Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yeni təqdimatdır, yazar Narıngül Babayevadır. Adətən hekayələrlə portalımızda görünən Narıngül xanım bu gün fərqli ampluadadır. “Qarışıq şeir”də bir qədər nostalgiya var, bir qədər niskil. Amma daha çox pozitivlik. Pozitiv sonluq bu kədərli şeirə sonda bir can verir sanki.
Xoş mütaliələr!
Qarışıq şeir...
Unutdunmu, dostum?
İndi bu şəhərdə
Qara div kimidir
Böyük göydələnlər.
Böyük göydələnlər ev olar, dam olmaz.
Quşlar yuva qurmaz.
Quşlar hürküb uçar.
Hanı bu şəhərin neft iyi,
Hanı mazut iyi?
Külək alıb qaçar.
Unutdunmu, dostum?
Sən özün hardasan?
Unutdunmu, dostum?
Gizlənpaç oyunu kimidir ömrümüz.
Mən varam, sən yoxsan.
Mən yoxam, sən varsan.
Bir gün şəhər-şəhər köçərsən,
Sonra küçə- küçə qayıdıb gələrsən
Bütün küçələrdə özünü taparsan,
Bütün küçələrdə azarsan.
Bakı qayıtmaq üçündür.
Bakı ovutmaq üçündür.
Bakı unutmaq üçündür.
Darıxsan, bilet al
Parisə, Londona,
Ufaya,
Perimə, Hataya...
Hər yerə bilet var.
Yetər ki, bilet al.
Şəhərə nə var ki,
Atıb getmək olur.
Amma ki, özündən
Getmək olmur, dostum.
Bunu sən bilirsən...
Bunu sən bilirsən-
Bütün gedişlərin qiyməti bahadır.
Bütün qayıdışlar havayı.
Qarşıda nə var ki, yollardan savayı?..
Unutdunmu, dostum?
İndi sən
Mənim ölkəmdəki
Heç bir xəritədə olmayan şəhərsən.
Çoxdan köçmüş şəhər.
Daha nələr, nələr.
Paslı qıfıl kimidir, bütün xatirələr.
Bir də ki,
Günəş eynidir, dostum,
Şəhərin "Tarqovli" küçəsində.
Yaxud da ən ucqar dağ kəndinin
Ən ucqar guşəsində.
Günəş eynidir, dostum.
Yetər ki, sən gülümsə.
Günəş göydədirsə,
Gülümsə...
Ədəbiyyat və incəsənət”
(24.06.2024)