Super User
BİR SUAL, BİR CAVAB Rüstəm Behrudi ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Əvvəlin sonu yox, sonun əvvəli,
Bu canım ruhuma qənimdir, nədən?
Bu əllər, bu saçlar, bu göz mənimmi?
Yoxsa özgə ruhu gəzdirir bədən?
Günah içindəyəm ruhum didərgin,
Günahın həmişə - son ucu tövbə
Sözümdən boylanan bu tənhalığım
Ruhumun önündə sonuncu tövbə.
İlahi, sən mənə bir az səbr ver,
Hisslərin əlindən qopar, çək məni.
Yoxsa ki, tezliklə dəlisov ürək
Bir qəfil ölümə çəkəcək məni.
(Rüstəm Behrudi)
Dəyərli Şairimiz Rüstəm bəy, qüsursuz, səhvsiz insan olmur- söyləyirlər. Bəs
"Qüsursuz insan modeli"- dedikdə o insanda hansı xüsusiyyətlər cəm olmalıdır?
CAVAB
-Mükəmməl üst insan anlayışı Sokratdan, Diogendən, Konfutsidən başlamış (sonradan şərqdə daha çox Nəsimidə, Rumidə, Tusidə rast gəlinir), qərbin ən böyük filosoflarından Nitşeyə qədər fəlsəfi düşüncənin əsas predmeti olmuş və olmaqda da davam eləyir!
“Heç kim heç kimdən üstün deyil" prinsipinə söykənən bu düşüncə (üst insan) bütün bəşəri dəyərləri özündə etiva eləyən, bəzən də o dəyərlərə əlavələr eləyən insan anlayışıdır!
Mənə görə, içində mərhəmət hissi olan, paylaşmaq duyğusunu tərcümeyi-halına çevirən adam mükəmməl insandı. Mərhəmət və paylaşmaq duyğusu olan, insana sevgisi olan insan bütün böyük dəyərlərin fövqündədir!
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
Dünya rekordu vuran sirk ustası...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Adı "Ginnesin Rekordlar Kitabı"na düşən cəmi yeddi nəfər azərbaycanlı var. Onların əksəriyyəti, el diliylə desək, səfeh-səfeh şeylərə görə düşüblər, yəni cinsi alətinin uzunluğu ilə dünya rekordu vurublar...
Onun da həmin kitabda adı var, amma 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qaldığı üçün...
Bəli, bu gün sizə dünya rekordu vuran məşhur sirk ustası Üzeyir Novruzovdan danışmaq istəyirəm.
Üzeyir 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qaraqoyunlu kəndində dünyaya gəlib. Doqquz yaşında olarkən Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərinin Yasenskaya kəndinə köçüblər. 1992-ci ildə 8-ci sinfi orada bitirdikdən sonra üç il peşə məktəblərindən birində aşbazlığı öyrənib. 1996-1999-cu illərdə Moskva Dövlət Sirk və Estrada Ali Sənət Məktəbində təhsil alaraq sirk ustası ixtisasına yiyələnib. 1999-2002-ci illərdə Moskvanın Vernadski prospektindəki "Yeni Sirk"də çalışıb. 2002-ci ildə ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən "Big Apple" sirkindən dəvət alıb və bir il burada işləyib. Sonra o, "Du Soleil" səyyar sirkində çalışmağa başlayıb. 2004-cü ildən 2014-cü ilədək Avropa ölkələrində, Yaponiyada, Braziliyada, Kanadada, ABŞ-ın bir çox ştatlarında qastrol səfərlərində olub. 2014-cü ildən Las Veqas ştatında yaşayır. Burada məskunlaşdığı ilk vaxtlarda bir müddət sirkdən ayrılaraq müxtəlif işlərlə məşğul olub. 2015-ci ildə ABŞ-ın "America's Got Talent" teleşousunda iştirakı ilə dünyada tanınmağa başlayıb. Bu şoudan sonra o, müxtəlif ölkələrin sirklərindən dəvətlər alsa da müstəqil fəaliyyətə üstünlük verir. Elə o vaxtdan da xüsusi şoularda iştirak edir…
2016-cı ildə Əbu-Dabidə keçirilən "Formula-1" yarışmasında Üzeyiri görən ölkəmizin rəsmi nümayəndəsi onu 2017-ci ildə Bakıda keçirilən "Formula-1"-in açılış mərasiminə dəvət edir. O da məmnuniyyətlə bu tədbirə qoşulur…
Deyir ki,- "Bütün dünyanı gəzmişəm, amma Azərbaycanın ürəyimdə öz yeri var. Sevinirəm ki, Azərbaycan son zamanlar çox gözəlləşib. Mən orada olanda elə bilirdim ki, inkişaf etmiş Avropa ölkələrindən birindəyəm. Səmimi sözümdür, Bakı mənim üçün Nyu Yorkdan da gözəldir"…
Ömür-gün yoldaşı Olqa Novruzova milliyətcə rus olsa da azərbaycan dilində danışmağı bacarır. Bir cüt əkiz qızları və bir oğlu var…
Addım-addım uğurlara nail olan, həyatını nərdivana bənzədən bu soydaşımız sadə, gülərüz və çox mehriban insandır. Elə ilk andan söhbətimiz alındı. Bu onun səmimiyyətindən irəli gəlirdi. Retro filimlərə baxmağı xoşlayır. Azərbaycan xalq mahnılarını, aşıq havalarını, xüsusən də muğamı dinləməkdən zövq alır...
Ən böyük arzusu isə Çarli Çaplin kimi filimlərə çəkilməkdir. İnanırıq ki, o, bu istəyinə də çatacaq. Axı bütün nailiyyətlər istəkdən başlayır...
Aprelin 6-sı Üzeyirin 48 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni rekordlar arzulayıram...
Elman EldaroğluDünya rekordu vuran sirk ustası...
Adı "Ginnesin Rekordlar Kitabı"na düşən cəmi yeddi nəfər azərbaycanlı var. Onların əksəriyyəti, el diliylə desək, səfeh-səfeh şeylərə görə düşüblər, yəni cinsi alətinin uzunluğu ilə dünya rekordu vurublar...
Onun da həmin kitabda adı var, amma 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qaldığı üçün...
Bəli, bu gün sizə dünya rekordu vuran məşhur sirk ustası Üzeyir Novruzovdan danışmaq istəyirəm.
Üzeyir 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qaraqoyunlu kəndində dünyaya gəlib. Doqquz yaşında olarkən Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərinin Yasenskaya kəndinə köçüblər. 1992-ci ildə 8-ci sinfi orada bitirdikdən sonra üç il peşə məktəblərindən birində aşbazlığı öyrənib. 1996-1999-cu illərdə Moskva Dövlət Sirk və Estrada Ali Sənət Məktəbində təhsil alaraq sirk ustası ixtisasına yiyələnib. 1999-2002-ci illərdə Moskvanın Vernadski prospektindəki "Yeni Sirk"də çalışıb. 2002-ci ildə ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən "Big Apple" sirkindən dəvət alıb və bir il burada işləyib. Sonra o, "Du Soleil" səyyar sirkində çalışmağa başlayıb. 2004-cü ildən 2014-cü ilədək Avropa ölkələrində, Yaponiyada, Braziliyada, Kanadada, ABŞ-ın bir çox ştatlarında qastrol səfərlərində olub. 2014-cü ildən Las Veqas ştatında yaşayır. Burada məskunlaşdığı ilk vaxtlarda bir müddət sirkdən ayrılaraq müxtəlif işlərlə məşğul olub. 2015-ci ildə ABŞ-ın "America's Got Talent" teleşousunda iştirakı ilə dünyada tanınmağa başlayıb. Bu şoudan sonra o, müxtəlif ölkələrin sirklərindən dəvətlər alsa da müstəqil fəaliyyətə üstünlük verir. Elə o vaxtdan da xüsusi şoularda iştirak edir…
2016-cı ildə Əbu-Dabidə keçirilən "Formula-1" yarışmasında Üzeyiri görən ölkəmizin rəsmi nümayəndəsi onu 2017-ci ildə Bakıda keçirilən "Formula-1"-in açılış mərasiminə dəvət edir. O da məmnuniyyətlə bu tədbirə qoşulur…
Deyir ki,- "Bütün dünyanı gəzmişəm, amma Azərbaycanın ürəyimdə öz yeri var. Sevinirəm ki, Azərbaycan son zamanlar çox gözəlləşib. Mən orada olanda elə bilirdim ki, inkişaf etmiş Avropa ölkələrindən birindəyəm. Səmimi sözümdür, Bakı mənim üçün Nyu Yorkdan da gözəldir"…
Ömür-gün yoldaşı Olqa Novruzova milliyətcə rus olsa da azərbaycan dilində danışmağı bacarır. Bir cüt əkiz qızları və bir oğlu var…
Addım-addım uğurlara nail olan, həyatını nərdivana bənzədən bu soydaşımız sadə, gülərüz və çox mehriban insandır. Elə ilk andan söhbətimiz alındı. Bu onun səmimiyyətindən irəli gəlirdi. Retro filimlərə baxmağı xoşlayır. Azərbaycan xalq mahnılarını, aşıq havalarını, xüsusən də muğamı dinləməkdən zövq alır...
Ən böyük arzusu isə Çarli Çaplin kimi filimlərə çəkilməkdir. İnanırıq ki, o, bu istəyinə də çatacaq. Axı bütün nailiyyətlər istəkdən başlayır...
Aprelin 6-sı Üzeyirin 48 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yeni-yeni rekordlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
Yeni kino muzeyi yaradılacaq
Dövlət Film Fondunda, Dövlət Kino-Foto Sənədləri Arxivində və digər bu tip arxiv və mənbələrdə kinematoqrafiyaya aid audiovizual materialların, foto və sənədlərin vahid reyestrinin yaradılması və qorunması nəzərdə tutulur. Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan kino klassiklərinin Dövlət Film Fondunda və yaxud yeni yaradacağımız kino muzeyində fərdi guşələrinin açılması və onlara aid olan əşya və sənədlərin bu muzeydə toplanaraq qorunmasını planlaşdırırıq.
Bu fikirləri AzərTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, ARKA AMEA ilə birlikdə kino irsini təbliğ edən “Milli kino tarixi” çoxcildliyinin nəşri, kino xadimlərinin yaradıcılığını və avtobioqrafiyasını əks etdirən elektron antologiyanın hazırlanmasını da nəzərdə tutur: “Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, milli kinomuzun təbliğ edilməsi məqsədilə A kateqoriyalı festivallarda Azərbaycan pavilyonlarının açılması haqqında artıq mədəniyyət naziri tərəfindən də qərar verilib. May ayında Kann festivalında Azərbaycan pavilyonlarının qurulmasına başlanılacaq. Ölkəmiz Kann festivalında yeni yanaşmamızın və yeni kino fəlsəfəmizin təqdimatı ilə təmsil olunacaq. Həmçinin ölkə daxilində fəaliyyət göstərən telekanallarda təbliğat mexanizmi olaraq müxtəlif təyinatlı kino verilişlərinin hazırlanması, müstəqil kino və mədəniyyət portallarının dəstəklənməsi nəzərdə tutulur”.
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
“ARKA türk dövlətləri ilə birgə layihələr həyata keçirir” MÜSAHİBƏ
Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) qardaş Türkiyə, Özbəkistan kimi türk dövlətləri, eyni zamanda, digər ölkələrlə birgə layihələrin həyata keçirilməsinə başlayıb. Konkret olaraq Özbəkistan Respublikası ilə Maqsud Şeyxzadənin həyatından bəhs edən bədii filmin çəkilməsi üçün Bakıda memorandum imzalanıb. Bununla da Azərbaycan kino cameəsi ilk dəfə özbək kino bazarına daxil olub. Bu isə Azərbaycan kinosu üçün bu günə qədər olmayan real maddi gəlir və təbliğat deməkdir. Ümumiyyətlə, bizim hədəfimiz iqtisadi səmərə baxımından daha çox xarici, xüsusilə də TÜRKSOY-a daxil olan ölkələrin bazarına daxil olmaqdır.
Bu fikirləri AzərTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi, ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, bu günlərdə Türkiyənin tanınmış “Skala Film Prodüksiyon” və “Tulpar Film” şirkətləri ilə də anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (“Altın tren”) adlı birgə filmin istehsalı nəzərdə tutulur. Film XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın əlaqələrindən bəhs edir. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Osmanlı ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü qatarın göndərilməsi filmdə öz əksini tapacaq.
“Türkiyə ilə birgə istehsal olunacaq daha bir film Nargin adasında saxlanılan türk əsirlərinin həyatından bəhs edən “Narginli Sona” filmidir. Rejissor Elməddin Alıyevin ekranlaşdıracağı bu filmin ssenari müəllifi Xəyam Abdullazadə, prodüseri Narin Nur Akdidir. Film Türkiyənin “Yerli Düşünce Basın Yayın Medya” şirkəti tərəfindən ARKA ilə birgə maliyyələşdirilir”, - deyə Orxan Fikrətoğlu bildirib.
“Ədəbiyyat və incəsnət”
(06.04.2024)
SALAM, CƏNAB DRONQO - Çingiz Abdullayevin 65 illik yubileyi ilə əlaqədar kitab sərgisindən reportaj
Könül, “Ədəbiyyat və incəsənət”
Sevimli yazıçımız, dünyaşöhrətli detektiv ustası Çingiz Abdullayevin yubileyi ilə bağlı görəsən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası nə töhfələr hazırlayıb?
Yolumu kitabxanadan saldım və dərhal da sualıma cavab aldım. Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevin 65 illik yubileyi münasibətilə ənənəvi və virtual kitab sərgisi hazırlanıb.
Dərhal deyim ki, virtual sərgidə görkəmli yazıçının həyat və yaradıcılığı, ictimai fəaliyyəti, müəllifi olduğu əsərlər haqqında geniş məlumat verilib.
Sərgidə Prezident İlham Əliyevin Çingiz Abdullayevi “Şərəf” ordeni ilə təltif etməsi, Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin, Əməkdar incəsənət xadimi, rəssam Çingiz Fərzəliyevin görkəmli yazıçı haqqında söylədikləri dəyərli fikirlər yer alır.
Materialda yazıçının 32 dilinə tərcümə edilən 200-ə yaxın kitabın müəllifi olması, yazdığı əsərlərin Azərbaycanda və bir çox ölkələrdə tanınmış, sevilən qələm ustası olduğu qeyd olunub. Kitab sərgisində müəllifin “Mavi mələklər”, “Qırılmış əlaqə”, “Oliqarxın qayıdışı”, “Oliqarxın varisi”, “Alqış sədaları altında ölüm”, “Bumeranq zərbəsi” kimi 20-dən çox kitabının qısa annotasiyası ilə yanaşı, görkəmli yazıçının əsərlərinin motivləri əsasında çəkilən filmlərdən və Çingiz Abdullayevin müsahibələrindən fraqmentlər də təqdim edilib.
“Çingiz Abdullayev - 65” adlı ənənəvi kitab sərgisində müəlifin kitabxana fondunda olan və geniş oxucu kütləsi tərəfindən sevilərək mütaliə edilən kitabları və kitabxana əməkdaşları tərəfindən hazırlanan eyniadlı ədəbiyyat siyahısı nümayiş olunub.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/cingiz-abdullayev-65 yerləşdirilib.
Buyurub, tanış ola bilərsiniz.
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
Azərbaycan Milli Konservatoriyasında Xalq çalğı alətləri Festivalı keçirilir
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Mill Konservatoriyasında Əməkdar incəsənət xadimi Əhsən Dadaşovun 100 illiyinə həsr olunmuş Xalq çalğı alətləri Festivalının “Tar ifaçılığı” üzrə həftəsi uğurla başa çatıb.
Azərbaycanın Milli mədəniyyətini, irsini, adət-ənənələrini qorumaq hər birimizin müqəddəs borcudur. Damarlarında Azərbaycanlı qanı axan hər bir həmvətənlimin bayağı musiqi dinləməyə, mədəniiyətini, incəsənətini danmağa haqqı yoxdur.
Azərbaycan Milli Konservatoriyasının çox dərin bir missiyası var. O, Milli irsimizi, musiqi ənənəsini, Milli musiqi alətlərini, unudulmaq təhlükəsiylə üz üzə qalan qədim xalq musiqilərini, muğamı yeni nəsillərə ötürməklə, təbliğ etməklə məşğuldur.
Mədəniyyətin və siyasətin inkşafında iyirmi, otuz, hətta əlli il öncə görə bilən dahi şəxsiyyət Heydər Əliyev bu təhsil ocağını yaratmaqda məqsədi, əlbəttə ki, bu idi. Yalnız əsas budur ki, onun etimad göstərdiyi insan Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi bu arzunu doğrultmaqla yanaşı, mən deyərdim ki, Azərbaycan musiqisi qarşısında da öz borcunu layiqincə yerinə yetirə bildi . Azərbaycan Milli Konservatoriyasında Milli Musiqi alətlərində dünya musiqisini ifa edəcək orkestrlər yaratdı. Milli alətlərin qorunması üçün laboratoriyalar yaratdı. O, Azərbaycan mədəniyyətinin və musiqi sənətinin inkişafında öndə olan sənətkarları təhsil ocağına dəvət etdi. Muğama elə zərif yanaşdı ki, indi hal hazırda hər səsin hər musiqi dünyasının bir qığılcımın da qədri bilinən tələbəsindən tutmuş saysız hesabsız Xalq artistlərinə qədər bu ocağa qədəm qoyan hər kəs üçün bir məbəd yarada bildi. O, musiqi məbədində daha bir möhtəşəm layihəyə imza atıb. İstədim mədəniyyət aləminin bundan xəbəri olsun. Bayaq qeyd etdiyim kimi, bu məbəddə Milli musiqi alətlərinin qorunması və təhsili üçün hər kəs əlindıə gələni edir.
Söhbət rektor, Xalq artisti Siyavuş Kəriminin Bədii rəhbəri və sədri olduğu, eyni zamanda, təşəbbüskarı olduğu Xalq Çalğı alətləri Festivalından gedir.
Xalq çalğı alətləri Festivalı artiq ikinci dəfədir ki, AMK-da keçirilir. Bu dəfə Festival gözəl sənətkarımız, unudulmaz incəsənət xadimi olan Əhsən Dadaşovun 100 illiyinə həsr olunub.
Hər həftəsi bir musiqi alətinə həsr olunacaq olan Festıvalın tar ifaçılığı həftəsinə son qoyuldu.
Digər həftələrdə Milli nəfəs alətləri, qanun, kamança ifaçılığı həftələri də olacaq.
Tar Festivalının ilk günü böyük həyacan hiss olunurdu. Həftə içi dörd gün saat 15 00 da başlayan Festivalda bir birindən istedadlı sənətkarlar iştirak etdi. Festivalın təşkilatı ilə məşğul olan İnstrumental muğam kafedrasının müdiri Malik Mansurov proqrama elə öz çıxışı ilə başladı. Bu gənclərə və ondan sonra iştirak edəcək bütün ifaçılara bir stimul oldu.
Festival Mədəniyyət kanalı tərəfindən canlı olaraq lentə alınır və mütəmadı olaraq Mədəniyyət kanalında yayımlanır.
Mədəniyyət kanalı bütün mədəniyyət aləmi ilə sıx bağlı olduğu kimi AMK ilə iş birliyini daima davam etdirir, Azərbaycan Milli Konservatyoriyasının yaradıcı və sənətkar mühitinə çox böyük dəyər verir. Bu da çox sevindirici haldir. Festivalın proqramını İnstrumental muğam kafedrasının laborantı Məleykə xanım mənə ötürür. Bu proqramda bir birindən gözəl sənətkarların adları yazılmışdır . Dörd gün ərszində iştirak edən 20 tələbəni nəzərinizə çatdırıram :
Malik Mansurov - Xalq artisti,
Mehman Mikayılov, Əsab Əliyev,
Səbuhi Cəfərov - Əməkdar artist, Elman Sadıqov, Ələkbər Ələkbərov- Əməkdar artist,
Ayaz İmranov, Vüsal İsgəndərzadə - Əməkdar artist,
Altay Niftaliyev, Rəşad İbrahimov, İqbal Məmmədzadə, Kamal Nuriyev, Rövşən Qurbanov, Şəhriyar İmanov, Bəhruz Zeynalov, Nurlan Cəbizadə, Mircavid Cəfərov, İbrahim Babayev, Araz Qasimi, Kamal Şükürov.
Bu sənətkarların hər biri ayrı ayrılıqda çox yüksək peşəkarlıq istedad nümayiş etdirdilər. Onlar tar ifaçılığının imkanlarının əslində çox geniş olduğunu bütün müsiqi aləminə numayiş etdilər. Adətən olduğu kimi, tar- müşayiət edən üç alətdən biri deyildi. Bu dəfə tar özü sənətkar ifalarıyla tamamilə başqa bir abu hava yarada bildi.
Həftə içi dörd gün musiqi sevərlərlə dolan AMK nın Böyük zalı çox gözəl bəzədilib. Səhnədə görkəmli qocaman, ömrünü bu sənətə həsr edən sənəkarlarımızın :Əhməd Bakıxanov, Qurban Pirimov, Bəhram Mansurov, Sadıqcan, Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimovun şəkilləri asılıb.
Xalq çalğı alətləri kafedrasının mudiri Ramiz Əzizov deyir ki, bu dəfə ifaçılar ikiqat həyacanlıdır, çünki bu cür sənətkarların rəsmləri asılmış səhnədə ifa edirlər.
Bu adlarını çəkdiyim ifaçıların bir biri haqqında ayrı ayrılıqda danışmaq olar. Amma həmin günü onların ifasını əks etdirməyə sözlər gücsüzdür. Mütləq Festivalda iştirak etmək və bu musiqi möcüzəsini, musiqi bayramını öz gözlərinizlə görməlisiz. Aprel ayinin 15 dən Festival öz işini davam etdirəcək. Tar ifaçılığı həftəsi çox böyük uğurla başa çatdı. Bütün ifaçıları bir birinbdən uğurlu çıxışlarına görə təbrik edirik. "Əsil sənətin və sənətkarın olduğu məkan müqəddəsdir" - deyirik. Çünki burda sənətkara dəyər verilir. Bütün ifaçılar sonda səhnədə başları üzərindən asılmış sənətkarların rəsmləri qarşısında baş əydilər, ruhlarını şad etdilər. Bu gözəl ənənə özü də səhnəni və tamaşaçı coşqusu ilə dolu olan Böyük zalı sanki sehirləmişdi.
Musiqi gözəllikdir. Azərbaycan Mİlli Konservatoriyası onun mehriban kolleltivi və burda görülən işlər də bu gözəlliyin bir parçasıdır.
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
MƏHƏBBƏT VƏ NİFRƏT! Bu gün “Xurşidbanu Natəvan” tamaşası oynanılacaq
Könül, “Ədəbiyyat və incəsənət”
Milli Dram Teatrının aprel repertuarına nəzər yetirəndə bu gün və sabah oynanılacaq iki tamaşa diqqət çəkdi.
6 aprel - “Xurşidbanu Natəvan”
7 aprel - “Ölülər”
Mən şiddətlə hamıya bu iki tamaşanı qaçırmamağı tövsiyyə edirəm.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan eyniadlı yeni yaradıcılıq işinin premyerası dekabr ayında baş tutub.
Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru mərhum Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Kazım Abdullayev (Canişin), əməkdar artist Anar Heybətov (Knyaz Xasay), əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn), aktyor Elçin Əfəndi (Hidayət xan), xalq artisti Rafiq Əzimov (Mirzə Ruhullah), əməkdar artist Rəşad Bəxtiyarov və aktyor Cavidan Novruz (Nəvvab), əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal Mustafayev (Zahir bəy), xalq artisti Hacı İsmayılov (Qoca Knyaz), aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), əməkdar artist Mirzə Ağabəyli (Kor kamançaçı), əməkdar artist Kazım Həsənquliyev (Məliküldövlə), aktyorlar Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), əməkdar artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kültəvi səhnə) və iştirak edirlər.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülmüşdür.
Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə və xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir.
Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının növbəti günlər üçün repertuarını xatırladıram:
10, 12, 13, 14 aprel - “Manqurt”
11 aprel - “Küknarlara məktub”
19 aprel - “Dantenin yubileyi”
20 aprel - “Xurşidbanu Natəvan”
21 aprel - “Buratino axmaqlar ölkəsində”, “Ah, bu uzun sevda yolu”
24 aprel - “Bir, iki, bizimki…”
25 aprel - “Dəli yığıncağı”
26 aprel - “Filumena Marturano”
27 aprel - “Şükriyyə”
28 aprel - “Ah, bu uzun sevda yolu”, “Sənsiz”
Şəkildə: Tamaşadan səhnə.
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
Bəs «sevgi uğursuzluğu» sindromundan necə qurtulmalı?
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bu yaxınlarda ölkəmizdə çox sarsıdıcı bir hadisənin şahidi olmuşduq. Sevgilərinə valideyinləri tərəfindən qadağa qoyulan iki sevən gənc aləmə meydan oxuyaraq özlərini avtomobilin içində yandıraraq işıqlı dünyaya əlvida demişdilər. Sevgi – qanda olan xoşbəxtlik hormonlarının səviyyəsini artırmaqla yanaşı, həm də qorxu hissini yox edən feniletilaminin səviyyəsini də qaldırır.
Bəs «sevgi uğursuzluğu» sindromundan necə qurtulmalı? Əlbəttə ki, bunun yolları mümkündür. İlk növbədə, uğursuz sevgiyə mübtəla olub bunun acılarını çəkəndə bu dərddən qurtulmağa istəyin də olmalıdır. Həmin şəxs əmin olmalıdır ki:
Birincisi: Qarşılıqlı, adekvat olmayan sevginin fəsadları bu gün müalicə olunur, məsələn, antidepressantların köməyi ilə. Ona görə də, Məcnunluq etməkdənsə mütəxəssisə müraciət eləmək, çarəsizlik komplekslərini yığışdırmaq lazımdır. Sevgi azarına tutulmaq da bir xəstəlikdir, xəstəlik gələndə isə mütləq təbibə müraciət eləmək lazımdır.
İkincisi: İnsan özündə güc, iradə tapmaqla sevgi azarından özbaşına da qurtula bilər, yəni ki, tibbin digər xəstəliklərindən fərqli olaraq sevgidə özünümüalicə olduqca effektiv təsir bağışlayır.
Bəs bunu necə həyata keçirmək olar? Təbii ki, möhkəm iradə, güclü xarakter vasitəsi ilə. Sevgi xəstəliyindən qurtulmaqçün sizə sevgi acısı yaşadan kəsdən hər gün bir qədər də uzaqlaşın, onun mənfi xüsusiyyətlərini xatırlayıb bunlara önəm verin, özlüyünüzdə onu pisləyin. Bu, olduqca müsbət effekt verəcək. Unutmayın, sevgi ağrısını dərhal, yerində kəsmək xeyli rahatdır, sizi az ziyanla ötüşdürən prosedurdur. Amma elə ki, bu ağrı tam gücü ilə tüğyan etdi, ağrıkəsicilər artıq kömək edə bilməyəcək.
Ani olaraq yanaşı qoyulan iki gözəl dibçək çiçəyini nəzərdən keçirin. Onlar bir-birinə sarı böyüyürlər, sanki bir-birilərindən güc alırlar, bir-birilərindən gözəllik alırlar. Qəfildən onları ayırın. Nə olacaq? Eyni kökdən böyümürlər ki, məhv olsunlar? Yenə də yaşayacaqlar. Nə olsun, bir müddət təklikləri təəssüfverici olacaq?
Hər bir insanın həyatından sevdiyi şəxs gedə bilər. Əfsus ki, bəzən bunu həyatın sonu adlandırır, dünyamızın uçub dağıldığını zənn edirik.
Əslində isə, heç nə dağılmayıb. Bir az tərpənib. Onu da bərpa etmək öz əlimizdədir.
(Davamı olacaq)
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
“Dəccal” (5-ci paylaşım) – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.
“DƏCCAL” kinonovellasının növbəti bölümü təqdim olunur.
Sarışın evlənən gündən Molla Qafarın evində qalmadı. Özünə kəndin ucqarı sayılan “Çaqqal dərəsi”ndə taxtadan təzə daxma qaraltdı. Molla Qafardan savayı hamı ona alışdı. Ancaq Molla Qafar baş verənləri anlamaya-anlamaya qəzaya, qədərə bağladı. İlahinin imtahanına yozdu. Sonda axırının xeyir olmasını Allahdan istəyib istixara elədi. Sarışınla Molla Qafar çox az-az danışardı. Az-az görüşərdi. Molla Qafar sarışından ürəyinin gizlinində qorxardı. Üzündə-gözündə dolaşan qırmızı şəhvanilik Molla Qafarı diksindirərdi. Sarışının Qafarın ürəyindən xəbəri yox idi. Kimi gördü, harda gördü, çənəsinin altına salıb saatlarla atasından danışardı. Hansı işin qulpundan yapışır-yapışsın, aşırardı. Əlindən hər iş gələrdi. Armavirdən gələndən kəndlilər üçün aran yerdə yeddi sulu quyu qazmışdı. Kəndə dağlardan bulaq suyu çəkmişdi. Yolları, körpüləri təkbaşına təmir eləmişdi. Hamı başına and içirdi. Kəndə birinci velosipedi, motosikleti də o gətirmişdi. Gedib şəhərdən kreditə götürdüyü televizorları bir-bir kənd evlərinə paylamışdı. Bütün kəndi türk seriallarına alışdırmışdı. Uşaqlar o gələndən sonra serial dillərində dil açıb, serial qəhrəmanları kimi danışırdılar. Dünən isə Qafarın evinə gəlib xahiş etmişdi ki, ona mollalığı da öyrətsin. Molla olmaq istəyir. Molla Qafar sarışının anasını xatırlayıb ilk dəfə ona qəti “Yox” demişdi. Onların arasına düşən çat da bu qəti “Yox”dan sonra başladı.
Sarışın üzdən Qafara oxşasa da, əməllərindən oxşamırdı. Əməllərində biclik vardı. Kəndi özünə məqsədsiz yerə ram etmirdi. Qafarı da ən çox qorxudan buydu. Ona həyatın ləzzəti kədərindən yaxın idi. Sarışın ölümdən, Allahdan qorxmurdu. O, heç nədən qorxmadığı üçün qorxuluydu. Sarışın həyatı an bilirdi. Və bu anı öz xeyrinə dəyişməyi sevirdi. Axirəti anlamırdı və qəbul etmirdi. O, həzz adamıydı, tövbəsi yoxdu. Allaha təslim olmamışdı. Özünə qadağa qoyanlardan deyildi. O, indi, bu gün, bu dəqiqə olanlardan ləzzət almağı sevirdi. Onun üçün nə keçmiş var idi, nə gələcək. O, indinin adamıydı. Məzluma qalib gəlirdi. Özündən zəifi bağışlamırdı. Qadağaları belə həyasızcasına ləzzətə çevirirdi. Adam var ki, günah etdiyini biləndə qorxur. Günahı təninin ağlı ilə etsə də, daxildə peşmançılıq çəkir. Bu daxil onun vicdanıdır. Etdiyi günahın əziyyətini illərlə yaşayır. Belə adamın nizamı, daxili yazısı imandandır. Özü dərk etməsə də, nizamı Allahdandır. Adam da var ki, etdiyi günahdan həzz alır. Günah edəndə və sonra heç bir peşmançılıq çəkmir. Sarışın günahından belə həzz alanlardan idi. Onun yazısında peşmançılıq yox idi. Günah elə bil onun qanında, canında idi. Molla Qafar da buna görə ildırım kimi ömrünə daxil olmuş sarışının molla olmasını istəmirdi. Ona görə yox ki, sarışın imana gələ bilməzdi. Ona görə ki, sarışın imanı belə öz iradəsi ilə dəyişəcəkdi. Onun buna gücü və iradəsi çatacaqdı. Bu gücü Molla Qafar sarışında görürdü. Elə ona görə də ondan qorxurdu.
Sarışın atasının qəti “Yox” deməsindən sonra bir də bu məsələyə qayıtmadı. Başını aşağı salıb xarratlığı öyrəndi. Amma bu “Yox”dan sonra gözlərində qəribə bir gülüş əmələ gəldi. Bir müddətdən sonra onun xarratlığından da dastanlar danışılmağa başlandı.
Sarışının gəlişindən sonrakı həyat təzə-təzə məcrasına düşürdü ki, dəhşətli xəbər kəndi sarsıtdı. Molla Qafarın kiçik qızı Sənubər günün günorta çağı yoxa çıxdı. Əvvəlcə Molla Qafar, sonra bütün kəndlilər ətrafı ələk-vələk elədilər. Xeyri olmadı. Elə bil qız yağlı əppək olub göyə çəkilmişdi. Gördüm deyən yoxdu. Şəhərə zəng vurub polis çağırdılar. Polis iki günlük axtarışlardan sonra qızı “Çaqqal dərəsi”nin arxasındakı lal uçurumdan ölü tapdı. Onun çaqqallar didmiş gözəl tənini Gülərin tükürpədici ah-vayı altında şəhər xəstəxanasına apardılar. Qızın bədənini ekspertiza etmək üçün yarmış patoloq-anatom eşiyə çıxan kimi Molla Qafarı otağına dəvət etdi. İçəridə ondan: “Qızının hamilə olmasından xəbərin var idimi?” – soruşdu. Molla Qafar Sənubərin ölməsindən çox hamilə olmasından sarsıldı. Axı Sənubər uşaq idi. Evdən eşiyə çıxmırdı. Məktəbə getmirdi. Oğlanla görüşmək nədir? Bir də kənddə onunla yaxınlıq edəcək ərgən oğlan uşağı, demək olar ki, yox idi. Molla Qafar daha bir sirri ürəyinə gömüb kəndə qayıtmalıydı. Buna ürəyi dözəcəkdimi? Bu sirri kimə deyəsən? Necə deyəsən? Həkimdən də, polisdən də məsələni ağartmamağı xahiş edib, ciblərinə pul basdı. Onlar Sənubərin ölümünü intihar kimi qeydiyyata salıb işi bağladılar. Molla Qafar ölüm kağızlarına son dəfə qol çəkəndə müstəntiqdən: “Uşaq neçə aylıq idi?” – soruşdu. Müstəntiq: “O qədər də böyük uşaq deyildi”, – dedi. Molla Qafar o hadisədən sonra heç kimlə kəlmə belə kəsmədi. Günlərlə dinib-danışmadı. Dəli kimi tək gəzib, tək dolaşdı. Sənubərin ölümünü öz günahına yazıb içinə çökdü. Qızının qatili kim idi? Onu kim zorlamışdı? Görəsən, o adamla üz-üzə gəlsəydi, Molla Qafar özünü necə aparacaqdı? Allahı unudub o adamı öz əlləriylə boğacaqdımı? Görəsən, Allah Sənubərin ölümüylə ona nə demək istəyirdi? Onu bu ağır imtahana niyə çəkirdi? Nəyi anlamalıydı? Səhvi nəydi? Nə günah etmişdi?
Sarışın Sənubərin yasında əldə-ayaqdaydı. Hamıdan çox ağlayırdı. Hamıdan bərk danışırdı. Gələnin, gedənin qulluğunda dururdu. Kənd cavanları kimi, Sənubərə yas tutub saqqal da saxlamışdı. Ağsaqqallar onun Molla Qafara bir hədiyyə olduğunu deyirdilər. Ağbirçəklər yanında yaşmaqlanmırdılar. Sarışın hamının məhrəminə, doğmasına çevrilmişdi. Təkcə Molla Qafar sarışına tərəf gözünün ucuyla belə baxmırdı. Başına gələn bütün bədlikləri onun adıyla bağlayırdı. Ondan haçansa gələcək daha böyük təhlükəni ağlı ilə dərk edə bilməsə də, hiss edirdi. Bundan artıq nə təhlükə olacaqdı? Gözəl-göyçək Sənubəri kimsə aldadıb zorlamışdı. O da təhqirə dözməyib özünü uçurumdan aşağı atmışdı. Molla Qafar bu vicdansızı tapıb öz əliylə boğmalıydı. Şübhələndiyi adam da vardı. Öz oğlu sarışın. Bunu ona necə subut etsin? Sübutu yox idi. Gümanı min yerə getsə də, imanı onu addım atmağa qoymurdu. Bəlkə bu işi heç sarışın eləməyib? Onda kim eləyib? Nə qədər düşünürdü, sarışından savayı ağlına heç kim gəlmirdi. Kənd adamları halal südəmmiş adamlar idilər. Onlardan heç kəs belə bir iş eləməzdi. Sənubərin özü də imanlıydı. Onu aldada biləcək adam ancaq doğma adam ola bilərdi.
Molla Qafar gecələrin birində heç zaman açmadığı qapını təpiklə açıb sarışının daxmasına girdi. Nazlı yeni doğulan oğlunu əmizdirirdi. Sinəsini örtüb utana-utana ayağa qalxdı. Sarışın divanda uzanmışdı. Molla Qafarın içəri girdiyini görüb döşəməyə atıldı. Ən əvvəl sarışın Molla Qafarın əllərinə baxdı. Onun silahsız olduğunu görüb toxtadı. Kandarda durmuş Molla Qafarın üzündəki kədəri gördükdən sonra isə istehza ilə gülümsündü. Bu gülüş Qafarın gözündən yayınmadı. Sarışın əllərini irəli açıb:
– Belə atam evimə xoş gəlib, – dedi.
Molla Qafar Nazlının əlindən uşağı zorla çəkib aldı. Bir həmlə ilə uşağı soyundurub işığın altına tutdu. Sarışının oğlu ona yad göründü. Uşaq başqa qandan idi. Molla Qafarın nəslində belə oğlanlar doğulmurdu. Molla Qafar nifrətlə sarışına baxıb:
– Başqa qadından uşağın yoxdur? – xəbər aldı.
Sarışın irişə-irişə:
– Xeyr, ata. Mən ancaq öz ailəmdə uşaq əkirəm, – dedi.
Molla Qafar ucadan ağlayan lüt uşağı Nazlıya qaytarıb diqqətlə sarışının gözlərinin içinə baxdı. Beləcə bir xeyli baxandan sonra:
– Mən o işin axırına çıxacam, – dedi. Və çevrilib otaqdan çıxdı. Nazlı Molla Qafarın qəfil hirsini anlamadığından qorxub ağlamsındı. Sarışın, arvadından fərqli olaraq, Molla Qafarın gəlişinə sevinmişdi. Elə bu sevinclə də əllərini bir-birinə sürtüb Nazlının yanağından öpdü. Sonra da:
– Yemək gətir, acmışam, – dedi.
***
Sarışının gəlişi Molla Qafarı çox dəyişmişdi. Bunu Gülər də hiss edirdi. Daha Quran oxuyub, ibadətlə məşğul olmurdu. Namazından, orucundan qalmışdı. Bütün günü “Allaha çətin imtahan verirəm” deyib gözlərini bir nöqtəyə zilləyərdi. Məktəbə də həvəsi qalmamışdı. Daha din dərsləri keçmirdi. “Zamanı gələndə uşaqlar özləri Allahı qanacaqlar. Allah kitablarda deyil, əməllərdə imiş”, – deyib məktəbdən yayınırdı. Həyatdan da ləzzət almırdı. Sağ qalmış yeganə qızı Ayişənin üzünü belə görmək istəmirdi. Ancaq taxtın üstündə oturub papiros çəkə-çəkə nə haqdasa düşünürdü. Adam içində olanda belə öz-özüylə danışırdı. Yuxudan hövlnak oyanıb səbəbsiz yerə ağlayırdı. Kimisə bərkdən söyüb: “Səni gec-tez öldürəcəm”, – qışqırırdı. Bir gecə Güləri yuxudan qaldırıb: “O, mənim günahımdır, dirilib arxamca gəlib. Ömrümdə bir dəfə günah etmişəm. Onun da bədəli qızım Sənubər oldu”, – demişdi. Molla Qafar Gülərdən də soyumuşdu. Daha heç kəsi sevmirdi. Bütün günü öz aləmindəydi. Səhər-axşam sərasər sarışını düşünürdü. Görəsən, sarışın kim idi? Onu Qafarın evinə kim göndərmişdi? Sənubəri kim zorladı? Allah bütün bu olanlardan xəbərdardırmı? Onun hökmü olmadan bu dünyada heç nə baş vermir. Niyə bu baş verənlər onun başına gəlir? Tanıdığı bütün adamların günahı vardı. Onlarındamı günahları sarışın təki arxalarınca gəlib nizamlı həyatlarını alt-üst edib? Yoxsa Allah ancaq sevdiyi bəndələrini imtahana çəkir?! Axı o, sarışının anası Valentinanı fahişə etməmişdi. Hamı kimi, o da Valentinadan bir neçə günlük həzz almışdı. Bu idimi onun günahı? Bu günahın əvəzi günahsız Sənubər olmalıydımı? Həmin gecə Valentina ilə gör neçə kişi əylənmişdi. Bəs necə olmuşdu ki, Valentina ondan uşağa qalmışdı? Allahdan gələn bəla ilə barışmaq çətin imiş. O, bu çətin yolu seçsə də, özüylə artıq bacarmırdı. Sarışını öldürmək istəyirdi. Qisas almaq fikrindəydi. Belə olan zamanlar, görəsən, iradəsini kim idarə edirdi? Özümü? Son günlər buna şübhə edirdi. Sarışın ondan evini, sevgisini, illərlə yaratdığı könül nizamını və nəhayət, qızının canını istədi. O, bütün bunları ona könüllü verdi. Özündən asılı olmadan sevgi ilə verdi. Sarışın gəlişi ilə onun sakitliyini pozdu. Onu dəyişdi, kiçiltdi, alçaltdı və şübhələrə saldı. Bu gəliş qədər idimi?.. Tale idimi?.. Yazı idimi?.. O, bütün bunlara dözdü. Qiyam etmədi. Sonda sarışın imanının, sevgilərinin, yəqinliyinin davamı olmaq istədi. Burda o, sarışının fahişə oğlu olduğunu xatırladı. Və onu öz davamı kimi görməyə razı olmadı. Ona görə razı olmadı ki, sarışının anası fahişə idi. Fahişənin oğluna imanmı etibar etmək olardı? Bax burda imiş bütün sualların cavabı. Molla Qafar olanların niyə olduğunu, nəhayət ki, anladı. Həqiqət ona birdən-birə aşkar oldu. Sənubərin ölümü özünü sarışından üstün bilməsinin cəzası imiş. Axı ona fahişəyə qiymət vermək ixtiyarını kim vermişdi? Yəqin, buna görə də qızı fahişə kimi ölmüşdü. O, gərək gənc olan zamanlarda da Valentinaya fahişə təki baxmayaydı. Onu məsum qız təki sevəydi. Bağışlayıb qadını edəydi. Görünür, Valentina onun taleyi, yazısı imiş. Və o, bunu anlamadan taleyinin acığına, ziddinə gedib. Özünü fahişədən üstün bilib. Bununla da hansısa qanunları pozub. İndi də bu səhvə görə Valentinanın oğlu ondan intiqam alır. Bu idimi ilahi nizam? Axı o fahişəni necə sevmək olardı? Bu suala Molla Qafar hələ də cavab tapa bilməmişdi.
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)
Qısa fikirlər xəzinəsində Otto fon Bismark
“Ədəbiyyat və incəsənət” portalı çox sevilən “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Otto fon Bismarkın qiymətli fikirlərini çatdıracaq.
***
Məğlublara yalnız göz yaşı verəcəyik ki, doyunca ağlaya bilsinlər.
***
Bütün el-aləmi tovlayıb aldatmaq istəyirsənsə – doğrunu söylə.
***
Fikrin aldatmaqsa, qısa danış.
***
Axmaqlıq ilahi vergidir, ancaq ondan sui-istifadə etmək də lazım deyil.
***
Gəncliyə üç öyüdüm var: Çalışın, çalışın, çalışın...
“Ədəbiyyat və incəsənət”
(06.04.2024)