Poetik Qiraətdə bu gün yenə də Yardımlıda yaşayıb yaradan gənc şair İqbal Nəhmətdir.
“Hələ də getməyən qonağım sənsən” deyən şairin bu dəfə üz tutduğu ünvan sevgidir.
Xoş mütaliələr!
Gəl səni bir az da yaxın tanıyım,
Pıçılda, dodağın üzümə dəysin.
Nə qədər dərdin var tök nəfəsimə,
Bütün əyrilərin düzümə dəysin.
Gör neçə il keçib bədənimdəsən,
Qoşulub qanıma axan yaxınım.
Gəl səni bir az da yaxın tanıyım,
Ey mənim uzaqdan baxan yaxınım.
Böyük təpələri, uca dağları,
Kiçik sevgimizlə keçib, aşmışıq.
Bir addım ayrılıq deyil düşünüb,
Beləcə yüz addım uzaqlaşmışıq.
Verdiyim suallar cavabsız qalır,
Bilirəm ən çətin sınağım sənsən.
Qapım açıq qalıb gedənim çoxdu,
Hələ də getməyən qonağım sənsən.
Ədəbiyyat və incəsənət”
(20.06.2024)