Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyilənlərə görə, yüz əlli-iki yüz il bundan əvvəl indiki Cəlilabad rayonunun ərazisi Yardımlı rayonunun qışlaq torpaqları olub. Sonradan geri dönməyənlər, oturaq həyata üstünlük verən yardımlılar Cəlilabad ərazisində yurd salıb məskunlaşıblar. Heç də təsadüfü deyil ki, bu gün hər iki rayonda eyniadlı kəndlər çoxdur. Bəli, Cəlilabadda olan həmin kəndlərin əhalisi əsasən Yardımlıdan köç edən insanlardır. Doğrudur, məlum zəlzələdən sonra Şamaxıdan da buraya köçənlər az olmayıb, amma bu bir qədər əvvəl olub...
Haqqında söhbət açmaq istədiyim Salam Sarvanın şəcərəsi Yardımlıya və ya Şamaxıya gedib çıxıb-çıxmamasından xəbərsizəm, fəqət onun sağlamlığında ciddi bir problem olduğu məni də bir oxucu kimi çox narahat edir. Nə yaşı var ki, vur-tut 58 yaş...
O, 1966-cı ilin avqust ayının 10-da Cəlilabad rayonunda anadan olub. N.A.Voznesenski adına Leninqrad Mailiyə-iqtisad institutunu bitirib. Hazırda Bakıda yaşayır. Ölkənin tanınmış media orqanlarında redaktor kimi çalışıb. Eşitdiyimə görə Dövlət Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı jurnalında Baş redaktor müavinidir. "Sənə deyiləsi deyil sənə deyiləsi sözüm", "Mən gələr olmadım, yolu qarşıla", "Heykəl tənhalığı" adlı şeir kitablarının müəllifidir. Şeirləri ingilis, fransız, rus, türk, ukrain, polyak, gürcü, özbək dillərinə tərcümə olunub. Bunlardan əlavə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin xətti ilə "Boğulmaq da olmur, dayazdır dünya" kitabı ukrain dilində nəşr edilib...
Deyir ki,- “Budda insana iztirabsız həyat bəxş eləmək istəyirdi. Həyat isə elə məhz ağrılarla toxtaqlıqların bir-birini əvəzləməsi halında həyatdı. Həzz nədir ki? Sadəcə, diş ağrısının toxtamasıdı da. Yoxsa, Buddanın ideyası baş tutsaydı həyatımız yeknəsəq yerüstü cənnətə çevrilərdi. Bədən fiziologiyasının olmadığı, yalnız ağrısız ruhların dolaşdığı metafizik ömür təsəvvür edə bilirsən? Absurddu axı! Dərin qatlarda düşünməyə başlasaq, ortaya kəskin suallar çıxacaq. Məsələn, mən də cığal roluna girib deyərəm ki, insanı öz istəklərini boğmağa çağıran fəlsəfə bu yola acizliyindən əl atıb. Vəziyyəti qadağalarla tənzimləmək ən asan çıxış yoludu axı. Deyərəm ki, bu istəkləri boğmağa çalışmaq yox, onları gerçəkləşdirməyin mümkün olduğu münbit şəraiti, bu şəraitin fəlsəfəsini yaratmaq lazım idi. Onsuz da, şüşəni hansı formaya salsan da, sınma xassəsi həmişə qalır...”
Sakit təbiətli adamdır. Təkəbbürdən, yekəxanalıqdan çox uzaqdır. Gözəl poeziya nümunələri yarada bilib;
Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.
Dayan bir dəqiqə bir “yox” de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.
İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.
Bu onun “Mən gələr olmadım, yolu qarşıla” şeiridir. Qəribə adamdır, heç vaxt sağlamlığının qeydinə qalmayıb. Bəlkə də yuxusuz gecələrin, narahat günlərin nəticəsidir ki, bu gün onun qaraciyəri ilə öd kisəsi arasında şiş əmələ gəlib. Hökmən cərrahi müdaxilə olunmalıdır...
“Orta ömrün artması nəyə lazımdı ki? Məsələn, bir futbol matçının vaxtını üç saatacan uzatmağın nə mənası var – əgər doxsan dəqiqəlik müddət də əskik görünmürsə?! İndi orta ömür həddi yetmiş ildir, onun yüz il olmaması bizdə hansısa kompleks yaradır? Heç ağlımızdan da keçmir.”- söyləyir...
Ümuiyyətlə, Salam Sarvan yaranışdan filosofdur, hər bir şeirini oxuyarkən buna əmin olmaq olar. Məntiq onun yaradıcılığının qayəsidir. Bir sözlə, məzunlu və maraqlı şəxsiyyətdir. Bu barədə nə vaxtsa daha geniş danışarıq. Bu gün onun el duasına, səmimi alqışlara ehtiyacı var. Gəlin Allahdan Salam Sarvana şəfa diləyək, arzu edək ki, tezliklə şəfa tapıb ailəsinə qovuşsun!
Allah şəfa versin!
“Ədəbiyyat və incəsənət”
(08.04.2024)