Yeni kino muzeyi yaradılacaq

 

Dövlət Film Fondunda, Dövlət Kino-Foto Sənədləri Arxivində və digər bu tip arxiv və mənbələrdə kinematoqrafiyaya aid audiovizual materialların, foto və sənədlərin vahid reyestrinin yaradılması və qorunması nəzərdə tutulur. Azərbaycan kinosunda əvəzsiz xidmətləri olan kino klassiklərinin Dövlət Film Fondunda və yaxud yeni yaradacağımız kino muzeyində fərdi guşələrinin açılması və onlara aid olan əşya və sənədlərin bu muzeydə toplanaraq qorunmasını planlaşdırırıq.

Bu fikirləri AzərTAC-a müsahibəsində Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu deyib.

Onun sözlərinə görə, ARKA AMEA ilə birlikdə kino irsini təbliğ edən “Milli kino tarixi” çoxcildliyinin nəşri, kino xadimlərinin yaradıcılığını və avtobioqrafiyasını əks etdirən elektron antologiyanın hazırlanmasını da nəzərdə tutur: “Bir məsələni xüsusilə qeyd etmək istərdim ki, milli kinomuzun təbliğ edilməsi məqsədilə A kateqoriyalı festivallarda Azərbaycan pavilyonlarının açılması haqqında artıq mədəniyyət naziri tərəfindən də qərar verilib. May ayında Kann festivalında Azərbaycan pavilyonlarının qurulmasına başlanılacaq. Ölkəmiz Kann festivalında yeni yanaşmamızın və yeni kino fəlsəfəmizin təqdimatı ilə təmsil olunacaq. Həmçinin ölkə daxilində fəaliyyət göstərən telekanallarda təbliğat mexanizmi olaraq müxtəlif təyinatlı kino verilişlərinin hazırlanması, müstəqil kino və mədəniyyət portallarının dəstəklənməsi nəzərdə tutulur”.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.