“Facebook boxçası” rubrikası yenidir. Əməkdaşlarımız facebook sosial şəbəkəsində paylaşılan maraqlı şeirləri bura daşıyırlar. Bu dəfə diqqətlərini Banu Muharremin “Qalsın” şeiri çəkib.
Qalsın…
Vaxt var idi, sözə baxan uşaqdım
İllər keçdi, gözdən sözü oxudum.
Hər ötənə ürəyiyumuşaqdım
Mərhəmətdən səhvə düzü toxudum.
Öyrəndim ki, belə olur hardasa-
"köhnə əşya, sökük süfrə atılır".
And içdiyin, can verdiyin qaldısa
Geci-tezi, düşməninə satılır.
Susduğumda gileylənən dostlarım
dərdləşdikcə dedilər ki: "xəstədir"
Yanağıma gülüş kimi sıxdığım-
hər addımım keçmişimə bəstədir.
Vərəqini bir ümidsiz baxışla
Çox qadın var, göz yaşıyla isladan.
Əlindəki quru taxta qaşıqla
qazanında "kimsəsizlik" qaynadan.
Daha yoxdur o uşaqdan əlamət
Daha indi o qadın da yorulur.
Neçə-neçə uydurduğu hekayət
Uzun yolun yarısına yozulur.
“Ədəbiyyat və incəsənət”
(02.04.2024)