Super User
Ulucay Akifin “Pul axratanlar”ı – ƏDƏBİ TƏNQİD
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Yeni nəsil ədəbi tənqidi nümumələrinin dərcini davam etdiririk. Bu dəfə sizlərə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Ulucay Akifin “Pul axratanlar”ı” məqaləsi təqdim ediləcək.
Ulucay Akifin “Pul axtaranlar” hekayəsi təhkiyənin obrazlaşdırıldığı bir hekayədir. Əsər müəllifin təhkiyəsi ilə başlayır və elə də bitir. İlk baxışdan əsərin əsas qəhrəmanı kimi görünən qardaşlar da təhkiyənin kölgəsində qalırlar. Hekayə sonluğun nəticəsi ilə başlayır. 15 il görüşməyən dostların aqibəti ilk sətirlərdən ipucu verir. Bu işdə də əsas güc təhkiyənin üzərinə düşür: “Hal-əhval tutandan sonra İbişin haralarda olduğunu, neylədiyini soruşdum. Ceyhunun üzündəki təbəssüm sındı”. Əsər boyu baş verəcək hadisələrin gedişatını da bu sınmış təbəssümdən anlamaq olur.
Təhkiyənin təqdimatına əsasən, hekayədə əsas obrazlar İbiş (İbrahim) və Ceyhun qardaşlarıdır. Məhəllənin ən qəribə uşaqları olan bu qardaşların aralarında iki-üç yaş fərq olduğu da vurğulanır. Böyük qardaş olan Ceyhunun xasiyyətinin görünüşünə uyğun gəlmədiyini, İbrahimin isə üzündən hiyləgər təbəssümün heç vaxt əskik olmadığını müəllif nitqindən bilirik. Ataları “alkaş Vaqif” kimi təqdim olunan bu qardaşların anaları haqqında isə heç nə bilmədiklərini də təhkiyədən anlayırıq. Ceyhunun təqdimatında futbol oyunu epizodu ilə onun solaxay olduğu da üzə çıxır. Ona sol ayağı ilə vurduğu zərbələrə görə Karlos adının verilməsi də ifadə olunub.
Müəllifin öz dostu kimi təqdim etdiyi bu obrazların prototipinin olub-olmaması barədə kəskin fikir söyləmək çətindir. Lakin əsərdə hər şey gerçəkliyə istinadən əksini tapır. Hekayədəki hadisələrin baş verdiyi məkan da realdır. Hadisələr Azərbaycanın paytaxtı Bakıda cərəyan edir, hətta daha konkret Bayılda – “20-ci sahə”də. Müəllif məkanın bütün müasir gerçəkliklərinin təfərrüatını yazıya alır, keçmişindən də epizodlar təqdim edir. Bu təfərrüatlar hardasa nostalgiya yaratsa da, sürətli şəkildə dəyişən və dəyişdikcə daha çox cazibədarlığını nümayiş etdirən dünyamızda heyrətamizliyini qoruya bilmir. Gələcək insan (oxucu) üçün nə dərəcədə maraqlı olacağını da deyə bilmərik. Çünki onun əlində olacaq telefonla nəinki XX əsrin, lap eradan əvvəl XX əsrdə yaşamış insanların da güzəranına səyahət ediləcəyini düşünürəm. Bunlar fərziyyə olsa da, hər halda, içində yaşdığımız müasir texnologiyalar belə düşünməyə əsas verir. Yəqin ki, gələcək insanlar üçün Əhəd əminin “Bərəkət” adlı dükanı da maraqlı olmayacaq. Bu dükanın tarixçəsi isə bizə təhkiyənin verdiyi informasiyadan bəlli olur. Müəllifin uşaqlıq xatirələri həmin dükan və sahibinin obrazı ilə təqdim olunur. Təsvir olunan uşaqlıq xatirələri ilə bütün uşaqların pullarını nəyə xərclədiyi üzə çıxır. Qardaşlara gəldikdə isə “Tapdıqları pulu nəyə xərclədiklərini bilmirdik”. Hər halda, əsərdə nələr necədirsə, ona münasibət bildirmək önəmlidir. Müəllifin əminliklə söylədiklərinə görə “İbişlə Ceyhun hər gün pul axtarmağa çıxırdılar”.
Hər gün zaman məfhumu olaraq çox da mübaliğəli görünməsə də, eyni işin təkrarlanması baxımından şişirdilmiş təsiri bağışlaya bilər. HƏR GÜN pul axtarmağa gedən “İbiş tez-tez dağa qalxırdı”. Bu cümlədəki tez-tez sözü ağlabatandır. Əslində, müəllif bu cümlə ilə hadisələrə düyün vurur. Düzdür, ilk baxışdan adama elə gəlir ki, İbişin oraya niyə çıxdığının təfərrüatları söylənilir, lakin həmin “söyüşlərə” gələn reaksiyalardan əsərin sonluğu arasında məntiq qurulur. Mətnə istinad etsək, “İbişin bu hərəkətinə məhəlləmizin kişiləri çox əsəbiləşirdilər. O hər dəfə dağa qalxıb söyməyə başlayanda Rövşən əmi deyirdi, “o qoduğ aşağı düşsün, tutub basacam dama, ağlı başına gəlsin!” Müəllif İbişin dağa çıxmağı ilə Rövşən əminin təqdimatını verir. Düşünürsən ki, bu obraz elə-belə yaradılmayıb. Onun ilkin təqdimatı yenidən ona qayıdış olacağına zəmin yaradır. Hətta dağa çıxmaq əhvalatının nəticəsindən də xəbərdar oluruq: “İbiş dağdan məhəlləyə enəndə elə bil polis Rövşən dediklərini unudurdu. Onu tutub dama basmayacağını bilirdik, çünki İbişin atası ilə möhkəm dostuydular”. Bu fikirlər də Rövşən əmi obrazı ilə işin bitdiyini təsdiqləmir.
Hekayənin davamında onun xatırlanacağına bir əminlik yaranır. Bununla belə, hadisələrin mərkəzinə yenə qardaşlar gətirilir: “Qəribəydi ki, hər dəfə necəsə yerdən pul tapırdılar”. Bu qəribəlik və necəlik oxucuda bir şübhə yaradır. Sonrakı epizodda həmin şübhəndə bir az da haqlı çıxırsan. Ərik ağacı olan həyətdə baş verən hadisələr bir daha şübhələri əminliklə əvəzləyir. Ulucayın “Pul axtaranlar”ı son dərəcə sadə dillə yazılmış bir hekayədir. O qədər sadədir ki, əsərdə hər hansı bir bədii təsvir və ya ifadə vasitəsini axtarmağa gərək qalmır. Ənənəvi ədəbiyyatşünaslıqda buna oxunaqlı da deyirdilər. Məsələn: “Pul axtarmaq İbişlə Ceyhunun peşəsinə çevrilmişdi. Elə bil adamların əllərini harada ciblərinə saldığını, pullarını harada itirdiklərini duyurdular”. Tanıdığımız normal nəqli cümlə. Yaxud da “Qəsəbəni əlinin içi kimi tanıyırdı” – cümləsi də quruluşca da, ifadə ediciliyinə görə də sadədir. Lazım olan məqamda isə müəllifin dilində hasar, obrazın dilində isə “zabor” sözündən istifadə olunub.
Hekayətin sonluğa doğru getməsi də adi formada nəql olunur: “Ceyhunla İbiş məhəlləmizdən nə vaxt köçdülər, hara köçdülər, bilmədim”. Bütün bu təfərrüatlardan sonra əvvəldəki “sınmış təbəssüm”ə növbə çatır. Təhkiyə Ceyhunla həmsöhbət olur:
“– İbişi tutdular da, içəridədi... – Ceyhun dedi.
– Nə danışırsan?! Niyə?!
– Oğurluğa görə.
– Nə oğurluğu? Haçan?
– Həəə, oğurluğa görə. Evlərə girirdik. İkimizi də tutdular. Papam polis Rövşənin əliylə pul verib məni çıxartdı, amma ha çalışdısa, İbişi buraxdırammadı”.
Bu hissədə artıq hər şey aydın olur. Əsərin əvvəlində Ceyhunun təbəssümündəki sınıq da, Rövşən əminin dağa çıxan İbişlə bağlı obrazlaşdırılması da məhz sonluğa hazırlıq imiş. Sonluqdakı bir cümlə isə əsərin bütün mahiyyətini üzə çıxarır:
“Ceyhun İbişlə pul axtarmaqlarından başqa hər şeyi xatırladı”. Əsərdə bu “hər şey”in incəlikləri sadalanıb, təkrara gərək yoxdur. Amma adı “Pul axtaranlar” olan bir əsərin peşəsi də pul axtarmaq olan bir qəhrəmanı niyə məhz pul axtarıqlarını xatırlamır? Çünki xatırlanası bir şey yox, hər şey oğurluq imiş. Deməli, onlar HƏR GÜN oğurluğa gedirmişlər. Polis işləyən Rövşən əmi də bunu hələ o vaxtlardan bilirmiş. İllərlə oğurluğa göz yumandan (şərik olmaq da demək olar) sonra oğrunun birinin azadlığa (ev dustaqlığına) çıxmağına da zəmin yaradıb.
Bədii mətn kimi mükəmməl olan bu əsərdə qeyri-adi heç nə ilə qarşılaşmadım. Obrazların portreti peşəkarcasına yaradılıb. Peyzaj və ya məkanların təsviri də ustalıqdan xəbər verir. Hissə-hissə hər bir detal qüsursuzdur. Lakin ümumilikdə hekayə çox sadədir.
“Ədəbiyyat və incəsənət”
(02.04.2023)
“Doğduğun ev kaderindir" serialı KİNOTƏHLİLDƏ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Bu dəfə filmin təhlilindən, onun ssenarisi, rejissor, operator və aktyor işindən deyil, filmin mesajlarından danışacağam, filmi bu yöndən təhlil edəcəyəm.
Enişli-yoxişlu bu həyatda hər birimizin özünü, hislərini, sevdiklərini sınadığı, sorğuladığı vaxtlar olur. Bəs doğru cavabları ala bilirik? Mən bugün yenə çox bəsit bir nümunədən irəliləyəcəm.
“Doğduğun ev kaderindir" serialını izləyən var? Varsa artıq nələrdən danışacağımı anladılar. Məsələ var-dövlət, şan-şöhrət deyil. Məsələ özünə "tay" birini tapa bilməkdir. Sizə uyğun olmayan, yetişmə tərzinizin fərqli olduğu bir insanla heç vaxt xoşbəxt ola bilməzsiniz. Ayrı dünyaları bir evə sığdırmaq bir qazanda iki qoç başı bişirmək məsəlinə bənzəyər. Baş roldakı xanımımız öncəliklə məsləhətlərlə ailə qurur, amma öz yaradılış, böyüdülüş tərzi, xarakteri onu bu həbsxanaya uyğunlaşmağa icazə vermir. Sonrasında sevgi ona doğru yolu göstərir, sevgi ona doğru adamı tanıdır. Təbii ki, ailə məsləhətiylə də ailə qurub xoşbəxt olanlar var, amma nə olursa olsun, öncə özünüzə uyğun biri olmalıdır qarşınızdakı. Kimisə xoşbəxt etməyə yox, birlikdə xoşbəxt olmağa çalışdıqda bir ailə olunur. Sevgi sorğulatmaz. Sevgi məcbur buraxmaz, boyun əydirməz. Dimdik, arxanda dağ kimi durar. Sevgi yol tapar, bəhanə axtarmaz. Bir insanın yanında hüzurunu tapmaqdır sevgi, hüzurunu sorğulamaq deyil. Türk serialları bəzən bayağı gəlsə belə əslində çox vaxt düzgün işarələr verir bizlərə. Ən azı öz fikirlərimizi formalaşdırmaq üçün arada bəyənmədiyimiz o televiziya proqramlarını, serialları da açıb izləməliyik. Yoxsa həyatdan, qarşımızdakı insandan gözləntilərimiz nələrdir? Bilmədən davam edərik yola.
Təbii ki, həyat serial deyil və onun üzərinə qurulmamalıdır. Amma əgər bir səhnədə "yox, mən bunu istəmirəm" deyə bilirsinizsə artıq nə istədiyinizi bilmiş olursunuz.
Çox sevdiyim bir söz var idi. "Cehiz yığmağa yox, dünyanı gəzməyə tələsin". Xüsusilə, sizə xitab edirəm, əziz xanımlar. Bu dünya tək ömürlə kəşf edilə bilməyəcək qədər böyük ikən niyə özünüzü bilinməz çuxurlara salmağa tələsirsiniz?
Sevgi gözəldir. Ailə gözəldir. Amma ailə, sevgi həqiqətən insan olanla gözəldir. Dünyagörüşü olanla, xoşbəxt etməyə səbəblər tapanla gözəldir. Gəzin, əylənin, xoşbəxt olun. Öncə sizin üçün xoşbəxtliyin nə ifadə etdiyini tapın ki, qarşınızdakından da tələb edə biləsiniz öz kriteriyalarınızı. Hər kəsin istəkləri sizi xoşbəxt etməz. Başqalarının doğruları sizin yolunuzda, həyatınızda doğru olmaz. Hər şeydən öncə hörməti qoruyun. Həm özünüzə, həm baśqalarına. Xoşbəxtliyin ən birinci sirri budur. Hörmət və anlayış.
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)
İntihar barədə danışacağıq
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bir müddət öncə bir intihar hadisəsi mənim həmyerlilərimi dəhşətə gətirmişdi. 18 yaşlı kollec tələbəsi sinfin yazı lövhəsinə «Bu da son!» yazıb, sosial mediada yerləşdirərək, sevdiyi qıza da «Mənim sevgimi cavablandırmadığın, hisslərimi tapdaladığın üçün bundan sonra ölümümün səbəbkarı kimi bütün həyatın boyunca peşimançılıq hissləri keçirəcəksən» mesajını ünvanlayaraq damarını kəsib intihar etmişdi.
Və yaxud, gözəl ailəsi, yaxşı işi olan gənc, yaraşıqlı bir oğlan, iki uşaq atası, futbol totalizatorunda nisyə mərcə girib olduqca böyük bir məbləği uduzduğuna görə bağ evində özünü asmışdı.
Bunlardan biri cavabsız sevgiyə görə, ikincisi isə çıxılmaz vəziyyət səbəbindən intihar hadisələri idi.
Mənim ölkəmin paytaxtı Bakıda 1990-cı il 20 yanvar tarixində Sovet imperiyasının muzdlu əsgərləri tərəfindən müstəqillik qazanmaqçun ayağa qalxmış dinc əhali gülləbaran olunanda bütün dünyaya səs salmış bir intihar hadisəsi də baş vermişdi. Muzdluların güllələdiyi 28 yaşlı Bakı Gəmi Təmiri Zavodunun fəhləsi İlham Allahverdiyevin həyat yoldaşı – 20 yaşlı Fərizə sevdiyi insanın ölümünə dözə bilməyərək bətnində 2 aylıq körpəsi ola-ola sirkə turşusu içərək intihar etmişdi.
İnsan orqanizminin imkanları sonsuzdur. Bu imkanlar, xüsusən, stress hallarında özlərini qabarıq büruzə verir. İntihar cəhdi də həmin stress hallarının bir nəticəsidir.
İntihar sosial səbəblər ucbatından insanın öz mövcudiyyatını dayandırmasından ibarət sosial fenomenə deyilir.
3 intihar növü mövcuddur: eqoistlik, altruistik və anomik.
Eqoistlik intiharı hədəfləri cəmiyyət tərəfindən məhv edilən, sevimlilərini itirən insanlar eləyir. Daha çox eqoistik intiharı apatiyaya düşən insanlar həyata keçirirlər. Arzuları puç olduqca, sonda bu şəxsləri yaşamaq arzuları da tərk etmiş olur.
Alturistik intiharda artıq individlər yox, qruplarda, kütlələrdə təmsil olunanlar təmsil etdikləri toplumun müqəddəratını düşünənlər intihar edirlər.
Nəhayət, anomik intiharda daha çox fərdlər tərəfindən aldanılan, istismar edilən, hüquqları pozulan, taptanan, içində həyəcan, qorxu və nifrət çuğlayan şəxslər həyatlarıyla vidalaşırlar.
Get-gedə dünyada daha çox uğursuz insanın intihar yolunu seçməsi tendensiyası müşahidə edilməkdədir. Bu isə, razılaşın ki, çox qorxulu tendensiyadır.
İntihar – say hesabına görə insanı dünyadan aparan bəlalar arasında 8-ci yerdə dayanır.
Son yarım əsrdə dünyada intihar edənlərin sayı 65-70% artıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 2000-ci ildə bütün dünyada təxminən 1 milyon insan intihar nəticəsində həyatını itirmişdi. Bu, hər 40 saniyədə 1 insanın intiharını bəyan edən çox həyəcanlı bir faktdır. Ancaq 10 il sonra – 2010-cu ildə bu rəqəm daha da həyəcanlı oldu, intihar halları 13 (!) dəfə artdı. İndi artıq, dünyada hər 3 saniyəyə bir intihar baş verir.
İntiharın statistikası həmişə mənimçün maraq doğurub. Diqqət edin:
Dünyada ən çox intihar halı Çində baş verir. Dünyanın ən çox əhalisi yaşayan bu ölkədə il ərzində təqribən 300000 nəfər özünü öldürür. Ortalama, hər 2 dəqiqədən bir bir çinli öz həyatına son qoyur. İkinci yerdə Rusiya dayanır. Bu ölkədə hər il təqribən 60000 nəfər intihar edir. Ümumən, ən çox intihara məruz qalan 7 xalq isə bunlardır: Çin, hindus, amerikalı, rus, yapon, fransalı, ukraynalı. Təbii ki, bu belə də olmalıdır. Çünki bu, sayca ən böyük xalqlardır. Daha real mənzərəni isə digər statistika ortaya qoyur: İntihar edənlərin sayının əhalinin sayına nisbəti. Bu göstəricidə iki 4 yeri Koreya, Çin, Rusiya və Qazaxıstan tutur. Dünyada ən az intihara rast gəlinən 3 ölkə isə bunlardır: Misir, Haiti, Yamayka.
Əgər intihar halları sayını dinlər üzrə qruplaşdırsaq, onda görərik ki, ən çox intihar bütpərəstlikdə və sintoizmdə mövcuddur. Növbəti yerdə pravoslavlar, katoliklər, müsəlmanlar qərarlaşıblar. Ən az intihar halına isə yəhudi dininə sitayiş edənlər arasında rast gəlinir.
Elmi nöqteyi-nəzərdən intihara insanda əmələ gəlmiş qara fikirlər səbəb olur ki, bunlar da istəmədən insanın içinə həmlə edən şübhələrin, xatirələrin, arzuların, ideyaların, qorxunun əsasında yaranır. Onlar insanın bütün beynini işğal edir, depressiv emosiyalar, üzücü fikirlər, həyəcan hissləri yaradır. Hətta elmdə bəzi psixoloqlar bu cür fikirləri virus adlandırıblar.
Amma bu qara fikirlərə təslim olmamaq, sonadək vuruşmaq lazımdır. Dünyada heç nə insanı yarımçıq dünyadan getməyə məcbur etməməlidir. İntihar məğlubiyyətdir, döyüş meydanından qaçmaqdır, fərrarilikdir.
Biz kitabımızda uğura doğru gedən yoldan danışırıq, xoşbəxtliyə qovuşmaqdan danışırıq. Və mən əminəm ki, oxucularım arasında intihar fikrini beynindən keçirənlər var idisə də, bu kitabı oxuyandan sonra mütləq bu fikirdən çəkinəcəklər, öz işıqlı, nurlu arzularını qurub qaranlıq hücrədən çıxacaqlar.
Təkcə ona görə yox ki, intihara heç nə haqq qazandırmır. Təkcə ona görə yox ki, intihar edənlər qorxaq adlandırılır. Həm də gətirəcəyim bu dəhşətli faktlara görə: İş ondadır ki, mən bir qədər öncə sizə 2010-cu ildə 13 milyon insanın intihar etdiyini söylədim. Ancaq onu da deyim ki, hər il bu rəqəmdən düz 13 dəfə çox insan intihara cəhd edir. Yəni ki, təxminən 170 milyon insan özünü öldürmək istəyir. Demək, hər 13 intihar cəhdindən 12-si uğursuz alınır. İntihar edənlərin 63%-i kişilər, cəmi 37%-i isə qadınlar olduğu halda intihara cəhd edənlərin say hesabına görə qadınlar kişilərdən 4 dəfə çoxdurlar. Hər il 135 milyon qadın intihara cəhd edir, onların cəmi 5 milyonu intihar edə bilir. Kişilərin isə 35 milyonu cəhd edir, onlardan 8 milyonu istəyini yerinə yetirir. İstəyini yerinə yetirə bilməyənlərin bir çoxu isə ömürlük şikəst qalırlar. Şəxsən mən ömürlük əlil arabasına təhkim olunmuş uğursuz intihar cəhdi edən bir şəxsi tanıyıram. Bəs belə isə sivill yolla ağrınızı müalicə etmək əvəzinə niyə özünüzü eybəcər hala salmalı, ömürlük bədbəxt etməlisiniz?
Mən çox vacib bir faktı da qeyd etmək istəyirəm: Özünü asmış insanların meyitlərinin əksəriyyətinin əl barmaqlarının kəndir tərəfindən didildiyi müşahidə olunur. Bu o deməkdir ki, yalnız son anda – artıq kəndirdən asılı qalarkən insan tutduğu işin dəhşətlərini bütün dərinliyi ilə duyub dırnaqları ilə kəndirdən xilas olmağa çalışır.
Demək, intihar edənlər son anda bunun peşmançılığını çəkirlər.
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)
“Dəccal” – ORXAN FİKRƏTOĞLUNUN NOVELLASI
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“Allahla arama girmə, Molla Qafar. Mən bilərəm, O bilər. Sən niyə qarışırsan?”
Çiyninə dəyən daşdan çox Səkinə arvadın sözü Qafarı tutdu. Ölüm qapıya bir də gəlməsin deyə kənddə mollanın arxasınca qara daş atırlar. Səkinə bu səhər əfin-kəfin olunmuş Təbriz kişinin əlli illik halalı idi. Adətə görə, ev yiyəsi kimi qara daşı mollanın arxasınca yola o atmalıydı. O da daşı necə atdısa, kişinin çiynini tutdu.
“Bəlkə daş çiynimə təsadüfən dəydi?”
Molla Qafar sualını gözündə təsbeh kimi şaqqıldada-şaqqıldada geriyə çevrildi. Səkinəni əl işarəsi ilə yanına çağırıb: – Daşı mənə niyə atırsan, ay arvad? – soruşdu.
Səkinə arvad: – O nədi demisən ki, Səkinənin ölümü öz əlində deyil?! Bəlkə mən bu gecə öləcəm. Sənə nə var?
Arvadın sözləri Molla Qafarın hirsini soyutdu. Çiyninə dəyən daşı unudub “Sən bir imana, yəqinliyə bax” düşündü. Səkinə arvad Molla Qafarın düşüncələrindən xəbərsiz idi. Gözünü qan tutmuşdu. Ona, doğrudan da, elə gəlmişdi ki, Allahla arasında duran Molla Qafardır. Onu ərinin arxasınca ölməyə qoymayan da odur. Molla Qafar Səkinə arvada bir söz demədi. Çiyninə dəyən daşı Allahdan bilib kənd yoluna çıxdı. Yolun sonu gəlin duvağı kimi dağdan aşağı sallanmış dumanın qatılığında görünmürdü. Molla Qafar çiyninə dəymiş daşdan sonra hara gedəcəyini də unutmuşdu. Daş kişinin tarazlığını pozmuşdu. Bu günə qədər min bir əziyyətlə qazandığı adına kölgə salmışdı. Mollalıq etdiyi kənd o qədər də Allah tanıyan yer deyildi. Gününü lağlağılıqla keçirən kəndlilərin çoxu Allahı ancaq yas yerlərində xatırlardılar. Onlar üçün molla da hərbi komissar kimi bir şeydi. Fərq bircə ondaydı ki, kəndin ağlıyca, hərbi komissar hökumətə işləyirdi, molla Allaha. Hökumət onlar üçün Allahdan daha diriydi. Hökumət adama “pensiya” verirdi. Allah hökumətə baxanda mücərrəddi. Allah kəlamını yuxu kimi anlayan bu adamların içində ruhani olmaq və gülünc görünməmək Molla Qafara elə də asan başa gəlməmişdi. İndi də belə, günün günorta çağı Səkinə arvad yas çadırının qarşısında nə sənə, nə mənə, qara daşı götürüb tolazlamışdı ona. Bundan sonra yaşa bu kənddə, görüm necə yaşayırsan? Yas çadırında nə çoxdu təzə dəymiş cüvəllağı. Çox güman ki, şəklini telefona çəkib internetə də ötürüblər. Bundan sonra nə üzlə əza məclisi aparacaqdı? Ciddi nə danışsa, daşı xatırlayıb güləcəkdilər. Sarı Həmidin kinayəsi axırına çıxacaqdı. Evdə iki qızı vardı. Onlar da rüsvay oldular. İndi qayıdıb Səkinə arvada bir söz desə də, daha xeyri yoxdu. Olmalı olan olmuşdu. Kənddə insanın adı şüşə kimidir. Bir daş dəydimi, sınacaq. Töküləcək ayaqlarının altına. Kişisən, adın sınandan sonra onu təzədən yama.
Molla Qafar dumanın içində azdığını görüb yol kənarındakı daşa söykəndi. Duman ağ kəpənək kimiydi. Uça-uça evlərin damına qonurdu. Onun kənd dediyi Fit dağının ətəyində salınmış iyirmi evdi. İyirmisinin də bacası tüstülüydü. Bu xırda kənd dağın ətəyində bitən bütün yabanı ağacları sobalarında yandırmışdı. Tüstülü, dumanlı evləri olan bir yerdi. Nəyi gördü, kimi gördü yandırıb-yaxırdı. Molla Qafar bu evlərin həm mollasıydı, həm bələdiyyə sədriydi, həm də məktəb direktoru. Haçansa qonşu kəndin mollası İsaqdan aldığı üç sinif dini dərslə kəndin ən savadlı adamı da elə o idi. Kənddə Adəmdən bəri diri kitab görən iki adam olmuşdu. Biri Molla Qafardı, biri də şofer Məlik. Şofer Məlik əsgərlikdə dəftər-kitabla altı ay şoferlik oxumuşdu. İndi də kitabı atıb iri yük maşını sürürdü. Daha xırda-mırda işlərə baş qoşmurdu. İşi iriydi. Tonla hesablanırdı. Molla Qafar isə, şofer Məlikdən fərqli olaraq, kəndin bütün balaca işlərini boynuna götürmüşdü. Bu kənddə binədən yerli-dibli molla olmamışdı. Ölən olanda Gəncədən atla molla gətirərdilər. O günəmuzd mollalar dağa qalxana qədər ölülərin təni soyuyardı. Molla Qafara qədər kəndin bütün ölüləri torpağa boyat basdırılardı. Vəli kişinin anası Gəncədən molla gələnə qədər darıxdığından bir dəfə dirilmişdi. O arvaddan sonralar Fransa televiziyası kino çəkdi. İspaniya xristianları onu müqəddəs qadınlar siyahısına da saldılar. Sonra ispanlardan səs çıxmadı. Vəli kişinin anası ispanlar kəndə gələnə qədər yüz iki yaşında nərdivandan yıxıldı və birdəfədə öldü. Vəli kişi anasını bir il basdırmadı ki, yenə diriləcək. Arvad nədirsə, daha dirilmədi. Dedilər, ispanlar gəlmədi, ona görə.
Kəndlilərin bu cür əziyyət çəkdiyini görən Molla Qafar günlərin bir günü başına buxara papaq qoyub ucadan bəyan etdi ki: “Bu gündən ölülərimizi özüm basdıracam. Arxayın ölün. Mənə yuxuda mollalıq verilib”. Sarı Həmid üç gün-üç gecə Qafarı çayxanaya həsrət qoyub “Fatihə” surəsini əzbər söylətdi. Hər dəfə surənin bir yerində çaşan Qafarın “vergili” olmasına şübhələrin artdığı ərəfədə turp kimi Kələntər kişi eşşəkdən yıxılıb öldü. Kələntərin uşaqları gecəynən yığışıb gəldilər Qafarın evinə və dedilər:
- Bu meydan, bu da şeytan, buyur, dədəmizi basdır. Həm sən sınaqdan çıx, həm də biz dağ aşıb bahalı molla arxasınca Gəncəyə getməyək. Amma nə eləyirsən-elə, kişini murdar eləmə.
Qafar təmkinlə “Bismillah” deyib qollarını çırmaladı. Əvvəlcə Kələntəri öz əlləriylə yun ləyənində yuyub kəfənlədi. Sonra yeri qazdırıb qəbrə qoydu. Şərq şairləri kitabından öyrəndiyi bir-iki ərəb şeirini ucadan oxuyub kişinin üstünü torpaqlatdı. Sonra da babasından eşitdiyi bir-iki məzəli əhvalatı yasa gələnlərə danışıb Kələntərin yasını başa vurdu. Odur-budur, Qafarın adına “Molla” sözü əlavə olundu. Və odur-budur, kəndin yasları bir az məzəli keçir. Çünki xımı belə qoyulub.
Altı-yeddi ölü kəfənləyən Qafar qəfil anladı ki, özgələr cəhənnəm, üçillik savadı özünə belə yetmir. Öz-özüylə tək qalanda belə bilmir ki, “Bismillah” əvvəldədir, ya “Əstəğfürullah” qabaqdadır. Salavatı hansı əllə çevirməlidir ki, Allaha naxoş getməsin. Təkcə onu bilir ki, Allah var və hamını O yaradıb. Bakıya gedib bir qədər mollaxana dərsi almaq lazımdır.
Molla Qafar, Lomonosov kimi, arıdan-zaddan satıb bir az pul düzəltdi. Və elm dalınca Bakıya üz tutdu. Bakıda üzmü qalmışdı? Bakı keçidə oxşayırdı. Nə əvvəli vardı, nə axırı. Adamlar üzlərini əllərində tutub Bakıdan keçib harasa gedirdilər. Heç birinin də dili, ağzı yox idi ki, danışa. Bu tələskən, üzsüz adamlardan “Bismillah” deyib, “Əstəğfürullah” soruşmaq olardımı?
Bakı Molla Qafarı peşman etdi. Burada Allahı tapmaq kənddə telefon köşkü tapmaq kimi bir şey idi. Əlinə çıraq alıb nə qədər axtarsa da, o boyda Bakıda imanda özündən safına rast gəlmədi. Bakıda Allah bilməyənlər daha çox idi. Allahın görmədikləri də az deyildi. Allah bilənlərin yarısı imamtanıyan idi. Yarısı imamtanımayandı. Yerdə qalanlar isə nə imamtanıyandılar, nə də Allah sayandılar. Onlar sadəcə saqqal buraxıb din alveri edirdilər. “Yasin” satırdılar. Qəbir yeri satırdılar. Ehsan üstə savaşırdılar. Qafar öz savadsızlığına şükr edib kəndə qayıtdı. Və iki gün-iki gecə kənd adamlarını tövləyə yığıb onlara öz Allahından gap etdi. Onun Allahı hamının tanıdığı xalis Allah idi. Kəndlilər onun dediklərindən heç zad başa düşməsələr də, onu başa düşdülər ki, Qafar daha əvvəlki adam deyil. Deyəsən, doğrudan da, yuxuda “nəsə” görüb. Və bu “nəsə”dən sonra bir qədər üzü Allaha tərəf çaşıb. Bu çaşmaq Allah səmtə çaşmaq olduğundan kəndə heç bir ziyanı yoxdur. Və Qafar Sarı Həmidin kinayələrindən sivişib, oldu Molla Qafar. Odur-budur, kənddə daha heç kəs Qafarın xəbəri olmadan bu dünyadan o biri dünyaya köçmür. Hörməti də ölüdən-ölüyə artır.
Amma illər ötdükcə molla adı Qafarı, doğrudan da, dəyişdi. Rəndələyib saflaşdırdı. Kişi adının əsirinə çevrildi. Get-gedə adı kimi oldu. Daha yad qadınlara gözünün ucuyla olsa belə baxmadı. Yalan danışmadı. Özgəsinin malına, mülkünə tamah salmadı. İrana keçib iki il ərəb dilini də mükəmməl öyrəndi. Oradan qayıdandan sonra kənd məktəbini öz puluna təmir elətdirib uşaqları siniflərə yığdı. Sarı Həmid məktəb işində Qafara “Rus Əhməd” ayaması qoysa da, buna fikir vermədi. Başını aşağı salıb, kəndin maarif işiylə məşğul oldu. Çox keçmədi, onun bu səylərini görüb şəhərdən kəndə qovluqlu kişilər, rus dilində ləhcə ilə danışan pullu arvadlar gəldi. Onlar Molla Qafara üç dəfə “malades” dedilər. Və onu rəsmən məktəb direktoru təyin edib yenidən şəhərə qayıtdılar. Düzdür, Ramiz dədə o gedənlərin qoltuğunda qovluqla bərabər beş-altı kisə sovqatın da olduğunu görmüşdü. Amma sovqatın bu gün mətləbə və məktəbə heç bir dəxli-filanı yoxdur. Görünən budur ki, məktəb sovqatsız işləyir.
Kənddə məktəb yaşı çatmış doqquz uşaq vardı. Bu uşaqların dördü qız olduğundan dədələri dərsə buraxmırdı. Əsnəyə-əsnəyə dərsə gəlib, qaşına-qaşına dərsdən qayıdan oğlanlara isə Molla Qafar ancaq din dərsi keçirdi. Ona görə yox ki, kəndlilərin ətəyində haçansa namaz qılınacaqdı. Ona görə də yox ki, özləri Qafardan dini dərslərin keçilməsini istəmişdilər. Ona görə ki, kəndlilərin də, Molla Qafar təki, dindən savayı heç nədən xəbərləri yox idi. İndi Qafar bu məktəbdən nə xeyir götürmüşdü ki, qoltuğu qovluqlu kişilərə, ləhcəli qadınlara “pay” da versin? Allahdan paymı olar? Amma o da var ki, Ramiz dədənin də gözündən heç nə yayınmır. Məktəbi bilmirəm, o “qoltuqlar”ın, görünür, Qafara bələdiyyə sədri olanda köməyi dəyib. Bir gün kəndə üstü qırmızı örtüklü şüarlarla yazılı üç yük maşını gəldi. Maşındakılar ucadan danışanla kəndliləri köhnə klubun qabağına yığdılar. Həmin qırmızı maşınlardan birinin banına çıxmış iki kök qadın kəndlilərə xor müğənniləri kimi eyni tonallıqda birağızdan qışqıra-qışqıra dedilər ki: “Biz Bakıdakı ən böyük bələdiyyə sədrinin vəkilləriyik. Orda belə məsləhət olub ki, Molla Qafar bu gündən sizin kəndin bələdiyyə sədri olsun. Ölüdür, diridir, ortalıqda qalandır, bu gündən sonra kənddə kim varsa, daha onluq olacaq. Biz də daha dərəyə-təpəyə düşməyəcəyik. Bütün suallarımızı bir adama verəcəyik. Nə deyirsiz, razısız?” Bələdiyyənin nə olduğunu hər şeyi bilən Ramiz dədə belə bilmirdi. Əvvəlcə hamı bir-birinin üzünə baxdı. Sonra bələdiyyənin nə olduğunu bilməsələr də, əlüstü elliklə razılıq verdilər ki, iş uzanmasın. Danaların naxırdan qayıdan vaxtıydı. Bələdiyyə haqqında düşünməyə vaxtmı vardı? Bir də hökumətlə gərək hər işdə razı olasan. Bu yanaşma kəndin min illik ənənəsiydi. Təkcə rəhmətlik Təbriz kişi o zaman kök qadınların ikisindən də xəbər aldı ki: “Bu bələdiyyə adama pensiya verəcəkmi?” Kök qadınların özləri də bələdiyyələrin pensiya verib-verməyəcəyindən, deyəsən, xəbərsiz idilər. Ona görə də sualı cavabsız qoydular. Lap axırda o kök qadınlar qırmızı maşınların üstündə uzun-uzadı bələdiyyələrin kəndə nə verə biləcəyindən danışıb siqnal verə-verə şəhərə qayıtdılar.
Kəndlilər maşınlar gedəndən sonra rahat nəfəs alıb Molla Qafara yaxınlaşdılar. Və ondan bir dəfə də: “Bələdiyyə nədir?” – deyə soruşdular. Molla Qafar: “Bələdiyyə vacibatdır”, – dedi. Və kəndlilər yenə bir zad anlamayıb Qafarın üzünə baxdılar. Və beləcə, kəndə bələdiyyə gəldi.
Davamı var
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)
Şəhidlər barədə şeirlər – Şahgündüz Cabbarov
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Şahgündüz Cabbarov həsr edilmiş şeirlə tanış olacaqsınız.
ŞAHGÜNDÜZ HABİL OĞLU CABBAROV
(13.01.1995.-25.10.2020.)
Əslən Laçının Oğuldərə kəndindən olan, Bərdənin Mollalı kəndində anadan olmuş, ADNA-nın məzunu, SOCAR-ın “Azneft” İB-nin “28 May” NQÇİ-nin əməkdaşı olmuş, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
ŞAHGÜNDÜZ
I
Vətən, sənin yolunda candan keçən igidlər,
Haqq- ədalət yolunu qəlbən seçən igidlər,
Şəhidlik şərbətini gülüb içən şəhidlər,
Əbədi yaşayırlar, əbədi, Şahgündüztək.
II
Şahgündüz:
Müharibə başlayıb, döyüşə getməliyəm,
Düşmənlə kişi kimi, görüşə getməliyəm.
Anam məni böyüdüb müqəddəs Vətən üçün,
Vətəndən əziz nə var ruh üçün, bədən üçün?
Uşaqlıqdan kəndimin xəyalıyla yaşadım,
Arzum - Oğuldərəni əməlimlə yaşadım.
Düşmən əsirliyindən xilas edib torpağı,
Kəndimizə sancacam mən üçrəngli bayrağı.
Qucaqlayıb anasın, öpdü nurlu üzündən,
Ana fəxarət duydu əziz Şahgündüzündən.
Anası kövrəlsə də, tez çevirib üzünü,
Bircə onu söylədi: - Oğlum, qoru özünü.
III
Şahgündüz neftçi idi, şərəfli işi vardı,
Ali təhsil almışdı, işində peşəkardı.
İşləyirdi inamla qucağında Xəzərin,
Yavaş-yavaş görürdü zəhmətinin bəhərin.
Kollektiv arasında dərin hörməti vardı,
Hamı onu sevirdi, şirin ülfəti vardı.
Əslən Laçından idi, kəndlərin görməmişdi,
Oğuldərə kəndindən bir çiçək dərməmişdi.
Amma hər gün xəyalı o yerlərə uçurdu,
Bəzən yuxularında kəndlərində qaçırdı.
Şahgündüzün ürəyi nəğmələrlə doluydu,
Şeirləri mənalı, nəfəsisə bal idi.
Qış günü dindirəndə ecazkar, telli sazı,
Hər yana yayılırdı Şahgündüzün avazı.
IV
Bax, üçrəngli bayrağa bürünübdür Şahgündüz,
Vidalaşaraq dedi: “Qisasa gedirik biz”.
Cəsur əsgər olmuşdu hərbi xidmət zamanı,
Mais Bərxudarovdan almış idi Fərmanın.
Şahgündüzgil inamla keçmişdilər hücuma,
Xalqımız inanırdı məğlubolmaz orduma.
Şahgündüz vuruşurdu mərdliklə, şücaətlə,
Son anadək döyüşdü Vətənə sədaqətlə.
Döyüşlərin birində aldı qəlpə yarası,
Şəhid oldu yurdumun gül çöhrəli balası.
Ölmədi, qələbədən gətirərək xoş soraq,
Əbədilik qazandı- cənnətə qovuşaraq.
V
Şahgündüz qoçaq balam, Şahgündüz igid balam,
Ümidi gerçək edən, Şahgündüz şəhid balam.
Şahgündüz öz ömrünü yaşadı ləyaqətlə,
Onun qəhrəmanlığın vəsf etdim məhəbbətlə.
Qazmaçıydı dənizdə, neftçi həmkarımızdı,
İndi Vətənin fəxri, bizim vüqarımızdı.
Özü görə bilmədi, arzuları oldu çin,
Heç zaman unudulmur yaşayanlar vətənçin.
Şuşamızda, Laçında dalğalanır bayrağım,
Düşmənlərdən alınıb şəhid qanlı torpağım!
“Ədəbiyyat və incəsənətz”
(02.04.2024)
3-cü “YAŞAT” idman düşərgəsinə start verilib
“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə 3-cü “YAŞAT” idman düşərgəsinə start verilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib.
30 mart - 2 aprel tarixini əhatə edən düşərgə Abşeron Olimpiya İdman Kompleksində həyata keçirilir.
Layihədə cənub bölgəsində - Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Astara, Lerik, Yardımlıda yaşayan 6-12 yaş aralığındakı 30-a yaxın şəhid övladı iştirak edir.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirakçılara uğurlar diləyib.
Düşərgə iştirakçılarına layihənin 4 günlük proqramı və qaydalar izah olunub. Uşaqlar nahar fasiləsindən sonra Azərbaycanın ilk təhsil yönümlü əyləncə parkı – “Kinderland”da rəngarəng vaxt keçiriblər, proqrama uyğun olaraq növbəti səfər adrenalin dolu “Sky Park”əyləncə mərkəzinə olub, uşaqlar orada da əyləncə axınına qoşulublar.
Proqram masaüstü oyunlar – tennis və şahmatla davam edib. Düşərgə iştirakçıları şam yeməyindən sonra leqoların hazırlanması ilə bağlı ustad dərslərinə də qoşulublar.
Ümumilikdə düşərgə müddətində iştirakçılar üçün müxtəlif yarışlar, gimnastika, karate, boks, cüdo idman növləri üzrə ustad dərsləri keçiriləcək. Əyləncə və kino saatları ilə bərabər Bakı şəhərində yerləşən görməli yerlərə ekskursiyalar təşkil olunacaq. Həmçinin iştirakçılara hədiyyələr təqdim olunacaq.
Məqsəd həmin region gənclərinin Bakı şəhəri ilə tanışlığı, onların fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda, asudə vaxtlarının səmərəli təşkilidir.
Layihənin baş sponsoru : “Azərkontrakt” ASC
Layihənin dəstəkçiləri : “Kinderland”, “Sky Park”
Layihənin media dəstəkçisi : ASAN TV & Radio
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)
Qazaxda kəlağayı günü keçirilib
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə mart ayının 29-da Bakı Dövlət Universitetinin Qazax filialında “Sazlı Sözlü Kəlağayı Günləri'' adlı layihənin növbəti təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Mirvarid Dilbazi Poeziya Məclisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə “Anam kəlağayılı bir muğamıydı...'' kitabının təqdimatı və Kəlağayı Muzeyinə aid qədim kəlağayılardan ibarət sərgi təqdim edilib. Tələbə qızların kəlağayı haqqında sualları Güllü Eldar Tomarlı tərəfindən cavablandırılıb və sərgi tələbələr tərəfindən maraqla, sevgiylə qarşılanıb.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq tədbir iştirakçılarını salamlayıb, vətənimizin azadlığı, ərazi bütövlüyü, suverinliyi uğrunda şirin canlarından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Güllü Eldar Tomarlı tədbirin mahiyyətindən danışıb. Bildirib ki, kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında onun populyarlığını daha da artırmaq olduqca vacibdir. Şair, publisist Güllü Eldar Tomarlı vurğulayıb ki, “Sazlı-sözlü Kəlağayı Günləri'' layihəsi çərçivəsindəki tədbirlər yanvar ayından Kəlağayı Muzeyindən başlayaraq sonra Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncənət Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kollecində çox yüksək səviyyədə keçirilib, bu gün Bakı Dövlət Universitetinin Qazax filialında davam edir və yekun noyabrın 26-da Heydər Əliyev Sarayında ''26 Noyabr- Azərbaycan Kəlağayısı günü'' münasibəti ilə kəlağayı bayramı keçirilməklə vurulacaqdır.
Kəlağayımız 2014-cü ildə ölkəmizin birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESKO-nun Qeyri -Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş, dünya birliyi tərəfindən tanıdılmış və təqdim olunmuşdur. 10 illik münasibətilə Sazlı Sözlü Kəlağayı Günləri 2024- cü ildə ilboyu Azərbaycan üzrə qeyd olunur.
Sonra söz Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmova verilib. O, kəlağayının bayram kimi qeyd edilməsinin tarixi bir hadisə olduğunu vurğulayıb və kəlağayının milli mənəvi dəyər kimi həmişə öndə olmağını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova öz çıxışında kəlağayının gənclər arasında təbliğatının vacibliyini vurğulayıb və ölkəmizdə belə tədbirlərin geniş vüsət almasını, dövlətimizin dəstəyini önə çəkib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, universitetin mətbuat xidmətinin rəhbəri Elçin İsmayılov, şairlərdən - Güləmail Murad, Brilyant Atəş, Güləndam Dağlarqızı, universitetin müəllimləri - professor Valeh Nəsibli, şair Mustafa Rasimoğlu, professor Hüseyn Xəlilov - kimisi kəlağayı haqqında yazdıqları şeirləri, kimisi xatirələrini söyləyiblər.
Universitetintələbələri saz üstündə söylədikləri şeirləri, musiqi nömrələri ilə iştirakçılara xoş ovqat bəxş ediblər.
Sonda Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı bu möhtəşəm Sazlı Sözlü Kəlağayı Günlərinin Azərbaycanın hər bir bölgəsində, elm və təhsil ocaqlarlnda gözəl keçdiyi, həm də böyük sevinclə qarşılandığı səbəbundən təşkilatçılığa və dəstəyə görə dövlət qurumlarına təşəkkürünü bildirib.
Sonda xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)
Ümid Nəccarinin şeirlər kitabı Avstriyada satışa çıxarıldı
Daha bir yeni kitab nəşr edilib, azərbaycanlı şair, Avropanın Beynəlxalq IWA BOGDANİ Yazarlar Assosiasiyasının vitse-prezidenti və Beynəlxalq Mihai Eminescu Akademiyasının fəxri üzvü Ümid Nəccarinin "Cotton sounding letters" adlı kitabı Avstriyanın məşhur onlayn kitab evi "Morawa" saytında satışa çıxarılıb.
Ümid Nəccarinin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, kitab Britaniyada nəşriyyat rəhbərliyinin təşəbbüsü ilə 92 səhifədə “JustFiction Edition" yayınları tərəfindən çap olunub.
Şeirləri İngilis dilinə tərcüməçi Rza Hüseyni Bəqanam tərcümə edib.
Qeyd edək ki, Ümid Nəccari bir neçə şeirlər kitabının müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Rumıniya, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və s. mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)
“Lazım gəlsə...” - Aldatma günündə doğulan Aqil Abbasın 71-i
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Yazıb-yaratmaq həvəsi, həyat eşqi hələ də tükənməyib. Özünə güvənən, aktiv, o cümlədən hədsiz enerjili adamdır. Cəsarətli və qorxmazdır. Meydandan geri çəkilmək, hadisələrə biganə qalmaq, eləcə də danışmaq vacib olan yerdə susmaq təbiətinə yaddır. Ən sıxıntılı vaxtlarında belə depressiyaya məruz qalmır. Görüşlərə gecikməyi sevmir. Əzmkar, çalışqan və çox inadkardır. Necə deyərlər, heç kimin qarşısında əyilməyi sevmir. Yeniyetmə yaşlarında dalaşqan, gənclik illərində isə çılğın olub. Bu xüsusiyyət hələ də onu tərk etməyib, lazım gəlsə, qollarını çırmalayıb nadanlarla dalaşa da bilər…
“Dəli-dolu, davakar olduğuma görə o vaxt məni institututdan da qovublar. Dəli-doluluq öz yerində, həm də inqilabçı olmuşam. Elçibəy, Vəkil Hacıyev, Bəxtiyar Vahabzadə müəllimlərimiz olub. Onlar kimə dərs deyiblərsə, o uşaqlar sanki sovet vətəndaşı deyildilər, türk idilər. Bəxtiyar Vahabzadə Azərbaycan sovet ədəbiyyatından heç vaxt dərs deməyib, tələbədən də soruşmayıb. O, bizim bilmədiyimiz insanlardan, yazıçılardan danışırdı. Deyirdi ki, kitabda olanları özünüz oxuyun və o, kitabda olmayanlardan dərs deyirdi. Əbülfəz bəy də eyni zamanda. Onun dərslərində başqa universitetlərdən də tələbələr gəlib otururdular. Onların dərs dedikləri insanlar sonradan inqilabçı oldular. Xalq hərəkatında öndə gedən adamlar onlar olub. İndi də bir nəsil yetişir. İndi gələn nəsil bizdən istedadlıdır. Bizdən daha üsyankar, istəklidir. Bizim iddiamızı ortaya qoymağımız çətin idi, nə qəzet, nə jurnal var idi. İndi Allaha Şükür 20 yaşında roman yazır, çap etdirir. Facebook-a yerləşdirir, hamı da oxuyur.”- söyləyir.
Xüsusi liderlik qabiliyyətinə malikdir, mükəmməl təhlil etmək və düzgün qərar vermək bacarığı var. Bu xüsusiyyəti ona həmişə uğur qazandırır. Yalan vəd verməkdən, kimisə aldatmaqdan zəhləsi gedir. Hətta bunun üçün zəruriyyət yaransa belə, susmağa üstünlük verir. Səmimiyyətinə söz ola bilməz...
Deyir ki,- “Səmimi olmaq çox çətin məsələdir. İndi səmimi insanları sevmirlər. Mən isə başqa cür ola bilmərəm. Mənim ailəmdən, doğulduğum torpaqdan gəlib bu səmimiyyət. İnsanları sevirəm, bacardığım qədər hər kəsə əl tutmağa çalışıram. Deputat kimi rayonlara gedəndə insanları kəndin çayxanalarında qəbul edirəm. Qarabağda ləqəbim var: "Müəllim". "Müəllim gəlib" - deyirlər, hər kəs çayxanaya gəlir, mən də bacardığım qədər hər kəsə kömək edirəm. Bəzilərinə gücüm çatmayanda onu da deyirəm, yalan vəd vermirəm. Mən rayonlara adətən səhərlər çıxaram. Yolda kimisə görəndə mütləq o insanları götürüb getdikləri yerə çatdıraram. Çox adam məni tanımır yol gedəndə. Belə hallarla da qarşılaşıram. Adam olub, dövlətdən inək istəyirmiş, ala bilmirmiş, maşını icra hakimiyyətinin qarşısına sürüb, o məsələni həll etmişəm. Heç vaxt kimisə yolda qoymaram.”
Yəqin ki, haqqında söhbət açdığım yazıçı, jurnalist, millət vəkili Aqil Abbası Azərbaycanda tanımayan adam yoxdur. Kimisi əsərlərini, kimisi məqalələrini oxuyub, kimisi də Milli Məclisdəki fəaliyyətini izləyib və s.. Odur ki, tərcümeyi-halından uzun-uzadı danışıb vaxtınızı almaq istəmirəm, bir neçə kəlmə yetər.
1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolalı kəndində Məhəmməd kişinin ailəsində anadan olub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüblər. Ağdam 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib. 1976-cı ildə əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim kimi başlayıb və bir il orada çalışıb. 1977-1987-ci illərdə "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri, 1987-1990-cı illərdə isə "Sovet kəndi" qəzetinin xüsusi müxbiri işləyib. 1990-cı ildən "Ədalət", 1993-cü ildən "Boz qurd" qəzetlərinin baş redaktoru olub. Bədii yaradıcılığa 1970-ci ildən başlayıb. Elə o vaxtlardan da mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi", "Qapqara uzun saçlar" povestlərinin və “Dolu” filminin ssenari müəllifidir. 2005-ci ildən Milli Məclisin deputatıdır. Bir sıra mükafatlara layiq görülüb. 2013-cü ildən sinəsini Azərbaycan Respublikasının “Şöhrət” ordeni bəzəyir...
Ötən günlərin söhbətidir, televiziya rəhbərlərindən birinin yanında görüşdük. Birlikdə olduğumuz bir saatda mobil telefonuna gələn zənglər susmaq bilmirdi. Cavablarından hiss edirdim ki, seçiciləri və dostlarıdır. Seçicilər maddi yardım, iş istəyir, dostları isə, kimisi toya, kimisi də qonaqlığa dəvət edirdi. Yorulmursuz ki?- deyə soruşdum. O isə:- “Bəzən yoruluram, amma usanmıram. Çünki elə insanlar var ki, nə qədər kömək etsən də, yenə gəlir, yenə istəyir, bundan insan yorulur. Təsəvvür edin, hər həftə gəlirlər, amma yenə də əliboş qaytarmıram, kimsəni naümid qoymuram. Bəzən elə olur ki, cibimdə pul olmur, milli məclisin yeməkxanasına düşüb, borc alıb verirəm.”- deyə cavab verdi...
Gözütox, mərhəmətli, mehriban, ədalətli adamdır. Elə bu xüsusiyyətlərinə görə də Tanrı ondan heç nəyi əsirgəməyib. Necə deyərlər, çin olmayan arzusu qalmayıb. Allahdan nə diləyibsə verib.
“Ən böyük arzum Şuşanı, Ağdamı görmək, Qarabağa qayıtmaq olub. O da, çox şükür, reallaşdı. Tanınmış yazıçı, jurnalist olmaq istəmişəm, o arzuma da çatmışam. İndi arzularım ancaq nəvələrimlə bağlıdır. İnsanlar arzuları bitsə, intihar edər…”- söyləyir.
Bəli, haqqında sevə-sevə danışdığım Aqil Abbas xalqın adamıdır, xalqın arasında olmaqdan rahatlıq tapır. Azərbaycanın yazılı tarixində yer tutan, ürəklərdə yuva quran ağsaqqal yazarımızın aprelin 1-də 71 yaşı tamam olur. Bu münasibətlə ona möhkəm cansağlığı, firəvan həyat arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)
Qəşəm Nəcəfzadənin sevdiyi şeir: Əli Kərim, “Qayıt”
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə "Sevdiyin şeiri gəl mənə söylə" rubrikasının qonağı sevimli şairimiz Qəşəm Nəcəfzadədir.
-Salam, əziz Şairimiz, xoş gördük Sizi.
Məlumdur ki, Qəşəm Nəcəfzadə qələmindən süzülən şeirlərdə " bənzərsiz mənzərələr" var. Çünki Qəşəm bəy hiss edərək ifadə edir.
O, sadəcə ifadə etsəydi, şeirləri bu qədər sevilməzdi.
Əziz Qəşəm bəy, poeziya Sizin üçün nəfəsdir, sevgidir, övladdır, əlbəttə, bilirik.
Bu an Sizə söyləsək ki, "Sevdiyin şeiri gəl mənə söylə", hansı şairimizdən şeir söyləyərsiniz?
-Salam Ülviyyə xanım, xoş gördük. Əli Kərimin " Qayıt" şeirini çox sevirəm və dəfələrlə söyləmişəm, elə sizin rubrikanız üçün də həmin şeiri söyləyəcəyəm. Əli Kərimin bu şeiri çox gözəldir, o təkcə öz xanımına “qayıt” söyləmirdi. Oğulun anaya qayıtmasını, dünyasını dəyişənlərin qayıtmağını söyləyirdi. Qayadan qopan parçanın qayıtmasını diləyirdi, yəni keçmiş xatirələrinə; atalı- analı günlərinə, uşaqlıq illərinə, tələbəllik illərinə, gənclik illərinə qayıt deyirdi.
Əslində dünyanı bütövləşdirən, "Ayı, Günəşi yerinə qoyan" “Qayıt” şeiridir.
"Qayıt" küçələri öz qaydasınca düzən, hər şeyi öz yoluna qoyan- sevinci sevinc, kədəri kədər yerinə qoyan bir şeirdir.
Bu şeir mənə çox əzizdir, elə ona görə də rubrikanızda bu şeiri söyləyəcəyəm.
Ülviyyə xanım, rubrikanıza dəvət etdiyiniz üçün sizə minnətdaram.
“Qayıt”, Əli Kərim
Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?!
Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.
Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.
“Ədəbiyyat və incəsənət”
(01.04.2024)