Görkəmli musiqiçi Rafiq Babayevin 88 illiyi münasibətilə konsert təşkil edilib

 

Şəhriyar adına Mədəniyyət Mərkəzində “JIDIR JAZZ” layihəsinin təşkilatçılığı ilə Azərbaycan caz səhnəsinin əsas simalarından biri olan Rafiq Babayevin anadan olmasının 88-ci ildönümü münasibətilə konsert keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Mərkəzin foyesində görkəmli bəstəkar və musiqiçiyə həsr olunmuş fotoşəkillərdən ibarət sərgi təşkil edilib. Buradakı eksponatlar vasitəsilə caz həvəskarları və pərəstişkarları Rafiq Babayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə edə biliblər.

Musiqili axşamın özü təkcə Rafiq Babayevin yaradıcılığını və irsini ən dərindən təqdim edən xüsusi hadisəyə çevrilmədi. Aparıcı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri səhnədən ətraf aləmin əksini öz yaradıcılıq axtarışlarında tapmış musiqiçinin həyatının müxtəlif dövrlərindən xüsusi hərarətlə danışdı. Böyük istedada malik olan bəstəkar çoxlu sayda caz parçaları, xalq və estrada mahnılarının çoxsaylı aranjemanları, iyirmidən çox kinofilm üçün musiqilər bəstələyib.

İlhamə Qasımova və Hidayət Sadıxbəylinin ifasında təqdim olunan musiqi əsərlərinin premyeraları ilə Rafiq Babayevin kamilliyə can atmaqdan yorulmayan, başqa musiqiçilərin bəstələri üzərində səhərdən axşamadək işləməyi bacaran, onların gündəlik həyatımızın ritmində yox olmasının qarşısını alan və qoruyub saxlayan, gələcək nəsillərə çatdıran əsl yaradıcı insan kimi böyük xidmətləri bir daha vurğulanıb. Tofiq Cəfərov və Ələsgər Abbasov da Rafiq Babayevə həsr olunmuş xüsusi yazılmış caz kompozisiyalarını ifa ediblər.

Musiqili gecə aktiv dünya konsert fəaliyyəti səbəbindən bir tədbirdə toplaşması çətin olan iştirakçıların tərkibi ilə zaldakı tamaşaçıları heyran edib. Səhnədə Firudin Həmidov ilə “H3 Collective” qrupu, “QAYA” ansamblı, Ənvər Sadıxovun “Qaytağı” qrupu, Ələsgər Abbasov, Teyyub Aslanov və Nicat Aslanovun triosu, Emil Əfrasiyab, “Cəngi” qrupu ilə Mircavad Cəfərov, “Savab” qrupu ilə Cəmil Əmirov, Salman Qəmbərovun “Bakustic Jazz” ansamblı, Əfqan Rəsulun triosu, Tofiq Cabbarov və “Bakuba” qrupu, Vasif Ayyanın triosu və digər musiqiçilər çıxış ediblər.

Bəstəkarın qızı Fərizə Babayeva qeyd edib: “Deyə bilərəm ki, bu, Rafiq Babayevə həsr olunmuş ən parlaq konsertdir. Hər şeydən əvvəl ona görə ki, onun “məkanına” çoxlu amillər daxil olub. Birincisi, konsert günü şəhərdə olan bütün musiqiçilər konsertdə iştirak etmək arzusunu bildirdilər. Səhnəyə çıxan on beş heyət öz sözünü deyir. İkincisi, bu konsertin artıq kiçik layihələrə imza atmış caz musiqiçilərini və müxtəlif peşə sahiblərini birləşdirən gənclər birliyi olan “JIDIR JAZZ” layihəsinin təqdimatına çevrilməsi və onların təşkilatçı qismində çıxış etməsi çox vacibdir. Bu, “JIDIR JAZZ”ın debütü idi və uğurlu alındı. Konsertdən əvvəl foyedə nümayiş etdirilən fotosərgi də musiqili gecə üçün uyğun ahəng və ab-hava yaratdı. Orada, foyedə rəssam Şərqiyyə Rəhmanlının gözəl əsəri sərgilənirdi - o, bu rəsmdə Rafiq Babayevin musiqisinin enerjisini çatdırıb. Xüsusilə qeyd etmək istərdim ki, konsert zamanı biz Rafiq Babayevin ifasında caz standartlarının ilk notlarını təqdim etdik. Kompozisiyalardan biri gecədə iştirak edən Fərəc Qarayev üçün sürpriz olub. Məlum faktdır ki, atamın vəfatından sonra praktiki olaraq heç bir musiqi notu qalmayıb. Onun bütün musiqiləri bu gün yalnız audio versiyada mövcuddur. Bu axşam isə Afşin Əlizadə və Pərviz Quliyevin audioyazılarından köçürülərək çap olunmuş “Bir cənub şəhərində” (F.Qarayev) və “Təxminə” (E.Sabitoğlu) filmlərinin caz təfsirlərindən ibarət dəftərlər təqdim olunub. Nəhayət, mənim üçün bu konsertin dəyərli cəhəti bir neçə nəslin iştirakı oldu. Musiqiçilər iki nəsildə ifa ediblər: Ənvər Sadıxov və onun oğlu, Ələsgər Abbasov və qızı, Teyyub Aslanov və oğlu, həm də nəzərə alsanız ki, bu layihənin təşkilində qardaşım oğlu Natiq Kələntərli və oğlum Mikayıl Hüseynzadə də iştirak edib, bu, artıq Rafiq Babayevdən sonrakı üçüncü nəsildir!”

Özünün unikal üslubu və milli caz musiqisinə böyük töhfəsi ilə seçilən Rafiq Babayev bu konsertdə müasir Azərbaycan musiqisi mədəniyyətinin əsas simalarından biri kimi təqdim olundu. Dahi bəstəkar Qara Qarayevin təbiri ilə desək, “...Rafiq Babayev demək olar ki, hər şeyə qadirdir!”

 

“Ədəbiyyat və incəsənət”

(02.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.