Super User

Super User

Əli Çağla, “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi

 

Çox təəssüflə bildiririk ki, Güney Azərbaycanın görkəmli jurnalisti, şairi, tərcüməçisi və “Saray” dərgisinin direktoru, Ərdəbil mühitinin tanınmış siması və etnik haqların aktivisti Müjqan Siyami 6 aprel tarixində Ərdəbil şəhərində vəfat etmişdir. Onun əziz xatirəsi üçün iki şeirini təqdim edirik.

 

1.  

Buludların da bağrını yardılar bombalar!

Narın-narın parçalanıb dağıldılar buludlar!

Yağdılar-yağdılar

Bombalar, buludlar.

Döndü yer kürəsi

Dağınıq bir dağarcığa.

Qan qusdu,

Qocaman dəyirmançının

Qənim könlü!

 

2.  

Anam,

Xalı iplərini dara çəkir,

Məhkəmə isə ziyalıları.

Anamın ədalətindən gül bitir

Onlarınkından qəbir!..

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Dünən Rus Dram Teatrında “Sevgi, @ nöqtə.RU” tamaşası nümayiş olunub. Bu bir komediyadır. 

Leon Aqulyanskinin pyesi əsasında səhnələşdirilmiş komediya özündə həyatın daimi məsələlərini, çoxsaylı komik səhnələri və parlaq aktyorların mənasız davranışını birləşdirir. 

 

Premyerası 2022-ci il noyabrın 12-də keçirilən tamaşa Azərbaycanın Xalq artisti Aleksandra Nikuşinanın yubileyinə həsr olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Tamaşanın qəhrəmanları uzun müddət şəbəkə vasitəsilə ünsiyyət qururlar və nəhayət, şəxsən tanış olmağa qərar verirlər. Uğurlu işgüzar qadın və tanınmış plastik cərrah. 

Onlar bir-biri üçün doğulmayıblarmı?

Tamaşaçılar tərəfindən maraqla, bol gülüşlə  və gurultulu alqışlarla qarşılanan tamaşa hələ uzun müddət teatrın repertuarından çıxmayacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Bazar ertəsi, 08 Aprel 2024 14:30

Papuaslarda seçki

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Sən ona görə yaxşı iş tapa bilmirsən ki, bütün yaxşı işləri pis işçilər zəbt ediblər.

2.

Erməni lətifəsi

Aşot kafeyə girib əlindəki tüfəngin tətiyini çəkərək bağırır:

-Kim mənim bacımla yatıb? Bu dəqiqə gülləni onun başına çaxacam. 

Ağzına kimi dolu olan kafenin ən ucqar yerindən səs gəlir:

-Hamıya sənin patronun çatmaz.

3.

Rus lətifəsi

Texniki nasazlıq üzündən Papua-Yeni Qvineyada keçirilən prezident seçkilərində problem yaranır. Papuaslar Rusiyadan kömək istəyirlər. 

Tezliklə Rusiya MSK-nın sədri Vişnyakov ora ezam edilir. 

Seçkinin nəticələri hamını təəccübləndirir: 98.7 faiz səslə Papua- Yeni Qvineyada keçirilən prezident seçkisində Vladimir Putin qalib gəlmişdir. 

4.

-Axşam neynirdin?

-Neyniyəcəm, on əyriayağın və bir əlitopalın çıxardıqları oyuna baxırdım.

-Anladım. Milli yenə uduzub. 

5.

Ona baxdıqda anladı ki, bütün insanlar meymundan əmələ gəlib. Amma bəziləri insana bənzəməyən meymundan.

6.

Koronavirus dövründə Tamayziya ölkəsində metroya giriş üçün FacePay sistemi tətbiq edilib. Sifətini göstərmək üçün maskanı çıxarırsan, az sonra telefonuna karantin rejimini pozub maskasız gəzdiyin üçün cərimə bildirişi gəlir.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Bulaqotulu bozbaşın  hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR:

§ Ət – 117 qr

§ Soğan – 25 qr

§ Tomat pastası – 23 qr

§ Yaşıl noxud – 25 qr

§ Düyü – 25 qr

§ Bulaqotu – 35 qr

§ Duz – 6 qr

 

HAZIRLANMASI:

Yazın gəlişi ilə bulaqotulu bozbaş bişirilir. Bulaqotulu bozbaş üçün qışda istifadə olunan qovurmadan az da olsa, saxlanılır. Qovurma yağı ilə götürülür, soğanla qovrulur, üzərinə tomat əlavə olunur. Daha sonra isə su, duz, bir az yaşıl noxud və yumru düyü qatılır və bişməyə qoyulur. Hazır ola- na yaxın bulaqotu xırda doğranır və xörəyə əlavə olunur.

QEYD: İstəyə görə bozbaşa adambaşına 1 ədəd olmaqla yumurta sarısı da əlavə etmək olar.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyilənlərə görə, yüz əlli-iki yüz il bundan əvvəl indiki Cəlilabad rayonunun ərazisi Yardımlı rayonunun qışlaq torpaqları olub. Sonradan geri dönməyənlər, oturaq həyata üstünlük verən yardımlılar Cəlilabad ərazisində yurd salıb məskunlaşıblar. Heç də təsadüfü deyil ki, bu gün hər iki rayonda eyniadlı kəndlər çoxdur. Bəli, Cəlilabadda olan həmin kəndlərin əhalisi əsasən Yardımlıdan köç edən insanlardır. Doğrudur, məlum zəlzələdən sonra Şamaxıdan da buraya köçənlər az olmayıb, amma bu bir qədər əvvəl olub...

 

Haqqında söhbət açmaq istədiyim Salam Sarvanın şəcərəsi Yardımlıya və ya Şamaxıya gedib çıxıb-çıxmamasından xəbərsizəm, fəqət onun sağlamlığında ciddi bir problem olduğu məni də bir oxucu kimi çox narahat edir. Nə yaşı var ki, vur-tut 58 yaş...

O, 1966-cı ilin avqust ayının 10-da Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Hazırda Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Eşitdiyimə görə Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir. "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrain, polyak, gürcü, özbək dillərinə tərcümə olunub. Bunlardan əlavə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrain dilində nəşr edilib...

 

Deyir ki,- “Budda insana iztirabsız həyat bəxş eləmək istəyirdi. Həyat isə elə məhz ağrılarla toxtaqlıqların bir-birini əvəzləməsi halında həyatdı. Həzz nədir ki? Sadəcə, diş ağrısının toxtamasıdı da. Yoxsa, Buddanın ideyası baş tutsaydı həyatımız yeknəsəq yerüstü cənnətə çevrilərdi. Bədən fiziologiyasının olmadığı, yalnız ağrısız ruhların dolaşdığı metafizik ömür təsəvvür edə bilirsən? Absurddu axı! Dərin qatlarda düşünməyə başlasaq, ortaya kəskin suallar çıxacaq. Məsələn, mən də cığal roluna girib deyərəm ki, insanı öz istəklərini boğmağa çağıran fəlsəfə bu yola acizliyindən əl atıb. Vəziyyəti qadağalarla tənzimləmək ən asan çıxış yoludu axı. Deyərəm ki, bu istəkləri boğmağa çalışmaq yox, onları gerçəkləşdirməyin mümkün olduğu münbit şəraiti, bu şəraitin fəlsəfəsini yaratmaq lazım idi. Onsuz da, şüşəni hansı formaya salsan da, sınma xassəsi həmişə qalır...”

Sakit təbiətli adamdır. Təkəbbürdən, yekəxanalıqdan çox uzaqdır. Gözəl poeziya nümunələri yarada bilib;

 

Alın yazısında imza yeri boş –

edam fərmanıdı, qollamaq olmur.

Nifrət elədiyin ayağını da

bir addımdan uzaq tullamaq olmur.

 

Dayan bir dəqiqə bir “yox” de mənə,

hər gecə yuxuma girib yatan qız.

Adamı arxadan gəlib ötərlər,

ay məni qarşıdan gəlib ötən qız.

 

İndi bu qış ömrü sürüşmək gərək…

Bizi qar ötürər, dolu qarşılar.

Bu da ki sonuncu teleqramım:

mən gələr olmadım, yolu qarşıla.

 

Bu onun “Mən gələr olmadım, yolu qarşıla” şeiridir. Qəribə adamdır, heç vaxt sağlamlığının qeydinə qalmayıb. Bəlkə də yuxusuz gecələrin, narahat günlərin nəticəsidir ki, bu gün onun qaraciyəri ilə öd kisəsi arasında şiş əmələ gəlib. Hökmən cərrahi müdaxilə olunmalıdır...

 

“Orta ömrün artması nəyə lazımdı ki? Məsələn, bir futbol matçının vaxtını üç saatacan uzatmağın nə mənası var – əgər doxsan dəqiqəlik müddət də əskik görünmürsə?! İndi orta ömür həddi yetmiş ildir, onun yüz il olmaması bizdə hansısa kompleks yaradır? Heç ağlımızdan da keçmir.”- söyləyir...

 

Ümuiyyətlə, Salam Sarvan yaranışdan filosofdur, hər bir şeirini oxuyarkən buna əmin olmaq olar. Məntiq onun yaradıcılığının qayəsidir. Bir sözlə, məzunlu və maraqlı şəxsiyyətdir. Bu barədə nə vaxtsa daha geniş danışarıq. Bu gün onun el duasına, səmimi alqışlara ehtiyacı var. Gəlin Allahdan Salam Sarvana şəfa diləyək, arzu edək ki, tezliklə şəfa tapıb ailəsinə qovuşsun!

Allah şəfa versin!

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Bazar ertəsi, 08 Aprel 2024 13:30

O apreldən bu aprelə!

Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”

 

Aprel ayı həm qürur , həm də kədər ayımızdır. 2016-cı il aprelin 1-dən 5-nə kimi Azərbaycan Ordusu düşmən həmləsini dəf etmək üçün müqavimətə keçdi. Həmin döyüşlərdən sonra düşmən üzərində nisbi qələbə qazanıldı. 

 

Həmin günlər torpaqlarımızın kiçik bir hissəsi xain düşməndən azad edildi. O şanlı aprel döyüşlərində həlak olan qəhrəmanlarımızın arasında Naftalan şəhərinin sakini, 157 saylı hərbi hissənin siyasi məsələlər üzrə rəisi, mayor Vaqif Bayramov da var idi.

Ötən gün Naftalan şəhərində anım mərasimi keçirildi. Təbii ki, əvvəlcə şəhidlərin məzarı ziyarət olundu. Şəhidlər uyuyan qəbristanlıqda Bayramovlar ailəsinin iki oğlu- 1992-ci ildə Qarabağ uğrunda şəhid olmuş Mehman Bayramov və onun kiçik qardaşı Vaqif Bayramovun qoşa məzarı vardır.

Naftalan ŞİH-nin, Goranboy-Naftalan təhsil sektorunun birgə təşkilatçılığı ilə “Aprel Döyüşləri – Tarixi Zəfərə gedən şanlı yol” mövzunda keçirilən anım tədbirində Aprel şəhidi Vaqif Bayramovun ailə üzvləri, aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş kəşfiyyat idarə rəisi, polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova, AzTU-nun məzunu Müşfiq Orucovun anası Aygün Məmmədli, eləcə də “İpək Yolu” Mədəni Tarixi Araşdırmalar Mərkəzinin sədri, jurnalist-publisist Aida Eyvazlı - mən bəndəniz iştirak edirdik. 

Məktəblilərin Vaqif Bayramovun, eləcə də onun 1992-ci ildə Qarbağ uğrunda şəhid olan böyük qardaşı Mehman Bayramovun

şərəfinə, digər Vətən şəhidlərinin şərəfinə hazırladıqları kompozisiya, Vətənə, Şəhidlərimizin qəhrəmanlığına, düşmən üzərində qazandığımız qəti qələbəyə həsr olunmuş şerlər və mahnılar da səsləndi. Məktəblilərin xüsusi şövqlə hazırldıqları musiqili tədbirdə Vaqif Bayramovun anası Zeynəb xanım Bayramovanın da şerləri səsləndirildi. Şəhidin oğlu, 9 yaşlı Umud da “Sənin qisasını alacağam mən!” şerini səsləndirdi. 

Şəhidin anası Zeynəb Bayramova öz çıxışında Vətən yolunda şəhid verdiyi iki oğlu haqqında xatirələrini danışdı. 

-Mehmandan 8 yaş kiçik olan oğlum Vaqif  ilk hərbi təhsilini Naxçıvanski adına hərbi məktəbdə almışdı. O bu peşəni qardaşının qisasını almaq üçün seçmişdi. Mənim oğlanlarımın birinin boyu 1 metr 90, digərinin boyu 1 metr 85 sm idi.  Vətən yolunda iki çinar boylu oğlumu şəhid verdim. Ana üçün bala itkisindən ağır itki ola bilməz, lakin bir ona sevinirəm ki, bu aprel döyüşlərinin sonu Xankəndi Zəfəri ilə nəticələndi. İndi biz Dəmir Yumruq ətrafında birləşdik.

Daha sonra şəhid polkovnik Sənan Axundovun xanımı Nəcibə Axundova çıxış etdi: 

-Mən belə düşünürəm ki, bizim şəhidlərimizin Tanrı dərgahında ruhları şaddır. Bu gün Qarabağ azaddır. Mən baxıram ki, Vaqifin nişanəsi olan üç gözəl balası böyüyür. Ümud atasının adına həsr olunan anım mərasimində şer söylədi. Adı kimi, özü də başdan ayağa Ümiddir. Sənan kəşfiyyat idarə rəisi idi. İndi onun yerində oğlu Tahir böyüyür. Oğlum hərbi cərrah təhsili alır. Dönüb Vətənə xidmət edəcək. Polkovnik itirmişik. İnşallah bir də general böyüdərik. 

Müşfiq Orucovun anası Aygün xanım Məmmədli  çıxışında qeyd etdi: 

-Qarabağı görməyən, Qarabağı kitabdan, dəftərdən öyrənən oğullar, 90-cı illərdə dünyaya gəlmiş oğullar şükür ki, Qarabağı azad etdi. Zəfərə aparan yol apreldən başlayır. Bunu hamı bilir. Zəfəri ilk dəfə bal kimi bizə dadızdıran Vaqif kimi, Müşfiq kimi oğullar oldu. Mənim oğlum Müşfiq Naftalanda hərbi xidmət keçib. Bəlkə də elə mayor Vaqif Bayramovun əsgəri olub... Bütün şəhidlərimizin ruhu şad olsun, zəfər çaldıq, düşməni  yuvasına otuzdurduq. Dünyanın gözü kor olsun ki, bizim Zəfərimizlə, sülhümüzlə barışmaq istəmir, düşmənlərimizə kömək etməkdə israrlıdırlar.  Ancaq bu vətən, bu dövlət yaşadıqca yaşayacaq, Vaqif kimi, Sənan kimi, Murad kimi, Samid kimi, Müşfiq kimi şəhid olan qeyrətli oğulları olan dövlət yəqin ki, heç vaxt basılmaz. Düşmən heç vaxt qalib gələ bilməyəcək.

Mən öz çıxışımda Aprel şəhidlərinin həyatından bəhs edən ilk Qalibiyyət kitabından danışaraq bildirdim ki, aprel döyüşləri zamanı həlak olan şəhidlərin adı ilə çıxdığım yolda ləyaqətli şəhid anaları və xanımlari ilə də tanış oldum. Aprel döyüşləri bizim düşmən üzərində çaldığımızın Zəfərin ilk müjdəsi idi.  Düşmən üzərində qələbə inamını bizə Aprel şəhidləri verdilər. Dünya Azərbaycan Ordusunun, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin iradəsindən xəbərdar oldu. Mehman Bayramov və Vaqif Bayramova həsr olunmuş qısametrajlı filmdə  Aprel döyüşləri zamanı Vaqifin dostlarına göndərdiyi maraqlı bir fikir də səsləndi. Vaqif deyir: “Ordumuz irəliləyir, belə getsə torpaqlarımızı alacağıq, əgər dayandırmasalar Xankəndinə qədər gedəcəyik...”.  Bu gün Vaqif kimi oğulların arzularının Vətənin başı üzərində dalğalandığı gündür. Mehman və Vaqif qardaşları Xankəndi zəfərini görməsə də, indi onların ruhu bu şadyanalığı görür, o bayrağın başına dolanırlar.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Yaradanın var olduğuna inanmaq azdır, bu sadəcə səni inanclı adam edə bilir. Allahı dərk edəndə, Onun varlığına əmin olanda, sən Onu hər yerdə görə, hiss edə bilirsən. Nəfs, qəzəb, kin, paxıllıq, xəbislik, təkəbbür bəşər övladını elə bir vəziyyətə salıb ki, yalnız çətin vaxtlarında Allah yadına düşür...

 

Müəllim ailəsində doğulub, müəllim maaşı ilə böyüyüb ərsəyə çatıb. Bir insan kimi formalaşmasında müəllim tərbiyəsinin və tələbkarlığının rolu böyük olub. Mərdliyin mayasını Laçının bumbuz çeşmələrinin suyundan, dağ havasından götürüb. İlk dəfə dürüstlüyün nə olduğunu dünyaya göz açdığı Güləbird kəndinin adamlarından öyrənib. Haraya gedibsə dağ saflığını qoruyub saxlaya bilib. Aldığı təhsil zehninə işıq saçıb, təfəkkürünü kamilləşdirib. Xeyirlə şəri bir-birindən ayırmağı bacarıb. Və sonra, sonra da Allahı dərk edib, Ona baş əyib, ədalətinə güvənib. Haraya gedirsə, nə iş görürsə Allahı orada görə bilir...

Əlbəttə ki, ariflər vəzifəni Allahın insan taleyinə yazdığı gözəl bir fürsət kimi dəyərləndirirlər. Elə bir fürsət ki, onun vasitəsi ilə insanlara daha böyük fayda verə bilirsən...

O da, taleyinə yazılan vəzifənin çətinliklərini, şərəfini yaşayır. Yanına gələnlərin problemlərini həll etməyə çalışır. Bacardığı qədər, səlahiyyətləri daxilində ona pənah gətirənlərə yardımçı olur...

Qürurludur, lakin lovğalıqdan, təkəbbürdən çox uzaqdır. Davranışında o qədər səmimi, mehribandır ki, onunla ünsiyyətdə olanda sıxılmırsan. Kobud söz işlətmir, fikrini ən mükəmməl tərzdə ifadə edir. Heç kimə yuxarıdan aşağı baxmır, hər kəslə öz dilində danışmağı bacarır…

Onunla bir süfrədə əyləşmək, başqa aləmdir. Qonağına o səviyyədə xidmət göstərir ki, sanki bundan bir rahatlıq tapır. Və hər bir qonağını ölkəsinin ən nüfuzlu adamı kimi qarşılayıb, ən nüfuzlu adamı kimi də yola salır...

Gözümüzü açandan müxtəlif ictimai-siyasi quruluşlarda yaşamışıq. Hər quruluşda eyni vəzifənin özünəməxsus adları olub. Bir vaxtlar rayon partiya komitəsinin birinci katibi adlanan vəzifə, bu gün rayon icra hakimiyyəti başçısı adlanır. 1600 kvadrat kilometr ərazisi, 140 minə yaxın əhalisi olan Salyan kimi nəhəng bir rayona rəhbərlik etmək əlbəttə böyük məsuliyyətdir. Hər gün müxtəlif xarakterli insanlarla ünsiyyətdə olmaq, bitib tükənməyən sosial, iqtisadi problemlərin həllinə çalışmaq, sakinlərin tələb və istəklərini dinləyib, düzgün qərar vermək, çətinlikləri aradan qaldırmaq çox ağırdır...

Haqqında söhbət açdığım Sevindik Hətəmov bütün bu sadaladıqlarımın öhdəsindən ləyaqətlə gəlir. Elə ona görə də harada, hansı rayonda çalışıbsa insanların rəğbətini qazanıb. Onun Yardımlını tərk edərkən, necə yüksək səviyyədə yola salındığının çox adam şahidi olub. İnsanlar iki saat yol qət edib bu görüşə tələsirdilər...

Yaxşı insanlara dəyər vermək, onları nümunə göstərməyə tələsmək insanlıq borcumuzdur. Sevindik Hacıağa oğlu Hətəmov doqquz ildir ki, Yardımlıdan gedib, amma hələ də adı gələndə ehtiramla yad olunur, ünvanına xoş sözlər söylənilir. Bəli, biz yardımlılar Onu özümüzə doğma, əziz adam bilirik...

...Onu qırx yeddi yaşından tanıyıram. Nə zəmanə, nə vəzifə onu zərrəcə dəyişə bilməyib. Hələ də saflığını, mərdliyini, insanpərvərliyini qoruyub saxlaya bilir…

Basar günü Sevindik Hətəmovun 61 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı maarifləndirmə və təbliğat işləri davam etdirilir. Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu “COP29 silsilə mühazirələri”nə başlayır.

 

Agentlikdən AzərTAC bildiriblər ki, mühazirələrin keçirilməsində əsas məqsəd bu il ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi ilə bağlı ictimai savadlılığı artırmaqdır. Videoformatda keçirilən mühazirələr zamanı ətraf mühitə yanaşmanın Azərbaycan milli mədəni kimliyində tutduğu yer müxtəlif baxış bucaqlarından təhlil ediləcək.

İlk mühazirəni oxuyan şərqşünas alim, “Quran-i Kərim”in Azərbaycan dilinə bədii tərcüməsinin müəllifi, ADA Universitetinin professoru Nəriman Qasımoğlu “İslam dini ətraf mühitin mühafizəsi ilə bağlı bizə nə buyurur?” mövzusunda çıxış edib. O bildirib ki, fərqli dinlərin ekologiya məsələlərində irəli sürdüyü etiqadi mətnlərdə ümumi yanaşma izlənilir. “Quran-i Kərim”in ayələrinə istinad edən professor təbii nemətlərdən yalnız ən zəruri ehtiyacların ödənilməsi üçün qədərində istifadə edilməsinin əhəmiyyətini vurğulayıb. Mühazirəçi israfçılığa yol verməməyin, təbii resurslardan səmərəli istifadənin əhəmiyyəti, insanın ətraf mühitə münasibəti və təsiri ilə bağlı müxtəlif mövzulara aydınlıq gətirib.

Qeyd edək ki, COP29-la bağlı mühazirələr silsilə xarakter daşıyacaq.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Moskvadakı Rusiya Teatr Sənəti İnstitutunun (QİTİS) tədris mərkəzində Rusiyanın Əməkdar incəsənət xadimi, QİTİS-in Estrada sənəti kafedrasının və B.V.Şukin adına Teatr rejissorluğu kafedrasının müdiri Mixail Borisovun xatirə axşamı təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət”

AzərTAC-a istinadən verir ki, tədbirdə Tatarıstan Respublikasının “Sozvezdie-Yıldızlık” teatrının truppası dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını təqdim edib.

Teatrın QİTİS-in müxtəlif illərdə məzunu olan truppa üzvləri, Mixail Borisovun yetirmələri görkəmli səhnə ustası və rejissorun 2012-ci ildə öz tələbələri ilə səhnələşdirdiyi ən yaxşı tamaşalardan birini təqdim ediblər.

Tamaşadan əvvəl rejissorun dostları və həmkarları öz təəssüratlarını bölüşüb, onunla birgə çalışdıqları illərdən bəhs ediblər.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova çıxış edərək bildirib ki, Mixail Borisov Azərbaycanın böyük dostu olub. O vurğulayıb: “Mixail Borisoviç son illər Azərbaycanın gənc səhnə ifaçıları üçün aktyorluq kursları keçib. Azərbaycan Dram Teatrının böyük, dünya miqyasında tanınan rus teatrının əsl məktəbini keçmiş ustadlarla tamamlanması bizi inanılmaz dərəcədə sevindirir. Bunun üçün də öz istedadını, bilik və bacarıqlarını həmişə səxavətlə bölüşən Mixail Borisoviçə təşəkkür edirəm. Əminik ki, rejissorun azərbaycanlı tələbələri onun qayğıkeş rəhbərliyi altında təhsil aldıqları illəri minnətdarlıqla xatırlayacaq”.

Rusiya Federasiyası Hökumətinin mədəniyyət sahəsində mükafatının laureatı, Rusiyanın və Tatarıstan Respublikasının Əməkdar incəsənət xadimi Dmitri Tumanov AzərTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Mixail Borisov Azərbaycan mədəniyyətinə böyük sevgi hissi bəsləyirdi. O əlavə edib: “Mixail Borisovun xatırəsini anım günündə QİTİS-in rektoru Qriqori Zaslavski “Arşın mal alan”ın Mixail Borisoviçin sevimli məzunları tərəfindən göstərilməsinə qərar verdi. Bu dahi Azərbaycan klassikinin yaradıcılığının ən yaxşı əsərlərindən biridir. Gülçöhrə rolunu Borisovun sevimli tələbəsi olmuş, “Sozvezdie-Yıldızlık” teatrının aktrisası, “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı gənclər bölməsinin rəhbəri Kamilə Ələsgərova ifa edir.

Qeyd edək ki, “Sozvezdie-Yıldızlık” teatrının artistləri musiqi və aktyor məharətlərini ustalıqla nümayiş etdiriblər. Tamaşadakı hər bir səhnə, mahnı tamaşaçılar tərəfində böyük heyranlıqla qarşılanırdı.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Bazar ertəsi, 08 Aprel 2024 10:45

Turizm imkanlarımız İsraildə təbliğ olunur

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2024) sərgisində təbliğ olunur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı agentliyə istinadən məlumat verir.

 

Sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi daxil olmaqla, ümumilikdə 6 yerli tərəfdaş təmsil edir.

Milli stendi Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov ziyarət edib.

Azərbaycan stendinin ziyarətçiləri ölkəmizin tarixi, zəngin milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri, adət-ənənələri, mədəni irsi, UNESCO-n un Ümumdünya İrs Siyahısına daxil olmuş obyektləri ilə tanış olur, müxtəlif turizm imkanları haqqında ətraflı məlumatlandırılırlar. Bundan əlavə, qonaqlar ölkənin mədəni landşaftının unikallığını nümayiş etdirən Azərbaycanın qədim yəhudi irsi haqqında məlumat əldə edirlər.

Stendin ziyarətçiləri üçün Azərbaycanın milli şirniyyatları və yerli şərablarını dequstasiya etmək şəraiti yaradılır.

Aprelin 4-dək davam edəcək sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

Məlumat üçün bildirək ki, 2023-cü ildə Azərbaycanı 29 093 İsrail vətəndaşı ziyarət edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.