“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun
"Qərbi Azərbaycantarixi" şöbəsinin rəhbəri t.ü.f.d.dosent Cəbi Əmirvar oğlu Bəhrəmovun məqaləsi təqdim ediləcək.
Cəbi Əmirvar oğlu BƏHRAMOV
ŞİMALİ AZƏRBAYCAN ƏRAZİLƏRİNİN RUSİYA İMPERİYASI TƏRƏFİNDƏN İŞĞALI VƏ QƏRBİ AZƏRBAYCAN TORPAQLARININ ERMƏNİLƏRƏ GÜZƏŞTƏ GEDİLMƏSİ.
(1813, 1828, 1918, 1920-1929-CU İLLƏRİN QISA TARİXİ OÇERKİ)
Azərbaycan ərazilərinin çar Rusiyası və Qacarlar dövləti arasında 12 oktyabr 1813-cü il Gülüstan və 1828-ci il fevralın 10-da imzalanmış Türkmənçay müqavilələrinə əsasən, Azərbaycan törpaqlarının bölüşdürülməsi onun sahibi Azərbaycan xalqının Avropada tətbiq olunan hər bir xalqın təməl hüququnun-legitimlik hüququnun pozulması ilə nəticələndi.Yəni Azərbaycan xalqının razılığı olmadan onun özü və ərazi bütövlüyü pozulmuş oldu. Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, Qacarlar dövləti və Osmanlı Türkiyəsi ərazilərindən ermənilərin Rusiya imperiyası tərəfindən işğal olunmuş Şimali Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsinə başlanıldı. 1826-1828-ci illərdə II çar Rusiyası-Qacarlar dövləti müharibəsi gedişində Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərinə8 min 249 erməni ailəsi köçürüldü. 1828-1830-cu illər ərzində isə Cənubi Qafqaza Qacarlar dövləti ərazisindən 40.000, Osmanlı Türkiyəsi ərazilərindən isə 85.000 nəfər erməni köçürüldü və onlar Yelizavetpol (1868)(Gəncə) (1804-cü ilin yanvarınadək keçmiş Gəncə və Qarabağ xanlıqlarının əraziləri) və İrəvan (1849) quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200.000 desyatindən çox xəzinə torpağı ayrıldı. 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqları ərazilərində yenə Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Bu addım çar Rusiyası tərəfindən Azərbaycan xalqının legitimlik hüququnun növbəti dəfə pozulması idi. XIX əsrin 30-cu illərindən başlayaraq Rusiya imperiyası tərəfindən Cənubi Qafqazda həyata keçirilən xristian etiqadlı xalqların bu ərazilərə köçürülməsi işi getdikcə ardıcıl xarakter almaqla, məqsədyönlü siyasətə çevrilmişdi.XIX əsrin axırlarında isə çar hökuməti köçürmə üzrə qanunvericilik aktlarının hazırlanmasına başlamışdı. 1899-cu il aprelin 15-də II Nikolay tərəfindən "Cənubi Qafqazda köçürməyə icazə" haqqında qanun imzalanmışdı. 1900-cü il dekabrın 22-də elan olunmuş yeni qanunda isə Qafqazda mülkü işlər üzrə baş rəisə icazə verilmişdi ki, "rus mənşəli və pravoslav dininə mənsub kəndlərin" vəsatətlərini yalnız ilkin qaydada müzakirə etməklə, onlar xəzinə torpaqlarında yerləşdirilsin. Yerli hakimiyyət orqanları çarın bu sərəncamını həyata keçirərək artıq 1901-ci ilin martında köçürmə sahələrini müəyyənləşdirməyə başladılar. 1904-cü ilin iyulunda çar Rusiyası hökuməti tərəfindən daha yeni bir qanun verilmişdi: "Kənd əhlinin və əkinçi meşşanların könüllü surətdə haqqında müvəqqəti qaydalar" qanuna görə yalnız rus mənşəli, pravoslav dininə mənsub yerli adamların və ya üç idarənin – Daxili İşlər Nazirliyinin, Hərbi İdarənin və Qafqazda Mülkü İşlər üzrə Baş rəisin mülahizəsi ilə bölücü dini sektantlarına mənsub şəxslərin imperiyanın müsəlman ucqarlarına, o cümlədən də Cənubi Qafqaz diyarına köçürülməsinə icazə verilmişdi. Çar hökuməti tərəfindən aparılan bu məqsədyönlü siyasət bütün XIX əsr ərzində davam etmiş və nəticədə Şimali Azərbaycan ərazilərinə köçürülən ermənilərin sayı çar məmuru və publisist N.Şavrovun 1911-ci ildə yazdığı kimi: "...hazırda Cənubi Qafqazda yaşayan 1 mln. 300 min erməninin 1 mln nəfəri yerli əhali olmayıb, bizim tərəfimizdən buraya köçürülənlərdir".XX əsrin əvvəlində onların Cənubi Qafqazda ən başlıca himayədarı olan Qafqaz canişini İ.İ.Vorontsov-Daşkov 1912-ci il oktyabrın 12-də çar II Nikolaya məktubla müraciət edərək yazırdı: "Həmişə bizə böyük xidmətlər göstərmiş ermənilərə himayədarlıq etməklə biz etibarlı müttəfiq qazanmışıq". Rusiya imperiyasının Cənubi Qafqazda təşkil etdiyi milli toqquşmalarla müşayiət edilən dağıdıcı müstəmləkə siyasətinin mahiyyətini I Dövlət Dumasının Yelizavetpol (Gəncə – C.B.) quberniyasından seçilmiş deputatı İsmayıl xan Ziyadxanov 12 iyun 1906-cı ildə keçirilən I çağırış I sessiyanın 25-ci iclasında 1906-cı il mayın 27-də İrəvanda tatarlarla (azərbaycanlılarla – C.B.) ermənilər arasında baş vermiş toqquşmalar, əhalinin təhlükəsizliyinin təmin olunması tədbirləri barədə Nazirlər Şurası sədrinə verilən sorğuya dair müzakirələrdə iştirakı zamanı etdiyi çıxışında belə qiymətləndirirdi: "Biz-müsəlmanlara onlar deyirdilər ki, siz iqtisadi cəhətdən erməniləri kölə vəziyyətinə salmısınız, onlar öz çarlığını yaratmaq istəyərək güclü silahlanırlar, bir gün görəcəksiniz ki, siz artıq yoxsunuz. Ermənilərə isə deyirdilər ki, panislamizm ideyası müsəlman cəmiyyətinin bütün təbəqələrinə dərin kök salmışdır və bir gün müsəlmanlar sizi tikə-tikə doğrayacaqlar. Fitnəkarlıq bu yolla gedirdi". İ.Ziyadxanovun Dövlət Dumasında etdiyi bu çıxışdan 115 il keçməsinə baxmayaraq, 1988-ci ildən bu günə qədər keçən dövrün hadisələrini analiz etdikdən sonra İ.Ziyadxanovun nə qədər uzaqgörən və müdrik bir insan olduğunun şahidi olursan.
1917-ci il oktyabrın 26-da Rusiyada ABŞ və Avropa maliyyə maqnatlarının yardımı ilə bolşeviklərin həyata keçirdikləri hərbi çevriliş nəticəsində Petroqradda hakimiyyət onların əlinə keçdi. Sovet Rusiyası XKS-nın sədriV.İ.Leninin imzaladığı sənədlərə əsasən,Polşa, Finlandiya və Pribaltika ölkələrinin dövlət müstəqilliyi tanınsa da, Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi tanınmadı. Bunun isə əsas səbəbi Bakı neftini əldən verməmək idi. Buna görə də hakimiyyəti silahla ələ alan bolşeviklər çarizmin Şimali Azərbaycana qarşı yeritdiyi siyasətə daha sərt xarakter verərək daşnak-kommunist ermənilərdən istifadəyə üstünlük verdilər. 1917-ci il dekabrın 16-da RSFSR XKS-nin sədri V.İ.Leninin sərəncamı ilə S.G.Şaumyan Qafqazın Fövqəladə və səlahiyyətli Komissarı təyin edildi və ona burada öz fəaliyyətini təşkil etmək üçün 500.000 rubl qızıl pul ayrıldı.Cənubi Qafqaza gələn S.G.Şaumyan Bakıda bütün anti-Azərbaycan siyasi qüvvələrlə birləşərək hakimiyyəti ələ keçirdi. Bolşevik-daşnak hakimiyyətini burada möhkəmləndirmək üçün 1918-ci il fevralın 13-də RSFSR XKS yeni qərar qəbul etdi. Bu qərara əsasən,S.G.Şaumyanın sərəncamına 31,8 mln. rubl qızıl pul, 5 min tüfəng, 2 mln. patron, 35 pulemyot, 2 aeroplan, 2 zirehli maşın və döyüşçü dəstələri, o cümlədən Moskva Hərbi Dairəsinin 4-cü səyyar inqilabi dəstəsi göndərildi. Nəticədə 1918-ci ildə Bakı şəhəri və onun ətrafında olan ərazilərdə yaşayan azərbaycanlı əhaliyə qarşı ən ağır cinayət-soyqırımı cinayəti törədilərək ən azı 12 mindən artıq azərbaycanlı məhv edildi. 1918-ci ilin martından 1921-ci il avqustun 1-dək isə bütün Şimali və Cənubi Azərbaycan ərazilərində 700.000-dən çox azərbaycanlı soyqırımı cinayətlərinin qurbanı oldu. Bu cinayətlərin hansı səbəbdən törədildiyini S.G.Şaumyan RSFSR XKS-nin sədri V.İ.Leninə 13 aprel 1918-ci il tarixində ünvanladığı məktubunda yazırdı: "Əgər onlar qəbula gəlsəydi, Bakı Azərbaycanın paytaxtı elan edilər və bütün qeyri-müsəlman ünsürlər tərki-silah və məhv edilərdi". S.G.Şaumyanın I Dünya müharibəsi zamanı Osmanlı Türkiyəsinə qarşı vuruşan və 1917-ci il 5 oktyabr Ərzincan müqaviləsinə görə,Qafqaz Cəbhəsindən geri qayıdan daşnaklardan istifadə edərək azərbaycanlılara qarşı soyqırımı cinayətləri törətməsi və ən başlıcası, Bakı şəhərində hakimiyyəti ələ keçirməsi V.İ.Lenin tərəfindən çox böyük razılıqla qarşılanmışdı. S.G.Şaumyanın Bakı Neft Komitəsinin sədri təyin etdiyi Saak Ter-Qabrielyan 7 ədəd neftlə doldurulmuş gəmi ilə əvvəlcə Həştərxana, sonra isə Moskvaya gələrək V.İ.Leninlə görüşmüşdu. Bu görüş zamanı V.İ.Lenin S.G.Şaumyanın törətdiyi cinayətlərin miqyasından heyran qaldığını söyləyərək: "…Bakı "proletariatına" həm mənəvi, həm də maddi kömək göstərməyə hazır olduğunu" bildirmişdi. I Dünya müharibəsində iqtisadi baxımdan çökmüş ölkəni dirçəltmək üçün Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı neftinin ələ keçirilməsi məsələsinə xüsusi əhəmiyyət verirdi. Buna görə də RSFSR XKS-nin 1918-ci il 22 may tarixli qərarı bu baxımdan diqqəti cəlb edir. Qəbul olunmuş qərarda deyilirdi:"…ən çox miqdarda neft yola salınması birinci növbədə və sözsüz təmin edilməlidir". 1918-ci il iyunun 5-də V.İ.Lenin Saak Ter-Qabrielyana vurduğu teleqramda S.G.Şaumyanın sərəncamına əlavə olaraq 50 milyon pul ayırdığını və "nefti birinci yerə qoymaq" tapşırığını vermişdi. Lakin bununla yanaşı, 1918-ci il iyunun əvvəlində bolşevik-daşnak hakimiyyətinin məhv olacağını görən Sovet Rusiyasının rəhbəri V.İ.Lenin Bakı Sovetinə vurduğu teleqramda yazırdı: "Əgər hücum baş tutarsa, mümkündürsə, siz Terə (yəni Ter-Qabrielyana – C.B.) xəbər verəsiniz ki, o,Bakını tam yandırmaq üçün tədbirlər görsün və bu barədə Bakı mətbuatında elan versin". Sonralar bolşeviklərin başçısının bu göstərişi ilə əlaqədar pof. E.Razin yazırdı: "....Bakının mədənlərini yandırmaq əmrini yalnız və yalnız İnsanlıq hissini itirmiş cinayətkar verə bilərdi". 1918-ci il mayın 26-da Gürcüstan Cənubi Qafqaz Seyminin tərkibindən çıxmaq haqqında qərar qəbul etdikdən sonra, həmin ayın 28-də Şimali Azərbaycan quberniyalarından seçilən deputatlar Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsi qəbul etdilər. Maraqlıdır ki, ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hansı ərazilərdə elan ediləcəyini gözləyirdilər.Onlar Azərbaycan Milli Şurasına müraciət edərək Aleksandropolun (Gümrünün – C.B.) Osmanlı Türkiyəsi Ordusu tərəfindən tutulduğunu qeyd edir və siyasi mərkəz kimi ermənilərə güzəştə gedilməsi mümkün olabiləcək ərazilərin məsələsini müzakirə etməyi təklif edirlər. Bu baxımdan Fətəlixan Xoyskinin Ermənistan hökuməti başçısının məktubuna verdiyi cavabla bağlı onun AXC-nin Xarici İşlər naziri M.H.Hacinskiyə 1918-ci ilin mayın 29-da göndərdiyi məktub çox maraqlıdır. Fətəlixan Xoyski məktubunda yazırdı: "Biz ermənilərlə bütün mübahisələri qurtarmışıq və onlar bizim ultimatu-mumuzu qəbul edəcəklər və müharibə qurtaracaqdır. Biz İrəvanı ermənilərlə güzəştə getdik". Lakin bu məsələyə aid arxiv sənədlərinin son dərəcə dəqiqliklə öyrənilməsi və elmi təhlili qəbul edilən taleyüklü qərarın bütün beynəlxalq hüquq prinsiplərinin pozulması ilə müşaiyət olunduğu və Azərbaycan xalqının rəyi soruşulmadan qəbul edildiyi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin əvvəlində Ağdam rayonuna səfəri zamanı 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən bu qərarın çox səhv və yanlış bir addım olduğunu qeyd etmişdi. Bu məsələyə aid əsərlər içərisində arxiv sənədlərinin zənginliyi ilə seçilən əsərlərdən biri t.e.d.dos. V.V.Qafarovun 2011-ci ildə "Azərnəşr" nəşriyyatında çap olunmuş "Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi (1917-1920)" adlı monoqrafiyasıdır ki, bu əsərin V fəslində bütün Azərbaycan xalqını daima maraqlandıran ən ağır suallardan birinə – İrəvan şəhərinin ermənilərə necə verilməsi məsələsinə müəllif tərəfindən Türkiyə Cümhuriyyəti BBA-də aşkar edilmiş sənədlərdə aydınlıq gətirilmişdir. Bu fakt da məlumdur ki, o zaman Bakı şəhəri Sovet Rusiyasının əlində idi. Bütün bunlarla yanaşı, Şimali Azərbaycanın İrəvan, Naxçıvan və Zəngəzur bölgələrində erməni quldur dəstələri yerli azərbaycanlı əhaliyə qarşı talan və quldur hücumlarına davam edirdi. Çıxılmaz vəziyyətə düşən Azərbaycan əhalisi öz nicat yolunu Osmanlı dövlətinə müraciət etməkdə görürdü və bunu nəzərə alan Seymdə təmsil olunan azərbaycanlı deputatlar da belə bir fikrin tərəfdarı idilər. Bakı neftinə sahib olmaq üçün Sovet Rusiyası ilə bərabər, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya dövlətləri bir-biri ilə kəskin mübarizə aparırdı. Həmin dövrdə Böyük Britaniyanın Baş naziri olmuş L.Corc yazırdı: "…müharibənin sonunda Antantanın üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən istifadə edərdisə, hərbi əməliyyatlar xeyli uzanar və onun hansı nəticələri verəcəyini qabaqcadan söyləmək olmazdı". İranda Böyük Britaniyanın Əlahiddə Korpusunun komandanı general Denstervil bu fikri təsdiq edərək yazırdı: "Bakının əhəmiyyəti böyük idi… Bizim planımız Xəzər dənizində üstünlüyü ələ almaq idi, bunu isə yalnız Bakını tutmaqla həyata keçirmək mümkün idi, yəni bu şəhəri "düşmən işğalından müdafiə etmək lazım idi". Sonralar İngiltərənin "The Times" qəzeti elə belə də yazırdı: "Biz ora getdik ki, Bakının neft mənbələrini ələ keçirək". Bu fikrin təsdiqi olaraq Uinston Cörçil 1918-ci ildə Böyük Britaniyada nəşr olunan "Nur İST" jurnalında çap etdirdiyi məqaləsində yazırdı: "Neft məsələsində Bakının tayı-bərabəri yoxdur. Bakı dünyanın ən böyük neft mərkəzidir. Əgər neft kraliçadırsa, Bakı onun tacıdır". Regionda baş verən hadisələrlə yanaşı, onun hüdudlarından kənarda da Bakı nefti ilə bağlı yeni gizli və açıq siyasi sövdələşmələr aparılırdı. Belə ki, 1918-ci il avqustun 27-də Sovet Rusiyası və Kayzer Almaniyası arasında Osmanlı Türkiyəsindən gizli şəkildə bir saziş imzalanmışdı. Razılaşmaya əsasən, Bakıda neftin çıxarılması Sovet Rusiyasının iştirakı və nəzarəti altında olmalı, onun dörddə biri isə Almaniyaya verilməli idi". Qeyd etmək lazımdır ki, göstərilən dövrdə Bakı neftini ələ keçirmək uğrunda mübarizə aparan dövlətlərin Cənubi Qafqaz siyasətində erməni amili, onlardan istifadə hər addımda özünü büruzə verirdi. Buna görə də bütün bu dövrdə gedən hərbi-siyasi proseslər fonunda Azərbaycan xalqı Osmanlı Türkiyəsi dövlətinin göstərə biləcəyi yardıma ümid edirdi. 1918-ci il may ayının 24-də Tələt paşa Batum konfransındakı Osmanlı Türkiyəsi nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşəyə göndərdiyi teleqramda yazırdı: "Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən razı deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcək. İran və Amerkada olan bütün ermənilər orada toplanaraq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə xristian gürcülərlə və çox asanlıqla birlikdə bizim əleyhimizə hərəkət edəcəklər". 103 il bundan əvvəl çox müdrikliklə deyilən bu sözlər bu gün artıq öz ağır dəhşətləri ilə reallığa çevrilmişdir. 1918-ci il mayın 29-da keçirilən ikinci iclasda İrəvandan olan Milli Şuranın üzvləri M.H.Seyidov, M.B.Rzayev və N.Nərimanbəyov yazılı şəkildə iki dəfə Milli Şuranın İrəvanın ermənilərə güzəşt gedilməsinə səlahiyyəti olmadığı halda,onun güzəştə gedilməsinə qarşı etiraz ərizəsi ilə müraciət etsələr də, iştirak edən 20 nəfər Milli Şura üzvü məsələyə münasibət bildirmədən qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına razılıq verdi.Burada təbii olalar sual olunur:İrəvan şəhəri ermənilərə güzəştə gedilərkən şəhər əhalisinin və onları təmsil edənlərin rəyi soruşulmuşdurmu? Sənədlər təsdiq edir ki, heç bir rəy sorğusu və yaxud bu istiqamətdə hər hansı bir addım atılmamışdı. Bütün bunlar bu qərarın həm siyasi, həm də hüquqi cəhətdən nə qədər səhv və bağışlanılmaz bir siyasi addım olduğunu bir daha təsdiq edir.Bu zaman da Azərbaycan xalqının legitimlik hüququ pozulmuş oldu. Çünki güzəştə gedilən ərazinin mülkiyyət hüququ ona məxsus idi.Bu hüququ çox təəssüflər olsun ki, biz özümüz pozmuş olduq. Digər tərəfdən, İrəvan şəhərinin ermənilərə verilməsi məsələsi Erməni Milli Şurası tərəfindən Azərbaycan XC Milli Şurasına müraciətindən sonra müzakirə olunmuşdu və çox təəssüflə qeyd etmək lazımdır ki, İrəvan şəhəri və onun quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 100.6 min kv.kmtəşkil edirdi. Qeyd etmək lazımdır ki, dövrün arxiv sənədlərində bu tarixə qədər bütün Cənubi Qafqazın ərazisi 210.000 kv.km. olmuşdur ki, onun da 61.5 min kv.km.-i Gürcüstana, 9.000 kv.km-i güzəştə gedilən ərazi kimi ermənilərə, Brest və Batum konfranslarının qəbul etdikləri qərarlara görə, 45.5 min kv.km isə Osmanlı Türkiyəsinə məxsus idi. Ermənilər onlara edilən güzəşt nəticəsində hüquqi məkan əldə etdikdən dərhal sonra Şimali Azərbaycanın Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər, halbuki ermənilər 1918-ci ilin mayında Batum danışıqları zamanı bu ərazilərə iddia etməyəcəkləri barədə öhdəlik qəbul etmişdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də Şimali Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.Sovet Rusiyası hökuməti Gürcüstan və Daşnak Ermənistanı ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki, Azərbaycan SSR nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya milliyyətcə ermənilər, ya da gürcülər təmsil edirdilər. 1920-ci ilin iyunundan avqustun 10-dək aparılan danışıqların nəticəsi olaraq İrəvan şəhərində Sovet Rusiyası ilə Daşnak Ermənistanı arasında müqavilə imzalanarkən, bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycan SSR-in milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək Zəngəzur və Naxçıvanın Daşnak Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiya hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi:"…məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər". İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı, ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində,Azərbaycanın tarixi torpaqlarının Daşnak Ermənistana verilməsi planı V.Leninin razılığı ilə İ.Stalin tərəfindən hazırlanmışdı. Çünkisonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da İ.Stalin tərəfindən həyata keçirilmişdi. 1920-ci il noyabrın 4-də İ.Stalin, S.Orconikidze, T.Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Sovet Rusiyası ilə Daşnak Ermənistanı arasındakı müqavilənin şərtlərinə toxunularkən İ.Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: "Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər". İclasda həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə olunmuş, habelə İ.Stalinin bu məsələ ilə RK(b)P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq haqqında razılaşma əldə olunmuşdu. Bu qərarın özü bir daha göstərir ki, Azərbaycan torpaqları Sovet Rusiyası tərəfindən hərraca qoyulmuşdu.Həmin qərarın "B" bəndində yazılırdı: "Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir". Qərarın "Q" bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, "D" bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verildiyini göstərilirdi.Zəngəzurun Qərb hissəsinin ermənilərə verilməsi, sadəcə Sovet Rusiyasının təzyiqi ilə "bağışlanması" istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V.Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə bildirmişdi: "Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir, Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir". 1920-ci il dekabrın 2-də İ.Stalinin "Azərbaycanın fatehi" adlandırdığı S.Orconikidze V.İ.Leninə və onun özünə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun qərb hissəsinin Ermənistan SSR-ə verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman əhalisi yaşayan hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar qəbul edildi. Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Cənubi Qafqaz MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi: Nüvədi, Ernəzir və Tuğut-Ermənistan SSR-ə verildi. Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə "bağışlanması" və burada Mehri rayonunun təşkili ilə Azərbaycan SSR özünün tərkib hissəsi olan Naxçıvan diyarından ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Naxçıvan Muxtar Respublikasının 1921-ci il Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədlərinə gəldikdə isə, həmin müqavilədə Naxçıvan ərazilərinin qarantı kimi çıxış edən Osmanlı Türkiyəsi dövlətinin razılığı olmadanCənubi Qafqaz Sovet MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə bölgənin 657 kv.km. ərazisi Ermənistan SSR-ə verildi.Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən isə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistan SSR-ə keçdi.
“Ədəbiyyat və incəsənət”
(24.06.2024)