Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”
Bir dəfə bankomatdan pul çıxarmaq üçün getmişdim. Adam çox idi və mən öz növbəmi gözləyirdim. Gözləyərkən gözüm bankomatın yanındakı bir elana sataşdı :
- Körpə balamıza dəstək olun. Yalvarıram, balamı bu bəladan xilas edin. Allah xatirinə 1 manatınızı belə əsirgəməyin.
Körpə uşaq əməliyyat olunmalı idi, lakin ailənin maddi gücü buna imkan vermirdi. Ona görə insanlardan yardım istəyirdilər. Baxıb keçənlər də var idi, bank kartının nömrəsini götürüb yardım etmək istəyənlər də. Növbə gözləyə-gözləyə kartın nömrəsini götürüb müəyyən bir məbləğ də mən göndərdim. Düşündüm ki, bir insanın acısını dərk etmək, onu başa düşmək üçün özünü onun yerinə qoymağı bacarmalısan. Empatiya bacarığın olmalıdır. Yoxsa ki, şərt deyil onun başına gələn sənin də başına gəlsin. Digər bir məsələ laqeydlik məsələsidir ki, bu da öz növbəsində insanları etinasız hala gətirib çıxarır.
Bu haqda Çində inanc sistemi belə formalaşıb ki, əgər ki, bir nəfər dənizdə boğulursa ona yardım etmək olmaz. Təəccübləndiricidir niyə ?
Çünki, bu taleyin hökmünə qarışmaq kimi qarşılanır. Bir insanın taleyində ölüm varsa, ona müdaxilə etmək olmaz.
Qayıdaq əvvəlki mövzumuza, doğrudur, indiki zamanda yaranan hər bir şəraitdən istifadə edib öz şəxsi mənafeyi naminə iş görən, fırıldaqçı insanlar da var. Hansı ki, o tip "insanların" sayəsində həqiqi ehtiyacı olan insanlara kömək etmək istəyənlər də ehtiyatlılıq şübhəsi formalaşdırmağa başlayır. Bir növ "yalançının evi yandı, heç kəs ona inanmadı" məsəli kimi.
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)