Super User
Cəfər Cabbarlının 125 illiyi adını daşıdığı kitabxanada qeyd edildi
Könül, “Ədəbiyyat və incəsənət”
Daim ən müxtəlif tədbirlərlə ictimaiyyəti və istifadəçilərini sevindirən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasındakı növbəti tədbir gözlənilən idi.
Belə ki, kitabxananın adını daşıdığı görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyini ölkəmiz qeyd edirdi, bu yubileyə, təbii ki, kitabxana biganə qala bilməzdi.
Növbəti xəbərim bu barədədir.
Anons edim: Kitabxanada keçirilən yibiley tədbirində görkəmli dramaturqun həyat və yaradıcılığı haqqında geniş söhbət açıldı.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, kitabxananın görkəmli dramaturqun yubileyi ilə əlaqədar həyat keçirdiyi tədbirlər – kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası, biblioqrafiya, ənənəvi və virtual kitab sərgiləri, videomaterial haqqında geniş məlumat verdi.
Professor Asif Rüstəmli Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq, görkəmli dramaturqun xatirəsinin onun ev muzeylərində və Gənclər Kitabxanasında yaşandığını söylədi.
Professor Tahirə Məmməd Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən, amalından dönmədiyini bildirdi.
Professor İsmayıl Məmmədov Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunlu olduğunu dedi. O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” kitabı haqqında məlumat verdi, lüğətdə verilən hər bir sözün dramaturqun dilində əks etdiyi mənaların doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək baxımından dəyərli olduğunu söylədi.
Cəfər Cabbarlı adına ev-muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının 125 illik yubileyi çərçivəsində keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq tədbirlər, layihələr, səhnələşdiriləcək tamaşalar haqqında məlumat verərək, “Cəfər Cabbarlı mükafatı”nın verilməsinin bu ildən bərpa olunacağını qeyd etdi.
Tədbirdə Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin Cəfər Cabbarlının şeirlərindən ibarət kompozisiyası və kitabxana əməkdaşları tərəfindən hazırlanan “Varlığında bir dünya çırpınan sənətkar” adlı videomaterial nümayiş etdirildi.
Bir sözlə, kitabxanada böyük dramaturqun adına layiq bir tədbir baş tutdu.
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
“Mənim əcdadlarım Vedibasardandır” - ESSE MÜSABİQƏSİ
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və İncəsənət”
ADPU-nun Filologiya fakültəsində "Qərbi Azərbaycan: Yurd həsrəti" mövzusunda esse müsabiqəsi keçirilmişdir.
15 mart 2024-cü il tarixində təşkil olunan müsabiqə Xarici dil müəllimliyi (ingilis), Xarici dil müəllimliyi (fransız), Rus dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələr arasında baş tutmuşdur.
Müsabiqədə ümumilikdə 26 tələbə iştirak etmişdir.
Mən - Zəhra Allahverdiyeva 2-ci kurs Xarici dil müəllimliyi (Fransız dili) ixtisasından müsabiqəyə qoşulmuşam. Müsabiqədə 2-ci yerə layiq görülüb, ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent - Könül Nəriman qızı Həsənova tərəfindən Həsən Mirzəyevin 2 kitabı ilə və sertifikat ilə təltif edilmişəm.
Sizə həmin essedən nümunənin Azərbaycan dilində tərcüməsini təqdim etmək istərdim:
Qərbi Azərbaycan torpaqları qədim Azərbaycan torpaqları olmuşdur. Qərbi Azərbaycanın çoxlu rayonları var. Məsələn: Vedibasar, Zəngibasar, Dərələyəz, Dərəçiçək, Sisyan, Masis, Gərnibasar, Ələyəz, Basarkeçər və s. Mənim əcdadlarım Vedibasardandır. Babam Vedibasarda musiqi və Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirdi. O, həm də şairdir. Qərbi Azərbaycan ədəbiyyatı çox zəngindir. Babamın çoxlu şeirləri var. Məsələn: "Bilmirəm", "Qalmayib", "Şitti"(“Ədəbiyyat və İncəsənət „portalından oxuya bilərsiz) və s.
Bölgənin bir sıra özünəxas musiqiləri də var. Məsələn, "İrəvanda xal qalmadı".
Bölgədə “Aşıq” sənəti geniş inkişaf etmişdir. Hər bölgənin öz ənənəsi və ləhcəsi var. Burada müxtəlif adətlər var. Məsələn: Novruz şənlikləri, toylar və s. Toylarda oynadığımız “Yallı” bir başqadır. “Duvaq qapma”, “Şax bəzəmə” kimi toy adətlərimiz var. Novruz bayramında “Baca-baca”, “Hıdır Nəbi” və s. adətlər var.
Qərbi Azərbaycanın zəngin mətbəxi var. Məsələn: “Əriştə şorbası”, “İrəvan kətəsi”, “Eləyiz aşı”, “Qovurma” və s. Mən “Əriştə şorbası”nı çox sevirəm. Çünki tərkibində “Əvəlik„ otu var . Əvəlik suyun kənarında yetişən bitkidir. Əvəlikdən dolma da bükürlər. O çox faydalı xüsusiyyətlərə malikdir, minerallarla zəngindir.
Qərbi Azərbaycan bizim doğma vətənimizdir!
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır
Azərbaycan Respublikasının Kino Agentliyində (ARKA) “Kinematoqrafiya haqqında” Qanunun təkmilləşdirilməsi və yenilənməsi məqsədilə işçi qrupu fəaliyyətə başlayır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib.
İşçi qrupu kino xadimlərinin və kinematoqrafiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin Kino Forumunda, eləcə də müxtəlif tədbirlərdə səsləndirdiyi təkliflərin təhlili, ümumiləşdirilməsi və hüquqi bazasının yaradılması istiqamətində işlər aparacaq.
Mərhələli şəkildə həyata keçiriləcək fəaliyyət proqramı çərçivəsində kino xadimlərinin, təcrübəli mütəxəssislərin və hüquqşünasların da işçi qrupuna cəlb olunması, uğurlu hesab olunan dünya ölkələrinin təcrübəsinin öyrənilməsi planlaşdırılır. Kinematoqrafiya haqqında Qanunun yenilənməsi üçün geniş kino ictimaiyyətinin rəyinin öyrənilməsi və bununla bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər
Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri olan “Saka Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.
“Ədəbiyyat və incəsənət” ARKA-ya istinadən xəbər verir ki, memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (Altın tren) adlı birgə filmin istehsalı nəzərdə tutulur.
Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli Anlaşma Memorandumunu Azərbaycan tərəfdən Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu imzalayıb.
Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın qarşılıqlı əlaqələrindən bəhs edir. Xilaskar Nuru Paşanın Azərbaycana köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas süjet xəttini təşkil edir.
Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək. Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması öz əksini tapıb.
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
POETİK QİRAƏTdə Nazim Əhmədlinin “Təzə dünya dağılır” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə şair Nazim Əhmədli görüşür. “Təzə dünya dağılır” şeiri dünyamızdan nigarançılıqdan doğulub. Həm də düşünsürür.
Xoş mütaliələr!
TƏZƏ DÜNYA DAĞLIR
Əllərimi buz kəsir,
niyə belə soyuxdu;
ruhum didərgin oldu,
ağrılarım hayıxdı;
*
üzdüm o çiy sularda,
doğma, ögey sularda;
həsrətim göy sularda,
azıb qalan qayıxdı;
*
hanı, çəkilən ahlar,
dönüb gəlir günahlar;
baxma, yatıbdı dağlar,
bulaqları oyaxdı;
*
su yorulmur axmaqdan,
ölürəm, darıxmaqdan;
göy üzünə baxmaqdan,
gözlərimiz qıyıxdı;
*
bulud kilim-kilimdi,
yanıb-sönən külümdü;
dağ yarıdan bölündü,
arasından çay axdı;
*
hanı huşum, ağılım,
harda bitir nağılım;
təzə dünya dağılır,
köhnə dünya ta yoxdu.
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
Bizimkilər və monqollar
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Aytəkin xanım 24 yaşında böyük bir holdinqin rəhbəri oldu. Buna səbəb aşağıdakılardır:
1.O həmişə səhər ertədən oyanırdı.
2.O kontrastlı duş qəbul edirdi.
3.O meditasiya ilə məşğul olurdu.
4.Özünüinkişaf kitabları oxuyurdu.
5.Pozitiv düşünmə kursu alırdı.
6.Yoqa məşqinə gedirdi.
—————-
7.Onun atası komitə sədri idi.
2.
Çox vaxt sənin beyninə “dünyada sənin qədər heç kəsə pis deyil” fikri gələndə möcüzə baş verir, qarşına səndən də pis gündə olan birisi çıxır.
3.
Klaustofobiya - qapalı mühit qorxusudur. Məsələn, deputat Milli Məclisə iclasa gedir, qorxur ki, gedib görər ki, qapılar onun üzünə bağlanıb, mandatı ləğv edilib.
4.
Hadisə Rusiyada vaqeə olur.
Çağırışçı məntəqəsi.
-Soyadın.
-Oslov.
-İnisialların.
-İ.A.
5.
İstehlak səbəti böyüməsin deyə hökumət ora mənəvi dəyərləri də əlavə edib. Çünki onların qiyməti hər gün düşür.
6.
-Siz həm Allaha inamı, həm Darvin nəzəriyyəsini eyni zamanda necə qəbul edirsiniz axı?
-Çox sadə. Adəmlə Həvva sonsuz idilər deyə, adamlar meymunlardan əmələ gəliblər.
7.
Aşsüzən qapıyla oyuna çıxmış monolların qapısına cəmi bir top vurmaq ən çətin, ən ağlsığmaz bir iş idi. Amma bizim futbolçular sübut etdilər ki, bütün çətinliklərin öhtəsindən bacarıqla gəlirlər.
“Ədəbiyyat və incəsənət”
(28.03.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində - Toyuq ətindən buğda şorbası
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Toyuq ətindən buğda şorbasının hazırlanma qaydasını təqdim edəcəyik.
ƏRZAQLAR:
§ Toyuq əti – 150 qr
§ Buğda – 30 qr
§ Soğan – 30 qr
§ Kərə yağı – 30 qr
§ Kök – 30 qr
§ Yaşıl bibər – 15 qr
§ Alça – 30 qr (və ya alça
qurusu – 15 qr)
§ Pomidor – 40 qr (və ya
tomat – 10 qr)
§ Nanə qurusu – 3 qr
§ Sarıkök – 1 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Doğranmış toyuğun üzərinə su əlavə olunur və bişirilir. Qaynayanda kəfi alınır. Toyuq hazır olduqda ət sudan çıxarılır və işgənəsi süzülür. Ət azca qızardılır, üzərinə xırda doğranmış soğan əlavə olunur və bir yerdə qızardılır. Soğan qızarana yaxın sürtkəc- dən keçirilmiş kök, xırda doğranmış bibər vurulur, bir yerdə tovlanır. Sonra doğranmış pomidor əlavə olunur və bişirilir. Bu ərzaqlar bişəndə suda is- ladılmış buğda, duz, istiot, alça, ədviyyatlar, işgənə əlavə olunur və bişməyə qoyulur. Hazır olduqda dərin boşqaba çəkilir, üzərinə nanə və ya reyhan qurusu səpilir və süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
GÜNEY AZƏRBAYCAN POEZİYASI ANTOLOGİYASInda Rza Nurinin “Məni öylə bir sətirdə tut” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Rza Nurinin şeirlərindən ən yaxşı nümunələri təqdim edir.
Rza Nuri 1991-ci ildə Tehran şəhərində anadan olmuşdur. 10 ilə yaxındır ki, ədəbiyyatla məşğuldur. Şeirləri portallarda yayımlanıb. İngiliscədən Azərbaycancaya çevirdiyi bir neçə psixoanaliz məqalələr sanal dünyada yayımlanmış və Margurite Durasın “Ölüm xəstəliyi” adlı romanını çevirmişdir.
1.
Çünki mən son nəfəsimi siyirmişdim dişlərimlə
Və onurğamdan uçurmuşdum boylu kəpənəklər sözünü
Gündüzün sarı avtobusuna düzənmiş saçlarını günlərə bölən barmaqların körpülüyünü sürüşən dünyada, otuz kərə günəşi dolandığım qəlpə başımla ilgidə
Yolları dərələrə yayınır baldırın fikri.
Yarımçıq məktubumun davamını
Postçu düşmüş qalabalığa
Əzilmiş sözlərim
Küçədə
Küçə başını əymiş xiyabanlarda
Başa vurduğum o iti qoxunu
Qəzetdə bıçaqlanmış bir kioskçunun qəzetləri içində bıçaqlanmış bir kioskun içində qəzetlər
Dışında xəbərlər
Sərilincə dışarı
Pəncərədəki avtoyayım dalğalar, qıvrım saçlarını yamsılayırdı
Çatlaq dodağına hopmuş budaqdan
Nəfəsinlə uçurursan quşları
Yalnız açıq havalarda, düşürdün yadıma
Çölə düşmüş öylə bir xəbər ol ki, raketlər ötsün həlqeyi-zülfündən
Gözlərinlə üzünü dişlərinə yığan aynalar sayağı, aynada çərçivədən düşmüş üzümü içinə çəkdiyin, dibə düşdüyüm uzaqlara bax
Həyatını sözlər sancağıyla tutan birisiyəm
Məni öylə bir sətirdə tut
Köynəyimin yaxasın uçur
Dodağın səkiliyindən.
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
Həyatda yalnız özünü oynayan aktyor
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Səhnədə müxtəlif rollara girib hər tip adam obrazı yarada bilsə də, həyatda yalnız özü olan və daim yaxşı adam olmağa çalışan, Sumqayıt Dövlət Dram Teatrının aktyoru Rauf Ağakişiyev növbəti ad gününü qeyd etdi...
Rauf 1972-ci ildə Sumqayıt şəhərində anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirərək, təyinatını Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrına alıb. 1998-ci ildə isə Mədəniyyət Nazirliyi tərəfindən Dağıstan Respublikasının Dərbənd şəhərində yeni açılmaqda olan Azərbaycan Dövlət Dram Teatrına göndərilib. İki il orada çalışdıqdan sonra doğma Sumqayıt teatrına qayıdıb. Hazırda həmin teatrda çalışır. Gözəl səs tembiri var. Məharətli aktyor, mədəni-kütləvi tədbirlərin əvəzsiz aparıcısıdır...
Deyir ki,- “Teatrımız yarım milyondan çox əhalisi olan Sumqayıtın yeganə peşəkar teatrıdır. Təəssüf edirəm ki, hazırda aşağı kateqoriya ilə işləyirik. Arzu edirəm ki, teatrımız Ağalar İdrisoğlunun rəhbərliyi dövründəki əvvəlki şöhrətini özünə qaytara bilsin, bütün aktyorarın maddi vəziyyəti yaxşılaşdırılsın və hər bir layiqli aktyor öz dəyərini,q iymətini alsın. Axı teatr aktyorlar üçün yeganə iş yeri və ikinci evdir...”
Onunla ilk dəfə 2009-cu ildə çox istedadlı mədəniyyət işçisi Hafiz Ataxanlının vasitəsi ilə tanış olmuşuq. Həmin il mərhum kimyaçı alim Nərçə Ağayevin 70 illik yubileyini şəhər səviyyəsində keçirməyi qərara almışdıq. Tədbirdə şəhər rəhbərliyi, mərhumun məmur yoldaşları, həmyerliləri də iştirak edəcəkdi deyə, gözəl səsli peşəkar aparıcıya ehtiyac var idi. Bu işi məhz Rauf Ağakişiyevə etibar etməkdə yanılmadıq. O, bu tədbiri çox yüksək səviyyədə apararaq, yaddaqalan edə bildi...
2004-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib, 2014-ci ildən “Respublikanın Əməkdar artisti”dir. İnanıram ki, onun daha böyük uğurları hələ irəlidədir...
Bəli, Əməkdar artist Rauf Ağakişiyevin 52 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm san sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Çox yaşasın!
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
BİR SUAL, BİR CAVABda Namiq Hacıheydərli
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Bir sual, bir cavab" rubrikamızın qonağı AYB, DGTYB-nin üzvü, "Ey türk doğulan", " Səni tapan itirməz", “Söz sənindir" və digər kitabların müəllifi, araşdırmaçı şair Namiq Hacıheydərlidir.
SUAL
Qoy ruhdan düşməsin dərdə düşənlər,
Hamının dərdindən halıdı dünya.
Sonunda hər kəsin haqqını verir,
Minillər şahidi, uludu dünya.
Gah ömür yoluna bəla gətirər,
Gah da yollarında çiçək bitirər,
Doğru yol tutanı haqqa götürər,
Əyriyə cəhənnəm yoludu dünya.
O kəs ki, düşməni öz tamahıdır,
Qazancı günahsız məzlum ahıdır,
Şərə dost olanın şahənşahıdır,
Haqqa dost olanın quludu dünya.
Nəbzi var, dili var, canlı, diridi,
Yaşayan varlığın o da biridi,
Dilini bilənə yaylaq yeridi,
Bilməzə düzlərin koludu dünya.
Ay Namiq, əməllər getməz havayı,
Hər kəsin önünə qoyular payı.
Kim deyir, azalıb onların sayı,
Yaxşı adamlarla doludu dünya.
(Namiq Hacıheydərli)
Xoş gördük, əziz Namiq bəy.
Namiq bəy, bilirik ki, fizikada dəyişməyən qanunlar var, bəs bir insanda zamanın dəyişə bilmədiyi hansı cəhətlər ola bilər, yaşanan "həyat süjeti"nə görə zaman xarakteri dəyişə bilərmi?
CAVAB:
İnsanın 2 yaradılışı var; 1.Tanrının yaratdığı insan 2. İnsanın öz -özünü yaratması. Əslində Tanrı insanın materialını yaradır və ona özünü gəlişdirmək üçün hər cür potensialı verir. Biz bilirik ki, vərdişlər sonradan qazanılır. İnsan sonradan vərdişlərlə qazandığını tərk edə bilər. Lakin o xüsusiyyət ki, insana Tanrı tərəfindən verilib, o xüsusiyyətlər ki, insana genetik yaddaşla ötürülür, onları tərk etmək sadəcə olaraq mümkünsüzdür. Genəl olaraq insan xarakteri 40 yaşa qədər formalaşır. 40 yaşdan sonra insan xarakterinin ciddi şəkildə dəyişməsi qətiyyən mümkün deyil. Bu yaşdan sonra insan öz xarakterinə ən yaxşı halda hansısa redaktələr edə bilər. Zaman oturuşmuş xarakterə və genetik yaddaşdan gələn özəlliklərə ciddi dəyişiklik edə bilməz. Zamanın xarakterə redaktə etməsi də istisna deyil. Bu, ciddi sarsıntı, ciddi qorxu və ciddi xəyal qırıqlığı anlarında mümkündür.
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)