Mədəniyyət Nazirliyi Çində keçirilən Asiya Mədəni İrs Alyansının 2-ci Baş Assambleyasında uğurla təmsil olunub Featured

Çin Xalq Respublikasının Çindao şəhərində Asiya Mədəni İrs Alyansının (ACHA) 2-ci Baş Assambleyası keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, tədbirdə ölkəmizi Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Araz Bağırlı və mədəni irs sahəsində tanınmış ekspert Rizvan Bayramov təmsil edib.

 

Çinin Prezidenti Si Cinpinin təşəbbüsü ilə yaradılmış Alyansın ötən il keçirilmiş ilk Baş Assambleyasında ölkəmiz bu beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib.

 

Mədəniyyət Nazirliyinin ilk dəfə iştirak etdiyi 2-ci Baş Assambleya iştirakçıları əvvəlcə Çinin ənənəvi incəsənətində Pekin cərəyanı adlı sərgi ilə tanış olublar.

 

İclasda çıxış edən Şandon vilayətinin qubernator müavini Denq Yunfeng, Çindao şəhərinin meri Jao Haoji, ACHA Şurasının sədri, Çinin mədəniyyət və turizm nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri Li Çun, Tailand-Çin əməkdaşlıq şurasının sədri, Tailand Baş nazirinin keçmiş müavini Finij Yarusombat, Hondurasın mədəniyyət naziri xanım Qloria Annarella Velez Osejo, Mədəni İrsin Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) direktoru xanım Aruna Franceska Maria Gujral, Şuranın Baş katibi, Kamboca Mədəniyyət və İncəsənət Nazirliyinin dövlət katibi Konq Vireak və digər yüksək səviyyəli rəsmilər açılış nitqi ilə çıxış ediblər.

 

İclasın gedişində cari gündəlikdə duran məsələlər, o cümlədən ötən dövr ərzində görülən işlərin hesabatı, 2024-2025 dövrü üçün Fəaliyyət Planları və s. məsələlər üzrə məruzələr dinlənilib.

 

Assambleya çərçivəsində Alyansın Elmi Şurasına seçkilər keçirilib, Azərbaycanın namizədliyini irəli sürdüyü ekspert Rizvan Bayramov komitənin üzvlüyünə seçilib.

 

Assambleya gündəliyi çərçivəsində müzakirə edilən digər önəmli məqam isə ölkələrin təqdim etdiyi layihələrin müzakirəsi idi. Müzakirələrin nəticəsində Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihənin təşkilat tərəfindən dəstəklənməsi qərarı ölkəmizin təşkilatla əməkdaşlığının genişlənməsi baxımından növbəti vacib uğuru olub.

 

Tədbirin sonunda Çindao Tövsiyələri adlı sənəd qəbul edilib.

 

İyunun 20-də Alyansın təşkilatçılığı ilə “Müstəmləkəçilik kontekstində çıxarılan mədəni obyektlərin mühafizəsi və qaytarılması” üzrə beynəlxalq konfrans öz işinə başlayıb. Çin Mədəni İrs Assosiasiyasının sədr müavini Xie Bing konfransda çıxış edib.

 

Konfransda Şandon Universitetinin prezidenti Li Sucai, Çinin Şandon vilayətinin vitse-qubernatoru Deng Yunfeng, Çindao şəhərinin vitse-meri Jao Yanın açılış nitqləri, Beynəlxalq Muzeylər Şurasının (ICOM) direktoru Emma Nardinin videomüraciəti dinlənilib.

 

Daha sonra ACHA Şurasının sədri, Çinin mədəniyyət və turizm nazirinin müavini və Mədəni İrs üzrə Çin Milli Assosiasiyasının sədri cənab Li Çun müstəmləkə kontekstində Asiyadan daşınmış mədəni irsə dair geniş təqdimat edib və təşkilatın bu istiqamətdə hədəflərindən danışıb.

 

Sonra Norveçin məşhur KODE Art muzeyindən Çinə qaytarılan mərmər fiqurlara dair film izlənilib. Mövzu üzrə təqdimatlarla Pekin Universitetinin professoru Li Kinq, Çikaqo Universitetinin professoru Lotar fon Falkenhausen, Kaliforniya (UCLA) Universitetinin professoru Donald Harper, Böyük Britaniyanın “The Art Loss Register” təşkilatının rəhbəri Olivia Vitney və digər tanınmış ekspertlər çıxış edib. Tədbirin sonunda iştirakçılara Çindao şəhərinin tarixi-mədəni irs obyektləri ilə ətraflı tanışlıq turu təşkil olunub.

 

Tədbir iyunun 20-də öz işini başa çatdırıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.