Super User
Nebula Rose - MARAQLI
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Dumanlıq əsasən kosmosda toz və qaz bulududur. Dumanlıqlar (dumanlığın cəmi) ulduzların əmələ gəldiyi, yaxud ölü və ya ölməkdə olan ulduzların yaşadığı bölgələrdir. Dumanlıqlar müxtəlif forma və ölçülərdə olur.
(http://coolcosmos.ipac.caltech.edu)
Dumanlıqlar əsasən kosmosda qaza bənzər kütlələrdir. Dumanlığa çevrilməmişdən əvvəl onlar böyük ulduzlardır, böyük quruluşlarına görə yüksək daxili təzyiq və temperaturlara görə kosmosa qazlar buraxırlar. Bu püskürmələr çox böyük və sürətlidir. Daha sonra qaz kütlələri birləşərək, temperaturu 15000 0C-dən çox olan və dumanlıq kimi tanınan qaz buludu əmələ gətirir. Belə dumanlıqlardan biri Rozet dumanlığı adlanır, bu dumanlıq adını qırmızı rənginə görə almışdır. Rozet dumanlığının qızılgüllə heyrətamiz oxşarlığı var, ona görə də bu ad verilmişdir. Bu, tam ayın sahəsindən demək olar ki, beş dəfə böyük olan böyük bir qaz kütləsidir. Onun diametrinin 130 işıq ili olduğu təxmin edilir. Qurani-Kərimdə də Roset dumanlığı təsvir edilmişdir. Uca Allah buyurur: “Göy yarılacağı və ləkələnmiş dəri kimi qırmızı rəngə çevriləcəyi zaman. (Rəhman surəsi, 37)
Yuxarıdakı ərəb dilindən tərcümədə
“qırmızı qızılgül ol, ləkələnmiş dəri kimi” ifadəsi səmada görünən şəkli qırmızı qızılgüllə müqayisə edir. Bu təsvir oxşar görünüşə malik qırmızı göy cisimləri ilə, xüsusən də “Roset Dumanlığı” ilə sıx oxşarlıq daşıyır. Bu barədə 1400 ildən çox əvvəl müqəddəs kitab olan Quranda qeyd edilmişdir; Həqiqətən, bizim üçün bir nemətdir ki, üzərində düşünək. Bu bizə göstərir ki, Allah həqiqətən də kainatı yaradandır. Qurani-Kərimi bütün zamanların sonuncu kitabı olaraq nazil etmişdir. Quran elmi həqiqətlər kitabıdır, hər bir möcüzə Allahın varlığına və hidayətinə işarə edir.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa,
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızılgül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
Bu gün Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Qabilin anım günüdür.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqustun 12-də Bakı şəhərində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (İndiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil almışdır. O, 1954-1956-cı illərdə təhsilini Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında davam etdirmişdir.
Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi çalışaraq başlayan Qabil 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, 1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, 1975-1979-cu illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəb işçi və baş redaktor müavini vəzifələrində işləmişdir.
Fəaliyyətlərinə görə o, bir sıra fəxri ad və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.
Şair ədəbi fəaliyyətə 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan "Gəl baharım” adlı şeiri ilə başlamışdır. Bundan sonra şairin müxtəlif illərdə “Səhər açılır”, "Mənim mavi Xəzərim”, "Küləkli havalarda”, Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər” və s. kitabları işıq üzü görmüşdür.
Yaradıcılıq zirvəsi hesab edilən “Nəsimi” poeması ilə böyük rəğbət qazanan şairin “Səhv düşəndə yerimiz”, "Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” və s. kimi şeirləri də oxucular tərəfindən ayrıca sevilir.
Qabil İmamverdiyev 2007-ci il aprelin 4-də 81 yaşında vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
Mən səni xatırlaram
Xəzərin dalğaları
Qalxanda-alçalanda.
Külək qoşa çinarı
Tərpədib aram-aram
Həzin layla çalanda,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Ellərdə, obalarda
Körpələr dil açanda.
İlk qarda, ilk baharda
Neçə-neçə arzu-kam
Qönçətək gül açanda,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Zirvələri aşanda,
Yaratmaq atəşilə
Qaynayanda, daşanda.
Hər qızıl telli səhər,
Hər gümüş telli axşam,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Kürün sakit səsində,
Burulğanlı Arazın
Üsyankar nəğməsində
Qəlbinin vurğusunu
Hiss edərəm, duyaram,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Durna keçəndə göydən,
Quzular mələşəndə,
Göz yaşaranda neydən.
Gəlib çoban qardaşın
Boynuna qol salaram,
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Desən də, deməsən də...
Şe`rin dilimdə əzbər.
Elləri vəsf edəni
Haçan unudub ellər?
Vətən məhəbbətinə
Qəlbimdə sonsuz inam
Mən səni xatırlaram.
Mən səni xatırlaram
Yaşıllıqlar içində
Sarı yarpaq kimi yox,
Gözdən uzaq kimi yox.
İlham çiçəklərinə,
Ümman diləklərinə
Ürəyimdə ehtiram,
Mən səni xatırlaram.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Rumıniya “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı əməkdaşlığa başlayır
Ölkəmizdə səfərdə olan Rumıniya Hökumətinin Baş katibi Mirçea Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” modelinin yaradılması məqsədləri, habelə dövlət xidmətləri sahəsində həyata keçirilən müxtəlif layihələr barədə ətraflı məlumat verib.
Qonaqlar həmçinin Səyyar ASAN xidmətin, 108 Çağrı Mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın və "ASAN TV və Radio"nun fəaliyyəti ilə tanış olublar.
Nümayəndə heyətinə dövlət xidmətlərinin dizaynı və müvafiq sahədə tətbiq olunan innovativ həllər barədə də geniş təqdimat edilib.
Qonaq “ASAN xidmət” modeli ilə yerində tanışlıqdan məmnun olub və hazırda Rumınıyada dövlət xidmətləri sahəsində oxşar modelin olmadığını bildiririb.
Baş katib “ASAN xidmət” təcrübəsinin ölkəsində tətbiqi ilə bağlı qısa müddətdə anlaşma memorandumunu imzalamaq niyyətində olduqlarını vurğulayıb.
Səfər zamanı rumıniyalı qonaq “ASAN TV və Radio”ya müsahibə verib.
Xatırladaq ki, cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş 11-ci “Dünya Hökumətlər Sammiti”ndə Rumıniya Hökumətinin Baş katibi ilə Dövlət Agentliyinin sədri arasında görüş keçirilib və əməkdaşlıqla bağlı ilkin razılığa gəlinib.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Sankt-Peterburqla turizm əlaqələri inkişaf etdirilir
Rusiya ilə turizm əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları aprelin 3-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Sankt-Peterburq şəhərinin Turizmin inkişafı üzrə komitəsinin sədri Sergey Korneyev arasında keçirilən görüşdə müzakirə olunub.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, müzakirələr çərçivəsində “2024-2026-cı illərdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında turizmin inkişafına dair Yol Xəritəsi” sənədi üzrə birgə turizm marşrutlarının yaradılması, investisiya imkanları, təhsil proqramları, məlumat və təcrübə mübadiləsi, turizm şirkətləri arasında əlaqələrin inkişafı və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, 2023-cü ildə Azərbaycanın 3 şəhəri və Sankt-Peterburq daxil olmaqla Rusiyanın 19 şəhəri arasında birbaşa uçuşlar həyata keçirilib. Sankt-Peterburq şəhərindən isə Azərbaycana həftədə 10 dəfə olmaqla 540 uçuş təşkil olunub.
Həmçinin Azərbaycanın turizm potensialının Rusiyada tanıdılması üçün 2024-cü il ərzində müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi, sərgilərdə iştirak, seminar və təqdimatların təşkil edilməsi, Moskvada turizm nümayəndəliyinin açılması, ölkəmizdə Rusiyanın turizm şirkətləri üçün tanıtım tədbirlərinin təşkil edilməsi haqqında müzakirələr aparılıb.
2023-cü ildə Rusiyadan ölkəmizə gələn xarici ziyarətçilərin sayı 2022-ci illə müqayisədə 40 faiz artaraq 625 min nəfərə satıb. Cari ilin ilk 3 ayı ərzində Azərbaycan gələn Rusiya vətəndaşlarının sayı 147 min 438 nəfər olub ki, bu da ötən illə müqayisədə 24 faiz artım deməkdir.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
“Ulduz” bir neçə nəşrini təqdim edəcək
“Ulduz" jurnalının Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə birgə layihəsi olan "Yeni nəsil: proza", "Yeni nəsil: poeziya" və "Yeni nəsil: tənqid" xüsusi buraxılışlarının təqdimat mərasimi baş tutacaq.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına jurnalın redaksiyasından məlumat verilib.
Tədbir 5 aprel 2024-cü il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçiriləcək.
Daim oxucularını sevindirən jurnalın bu nəşrləri də böyük maraq doğurub.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
POETİK QİRAƏTdə Saqif Qaratorpağın “Mən çətin adamam” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə Saqif Qaratprpağı görüşdürəcəyik. “Mən çətin adamam” deyən şeir bu yeni şeirində özünün timsalında saf sevgiylə sevən, qüssəli və kövrək bütün şairlərin obrazını yaradıb.
Xoş mütaliələr!
Mən çətin adamam, mənim yanımda
Hünərdi sonacan dözüb dayanmaq.
Bir eşqin oduna səssiz-səmirsiz
Hər gün korun-korun gizlicə yanmaq...
Mən çətin adamam... yaz havası tək
Bir anda əhvalım dəyişə bilər.
Ürəyim kəpənək qanadı kimi,
Bircə acı sözdən xal düşə bilər.
Nə olar, aldanma şeirlərimə,
Kövrəlmə kədərli misralarımdan.
Mənim günlərimin baharı ötdü,
Nəfəsin buz tutar qəfil qarımdan.
Məndə sevincin də tamı başqadı,
Sarılma qüssəyə, batma qəmə, gəl!
Dayanma, bilirəm, yolun uzaqdı.
Dərdimi özünə yük eləmə, gəl!
Hələ kül altında gizlənən közəm,
Demə tüstüləyib sönər bu ocaq.
mən çətin adamam... üzüm dönməsin,
Dönsə, barışmağım müşkül olacaq..
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın iclası olub
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına İctimai Şuradan məlumat verilib.
Tədbirdə İctimai Şuranın sədri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, şura üzvləri iştirak ediblər.
Nizami Cəfərov çıxış edərək Şura tərəfindən həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.
İctimai Şuranın sədr müavinləri Əkbər Qoşalı və Vüqar Qədirov, eləcə də üzvləri kinorejissor Ayaz Salayev, Xanoğlan Əhmədov, Samirə Mustafayeva və Adilə Nəzərova Şuraya edilən müraciətlər, qaldırılan problemlər və təkliflər barədə danışıblar.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
“Cığır” tarixi romanının dövlət mükafatına layiq görülməsi üçün namizədliyi irəli sürülüb
Yazıçı-publisist Yunus Oğuzun "Cığır" tarixi romanının aktuallığı, gənclər arasında vətənpərvərliyin və 44 günlük Vətən müharibəsinin təbliğı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının inkişafındakı əhəmiyyəti nəzərə alınaraq Dövlət mükafatına təqdim edilməsi üçün Azərbaycan Respublikasının Elm, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına namizədliyi irəli sürülüb. "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün namizədliyinin irəli sürülməsi Azərbaycan Atatürk Mərkəzi tərəfindən məqsədəuyğun hesab edilib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Yunus Oğuz məlumat verib.
Xatırladaq ki, yazıçı-publisist Yunus Oğuzun Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş "Cığır" tarixi romanında Pənahəli xanın Şuşa qalasını inşa etməsi, Şuşa qalasına gedən cığırın tədqiq edilərək üzə çıxarılması, ermənilərin tarixin müxtəlif dövrlərində Şuşanı, eləcə də Şuşa qalasını ələ keçirmək üçün məkrli planlar qurması, eyni zamanda Qarabağın incisi sayılan Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsi hadisələri tarixi xronoloji ardıcılıqla verilib. Romanda yazıçı Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə gedən yol, həmçinin ərazilərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi kimi tarixi anlar, zəfər tarixi də geniş və ətraflı şəkildə oxuculara çatdırılıb. Əsərdə yazıçı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının mərd, mübariz, döyüşkən ruhunu ortaya qoyub və Ali Baş Komandan İlham Əliyev obrazını yaradaraq onun Müzəffər Ordusunun uğurlu əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, "Cığır" romanının Dövlət mükafatına namizədliyi qəbul edilib.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Komitə sədri "Bərgüşad"ın Baş redaktorunu təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Bərgüşad” qəzetinin Baş redaktoru, S.Rəhimov adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin sədri Qafqaz Əvəzoğluna təbrik məktubu ünvanlayıb. Ədibin 70 illik yubileyi ilə bağlı yazılan məktubda, onun həyat və fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib.
“Ədəbiyyat və incəsənət” portalı məktubun mətnini təqdim edir:
"Hörmətli Qafqaz müəllim,
Sizi 70 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, yeni uğurlar diləyirəm!
Çox şadam ki, bu ilki yubileyinizi doğma Qubadlının işğaldan qurtuluşu və o torpaqlarda quruculuq, abadlıq işlərinin yüksək vüsətlə davam etməsinin sevinci, qüruru içində keçirirsiniz.
Siz Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin sədri, Azərbaycan Jurnalistlər Birliyinin Şərqi Zəngəzur Regional Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, “Sözün Sehri” qəzetinin təsisçisi, bir neçə kitab müəllifi olaraq, çoxşaxəli ictimai və yaradıcı fəaliyyətinizlə seçilirsiniz. Ayrıca, I Qarabağ müharibəsi dönəmində, necə deyərlər, qələmi silaha dəyişərək, torpaqlarımızın müdafiəsi – ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda savaşa qatılmısınız.
Siz gənc yazarlara davamlı diqqət-qayğınızla da fərqlənirsiniz. Özəlliklə, bölgələrimizdən olan gənc yazarların yaradıcılıq örnəklərini qayğıkeşliklə dərc edirsiniz.
Sizi 70 illik yubileyiniz, ictimai və yaradıcılıq uğurlarınızla bağlı Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm"!
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)
Azərbaycanda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılışı olub
Heydər Əliyev Sarayında Azərbaycanda Belarus Respublikası Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə hər iki ölkənin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılışda çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, Belarus nümayəndə heyəti Bakı tamaşaçılarına geniş proqram təqdim edəcək.
“Bu hadisə ölkələrimiz arasında dostluğun və mədəni mübadilənin gözəl sübutudur. Bu gün buraya toplaşmağımız sadəcə rəmzi məna daşımır. Bu, ölkələrimiz arasında münasibətlərin qurulmasında əsas rol oynamış və böyük əməyi sayəsində güclü ənənəvi əməkdaşlıq və qarşılıqlı dəstək əlaqələri inkişaf etmiş Ulu Öndərə dərin hörmətin təzahürüdür. Son zamanlar iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün əhəmiyyətli qərarlar qəbul edilib. Buna Azərbaycan və Belarus prezidentlərinin müntəzəm səfərləri zamanı aparılan müzakirələr rəvac verib. Mədəni əməkdaşlığın inkişafı üçün bizim böyük potensialımız var”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, mədəniyyət günlərinin və digər birgə layihələrin keçirilməsi böyük əhəmiyyət kəsb edir, çünki onlar iki xalqın Belarusun və Azərbaycanın mədəni irsi ilə daha dərindən tanış olmasına imkan yaradır.
Açılış mərasimində Belarus mədəniyyət naziri Anatoli Markeviç də çıxış edib. O qeyd edib ki, Belarus-Azərbaycan mədəni əməkdaşlığı dərin ənənələrə əsaslanır və gələcək hədəflərə istiqamətlənib.
“Biz əldə edilmiş uğurları yüksək qiymətləndiririk, lakin yaxşı başa düşürük ki, qarşıda bizi hələ çox böyük yol gözləyir və bu yol çox mühüm və genişmiqyaslı birgə mədəni layihələrin həyata keçirilməsinə gətirib çıxaracaq. Mədəniyyət sahəsinin xalqlarımız arasında dostluğun möhkəmlənməsinə belə ciddi təsir göstərməsi təqdirəlayiq haldır”, - deyən nazir əlavə edib ki, bunun daha bir sübutu məşhur azərbaycanlı müğənni və bəstəkar Polad Bülbüloğlunun “Vitebskdəki Slavyan bazarı” Ulduzlar Xiyabanında ulduzunun həkk olunmasıdır.
Anatoli Markeviç bildirib ki, Belarusda istedadlı və parlaq Azərbaycan sənətkarlarını ölkənin bütün səhnələrində görmək həmişə xoşdur. Nazirin sözlərinə görə, Azərbaycanda Belarus Mədəniyyəti Günləri mədəni dialoqda əlamətdar mərhələyə çevriləcək.
Daha sonra tədbir qala-konsertlə davam edib.
Konsert proqramında Belarusun əməkdar kollektivi - Dövlət Akademik Rəqs Ansamblı, “Vitebsk-2023” Estrada Mahnı ifaçılarının beynəlxalq müsabiqəsinin laureatı, Belarus Respublikası Prezidentinin İstedadlı Gənclərə Dəstək üzrə Xüsusi Fondunun laureatı Samir Yolçuyev, beynəlxalq müsabiqələr laureatı, Belarus Bolşoy Teatrının solisti Darya Qorojanko, Belarus Bolşoy Teatrının solisti Denis Yantseviç və digər mədəniyyət ustaları iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(03.04.2024)