Super User
GÜNÜN FOTOSU: Tayvanda dağıdıcı zəlzələ baş verdi
GÜNÜN FOTOSU: Tayvanda dağıdıcı zəlzələ baş verdi
Tayvanın şərq sahillərində baş verən güclü - 7,2 bal gücündə zəlzələnin qurbanları yüzlərlədir, təbii ki, dəqiq say itkin düşdüyü elan edilənlərin meyidləri tapılandan sonra bəlli olacaq.
Yerli vaxtla səhər saat səkkiz radələrində ilk təkandan sonra yüzdən çox müxtəlif güclü afterşok izlənilib. Təkanlar adanın hər yerində hiss olunub.
Ən böyük dağıntılar isə Hualien şəhərində baş verib.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Üç müharibənin şahidi
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Bu gün sizə dostlarımdan biri, şair kimi tanıdığım, Şövkət Zərin xanım barədə danışacam. Yazıçı Elçin Hüseynbəyli onun haqqında yazır;- "Əlli ildən çox müəllimə işləyən, dəfələrlə dövlət tərəfindən təltif olunan yazarımızın ədəbiyyatda da uğurları çox olub ("Rəsul Rza", "Mahmud Kaşğari" mükafatları, bir illik Prezident təqaüdü və s.). O, qələmini üç janrda (poeziya, bədii-sənədli əsərlər, yaxud publisistika və nəsr) sınayıb və bir-birindən maraqlı əsərlər yazıb. Şübhəsiz, onun bədii-sənədli nəsrinin baş əsəri "Açılmamış zərf"dir.
Bu əsərdə o, Əfqanıstanda keçirdiyi günlərdən, başına gələn müxtəlif olaylardan, həyatından, ailəsindən, düşdükləri keşməkeşli hadisələrdən, əfqan həyatından danışır. Əzabkeş, bir az da dikbaş əfqan xalqı onun həyatının bir parçasıdır. Ömür-gün yoldaşı Hüseyn müəllimin işi ilə bağlı Əfqanıstanda olan Şövkət xanımı indi daha yaxşı anlamaq olar. Təxminən 350 il müharibə şəraitində yaşayan, döyüş poliqonuna çevrilən Əfqanıstanda indi də vəziyyət gərgindir və bu gərginliyi o, bizim çoxumuzdan yaxşı hiss edir. Amma bir şeyi də yaxşı bilir ki, bu müsəlman ölkəsində qarmaqarışıqlıq xarici güclərə sərf edir. Çünki bütün müsəlman dünyasına təhlükə daha çox oradan yarana bilər."
Həyatı boyu üç müharibənin şahidi olub. Necə deyərlər, ömrünün kamillik dövrünü yaşayır. Yəqin ki, digər dostları da, onun müsbət xüsusiyyətləri barəsində söhbət açacaqlar, amma mən istərdim ki, bu təqdimatımı məhz Elçin bəyin fikirləri ilə yekunlaşdırım:
"Şövkət xanım ömrünün ixtiyar çağını yaşasa da, ruhən cavan və təzədir. İnanıram ki, o, hələ öz əsərləri ilə bizi çox sevindirəcək..."
Bəli, biz də buna inanır, Şövkət xanıma möhkəm can sağlığı, ağrı-acısız günlər və yaradıcılıq uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” əsərində mif və gerçəklik
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün ədəbi tənqid zamanıdır, Filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin “Dəniz kənarıyla qaçan alabaş” məqaləsi ilə tanışlıqdır.
“O başa düşürdü ki, nəhayətsiz ənginlik müqabilində qayıqda olan insan heç nədir. Lakin insan düşünür, özü də bununla Dəniz və Səma böyüklüyü kəsb edir, bununla da o, dünyaların dərinliyi və ucalığı fövqündə dayanır. Elə buna görə də insan nə qədər ki sağdır, o, ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, zira onun düşüncəsinin hüdudu yoxdur. O öləndən sonra isə davamını kimsə bir başqası düşünəcək, ondan sonra daha bir başqası, sonra da bir başqası və bu minvalla nəhayətsiz olaraq düşünəcəklər”.
Çingiz Aytmatov
İnsanın məğlubedilməzliyi, ruhun ölməzliyi və onun varisliyi dünya ədəbiyyatının içindən qırmızı xətlə keçir və zamandan, məkandan asılı olmadan sənət adamlarını düşündürür. XIX əsrin sonu, XX əsr boyu dünyada elmi-texniki inqilablar baş verir və bu hadisələr arzuolunmayan nəticələrə səbəb olur. Bir-birinin ardınca baş verən iki dünya müharibəsi ədəbiyyatı vahid ideyaya-insanın tədqiqinə yenidən və fərqli baxmağı tələb edirdi. Nəzəri konsepsiyaların bir-birini əvəz etməsi bu və ya digər səbəblə dünya müharibələri və onların doğurduğu paroksizmlə bağlı idi. Sənət insanı və insanlığı sarsıdan, onun ucalığı haqqında min illər boyu formalaşan konsepsiyanı dağıdan fəlakətlər qarşısında aciz idi. Doğrudan da, Lev Tolstoyun “Hərb və sülh” kimi monumental əsərindən sonra iki dünya müharibəsi baş vermişsə, demək ki, sənət, geniş mənada mədəniyyət, ictimai-siyasi maraqların, imperialist iddiaların qarşısında məğlub olub. Erix Maria Remark “Qərb cəbhəsində təbəddülat yoxdur” romanında qəhrəmanı 19 yaşlı gənc Paul Boymer vasitəsilə dünya müharibəsindəki məlum reallığı xarakterizə edirdi. “…parçalanmış bədənin üzərində hələ də həyatın gündəlik cərəyanını əks etdirən insan çöhrəsinin bulunduğuna adam heç cür inana bilmir. Lakin bu hələ yalnız bir xəstəxana, yalnız bir müalicə məntəqəsidir; halbuki bunlardan yüz minlərcə Almaniyada, yüz minlərcə Fransada, yüz minlərcə də Rusiyada vardır. Bütün bunlar mümkün olduğu halda, insanların vaxtilə yazdıqları, elədikləri, düşündükləri şeylər nə qədər mənasız imiş? Əgər min illərin mədəniyyəti bu qədər qanın axmasına, yüz minlərlə belə həbsxanaların törəməsinə bais olan amili aradan qaldıra bilməmişsə, o zaman bütün bunlar yalnız yalan və laqqırtıdan başqa bir şey deyilmiş!”
Hər iki müharibədə milyonlarla insan ölürdü. Heç kim onların seçim haqqını müzakirə etmirdi. Ən ucuz xərclənən isə insan ömrü, onun arzu və istəkləri oldu. Dünya nəsrində “itirilmiş nəslin nümayəndələri” kimi tanınan Erix Maria Remark, Ernest Miller Heminquey və başqalarının yaradıcılığında müharibə bütün mahiyyəti ilə təsvir olunurdu. Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur”, Heminqueyin “Əlvida, silah”, “Olmalı, yaxud olmamalı” romanları, eləcə də Çingiz Aytmatovun çox sonralar qələmə aldığı “Öldürmək, öldürməmək” əsəri təxminən eyni səpkidə qələmə alınan nəsr nümunələri idi.
Müharibədən illər keçdikdən sonra sənətdə insana daha fərqli rakursdan baxmağa, onu yenidən kəşf etməyə cəhdlər edilməyə başlandı. Bu kontekstdə ərsəyə gələn ən uğurlu əsərlərdən biri Ernest Miller Heminqueyin “Qoca və dəniz” povesti idi. Çingiz Aytmatov üstündən on illər keçdikdən sonra həmin ideyada öz əsərini yazdı. Yazıçının “Dəniz kənarıyla qaçan alabaş” povesti insana yenidən və fərqli dönüş ideyasını ifadə edən dünya nəsrinin maraqlı nümunələrindən biridir. “Dəniz kənarıyla qaçan alabaş” Çingiz Aytmatov yaradıcılığının və onun insanlıq konsepsiyasının təkrarsız bədii nümunəsidir. “Qoca və dəniz”də olduğu kimi, bu əsərdə də insanın yenilməzliyi, ucalığı müharibə situasiyasında deyil, fərqli bədii zaman və məkanda təsvir edilir.
Povest dənizlə bağlıdır və əsərdə həyatı balıqçılıqla keçən insanların taleyindən bəhs olunur. Eyni zamanda əsərin süjeti real müşahidələrə, yaşanmış hadisələrə və qəhrəmanlara əsaslanır. “Dəniz kənarıyla qaçan alabaş” povestinin süjeti Çingiz Aytmatovun dostu yazıçı Vladimir Sanqinin mənsub olduğu dənizçi nivx xalqının həyatından götürülüb. Əsas məşğuliyyətləri balıqçılıq olan nivxlərin sənətləri ilə bağlı müxtəlif əhvalatları var və Vladimir Sanqi onlardan birini, balıqçıların dəniz ovu zamanı azması və qu quşunun köməyi ilə qurunu tapması ilə bağlı hadisəni görüşdükləri zaman Aytmatova danışır. Əsərdəki Kiriskin prototipi Vladimir Sanqinin özüdür, Çingiz Aytmatov da əsərini yazıçı dostuna ithaf etmişdir. “Bu əsərdə baş vermiş real hadisədən bəhs etdim. Hekayənin qəhrəmanı kiçik Kirisk hələ də yaşamaqdadır və bir yazıçıdır. Adı Vladimirdir”.
Çingiz Aytmatov müsahibələrinin birində Vladimir Sanqi ilə həmin görüşdən və əsərin yaranması ilə bağlı tarixçədən bəhs etmişdir: “Mənə bir gün başına gələn hadisəni nəql etdi. Bu hadisəni mənə verməsini, icazə verərsə, yazmaq istədiyimi söylədim. Heç tərəddüd etmədi, hətta – bundan hekayə çıxar? – deyə sakitcə çiyinlərini çəkdi. Mən oturub yazdım. Nəşr olundu. Bir gün qarşılaşdıq, heyrətlənmişdi: “Necə yazdın? Mümkün iş deyil, kaş hekayəni sənə verməyəydim!” – dedi. Güldüm. “O hadisəni yaşayan sənsən, amma sən yaza bilməzdin” – dedim. Ancaq mən yaza bilərəm. Mən nə etdim? Vladimirin yaşadığı, hər kəsin başına gələ biləcək hadisəni götürdüm, öz fəlsəfəmin içinə oturtdum. Əhvalatdakı bəşəri, müştərək olan məqamı tutdum və əsəri yazdım. Hər usta yazıçı, dünyanın harasında yaşayır-yaşasın, bütün insanlar arasında müştərək olan nöqtəni tutar və o nöqtəni hədəf alaraq əsərlərini qələmə alar”.
“Dəniz kənarıyla qaçan alabaş” povesti ilk dəfə 1977-ci ildə “Znamya” jurnalında çap olunur. Orqan, Əmrayıl, Mılğun və Kiriskin timsalında yazıçı insan həyatının mənası və onun gələcək uğrunda mübarizəsini təsvir edir. Çingiz Aytmatov əsərlərində obrazlar və onları əhatə edən mühitlə çərçivələnmiş dünyanın modelini qurur. Yazıçının müəllifi olduğu “Qiyamət” romanında dünyanın sonu-qiyamət o zaman başlanır ki, əsərdə təsvir olunan və nəslin, geniş spektrdə insanlığın davamçısı sayılan sonuncu oğlan uşağı ölür. Eyni zamanda mifik inanca görə, insanların xilaskarı hesab edilən boz canavar insanlar tərəfindən öldürülür.”Qiyamət” romanından fərqli olaraq, burada dünyanın sonu ilə bağlı yazıçının düşüncələri ümidvericidir. Aytmatov “Dəniz kənarıyla qaçan alabaş” povestində də bir ailənin timsalında model quraraq bəşəri ideyaları diqqət mərkəzinə çəkir. Dörd nəfərin mindiyi qayıq dənizə balıq ovuna çıxır. Povestdə Kirisk bir ailənin timsalında insan cəmiyyətinin, eyni zamanda onların müqəddəs saydıqları sənətlərin gələcəyini təmsil edir. Hər kəs ona uğurlu ov arzulayır. Bir-birinin ardınca öz həyatlarını qurban verərkən Orqan, Əmrayıl və Mılğun yeniyetmə gəncin müstəqil bir fərd olaraq özünü cəmiyyətdə təsdiqini və bir nəslin gələcəyinin xilasını düşünürlər. Arif Əmrahoğlu yazır: “Ağ gəmi” insanların özlərinin sürətləndirdikləri qiyamətin gəlişinin xəbərdarlığıdır, “Dəniz kənarıyla qaçan Alabaş” isə insanların öz iradələrindən asılı olmadan başlamaq ərəfəsindəki qiyamətin qarşısını almalarının təntənəsidir”.
Yazıçının əsərdə əsl məqsədi dünyanın əbədiliyinə inam və hər bir insanın öz nəslinin yaşama arzusunu ifadə etməkdir. Bu baxımdan balıqçı nəslinin nümayəndələri Orqan, Mılğun və Əmrayılın yeniyetmə Kiriskin həyatı uğrunda apardıqları mübarizə və özlərini fəda etmələri insan oğlunun ucalığıdır. Əsl insan çətin anlarda öz mənafeyini deyil, xalqın taleyini düşünərək gələcək üçün nə lazımdırsa, etməlidir. Povest adət-ənənənin atadan oğula ötürülməsinin və insan oğlunun dünəni, bu günü və gələcəyi uğrunda mübarizəsinin göstəricisidir. Çingiz Aytmatovun povestinin sujeti gerçək qəhrəmana və onun həyat hekayəsinə dayanır. Həyatı dənizə bağlı olan insanların taleyi – harda olmasından asılı olmayaraq – ortaq mahiyyət kəsb edir.
Çingiz Aytmatovun əsərində mifə istinad olunur. Miflər dünyanın ilkin yaranışında və onun ayrı-ayrı inkişaf mərhələlərində ulu əcdadlarımızın ətraf aləmi dərk etməsiilə, onları narahat edən, maraqlandıran hadisələrlə bağlı yaratdıqları şifahi bədii mətnlərdir. Qədim insanların həyat tərzi kimi qəbul edərək yaşadıqları miflər, bəşəriyyətin inkişafının növbəti mərhələlərində bu və ya digər formada iştirak etmiş, öz mövcudluqlarını qoruyub saxlamışlar. XX əsrdə Karl Qustav Yunq Ziqmund Freydin şüuraltı nəzəriyyəsinin əksinə özünün təhtəlşüur konsepsiyasını irəli sürdü. Yunqun təhtəlşüur psixoloji konsepsiyasının üç elementindən biri ortaq təhtəlşüur adlanırdı. Məhz bu elementin əsasında Yunq arxetip nəzəriyyəsini yaratdı. Yunqun nəzəriyyəsinə görə, ortaq şüur insanların həyatlarında bəzən ixtiyari, bəzən də qeyri-ixtiyari şəkildə iştirak edən vərdişlərin, inancların məcmusudur. Beləliklə, modernist estetikanın faktı kimi mifə istinad XX əsrdə dünya nəsrində geniş yayıldı. Baş verən hadisələri izah etməyə çətinlik çəkən sənət, mədəniyyət geriyə, ilkin başlanğıca qayıtmaqla izahlar tapmağa çalışırdı. Məhz bu səbəbdən Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestində insan taleyinin bəşəriyyətin ilkin başlanğıc əlamətləri – mif gerçəkliyi kontekstində izahı təbiidir.
Dünyanın müxtəlif xalqlarının mifologiyasında dünyanın su başlanğıcı ilə bağlı motivlər vardır. Altay yaradılış dastanında Qaraxan dünyanı ucsuz-bucaqsız su üzərində yaradır. Çingiz Aytmatovun əsəri mifdən gələn mətnlə – Luvr ördəyinin qanadları ilə qurunu yaratması ilə başlayır. Povestdə üç əsas tərəf var: nəhayətsiz dəniz, Luvr ördəyinin lələkləri ilə qurduğu yuvadan yaranan torpaq və onların arasında seçim etmək məcburiyyətində qalan insan. İnsan təbiət etibarilə daha çox quruya, torpağa bağlı olduğu üçün dəniz onu sevməz. İnsan isə əksinə, hər zaman dənizi fəth etmək arzusu ilə yaşayır. Qurunun hüdudsuzluğundan fərqli olaraq, dənizin intəhasızlığı insanı həyəcanlandırır, düşündürür. Su mifoloji mətnlərdə kainatının başlanğıcını, ilkin vəziyyətini xarakterizə edir. Su, eyni zamanda, həyatın var olması, canlıların varlıqlarını davam etdirə bilmələri üçün təməl ünsürlərdən biridir. Dolayısı ilə canlının həyatı suyla bağlıdır.
Özünüaldatma yolu, uğursuzluqdan qaçma cəhdi, taleyin arzuolunmayan hökmündən qorunmaya, təhtəlşüur hadisəsinə-arxetipə əsərdə rast gəlinir. “Dəniz kənarıyla qaçan alabaş” povestində Kiriskin anası oğlunun ilk balıq ovunun uğurlu keçməsi, pis qüvvələrin ona mane olmaması üçün çalışır. Tayfada hər kəs Kiriskin ilk ovunu görməzliyə vurmağa, unutmağa ciddi-cəhdlə çalışır. Ana özünə və evdə hər kəsə inandırmağa çalışır ki, oğlunun hara getdiyini bilmir və onları yola salarkən meşəyə tərəf baxır və sanki pis qüvvələri qovmağa, Tanrının arzu olunmayan taleyindən oğlunu gizlətməyə çalışır. “Anası dənizə yox, meşəyə tərəf baxaraq, oğluna bilə-bilə ucadan və aydın şəkildə: “Hə, get meşəyə! – dedi. –Amma odun quru olsun, özün də meşədə azma ha!”
Çingiz Aytmatov yaradıcılığını mifoloji kontekstdə tədqiq edən Arif Əmrahoğlu Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestindəki bu məqamı Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povesti ilə müqayisə edərək ölümdən qaçma, onu aldatma motivi kimi öyrənir. “… ölüb-dirilmə və ölümün aldadılması motivi mifologiyada da, bədii ədəbiyyatda da xaos-kosmos qarşıdurması ilə birbaşa bağlıdır. İki nümunədə M.F.Axundovun “Aldanmış kəvakib”, Ç.Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş” povestlərində bu motivlərin əyani təzahürünü görmək mümkündür. “Aldanmış kəvakib”də Şah Abbasın Yusif Sərracla əvəzlənməsi, “Dəniz kənarıyla qaçan alabaş” povestində dənizə balıq ovuna çıxan oğlana anasının meşədə keçəcək ovunda uğurlar arzulaması da ölümün aldadılması faktının maraqlı nümunəsidir”.
Yuxu gerçəkliklə irreallığın sərhədləri arasında neytral boşluqda mövcuddur. Yunq yuxunun arxetipik yozumunu verərkən onu insan ruhunun psixoloji vəziyyəti ilə əlaqələndirir. “...ruhun təhtəlşüur yaşamının təməlini təşkil edən ana plan bizim qavrayışımızdan o qədər uzaqdır ki, qarşılıqlı təsirlənmədən müsbət nəticənin alınması üçün necə bir pisliyin lazım olduğunu, hansı müsbətin mənfiyə, pisliyə yol açacağını əsla bilmərik”. Yuxu süjeti, Yunqun qeyd etdiyi kimi, bir o qədər asan deyil, bəzən bizim düşüncə sərhədlərimizdən çox kənarda olur. Əsərdə Orqanın məlum yuxuları periodik təkrarlandığı üçün onun üçün görülənlər irreallıqdan çıxır, qəhrəman yuxunun gerçək olduğuna inanır. Obrazın yuxusunda gördükləri mifoloji yaddaşın təzahürü kimi çıxış edir. Nəticədə o, yuxuya inanır.
Qoca Orqanın məlum yuxuları Balıq-qadınla bağlı idi. Nivxlərin qədim inancına görə, onlar Balıq-qadından törəmişlər. Qoca Orqan üçün ölüm o qədər qorxulu deyil, yetər ki, Balıq-qadına qovuşsun. Orqan yuxuda gördüklərini irreal və təsadüfi deyil, həyatının, yaşamının tərkibi hissəsi kimi qavrayır. Sanki yuxu ilə gerçəklik arasındakı məsafə aradan qalxır, birindən digərinə keçid baş verir. Obraz yuxunu gerçəklik, həyatının parçası kimi qəbul edib yaşayır.
İnsan nə qədər çalışsa da, taleyin hökmündən qaça bilməz. Onun verdiyi qərar həlledicidir. Folknerin “Qoca və dəniz” haqqında fikrində qeyd olunduğu kimi, Tanrı akulanı yaratmışdı ki, balığı yesin. Eyni zamanda Tanrı dənizin üzərinə dumanı çökdürmüşdü və Mılğunun üsyan etməsinə, külək tanrısını qarğımasına rəğmən qoca Orqanı, Mılğunu və Əmrayıl ölür. Tanrı eyni zamanda onların hər üçünün arzusunu yerinə yetirir və nəsli yaşadacaq, sənəti davam etdirəcək Kiriski sağ saxlayır və o, alabaşını tapır. Beləliklə, əsərdə dənizə çökən duman taleyin hökmünü icra edən element kimi çıxış edir.
Dənizdə quşun ümid, uğur rəmzi kimi iştirak etməsinə əsərdə rast gəlinir. Babası Kiriskə dumanda yolunu azmış balıqçıya yalnız aququk quşunun kömək edəcəyini bildirir. Çünki aququk quşunun gözləri çox itidir, qurudan dənizə və əks istiqmətdə uçur. Ona görə qurunu müəyyən etmək olur. Kirisk aququk quşunu görür və bu onu ümidləndirir.
Dənizə çökən dumanın günlərlə çəkilməməsi qoca Orqanı, Mılğunu, Əmrayılı ona görə narahat etmir ki, ölə bilərlər. Onları bu an bir şey düşündürür, qayıqda sənətin, nəslin davam etdirəcək Kirisk var və onun sağ qalması həyati məsələdir. Qoca Orqan günlərlə yemək yemir, su içmir və o əmindir ki, digərləri sağ qalsa, hər şey yaxşı olacaq. O, bütün mahiyyəti ilə inanır ki, əgər yüksək ideallar yaşayacaqsa, varislik davam edəcəksə, ölüm qorxulu deyil. Heç nədən qorxmaq lazım deyil. “O başa düşürdü ki, nəhayətsiz ənginlik müqabilində qayıqda olan insan heç nədir. Lakin insan düşünür, özü də bununla Dəniz və Səma böyüklüyü kəsb edir, bununla da o, dünyaların dərinliyi və ucalığı fövqündə dayanır. Elə buna görə də insan nə qədər ki sağdır, o, ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir, zira onun düşüncəsinin hüdudu yoxdur. O öləndən sonra isə davamını kimsə bir başqası düşünəcək, ondan sonra daha bir başqası, sonra da bir başqası və bu minvalla nəhayətsiz olaraq düşünəcəklər”.
Bəli, Çingiz Aytmatovun qeyd etdiyi kimi, insan ruhən dəniz kimi qüdrətli, səma kimi nəhayətsizdir. Qoca Orqanın varisi Kirisk məhdud şəkildə götürüldükdə balıqçılıq sənətinin, daha geniş spektrdə isə insanlığın, bəşəriyyətin varislik ənənələrini təmsil edir. Heminqueyin qeyd etdiyi kimi, “İnsan övladı məğlubiyyət üçün yaranmayıb; insanı məhv etmək olar, lakin onu məğlub etmək mümkünsüzdür”.
Yazıçı qəhrəmanlarını sınaq qarşısında təsvir edir. Modernist ədəbiyyatın əsas prinsiplərindən biri də bu idi. Yəni tam mənasıyla müsbət və ya əksinə, bütün mənfiləri, yaramazlıqları özündə birləşdirən qəhrəman yoxdur. İnsanın keyfiyyətləri sınaq qarşısında üzə çıxır. Yazıçı insanı və insanlığı ucaltmağa, onun dəniz kimi intəhasızlığını, məğlubedilməzliyini göstərməyə çalışır. Eyni zamanda insandan, bütün varlığın üzərində fövqəladə bir güc – taledən bəhs edir. İnsanın şüurunu, dərrakəsini ötüb keçən, onun sərhədlərindən kənarda olan şeylər var. Əsl ədəbiyyat məhz bu məsələri öyrənməlidir. Sonda yazıçının gəldiyi qənaət də budur: tale sirlidir və hətta ölümdən belə üstündür.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Unudulmaz sevgi şeirləri: Nigar Rəfibəyli, “Neyləyim…”
Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Nigar Rəfibəyli ilə Xalq şairi Rəsul Rzanın sevgisi təbii ki, gənclərə örnək bir sevgidir. Bu sevginin dərinliyini duymaq üçün onların övladları - Xalq yazıçısı Anarın avtobioqrafik “Sizsiz” əsərini oxumaq lazımdır. Bir də bu iki unudulmaz şairin bir-birilərinə ithaf etdikləri şeirləri.
Neyləyim
Ala gözlüm, səndən ayrı gecələr,
Bir il kimi uzun olur neyləyim?
Bağçamızda qızıl güllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?
Nərgizlərin gözü yaşla dolanda,
Bənövşələr baxıb qəmgin olanda,
Qərənfilin gözü yolda qalanda,
Yasəmən saçını yolur, neyləyim?
Əsən rüzgarın da yoxdur vəfası,
Düşmüşdür başına özgə sevdası.
Lalənin cırılıb qəmdən yaxası,
Saçları pərişan olur, neyləyim?
Bəlkə tez gələsən, əlac verəsən,
Sünbülün saçını yığıb hörəsən,
Əlvan çiçəkləri özün dərəsən,
Gözləri yollarda qalır, neyləyim?
Çəkir çiçəklərin gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Bu bahar axşamı səni bax, Nigar
Həzin-həzin yada salır, neyləyim?
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Qanadlı kişi - YEQZAR CƏFƏRLİNİN HEKAYƏSİ
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar, Dünya Gənc Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Yeqzar Cəfərlinin “Qanadlı kişi” hekayəsini təqdim edir.
Əsl adı Xeyransa olan Şərxanımın yaşı 50-ni keçsə də, ərə getmək fikrindən vaz keçmir. Ömrü boyu insanların pis gününə sevinən bu “qadın” bu yaxınlarda eləmə tənbəllik, bacısı qızını da qoltuğuna vuraraq yollanır rəfiqəsi Balacaxanımın qızıgilə. İlk olaraq qapının pultla açıldığını görcək rəngi ağarır. Sol qaşını qaldıraraq təəccübünü gizlətmədən cibindəki cadunu evin girəcəyindəki kandar xalçasının altına dürtür. Cadunu həyat yoldaşım təsadüfən tapır. “Dua” səliqəsiz şəkildə yazıldığından ancaq bir-iki sözü oxuya bilirəm. Caduda Kaka adlı bir cindən də danışılır. İlk oxuyanda elə bildim ki, Şərxanım braziliyalı futbolçu Kakanın azarkeşidir. Sonra nədənsə Şərxanımın bu yaxında qonşuda ehsan süfrəsində tutduğu orucdan, evlərindəki Quranı parçaya bərk-bərk bükməyindən danışmasını xatırlayıram.
Balacaxanımın əri Sadiq dünən dişi şişdiyindən bəhanə edərək yaxşıca içib. Sonuncu dəfə Mozambikin müstəqillik günü münasibətilə qonşusu Ədalətlə vurmuşdular. Ədalət adəti üzrə içən kimi başlayır, hərbçi olduğu vaxtlardan basıb-bağlamağa. Guya bir dəfə onun komandir olduğu tabora bir ayı hücum çəkir, Ədalət əsgərlərdən qabaq özünü irəli atıb ayını bərk əzişdirir. Sadiq Ədalətin bu söhbətini hər dəfə elə maraqla dinləyir ki, elə bilərsən, yenicə eşidir. Sadiq usta işləyir. Səhər obaşdan evdən çıxıb gecəyarı evə qayıdır. Arağı da hərdən, özünün dediyi kimi “dünyanın dərdlərini unutmaq üçün içir”. Xaricdə təhsilini başa vuran böyük qızlarının vətənə qayıtma ehtimalı onu da çox sevindirir, rabitəsiz cümlələrlə də olsa, sevincini ifadə edir. Balacaxanım da özünəməxsus məğrurluqla Sadiqin dediklərinin ancaq təkrar olmayan hissələrini başı ilə həvəssizcə təsdiq edir. Bir az sonra özünün məşhur baş ağrısı şalını başına bağlayaraq qonaq otağındakı divanın sağ küncündə yerini alır. Adəti üzrə gözlüyünü taxayaraq gözlərini yüngülcə qıyır. Sosial şəbəkələrdə bir neçə videonu izlədikdən sonra mətbəxdə çaydanın altını söndürməyə gedir. Bir stəkan çay içdikdən sonra divanın qoltuğunda unutduğu telefonunun yanına qayıdır. Bayaq baxdığı videonun bir neçə dəfə təkrar oxunmasının fərqinə vararaq təəccüblənməyə hazırlaşır sanki.
Qəfildən partlayış səsi eşidilir. Balacaxanım dik atılır. Telefonu əlindən sürüşür. Səs o qədər güclü gəlir ki, az qalır evin pəncərələri qırılsın. Tələsik nazik sırıqlısını geyinib həyətə atılır. Bir neçə dəqiqə ətrafa göz gəzdirdikdən sonra küçəyə çıxır. Qonşuların toplaşdığını görəndə həyəcanı bir az da çoxalır. Qadınların danışığından belə məlum olur ki, qonşulardan biri kanalizasiya quyusuna kimyəvi maddə töküb ki, tez-tez çirkab maşınına pul verməsin. Nəticədə, kanalizasiya partlayıb, kişi də düşüb içinə. Balacaxanım qonşu qadınlarla kanalizasiyaya yaxınlaşanda məhəllə adamlarından bir neçəsinin ayaqlarını çırmalayıb poxu eşələdiyini görür.
Kişinin həyat yoldaşı da üz gözünü cıraraq fəryad edir:
– Poxa düşən bəxtsiz kişim vay? Allah səni poxa salannara lənət eləsin. Diyirdim, göz var, üsdümüzdə, göz…
Şərxanımın molla tanışı bu yaxında tez ərə getməsi üçün ona VİP bir “dua” yazdırır. Duanın özəlliyi onda idi ki, Şərxanım kişi axtarmağa məcbur olmayacaq, kişi özü tapacaq onu.
Həyətdə yuduğu paltarları sərməkdə olan Şərxanım birdən evin arxasında bir tappıltı səsi eşidir. Tələsik evin arxasına yürüyür. Pox-püsür içində bir kişinin bayılmış vəziyyətdə uzandığını görür. Bir anlıq kişini ayıltmaq istəyir, lakin qoxudan burnunu tutaraq geri çəkilir. Mollanın dediklərini xatırlayaraq gülümsəyir. Bellə kişini ayıltmağa çalışır. Tez məhəlləyə çıxıb kömək axtarır ki, kişini təmizləyib yuyundursunlar. Qapını açan kimi məhəllə adamlarının toplaşdığını görür. Uzaqdan üzbəüz qonşusu Tahirəni çağırır.
– Ay Tahirə, bizim həyətə bir kişi düşüb, kişi.
– Necə yəni bir kişi düşüb?
– Kişi düşüb də. Allah mənə göydən kişi göndərib.
Tahirə ilə Şərxanım evin dalına keçirlər. Tahirə kişini görən kimi sevinə-sevinə küçəyə qaçır.
– Ay qonşu, Şərxanımın həyətinə bir kişi düşüb, pox-püsürün içindədi. Görün sizin kişidi bəlkə.
Kanalizasiyaya düşdüyü ehtimal olunan kişinin arvadı özünü tez Şərxanımgilin həyətinə atır.
Sadiq işdən qayıdandan sonra Balacaxanım hadisəni danışır. Sadiq də özünəməxsus tərzdə onun dediklərinə qırıq-qırıq qulaq asır.
– Ay arvad, bəs kişinin yanındakı yazıx fəhlənin vəziyəti necədi görəsən?
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
“A Məcnun sevdamın Leylası, qayıt!..” - Arzu Nehrəmlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə “Mİlli ədəbiyyatımızı sevdirək” layihəsində bu gün sizlərə Arzu Nehrəmlinin şeirləri təqdim ediləcək.
Göyçək Vətən
Adəm oğlu azıb gələn,
Adın daşa yazıb gələn,
Yaddaşlardan sızıb gələn
Həqiqətsən, gerçək Vətən.
Bir nəğmədir duruşuğun,
Açılıb yol dolaşığın,
Sarmaşığı yaraşığın,
Üstü-başı çiçək Vətən.
Sinə gərdin fitnə-felə,
Dərdi unut innən belə,
Nazına qurban, naz elə,
Sığalını çəkək, Vətən
Al qızını, sıx köksünə,
Şeiri tərifdir hüsnünə,
Gör, necə oxşayıb sənə,
Gözəl Vətən, göyçək Vətən.
Biz bu evdə yaşayırdıq
Biz bu evdə yaşayırdıq...
Dünyanın ən işıqlı, geniş evində.
İki nəfər idik:
Mən və O.
Hər səhər pəncərəmizdən yayı-qışı
bəlli olmayan günəş boylanardı.
Sonra üç nəfər olduq:
Mən, O, qızımız.
Evimiz bir az da böyüdü, işıqlandı,
səsə-küyə qərq oldu.
Amma... amma
bir gün ulduzları olmayan
gecənin sabahı da olmadı.
Gözükölgəli günəş
buludların qarasını üzünə çəkib getdi.
Biz iki nəfər olduq:
Mən və qızımız.
Daha bu evdə yaşamadıq,
Çünki evimiz çox kiçik və qaranlıq olmuşdu.
Tünlük dünya
Gəlişimiz bir əbəsdir,
Şərə meydan, düzə qəsddir,
Basabasdır, bəhsəbəsdir,
Nə yaman tünlük dünyadır.
Nə gəlir, xətayla gəlir,
Ad var ki, xudayla gəlir,
Şər-böhtan nidayla gəlir,
Mələk yox, cinlik dünyadır.
Şeytan deyir: "Burax nazı,
Al eyninə, bahar yazı,
Dur, ləngimə, Kazımqızı,
Dünya beşgünlük dünyadır".
Özümə dönməyim gəlir
Yolayrıcı yolum bağlar,
Sağımı, solumu bağlar.
Çəkilin, daş üzlü dağlar,
Düzümə dönməyim gəlir.
Yıxılıb taxtdan düşmüşəm,
Taledən, baxtdan düşmüşəm,
Əldən, ayaqdan düşmüşəm,
Dizimə dönməyim gəlir.
Ömrə çiçəktək açmağı,
Unutdum ətir saçmağı,
Atıb üstündən qaçdığım
Sözümə dönməyim gəlir,
Çək ömrünü, yaşı apar,
Çən-dumanı, qışı apar,
Götür, Arzu, daşı, apar,
Özümə dönməyim gəlir.
Şəhidlər
Haqqa, azadlığa gedən yolsunuz,
Bizi bizdən yaxşı duyan şəhidlər.
Yığışıb bir yerdə Vətən olmusuz,
Elinə, yurduna həyan Şəhidlər.
Yatmış saatımı çəkib qurmayın,
Təzdən ürəyimi sıxıb qırmayın,
Məni başqa adla öyüb durmayın,
Adım da, imzam da, soyum Şəhidlər.
Daha mənə arzular da yük gəlir,
Yaram dərinləşib, yaram köhnəlib,
Sinəm altda şəhid şeirim köklənib,
Dastanım, nağılım, boyum Şəhidlər.
Dərd məni çəkir
Bu hansı səfərdir, hara gedirəm?
Ağlımda min fikir, başda min fikir.
Elə bilərsiniz üsyan edirəm,
Vallah, dərd çəkmirəm, dərd məni çəkir.
Ocaqda qazanım dərdə qaynayır,
Nə atəş anlayır, nə də su anır.
Bir az gec bişincə, tamarzı kimi
On günün acıtək ağzım sulanır.
Elə sığınmışam isti qucaqtək,
Hələ olmayıbdır dərddən yıxılam,
Qoynuna girmişəm yetim uşaqtək,
Dərdin ətəyindən tutub qalxıram.
Hələ açılmamış sirrəm, sualam,
Nə qədər cavablar pərt çıxıb gedib.
Deyirəm, bir sabah mən necə ollam,
Birdən durub görsəm, dərd çıxıb gedib?!
Çəkilməyən dərdimdir
İtiribdir vaxtını,
Çapıb gəlib atını,
Durun, açın qapını,
Çəkilməyən dərdimdir.
Dönübdür güzarıma,
Könlümdür çözüm ona,
Enimə, uzunuma
Biçilməyən dərdimdir.
Ömrüm bir günə qalsa,
Dönmərəm, dönüm olsa,
Necə bağlanmışamsa,
Keçilməyən dərdimdir.
Laylay
Düşünürdüm:
- Anamsız yaşamaram.
Bir gün mən öldüm,
Anam ağladı, ağladı, ağladı...
Gecə-gündüz başımın üstündə
layla çalıb, bayatı dedi:
- Laylay, balam, laylay
Bir müddət yaşadı məndən sonra,
Ölümüm onun üçün
ağır, sağalmaz dərd oldu.
Elə bu dərdlə də köçüb getdi,
öldüyüm yerə -
ağladığı mən boyda dərdinin yanına.
- Laylay, anam, laylay!
Çək üstündən bu sal daşı
Məzarla söhbət
Gəldim deyim, unutmusan,
Yadına sal, səslə məni.
Sən demişdin, ölüm səndən
ayırammaz əsla məni.
Dinlə məni, dilim yanır,
Yerdə yerim, göyüm yanır,
Bax, arxamca elim yanır,
Bəsdir qoydun yaslı məni.
Gəl, unutma, yar, amandır,
Hicran yolu buracandır,
Dəyişmisən nə zamandır
Aya, günə, fəslə məni.
Can harayda, ömür hayda,
Qoy, birtəhər verim bada,
Burdakıtək, gülüm, orda
Gözlərsən həvəslə məni.
Bu soyuq yer mənzil başı,
Arzunu bil, "usal", naşı,
Çək üstündən bu sal daşı,
Al qoynuna, bəslə məni.
Qızımın atası, anası qayıt
Həyat yoldaşım Yusifin dilindən
Üzündə giley var, dilində ağı,
Öpüb qucaqlama daşı-torpağı.
Dur, get evimizə gəlinsayağı,
Ömrümün parası, yarısı, qayıt!
Bilirəm, incidib, bu illər səni,
Dondurub, üşüdüb fəsillər səni.
Qınayar ürəklər, könüllər səni,
Elimin pərişan sonası, qayıt!
Axıtma göz yaşın, arxına dönnəm,
Düşərəm selinə, axına gəlləm,
Get dincəl, bu gecə yuxuna gəlləm,
Tökmə gözlərinin qarasın, qayıt!
Ürəyin dopdolu, sözün qalıbdır,
Heç vaxt çəkilməyən nazın qalıbdır,
Bir ömür istəyin, arzun qalıbdır,
İçində bir ümid varsa da, qayıt!
Bilmirəm, nə kimi varmışam sənə,
Bir yığın xatirə qoymuşam sənə,
Sən elə bilirsən doymuşam sənə?
A Məcnun sevdamın Leylası, qayıt!
A sönük ülkərim, nə deyim sənə,
Söykə taleyini günün birinə,
Al ağır yükünü çiyinlərinə,
Qızımın atası, anası qayıt!
Bu dərd
Dərd peşəm, dərd işim olub,
Əyləncəm, vərdişim olub.
Çəkdikcə şipşirin olub,
Nə gözəl yar imiş, bu dərd.
Bəzək, naxış, rəng yerimdir,
Ümid yerim, ərk yerimdir,
Həyat dərsi, dərk yerimdir,
Yaxşı ki, var imiş, bu dərd.
Şeirimə qol-qanad verdi,
Əzm, hünər, inad verdi,
Dopdoluca həyat verdi,
Dövlətmiş, var imiş, bu dərd.
Düşüb Arzunun izinə,
Vurulub onda dözümə,
Eşqilə onu özünə
Gör, necə sarımış, bu dərd.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
“İnsanlara onların əsl şəxsiyyətlərini göstərmək film çəkməyimizin səbəblərindən biridir" - rejissor və ssenarist Bela Tar
Keçən il Berlində keçirilən 36-cı Avropa Film Mükafatlarının təqdimetmə mərasimində Avropa Film Akademiyası prezidentinin fəxri mükafatına macar rejissor və ssenarist Bela Tar layiq görüldü. Olduqca maraqlı, zəngin insandır Bela Tar.
“Ədəbiyyat və incəsənət” portalı DÜNYA KİNOSUNUN ÜNLÜLƏRİ rubrikasında bu gün sizlərə Bela Tarrla müsahibəni təqdim ediləcək.
Tərcümə Nilufər Hacılınındır.
Macar rejissor, prodüser və ssenarist Bela Tarr 21 iyul 1955-ci ildə Macarıstanın cənubundakı Peç şəhərində doğulub. Valideynləri kino sənəti ilə yaxından əlaqəli olan rejissorun atası səhnə tərtibatçısı, anası suflyor olub və 50 ildən çox teatrda işləyib. Rejissorun uşaqlığı Budapeştdə keçib. Hələ uşaqkən anası ilə birlikdə Tolstoyun "İvan İliçin ölümü" əsəri əsasında çəkilən filmin kastinqində iştirak edib və ilk rolunu bu filmdə oynayıb. Lakin rejissorun aktyorluq fəaliyyəti çox çəkməyib, Mikloş Yançonun "Canavarlar fəsli" filmi ilə aktyorluq karyerasına son qoyub.
16 yaşında film çəkməyə başlayan rejissor, bu sahəyə olan marağını hələ o vaxtlardan kəşf edib.
O, 1977-ci ildə 22 yaşında olarkən ilk bədii filmi olan "Ailə yuvası"nı çəkib. Filmin aktyor heyəti yerli əhali arasından seçilən və peşəkar aktyor olmayan insanlardan ibarət idi. Onlar filmdə yalnız "dostluq" xətrinə iştirak ediblər və bunun qarşılığında heç bir ödəniş almayıblar. Rejissor bu filmi cəmi 6 günə çəkib. Tənqidçilər filmdə Con Kassavetisin rejissorluğundan təsirlər tapdıqlarını desələr də, rejissor bu filmi çəkməzdən əvvəl Kassavetisin heç bir filminə baxmadığını söyləyib.
İlk dörd uzunmetrajlı filminin ssenarisini özü yazan rejissor, "Payız mövsümü" almanaxından sonra macar yazıçısı Laslo Krasnahorai ilə birlikdə "Lənət" filminin ssenarisini yazıb. Yazıçının "Şeytanın tanqosu" romanının filmə uyğunlaşdırılması layihəsi 7 ildən çox vaxt alıb. 450 dəqiqəlik film 1994-cü ildə ekranlara çıxıb. "Şeytanın tanqosu" filmindən sonra rejissor 1995-ci ildə 35 dəqiqəlik "Düzənlikdə səyahət" adlı filmini çəkib bitirib. 5 illik sükutdan sonra 2000-ci ildə "Qaranlıq harmoniyaları" filmini çəkib.
Keçən il dekabrın 9-u Berlində keçirilən 36-cı Avropa Film Mükafatlarının təqdimetmə mərasimində Avropa Film Akademiyası prezidentinin fəxri mükafatına 9 uzunmetrajlı, 1 televiziya, 1 sənədli film, 4 qısa film müəllifi olan rejissor Tarr layiq görülüb.
Uzunmetrajlı kadrların ustası sayılan Bela Tarrın ən son müsahibələrindən birini təqdim edirik.
- Uzun planlarınızın arxasında duran səbəblər haqqında nə deyə bilərsiniz?
- Bu haqda ümumi nə deyə bilərəm ki? Bu nəslin insanları hekayənin məntiqini izləyə bilirlər, amma həyatın məntiqini yox. Bir çox başqa şeylər arasında mən hekayəni həyatın ölçüsü hesab edirəm. Şifahi ünsiyyətdə sahib olmadığımız şey zaman, təbiət və meta ünsiyyətdir. Xəbərlərə baxırsan, sadəcə, danışırlar, kəsirlər, bəlkə də hansısa kadrlar olur və ardınca çıxış, hərəkət və nitq var. Bizim üçün film bir az fərqlidir.
- Hekayəyə yanaşmanız necədir?
- Bizim fərqli ifadə tərzimiz var. Hekayə bizim üçün ikinci plandadır. Əsas olan həmişə insanlara necə toxunacağınızdır. Real həyata necə daha çox yaxınlaşmaq olar? Biz danışdıqca bir çox başqa şeylər baş verməyə davam edərkən, həyatla bağlı şeyləri necə başa düşə bilərsiniz? Məsələn, masanın altında nələr olduğunu bilmirik, amma orada maraqlı, vacib və ciddi hadisələr baş verir.
- Adətən, müəyyən qrupla işləməyə üstünlük verirsiniz. Belə deyək, sizin öz komandanız var və onlarla işləmək sizə daha rahatdır. Komanda kimi işləyirsiniz, yoxsa, rejissorun işin əsas müəllifi olduğu nəzəriyyəsini qəbul edirsiniz?
- Mən çox avtokratik adamam və hər şey bir cüt ələ aiddir. Kino çəkmək demokratik proses deyil. Hər şeyə mən qərar verməliyəm. Amma bəstəkarı, operatoru, yazıçını dinləməsəm, dəli ola bilərəm. Onları işə cəlb edirəm və dinləmək məcburiyyətində oluram...
- Filmlərinizin soyuq və ümidsiz olması ilə bağlı tənqidləri qəbul edirsiniz? Deyəsən, ümid azdır.
- Xeyr, çünki ümidlə dolu olduğumuzu düşünürəm. Əgər siz film çəkirsinizsə, onun yaxın əlli il ərzində var olacağına və bəlkə daha sonra da kimlərinsə ona baxacağına inanırsınız, bu çox böyük nikbinlikdir.
- Demək, əsl ümid yaradıcı prosesin özündədir?
- Bəli, dəqiq.
- Bəs bəşəri vəziyyətlərin absurdluğu (mənasızlığı) haqqında ekzistensial baxışı qəbul etmirsiniz?
- Xeyr, bu absurd deyil. Dünya öz oxu ətrafında fırlanır və insanlar filmlərə baxır. Bu bizim filmimizdir, bu qədər. Sizə və hər kəsə insan vəziyyətinin necə olduğunu göstərmək istəyirik. Bu qədər. Heç kimi mühakimə etmək istəmirik. Biz bundan heç bir şəkildə məna çıxarmaq istəmirik. Baş verənlərlə bağlı nələrsə göstərmək istəyirik.
- Sizcə, filmləriniz, təkcə Macarıstandakı narahatlıqlar haqqında deyil, universaldır?
- Bəli, macar filmləri çəkirik, amma vəziyyətin hər yerdə eyni olduğunu düşünürəm. Əgər, həqiqətən də, bir az dərin işlərlə məşğul olmaq imkanınız varsa, düşünürəm ki, hər kəs hər şeyi başa düşə biləcək. Sual həmişə dərinlikdədir: insanlara necə toxunmaq olar?
- Yaratmağa çalışdığınız zaman, məkan və ritmi izah edə bilərsiniz?
- Çox sadə. "Lənət" (1988) filmində tamamilə tək olan bir insan vardı və biz onun cəmiyyətdəki və kainatdakı tənhalığını göstərmək istədik. Buna görə təbiəti, təbii mühiti və zamanı da işin içinə daxil etməlisiniz. Onun hər zaman yoxa çıxdığını görürsən.
- Nəhayət, ünsiyyət tamamilə pozulur və o, it kimi hürməyə başlayır.
- Bəli, təbiətə getməsinin səbəbi də budur. Artıq danışmaq istəmir, çünki həyatı başa çatır.
- Amerikalı tənqidçi Conatan Rozenbaumun yaradıcılığınızı "mənəviyyatsız Tarkovski" kimi qiymətləndirməsi barədə nə düşünürsünüz? Özünüzü belə vəziyyətdə görürsünüzmü?
- Bu, Conatan Rosenbaumun öz fikridir. Bilmirəm, bu onun fikridir. Onunla bu məsələlər haqqında danışmamışam. Əsas fərq odur ki, Tarkovski dindardır, biz isə yox. Amma onun həmişə ümidi vardı, Allaha inanırdı. O, bizdən daha günahsızdır. Xeyr, onun üslubunda film çəkmək üçün həddindən çox şey görmüşük. Məncə, onun çox vaxt daha yumşaq və həssas olan texnikası da fərqlidir.
- Sizin stiliniz sərtdir?
- Bəli, o mənim üçün həddindən çox yaxşıdır.
- Müsahibələrinizin birində gənclik illərində filosof olmaq istədiyinizi oxumuşdum. Kino çəkməyinizi başqa mənada fəlsəfə kimi görürsünüz? Başqa cür desək, bədii vasitələrdən istifadə edən fəlsəfi araşdırma olduğunu deyə bilərik?
- Xeyr, ondan tamamilə uzaqlaşdım. Fəlsəfədən və filosof olmaqdan tamamilə imtina etdim. Gənckən filosof olmaq istəyirdim, amma xoşbəxtlikdən və ya bədbəxtlikdən başıma bir şey gəldi. İndi film çəkirəm, amma əsl rejissor deyiləm.
- Kinoyla maraqlanmadığınızı və kinonun nə olduğunu bilmədiyinizi demisiniz?
- Bilmirəm. Bu, doğrudur.
- Belə olan halda, kino ilə sizin gördüyünüz iş arasında fərq var?
- Ümid edirəm ki, biz kinodan daha çox, həyata yaxınıq.
- "Kinonun nə olduğunu bilmirəm" deyərkən ənənəvi kinonu, yoxsa, kommersiya filmlərini nəzərdə tutursunuz?
- Hər cür kinonu. Sadəcə, kinonu.
- Hər cür kinonu nəzərdə tutursunuz demək. Özünüzü bunun bir parçası kimi hiss etmirsiniz?
- Xeyr, bunun səbəbi bir az əvvəl sizə hekayə haqqında dediklərimdədir. Mənimçün kinoda baxdığım şeylər həmişə boşboğazlıqdır. Bu, mənalı sualdır. Fərq; insanlarla əlaqəmiz, onları izləməyimiz və aktyorlarla işləmək tərzimizdədir. Buna görə də bütün bunları etməyi sevirəm. Çünki bir tərəfdən film çəkmək çox darıxdırıcıdır. Bir ssenarimiz var, amma çəkiliş zamanı heç vaxt ssenaridən istifadə etmirik. Aktyorlarımız var, amma aktyor kimi davranmırlar. Biz onlarla dost kimi və ya sadəcə, şəxsiyyətlərini önə çəkərək işləyirik...
- Fərq olduğunu düşünmürsünüz? Bəzi rejissorlar həvəskar aktyorların filmə fərqlilik qatdığını düşünürlər.
- Xeyr, bizimçün heç bir fərq yoxdur. Bəzi filmlərimizə baxsanız, görərsiniz ki, biz həmişə şəxsiyyətə önəm verdiyimiz üçün, həm peşəkar, həm də həvəskar aktyorlara ehtiyac duyuruq. Əgər hansısa aktyor səhnədə oynamağa başlayırsa, dərhal ondan nə etdiyini soruşuruq. Oynama - sadəcə, özün ol. Kiminsə daxilində nələrin baş verdiyi ilə maraqlanmağımızın səbəbi budur. Onlar səhnədə yaşamalıdırlar. Əgər hissləri real deyilsə, bunu onun gözlərindən görə bilərsiniz...
- Bir ssenariniz olur, amma sonra onu atırsınız? Düz başa düşdüm?
- Xeyr, bizim ssenarimiz prodüserlər və büdcəyə töhfə verəcək qurumlar üçündür. Bu qədər. Sonra çəkilişlərin harada aparılacağını araşdırmağa başlayırıq. Bizim personajlar və bəzi digər ideyalarla uyğunlaşacaq əsas məqsədimiz olur, amma biz mütləq real həyata bənzəyən bir yer tapmağa çalışırıq. Buna görə də çəkilişin harada baş verdiyi son dərəcə vacibdir. Biz uzun müddət - bəzən bir il - sadəcə, insanlara və məkana baxaraq oturub filmi necə çəkəcəyimizi düşünürük...
- Hardasa oxumuşdum ki, Piter Breygelin (hollandiyalı intibah dövrü rəssamı - tərc.) rəsmlərinə heyransınız və sizin işlərinizlə müqayisədə onun rəsmlərində sizin əldə etməyə çalışdığınız iddiasız dürüstlük olduğu üçün rəsmlərinin maraqlı olduğunu demisiniz. Siz öz filmlərinizin sadə olduğunu deyirsiniz, lakin Breygeldən sonra onun rəsmləri haqqında söylənilən şərhlər həddindən çox mürəkkəb deyildi?
- İndi bizə daha yaxınsınız, Breygel həqiqətən, mühüm və möhtəşəmdir. Onun rəsmlərində çox sayda insanlar olduğunu və hər birinin fərqli simaya, görünüşə və şəxsiyyətə sahib olduğunu görə bilirsiniz. Onlar şəkillərdə çox kiçik görünə bilər, lakin hər birinin şəxsiyyəti var. Ona görə də biz onu çox sevirik. "Qaranlıq harmoniyalar" filmində olduğu kimi, izdiham içində çəkiliş apararkən həmişə oradakı insanların şəxsiyyətlərini göstərə bilmək istəyirik. Bizimçün onlar yalnız kütlənin bir hissəsi deyil.
- Buna görə də deyə bilərik ki, siz şəxsiyyətin dürüstlüyünə və həqiqiliyinə çatmağa çalışırsınız?
- İnsanlara onların əsl şəxsiyyətlərini göstərmək film çəkməyimizin səbəblərindən biridir.
- Filmlərinizin çox vaxt fövqəltəbii görünməsinə münasibətiniz necədir?
- Fövqəltəbii və ya hər hansı fəlsəfi nəzəriyyəni düşünmürük, çünki film maddidir. Biz kameralardan istifadə edib səhnələri çəkirik. Əgər yazıçısınızsa və kağızınız varsa, bu masa haqqında çox şey yaza bilərsiniz. Lakin əgər siz rejissorsunuzsa, sadəcə, bu masanı göstərə bilərsiniz. Bunun necə masa olduğunu və nə qədər maraqlı olduğunu görə bilərsiniz, amma o yenə də, bir masadır. Buna görə də başa düşə bilmirəm ki, niyə kimsə fəlsəfi və ya föqəltəbii şeylərdən danışsın? Xeyr, bu doğru deyil. Lütfən, filmə baxın və ürəyinizin səsini dinləyin. Lütfən, gözlərinizə inanın, hər şey çox aydın və çox sadədir. İzləyin. Bu vacibdir...
- Filmləriniz Macarıstanda necə qarşılanır?
- Müəyyən qism insanlar izləyir. Hər yerdə eynidir, adətən adi kinoteatrlarda göstərilir. Biz böyük kinoteatrların bir hissəsi deyilik.
- Sizi macar kinosunun qara qoyunu kimi tanıyırlar. Dedikləri qədər varsınız.
- Biz, sadəcə, fərqliyik, bu qədər.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
POETİK QİRAƏTdə
Əlizadə Nurinin “Dua” şeiri
Poetik Qiraətdə bu gün sizlərlə daimi müəllifimiz Əlizadə Nuri görüşür. “Dua” şeiri bir ithafdır. İnsan və Tanrı - yaranışdan insan Tanrı ilə danışır, dərdləşir, gileylənir, hər halında ona tapınır.
Göyün o üzünü görə biləydim,
Bir gün açılaydı ayın yaxası.
İlahi, bir dəfə özünü göstər-
Adamlar bilmir ki, hara yıxılsın...
Nə deyək, sadəcə, mükəmməldir!
Xoş mütaliələr!
DUA
Ceyhun Alışlıya
Balıqçı toruymuş ömür deyilən,
Hamı öz torunu yığıb gedəcək.
Bəlkə bu sevinclə şəkil çəkdirim?
Onsuz da bir azdan çıxıb gedəcək...
Yaxşı ki, bu gecə səhərə çıxdı,
Bağrı çatlamadı bu tənhalıqdan.
Hamı göy üzünə tor atıb durub
Qızıl bəxt istəyir qızıl balıqdan.
Mən yerə asiyəm, göylər də uzaq,
Nə yaxşı, ruhumun göy atları var.
Məni bu dünyada tapmaq çətindi
Tapacaq-kimin ki, qanadları var.
Bu yolu nə yaman uzun çəkiblər?-
Yolun yarısında yorulur hamı.
İndi ürəyindən sınır adamlar
İndi çörəyindən vurulur hamı.
Qaldı şair başı dar ağacında-
O cavan saçlara indi dən düşür.
İlahi, bu dünya bir damla yaştək
Bəlkə də haçansa gözündən düşüb?!
Bəlkə son tövbədi sonuncu nəğmə,
Bəlkə son axşamdı elə bu axşam?
Bu dünya-qərib bir şəhər kimidi
Mən də bu ,,şəhər"də azıb qalmışam...
Nə yaxşı, dilimə toxundu adın,
Başladım dilimdən həya etməyə.
İlahi, nə yaxşı lal doğulmadım-
Nə yaxşı, dilim var dua etməyə!
Göyün o üzünü görə biləydim,
Bir gün açılaydı ayın yaxası.
İlahi, bir dəfə özünü göstər-
Adamlar bilmir ki, hara yıxılsın...
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Musiqili Teatr “Aysedora” ilə başlayır
Bu gün Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel repertuarını “Aysedora” tamaşası ilə açacaq.
“Ədəbiyyat və incəsənət” portalı teatrın aprel repertuarını təqdim edir.
4 aprel - “Aysedora”
5 aprel - “Qadınım”
6 aprel - “İki küpəgirən qarı”, “Leyli və Məcnun”
7 aprel - “Bir dayan, canavar!”, “Nəğməmə inan”
12 aprel - “Amerikalı kürəkən”
13 aprel - “Qırmızı papaq”, “Lara Martin’s Jazz Club”
14 aprel - “İki küpəgirən qarı”, “Sevənlərindir dünya”
19 aprel - “Anamın kitabı”
20 aprel - “Qızıl cücə”, “Paris Notr-Dama ithaf”
21 aprel - “İki küpəgirən qarı”, “Kimyagər”
25 aprel- “Utancaq qız”
26 aprel - “Molla Nəsrəddinin beş arvadı”
27 aprel - “Dəcəl çəpişlər”, “O olmasın, bu olsun”
28 aprel - “İki küpəgirən qarı”, “Psix”.
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)
Müdir Ramiz
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Mən apreli ona görə sevirəm ki, evdən yüngül gödəkçədə çıxır, yanımdan keçən qısaqol köynəkdəki oğlanı və qalın kürkdə qadını görürəm, hətta gözüm şortikdəki bir daydaya da sataşır. Və əminəm ki, hamı da bir-birinə debil kimi baxır.
2.
Konsertdə.
Zaldan məktub gəlir: “Sintezator çalan niyə yoxdur? Onsuz siz sıfırsız.”
Solist zala səslənir:
-Hətəmov, nə etsən də səni geri çağıran deyilik. Bizə sənsiz daha yaxşıdır.
3.
Bu gecə mən fentezi janrında yuxu gördüm. Guya ki, dünyanı güc deyil, əqil idarə edir.
4.
-Eynək taxırsız?
-Yox.
-Bəs burnunuzda axı xarakterik iz var.
-O eynək izi deyil, pivə parçının izidir.
5.
Biz yetmiş il kommunizm qurmağa çalışdıq.
Alınmadı.
İndi də iyirmi üç ildir ki, kapitalizm qururuq.
Sizcə alınarmı?
6.
On ildən sonra Sevil müəllimə küçədə şagirdi Ramizi görüb deyir:
-Ay Ramiz, sən bürün suallara “mən bilmirəm” cavabı verirdin, axırın necə oldu?
-Sevil müəllimə, mən indi də elə həmişə “mən bilmirəm” deyirəm. Ardınca da deyirəm: “Təcili araşdırılsın və həll edilsin”!
“Ədəbiyyat və incəsənət”
(04.04.2024)