Super User
Taksi əhvalatları
Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Dəfələrlə taksiyə minmişəm və hər dəfəsində demək olar ki, eyni ssenari ilə qarşılaşmışam.
Demək, ssenari belədir :
- Taksi sürücüsü heç vaxt öz həmkarını bəyənmir, qarşısındakı maşın sürücüsünə sənə "prava verənin..." - deyib, ürək sözlərini, söyüşlərini yağış kimi yağdırmağa başlayır. Ya da ki, piyada keçidindən keçəni öz aləmində söyüş söyüb tələsdirirlər. Məsələ burasındadır ki, hər dəfəsində eyni hadisəni, davranışı sürücü təkrarlayır. Hələ mən sizə sükan arxasında siyasi məsələləri həll edən, müzakirə edən insanlardan danışmıram. Onlar başqa aləmdir. Danışıqları sanki, çayxanada oynanılan "şeş - qoşa" söhbətlərinə bənzəyir. Danışıqlarında "aranı dağa, dağı da arana" daşıyırlar. Özü də elə məharətlə danışırlar ki, görən də deyir, bəs nədir.
İçdən bir anlıq sual yaranır :
- Bütün bunları belə bilirsinizsə, niyə gedib diplomatik sahələrdə fəaliyyət göstərmirsiniz, gəlib sürücülük edirsiniz ?!
Həmişə də cavab eyni məcrada davam etdirilir. "Vaxtında adamım olsaydı".
Hər dəfəsində də hökmən biri diplomlu şəxs olur. Ya hüququ bitirən, ya müəllimlik edən, ssenari demək olar ki, eynidir. Dindirib danışsan, hər biri gün-güzəranından şikayət edənlərdirlər.
Yaxşı yadımdadır: - Bir dəfə halım çox pisləşmişdi, birtəhər taksi çağırıb xəstəxanaya gedirdim. Yoldaykən qəfil taksi sürücüsünə zəng gəldi, maşını yolun kənarına çəkib başladı danışmağa. Başladı zəng edən adamla hal-əhval tutmağa. Mənimsə halım özümdən getdikcə gedirdi. Ələmdarın arvadından başlayıb, Gülpərinin qızını yenicə bitirib, Rasimə keçəndə ağrıdan dilə gəldim:
- Ölürəm ey, mən burda. Siz də orda "milli məclis" açmısınız - dedim.
Eh, taksiçilər, taksiçilər…
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
“Eşq. İspan kafesi” - Aysel Fikrətin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin yeni hekayələrinin dərcinə başlayır. İlk olaraq sizlərə “Eşq. İspan kafesi” təqdim edilir.
Bu hekayəni mən uydurmadım. Bu hekayə onların hekayəsi idi, iki eşq adamın hekayəsi...
Bu gün də ispan kafesində adam azdır. Kafe ekzotik abu-havada, son dərəcə ədəbli personalıyla özünə ad qazanmışdı. Tez-tez bu kafeyə gedə bilməsəm də, onu bir gedəcəyim yer kimi həmişə düşünürdüm. Bəzən hər kəsdən, hamıdan qaçıb orda əyləşib bir qədəh içib, yazı yazmağı sevirdim. Orda keçirəcəyim vaxt təkcə mənim olurdu. Orda əyləşib, həmişə düşünürdüm ki, burda qapıdan o tayda anlamsız, daima qaçaqaçda olan bir həyat var və o həyat yaradıcı insanların düşmənidir.
Bu gün də özümə dair bir gün oğurlayıb həmin kafeyə gəldim.
Şəhərin tam mərkəzində yerləşən bu kafedə üç-ya dörd adam tapardın. Həzin musiqi fonunda səssizlik hökm sürən məkanda bir orta yaşlı kişi oturmuşdu.
Kişi ayrı kabinada tək otursa da iki nəfərlik yemək sifariş etmişdi. Ofisiantı çağırıb susdu, sonra üzbəüz sanki kimisə işarə edirmiş kimi dilləndi.
- Elə həmişəki kimi lanqet bir də çaxır. Ofisiant duruxub dayanmışdı. Kişi əlavə etdi: "Hər ikimizə".
Ofisiant uzaqlaşıb sifarişi içəri ötürdü. Kafenin müdiri ona yaxınlaşdı: "Yenə əvvəlki kimi sifariş etdi?" deyə soruşdu.
Ofisiant başı ilə hə cavabını verdi.
-Yaxşı, ona çox sual vermə. Nə deyir apar. Hesabı da aparmadan mənə göstər.
Müdir içəri keçib kişiylə çox böyük ehtiramla görüşdü.
-Çoxdan sizi görmürəm. Nə var nə yox, necəsiz?
Kişi də onunla hal-əhval tutdu.
- Hər şey yaxşıdı.
Müdir ordan ayrılanda ofisianta təəcüblə baxdı.
Bu mənzərə məni alıb aparmışdı deyə, sifarişi unutmuşdum. Ofisianta kofe sifaris edib, siqaret yandırdım. Çantamdan çoxdan bəri oxumaq istədiyim həmin kitabi çıxartdım, kitabdan nəsə oxumağa başladım. Fikrimi toplaya bilmirdim.
Oxuduğum kitabın adı "Zahir" idi. Koelyonun bu əsərində qəhrəmanı bir jurnalist qadındır, elə mənim kimi.
Bir gözəl gün evdən qaçır. Çünki ona bu dünyanın hər hənirtisi belə anlamsız gəlir. Bu barədə mən də burdakı qəhrəmanla tam razı idim. Yeknəsək həyatdan kim qaçmaz ki?
Düşündüm ki, insanlar həmişə hardansa harasa qaçır. Mühit dəyişmək səni tənhalıqdan xilas etməyəcək.
Yenə ona tərəf baxdım. Kişi sakit, səssiz görkəmiylə nəzərimi cəlb edirdi. O, badəni qaldırıb, öz-özünə sağlıq deyir, uzun-uzadı danışırdı. Mən ona heyrətlə baxırdım. Əlimdə olan hər şeyi kənara qoyub, bu səhnəni bir az da izləməyə başladım. Bir az keçəndən sonra kişi ofisiantı çağırdı.
-Hesabı gətirin, biz getməliyik.
-Nə tez.
-Xanım heç nə yemir, bir az havada gəzmək istəyir. Dənizə baxmaq istəyir.
Sonra hər şey anidən baş verdi:
Kişi hesabı ödəyir. Ayağa qalxır. Müdir onunla əl uzadıb görüşür.
- Siz özünüzə yaxşı baxın müəllim. Bu həyatdır. Hər şey olur.
Kişi papağını başına qoyub gülümsünür.
- Nə ola bilər ki? Hər şey əladır.
O, səssizcə kafedən çıxıb gedir.
Ofisiantlar onun dalınca baxırlar. Kişi maşına oturub uzaqlaşır…
Kofeni gətirən ofisianta: -Sizdən bir söz soruşum -deyib, sözə başladım.
-Məni bayaq gedən o kişi maraqlandırır. Axı o niyə öz-özünə danışıb, saqlıq deyirdi və siz ona mötəbər bir insan kimi yanaşırdınız? Bu barədə mənə danişa bilərsiniz? Mən əslində jurnalistəm və bu cür hallar mənə hədsiz maraqlıdır. Amma sizin onunla belə davranmağınız məni düşündürdü. Elə bil ki, bu insan elə düppədüz edirmiş kimi.
Ofisiant bir qədər düşünüb söylədi:
-Məsələ budur ki, hər həftənin besinci günü bu kişi bir qadınla kafemizə gəlirdi. Onunla söhbət edər, saatlarca gülüb, danışardı. Uzun illər bu davam etdi. Onlar burda ad gunu kecirər, bayramları qeyd edər, öz işlərindən, uğurlarından danışar, bölüşərdilər. Düzdü, mən deyə bilmərəm ki, o qadın bu kisinin arvadı idi. Çünki arvadı olmağ üçün bir az başqa cür olmalıydı. Bİz bir şeyi bilirdik ki, onlar birlikdə xoşbəxtdirlər. Və biz də onların ad günündə, gözəl günlərində onlara qulluq etməyi sevərdik. Bİr müddət onlar daha gəlmədi. Keçən həftə kişi gələndə, bİz qapıda durub, qadını gözlədik. Düşündük indi maşından düşüb yenə qaçaraq sevdiyi insanın görüşünə tələsəcək, bizi görən kimi gülümsəyəcək. Üst geyimini alıb onu kabinaya qədər ötürəcəyik. Amma çox təəssüf, gəlmədi.
Kişi isə həmişəki kimi saata baxmadı. Adəti üzrə iki nəfərlik yemək, içki sifarş etdi. Biz sakitcə onu izlədik. Müdaxilə etməyə müdir icazə vermədi, ona sual verə bulmədik. Bildiyim bu qədərdi xanım... İndi bu ayrılıqdı ya nədi, bilmirəm. Bir onu bilirəm ki, kişinin vəziyyəti yaxşı deyil.
Bu sözləri deyib, maraqla gözlərini mənə zillədi.
- Bilirsiz, əslində onların məhəbbəti qeyri adi idi. Biz onların bir birinin davranmağına heyran idik. Onlar birlikdə elə gözəl gülürdülər ki... İndi maraqlıdır, siz bunu necə qələmə alacaqsız. Jurnalistsiz dediniz? Nədən yazırsız?
-Hər halda sizdən deyil.
Ofisiant himə bənd kimi sözümdən sıçrayıb, o tərəfdən də müdirin onu çağırmağına rəğmən bir anlıq toz olub getdi. Sonra eyni cəldlikdə qayıtdı.
- Axı bu düz olmadı, mən sizə kömək etdim, siz isə əvəzində məni acıladız.
Mən susub gülümsədim. Ordan cıxdıqdan sonra uzun-uzadı dəniz kənarında gəzib onları düşündüm.
Ən çox da o kişini düşündüm. Hətta mən də, onun kimi həmin qadını özümdən uydurdum.
Ona görə qərar verdim ki, bu beşinci gün mütləq həmin kafeyə gedəcəm.
Eyni vaxtda elə də etdim. Mən tez gəlmişdim. Məndən on dəqiqə sonra gəldi. Yenə adəti üzrə əyləşdi, eyni sifarişləri verdi. Kofemi götürüb yanına yaxınlaşdım.
-Sizdən bir söz soruşa bilərəm?
Iri gözlərini mənə zillədi. Bir anlıq mənə elə gəldi ki, onun gözlərindən ceşmə kimi bulaq qaynayır və hər an göz yaşları sel olub aləmi bürüyə bilər. Düzü, bu sualı verəndə özümü çox pis hiss etdim. Nahaq baş qoşdum bu adama.
O başını yellədi. Onunla üzbəüz oturmaq istədim, yalnız ürək etməyib kənarda oturdum.
-Bilirsiz, mən jurnalistəm. Maraqlı insanlardan yazıram. Siz də çox maraqlısız. Öz-özünüzə sağlıq deyirsiz və s.. Uzun sözün qısası, siz harda işləyirsiz?
O fikrə getdi mənə diqqətlə baxıb dedi: -Mən təqaüdə çıxmış müstəntiqəm. İşsiz bir adam. Xanım isə rəssamdır, özü də yetərincə tanınmış. Biz onun sərgisində tanış olduq. Qıvrım saçları var idi. Ona sual verirdilər. Hətta həmin gün onun foto şəklini də çəkdim. O gündən çox sonralar görüşməyə başladıq. İlk görüşə gələndə gözlərimə elə məsum baxırdı ki.
Mənsə onu hər sərgi keçiriləndə danlayırdım. Çünki qısqanırdım. Mən ondan böyüyəm. On bir yaş.
-Çoxdur ki? - deyib söhbətə qoşulmağa cəhd etdim: - Məncə gözəl yaş fərqidir.
O, gülümsündü.
-Bəzən uşaq kimi şiltaqlıq edəndə peşman olduğum olub.
Mən də gülümsədim.
-Yaxşı. Adınızı da bilmədim.
O susdu.
-Yaxşı bəs indi o hardadı?
Kişi tərəddüd içində fikrə getdi.
Uzun müddət susdu.
Və nəhayət, cavab verdi:
-Bilirsiz, xanım qız, mən indi bir az da ondan danışsam, həqiqəti desəm, onu həmişəlik itirə bilərəm. Sevgi elə bil sehirdir ki, ondan danışmaq olmaz.
Ofisiantı çağırdı. Hesabı verdi. Sakitcə ayağa qalxdı və dedi:
- Xanım daha buranı sevmir. Biz onunla dəniz sahilində balaca bir yer tapmışıq. Daha bura gələ bilməyəcəyik.
Və mən tərəfə baxmadan getdi.
Həmin gün qadın rəssamlarını araşdırmaq üçün aləmi bir-birinə vurdum. Amma tanımadığım adamı necə tapa bilərdim axı?
Hətta bəzi rəssam qadınlarla söhbət də etdim. Kafeyə də getdim. Həmin gündən sonra kişinin kafeyə gəlmədiyini söylədilər. Lakin ofisiant mənə əsas xəbəri də verdi. O dedi ki, qadın avtomobil qəzasında həlak olub.
Ofisiant dedi ki, özü onun şəklini qəzetdə görüb, hadisəni olduğu kimi oxuyub. Sadəcə kişi onun yoxluğunu qəbul etmir. Nə zaman edəcək, o da bilinmir.
Mən dərhal son qəzetləri araşdımağa başladim və "Mədəniyyət xəbərləri"ndə bir rəssam qadının şəklini gördüm. Saçları qıvrım, gözləri iri, ortayaşlı bir qadın idi. Uç ay əvvəl qəzada öldüyü iddia edilirdi.
O hadisədən sonra mən daha o ispan kafesinə gedə bilmədim. Məni hər zaman baş vermiş faciə düşündürürdü. Bəzən insanlar ömür boyu bir yerdə yaşadıqları adamı sevdiyi insan kimi düşünməyə çalışsalar belə bu, onlarda alınmır.
Mən o fikirli adamı, sevgi dolu adamı görənə qədər məhəbbətə inanmırdım. Düşünürdüm, nəsli kəsilmiş dinazavrlar kimi sevginin kökü bu dünyada çoxdan kəsilib. Bu insanı gördükdən sonra isə ürəyimdə ümid işığı yarandı. Düşündüm, hər insanın həyatında onun sağ ya ölü olduğundan asılı olmayaraq bu sayaq sevən bir adamı mütləq olmalıdır. Ölüncə, uca məhəbbəti görmədən, ölməli deyil insan.
Eşq hər yaşda insanın qarşısına çıxa bilər, Hətta ölümündən üç ay əvvəl, ya üç il əvvəl. Əsas odur ki, səni səndən sonra da dünyada sevən tək bircə nəfər qalsın, o çeşmə gözlü susqun insan kimi…
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
Yeni Novruz - AKTUAL
Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist və siyasi şərhçi Əkbər Qoşalının Azərbaycan xalqının 2024-cü ildə qarşıladığı Novruz bayramı barədə məqaləsini diqqətinizə çatdırır. Bu Novruz bir başqa Novruz idi!
Novruz – bizim qardaş xalqlarla, eləcə də bir sıra Doğu xalqları ilə ortaq bayramımızın ən ümumişlək adıdır; pəki, zatən Yeni Gün (Türk dünyası üçün: Ərgənəkon) anlamındakı bayramın adı önünə bir də “Yeni” yazmaq nə məna verir?
Məhz bu Novruz Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə bütün Qarabağda keçirildi;
Dövlət başçımız ilk dəfə Xankəndidə bayram tonqalı qaladı;
əgər soydaşlarımız 90-cı illərdə keçmiş DQMV ərazisində bayram tonqalı bir yana, evin işığını (çırasını) belə qısqana-qısqana yandırmaq zorundaydısa, bu dəfə tonqallarımız gur yandı! – Bu il Xankəndidə, Xocalıda qalanan tonqalları yaxın-uzaq, dost-dost ola bilməyən – hər kəs gördü!
Dədəm Qorqudun tonqala verdiyi anlamları yada salaq:
bir tonqal – şənlik, toy,
iki tonqal – yağı basqını,
üç tonqal – əkin-biçin ilə bağlı çağırışdır. Biz daha cüt tonqal qalamırıq! Bu böyük xoşbəxtlikdir! Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə qaladığı tonqal dədə-babamızın ruhuna şadlıq, gələcək törəmələrə isə yol göstərmək dəyərindədir. O, Zəfər tonqalıydı! Əslində, keçmiş zamanda cümlə qurmaq düzgün deyil: dövlət başçısının Xankəndidə qaladığı tonqal fiziki olaraq sönmüş ola bilər ancaq onun ruhumuza bəxs etdiyi istilik əbədidir; Xankəndi Zəfər tonqalı dünya durduqca ulusun yaddaşında sönməyəcək!
“Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır”. – bu mübarək sözlər Prezident İlham Əliyevin Novruz bayramı ilə bağlı Azərbaycan xalqına təbrikindəndir.
Ardarda Şuşa, Suqovuşan, Talış və Xankəndidə dövlət başçısının əli ilə qalanan tonqallar bizimçün bir yol xəritəsi cızır. Əgər 44 günlük müharibədə, bir gündən də az sürən antiterror tədbirlərindəku Qələbəyə “uzun, incə bir Yol”dan gəlmişiksə, bundan sonra Zəngəzurdan keçəcək yolu təsəvvür etməyimiz çətin deyil. Zəngəzurdan bizim tarix boyu yolumuz olub; bir qərinə öncəyədək oradan dəmir yolu da keçirdi.
Zəngəzurdan yalnız dəmir yolu, avtomobil yolu keçməyəcək – oradan bütün yollar keçəcək. Asiyadan Avropaya – yerdə – qatarlar, avtomobillər, göydə – uçaqlar belədən-elə, elədən-belə keçəcək; telefon, internet, elektrik və b. xətlər keçəcək Zəngəzurdan. Dövlətqurma mədəniyyətindən nəsibini almamış haylar Zəngəzuru dalana döndərib; oysa, ora yenidən mədəniyyətlərin axın yeri olacaq. “Orta dəhliz”in Zəngəzuru yükdaşıma, ticarət, bir sözlə, iqtisadiyyat və b. əməli çalışma sahələri üzrə mədəniyyət mübadiləsi yeri olmağı haqq edir. Üstəlik, Ermənistan hökuməti başçısının bəlli 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatında imzası var. Və bizim, imzası sözütək keçərsiz olan Paşinyanın hökumətini sonsuzadək gözləmək lüksümüz yoxdur. Sözü imzası kimi keçərli olan Azərbaycanın səbrini sınağa çəkmək ağıllı iş deyil.
Bəli, bu ilki Novruz bir başqa Novruzdur!
Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı haqqında Novruzöncəsi dörd xas günü (Su, Od, Yel, Torpaq çərşənbələrini) qeyd etməmişdən az əvvəl dediyi sözləri xatırlayaq: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir.
Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”! – Bu mübarək sözləri Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən Andiçmə törənində dedi.
Bayramdan bir qədər öncə isə Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana dövlət səfərinə gəlmiş
qardaş Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayev Füzulidə, Şuşada oldu. Toqayevdən öncələr Özbəkistan, Tatarıstan və Türkiyənin dövlət başçıları Qarabağı ziyarət etmişdi. 15 iyun 2021-ci ildə Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev “Şuşa Bəyannaməsi”ni imzalayıb.
Bu mübarək gəliş-gedişlər, imza atmalar davam və inkişaf edəcək.
Müşfiq necə deyirdi? –
“Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır”!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
Bir ananın harayı - KÖMƏK EDƏK
“Ədəbiyyat və incəsənət” portalının redaksiyasına Kürdəmirdə yaşayan Lyudmila Şahbazovadan məktub gəlib.
Şahbazovlar ailəsinin 5 yaşlı övladı ağır xəstədir. Və dərdli ana göz yaşları içində bizə müraciət edərək bu xahişini portalımız vasitəsilə insanlara çatdırmağı diləyib.
“Hamıdan bir ana kimi xahiş edirəm, səsimə səs verin. Kürdəmirdə yaşayırıq. Balam Ümüd 5 yaşındadır. 2 ildən çoxdur ki, onkoloji əməliyyat olub və kombinə olunmuş immun catışmazlıgı xəstəliyindən əziyyət çəkir. Həyatda qalması üçün hər 21 gündən bir bahalı Panziga iynəsi vurulur. Uşağın bu iynədən asılı olmaması üçün də sümük iliyi köçürülməlidir. Allaha xatir gücünüz nəyə çatırsa, yardım edin. Sığortaya və digər qurumlara müraciət etmişik, nəticə yoxdur. Yoldaşım fəhlədir. Uşaq gözümüzün önündə əzab çəkir. Nə olar, bizə yardım edin. Görüb keçməyin. Kimin ürəyində azca da şübhə varsa əlaqə nömrəsi ilə əlaqə saxlayib, gəlib yaxından görə, uşağa baş çəkə bilər. Xahiş edirəm hər yerdə paylaşın dost-tanışlarınızla."
Dəstək göstərmək istəyənlər üçün hesabları təqdim edirik:
Kart hesabları:
1. Kapital Bank 4169-7385-1708-9706 (Teymur Əliyev)
2.Rabitə bank 5261-6333-3540-1098 (Habil Şahbazov)
3.Xaricdən göndərmək ucun. Avro hesabı
Kapital Bank. - 5404-0852-3834-3711
4. Rusiyadan dəstək olmaq istəyənlər üçün : SberBank hesabı 4279 3806 7570 7881
Əlaqə: +994 77 542 30 68
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
“Axıb ürəyinə dolsam, yetərmi?” - Şamil Ənvəroğlunun şeirləri
“Ədəbiyat və incəsənət” portalı sizlərə Şamil Ənvəroğlunun şeirlərini təqdim etməkdədir. Bu gün sizlər üç poetik boxçadan sonuncu ilə tanış olacaqsınız.
Heç bilirsən, necəyəm?
Bir az məsum uşağam,
boyumu aşıb hələ həyatla oynayıram...
Ümid özümdən böyük, inad özümdən ağır,
hələ də biz tərəfə aramsız kədər yağır.
İndi daha inam yox uşaq nağıllarına,
Indi hamı böyüyüb bir “səhvsiz” adam olub.
Mənsə yanlış tuturam, öz içimi yeyirəm,
nəsə tərs gedən kimi "günah məndə" – deyirəm.
Hələ də doğma sayıb sevirəm adamları.
Yıxılsam da, dururam, tutunuram sabaha,
hələ də ümid sürtüb sarıram yaraları...
Heç bilirsən, necəyəm?
bir az sönən ocağam,
tüstüsü başdan çıxan,
yanmış arzularının külündə çabalayan
bir soyuyan közəm mən,
gərək bir səbəb tapıb beş-on il də dözəm mən...
Heç bilirsən, necəyəm?
Tərtəmiz bir sevgiyəm,
dumduru bulaq kimi qaynayıram içimdə,
Ha cəhd etsəm, alınmır,
sözlər hey yarım qalır,
qıyıb yaza bilmirəm sevgimi sətirlərə,
deyirəm ki, bəlkə də,
heç gərək yox sözlərə?
Heç bilirsən, necəyəm?
Bir az müdrik qocayam,
həyatın hər üzünü təsbeh çəkib yorulan,
ancaq yenə ayaqda, sarsılmayan, dik duran.
Bir az çılğın yanım var, tufanlı dəniz kimi.
Bir az səssiz yanım var, ölü bir bəniz kimi...
Tənhalığın çətrini tutmuşam başım üstə,
dünyamıza nə vaxtdır ağrı yağır aramsız.
Ey yağışda islanan,
gəl bu çətri paylaşaq,
dost olaq, doğma olaq,
bir gözləyək Günəşi.
Qəlbimdə ümidi gör,
gözlərimdə atəşi...
Heç bilirsən, necəyəm?
rotasız səyyah kimi hara gəldi, gedirəm.
Xəyalımda xoşbəxtəm,
gerçəyimdə ölürəm...
Hələ bir də arzular...
Bir bilsən, arzuların necə boğulmağı var,
usanıb gözləməkdən gəlib bir kənarına,
bir bilsən, uçurumdan necə atılmağı var...
Heç bilirsən, necəyəm?
neçə ağrı yaşamış bir darısqal otağam,
mənsə elə bilirdim,
bu qədər ağrılara ünvan deyil, qonağam...
elə dar otağam ki,
nə sevgimə yer çatır,
nə də sonsuz duyğuma.
Ha deyirəm sus, ruhum,
bəsdir, artıq ağlama...
Heç bilirsən, necəyəm?
Bir az üzgün keçmişəm,
səssizcə kövrəlirəm...
Bir az narahat bu gün,
nəyisə gözləyirəm.
Bir az da gözəl sabah
gələcəyin bilirəm...
Elə bir sabah gələ,
gülə hər təmiz ürək...
Ürək də qəribədir,
bu qədər parçalanır,
sonra isə deyir ki,
Yaxşı olar, döz görək.
OXŞANMAYAN SAÇLAR TEZ AĞARAR...
Öncə düşüncələr yorular insanda,
“niyə?”lərin ölüm cəzası edama sürükləyər düşüncəni...
Sonra sözlər asar özünü udqunan boğazda...
Dili susqun olar ən çox sözü ölənlərin,
ən çox gözlər yetim qalar gözləməkdən.
Ən dəhşətli yoxluq bir üzdə xoş təbəssümün itkin düşməyidir.
Ən çox əllər qəribsəyər yad əllərə toxunduqca,
ən çox qollar bezər səndən bir boşluğa sarıldıqca.
Və insan nə vaxtsa itirməkdən yorular...
Hər gündəliyin göz yaşından saralmış bir neçə səhifəsi var, əlbət,
Ya da məktubların yaddaşında gizlədər göz yaşı öz şəklini...
Bütün uzaqlara dikilən gözlərin bir gedib dönməyəni var,
yanan arzular içində bir tam yanıb sönməyəni var...
Yorğun ürəklərin yuxusu olmaz, qadası,
qorxusu olar-ayıq qalmaq qorxusu...
Yatmaq dincəlmək üçün deyil bəzən,
unutmaq üçündür,
bütün ağrıları unutmaq üçün...
Hər keçmişin bir duz basılmış yarası var,
ağrıdar için-için.
Və insan nə vaxtsa ağrımaqdan yorular...
Hər qabarlı əlin bir yalnızlıq tərəfi var,
həm də heç kimə əyilməyən bir qürurlu tərəfi...
Əllər, bəlkə də, daha xoşbəxtdir,
darıxanda o biri ələ sarılıb təsəlli tapır deyə...
Gözlərin xoşbəxtliyi ağlayıb boşala bildiyi qədərdir,
çıxıb gedə bildiyi qədərdir ayaqların xoşbəxtliyi,
dodaqların xoşbəxtliyi sevgidən öpə bildiyi qədərdir.
Və heç kimə yük olmadan qəfil ölə bildiyi qədərdir bir insanın xoşbəxtliyi...
***
Dönsəm ümid-ümid axan sözlərə,
axıb ürəyinə dolsam, yetərmi?
Sevsəm o ürəyi canımdan artıq,
səninlə bir bütöv olsam, yetərmi?
İnansam həyatın bu naxışına,
vurulsam o şirin, xoş baxışına,
dönsəm bulud-bulud eşq yağışına,
bir ömür ruhuna yağsam, yetərmi?
Hopsam varlığına, səndə "sən" olsam,
dolsam o ürəyə, ölüncə qalsam,
ömürlük yoldaşın, sirdaşın olsam,
canımdan daha çox sevsəm, yetərmi?
Bəzən atan kimi oxşaya bilsəm,
bəzən oğlun kimi qayğını çəksəm,
bəzən dostun kimi dərdini bölsəm,
sənin hər bir kəsin olsam, yetərmi?
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
“Bir böyük bədbəxtliyi yaşamaq illər uzunu kiçik bədbəxtlikləri yaşamaqdan daha yaxşıdır” - Nassem Taleb
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Nassim Talebin «Qara qu quşu» kitabı barədə söhbətimizi davam etdiririk. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.
Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən növbəti seçdiklərimi diqqətinizə çatdırıram:
- Tarix və cəmiyyətin irəli hərəkəti sürünməklə deyil, çapmaqla baş verir.
- Mən qəfil dərk etdim və indi də bu təəssüratla yaşayıram ki, biz hamımız retrospeksiya üçün əla bir maşınıq, insanlar hamısı isə özünüaldanışın böyük ustalarıdır.
- İnsanları kateqoriyalara bölmək vacibdir, amma vacib olduğu qədər də iki kateqoriyanın sərhədində mövcud olanların yerləşdirilməsi üçün problemlidir.
- Müəyyən hissə kapital bizi varlıya çevirə bilməz, düzdür, amma güzəranı düşünmək qayğısına qalmadan bir işlə rahat məşğul olmağa imkan yaradır. O, bizi beyin fahişəliyindən, daxili təzyiqlərdən azad edir.
- Bizə çətindir ki, incəsənət əsərini tək gözəlliyinə görə yox, həm də özümüzün cəmiyyətə aid olmağımızı hiss etməkçün yaratdığımızı etiraf edək.
- Təqlidetmə bizi digər insanlara yaxınlaşdırır. O, tənhalıqla mübarizədir.
- Çəkməyə dizayn vermək çəkmə istehsal etməkdən daha gəlirli sahədir. «Nayk», «Dell» və «Boinq» firmaları ideya verməklə və öz nou-haularını təşkil etməklə pul qazanırlar, bu zaman inkişaf etməkdə olan ölkələrin subpodrat fabrikləri isə qazanmaqçun ağır qul əməyinə qatlaşırlar.
- Əgər siz insanlara desəniz ki, uğurun açarı həmişə səriştəlilik olmur, onlar düşünər ki, siz səriştəliliyin heç nəyi həll etmədiyini, uğurun açarının bəxtigətirmədə olduğunu iddia edirsiniz.
- Bizim qənaətlərimiz spesifikdir, iki yönlüdür. Bəzi problemlərin həllini bizə həyat dərsliklərdən daha yaxşı öyrədir, amma bəzilərini isə nəzəriyyədə praktikadakına nisbətən daha aydın başa düşmək olur.
- Cəmi bir bədxassəli şişin üzə çıxması sübut edir ki, sizdə xərçəng var. Amma bu şişin üzə çıxmaması imkan vermir ki, yüz faizlik inamla deyilsin ki, sizdə xərçəng yoxdur. Bizi həqiqətə təsdiqedici nümunələr deyil, inkaredici nümunələr yaxınlaşdırır.
- Fakt fakt olaraq qalır: siz nəyinsə səhv olması barədə qərar verə bilərsiniz, amma nəyinsə düzgün olması barədə qərar verə bilməzsiniz.
- İstənilən qaydanı ya birbaşa yoxlamaq olar: onun işlədiyi hallara baxmaqla. Ya da dolayı yolla yoxlamaq olar: onun işləmədiyi halları nəzərdən keçirməklə.
- Yaddaş dinamik, öz-özünə yenilənən mexanizmdir. Biz hadisənin özünü xatırlamırıq, onun barəsindəki son xatirəmizi xatırlayırıq. Və fərqinə varmırıq ki, hər yeni xatırlama ilə süjeti daha çox dəyişirik.
- Cins, sosial vəziyyət və peşə insan davranışını mili mənsubiyyətə nisbətən qat-qat artıq müəyyənləşdirə bilir. İsveçli kişi isveçli qadından çox toqolu kişiyə bənzəyir. Perulu filosofun perulu dalandardan daha çox şotlandiyalı filosofla ümumi dəyərləri var.
- Əgər səbəb aydın deyilsə o səbəb yox kimidir.
- Təkrar biliyin anasıdır. Hələ olmayan bir şey barədə isə biz nəsə bilməyi heç arzulamırıq.
- Dünya çox sürətlə dəyişir və bizim genetik strukturumuz onun ardınca çata bilmir. Biz öz yaşayış mühitimizdə özgəyə çevrilirik.
- Xoşbəxt olmaq üçün müntəzəm xırda müsbət affektlər almaq lazımdır. Yəni ki, çoxlu yaxşı xəbərlər bir əla xəbərdən daha yaxşıdır. Və ya əksinə, bir böyük bədbəxtliyi yaşamaq illər uzunu kiçik bədbəxtlikləri yaşamaqdan daha yaxşıdır.
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
Ramil Mərzilinin qadağan olunmuş şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Yeni nəsil ədəbi tənqidi nümumələrinin dərcini davam etdiririk. Bu dəfə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın (Qasımlı) “Ramil Mərzilinin qadağan olunmuş şeirləri” məqaləsi təqdim ediləcək.
Ramil Mərzili poeziyası sözün düzünə də, düzəngahına da söz düzür. Sözün düzü, bu, onun öz yöntəmidir. Hətta bir misrasında deyir: “Yalanlara boyun əymə, Sözün düzü qorxsun səndən”. Sözün nəinki düzünü, heç özünü də qorxutmaq asan iş deyil. Sözü yalandan mühafizə etmək yalanı sözsüz söyləmək kimi bir şeydir. Yalan olmasa da, söz olur. Amma söz olmasa, yalanın ifadə vasitəsi qalmır. Bəlkə də, sözün yalana daha çox ehtiyacı var, nəinki yalanın sözə. Söz özünü həqiqətdə necə ifadə edirsə, yalanda da o cür ifadə edir. Bəzən yalanın yaratdığı gözəlliyin qarşısında mat qalırıq: “Bu işıqlı dünyada Zülmət gözümü deşir” – misralarında olduğu kimi. İşıq və zülmət antitezaları Məlikməmmədin dövründən üzü bəri nağılbazlığındadır. Nağıllar gerçəkləşdikcə insan öz işığını – elektrikini kəşf etdi. Gecələrin zülməti insanın yaratdığı işığa təslim oldu. Nəticə etibarı ilə “işıqlı dünya”nın biri də artdı. Buna baxmayaraq, şair zülmətin göz deşməsindən gileylənir. Əslində, dilimizdəki ifadə “işıq gözümü deşir” formasındadır. Ramilin bu metaforasında zülmət işığın əlamətlərini oğurlayıb. ZÜLMətə göz yummaq olmaz. Gözqamaşdırıcı işıqlar isə çox şeyə göz yummağımıza şərait yaradır.
Ramilin şeirlərində özü ilə mübarizənin çalarları kifayət qədərdir. “Qürurum dolaşır ayaqlarıma, Qalxıb sənə doğru qaça bilmirəm” – misralarında məğlubiyyətin qələbəsi obrazlı şəkildə verilmişdir. “Xəfif pıçıltımda da – ömrü boyu kar olan, Şeytanın qulaqları gəlib səsimə çatır” – ifadəsi isə maraqlı söz düzülüşündən yaranıb. Əslində, “Səsim gedib şeytanın qulaqlarına çatır” – formasında olan söz sırası elə bir inversiyaya məruz qalmışdır ki, şeytanın belə ağlına gəlməz.
Ramil Mərzili ritorikadan da bacarıqla istifadə edir. “Ayrılıqlar səmimi, Həsrət niyə rəsmidir?” – sualına hərənin öz cavabı vardır. Lakin ayrılıq və həsrət sözlərinə səmimi və rəsmi təşbehlərini layiq bilmək yenilik əlamətləridir. Bu əlamətlərə başqa bir bəndə də rast gəlirik:
Dörd yandan savaba bürünsən belə,
Bilməzsən ölüsən, dirisən belə.
Ömrü girov qoyub çürüsən belə,
Ən gözəl qadınlar – günahlarındı. –
Maraqlı mühakimələrdir. Qadın gözəlliyinin vəsfinə saysız bənzətmələr qurban verilib. Lakin gözəlliyin günahkarlığını boynuna qoyan başqa bir şeir ağlıma gəlmir. Oxşar mövzunun Ramil şeirlərində fərqli təqdimi tez-tez müşahidə olunur. “Bir də bizə yaxın düşməsin deyə, Bir “kağız al” sənsizliyin dilindən” – fikirləri öz planlarına zəmanət verməkdir. Məqsəd sənsizliyi zərərsizləşdirməkdir. “Kağız almaq” ifadəsi isə ədəbi dil üçün keçərli söz deyil, daha çox şifahi nitq forması kimi istifadə olunur. Ramil həmin sözü şeirə müəllif məsuliyyəti ilə sənədləşdirib. Onun şeirlərində yaşamın fəlsəfəsindən də söz düşür:
Bu ömür müəmma “OL”dan “ÖL”ədək,
Gah ürək ağrısı, gah sinə dağı.
Qəm, kədər boyunu aşan dünyada
Sevincin topuğa çıxar uzağı.–
Bənddə diqqət çəkən əsas fikirlər sevincin ölçü vahididir. Sevincin azlığını və ya çoxluğunu göstərmək üçün ədəbiyyat çox icadlara imza atıb. Lakin onun topuğa qədər boy atmasını bu şeirin orjinallığı kimi qəbul etmək olar. Başqa misralarında da yaşamağın zaman kəsiyi hüdudlandırılır: “Gözü yumub, açdın – çiyinlərdəsən, Gözü açıb, yumdun – yuxusan artıq”. Əslində, həyatımızda ən vacib hadisələr bir göz qırpımında baş verir. İyirmi dörd saatdan ibarət olan bir günün hansısa bir saniyəsi özəl olur. Digər saniyələr dəqiqələri yaratmaqdan başqa bir işə yaramır. Ramilin şeirlərində mənatutumlu misralar kifayət qədərdir: “Gözümdə intihar eyləyər zaman”, “Ayağım altına kədər yığmışam, Kənardan baxanlar ucadır deyir...”, “Arzular tökülür, bağrımmı dəlik?!”, “Çatmağıdım arzuların qismət qoydum adını mən” , “Bir gün gələr, mən gedərəm, mən gedəndə gün gələrmi?!” misraları onun sözünün iç üzüdür. Bəndlərində də eyni mənzərəni müşahidə edirik:
Qısılar dodağa sözün,
Bürünər kədərə üzün.
Bulud kimi dolan gözün
Sıxdıqca leysan ələrmi?
İlk misranın heyrətamizliyi danılmazdır. Sözün dodağa qısılması onu qoruyur. Üz kədərə bürünübsə, gözlər bulud kimi dolubsa, dodağını tərpədib sözünü deyə bilmək hünər istər. Sözmü aciz olar, yoxsa onu ağuşuna alan dodaqmı, bunu ayırd etmək çətinləşir. Lakin şairin bu ifadəni peşəkarlıqla işlətməsi danılmazdır. “Qadağan olunmuş şeirlər”dəki başqa ifadələr kimi.
“Ədəbiyyat və incəsənət”
(29.03.20240
MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”
Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasını yekunlaşdırır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!
«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyəndiniz.
E P İ L O Q
Gecə saat 2 idi. Daxili İşlər Nazirliyinin üçüncü mərtəbəsindəki otaqlardan birinin pəncərəsindən baxan ağsaçlı general şəhəri seyr edirdi. Dünən səhər saatlarında hər şey bitmişdi. Paytaxt şəhərinə yönəlmiş böyük təhlükənin qarşısı alınmış, güclü partlayışla arxa cəbhədəki sabitliyi pozmağa çalışan düşmən niyyətini həyata keçirə bilməmişdi.
İkibaşlı əjdahanın günahsız qurbanlarını udmağa hazırlaşdığı gün, oktyabr ayının 2-si geridə qalmışdı. Artıq təqvimdə oktyabr ayının 3-ü idi. Olduqca yorğun görünən general bu gecə də evə getməmiş, kabinetindəki divanda da dincəlməyə tələsmirdi. Əməliyyat uğurla başa çatsa da, müharibə hələ davam edirdi. O, son günlərin gərginliyini şəhərin pəncərəsindən görünən mənzərəsinə baxmaqla unutmağa çalışırdı. Sevdiyi şəhərin… Sakinlərini qoruyacağına and içdiyi şəhərin…
Həmin mərtəbənin baş tərəfində yerləşən pəncərədən eynilə gecə Bakısını seyr edən başqa bir zabit də var idi. Bu zabit son əməliyyatda olduqca ciddi tapşırıq almış məxfi qrupa bilavasitə rəhbərlik etmiş, bu əməliyyatın ağırlığını və məsuliyyətini çiyinlərində hamıdan çox daşımış polis polkovniki Mahir Vəliyev idi. Yorğun və yuxusuz olsa da, o da evə getməmişdi. Hərdən bir əlində tutduğu siqaretə, o biri əlində tutduğu alışqana baxıb yenə nəzərlərini pəncərəyə yönəldirdi.
Dalğın idi. Stepan Bondaryovun xahişi ilə onun qrupuna daxil edilmiş, qısa müddətdə dostlaşdığı istefada olan polis mayoru Bəxtiyar Nəzərli əməliyyat zamanı ağır yaralanmışdı. O, öz həyatını təhlükəyə atmaq bahasına ən azı üç əməkdaşın həyatını xilas etmişdi. Daxili orqanları zədələnməsə də, özünü maşının qarşısına atarkən iki qabırğası sınmış, partlayış zamanı başından aldığı zərbədən isə beyni silkələnmişdi. Axşam saatlarında onu ziyarət edərkən bu tərs adam təkidlə hospitalda qalmayacağını bildirmiş, birlikdə ziyarətinə getmiş generalın zəmanəti ilə həkim nəzarətində qalmaq şərtilə evə buraxılmışdı.
Yaxınlığında dayandığı hündür istinad divarı onun özünü partlayışın zərbəsindən qorumuşdu. Ancaq partlayışın dalğasından şüşələri çilik-çilik olan maşındakı əməkdaşlar və Solomin bir neçə yüngül xəsarət almışdılar.
Solominin qaldığı ilk mənzilin Sultan Muradovun Amerika Birləşmiş Ştatlarına köçmüş dayısı oğluna məxsus olduğu müəyyən edildikdən sonra onun başqa adamın adına rəsmiləşdirdiyi bir evinin də olduğu məlum olmuşdu. Qısa müddətdə Sultanın da həmin evdə gizləndiyi müəyyən edilmişdi və günorta saatlarında evə girən xüsusi təyinatlılar onu götürmüşdülər. Heç bir müqavimət göstərməyən Sultan hər şeyin necə baş verdiyini danışmışdı. Onun ailəsindən gizlin saxladığı ikinci arvadı var imiş. Həmin qadın cinayət aləmində «şokoladçı» kimi tanınan qadınlardan olmuş, Sultan onu bu yoldan çəkindirib ailəsi kimi saxlayırmış.
Cinayət aləmində «şokoladçı qadın»-keçmiş məhbuslardan olan, bu aləmin qaydalarına yaxından bələd olan fahişələrə deyilir. Onların cinayət aləmində xüsusi yerləri var. Belə qadınlar başqaları üçün bağlı bir sandıqdırlar. Onları fərqləndirən əsas cəhətləri həmişə dodaqlarına parlaq şokolad rəngində olan pomada sürtmələridir. Bu cür fahişələrdən cavan vaxtı təyinatı üzrə, yaşlaşdıqda isə avtoritetli cinayətkarların gizli yazışmalarını daşımaq üçün istifadə edirlər: Belə işlərdə qadın daha az şübhə doğurur. Onların bir vəzifəsi də həbsxanadan qaçmış axtarışda olan cinayətkarları bir müddət, o getməyə yer tapanadək evində gizlədib onları yedirib-içirməkdir. Kifayət qədər gözəl olan İnarə adlı qadını bu işlərdən uzaqlaşdıran Sultan fahişə keçmişinə görə utandığı üçün onu hamıdan gizli saxlayırmış. Bundan xəbər tutub onların intim görüntülərini gizli yolla qeydə alıblar və Sultanı bu yolla əməkdaşlığa məcbur ediblər. Üç qız atası olan Sultan belə bir biyabırçılığı qəbul etməməklə yanaşı, aşkara çıxacağı təqdirdə qızlarının da taleyini məhv edəcəyini düşünüb onlara kömək etməyə razılıq verib.
Bundan sonra şübhələr İnarə adlı qadına yönəlmişdi. Saxlanılan İnarə təcrübəli müstəntiqlərin sualları qarşısında cəmi iki dəqiqə tab gətirə bilmişdi. İnarənin dediklərindən belə məlum olmuşdu ki, onu bu yoldan qaytardığına görə əvvəllər Sultana minnətdar imiş. Amma sən demə Sultan İnarəni bir cəhənnəmdən çıxarıb başqa bir cəhənnəmə gətiribmiş. Fahişə keçmişinə görə onu hamıdan gizlədir, evdən kənara çıxmağa qoymurmuş. Belə həyatdan bezən, evini satdığı üçün gedəcək bir yeri olmayan İnarə çoxdan tanıdığı, hərdən telefonla əlaqə saxladığı Tərxanla söhbətlərində dərdini danışır. Bu söhbətlər zamanı Tərxan Sultan haqqında ondan hər şeyi öyrənir. Ən sərt kişilərin də yataqda bütün sirlərini sevgililərinə danışmaları barədə məlum deyim bir daha öz təsdiqini tapır. Sultanın xaricdə olan dayısı oğlunun iki mənzilini ona əmanət etməsindən ailəsinin rayonda olmasına qədər hər şeyi Tərxana danışır. Həmin vaxt artıq məlum tapşırığı almış Tərxan üçün onun əlində iki boş mənzilin açarlarının olması barədə İnarənin dedikləri göydəndüşmə olur. Çünki Koramal üçün Bakıda etibarlı bir mənzil və sonrakı tapşırıqlar üçün bir nəfər də inanılmış adam tapması da bu tapşırığın bir hissəsi olub.Tərxan bir güllə ilə iki quş vurmağı qərara alır. Ancaq şəxsən tanımadığı Sultanı elə-belə razılığa gətirə bilməyəcəyini də gözəl başa düşüb. Ona görə də İnarəni Sultanla intim görüntülərini qeydə almaq üçün dilə tutur. İnarə əvvəlcə razılaşmasa da, o görüntüləri cəmi iki nəfərin görəcəyini və sonra silinəcəyini, yalnız bundan sonra Sultanın əlindən qurtaracağını deməklə onu razı salıb. Burada maddi maraq yox, yalnız bir qadının əzazil birisindən canını qurtarmaq istəyi rol oynayıb.
Miniatür kameranı evin pəncərəsindən gizlicə İnarəyə ötürən Tərxan hər şey hazır olanda gəlib həmin yolla ondan götürür. Sonra bu görüntülər dəstənin üzvlərindən birinə, bəlkə də rezidentə verilir və Sultan bu yolla şantaj edilir.
Bu işlərə məcburiyyətdən gedən Sultan saxlanılandan sonra heç nəyi gizlətməmişdi. Onun nişan verdiyi evə gedən xüsusi qrup özünü çatdırsa da, adamı sağ götürmək mümkün olmamışdı. Ünvana yaxınlaşan qrup onu evi tərk edərkən görüb və saxlayıb. Ancaq düşmən tərəfin Bakıdakı rezidenti olduğu ehtimal edilən adam pencəyinin yaxalığına tikdiyi zəhər dolu kapsulu dişləməyə imkan tapıb. Hazırda morqda saxlanılan meyitin şəxsiyyəti müəyyən edilir.
Qarşı tərəfin planının pozulması növbəti qurban olan Sultan Muradovun sağ qalmasına səbəb olub. Partlayışdan sonra o da aradan götürülməliydi. Sultan Mahmud Səmədovu öldürüb meyitini şəhər kənarındakı göldə batırdığını, Tərxan Nağıyevi qəbiristanlıqda qətlə yetirdiyini etiraf edib. Tərxanı öldürərkən bütün başına gələnlərin baiskarını öldürdüyündən onun xəbəri yox imiş.
Partlayıcıları lazımi yerlərə yerləşdirdikdən sonra elə həmin gecə aradan götürülən Mahmud Səmədovdan fərqli olaraq, Tərxanın hələ iki ay sağ qalmasının səbəbi də İnarənin danışdıqlarından sonra təxmini bilinmişdi. Sultan kimi birini tapıb dəstəyə cəlb etməsi ilə bir çox işləri asanlaşdırmış Tərxan bacarıqlı biri olduğunu sübut etmişdi. Ayrıca o, dəstənin İnarəylə əlaqəsi olan yeganə üzvü, İnarə isə Sultanın zəif yeri idi. Tərxanı zorla bu işə cəlb edilmiş Sultanla baş verə biləcək fors-major hallar zamanı istifadə etmək üçün müvəqqəti sağ saxlayıblar. Əməliyyat əsas fazasına daxil olanda isə daha lazımsız olub.
Hər şey başa çatan kimi Moskvadakı, Solomin kimi xüsusi hazırlıq keçib qayıtmış iki nəfər də dərhal götürülmüşdü. Onların da maraqlı məlumatlar verəcəyi gözlənilirdi.
Televiziya kanallarında gedən «Xəbərlər»də qaz sızması nəticəsində Alov Qüllələri yaxınlığındakı kanalizasiya quyularından birində partlayış olması barədə məlumat getmişdi. Belə lazım idi.
Solomin isə əvvəlcə danışmaq istəməsə də, ona təqdim olunan faktlar qarşısında naəlac qalıb bəzi şeyləri etiraf etməli olmuşdu. Xüsusilə ona verilmiş çəliyin təkcə partlayıcıları işə salmaq yox, həm də onun özünü məhv etmək funksiyası daşıdığı məlum olduqdan sonra. Çəlikdəki düymə işə salınandan on dəqiqə sonra avtomatik işə düşən ikinci funksiya məhz Solomini aradan götürməyə hesablanıbmış. O, özü də şahidi olduğu partlayış zamanı hər şeyi gözəl başa düşmüşdü. Ancaq «Koramal»ın iradəsini əsas sındıran xəbər sevgilisi Anuşun Ermənistan xüsusi xidmət orqanlarının zabiti və bu əməliyyatın sonunda onun öləcəyi barədə məlumatlı olması xəbəri olmuşdu. Bu xəbərdən sarsılan «Koramal» tək bir sual vermişdi:
-Mən harada səhv etdim?
Bu suala Mahir Vəliyevin cavabı belə olmuşdu:
-Səni rəsm çəkməyə olan həvəsin ələ verdi. Ancaq ən böyük səhvin bu deyil. Ən böyük səhvin heç bir qeyri-milləti qəbul etməyən yalançı ermənilərə inanıb onlarla dostluq etməyin olub.
Solomin susub daha heç nə deməmişdi.
Növbəti dəfə əlindəki siqaretə baxan Mahir Vəliyev masasına yaxınlaşıb orada gizlətdiyi siqaret qutusunu götürüb əzdi və zibil qutusuna atdı. Sonra əlində saxladığı tək siqaretə baxıb öz-özünə dedi:
-Bu gün başqa bir gündür, bu gün olar. Qoy bu axırıncı olsun.
Otağındakı kresloya oturan polkovnik siqareti yandırıb çoxdan həsrətində olduğu tüstünü sinəsinə çəkdi. Ardıcıl bir neçə qullab vurduqdan sonra buraxdığı tüstünün tavana millənən dillərinə baxıb pıçıldadı:
-Hər şeyə görə sağ ol, Bəxtiyar.
* * *
Həmin şəhərin bir başqa küçəsində bu iki zabit kimi eyni hissləri keçirən, yuxuya gedə bilməyən başqa bir polis zabiti də var idi. Gecənin qaranlığında evindən çıxıb heç kimin olmadığı küçənin ortasında dayanan Bəxtiyar əvvəlcə başını yuxarı qaldırıb baş verə biləcək fəlakətin qarşısın ala bildikləri üçün Allaha dualar etdi. Onun sinəsinə xüsusi korset geyindirilmiş, partlayış zamanı başına dəyən iri daş parçasının açdığı çapıq tikilib sarğılanmışdı. Hərdən başı gicəllənir, ürəyi bulanırdı. Buna əhəmiyyət verməyib bir qədər də küçənin ortasında hərəkətsiz dayandıqdan sonra qapı qonşusu Şıxların həyətinin divarına yaxınlaşdı. Əlini divarın daşlarına sürtdü. Şıxların iyirmi bir yaşlı oğlu iki gün əvvəl Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Onun üçrəngli bayrağa bürünmüş tabutunu məhəllənin, ətraf məhəllələrin kişiləri «Şəhidlər Xiyabanı»na qədər çiyinlərində aparmışdılar. Təkcə Bəxtiyar bu dəfndə iştirak edə bilməmişdi. Bunun səbəbini də Şıxlara açıqlaya bilməyəcəkdi. Buna ixtiyarı yox idi. İndi bu soyuq divar daşlarına toxunmaqla uşaqlıqdan bir yerdə böyüdüyü Şıxlardan üzr istəyirdi o. Bir də ki, gənc şəhidin ruhuna olan ehtiramını bildirirdi bu yolla. Bu, arxa cəbhənin oddan-alovdan çıxmış əsgərinin, sinəsini düşmən gülləsinə sipər edən gənc ön cəbhə əsgərinə olan ehtiramının ifadəsi idi.
Bu toxunuşla o, həm də sevdiyi, qoynunda boya-başa çatdığı doğma şəhərinin bütün daşlarına, divarlarına toxunurdu. İçərişəhəri, Qız Qalasını, bu şəhərin insanlarını qucaqlayır, bağrına basırdı…
Çiyninə toxunan təmasdan çönüb geriyə baxdı.
-Gedək evə, sənə hələ gəzmək olmaz.
Axşam saatlarında baş verənləri eşidən Gülanə birlikdə olduqları neçə ildə ilk dəfə onun evinə gəlmiş, gecəni yanında qalmışdı. Əlini divardan ayıranda başının gicəlləndiyini hiss etdi. Bunu görən Gülanə tez onun qoluna girdi və birlikdə evə tərəf addımladılar. Qaranlıqda sevimli qadınının əlinin arxası ilə gizlicə gözünün yaşını sildiyini gördü.
* * *
Ağsaçlı generalın da, polkovnik Mahir Vəliyevin də, məxfi əməliyyatda onunla çiyin-çiyinə gecəni gündüzə qatıb dincəlmədən axtarışlar aparan digər zabitlərin də son qəhrəmanlığı haqqında heç kim, heç nə bilməyəcəkdi. Belə lazım idi. Cəbhədə şiddətli döyüşlər getdiyi bir vaxtda paytaxtda sakit həyat davam etməliydi. Bu sabitliyi təmin edən insanlar, arxa cəbhənin əsgərləri gördükləri işə görə heç bir mükafat gözləmir, bir əməliyyatı başa vurduqdan dərhal sonra bütün diqqətlərini başqa təhlükələrin qarşısının alınmasına yönəldirlər. Bu insanlar belə həyata öyrəşmiş, bundan zövq alanlardır. Onların ən böyük mükafatı bu gün səhər həyatlarını xilas etdikləri, heç nədən xəbərləri olmadan indi sakitcə öz evlərində yatan insanların şirin yuxusudur.
Müharibə nə vaxtsa bitəcək. Hər şey köhnə axarına qayıdacaq. Ancaq onların mübarizəsi bitməyəcək. Çünki bu xeyirin şərə qarşı olan əbədi, heç zaman bitməyən mübarizəsidir. Heç kim tanımasa da, onlar aramızdadırlar. Onlar rahatlıqlarını, şirin yuxularını başqalarının şirin yuxusu naminə qurban verən insanlar-polis zabitləri, arxa cəbhənin görünməyən əsgərləridirlər…
S O N
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)
Şəhidlər barədə şeirlər – Səid Bayramov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Səid Bayramova həsr edilmiş şeirlə tanış olacaqsınız.
SƏİD ELDƏNİZ OĞLU BAYRAMOV
(20.11.1999.-01.11.2020.)
Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən olan Qarabağ uğrunda Vətən müharibəsinin şəhidi
ƏBƏDİ CƏNNƏTƏ KÖÇMÜSƏN
Adının mənası – xoşbəxt, uğurlu,
Çöhrən, üzün- gözün necə də nurlu,
Yaşadın ömrünü, qısa, qürurlu,
Şəhidlik şərbətin içmisən, Səid,
Əbədi cənnətə köçmüsən, Səid.
Elimin sevimli balası oldun,
Yağının qənimi, bəlası oldun,
Yurdumun sipəri, qalası oldun,
Bu yolu qorxmadan seçmisən, Səid,
Əbədi cənnətə köçmüsən, Səid.
Kafirlər bu yurdda qalammaz dedin,
Tülküdən şir, aslan olammaz dedin,
Mərd oğul rahat yatammaz dedin,
Düşməni məhv edib, biçmisən, Səid,
Əbədi cənnətə köçmüsən, Səid.
Çöl-Ərəbin fəxri, vüqarı oldun,
Söhbəti, ülfəti, ilqarı oldun,
Tükənməz dövləti, həm varı oldun,
Qızılgültək ətir saçmısan, Səid,
Əbədi cənnətə köçmüsən, Səid.
Bizim ordumuzdur qələbə çalan,
Düşmənin ordusun eylədik talan,
Azaddır Füzuli, Şuşa, Zəngilan,
İşıqsan, nur, şəfəq saçmısan, Səid,
Əbədi cənnətə köçmüsən, Səid.
“Ədəbiyyat və incəsənətz”
(29.03.2024)
Putin, Tolstoyun gündəliyi və Bethovenin səhnəyə ilk gəlişi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Biz bundan əvvəlki yazıda 29 mart gününə düşən bayramlar barədə danışdıq. Bəs bu günə hansı tarixi hadisələr düşür? Baxdım və müəyyənləşdirdim ki, tarixi hadisələr çoxdur, xüsusən onlardan 3-ü – Putinlə, Tolstoyla və Bethovenlə bağlı olanı diqqətşəkəndir.
1999-cu ilin 29 martını bu gün – Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda hamı təəssüflə xatırlamalıdır. Çünki həmin gün Rusiya prezidenti Boris Yeltsin Rusiyanın Təhlükəsizlik Şurasına heç kəsin tanımadığı Vladimir Putin adlı bir şəxsi sədr gətirdi, ilin sonunda da çox yorulduğunu bəyan edib onu öz yerinə prezident təyin elədi.
Sovet dönəmləri filmlərini xatırlayırsınızmı, onlardan biri – Vladimir Vısotskinin çəkildiyi “Görüş yerini dəyişmək olmaz” çox populyar idi. Odessa kinostudiyasının çəkdiyi həmin filmin premyerası 1979-cu ilin bu günündə baş tutmuşdu.
Sovet xalqından gizlədilən gerçəklikləri 1933-cü ildə uelsli jurnalist Qaret Jons üzə çıxararaq dünyaya bəyan etmişdi. O, ukrainlərə qarşı həyata keçirilən dəhşətli qolodomordan, insanların aclıqdan qırılmasından bəhs etmişdi.
1910-cu ilin bu günündə Marseldə tarixdə ilk dəfə səmaya hidroplan qaldırılıb, pilotu Albert Fabr olub.
Kolasevərlər, məlumunuz olsun ki, bu gün sevimli içkinizin 136 yaşı tamam olur. 1886-cı ilin bu günündə Atlantada Con Pemberton hazırkı Coca Cola-ya “müalicəvi içki” adı altında patent alıb.
1847-ci ilin bu günündən Lev Tolstoy gündəlik tutmağa başlayıb.
1795-ci ildə isə dahi alman bəstəkarı Lüdviq van Bethoven Vyanada ilk konsertini verib.
“Ədəbiyyat və incəsənət”
(29.03.2024)