MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasını yekunlaşdırır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyəndiniz.

 

E P İ L O Q

 

Gecə saat 2 idi. Daxili İşlər Nazirliyinin üçüncü mərtəbəsindəki otaqlardan birinin pəncərəsindən baxan ağsaçlı general şəhəri seyr edirdi. Dünən səhər saatlarında hər şey bitmişdi. Paytaxt şəhərinə yönəlmiş böyük təhlükənin qarşısı alınmış, güclü partlayışla arxa cəbhədəki sabitliyi pozmağa çalışan düşmən niyyətini həyata keçirə bilməmişdi.

İkibaşlı əjdahanın günahsız qurbanlarını udmağa hazırlaşdığı gün, oktyabr ayının 2-si geridə qalmışdı. Artıq təqvimdə oktyabr ayının 3-ü idi. Olduqca yorğun görünən general bu gecə də evə getməmiş, kabinetindəki divanda da dincəlməyə tələsmirdi. Əməliyyat uğurla başa çatsa da, müharibə hələ davam edirdi. O, son günlərin gərginliyini şəhərin pəncərəsindən görünən mənzərəsinə baxmaqla unutmağa çalışırdı. Sevdiyi şəhərin… Sakinlərini qoruyacağına and içdiyi şəhərin…

Həmin mərtəbənin baş tərəfində yerləşən pəncərədən eynilə gecə Bakısını seyr edən başqa bir zabit də var idi. Bu zabit son əməliyyatda olduqca ciddi tapşırıq almış məxfi qrupa bilavasitə rəhbərlik etmiş, bu əməliyyatın ağırlığını və məsuliyyətini çiyinlərində hamıdan çox daşımış polis polkovniki Mahir Vəliyev idi. Yorğun və yuxusuz olsa da, o da evə getməmişdi. Hərdən bir əlində tutduğu siqaretə, o biri əlində tutduğu alışqana baxıb yenə nəzərlərini pəncərəyə yönəldirdi.

Dalğın idi. Stepan Bondaryovun xahişi ilə onun qrupuna daxil edilmiş, qısa müddətdə dostlaşdığı istefada olan polis mayoru Bəxtiyar Nəzərli əməliyyat zamanı ağır yaralanmışdı. O, öz həyatını təhlükəyə atmaq bahasına ən azı üç əməkdaşın həyatını xilas etmişdi. Daxili orqanları zədələnməsə də, özünü maşının qarşısına atarkən iki qabırğası sınmış, partlayış zamanı başından aldığı zərbədən isə beyni silkələnmişdi. Axşam saatlarında onu ziyarət edərkən bu tərs adam təkidlə hospitalda qalmayacağını bildirmiş, birlikdə ziyarətinə getmiş generalın zəmanəti ilə həkim nəzarətində qalmaq şərtilə evə buraxılmışdı.

Yaxınlığında dayandığı hündür istinad divarı onun özünü partlayışın zərbəsindən qorumuşdu. Ancaq partlayışın dalğasından şüşələri çilik-çilik olan maşındakı əməkdaşlar və Solomin bir neçə yüngül xəsarət almışdılar.

Solominin qaldığı ilk mənzilin Sultan Muradovun Amerika Birləşmiş Ştatlarına köçmüş dayısı oğluna məxsus olduğu müəyyən edildikdən sonra onun başqa adamın adına rəsmiləşdirdiyi bir evinin də olduğu məlum olmuşdu. Qısa müddətdə Sultanın da həmin evdə gizləndiyi müəyyən edilmişdi və günorta saatlarında evə girən xüsusi təyinatlılar onu götürmüşdülər. Heç bir müqavimət göstərməyən Sultan hər şeyin necə baş verdiyini danışmışdı. Onun ailəsindən gizlin saxladığı ikinci arvadı var imiş. Həmin qadın cinayət aləmində «şokoladçı» kimi tanınan qadınlardan olmuş, Sultan onu bu yoldan çəkindirib ailəsi kimi saxlayırmış. 

Cinayət aləmində «şokoladçı qadın»-keçmiş məhbuslardan olan, bu aləmin qaydalarına yaxından bələd olan fahişələrə deyilir. Onların cinayət aləmində xüsusi yerləri var. Belə qadınlar başqaları üçün bağlı bir sandıqdırlar. Onları fərqləndirən əsas cəhətləri həmişə dodaqlarına parlaq şokolad rəngində olan pomada sürtmələridir. Bu cür fahişələrdən cavan vaxtı təyinatı üzrə, yaşlaşdıqda isə avtoritetli cinayətkarların gizli yazışmalarını daşımaq üçün istifadə edirlər: Belə işlərdə qadın daha az şübhə doğurur. Onların bir vəzifəsi də həbsxanadan qaçmış axtarışda olan cinayətkarları bir müddət, o getməyə yer tapanadək evində gizlədib onları yedirib-içirməkdir. Kifayət qədər gözəl olan İnarə adlı qadını bu işlərdən uzaqlaşdıran Sultan fahişə keçmişinə görə utandığı üçün onu hamıdan gizli saxlayırmış. Bundan xəbər tutub onların intim görüntülərini gizli yolla qeydə alıblar və Sultanı bu yolla əməkdaşlığa məcbur ediblər. Üç qız atası olan Sultan belə bir biyabırçılığı qəbul etməməklə yanaşı, aşkara çıxacağı təqdirdə qızlarının da taleyini məhv edəcəyini düşünüb onlara kömək etməyə razılıq verib.

Bundan sonra şübhələr İnarə adlı qadına yönəlmişdi. Saxlanılan İnarə təcrübəli müstəntiqlərin sualları qarşısında cəmi iki dəqiqə tab gətirə bilmişdi. İnarənin dediklərindən belə məlum olmuşdu ki, onu bu yoldan qaytardığına görə əvvəllər Sultana minnətdar imiş. Amma sən demə Sultan İnarəni bir cəhənnəmdən çıxarıb başqa bir cəhənnəmə gətiribmiş. Fahişə keçmişinə görə onu hamıdan gizlədir, evdən kənara çıxmağa qoymurmuş. Belə həyatdan bezən, evini satdığı üçün gedəcək bir yeri olmayan İnarə çoxdan tanıdığı, hərdən telefonla əlaqə saxladığı Tərxanla söhbətlərində dərdini danışır. Bu söhbətlər zamanı Tərxan Sultan haqqında ondan hər şeyi öyrənir. Ən sərt kişilərin də yataqda bütün sirlərini sevgililərinə danışmaları barədə məlum deyim bir daha öz təsdiqini tapır. Sultanın xaricdə olan dayısı oğlunun iki mənzilini ona əmanət etməsindən ailəsinin rayonda olmasına qədər hər şeyi Tərxana danışır. Həmin vaxt artıq məlum tapşırığı almış Tərxan üçün onun əlində iki boş mənzilin açarlarının olması barədə İnarənin dedikləri göydəndüşmə olur. Çünki Koramal üçün Bakıda etibarlı bir mənzil və sonrakı tapşırıqlar üçün bir nəfər də inanılmış adam tapması da bu tapşırığın bir hissəsi olub.Tərxan bir güllə ilə iki quş vurmağı qərara alır. Ancaq şəxsən tanımadığı Sultanı elə-belə razılığa gətirə bilməyəcəyini də gözəl başa düşüb. Ona görə də İnarəni Sultanla intim görüntülərini qeydə almaq üçün dilə tutur. İnarə əvvəlcə razılaşmasa da, o görüntüləri cəmi iki nəfərin görəcəyini və sonra silinəcəyini, yalnız bundan sonra Sultanın əlindən qurtaracağını deməklə onu razı salıb. Burada maddi maraq yox, yalnız bir qadının əzazil birisindən canını qurtarmaq istəyi rol oynayıb.

Miniatür kameranı evin pəncərəsindən gizlicə İnarəyə ötürən Tərxan hər şey hazır olanda gəlib həmin yolla ondan götürür. Sonra bu görüntülər dəstənin üzvlərindən birinə, bəlkə də rezidentə verilir və Sultan bu yolla şantaj edilir.

Bu işlərə məcburiyyətdən gedən Sultan saxlanılandan sonra heç nəyi gizlətməmişdi. Onun nişan verdiyi evə gedən xüsusi qrup özünü çatdırsa da, adamı sağ götürmək mümkün olmamışdı. Ünvana yaxınlaşan qrup onu evi tərk edərkən görüb və saxlayıb. Ancaq düşmən tərəfin Bakıdakı rezidenti olduğu ehtimal edilən adam pencəyinin yaxalığına tikdiyi zəhər dolu kapsulu dişləməyə imkan tapıb. Hazırda morqda saxlanılan meyitin şəxsiyyəti müəyyən edilir.

Qarşı tərəfin planının pozulması növbəti qurban olan Sultan Muradovun sağ qalmasına səbəb olub. Partlayışdan sonra o da aradan götürülməliydi. Sultan Mahmud Səmədovu öldürüb meyitini şəhər kənarındakı göldə batırdığını, Tərxan Nağıyevi qəbiristanlıqda qətlə yetirdiyini etiraf edib. Tərxanı öldürərkən bütün başına gələnlərin baiskarını öldürdüyündən onun xəbəri yox imiş.

Partlayıcıları lazımi yerlərə yerləşdirdikdən sonra elə həmin gecə aradan götürülən Mahmud Səmədovdan fərqli olaraq, Tərxanın hələ iki ay sağ qalmasının səbəbi də İnarənin danışdıqlarından sonra təxmini bilinmişdi. Sultan kimi birini tapıb dəstəyə cəlb etməsi ilə bir çox işləri asanlaşdırmış Tərxan bacarıqlı biri olduğunu sübut etmişdi. Ayrıca o, dəstənin İnarəylə əlaqəsi olan yeganə üzvü, İnarə isə Sultanın zəif yeri idi. Tərxanı zorla bu işə cəlb edilmiş Sultanla baş verə biləcək fors-major hallar zamanı istifadə etmək üçün müvəqqəti sağ saxlayıblar. Əməliyyat əsas fazasına daxil olanda isə daha lazımsız olub. 

Hər şey başa çatan kimi Moskvadakı, Solomin kimi xüsusi hazırlıq keçib qayıtmış iki nəfər də dərhal götürülmüşdü. Onların da maraqlı məlumatlar verəcəyi gözlənilirdi.

Televiziya kanallarında gedən «Xəbərlər»də qaz sızması nəticəsində Alov Qüllələri yaxınlığındakı kanalizasiya quyularından birində partlayış olması barədə məlumat getmişdi. Belə lazım idi.

Solomin isə əvvəlcə danışmaq istəməsə də, ona təqdim olunan faktlar qarşısında naəlac qalıb bəzi şeyləri etiraf etməli olmuşdu. Xüsusilə ona verilmiş çəliyin təkcə partlayıcıları işə salmaq yox, həm də onun özünü məhv etmək funksiyası daşıdığı məlum olduqdan sonra. Çəlikdəki düymə işə salınandan on dəqiqə sonra avtomatik işə düşən ikinci funksiya məhz Solomini aradan götürməyə hesablanıbmış. O, özü də şahidi olduğu partlayış zamanı hər şeyi gözəl başa düşmüşdü. Ancaq «Koramal»ın iradəsini əsas sındıran xəbər sevgilisi Anuşun Ermənistan xüsusi xidmət orqanlarının zabiti və bu əməliyyatın sonunda onun öləcəyi barədə məlumatlı olması xəbəri olmuşdu. Bu xəbərdən sarsılan «Koramal» tək bir sual vermişdi:

-Mən harada səhv etdim?

Bu suala Mahir Vəliyevin cavabı belə olmuşdu:

-Səni rəsm çəkməyə olan həvəsin ələ verdi. Ancaq ən böyük səhvin bu deyil. Ən böyük səhvin heç bir qeyri-milləti qəbul etməyən yalançı ermənilərə inanıb onlarla dostluq etməyin olub.

Solomin susub daha heç nə deməmişdi. 

Növbəti dəfə əlindəki siqaretə baxan Mahir Vəliyev masasına yaxınlaşıb orada gizlətdiyi siqaret qutusunu götürüb əzdi və zibil qutusuna atdı. Sonra əlində saxladığı tək siqaretə baxıb öz-özünə dedi:

-Bu gün başqa bir gündür, bu gün olar. Qoy bu axırıncı olsun.

Otağındakı kresloya oturan polkovnik siqareti yandırıb çoxdan həsrətində olduğu tüstünü sinəsinə çəkdi. Ardıcıl bir neçə qullab vurduqdan sonra buraxdığı tüstünün tavana millənən dillərinə baxıb pıçıldadı:

-Hər şeyə görə sağ ol, Bəxtiyar.

* * *

Həmin şəhərin bir başqa küçəsində bu iki zabit kimi eyni hissləri keçirən, yuxuya gedə bilməyən başqa bir polis zabiti də var idi. Gecənin qaranlığında evindən çıxıb heç kimin olmadığı küçənin ortasında dayanan Bəxtiyar əvvəlcə başını yuxarı qaldırıb baş verə biləcək fəlakətin qarşısın ala bildikləri üçün Allaha dualar etdi. Onun sinəsinə xüsusi korset geyindirilmiş, partlayış zamanı başına dəyən iri daş parçasının açdığı çapıq tikilib sarğılanmışdı. Hərdən başı gicəllənir, ürəyi bulanırdı. Buna əhəmiyyət verməyib bir qədər də küçənin ortasında hərəkətsiz dayandıqdan sonra qapı qonşusu Şıxların həyətinin divarına yaxınlaşdı. Əlini divarın daşlarına sürtdü. Şıxların iyirmi bir yaşlı oğlu iki gün əvvəl Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Onun üçrəngli bayrağa bürünmüş tabutunu məhəllənin, ətraf məhəllələrin kişiləri «Şəhidlər Xiyabanı»na qədər çiyinlərində aparmışdılar. Təkcə Bəxtiyar bu dəfndə iştirak edə bilməmişdi. Bunun səbəbini də Şıxlara açıqlaya bilməyəcəkdi. Buna ixtiyarı yox idi. İndi bu soyuq divar daşlarına toxunmaqla uşaqlıqdan bir yerdə böyüdüyü Şıxlardan üzr istəyirdi o. Bir də ki, gənc şəhidin ruhuna olan ehtiramını bildirirdi bu yolla. Bu, arxa cəbhənin oddan-alovdan çıxmış əsgərinin, sinəsini düşmən gülləsinə sipər edən gənc ön cəbhə əsgərinə olan ehtiramının ifadəsi idi.

Bu toxunuşla o, həm də sevdiyi, qoynunda boya-başa çatdığı doğma şəhərinin bütün daşlarına, divarlarına toxunurdu. İçərişəhəri, Qız Qalasını, bu şəhərin insanlarını qucaqlayır, bağrına basırdı…

Çiyninə toxunan təmasdan çönüb geriyə baxdı.

-Gedək evə, sənə hələ gəzmək olmaz.

Axşam saatlarında baş verənləri eşidən Gülanə birlikdə olduqları neçə ildə ilk dəfə onun evinə gəlmiş, gecəni yanında qalmışdı. Əlini divardan ayıranda başının gicəlləndiyini hiss etdi. Bunu görən Gülanə tez onun qoluna girdi və birlikdə evə tərəf addımladılar. Qaranlıqda sevimli qadınının əlinin arxası ilə gizlicə gözünün yaşını sildiyini gördü.

* * *

Ağsaçlı generalın da, polkovnik Mahir Vəliyevin də, məxfi əməliyyatda onunla çiyin-çiyinə gecəni gündüzə qatıb dincəlmədən axtarışlar aparan digər zabitlərin də son qəhrəmanlığı haqqında heç kim, heç nə bilməyəcəkdi. Belə lazım idi. Cəbhədə şiddətli döyüşlər getdiyi bir vaxtda paytaxtda sakit həyat davam etməliydi. Bu sabitliyi təmin edən insanlar, arxa cəbhənin əsgərləri gördükləri işə görə heç bir mükafat gözləmir, bir əməliyyatı başa vurduqdan dərhal sonra bütün diqqətlərini başqa təhlükələrin qarşısının alınmasına yönəldirlər. Bu insanlar belə həyata öyrəşmiş, bundan zövq alanlardır. Onların ən böyük mükafatı bu gün səhər həyatlarını xilas etdikləri, heç nədən xəbərləri olmadan indi sakitcə öz evlərində yatan insanların şirin yuxusudur.

Müharibə nə vaxtsa bitəcək. Hər şey köhnə axarına qayıdacaq. Ancaq onların mübarizəsi bitməyəcək. Çünki bu xeyirin şərə qarşı olan əbədi, heç zaman bitməyən mübarizəsidir. Heç kim tanımasa da, onlar aramızdadırlar. Onlar rahatlıqlarını, şirin yuxularını başqalarının şirin yuxusu naminə qurban verən insanlar-polis zabitləri, arxa cəbhənin görünməyən əsgərləridirlər…

S O N

 

 “Ədəbiyyat və incəsənət”

(29.03.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.