Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Daxilən saf olan insanın çöhrəsində ilahi bir nur olur. Bu nur onunla həmsöhbət olan hər kəsin ruhuna şəfəq saçır, içinə məsum bir rəğbət gətirir, ətrafında gözəl aura yaradır. Belə insanlarla ünsiyyətdə olmaq, fikir bölüşmək adama zövq verir. Haqqında söhbət açdığım İradə xanım Dəlili də nurlu insanlardandır... 

 

Olduqca təvazökar, özü haqqında danışmağı sevməyən bir xanımdır. Kübarlığı, yüksək mədəniyyəti davranışından hiss olunur. Şübhəsiz ki, bu keyfiyyətlərə yiyələnməsində doğulub, boya-başa çatdığı ailənin də böyük rolu olub. Atası Hüseyn Dəlili tarix elmləri namizədi olub, AMEA-nın Tarix İnstitutunda baş elmi işçi işləyib. Anası Zinyət Rəhimova isə 25 il 111 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb…

İradə Dəlili Bakıda dünyaya gəlib. 16 yaşında orta məktəbi başa vurduqdan sonra Azərbaycan Tibb İnstitutuna qəbul olunub. 1978-ci ildə oranın müalicə profilaktika fakultəsini bitirib…

Deyir ki,- "Anam mənim həkim olmağımı daha çox arzulayırdı. Hətta adımı da İslam Səfərlinin "Göz həkimi" əsərindəki İradə obrazından götürüb..."

İndiki Tibb Universitetini bitirdikdən sonra, Bakıdakı 27 saylı poliklinikada sahə həkimi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. Daha sonra Kardiologiya İnstitutunda işləyib və elmi iş müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. Dörd il İranda olub, orada klinikalardan birində kardioloq-həkim kimi çalışıb. 1996-cı ildən ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində yaşayır…

"Bu ölkəyə təzə gələndə çox çətinliyim oldu. Tanımadığım ölkə, tanımadığım insanlar. Mən öz peşəmlə məşğul olmaq istəyirdim, amma bu fikrimi kimə deyirdimsə, hamı bunu heç ağlımdan da keçirməməyi tövsiyyə edirdi. Səbəblər aydın idi- birincisi dili yaxşı bilmirdim, ikincisi də bu arzumu reallaşdırmaqdan ötrü olduqca çətin olan imtahanlardan keçməliydim. Təbii ki, bu fikirlər mənə təsir edirdi, amma çox düşünüb-daşındıqdan sonra qərara aldım ki, nə olursa-olsun həkim kimi işləməliyəm. Çünki bilirdim ki, öz peşəmi davam etdirməsəm, həyatımın mənası olmayacaq.”- söyləyir.

Bir müddət keçəndən sonra İradə xanım "US Medical License Exam" adlanan üç ixtisas və ingilis dili imtahanlarını müvəfəqiyyətlə verərək, ABŞ-da çox məşhur olan Atlanta şəhərində fəaliyyət göstərən Emory Universitetində üç il rezedentura keçir və ailə həkimi işləməyə rəsmi icazə alır, nəticədə ailə həkimi kimi fəaliyyətə başlayır. Hazırda altı klinikanı özündə birləşdirən "Beaver Medical Group"da çalışır. Təxminən 4000 xəstənin sağlamlığına baxır…

Ömür-gün yoldaşı Azər Eminzadə fizika elmləri namizədidir. Nigar adlı bir qızı var, İrvin Universitetinin məzunudur. Nigar xanım Bakıdakı Oxford məktəbində bir neçə dəfə könüllü olaraq ingilis dilindən dərs də deyib. Eləcə də ingilis dili kurslarından birində müəllimlik edib…

Deyir ki,- "Çox istərdim ki, insanlarımız xoşbəxt yaşasınlar. Bütün soydaşlarımıza dünyanın ən qiymətli neməti olan can sağlığı diləyirəm. Allah Azərbaycanımızı qorusun!”

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Çərşənbə axşamı, 02 Aprel 2024 15:00

Bizə qoyulan qadağalar - AKTUAL

Əli Çağla, “Ədəbiyyat və incəsənət”in Güney təmsilçisi

 

Yazılarımın o qədər dəyəri, gücü olmadığını bilsəm də, özümə bunlar ilə birtəhər toxtaxlıq verib həyatla mübarizə aparıram. Yazanda rahatlaşıram. 

Yazanda sevdiyim kimi yaşadığımı hiss edirəm. 

Yazanda qürurum daha çoxalır. 

Yazanda hələ gənc olduğumu təsdiqləyirəm. Yazanda Azərbaycan ədəbiyatının gələcəyini düşünürəm. Bir dəfə babam  "Gəncliyimdə Türkcə, Azərbaycanca kitablar alıb oxuyardım, bir dəfə kitablarımın birini Pəhləvi rejiminin adamları xiyabanda əlimdən alıb zibil qutusuna atdılar. Gənc idim, ürəyim tutuldu, evə qədər gözümün yaşını saxlaya bilmədim. Sonra dedim ki, biz Təbrizdə, Azərbaycan dilini qoruyub-yaşadan son nəsilik. İndi isə səni görürəm, gənc dostlarını görüb daha çox fərəhlənirəm." - dedi.  

Bir gəncin zövqünü necə ayaqlaya bilərlər? Pəhləvi dövründə babamın kitabını zibil qutusuna atmışdılar, indi isə mənim və mənim kimi gənclərin kitabına çap izini vermirlər.

Böyük təəssüflə yenə də "Balıqsız dəniz" romanıma çap izini vermədilər.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Çərşənbə axşamı, 02 Aprel 2024 08:30

Rəsm qalereyası: Alfons Muxa, “Bahar”

Rəsm qalereyası: Alfons Muxa, “Bahar”

Çərşənbə axşamı, 02 Aprel 2024 10:45

Əkbər Qoşalının şeirləri Tatarıstanda

Tatarıstanın tanınmış şair-tərcüməçisi Lenar Şeyxin “Qələmli dünya” adlı yeni - tərcümələr (və uyğunlaşdırmalar) kitabı işıq üzü görüb. Yeni nəsil tatar ədəbiyyatında özünəxas yeri olan Lenar Şeyxin kitabı Azərbaycan şairi Əkbər Qoşalının şeirləri ilə başlayır. 

 

Əkbər Qoşalının “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, tərcüməçi  yeni kitabında ən geniş yeri məhz Əkbər Qoşalı yaradıcılığına ayırıb.

Qeyd edək ki, ötən il Əkbər Qoşalının “Dərviş sözü” kitabı Tatarıstan Dövlət Kitab Nəşriyyatı tərəfindən yayımlanıb. Həmin kitaba “Ön söz”ü Tatarıstanın Xalq şairi, Dövlət mükafatı laureatı, deputat, Tatarıstan Yazıçılar Birliyinin başçısı Rkail Zəydulla yazıb. Azərbaycan şairinin şeirlərini tatarcaya Lenar Şeyx, Rüzəl Muxəmmətşin, Rifat Saleh uyğunlaşdırıb.

 

Əkbər Qoşalı portalımıza deyib: “Biz də öz növbəmizdə tatar şair, yazıçı və tərcüməçilərinə, bütün Tatarıstana sevgi-sayğılarımızı, ən xoş diləklərimi ismarlayırıq!

Tatarıstanın bayrağı uca olsun!”

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Adəm İsmayıl Bakuvi yazır

 

“Ədəbiyyat və incəsənət” portalı siyasi şərhçi Adəm İsmayıl Bakuvinin Azərbaycan - Ermənistan münaqişəsindən, Azərbaycan Prezidenti İlham Əliyevin bu münaqişədə Azərbaycanı zəfərə daşıması qanunauyğunluqlarından bəhs edən məqaləsini təqdim edir. 

 

Dünyanın bütün xalqları kimi, Azərbaycanın da tarixi onun məğlubiyyət və zəfərləri, siyasi-iqtisadi tənəzzül və tərəqqisini əks etdirən sinusoidal konfiqurasiyadan ibarətdir. Amma bütün bu yüksəliş və enişlərin əsasında heç vaxt dəyişməyən bir amil dayanır - minilliklər boyu əcdadlarımızın qanı, atalarımızın alın təri, analarımızın göz yaşlarıyla suvarılmış doğma torpaqlarımız! Öz qoynunda şanlı oğul və qızlar yetirən, qəhrəmanları tərənnüm edən, qorxaqlar və satqınlara rüsvayçılıq damğası vuran, halal zəhməti mükafatlandıran, qayğısını ondan əsirgəyən və onu ləkələyənləri cəzalandıran ana torpaq! Bəşər tarixində hələ elə bir hal olmayıb ki, xalq öz torpaqlarını təcavüzkar düşmənə könüllü təslim eləsin. Və o hətta zorən özündən güclülərə tabe olsa belə, torpaqlarını düşmən tapdağından qurtarmağa və azadlığını əldə eləməyə can atmasın. Bəzi xalqlar bunu bacarıb, bəziləri isə doğma torpaqların azadlığı uğrunda mübarizədə ölümü köləlikdən üstün tutublar. Minillik tarixi boyu dəfələrlə xarici müdaxiləçilərlə üz-üzə gələn Azərbaycan xalqının uğuru bundadır ki, onun 1988-1994-cü illərdə Ermənistanın işğalına məruz qalan ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmancasına, dönməz, ardıcıl mübarizəsinə dünya miqyaslı görkəmli dövlət xadimi - İlham Əliyev başçılıq edir.

XX əsrin son onilliyi xalqımızın yaddaşına nələrlə həkk olmadı, hansı ağlasığmaz müsibətlərlə üzləşmədik?! Dədə-baba torpaqlarımızı işğal etmiş qaniçən, həyasız erməni təcavüzkarları ilə qarşıdurmada tökülən on minlərlə soydaşımızın qanı! Bir milyon qaçqınımızın ağlasığmaz iztirabları! Qadınlar, qocalar, uşaqları milli mənsubiyyəti və ata-baba yurdunu tərk etmək istəmədikləri üçün əjdəha kimi udan Xocalı soyqırımı!!! 1991-ci ildə milli müstəqillik və suverenitet yolunu tutmuş Azərbaycanın özündə də daxili siyasi vəziyyət mürəkkəbləşmiş, buna prinsipsiz, marionet siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi, qondarma “Dağlıq Qarabağ”ın ayrılma iddiasından istifadə edib, respublikanı etnik-ərazi prinsipləri üzrə parçalamağa cəhd edən separatçı qüvvələr səbəb olmuşdu. Hakimiyyəti zorla ələ keçirən “AXCP-Müsavat” ittifaqı tərəfindən uçuruma sürüklənən Azərbaycan dövlətçiliyinin gələcəyi apokalipsisi xatırladır, ölkə qan gölü, ehtiyac məngənəsində boğulurdu! Bıçaq sümüyə dayanmışdı! Belə ağır durumda xalq öz böyük oğlu, Ümummilli Öndər, bütün həyatını soydaşlarımızın arzu və ümidlərinin gerçəkləşməsinə həsr eləmiş insanı – Heydər Əliyevi rəhbərliyə çağırdı! Heydər Əliyev əvvəlcə bir sıra əks-hücum əməliyyatları keçirməklə Ermənistanın ölkəmizə qarşı təcavüzünün daha da dərinləşməsinin qarşısını aldı, sonra isə titanik səylər bahasına 1994-cü ilin mayında Bişkek Atəşkəs razılaşmasına nail oldu.
Belə mürəkkəb şəraitdə dövlətimizin düşmən tərəfindən pozulmuş ərazi bütövlüyünün bərpası üçün xüsusi konsepsiya tələb olunurdu. Ümummilli Öndər Heydər Əliyev tərəfindən hazırlanmış bu gələcək mübarizə konsepsiyası öz əksini hərbi-siyasi, diplomatik və sosial-iqtisadi fəaliyyət üçbucağında tapdı. Bütün istiqamətlər üzrə bu konsepsiyanı hazırda Heydər Əliyevin dövlət başçısı postunda layiqli davamçısı, Azərbaycan xalqının azadlıq mübarizəsini öz zirvəsinə çatdıran, Siseronun sözləri ilə desək, Vətən üçün əziz olan hər nə varsa, özünə əziz bilən bir şəxsiyyət – İlham Əliyev uğurla həyata keçirir. “Dağlıq Qarabağ” separatizminin aradan qaldırılması, düşmən tapdağında olan torpaqlarımızın qaytarılması prosesini zəfərlə başa çatdıran Prezidentimizin böyük tarixi önəm daşıyan fəaliyyəti hər birimizə yaxşı məlumdur. Necə deyərlər, görünən dağa nə bələdçi? Bununla belə, Prezident İlham Əliyevin xarici siyasəti, eləcə də, Azərbaycan-Ermənistan qarşıdurmasının yekun həlli, dövlətlərarası sərhədlərin delimitasiyası və demarkasiyası haqqında müqavilə əsasında sülhün bərqərar olunması ilə bağlı bəzi əsassız və qeyri-elmi təsnifatlara fikrimi bildirmədən keçmək istəmirəm.
Bu təsnifatların əsas müəllifləri Fransa və ABŞ-ın hakim dairələridir və Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın davranış motivlərini bu gün məhz onlar müəyyən edirlər. Onun 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Sazişin əsas müddəalarını, özəlliklə də, “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini Ermənistanın” təmin etməsinə dair müddəaları gözlənilmədən yerinə yetirməmək cəhdi məhz bu iki dövlətin istəklərinə əsaslanır.
Üçtərəfli Sazişin altıncı maddəsində nəzərdə tutulmuş öhdəlikləri, özəlliklə də, hazırkı Qarabağ iqtisadi rayonu və Ermənistan arasında əlaqəni təmin edən “Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı müddəaları Azərbaycan Sazişlə müəyyən edilmiş müddətdə ardıcıl yerinə yetirdiyi halda, Ermənistan müvafiq Saziş üzrə öz öhdəliklərinə məhəl qoymur.
Fransa Senatı tərəfindən 2024-cü il yanvarın 17-də son iki ildə Azərbaycan əleyhinə qəbul edilmiş üçüncü qətnamə təkcə Fransa deyil, bütün dünya birliyi ölkələri parlamentlərinin qanunvericilik fəaliyyəti təcrübəsində görünməmiş bir təzahürdür. Çünki bu absurd qətnamə Azərbaycanı öz ərazilərini bütünlüklə işğaldan azad etmək və eksklav ərazisi - Naxçıvanla əlaqələr üçün şərtləri təmin etmək istiqamətində hərbi addımlar atmasına görə ədalətsizcəsinə qınayır. 
2023-cü il noyabrın 15-də ABŞ Senatının qəbul etdiyi “S.3000” Aktı və ya qısaca olaraq “2023-cü il Ermənistanın Müdafiəsi Aktı” adlı digər, əgər belə demək olarsa, qanunverici sənəd də təəccüb doğurur - onun hər sətri paradoksallıqla doludur. Bu sənəd Ermənistanın xarici hərbi maliyyə vəsaiti ilə təmin olunmasına imkan verməsi və hətta bunda israrlı olması ilə yanaşı, həm də “Dağlıq Qarabağ” əhalisinin “təhlükəsizliyinin” təmin edilməsi strategiyasının işlənib hazırlanması və “Əliyev rejiminin ermənilərə qarşı hərəkətlərinə görə” Bakıya sanksiyaların tətbiqini nəzərdə tutur. Görəsən, Amerika Femidasını bu cür sanksiyalar verməyə vadar edən Azərbaycan dövləti və onun başçısının hansı hərəkətlərdir? Axı, bu hərəkətlər Respublikanın Ermənistan tərəfindən 30 ilə yaxındır işğal edilmiş əraziləri üzərində öz suverenliyini qəti şəkildə bərqərar etməyə yönəldilib.
Azərbaycan Respublikası rəhbərliyi milli mənsubiyyətindən asılı olmayaraq keçmiş “Dağlıq Qarabağ”ın bütün sakinlərini Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırır. Əgər belədirsə, Qarabağ iqtisadi rayonu erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsinə səbəb olan hansı olaydan danışmaq olar?! Burda ancaq bir məsələdən söz gedə bilər ki, regionun erməni əhalisi arasında qəzəbli azərbaycanofob erməni təbliğatı aparılır, Azərbaycan Respublikası tərkibində ermənilərin hipotetik yaşayışı barədə məkrli təsəvvəürlər yaradılır və onlar psixoloji təsirə məruz qalaraq bu ərazini təşviş içində tərk etməyə təhrik edilir. Maraqlıdır, Prezident İlham Əliyevin azadlıq missiyasını tənqid edənlər Janna Darkın fransız torpaqlarının ingilis işğalından azad edilməsi uğrunda mübarizəsinə necə yanaşırlar? Onlar bu mübarizəni İngiltərəyə qarşı təcavüz kimi qiymətləndirirlərmi? Bəs, 1774-1776-cı illərdə Corc Vaşinqtonun ABŞ-ın müstəmləkə statusunu hərbi yolla dəyişdirmək və dövlət müstəqilliyi əldə etmək uğrunda hərəkatı Böyük Britaniyaya qarşı qanunsuz hərəkətlər kimi təsnif edilsə, yaxud o dövrdə hər hansı bir dövlət koloniyanın milli-azadlıq hərəkatından metropoloyanın qorunması üçün qanun qəbul etsəydi, amerikalılar buna nə ad verərlər? Və ya əgər XIX yüzilliyin ortalarında Cüzeppe Qaribaldinin başçılığı ilə milli-azadlıq mübarizəsi Avstriya imperiyasına qarşı təcavüz kimi qiymətləndirilsəydi, italyanlar buna hiddətlənməzdilərmi? Axı, fransızların özləri 1920-ci ildə Janna Darkı müqəddəslər siyahısına daxil ediblər. Amerikalılar artıq üçüncü əsrdir ki, Vaşinqtonun xatirəsini ABŞ-nin əsas qurucu-atası kimi ehtiramla anır, onun portretini dollar əskinasında çap etdirir, paytaxtlarını onun şərəfinə adlandırırlar. İtalyanlar Qaribaldinin adını kreyserlər, şəhər meydanları və küçələrə verərək, onu böyük xilaskar kimi xatırlayırlar…
Bəli, İlham Əliyevin siyasətini tənqid edənlərin məntiqində, şübhəsiz ki, bir
ziddiyyət var. Onlar vaxtilə qonşu ölkə ərazisinin iyirmi faizini işğal etmiş terrorçu dövlətə utanmadan himayədarlıq edirlər. Onlar sanki fərqində deyilər ki, bu terrorçu dövlətin silahlı quldur qruplaşmalarına beynəlxalq təşkilatlar işğalçı və təcavüzkar statusu veriblər. Onlar heç cür qəbul eləmək istəmirlər ki, bu silahlı quldur dəstələrinin son nəticədəki məğlubiyyəti törətdikəri azğın əməllərin bədəlini ödəməkdir və Allahın ədalət qanunudan doğur! Onlar Azərbaycan torpaqlarında törətdikləri talan, ölkəyə vurduqları böyük maddi və mənəvi ziyan qarşılığında təzminat ödəməli olan məğlub tərəfin durumu və öhdəliklərini görməzdən gələn platforma ilə çıxış edirlər. Və bütün bunlar Ermənistanın ayağının altına daş qoyur, onun başçısı Paşinyana Azərbaycanla bağlanacaq sülh müqaviləsində öz əsassız iddilarında israr etmək imkanı verir.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsinin
bağlanması ilə bağlı mövqeyi dəyişməzdir. Təəssüf ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan eksklavı arasında Ermənistan ərazisindən nəqliyyat dəhlizinin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində Ermənistan tərəfindən addımlar atılmaması, Ermənistan Konstitusiyasının preambulasında “Dağlıq Qarabağ”a birləşmənin məqsədlərini əks etdirən deklarasiyaya istinadın mövcudluğu – hələ erməni işğalçıları tərəfindən Azərbaycan ərazisində binalar, mühəndislik qurğuları, körpülər, onlarla şəhər və kəndin dağıdılması, dinc sakinlərin qətlə yetirilməsi nəticəsində dəymiş zərərin ödənilməsini demirəm - iki dövlət arasında uzunmüddətli ədalətli sülh müqaviləsinin bağlanmasına imkan vermir.
Yeri gəlmişkən, erməni hərbi-siyasi çirkinliyinin fransız himayədarları Ermənistanın guya ki, 150 kv. km. ərazisini “işğal etdiyinə” görə Azərbaycanı haqsız yerə qınayır, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində zəbt edilmiş, yeddisi respublikanın Qazax rayonu ərazisində yerləşən, Kərki adlanan digəri isə Naxçıvan Muxtar Respublikasına aid səkkiz Azərbaycan kəndinin işğal altında saxlanılması barədə isə bilərəkdən susurlar. Və əgər uzun illərdir Ermənistan tərəfindən Azərbaycan ərazisinin iyirmi faizinin işğalına Fransa, Amerika və ümumilikdə Avropanın susduğunu nəzərə alsaq, onda artıq ikiqat deyil, üçqat standartlardan danışa bilərik. Xüsusilə də, Prezident İlham Əliyevin ən yüksək beynəlxalq səviyyəli
sammitlərdə 1918-1921-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı bütün bəyanatları kor quyuya atılan daş təsiri bağışlayır. Axı, tarixdən azacıq xəbəri olan hər kəs bilir ki, indiki Ermənistanın paytaxtı – XX əsrin əvvəllərində əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən, əsl adı İrəvan olan “Yerivan” şəhəri Azərbaycan Milli Şurasının qərarı ilə 1918-ci il mayın 29-da yeni elan edilmiş Ermənistan Respublikasına hədiyyə edilib. Üstəlik, mərkəzi bolşevik hakimiyyətinin hərbi-siyasi təzyiqi altında AKP(b) MK-nın Siyasi Bürosu və Təşkilat Bürosu 1920-ci il noyabrın 30-da daha bir regionun – əzəli Azərbaycan torpağı olan Zəngəzur qəzasının sovet Ermənistanına verilməsi haqqında qərar qəbul edib, Bakı Soveti isə həmin il dekabrın 1-də bu qərarı təsdiq edən deklarasiya verib. 
Şübhəsiz ki, tarixi ədalət azərbaycanlıların bütün dədə-baba torpaqlarına
qayıtmasını tələb edir və bir neçə nəsil azərbaycanlıların bu qayıdışla bağlı arzularının gerçəkləşməsinin əsas göstəricisi xilaskar lider, müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə tarixə yazılan azadlıq epopeyasidir. Ermənistanın xarici hamiləri - Azərbaycan dövlətçiliyinin tərəqqi və çiçəklənməsinin düşmənləri onu nə qədər günahlandırsalar da, hələ XIII əsrdə rus torpaqlarının Tevton Qərbinin müdaxiləsindən xilaskarı Aleksandr Nevskinin dediyi kimi, “Allah qüvvədə deyil, həqiqətdədir!” Həqiqət isə cəsur, iradəli, ağıllı və uzaqgörən lideri Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqının tərəfindədir!

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Çərşənbə axşamı, 02 Aprel 2024 14:00

Erməni gülməcəsi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Xoşbətliyi axtarmağa ehtiyac yoxdur. Əgər pulun varsa, o özü gəlib səni tapacaq.

2

Dünən saytlar səhər-səhər yazdılar: Benzinin, işığın, qazın və suyun qiymətləri 50 faiz ucuzlaşıb. Sevincindən ürəyi gedən, təzyiqi və şəkəri qalxan yüzlərlə şəxsin evinə təcili tibbi yardım gəldi. 

Az keçmiş saytlar yazdılar: Bu gün aldatma günüdür. 

İndi də əsəbindən ürəyi gedən, təzyiqi və şəkəri qalxan yüzlərlə şəxsin evinə təcili tibbi yardım gəldi. 

1 aprel dönüb oldu Milli Təcili Tibbi Yardım Günü! 

3.

100 manat verib kouç təliminə girdi. Yadında yalnız bir neçə məsləhət qaldı:

-Əgər bahalı divanının xarab olmasını istəmirsənsə, onda heç vaxt üstündə oturma. 

-Sağ qulağını sağ əllə, sol qulağını sol əllə qaşı. 

-Qışda əynini qalın etdiyin qədər də yayda yüngül elə. 

4.

İyirmi ildən sonra optimist diaqnozlu şəxsləri dəlixanaya aparacaqlar.

5.

İncəsənət Maleviçin kvadratın deyil, bu kvadratı incəsənət kimi sırımaqdadır.

6.

Əvvəl valideyinlərimiz bizə gəzməyi və danışmağı öyrədirlər. Amma sonra evdə oturmağı və susmağı tələb edirlər. 

7.

Erməni gülməcəsi

-Ana, mən böyüyəndə mənim də ərim olacaq?

-Hə, Haykanuş, sən yaxşı qız olsan olacaq.

-Bəs pis qız olsam?

-Onda ərin çox olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Çərşənbə axşamı, 02 Aprel 2024 12:30

Yeni yaşına salam olsun, Qəşəm Nəcəfzadə

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Təxminən üç il bundan qabaq "Azərbaycan" jurnalına bir neçə şeir göndərdim. Xeyli vaxt  gözlədim , amma şeirlərdən səs-soraq  çıxmadı. Sonra dözməyib Qəşəm Nəcəfzadəyə zəng etdim ki, görüm şeirlərin aqibəti necə oldu. Allahtərəfi çox səmimi  söhbətimiz oldu. Yaradıcılığımı ürəkdən təqdir etdi, uğur dilədi və söz verdi ki, tezliklə şeirlərim dərc olunacaq. Sakitləşib oturdum. 

 

Bir il beləcə keçdi. Amma nəticə olmadı. Hərdən xatırladırdım özünə, o da  söz  verirdi. Sonra Sumqayıt Poeziya Evində kitablarımın təqdimatı keçirildi və işinin, gücünün aşıb daşdığı vaxtda Qəşəm Nəcəfzadə imkan tapıb tədbirə gəldi. Elə bildim şeirlərim dərc oldu. Sevindim ( Özünə bildirməsəm də). Orda da odlu-alovlu çıxışından sonra bir də söz verdi ki, şeirlərin tezliklə işıq üzü görəcək. Artıq xeyli sakit idim. Qəşəm Nəcəfzadə sözünü götürüb gəlmişdi sözümün görüşünə. Bundan böyük uğur var idimi?  Elə "Azərbaycan" jurnalında dərc olunmuş kimi vardım.

Tədbirdə  kiitabları vərəqlədikcə kəşf edirdi məni Qəşəm Nəcəfzadə sanki və kəşf etdikcə qəribə bir peşmanlıq da hiss edirdim səsində. Elə baxışlarında da. Hətta araya salıb üzr də istədi iştirakçıların içində. Məndən yox ha, sözümdən. Özümdə qəribə bir əminlik yarandı. Necə olmasa ədəbiyyatda sözünü deyən, dəst-xəttiylə seçilən şair mənə dəyər verib tədbirə gəlmişdi. Müəyyən yaşım olsa da, uşaqlıqdan ədəbiyyata gəlsəm də sən demə mənim də sözə ehtiyacım varmış. Hər halda məndən neçə bayram böyük şairin bu gəlişi  böyük dəyəriydi sözə, poeziyaya.  

Tədbirdən sonra yenə gözlədim. Yenə söz verildi, dərc olunmadım. Sonra bir də, bir də ..

Bu dəfəki  telefon danışığımız əvvəlkilərə bənzəmədi. Araya küskünlük düşdü. Çəkilib  oturdu hərə öz sözündə. Nə o sözündən usandı, nə mən.  Amma bütün bunlarla yanaşı billrdim ki, Qəşəm Nəcəfzadə küs adamı deyil. Nəyi var dilindədi. Ürəyi başqadı. Bir az qüruruna sığınandı. Amma içindəki təlatümü də ona dinclik verməz. Özü demiş, şairi şairdən gözəl kim tanıyar? Qəşəmi də sözü ələ verir həmişə. Yazdıqlarından bilirəm, tanıyıram onu. 

Sözü bişirməmiş çıxarar ağzından bəzən. Amma sonra... Sonrasını bir özü bilir, bir də Tanrısı. Bir az tör-töküntü, bir az köntöv fikirlərinin içində bir aydınlıq, işıq var. Qaranlığı yoxdu. Necə görünürsə, elədi. Bəzən sonda deyiləcək sözü əvvəldə desə də özüdü. 

Bir gün Qəşəm Nəcəgzadə Fəxrəddin  Teyyubdan xəbər göndərdi ki, yeni şeirlərindən göndərim. Göndərmədim və əvəzində onun çox sevdiyim şeirlərindən birini səsləndirdim. Göndərdim özünə. Bilirəm axı sözə aldanan şairdi. Üsyankardı, bircə anda əsib coşandı. Amma bir sözə bənddi. Ürəyini bilirəm. Söz də söz olsun gərək amma. Çox sevindi. Səs atdı. Ürəyi sakit olmadı. Zəng etdi. Təşəkküründə də  tayı bərabəri olmayan şairdi axı. Telefonun o tayında onun sevincini görə bildim. Səsindən. 

Artıq  "Azərbaycan" jurnalını da, ora göndərdiyim yazıları da yadıma salmırdım. Xasiyyətimə bələdəm axı. Güclə barışmışdıq.

Sonra AYB-nin Natavan klubunda yeni kitablarımın təqdimatı oldu. Dəvət elədim. Dedi ki, cənub bölgəsindıyəm və çalışacam ki, tədbirdə iştirak edim. Bildim ki, gələcək. Az-çox tanıyıram axı. Gəldi də. Yorğun idi. Üstü, başı, saçları, gözləri, səsi - təpə-dırnaq yorğun görünürdü. Uzaq yoldan gəlmişdi. Həm də neçə günün narahatlığı çökmüşdü üstünə. Düzü narahat oldum onun bu pəjmürdə halına. Amma peşman  da olmadım dəvət etdiyimçün. Danışdı.

Bir qədər sakit, yuxulu, yorğun.  Burda da söz verdi ki, dərc edəcək şeirlərimi. Doğrusu, dərc olunmaq həvəsim qalmamışdı daha. Bu sözü də dostlar aldılar  onun ağzından bu dəfə. İkimizin ortaq  dostlarımız. Daha heç yadına da salmırdım onun. Özü gəlmişdi. Bəs idi. 

Sonra? Sonra dərc oldu şeirlərim. Xəbəri də özü verdi mənə. Qəribədi. Bu dəfə nə mən sevindim, nə də şeirlərim. Heç jurnalı axtarmaq həvəsinə də düşmədim. Sadəcə təşəkkür etdim. Vəssalam. Bu dəfə Qəşəm  Nəcəfzadə  sevinirdi mənim əvəzimə.  Çiynindən dağ götürülmüşdü sanki. Onun sevincinə mən də sevindim .

Dünən onun dünyaya gəldiyi gün idi. Bu ağrılı, acılı, qanlı, qadalı dünyaya. Adamlıq, oğulluq, atalıq, dostluq, şairlik yükünü çəkə-çəkə bir ili də yola verdi. Şükür.  Bilirəm ki, həyatı qova-tuta yaşayan bu yorğun şairin hələ həyata keçməyən çox arzusu var. Yazıb yaratmaq eşqi isə öz yerində. Təki sağlıq olsun. Köhnə yaş tarixdə qaldı. 

Yeni yaşın mübarək, Qəşəm Nəcəfzadə.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Çərşənbə axşamı, 02 Aprel 2024 10:30

“Alfons” - AYSEL FİKRƏTİN HEKAYƏSİ

“Ədəbiyyat və incəsənət” portalı Aysel Fikrətin yeni hekayələrinin təqdimatını davam etdirir. Bu gün sizlərin ixtiyarına   “Alfons” hekayəsi verilir. 

 

Bu gün klinikaya bir qadın gəldi. Əlliyə yaxın yaşı olsa da, hələ də məsumluğunu itirməyən gözləri ilə mənə baxırdı.

-Baxmayaraq ki, onun məni bir cavan qızla  aldatdıqdan sonra evləndiyini eşidib ağır xəstəlik keçirdim, fikirdən su belə içə bilmirdim, amma yenə də onun üçün darıxırdım. Sonradan mənimlə heç kəlmə də kəsmədi. Lakin bir müddətdən sonra birdən yenə peyda oldu. Halbuki, mən onu qaytarmağa çalışanda o mənə cavab vermirdi, telefonu belə götürmürdü.

Bütün bunları danışdıqca ağlayır, üzündə qəribə anlaşılmaz ifadələr peyda olurdu. Xatirələr onu məhv edirdi.

-Siz bilirsiz ki, keçmiş insanı məhv edə bilər? Olub keçənləri yenidən yaşayırmış kimi ifadə etməyin. Sadəlöv və zərif ürəyinizdən istifadə ediblər. Bu oğurluq kimi bir şeydir. İnsan aldanıla bilər. Sizi aldadiblar, bu hamının başına gələ bilər, heç kim bundan sığortalanmayıb, -dedim. 

Gözləri bunu inkar edirdi.

-Sizdən maddi heç bir istəyi olmayıb ki?, - soruşdum.

O susdu.

-İnanıram ki, bu cür tiplər manipulyasiya edib, elə məcbur edirlər ki, qadın özü onlara pul versin, yaxud hansısa köməklik etsin. Sonra isə hər söhbətin sonunda qadının  özünü günahkar çıxarırlar. 

Əlavə etdim:

-Elə insanlar yalandan Allaha da and içirlər, səni dəlicəsinə sevdiyinə inandirmaq üçün böyuk səy göstərirlər. Onlar ağlaya bilər, özlərinə qəsd edə bildiyini söyləyər, buna səni inandırmağa çalışar, şantaj edə bilər, sənə görə güya böyük addımlar atmağa hazır olduğunu bildirər, bir sözlə hər  pisliyə qadir ola bilirlər. Anlayırsız?

Mən danışdıqca qadının üzündə solğun bir ifadə əmələ gəldi.

-Bu ola bilməz. Axı o, bu qədər əziz və doğma olduğu halda bunu mənə edə bilməz. Bu mümkün deyil. Mən siz dediklərinizə inanmaq istəmirəm. Siz yalan danışırsız. Yox bu mənim başıma gələ bilməz - deyə fəryad etdi.

Az sonra da sual verdi:

-Bəs sizin dilinizdə onlara nə ad qoyurlar, psixopat?

-Yox, əzizim. Bu  alfons tipidir. Bildiyimiz klassik  alfons tipi.

Aydınlıq gətirdim:

-Alfons, yəni qadın hesabına yaşayan, bunu qəbul edən kişi. Əvvəla onu qeyd edək ki, alfons qadının hesabına yaşamaqla yanaşı, onun pulundan istifadə edən kişi tipidir. Bu cür tiplər sevə bilmir. Yalnız öz işinə gəldiyi vaxta qədər adamdan istifadə edirlər. Sonra başqa obyekt axtarırlar. Evlənmirlər. Evlənsələr özlərinə bənzər tiplərlə evlənə bilərlər. Yəni kişilərdən istifadə edən qadın tipiləri ilə. Yəni burda anlamayacaq nə var axı? Qəbul edə bilmirsiz başa düşürəm. Ancaq faktdır ki, sizi aldadıblar.

Qadın çökmüş bir görkəmdə ayağa qalxdı. Mən ayağa durub onu sakit etməyə çalışdım. O isə mənə nifrət və inamsız dolu baxışlarla baxıb, otaqdan çıxdı.

 O məndən nəisə gizlədirdi. Ürəyimə damırdı ki, onun məndən gizlədiyi məqam bu qadının öz sevgisi idi. Öz sevgisi, halbuki bu sevgnin ünvanı ən son alçaq bir insan olmuşdu.

 

Alaqaranlıq otaq. Kişi göz yaşlarıyla qadının ayaqlarına sarılıb hönkürtüylə ağlayır, qadın onun saclarını sığallayır.

-Axı niyə başa düşmək istəmirsən ki, mən səni sevirəm. Axı mən nə etməliydim? Sən özün də mənə dəfələrlə öz həyatını, təhsilini, gələcəyini düşün demişdin.

Qadın susurdu.

Hər tərəf gül çiçəklərlə dolu olan bir otaq. Qadın əllərini kişinin saçlarından çəkib güllərə toxundu.

Kişi: "Səni çox sevirəm."

Qadın göz yaşlarını silib pəncərəyə yaxınlaşdı.

O, bu dünyadan nəsə gözləyirdi. Gözlədiyi öz sevgisi idi. Qadının sevgisi çox gözəl idi. Özü kimi gözəl. Qadının sevgisinin də gözləri onun öz gözləri kimi ala idi. Günəşə, dənizə baxanda dəyişirdi. Üzü, çizgiləri də sevgisi kimi gözəl idi.

O, pəncərədən uzağa baxırdı. O, anlayırdı ki, indi bu içəridə ona yalan satan adamın yox, öz sevgisinin əsiridir.

 

Qapı açılır. Kişi üçün qapını bir qadın açır. Kişi içəri girib onu opür. 

-Nə bişirmisən? Nə gözəl ətir gəlir?

İçəri keçib, uşağının beşiyinə əyilib, oğlunu qucağına götürür.

-Gözəlçəni görə bildin?

-Hə gördüm.

-Yaxşı, bəs niyə qanın qaradı?

-Yox qanım qara deyil. Sən nə istəmişdin, hamısı olacaq. Təkcə bir az indi çox vaxt keçib, boyük məbləğdən başlaya bilmədim.

-Qoca kaftar bu dəfə az pul verdi?- deyə, qadın istehzayla gülümsündü.

-Bəs toyumuzu etdiyini dedin ona? Bir çox sağ olumu da çatdırardın. 

Saqqanaq çəkib gülür.

-Yox əşşi, deyə bilərəm? Sənə Şüba alacam. Amma o biri məsələ bir az vaxt aparacaq. Gərək bir az da inam qazanım.

-Yaxşı, başa düşdük, - deyib arvadı böyük ağ mələfəni onun üstünə atdı - Rədd ol get çim.

Kişi suyun altında hec cürə təmiz ola bilmirdi. Onun bədənindən sevgi-qadının göz yaşları, naləsi yuyulub getmirdi. Heç bir məbləğ bu sevginin ahını onun ruhundan yuya bilməzdi. Yalnız onun ruhu belə satılmış şeytan kimi gizlənmişdi. Bütün bunlardan xəbərsiz kimi yuyunurdu. Çünki bir qadının göz yaşını, sevgisini xərcləyib özünə həyat qurmağın necə böyük ........ olduğundan xəbərsiz idi. 

Böyük günahına nələr üçünsə haqq qazandırıb, gündəlik həyatına davam edirdi. Küt ağlının içində zərrə qədər də müqəddəs heç nə yox idi. Yalnız dünyanın ən müqəddəs insanının ahını almışdı bəlkə. Bəlkə sevən qadın bunu gec-tez anladı. Miskin olan özü isə bundan ömürlük xəbərsiz idi.

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Çərşənbə axşamı, 02 Aprel 2024 08:00

Günün fotosu: İsrail İran səfirliyini bombalayıb

Günün fotosu: İsrail İran səfirliyini bombalayıb

 

İranın Dəməşqdəki konsulluğunun binası İsrailin hava hücumu nəticəsində tamamilə dağıdılıb. Bu barədə yerli KİV-lər məlumat yayıb ki, səfir Hüseyn Əkbəri və ailəsi atəş zamanı xəsarət almayıblar. Bu barədə Euronews məlumat verir. 

 

İlkin məlumatlara görə, konsulluq binası və İran səfirinin iqamətgahı atəşə tutularkən 7 nəfər həlak olub. Hücum nəticəsində 2016-cı ilə qədər Livan və Suriyadakı "Qüds" elit qüvvələrinə rəhbərlik edən İran hərbi müşaviri general əli Rza Zahdinin də öldüyü bildirilir.

 

Foto: Euronews 

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Çərşənbə axşamı, 02 Aprel 2024 10:00

QISA FİKİRLƏR XƏZİNƏSİndə Əmin Ər-Reyhani

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Əmin Ər-Reyhaninin fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

Əmin Ər-REYHANİ:

 

Məni əhatələyən təbiətin hər parçasında ana mənbəyinə Tanrı və ya Yaradıcı adını verdiyimiz ilahi bir cövhər müşahidə edirəm.

 

***

Çiyinlərinə yüklədiyimiz yükün ağırlığından ah çəkərək inləyən insanların bizə qarşı üsyana qalxmalarından qorxuram.

 

***

Yox olmağımızın səbəbi bölünməyimiz, bölünməyimizin də səbəbi cahil olmağımızdır.

 

“Ədəbiyyat və incəsənət”

  (02.04.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.