“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə akademik Nizami Cəfərovun Azər Turanın "Alp Ər Tonqa" kitabı barədə qeydlərini təqdim edəcəyik.
Azər Turanın "Alp Ər Tonqa" kitabı Atatürk Mərkəzi tərəfindən nəşrə hazırlanıb. Akademik, Millət vəkili Nizami Cəfərovun kitaba yazdığı Ön sözü təqdim edirik.
Azər Turan Azərbaycanın müstəqillik dövründə yetişmiş o görkəmli ziyalılardandır ki, keçən əsrin sonlarından başlayan ideyalı, xüsusi üslubi imkanları ilə seçilən və kifayət qədər məhsuldar yaradıcılığı milli dəyərlərimizin aşkarlanması, dərin tarixi kökləri, əhatəsi ilə bir yerdə analitik təhlili və milli-tarixi (etnik) yaddaşın bərpası işinə xidmət edir. Gəncliyində yeni (və ən yeni) dövrün hadisələri ilə maraqlanan tədqiqatçı-mütəfəkkirin tədricən tarixin daha qədim qatlarına nüfuz etməsi ona görə təbii sayılmalıdır ki, Azər Turan nə üzərində düşünürsə-düşünsün, onun məqsədi mənsub olduğu milləti, sözün həqiqi mənasında, millət edən strateji əlamətləri, epik miqyası mümkün qədər mükəmməl bir sistem halında ortaya çıxarıb onun intellektual istifadəsinə verməkdir.
Hər bir xalqın etnik-mədəni tarixinin əsasları ən mükəmməl şəkildə onun daxili mənəvi tələbatının təsiri ilə müxtəlif süjetlər, epizodlar və qəhrəmanlar törətməyə qadir olan Eposunda təzahür etdiyindən, hansısa səbəblərə görə həmin epos stixiyası (və nəticə etibarilə etnik-mədəni tarixi!) zədələnmiş xalqlar bu və ya digər dərəcədə elmi tarix yaratmaq qabiliyyətlərini də itirirlər. Təsadüfi deyil ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində - milli özünüdərk enerjisinin qarşısıalınmaz bir vüsətlə özünü göstərdiyi illərdə türk xalqları öz böyük şəxsiyyətlərinin simasında "biz kimik", "kimlərdən ibarətik" kimi zəruri olduğu qədər də xeyli gecikmiş suallara cavab axtararkən, ilk növbədə, epik yaddaşının epizodikliyi üzündən son dərəcə ciddi tərəddüdlər keçirdilər. Və etiraf etmək lazımdır ki, həmin epizodiklik, əslində, türk xalqlarının, demək olar ki, hamısının öz epik keçmişinə əsasən dini, siyasi (bunun ardınca isə mənəvi!) müstəmləkəçilikdən irəli gələn laübalı və ya laqeyd münasibəti onların elmi tarixini biri digərini inkar edən hər cür saxtakarlıqlarla doldurmuşdur ki, bu xaosdan ən etibarlı çıxış yolunun yenə də yalnız epos yaddaşının bərpası olduğu, əlbəttə, şübhə doğurmamalıdır. Xüsusilə, ona görə ki, türk, o cümlədən də, Azərbaycan tarixini yağmalamağa çalışanların bir "metod"u həmin yaddaşı ziddiyyətli məlumatlarla "simasızlaşdırmaq"dırsa, ikinci (və daha təcavüzkar) "metod"u yad epos təfəkkürü texnologiyalarını xalqa təlqin etməkdir. Azər Turanın da kəskin tənqid hədəfinə çevrilmiş belə cəhdlərdən ən əsası odur ki, akademik İqrar Əliyev uzun illər ərzində Azərbaycan tarixinə "Avesta" (İran eposu) ideyalarını elə bir "səy"lə (mən burada onun türklər haqqında işlətmiş olduğu məsuliyyətsiz ifadələrindən birini işlətmək istəmirdim, ancaq məcburam deyəm ki, əsl həyasızlıq, əslində budur) yeritmişdi ki, bu tarixdə xalqın öz eposuna - "Dədə Qorqud"a yer qalmamış, nəticədə etnosun həqiqi qəhrəmanları "gəlmə köçərilər" elan edilərək tarixin mənfi personajları qələminə verilmişlər.
Azər Turanın "Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)" kitabı həcmcə elə də böyük olmasa da, əhatə etdiyi məsələlərin genişliyinə, ehtiva olunan fakt, mülahizə və mövqelərin rəngarəngliyinə, ən başlıcası isə, əsaslandığı elmi-metodoloji prinsiplərin mükəmməlliyinə görə kifayət qədər fundamental əsərdir. Və bu daxili fundamentallıq özünü, hər şeydən əvvəl, onda göstərir ki, müəllif nə ayrı-ayrı rəqəmlərin dəqiqləşdirilməsinə, nə bu və ya digər coğrafi koordinatın ora-bura çəkilməsinə, nə də etimoloji janqlyorluğa meyil göstərmədən, birbaşa mötəbər epik miqyaslarla işləməyə üstünlük verir: qədim (ümum) türk eposu "Oğuz kağan" - Herodotun "Tarix"i - Firdovsinin "Şahnamə"si - "Oğuznamə"lər xətt-xronologiyası ilə Madiva - Franxrasyan - Madyes - Əfrasiyab - Alp Ər Tonqanın tərcümeyi-halını elə panoramlı ölçülərlə bərpa edir ki, tarixdə möhtəşəm rol oynamış bütöv (və hər cəhətdən əzəmətli!) bir Etnosun bioqrafiyası dövrdən-dövrə təhrif olunmuş şəkildə yox, necə varsa, elə görünməyə başlayır. Mahiyyətcə, epos mənşəli "Avesta", "Tövrat" kimi bu və ya digər etnosun maraqlarını əks etdirən dini-ideoloji əsərlərə gəldikdə isə, Azər Turan onları da diqqətdən kənarda saxlamır. "Tövrat"a Nuhdan başlayan şəcərənin konteksti olaraq (əgər belə demək mümkünsə, problemin "tarixəqədər"ki dövrünə aid "neytral" mənbə timsalında) baxırsa, "Avesta"nı, əksinə, aşırı İran təəssübkeşliyi ilə Alp Ər Tonqaya (və Turana) qarşı etnik-ideoloji cəbhə açan "konyuktur" əsər hesab edir. Və həmin münasibətin nəinki min beş yüz il sonra İslam kimi qüdrətli bir dinin əhəmiyyətli redaktəsinə məruz qalmadan bütün aqressivliyi ilə "Şahnamə"də təzahürü, hətta ondan da min il sonra "Azərbaycan tarixi" çoxcildliyinin birinci cildinə (Bakı, "Elm", 1998) təcavüzü göstərir ki, türk, o cümlədən, Azərbaycan ziyalıları sadəlövhcəsinə bu cür təzahür (və təcavüz)lərin bitdiyini gözləməməlidirlər.
"Türkün atası"nda Azər Turan dramatik-analitik üslubuna (təhkiyəsinə) sadiq qalaraq vaxtaşırı ritorik suallar verir, istinad etdiyi milli epos məntiqi ilə cəmiyyəti bu suallar üzərində (və tələb olunan epik miqyaslarda!) düşünməyə, illərlə, əsrlərlə ona təqdim olunmuş "Tarix"ə milləti millət edən qürurlu metodoloji mövqedən baxmağa çağırır ki, həmin mövqe, ilk növbədə, milli Eposa əsaslanır. Odur ki, kitabda Alp Ər Tonqanın (onun özünün, ailəsinin, törəmələrinin) tərcümeyi-halı "türkün çətiri" (Əl Biruni) kimi açılaraq Millətin bioqrafiyasına (milli Tarixə) çevrilir.
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)