Super User
Bu gün Akademik Milli Dram Teatrında “Cəhənnəm sakinləri” ilə görüş olacaq
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Cəhənnəm sakinləri” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı mərhum sənətkar, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqovdur.
“Ədəbiyyat və incəsənət” portalı iTicket-ə istinadən xəbər verir ki, əsər tragikomediya janrında səhnələşib.
İki hissədən ibarət olan tamaşa1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Şəhidləri unutmayaq - SALEH ŞƏHİZADƏ
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
8 Fevral həyatdan doymayan, ömrünün 19-cu baharında Şuşa fədaisi olan igid oğul Saleh Şəfizadənin şəhid olduğu gündür.
Şəhid Saleh Şəfizadənin ömrü cəmi 19 il çəkdi. O, bu həyatdan heç getmək istəmirdi. 88 gün koma vəziyyətində ölümlə mübarizə apardı. Hər birimizin ürəyində bir ümid tumurcuğu əkmişdi onun bu həyata bağlılığı. Bir möcüzə gözləyən qəsəbəmə, nəticədə yenə bir dağ çəkdi Saleh.
Saleh Şuşa uğrunda döyüşlərdə yaralanmışdı. O "Şuşa fatehlərindən" idi. Ondan əvvəl isə Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət göstərmişdi. Şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Saleh Şəfizadə "Xocavəndin azad olunmasına görə" , "Vətən Müharibəsi Qəhrəmanı" , "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Saleh Şəfizadə 2021-ci il fevralın 8-də müalicə aldığı tibb müəssisəsində koma vəziyyətinin 88-ci günündə dünyadan köçüb.
Saleh Şərifzadə fevralın 9-da Maştağa qəsəbəsində dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
“Qulliver Cırtdanlar ölkəsində” yenidən Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq
Fevralın 11-də - bazar günü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadədir. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı iTicket-ə istinadən məlumat verir.
Tamaşada kukla elementlərindən məharətlə istifadə olunub. Müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla əks etdirilib. Uşaq və yeniyetmələrə təbliğ olunan əsas məqam darda olanlara kömək etməyin, mərhəmətli olmağın vacibliyidir.
“Qulliver Cırtdanlar ölkəsində” tamaşasında əsas rolları Elşən Hacıbabayev və Müşfiq Əliyev ifa edəcək.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Əməköməci balvası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Əməköməci balvasının hazırlanması qaydasını şərh edəcəyik.
DÜSTUR:
§ Əməköməci – 100 qr § Göy sarımsaq – 10 qr § Yumru düyü – 60 qr
§ Mərzə qurusu – 10 qr § Quzuqulağı – 15 qr
§ Kərə yağı – 15 qr § Zəncəfil – 1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
Xörək əlavəsi:
§ qurut – 30 qr
HAZIRLANMASI:
Göyərtilər təmizlənir, yuyulur, doğ- ranır. Düyü əvvəlcədən isladılır, bişiri- lir. Yarı bişdikdə doğranmış göyərtilər, duz, istiot, ədviyyatlar əlavə olunur və tam hazır olana qədər bişirilir. Hazır olduqda üzərinə kərə yağı əlavə olu- nur, yanında üyüdülmüş, suda həll olunmuş qurut verilir.
QEYD:
Xörək duru yemək
kimi sayılsa da, qatı olur. Bir çox xəstəliklər, xüsusilə soyuqdəymə zamanı pəhriz yeməyi kimi istifadə olunur.
Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Azərbaycan təbabətinə yenilik gətirən cərrah
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Çap çaylardәn Çapayım,
Doğsun günәşim, ayım.
Çap, o çapsın, mәn çapım,
sәn çap, qoy biz dә çapaq,
Çap, gәlәcәk günlәrin
sәһәrinә yol açaq…
Vasiliy İvanoviç Çapayevi həyatda heç zaman görməmişəm, amma bütün sovet uşaqları kimi, haqqında çəkilən bədii filmə baxmışam, üstəlik Süleyman Rüstəmin ona həsr etdiyi əsəri dərslikdən mən də oxumuşam. O vaxt xalq arasında dolaşan lətifələri də çox eşitmişəm...
Onunla da şəxsən tanış deyilik, amma "sehirli qutudan" çıxışlarını, internetdən yazılarını çox oxumuşam. Bir sözlə, barəsində Çapayev qədər məlumatım var. Eyni şəhərdə böyüsək də yolumuz kəsişməyib...
Haqqında söhbət açdığım Vasif İsmayıl həkimdir, sadəcə həkim yox, Azərbaycan təbabətinə yenilik gətirən cərrah-həkim. Zarafat deyil, qapalı böyrək və sidik axarı daşlarının, eləcə də qapalı endouroloji daş əməliyyatlarının müasir alətlərlə parçalanması onun adı ilə bağlıdır. Bu işi ölkəmizdə birinci dəfə o, həyata keçirib, bu ilkə o, imza atıb…
Təbii ki, təbabət də mədəniyyətdir, tibbi mədəniyyət özündə daha mütərəqqi, daha mədəni tibbi müdaxiləni ehtiva edir.
Vasif həkim 1975-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. İstanbul Universitetininin tibb fakültəsini bitirib.
2003-cü ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında "Erişkin qadınlarda sidik saxlanmazlığı simptomatologiyası və urodinamik göstəricilər arasında korrelasiya" mövzusunda elmi iş müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
2003-2009-cu illərdə Bakı şəhərində "Mərkəzi Klinik Xəstəxanası"nda çalışaraq üç mindən çox xəstəni əməliyyat edib.
2009-cu ildən "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalı"nda işləyib. İndi harada çalışdığı barədə məlumatım yoxdur. "Azərbaycan Uroloqları Assosiasıyası", "Avropa Uroloqları Cəmiyyəti", "Türk Urologiya Cəmiyyəti", "Türk Andrologiya Cəmiyyəti", "Türk Qadın Urologiyası Cəmiyyəti"nin üzvüdür…
…Heç bilmirəm, Çapayev haradan yadıma düşdü, axı həmin gün çex yazıçısı Karel Çapeqinin, ABŞ-ın 37-ci prezidenti Riçard Niksonun da doğum günləridir. Onların hər hansı birinin adı ilə də başlaya bilərdim, bu məzəli təbrik yazısını. Bəlkə də, hər ikisində döyüşkənlik ruhu var deyə, Çapayev ortaya girdi. Axı Vasif həkim də insanlara rahatlıq verməyən xəstəliklərlə mübarizə aparır, yeni üsullar axtarışındadır…
Nə isə, bu gün - fevralın 9-u tibb üzrə fəlsəfə doktoru, uroloq-androloq Vasif İsmayılın 49 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
“Ömrümü yoluna xalça sərmişəm” - QƏZƏLLƏR
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Mən Nigar, bu gün sizlərə gənc istedad Təbriz Babayevin bir neçə qəzəlini təqdim edəcəm.
Təbriz Babayev 25.01.1999 ildə Beyləqan rayon Şərq qəsəbəsində anadan olmuşdur. Orta təhsillidir. Ədəbiyyata böyük həvəsi olduğu üçün heca, əruz vəznlərində xeyli sayda şeir və qəzəllərin müəllifidir.
KİMİSƏN
Sən mənim qəlbimə elə düşmüsən,
Dərdi tapılmayan azar kimisən.
Gah soyuq qış kimi, üşüdən məni,
Gah da məst eyləyən bahar kimisən.
Nə qədər uzaq da olsan əgər sən,
Yenə də kam alır bu könül səndən
Sənə zərər dəysə can verərəm mən,
Sən mənə ən yaxın damar kimisən.
Ömrümü yoluna xalça sərmişəm,
Yoluna düzməyə güllər dərmişəm.
O qədər inanıb könül vermişəm,
Verdiyim ən doğru qərar kimisən.
Talehin qələmi dolanmır yenə,
Ərz edim sevgimi, bildirim sənə,
Bezmir könül səndən, usanmır, mənə,
İştahla etdiyim nahar kimisən.
İNCƏLƏDİM
Tövf ilə yarımı mən xeyli süzüb incələdim,
Onu sevda dolu aləmdə gəzib incələdim.
Gözünü, qaşını, müjganını, ey yar, ləbini
Ləl, gövhər kimi bir sapda düzüb incələdim
Dedilər: "dərdidə nemət sayılır ol yarın",
Nemətin sirrini bu dərdə dözüb incələdim.
İstədim yarı xəyal eyləyəm əql ilə, fəqət
Özüm axırda xəyalında azıb, incələdim
Yuxuda ayrılan aşiq, dedilər: "vəslə yetir",
Mən də röyamı bu tərtiblə yozub incələdim.
Sənin eşqində cüda olmaq ölüm bənzəridir,
Bu təsəvvürlə məzar sanki qazıb incələdim.
Təbrizəm, incə xəyalımla gəzib incəliyi
Dəftərə mən qəzəl halında yazıb incələdim.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Sən bitdi demədən, heç nə bitməz - AKTUAL
Turunc Baxışlı, “Ədəbiyyat və incəsənət”
YAVAŞ İRƏLİLƏMƏKDƏN QORXMA, HƏRƏKƏTSİZ QALMAQDAN QORX.
Çin atalar sözü
Günümüzdə nə çoxdur, dünənləri bu günə, bu günləri də sabaha buraxan insanlar. Bir şeylər etməyi istəyib də, bacara bilməmək qorxusu ilə geri dönənlər. Bəlkə də başlasa bütün dünyaya səs salacaq bir istedadı varkən, ətraf nə deyər deyə düşünüb həyatını dopdolu bir boşluqda yaşayan insanlar necə də yaşamdan aciz insanlardır. Niyə önündə bacarmağı yoxlayacaq qədər bir zaman varkən, xəyalları yalnız qəlb evində yaşadasan ki? Anlamıram.
Unutmaq olmaz ki, hər kəs getdiyi yerə indi olduğu yerdən başlamaq məcburiyyətindədir. Sən də, əziz dostum, yoxladın, alınmadımı? Sənin getdiyin yolda cisminlə birlikdə ruhundamı yoruldu? Olsun! Niyə, bilirsənmi? Çünki sən heç nə etmədən yaşayanlardan daha şanslısan. Heç olmazsa çalışdın, məqsədin yolunda əlləşdin, özünü monoton həyatından uzaq tutmağa çalışdın.
Çalış sınma qəlbindən, əzizim. Sevgiylə, inamla addımla təkrardan.
Mahir bir ustadan soruşmuşlar: “Hər şey məhv oldu, bacarmadıq, nə edək?”
Usta da cavabında, “bir çay qoyun, yenidən başlayaq” demiş.
Yəni sən bitdi demədən bitməz. Nəfəs ala bilirsənsə hələ də ümid var deməkdir. Mən sənə inanıram, yetər ki sən özünə inan. Yavaş irəliləməkdən qorxma, hərəkətsiz qalmaqdan qorx. Dərin bir nəfəs al. Bacaracağam deyib addımla. Addımla ki, dünənki sən bugünkü sənə heyran qalsın.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
“Bilənlərə salam olsun!” - Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı şair, publisist Əkbər Qoşalının 7 fevral - Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə həsr edilmiş yazısını təqdim edir.
7 fevralda Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri baş tutdu. Ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş respublikamızda keçirilən ilk seçki bir sıra özəlliklərlə, İLKlərlə yaddaşlara həkk olunacaq.
Bəli, müstəqillik dönəminin bütün ölkə boyu keçirilmiş ilk seçkisindən danışırıq.
7 fevral seçkisi dövlət başçımızın Bakıda deyil, Xankəndidə səs verdiyi ilk seçki oldu! – Dövlət başçısının öz ailəsi ilə məhz Xankəndidə səs verməsinin mahiyyətini “bilənlərə salam olsun”!
7 fevral seçkisi elə bil seçki oldu ki, namizədlərin heç biri uduzmuş sayılmaz. Zəfər seçkisinin uduzanı olmaz ki! Bu bir tarixi hadisəydi, namizəd olaraq da, seçici olaraq da iştirak toy-bayrama getmək kimiydi… Bütün vətəncanlılar şaddı, qürurluydu!
İllər uzunu nə deyir, nə eşidirdik? –
“Bircə Qarabağ azad olunsun!”;
“Xankəndini kim azad etsə, onun qızıldan heykəli qoyulmalıdır!”;
“Xocalının qisasını alan, Şuşaya bayraq sancan komandana can qurban”! –
Yəni, şanlı ordunun Müzəffər Ali Baş Komandanı ilə eyni seçkidə yarışmaq, ölkənin uğurlarına birgə sevinib, qarşıda duran vəzifələri ekranda-efirdə birgə müzakirə etmək şansı qazanan heç bir siyasətçi uduzmuş sayılmaz. Bu seçkinin biləvasitə qalibi İlham Əliyev olsa da, qalib olan bütövlükdə xalqımız, dövlətimizdir! – Dünən səsvermə məntəqələrinə gələrək öz vətəndaş hüququnu, məsuliyyətini nümayiş etdirən hər kəs Azərbaycanın böyük gələcəyinə səs verdi. Səslərimiz Qarabağda, Gündoğar Zəngəzurda həyatın canlanmasına, ölkəmizin dörd yanında daha firavan həyatın şəkillənməsinə xidmət edəcək.
7 fevraldakı səslərimiz Qazaxın 7, Naxçıvanın 1 kəndinin azadlığı, Zəngəzur dəhlizinin açılması, Böyük qayıdışın daha da sürətlənməsi, Qərbi Azərbaycana qayıdışın geridönməz xarakter alması, bir sözlə, qüdrətli Azərbaycan üçündür! Belə bir inam içində keçirilən seçkilərdə uduzmaq kədər deyil, mübarəklikdir.
Siz təsəvvür edin, iraq olsun, Qarabağ hələ də işğal altında qalmış olaydı və dünənki seçkilərdə uduzmuş hansısa namizəd daha yüksək səs almış olaydı... – Bu, kimə, nəyə gərək olar, nəyə yarardı və ondan necə ilhamlanmaq, zövq almaq olardı?
Bilməm, fikrimi çatdıra bildimmi?
Bəli, respublikamızın paytaxtında və müxtəlif bölgələrində öz tərəfdarları ilə, seçicilərlə, o cümlədən ilk dəfə səsverən gənclərimizlə keçirilən çoxsaylı görüşlər, insanların istəklərini, qayğılarını biləvasitə özlərindən eşitmək imkanı digər namizədlərin növbəti seçkilərə hazırlıqları üçün mənəvi bazadır, dəyərli bilgilərdir. Məsələn, qalib Azərbaycanın parlamentində təmsil olunmaq qürur qaynağ deyilmi?.. Yaxud bütöv Azərbaycanın hətta bir bələdiyyəsinin üzvü olmaq belə, işğal altındakı şəhər-kəndlərimizi parlamentdə təmsil etməkdən daha üstün deyilmi?
İlham Əliyevin 7 fevral seçkisindəki möhtəşəm qələbəsi onun haqqı, xalqımızın qədirbilənliyi, vətəncanlılığı və minnətdarlığının təcallasıdır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Çəkiliş zamanı ölən rejissor - BU GÜN RAMİZ ƏSGƏROVUN DOĞUM GÜNÜDÜR
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
87 il əvvəl Azərbaycan kinorejissoru, ssenari müəllifi Ramiz Paşa oğlu Əsgərovun (1937-1967) dünyaya gəlib. Və cəmi 30 il yaşayıb, kinomuzun inkişafına xidmət edib, bir fiımin çəkilişi zamanı isə faciəli ölümə tuş gəlib.
Ramiz Paşa oğlu Əsgərov 9 fevral 1937-ci ildə anadan olmuşdur. 1957-1965-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində Mixail Rommun kursunda təhsil almışdır. İlk bədii filmi N.Hikmətin "Romantika" əsəri əsasında A.Voyazislə birgə çəkdiyi "Yaşamaq gözəldir, qardaşım!" (1966) tammetrajlı filmi olmuşdur. Zaqafqaziya və Ukrayna respublikalarının zona festivalında uğurlu debütə görə SSRİ Kinematoqrafçılar İttifaqının diplomuna layiq görülmüşdür. Sonra isə…
1967-ci ildə Ramiz Əsgərov quruluşçu rejissor kimi "Mən ki gözəl deyildim" filmini Tofiq Tağızadə və Ağarza Quliyevlə birgə çəkməyə başlayıb. Kim biləydi ki, elə bu filmin çəkilişi zamanı da onun həyatına son qoyulacaq?
Filmin çəkilişi zamanı bədbəxt hadisə isə baş verir. Lənkəranın Port İliç (Liman) qəsəbəsində filmin ilk epizodunu çəkən zaman texniki işçi pirotexnik partlayış effektini yaratmaq üçün işə başlayır. Lakin texniki səhv ucbatından əsl partlayış baş verir. Nəticədə dörd nəfər – fotoqraf, iki assistent, rejissor Ramiz Əsgərov həlak olur. Beş nəfər isə yaralanır.
2004-cü ildə “Rejissor. Ramiz Əsgərov haqqında... " adlı film çəkilir. Filmdə Azərbaycanın gənc kinorejissoru, mərhum Ramiz Əsgərovun qısa həyatından və çalışdığı iki ekran əsərindən (“Yaşamaq gözəldir, qardaşım! "(film, 1966);
“Əzim Əzimzadə "(film, 1967))söhbət açılır.
Ramiz Paşa oğlu Əsgərova tanrıdan rəhmət diləyirik!
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)
Şəhidlər barədə şeirlər – İsmət Məmmədov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün İsmət Məmmədova həsr edilmiş şeirlə tanış olacaqsınız.
İSMƏT HİKMƏT OĞLU MƏMMƏDOV
(02.08.1993.-08.10.2020.)
Kürdəmir rayonunun Sor-Sor kəndindən olan Azərbaycan Silahlı Qüvvələrin giziri, Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
İSMƏT
Yaxın gəlin, sizinlə tanış edim İsməti,
Orduda gizir idi, vardı, xətir-hörməti,
Çox düşünüb seçmişdi, bu müqəddəs sənəti,
Deyirdi, borcumuzdur, azad etmək torpağı,
Düşməndə qoyammarıq o gözəl Qarabağı.
Sənətini sevirdi, mərd idi, qoçaq idi,
Hər döyüşdən çıxanda qalib, üzü ağ idi,
Məğrur, cəsarətliydi, qorxudan uzaq idi,
Hər zaman xoş gəlirdi onun səsi, sorağı-
Düşməndə qoyammarıq o gözəl Qarabağı.
Aprel döyüşlərində göstərmişdi şücaət,
Hamı görmüşdü onda, var nə qədər cəsarət,
İnsanı ucaldıbdır hər bir zaman ləyaqət,
Qalib kimi keçmişdi imtahanı, sınağı,
Düşməndə qoyammarıq o gözəl Qarabağı.
Əməliylə qazanır insan şöhrəti, şanı,
Canından çox sevirdi doğma Azərbaycanı,
İsmətgil xilas etdi o kəndi – Suqovuşanı,
Pərən-pərən dağıldı, qaçıb yox oldu yağı,
Düşməndə qoyammarıq o gözəl Qarabağı.
Doğma Sor-Sor kəndində o, gəlsə də dünyaya,
İndi əziz övladdır bütün elə-obaya,
Əhsən, İsmət böyüdən gözəl, ata-anaya,
Ot kökü üstə bitər, bunu bilirik, axı,
Düşməndə qoyammarıq o gözəl Qarabağı.
Hələ yeni dil açır, Dəniz – o şirin bala,
İsmətdən bir xatirə, bizə əmanət qalan,
Böyüyüb bilər, ölmür şəhidliyə ucalan,
Ana yurdun başlayıb xoş günü, xoş sorağı,
Düşməndən azad etdik, o gözəl Qarabağı.
“Ədəbiyyat və incəsənət”
(09.02.2024)