Şəhidlər barədə şeirlər – XANSU QURBANOV

“Ədəbiyyat və incəsənət” portalı bu gündən etibarən gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə esse və şeirlərini təqdim edir.

 

Şəhid Xansu Qurbanov

 

Qurbanov Xansu Elsevər oğlu 2000-ci il sentyabrın 23-də Babək rayonunun Cəhri qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2018-ci il oktyabrın 1-dən 2020-ci ilin martın 1-nə kimi Naxçıvan şəhərində N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq orduda qalıb. Kəşfiyyatçı olaraq hərbi təlimlərə davam edib. Xansu 2020-ci ilin oktyabrın 6-da Qarabağa yola düşən ilk könüllülərin cərgəsinə qatılır.

Naxçıvandan Bakıya, oradan da cəbhə bölgəsinə yola düşməmişdən qabaq bəzi əşyalarını götürmək üçün iki günlüyə evə gəlir, anası, bacıları ilə vidalaşır. Anasının sözüylə desək sanki vəsiyyətini edir:

-“Ana, mən gedirəm. Hər şey ola bilər, şəhid ola bilərəm. Nə olur olsun, sən ağlama… Onu bil ki, sən ağlasan, sanki mənim qol-qıçımı qırıb yenidən tabuta yığırsan. Sevin ki, mən Qarabağı azad etməyə gedirəm...” Yəmən xanım oğlunun  bu sözlərinə ürəyində çox sıxılsa da, onu deyə-gülə yola salıb. Zarafatla da deyib ki, Qarabağı otuz ildi heç kəs ala bilmədi, elə olar, sən alarsan.

Xansunun ürəyində çox arzusu vardı. Onu canlarından əziz bilən bacılarının ali təhsil almasını istəyirdi. Hər iki bacı-qardaş istəyini yerinə yetirmək üçün səylə çalışdılar. Böyük bacı Xatun Qurbanova Naxçıvan Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı tədrisi metodikası və metodologiyası” fakültəsinin magistr üzrə birinci kurs tələbəsidi. Aysu bacısı isə Naxçıvan Tibb Kollecinin ikinci kursunda oxuyur. Xansu kiçik yaşlarından əlindən gəldiyi qədər işləyib, anasına dayaq durub. Ali təhsil almaq arzusu ürəyində qalsa da, ailəsi və öyrəndiyi hərbi biliklər onun üçün vətən, vətənpərvərlik məktəbinə çevrilib. Ən böyük istəyi isə Qarabağı düşməndən almaq olub.

Xansunun son telefon danışığı 27 oktyabrda olur. Bacısı Xatunla danışır: “Yolumuz Şuşayadır, bacı, tezliklə qələbə xəbəri ilə gələcəyəm”, - deyir. Bacısı ondan gələndə Xarıbülbül çiçəyi gətirməsini istəyir. “İnşallah, bacı, siz anamdan muğayat olun, darıxmağa qoymayın. Daha zəng vurmaq mümkün olmayacaq. Getdiyimiz yerdə telefon çəkmir”, - deyir…

Kəşfiyyatçı olduğu üçün hər zaman öndə gedən, cəsurluğu, qətiyyəti ilə əsgər yoldaşlarına örnək olan Xansu Qurbanov Hadrutdan başlanan döyüş yolunda addım-addım qələbə qazanaraq ən ağır döyüşlər gedən Qırmızı Bazar qəsəbəsinə yoldaşları ilə bir yerdə çatır. Hər gün neçə yoldaşı yanında yaralanır, şəhid olur. Şuşaya gedən yüz iyirmi nəfər könüllü arasında ön sırada durur.

Şuşanın alınması Vətən Müharibəsinin qəhrəmanlıq dastanının ən şərəfli, ən qürurlu və ən ağrılı səhifəsidir. Noyabrın 8-i Şuşa şəhəri azad edilir. Və səhərisi gün müharibənin dayanmasına saatlar qalmış Xansu əsgər yoldaşları ilə birlikdə düşmənin  xain gülləsinə tuş gəlir.

 

 

Salam, ey gedən adam!

Salam, ey qalan şəhid!

Sən iyirmi yaşında,

Şuşanı alan şəhid!

 

Necəsən, gözüm nuru?

İçimdən ötən adam,

Yaraların necədir?

Qələbə, vətən adam.

 

Anan ilə danışdım,

Dərdi üyüdən ana.

Hamımızın anası,

Səni böyüdən ana.

 

Danışdım sənin kimi,

Hayına hay deyirdi,

Səni əzizləyirdi,

Sənə laylay deyirdi.

 

Deyirdi, mənim balam,

Dağ başında dumandı,

Deyirdi, mənim balam,

İgiddi, qəhrəmandı.

 

Bilirəm, qəhrəmansan,

İyirmicə yaşında.

Taleyin üzü dönsün,

Yox atan, qardaşın da.

 

Qəti narahat olma,

Doğmaların bil bizi,

Hamımızın doğması,

Hamımızın əzizi.

 

Bircə burda sinəmin,

Yarası tək göynədin,

Atasız böyümüşdün,

Anasız böyümədin!

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.