“Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsi başa çatdı, qaliblər mükafatlandırıldılar.
“Ədəbiyyat və incəsənət” portalının da xəbər verdiyi kimi, müsabiqənin mükafat yerləri aşağıdakı kimi bölüşdürüldü:
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer:
Eminquey,
Seyyidəli Sübhi,
El Roman
Beləliklə, 10 finalçıdan 6-sı mükafatlandırıldı. Amma digər 4 finalçının da şeirləri diqqətçəkən idi və ən azından portalımızda dərc edilərək geniş oxucu kütləsinə təqdim edilməyə dəyər.
Bu gün Pərviz Qurbanlının şeirlərini təqdim edəcəyik.
Bu evin qapısı daha döyülmür, Divarlar həsrətdir insan səsinə. Xaraba qalmış da elə soyuqdur, Əllərim qızışmır öz nəfəsimə.
Pəncərə önündə solan çiçəklər Hələ də unutmur xatirələri. Yalvarır hər səhər doğan günəşə Qaranlıq otağın pəncərələri.
Bir taxtabiti də yeyir divanı, Niyyəti taxtımdan salmaqdı məni. Nə qədər qəribə olsa da belə, Evimdə yaşayır evin düşməni.
Sonra bir taqqıltı yayılır evə, Özün yerə atır anamın şəkli. İntihar etdimi görəsən, yoxsa, Mənə xatırlatdı öldüyü ili?
Nəhayət qapımız döyüldü, Allah, Mən dəli olardım yoxlamasaydın. Qoşulub əcələ gələrdim Vallah,
Bir şəkil dalımca ağlamasaydı.
* Gecə saat bir olar, düşünürəm.. Saat on ikidən süzdüyüm çay soyuyur, üşüyürəm... Qurunun oduna yaş da yanır, sobadakı çır-çırpı qışqırır, diksinirəm. Gecə saat bir olar, düşünürəm...
Pəncərədə bir pişik miyoldayır, xəstə atam hərdən durur, danlayır. Bir yarımçıq ümidlə yanında əyləşirəm, Gecə saat bir olar, düşünürəm... Soba sönür, çay soyuyur, pişik hələ miyoldayır , atam amma deyinmir. Gecə saat bir olar düşünürəm...
“Ədəbiyyat və incəsənət”
(21.06.2024)