Super User

Super User

İngiltərənin əfsanəvi “Blue” qrupu ilk dəfə Bakıda çıxış edəcək.

 

Konsert 2024-cü il fevralın 15-də Heydər Əliyev Sarayının səhnəsində baş tutacaq.

“Blue” İngiltərənin kişilərdən ibarət qrupudur, onun mahnılarından ibarət albom 7,9 milyon ümumi tirajla satılıb. Qrupun tərkibinə Dunkan Ceyms, Entoni Kosta, Li Rayan və Saymon Vebb daxildir. Qrup Elton Conun məşhur “Sorry Seems to Be the Hardest Word” mahnısını ifa etdikdən sonra bütün dünyada tanınıb.

Qrup “BRIT Awards 2002”də “Best Newcomer”, “Smash Hits Awards”da “Best Newcomer” , eləcə də “Capital FM Awards”da “Best Single”, “Best Newcomer” və “Best Pop Act” kimi çoxsaylı mükafatlara layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Populyar estrada müğənnisi Zamiq Hüseynov fevralın 2-də Gəncə Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.

 

Gənclər Gününə həsr olunacaq konsertdə populyar müğənni sevilən mahnılarını səsləndirəcək.

“Uçduq”, “Sən necə də gözəlsən”, “Retro”, “Bu şəhəri çox sevirəm”, “Karaoke” albomların müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla sevənlərinin qarşısında çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Bazar ertəsi, 08 Yanvar 2024 15:00

QİRAƏT SAATInda “Eşq mələyi”

    “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

26-cı hissə

 

Radikal müsəlman

 

Tural bəzən saatlarca danışardı. İslam dinini kifayət qədər dərindən bilirdi, hətta ona teoloq da demək mümkün idi. Bu söhbətlər Ülkəri hədsiz dərəcədə maraqlandırırdı, Turalı dinləməkdən usanmırdı.

Banu qardaşı ilə qürrələnir, “Turalın adamı olsa, indi Qafqaz Müsəlmanları İdarəsində, yaxud Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində başda əyləşərdi. Ərəb əlifbasını belə bilməyənlər ruhani başbilənləri olublar. Heyif Turaldan. Bu qədər dərin biliklərlə çürüyüb gedir burda”.

Bəzən Ülkər Turalı sual atəşinə tutur, Tural da həvəslə sualları cavablandırırdı:

-- Tural, bəs dinimizin adının mənşəyi nədir?

-- Ülkərcik, "İslam" adı, s-l-m kökündən törənmişdir, təbiidir ki, ərəb sözüdür. Bu kökün ümumi olaraq qəbul edilən üç anlamı vardır:sülh, salam, bir də boyun əymək, itaət etmək. İslam yeganə Allaha itaət etmək deməkdir.

-- Tural, İslam dininə tapınan insan əsas nələri eləməlidir?

-- Ülkərcik, İslam dininin beş əsas şərti var. Bunlardan birinci və ən mühüm olanı "La İlahə İlləllah va Muhammədən Rasullulah, səllallahu əleyhim və alihi və səlləm", yəni "Allahdan başqa ilahi yoxdur, Məhəmməd Onun rəsuludur" sözü ilə ifadə olunan şəhadətdir. İkincisi müsəlmanın gündə beş dəfə dua etməsini nəzərdə tutan salavati-zikrdir, yəni namazdır. Üçüncüsü ehtiyacı olan yoxsul müsəlmanların nəfinə vergi vermək, yəni zəkatdır. Dördüncüsü müqəddəs ramazan ayı ərzində oruc tutmaqdır. Və ən nəhayət, beşincisi hər bir müsəlmanın həyatında heç olmasa bir dəfə yerinə yetirməli olduğu həcdir, yəni Məkkə ziyarətidir.

--Tural, bəs İslamın əsas ehkamı hansılardır?

-- Ülkərcik, İslamın əsas ehkamı tövhiddir, nübuvvətdir və məaddır. 

--Tural, əsla eşitməmişəm bu sözləri. Mənalarını anladarsanmı?

--Ülkərcik, tövhid -- Allahı ibadətə layiq olan yeganə haqq bilməkdir. Bu, özündə həm də Allahın adil olmasını ehtiva edir, yəni Allah hər bir şeyi hikmət üzündən yaradır. Nübuvvət –sonuncusu Məhəmməd peyğəmbərimiz (s.) olmaqla yüz iyirmi dörd min peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə iman gətirməkdir, mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə iman gətirməkdir, müqəddəs Qurana iman gətirməkdir. Nübuvvət həm də İslamın şiəməzhəbində Məhəmməd peyğəmbərin (s.) Əhli-beytindən olan və Allah tərəfindən təyin olunan canişinlərin, yəni ki, on iki imamınhaqq olduğuna iman gətirməkdir. O ki qaldı məada, məad – hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirilərək Allah qarşısında hesab verməsinə iman gətirməkdir.

--Tural, müsəlman çoxdur, yoxsa xaçpərəst?

--Ülkərcik, əlbəttə xaçpərəst. İslam dini xristian dinindən sonra ikinci yerdə gəlir, dünyada təqribən iki milyarda yaxın insan İslam dininə beyət edir.

--Ən çox müsəlman hansı ölkədədir, görən? Türkiyədə, İranda?

--Əsla yox. Ən böyük müsəlman ölkəsi İndoneziyadır, bütün müsəlmanların təqribi on üç faizi orda yaşayır.

--Bəs sünni çoxdur, yoxsa şiə?

--Əlbəttə sünni. Müsəlmanların səksən beş fazi sünni, cəmi on beş faizi şiədir.

--Azərbaycanda amma, elə bil ki, şiə daha çoxdur.

--Bunun rəsmi statistikası aparılmayıb. Amma, məncə də, elədir.

Tural bəzən Ülkərlə Banunu qarşısında əyləşdirib çay süfrəsi arxasında saatlarla onlara universitetdə müəllim tələbəyə mühazirə deyirmiş kimi mühazirə deyirdi. Kitab cümlələrini sanki əzbərləyibmiş kimi elə səlis, ahəngdar səsləndirirdi ki o:

--Müasir beynəlxalq münasibətlərdə və dünya siyasətində İslam dünyası çox müxtəlif dövlət və qeyri-dövlət, o cümlədən antisistem iştirakçıları vasitəsilə təmsil olunub. Bu isə, öz növbəsində, beynəlxalq və regional səviyyələrdə İslam amilinin ziddiyyətli təzahürlərini yaratmış olur. Bu amillərin ciddi araşdırılması və nəzəri dərk edilməsi həyata keçirilmədən müasir dünya siyasi prosesinin xüsusiyyətləri barədə tam təsəvvürün formalaşması mümkün deyil.Məlum olduğu kimi, son onillikdə İslam dünyasında inteqrasiya prosesləri geniş vüsət almağa başlamışdır, bunun nəticəsi olaraq da İslam amilinin rolu dünya siyasətində və iqtisadiyyatında nəzərəçarpacaq dərəcədə artmışdır. Hazırda İslam dini birliyi şəklində fəaliyyət göstərən çox iri, nüfuzlu qurumlar vardır. Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, OPEK, Fars Körfəzi ərəb dövlətlərinin Əməkdaşlıq Şurası və sair. Türkiyənin, İranın, Pakistanınvə aparıcı ərəb dövlətlərinin təşkil etdiyi “İslam səkkizlik" ölkələrinin beynəlxalq aləmdə ciddi iqtisadi və beynəlxalq-siyasi təsir vasitəsinə çevrilməsi də əsas mövzudur. Bu cür hadisələr İslam dünyasının dünya siyasətinin vahid, kollektiv subyekti olub, yoxsa ki, olmaması haqqında müzakirələrin yaranmasına geniş meydan yaradır. Və bizlər çalışmalıyıq ki, bu subyektlik bərqərar olsun.

Adama, həqiqətən, elə gəlirdi ki, Tural bunları hansısa bir kitabdan oxuyur:

-- Halbukibu məsələnin həlli üçün müxtəlif yanaşmanın irəli sürülməsi mümkün görünür. Birinci yanaşmanın tərəfdarları tamamilə əsaslı olaraq İslam dünyasını dünya siyasətinin konsolidə olunmuş faktoru qismində müəyyən edirlər. Bu fikrə əks duran digər yanaşma tərəfdarları isə əsas diqqəti ona yönəldirlər ki, xarici siyasətdəhəddən artıq İslam dünyasında dağınıqlıq və öz müstəqil siyasətini həyata keçirməyə meyilli olan müxtəlif "islam" oyunçuları vardır.

Tural öz konsepsiyasını da işləyib hazırlamışdı, o, müsəlman dövlətlərinin bir bayraq altında – İslam bayrağı altında birləşməsini, vahid islam ordusunun yaradılmasını zəruri sayırdı, İslam ölkələrinin dünyada söz yiyəsinə çevrilməsini, dünya iqtisadiyyatına sahib çıxmalarını zəruri hesab edirdi.

Tural çox tez-tez “Suriya” sözünü işlədirdi, oradakı müharibə onu çox narahat edirdi, deyirdi ki, Suriyada iki dünya – xristian və müsəlman dünyası qarşı-qarşıyadır, hansının qalib gəlməsindən dünyanın gələcək düzəni çox asılıdır.

Tural digər dinlərdən olanlara əsla rəğbət göstərmir, yalnız müsəlmanları insan kimi qəbul edirdi. Ülkər belədə hiddətlənir, deyirdi ki,başqasına zülm edən, evlər yıxan, körpələri yetim qoyan müsəlman terrorçular var ha, onları sən necə kasıblara çörək verən, məktəblər, xəstəxanalar tikdirən, tələbələri oxutduran xristian filantroplardan üstün tutursan?

Ülkər deyirdi, rayonda bizim bir qonşumuz var idi, Marusya xala, xristian idi, amma o qədər mülayim, xoşsima adam idi ki, elə bilirdin xalandır, bibindir. Beləsi bizim bəzi ləçərlərdən (fikrində Rasimin anasını, Rəşid müəllimin arvadını tuturdu) min dəfə yaxşıdır.

Tural deyirdi, Ülkərcik, ən aşağıdakı müsəlman ən yuxarıdakı xristiandan üstün olmalıdır hər birimizçün. Deyirdi, hər birimiz panislamist olmalıyıq, yoxsa ki, xristian missionerlər gəlib burada yüz dollardan paylayıb insanlarımıza xristianlığı qəbul etdirirlər, bu, yolverilməzdir. Deyirdi, İrana qarşı sanksiya təşkil edən Amerika və Avropa mənim düşmənimdir, Fələstini bombalayan İsrail də həmçinin, uyğurları qıran Çin də həmçinin.

Ülkər dini ekstremizm və radikalizmin yaxşı bir nəticə verməyəcəyini, bu yönlü təmayülləri sevmədiyini açıq şəkildə bildirir, Turalla razılaşmırdı. Deyirdi, heç vaxt insanlara qarşı dini, irqi, milli ayrı-seçkilik etmək olmaz.

Ümumən isə Ülkər Turala simpatiya bəsləyirdi. Bu yaraşıqlı gəncin iri ala gözləri, uzun kirpikləri vardı, qıztək həyalı olması bir başqa aləm idi. Onun ən əsas cazibəsi isə Quranı ayə-ayə ərəbcə oxuyub təhlil etməsiydi. Ülkər bəzən nəfəs dərmədən bu təhlilləri dinləyir, bu müqəddəs səmavi Kitabın dərinliklərinə bələd olduqca quştək yüngülləşir, dərd-sərini belə unudurdu.

 

 “Ədəbiyyat və incəsənət”

(08.01.2024)

 

 

Poetik Qiraətdə bu gün sizlərə istedadlı gənc şair İntiqam Yaşardan şeir təqdim edirik. Bəyənəcəyinizə əminik. 

 

*

 

Ömürdən uzaqda bir kirayə tut,

Qapını tanıyan kəsin olmasın.

Divarlar ardında həmişəlik sus,

Kiməsə çatası səsin olmasın.

 

Səni sən olmaqdan, çoxdan çıxarıb,

Bu fil yorğunluğu, bu zindan acı.

Oxşa oxşadıqca o sərt süngünü,

Sol köksün üstünə tuşlanıb ucu.

 

Ömür çox qısadır, dar ipi kimi,

Həyatla aranda bir kötük qalır.

Yaxud da divara çiyin verirsən,

Yadında bir o səs, bir tətik qalır.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bir naşir dedi ki, bu rubrikanın şeirlərini kitab kimi çap etmək istəyir. Gözəl fikirdir. Əminəm ki, bestseller olar. Çünki ən təsirli sevgi şeirlərini kim sevməz ki.

Bu gün sizlərə Tahir Talıblının “Oxuyammadığın bir kitab kimi” sətri ilə başlayan şeirini təqdim edirəm. Bu dəfə vəfasız - qadındır. 

Bu şeir məni bu misralarla necə tutdusa, hələ də buraxmayıb. 

 

Daha bir yad girər...


Könlünə daha...


Təzədən bir yeni yadın olarsan.


Sonra köhnələrsən, unudularsan,


Sonra tənha qalan qadın olarsan.

 

Bu da şeir.

 

 

*

 

Oxuyammadığın bir kitab kimi


Sirridi, şam olub əriyən gecəm.


Bu açılan səhər billur qab kimi


Düşüb əllərinnən çiliklənəcəm.

 

Bir ümid cücərməz gələn sabaha


Demə yaddaşımda, sən daha varsan.


Daha bir yad girər...


Könlünə daha...


Təzədən bir yeni yadın olarsan.


Sonra köhnələrsən, unudularsan,


Sonra tənha qalan qadın olarsan.

 

Sıxar duyğumuzu könül darlığı


Nə ismarıc yolla,


Nə də yol gözlət


Dolan o sevdalar məzarlığını


Gözüyün bir damcı yaşını gizlət.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Bazar ertəsi, 08 Yanvar 2024 10:30

Uorren Baffet: “Öz vəsaitinizlə yaşayın!”

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Dünyaşöhrətli investor, filantrop Uorren Baffet həm də uğur nəzəriyyəsinin banisidir. Onun 13 qaydadan ibarət “Uğur qazanmaq qaydası” təlimi də var. Bu gün sizlərə növbəti bəndi təqdim edəcəyik.

Əminik ki, sizlərə bu dahi şəxs çox faydalı olacaq.

 

Qayda 10

 

Çökən müəssisədən vaxtında çıxmağa çalışın!

 

«Gəncliyimdə mən bir dəfə qaçış yarışlarına pul qoymuşdum, uduzdum, pulumu qaytarmaqçün yenə qoydum, yenə uduzdum. Bundan sonra mən fikrimi toplamağı bacardım. Sonralar mənə yalnız ziyan gətirən biznesdən dərhal çıxmağa başladım».

 

Əvvəlki günlərdə isə bunları təqdim etmişdik:

 

Qayda 11

 Unutmayın – həmişə  özünə investisiya qoymaq lazımdır!

«Hər gün öz xarakterinzin zəif cəhətləri üzərində çalışın, onları daha yaxşı edin, öz qabiliyyət və bacarıqlarınızı inkişaf etdirin. Özünə investisiya qoymaq həmişə universitetlərə təhsil haqqı ödəmək anlamında deyil. Mənim iki diplomum var, amma mən onları çərçivəyə salıb divardan asmıram. Mən hətta bilmirəm ki, onları hara qoymuşam».

 

Qayda 2

«Yox!» deməyi öyrənin

«Siz «yox» deməyi öyrənməsəniz, heç vaxt öz zamanınızı tam olaraq idarə edə, ona nəzarət edə bilməyəcəksiniz».

 

Qayda 3

Heç vaxt başqalarına qulaq asmayın

«Çalışın, başqalarının düşüncəsinə əsaslanan qərar qəbul etməyəsiniz. Karyeramın əvvəlində mənə yalnız uğursuzluq vəd edirdilər. Hətta mən investorlardan 100 min dollar toplamağı bacaranda da həmin şəxslərin  fikirləri dəyişməmişdi. Təsəvvür edin, 10 ildən sonra bu pullar mənə 100 milyon dollar gətirəndə onların sifətlərinin ifadələri nə cür oldu.

Özünüzə yalnız öz daxili şkalanız ilə qiymət verin!»

 

Qayda 4

Cəld və məhsuldar hərəkət edin

«Qərarı çox uzadıb çox düşünməyin. Həmişə çalışın, hər şeyin məğzini cəld, zamanında anlayasınız. Sonradan başa düşəcəksiniz ki, bu, pul qazanmağın yeganə vasitəsidir».

 

Qayda 5

Çalışın, öz gəlirlərinizi təkrar investisiyaya qoyasınız

«Öz ilk biznesinizlə qazandığınız pulu çalışın xərcləməyəsiniz, işin inkişafına qoyasınız. Haçansa mən dostumla bərbərxanada oyun avtomatı quraşdırıb bir qədər pul qazanmışdım. Amma bu pulu digər yeniyetmələr kimi xərcləmədik, dövriyyəyə buraxdıq. Nəticədə, 26 yaşda artıq mənim 1,4 milyon dollarım var idi».

 

Qayda 6

Hər şey barədə əvvəlcədən razılaşın

«İstənilən işi başlayanda dərhal  maliyyə məsələsində razılaşın. Bunu etməsəniz, böyük ehtimalla siz aldadılacaqsınız. Bu dərsi mən yeniyetməlik vaxtımda əxz eləmişəm. Necəsə, mənim babam məndən və dostumdan mağazasını təmizləməyi xahiş etmişdi. Biz 5 saat ərzində süpürgələrlə işlədik, yeşikləri daşıdıq. İş qurtaranda babam bizim ikimizə cəmi 90 sent ödədi. Həmin anda şəraitin ədalətsizliyindən mən çox sarsılmışdım».

 

Qayda 7

Ən xırda şeylərə belə diqqət edin və onlardan öz maraqlarınız üçün istifadə eləyin

«Həmişə xırda şeylərə diqqət etsəniz yaxşıca qənaət etmiş olacaqsınız. Bir yaxşı nümunə gətirim: Mənim bir tanışım evinin küçə divarlarını rəngləmək qərarına gəlmişdi, o bunu çox ağılla etdi. 4 divarın hamısını yox, yalnız əsas küçəyə baxan divarı rənglədi».

 

Qayda 8

Öz pullarınızdan düzgün istifadə edin

«Birinci qayda: heç vaxt pulunuzu itirməyin. İkinci qayda: heç vaxit birinci qaydanı unutmayın.

Foreks bazarında ticarətlə məşğulsunuzsa həmişə məntiqsiz risklərdən qaçın. Ticarətlə necəgəldi məşğul olmayın. Həmişə pula qənaət metodundan yararlanın ki, nəticədə kapitalınız qorunsun və artsın».

 

Qayda 9

Öz vəsaitinizlə yaşayın!

«Çalışın, heç vaxit borca pul göitürməyin. Götürsəniz, heç cür inkişaf edə bilməyəcək, bütün həyatınızı yoxsulluq içində keçirəcəksiniz. Cəld borclarınızı qaytarın və dövriyyəyə buraxmaq üçün azacıq kapital  toplayın».

 

Qayda  10

Qətiyyətli olun!

 

«Qətiyyətsizliklə siz heç nəyə nail ola bilməyəcəksiniz. 1984-cü ildə mən bir kompaniya almışdım. Bu kompaniyada bir qadından – kompaniyanın qurucusundan çox xoşum gəlirdi. İş onda idi ki, böyük maliyyəsi olmayan və olduqca qətiyyətli olan bu xanım yalnız qətiyyəti hesabına mebel satışı ilə məşğul olan böyük bir mağazalar şəbəkəsi aça bilmişdi».

 

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

 

 

Bazar ertəsi, 08 Yanvar 2024 12:15

Bir içimlik Musiqi

Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Azərbaycan Milli Konservatoriyası barədə qeydlər - 1-ci yazı

 

Azərbaycan - zəngin mədəniyyəti olan istedadlar ölkəsidir. Artıq azad Azərbaycanın azad övladı kimi bunu deyə bilirəm. İncəsənətimizdə fərəh və sevinc duyulmaqdadır. Əvvələr yaranan Vətən həsrətli əsərlər daha qələbə sevinci ilə əvəz olunub. 

 

Azərbaycan özünəməxsus mədəniyyəti ilə dünyaya səs salan bir mədəniyyət ocağıdır. Onun muğamı, musiqisi, musiqi alətləri dünyanın heç bir yerində yoxdur. Sizlərə musiqi diyarı olan Vətənimin bir təhsil ocağı haqqında danışmağı özümə borc bildim. İnsan sevdiyi işlə ucalır, daha düzgün desəm, insan sevdiyi işdə özünü daha çox xoşbəxt sanır. Bu xoşbəxtliyimi sizinlə bölüşürəm. Bu gün söhbət acacağım təhsil və mədəniyyət ocağı Mətbuat Katibi olduğum Azərbaycan Milli Konservatoriyasıdır. 

İşə başladığım ilk günü tərəddüd içində idim. Yalnız ətrafdan dost-tanış və təhsil ocağının mehriban rektoru Siyavuş Kərimi "sən bunu bacaraqsan" kimi təkidi sayəsində içimdə olan sözlə ifadəsi olmayan bir hiss geri durmağa mane oldu. Sabah yeni ümid və həyacanla deyilən vaxtda işdə oldum.

 

SABAHLAR

Azərbaycan Milli Konservatoriyasının özünəməxsus ənənə və ritualları olduğunu bilirdiniz? Konservatoriyanın sabahı dəhlizlərdə səslənən xor və orkestrlərin musiqi sədalarıyla başlayır. Yeddinci mərtəbəyə qalxırıq, kafedra müdirləri, dekanlar və digər idarə heyətiylə bərabər Siyavuş müəllim çox keçmir ki, dəhlizdə bizi salamlayır. İlk olaraq xor kollektiviylə görüşür, tələbələrin davamiyyətini yoxlayır. Orkestr füsünkar ifasıyla nəzər cəlb edir. Sonra bildim ki, bu orkestr Azərbaycan Milli Konservatoriyasının tələbələrdən ibarət olan “Buta” adlı  Xalq Calğı Alətləri orkestridir. Siyavuş Kərimi, təhsil işləri üzrə prorektor Malik Quliyev, kafedra müdirləri çox diqqətlə dərsi, tələbələrin davamiyyətini izləyirlər. Alətlərin hansı vəziyyətdə olduğunu belə yoxladıqdan sonra beşinci, dördüncü, ikinci mərtəbələrdə dərslərdə olan xor və orkestr kollektivlərinin dərslərində oluruq. Bəzən bu sabahlarda çoxlu qonaqlarımız da olur. Rektorumuz deyir ki, səfirliklərdən və yaxud musiqi  məktəblərindən, liseylərdən gəlmək istəyən qonaqları məhz “sabahlara” təyin edirik. Qoy gəlib Konservatoriyanın günü necə başlamasından xəbərdar olsunlar. Çünki hec yerdə belə bir nümunə yoxdur.

Sabah yoxlanışından sonra rektorumuz, müəllimlər, kafedra müdirləri, hər kəs işinə qayıdır. Gün öz axarıyla davam etməyə başlayır. 

 

AXŞAMLAR

Azərbaycan Milli Konservatoriyasının  

axşamları da qeyri adi olur. Çünki gündəlik tədbir və mükafatlandlrmalar, müxtəlif forum və təqdimatlarda iştirak edən Konservatoriyanın yetirmələri haqqında yazmaq üçün bəzən axşam saatlarına qədər işdə qalmağa məcbur oluram. Dəhlizlərdən gələn musiqi sədaları, professional ifalar, istedadlı tələbələr nəzərimi ilk gündən cəlb edir.

Ötən il Azərbaycan Milli Konservatoriyasında olan bütün tədbirlər, hesabat konsertləri Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində nəzərdə tutulmuşdu. Bu səpkidə bir neçə tədbirin şahidi oldum.

 

HESABAT KONSERTİ

Milli Vokal Kafedrasının “Fikrət Əmirovun yaradıcılığına səyahət” adı altında təqdim olunan hesabat konserti sanki tələbələrin deyil, məşhur opera ifaçılarının konserti kimi görünürdü. Azərbaycan Milli Konservatoriyasının böyük zalında keçirilən bu tədbirin coşqusu, tələbələrin həyəcanı diqqətimi cəlb etdi. İlk əvvəl özümü təqdim etmək üçün müəllim ilə görüşdüm. O, gülər üzlə məni qarşıladı. Bu, Respublikanın əməkdar artisti, Milli Vokal Kafedrasının baş müəllimi, uzun illər opera səhnələrindən sevərək izlədiyim Zenfira İsmayılovadır. Opera və Balet Teatrının solisti, baş rolların ifaçısı, prezident təqaüdçüsü, sənətinin vurğunu Zenfira xanıma və onun istedadlı tələbələrinə uğur diləyib, zala daxil oluram. İzləyicilər yavaş-yavaş öz yerlərini alırlar. Milli Vokal Kafedrasının müdiri Azər Zeynalov sevimli müəllim və tələbələrə uğur diləyib, tədbiri açıq elan edir. Tədbir Fikrət Əmirovun foto görüntüləri fonunda bir-birindən zəngin əsərləriylə davam edir. Nəzərimi cəlb edən məqamlardan ən önəmlisi isə birinci kursdan ta maqistr dərəcəsinə qədər təhsil alan tələbərin eyni səhnəni yüksək peşəkarlıqla bölüşməsi olur. Tələbələr səhnədə sərbəst, səslərinə və səhnə hərəkətlərinə son dərəcədə diqqətli, nizamlı idilər. 

Fikrət Əmirovun “Sevil" operasından səslənən Sevilin, Dilbərin ariyaları çox uzun müddət yaddaşlardan silinməyəcək. Zeynəb Hüseynova sanki həmin obrazların bütün səhnə keyfiyyətini mənimsəmişdir. Opera səhnəsində bir çox Dilbərlər gördük.

Tələbənin ifa etdiyi Dilbər obrazı heç də onlardan geri qalmırdı.

“Laylay" əsərinin ifaçısı Nigar Rüstəmova səhnə geyimi, mədəniyyəti və səsinin gözəlliyi ilə tamaşaçıların qəlbini fəth etməyi bacardı.  Səhnə professionallığı, sərbəstliyi, ona hakim olmağı sevir.

Tələbələrin istedadı bütün bu meyarlara yüksək səviyyədə cavab verirdi. Fikrət Əmirovun "Şeyx Sənan" əsərindən Kor ərəbin mahnısını ifa edən Cavidan Isayevin yüksək peşəkarlığına söz tapa bilmədim.

Tələbələr bir-birindən gözəl ifalar nümayiş etdirdi. Bu, Zenfira İsmayılovanın ucalığı və uğuru idi. Konsert boyu Fikrət Əmirovun video görüntülərini görüb, səsini eşitdik. Fikrət Əmirov Azərbaycan musiqisinin korifeyi, bəstəkarlıq məktəbinin yaradıcısı olmuşdur. Onun yazdığı əsərlər Azərbaycan operasının əsasını təşkil edir. Bir bəstəkarınn böyüklüyü onun insan ruhuna, düşüncəsinə yaxın olmağıdır ki, Fikrət Əmirov bu sahədə Azərbaycan musiqisində böyük iz qoyub gedən  sənətkardır. İndi onun yaradıcılığına müraciət etmək bir müəllim və tələbə heyəti üçün böyük sənətkarlıq tələb etməklə yanaşı bu musiqini də daima yaşatmaqdır.

 

VOKALÇILARIN UĞURU

Milli Vokal Kafedrası Vokalçıların III Beynəlxalq Festivalında konsert proqramı ilə çıxış etdi. Bu uğurlu konsert də unudulmaz anlar yaşatdı. 

Azərbaycan Milli Konservatoriyası bir sənət ocağıdır. Bu ocaqdan musiqi sənətinə atılan qığılcımlar daim yaşayacaq. Burada mövcud olan nizam intizam, tələbələrin təlim - tərbiyə və təhsili yüksək səviyyədədir. Tələbələr sənət sevgisiylə yaşayan hər biri ayrılıqda bir istedaddır. Onları dəhlizdə, dərsdə və böyük səhnədə gördüm. Zənnim məni aldatmadı. Onların hər birinin amalı yaradıcılıqdır. Rektor, xalq artisti Siyavuş Kərimi öz çıxışlarında tez-tez vurğulayır ki, ilk öncə yaradıcılıq, sonra nizam-intizam, davamiyyət. Çünki daima təkrarlamaq və öz üzərində çalışmaq yalnız insanı uğura apara bilər.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Dubayda keçirilən “ZHARA FEST” musiqi festivalı zamanı tədbirin təşkilatçısı və təşəbbüskarı Emin Ağalarov iyulun 24-dən 28-dək Sea Breeze Resort kurort şəhərinin səfalı sahilində təşkil olunacaq “DREAM FEST 2024” beynəlxalq festivalına start veriləcəyi ilə bağlı rəsmi açıqlama verib.

 

Emin Ağalarovun mətbuat xidmətindən AzərTAC-a bildirilib ki, “DREAM FEST” iştirakçılarının coğrafiyası dünya miqyasında təqdim olunacaq: Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri. Tamaşaçılar beş gün ərzində Xəzər dənizinin sahilində açıq havada möhtəşəm, inanılmaz şoudan və 250 artistin çıxışından həzz alacaqlar.

“Yayda “Sea Breeze Resort”da dünya musiqi festivalları tarixində heyranedici hadisə - “DREAM FEST” musiqi festivalı keçiriləcək. Biz festival mədəniyyətinə tamamilə yeni baxış tətbiq etmək istəyirik. “DREAM FEST”də bir çox ölkələrdən musiqiçilər, müxtəlif illərin “Eurovision” ulduzları iştirak edəcəklər. İnanılmaz miqyas və həmişəki kimi nəhəng planlar”, – deyə festivalın təşkilatçısı Emin Ağalarovun şərhində bildirilir.

TV tamaşaçıları da festivalın televiziya versiyasını izləyəcək, özlərini tədbirin birbaşa iştirakçıları kimi hiss edə biləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

 

7 yanvar 700-dən çox ixtirasıyla məhşurlaşmış Nikola Teslanın bir otel otağında kimsəsiz öldüyü gün idi. Bu yazım onun barəsindədir.

 

“Fərz edək ki, mən sizi öldürməyə cürət edirəm. İkincisi isə siz bunu qabaqcadan bilirsiniz. İndi yəni bu yaxşı iş deyil? Başqa hansı proses bütün bu fikirləri əhatə edə bilər ki?"

Bu fikir öz ixtirasını açıqlamağa çalışan Nikola Teslaya məxsusdur. Nikola Tesla müasir dəyişən cərəyanlı elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektriki və maşın mühəndisi, ixtiraçısıdır.

Tesla 1884-cü ildə ABŞ-nın Nyu-York şəhərinə Tomas Edisona işləmək üçün immiqrasiya etməzdən əvvəl elektrik mühəndisliyi və telefoniya sahəsində təcrübə qazanmışdı. O, tezliklə elektrik cihazlarının spektrini inkişaf etdirmək üçün laboratoriyalar və şirkətlərin təsis edilməsi üçün maliyyə tərəfdarları ilə müstəqil şəkildə müqavilə bağlamağa nail oldu. Özünün patentləşdirdiyi dəyişən cərəyan asinxron maşın və transformatoru müşavir kimi Tesla üçün çalışan Corc Vestinqauz tərəfindən lisenziyalaşdırılıb.

Onun işi elektrik enerjisinin inkişafının sonrakı illərində "Cərəyanlar müharibəsi" kimi adlanan dəyişən və sabit cərəyan enerji ötürmə standartlarının yaradılması arasında ümumi mübarizə ilə nəticələndi. Tesla yüksək gərginlikli və yüksək tezlikli naqilsiz işıqlandırma və elektrik enerjisinin paylanması ideyalarını davam etdirmək üçün Nyu-Yorka və Kolorado Sprinqsə gedərək, öz qurğuları ilə simsiz rabitənin mümkünlüyü barədə ilk bəyanatları ilə çıxış etmişdir. O bu ideyaları təyin etmək üçün özünün tamamlanmamış Vordenkliff qülləsi proyektinin qitələrarası simsiz ötürmədə praktiki istifadəsinə cəhd etdi. Laboratoriyada o, həmçinin rentgen şüaları, elektrik yüklənmə borusu və mexaniki ossilyator generatorları ilə bir sıra eksperimentlər aparırdı. O hətta bir zaman birinci dəfə nümayiş olunan simsiz idarə olunan qayıq hazırlamışdı.

Tesla nailiyyətlərinə görə məşhurlaşdı və sonda tipik "çılğın alim" kimi populyar mədəniyyətdə şöhrət qazandı. Patentləri ona xeyli pul qazandırdı və uğurundan müxtəlif dərəcədə öz layihələrinin maliyyələşdirilməsi üçün istifadə etdi. O, həyatının çoxunu — təqaüdə çıxana kimi müxtəlif Nyu-York otellərində yaşayıb. Tesla 7 yanvar 1943-cü ildə vəfat etdi. Onun yaradıcılığı vəfatından sonra unudulmağa başladı, ancaq 1960-cı ildə Çəki və Ölçülər üzrə Baş Konfrans Beynəlxalq Sistemlərdə onun şərəfinə maqnit induksiyasının vahidini tesla adlandırdı. Teslaya aid hekayələrə 1990-cı illərdən bəri populyar mədəniyyətdə yenidən maraq oyandı.

Və ən nəhayət, dünyanın ən zəngin şəxslərindən biri və birincisi İlon Mask “Tesla” kompaniyasını yaradaraq mərhum alimə ölümsüzlük bəxş etdi. 

Yeri gəlmişkən, Bakının küçələrində şütüyən “Tesla” elektrik avtomobillərinin sayı artmaqdadır, diqqət etmisinizmi? 

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz. 

Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınız şeir 2014-cü ildə yazılıb. 

 

İnanmıram


(içimdəki nəğmələrdən)

 

Yazırsan ki: “Dərdimnən ölürsən” –

inanmıram,

təzə şəkillərində hönkürüb gözlərini

silirsən – inanmıram,

Axıdıb sellərini, tökürsən dillərini,

hey ... üzünə-dizinə çırpırsan əllərini,

yadıma salıb hər an acı əməllərini,

bilirsən – inanmıram,

 

İnandım hər sözünə, alışdım hər közünə,

verdiyin əzabların dözmüşəm hər üzünə,

duysam da dəli olub sənin özün-özünə

gülürsən – inanmıram,

 

Axşamlar erkən düşür, isti mənnən gen düşür,

həyətdən səsin gəlir, eyvana kölgən düşür,

bezib yalanlarınnan həsrət məni üşüdür,

gəlirsən – inanmıram...

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.