladılar. 

Çıxışların ardınca “Aləmlərin söhbəti” adlı videoçarx izlənildi. 

Daha sonra Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun kollektivi adından təbrik məktubunu institutun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova diqqətə çatdırdı. 

Sonda tədbirin təşkilinə görə AMEA rəhbərliyinə və iştirakçılara minnətdarlığımı bildirdim. 

Təbii ki, yaradıcılığıma verilən bu qiymət məni daha həvəslə yazıb yaratmağa sövq edəcək. 

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.