Könül, “Ədəbiyyat və incəsənət”
Hansı uşaq yazıçılarını tanıyırsız? Mən uşaqlıqdan Mirzə Ələkbər Sabirin və Abdulla Şaiqin uşaq şeirlərini (“Buz”, “Xoruz” və s.), Süleyman Sani Axundovun qorxulu nağıllarını (“Qaraca qız”), eləcə də əcnəbilərdən Hans Xristian Andersenin nağıllarını, Astrid Lindqrenin Karlsonunu və Peppisini və bu qəbildən digər kitabları oxumuşam. Bugünsə ölkəmizdə Zahid Xəlil, Rafiq Yusifoğlu, Solmaz Amanova kimi uşaq yazıçıları var.
Niyə bu barədə danişiram? Çünki bu gün təqvimin elə bir günüdür ki…
1967-ci ildə aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu tarix 1805-ci il aprelin 2-də məşhur danimarkalı yazıçı, uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətlər göstərmiş Hans Xristian Andersenin dünyaya göz açdığı günün şərəfinə təsis edilib. Bu tarixdə əlamətdar gününün qeyd edilməsini təklif edən isə alman yazıçısı Yella Lepman olub.
Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də silsilə tədbirlərlə qeyd edilir. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri keçirilir. Bu qəbildən, ANAİB-in keçirdiyi Uşaq kitabı Sərgilərini qeyd etmək olar.
Hər il bütün dünyanın bu günü qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir.
Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsiylə başlayıb. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Komenski uşaqlara dünyanı anladan rəsmlərin yer aldığı kitab nəşr etdirib. XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayır. D.Defo və C.Sviftin "böyüklər" üçün yazılmış "Robinzon Kruzo" (1719) və "Qulliverin səyahəti" romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub. Yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. Şərqdə "Min bir gecə", "Ələddin", "Əlibaba və qırx quldur", "Sindibadın yeddi səyahəti" nağılları da bu qəbildəndir. Qrim qardaşlarının nağıllar kitabı bu baxımdan diqqət çəkir. 1846-cı ildən başlayaraq Andersonun qələmə aldığı nağılları uşaqlar günümüzdə də çox sevirlər. Müəlliflərin və kitabların adını saymaqla bitməz.
XIX əsri uşaq ədəbiyyatının "qızıl əsri" sayanlar da çoxdur.
Kitabı sevin, kitablarla dostluq edin, əziz uşaqlar!
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)