Malayziyadan Şuşanın necə görünməsi coxmu aktualdır? Featured

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki Yunus Əmrə İnstitutunda Şuşa şəhərinin tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib. Sözügedən tədbir “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. 

 

Tədbiri Yunus Əmrə İnstitutunun direktoru Ömər Altun açaraq, xalqlar arasında mədəni mübadilənin əhəmiyyətindən danışıb, Şuşanın tarixi ilə bağlı müzakirənin Yunus Əmrə İnstitutunda keçirilməsindən qürur duyduğunu bildirib.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva Şuşanın keşməkeşli tarixi haqqında məlumat verib və 30 ilə yaxın erməni işğalı altında qalan şəhərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi tarixindən danışıb.

Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İctimai Televiziyanın hazırladığı “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədoğludur.

Tədbirdə Malayziya Universitetinin professoru Şanmuqam Krişnavani Şuşa şəhəri haqqında fikirlərini bölüşüb. O, aparılan müzakirələrdən, eləcə də Şuşa haqqında filmdən Şuşanın gözəl və güclü şəhər olduğunu anladığını qeyd edib və bildirib ki, üzləşdiyi bütün çətinliklərdən qalib çıxan şəhərin tarixi insanlara həyat dərsi verir.

Professor ilk imkan yaranan kimi Şuşanı ziyarət edəcəyini bildirib.

Türkiyənin Malayziyadakı baş konsulu Tolqa Uçak Şuşanın qürur şəhəri olduğundan danışıb, Şuşanın tarixinin film vasitəsilə belə əyani görməyin və göstərməyin əhəmiyyətini qeyd edib.

Filmi izləyənlər Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzi olan Şuşa şəhəri haqqında fikirlərini bölüşüblər.

Tədbirdə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanov, səfirliyin əməkdaşları, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbir iştirakçılarına araşdırmaçı-jurnalist Vasif Quliyevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ingilis dilində nəşr etdirilmiş “Şuşa qalası” tarixi-etnoqrafik broşürlər dəsti hədiyyə olunub.

 

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşıb. Malayziyadakılara Şuşa barədə danışmaq üçün “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinə nə az, nə çox, düz 34900 manat vəsait ödənilib. 

 

“Ədəbiyyat və incəsənət”

(27.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.