Super User

Super User

Çərşənbə axşamı, 09 Aprel 2024 11:30

KİNO TARİXİMİZDƏN - ilk filmlərimiz barədə nə bilirik?

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il ölkədə ilk dəfə xarici filmlərin nümayişi baş tutmuş və həmçinin də ilk Azərbaycan filmləri çəkilmiş və göstərilmişdir.

 

1898-ci il avqust ayının 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” və s. xronikal sənədli və “İlişdin” adlı bədii kinosüjetlərini nümayiş etdirmişdi. Həmin gün həm də milli kinomuzun yaranma günü sayılır.

Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si ölkədə kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. 

Gəlin yuxarıda adlarını sadaladığımız filmlərlə daha yaxından tanış olaq. 

1.

"Bibiheybətdə neft fontanı yanğını" - Reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən bu xronikal səssiz filmdə 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə Bakı taciri, milyonçu Y.V. Vişaunun mədənində baş verən dəhşətli yanğın hadisəsi öz əksini tapmışdır. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı - milyon pud neft olan anbar və 9 buruq od tutub yanır. 

2.

"Şəhər bağında xalq gəzintisi" - Müşahidə manerasında lentə alınmış bu səssiz kinosüjetdə Bakıdakı Mixaylov bağında (İndiki Əliağa Vahid bağında) qıtlıqdan zərər çəkənlərin nəfi üçün mayın 31-də Bakı elmi foto dərnəyi tərəfindən təşkil olunmuş xalq gəzintisi öz əksini tapmışdır.

Xronikal informasiya janrına aid olan bu kinolentdə müxtəlif zümrələri təşkil edən adamlar təqdim olunmuş və tamaşaçılarda dövrün Bakı həyatı və şəhər əhalisi haqqında müəyyən təsəvvürlər yaradılmışdır.

Bu film ilk dəfə 1989-cu ildə Bakıda V.İ.Vasilyev - Vyatskinin teatr-sirkində iyunun 21-də sirk proqramından sonra göstərilmişdir. 

3.

“Əlahəzrət Buxara əmirinin "Velikiy knyaz Aleksey" paraxodunda yolasalma mərasimi” - 1898-ci il iyul ayının 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu H.Z.Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodla Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşır. Hətta limanda qonağın şərəfinə orkestrdə çalır.

Protokol informasiyanın xəbər janrında çəkilmiş bu xronikal səssiz film məhz həmin təntənəli yolasalma mərasiminə həsr edilmişdir. 

4.

"Qafqaz rəqsi" - Filmdə əyninə milli paltar geymiş rəqqas  Qafqaz rəqsini ifa edir. Rəqqasın ağzında, əllərində və belində xəncərlər var. O, dövrə vurub hər dəfə səhnənin ortasına çatanda xəncərləri bir-bir başının üstündən atıb yerə sancır. Bu minvalla rəqqas xəncərlərin hamısını taxta döşəməyə sancır. Rəqs bitdikdə xəncərlərin hamısı yerə sancılmış vəziyyətdə göstərilir. 

Bu səssiz kinosüjet həm də Azərbaycan kinosunda film-konsert janrında çəkilmiş ilk filmdir. 

5.

"İlişdin" - Bu səssiz kinoyumoreskada Bakı şəhər bağında baş vermiş məzəli əhvalat əks olunmuşdur. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyaların birində oturur. Bu vaxt arxadan xanıma yaxınlaşan cibgir ehmalca onun qolundan salladığı əl çantasından pul götürmək istəyərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir qorxudan gözləri bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündənrazı halda gülümsəyir və ardından ciddi görkəm alıb cibgirə "İlişdin" deyir.

"İlişdin" kinosüjeti ilə həm də Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur. 

6.

"1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" - Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur. 

 

Sözügedən filmlərin ssenari müəllifi, rejesoro və operatoru Aleksandr Mişon olmuşdur. 

Onu da qeyd edək ki, kinosüjetlər "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı", "Bibiheybətdə neft fontanı yanğını" var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır.

2001-ci ildə Azərbaycan Dövlət Filmfondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri - "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Dövlət Filmfondunda qorunub saxlanılır. 

Yazımın sonunda qeyd edim ki, yazıma tanınmış kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinosu 1898 - 2002” fundamental tədqiqat işi mənbə olaraq dəstək verdi.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 09:30

Bu dəfə “Ulduz” uşaqlar üçün parlayacaq

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Sevimli jurnalımız “Ulduz” bu il ilk qədəmlərini xeyli gec atdı. Bu da ulduzsevərləri xeyli intizarda saxladı. Şükür ki, dalabadal həm yanvar, həm də fevral-mart sayları işıq üzü gördü. 

Budur, jurnalının növbəti sayı artıq əlimdədir. Gəlin onu birgə varaqlayaq. 

 

Dünya uşaq ədəbiyyatına həsr olunan fevral-mart sayı “Ulduz” jurnalı ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin birgə layihəsi əsasında hazırlanıb.  

Jurnal filologiya elmləri doktoru, dosent, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimovanın “Gecələr səmaya bax, bütün ulduzlar çiçəkləyəcək...” ön sözüylə açılır. 

Cavanşir Yusifli “Eqzüperinin duası” məqaləsini və böyük fransız yazıçısı Antuan Dö Sənt Eqzüperinin dünyaca məşhur  “Balaca şahzadə”sindən üç fəsli təqdim edir.

Hədiyyə Şəfaqət Rey Bredberinin “Zəncirotu şərabı” romanı əsasında yazdığı “Əjdaha şərabı”nı oxucularla bölüşür.

Güneyli ustad şair Səməd Behrənginin “Balaca qara balığ”ı “Ulduz”un bu sayında üzdükcə üzür.

Orxan Aras Jücel Feyzioğlunun uşaq kitabları haqqında “Nağılına sevgi qoşan adam” yazısını təqdim edir.

Əziz Nesin “Abidəsi qoyulan milçək”lə yad edilir.

Jurnalın bu sayında Azər Turan oxucuları “Toğrul Nərimanbəyovun nağıl ağacı, yaxud Teymur Elçinin yaratdığı mifik təsəvvürlər dünyası”na aparır.

Süleyman Sani Axundovun “Əhməd və Məleykə” nağılı, “Klassik uşaq ədəbiyyatından seçmələr” uşaq ədəbiyyatının inciləri kimi təqdim olunur.

Sevinc Nuruqızı ”Uşaq ədəbiyyatında sevgi etirafı” yazısı ilə xoş ovqat yaradır.

Türkiyənin məşhur uşaq yazıçısı Nur Dombaycıyla Cavid Qədirin müsahibəsi uşaq dünyasından söz açır.

Reyhan Yusifqızının “Dünya dəyişdi, bəs uşaq ədəbiyyatı dəyişikliklərə uyğunlaşdımı?”, Mətanət Vahidin “Kitab – xəyal gücü sərhədsiz olan alternativ dünyadır”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Zəfərin uşaq ədəbiyyatında şöləsi” yazıları, Britaniya və Amerika uşaq şerindən seçmələr, Əhməd Cəmilin “Can nənə, bir nağıl  de” şeiri, Sevinc Elsevərin “Kinomuzda uşaqlar” araşdırma yazısı, Hans Kristian Andersenin həyatı və “Balaca İdanın çiçəkləri” nağılı, Nurlana İşığın “Uşaq məyusluğunun həqiqəti” yazısı jurnalın bu sayında yer alır.

“Dərgidə sərgi”də rənglər dünyasıyla Əzizə və Dəniz Bəhruzlulardır.

Xoş mütaliələr!

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 13:30

BİR SUAL, BİR CAVAB Qulu Ağsəs ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

 

Dəyərli Yaradıcımız Qulu Ağsəs, Siz otağınızda şeir yazarkən otağınızdakı güzgünün dili olsaydı, daxilinizi də hiss etsəydi, bizə nə söyləyərdi?  

 

CAVAB

 

İş burasındadır ki, ömür boyu xəlvət yazmışam. Lap uşaqlıqdan- məktəb vaxtı şeirlərimi düzüb -qoşanda məktəb uşaqlarından, ailəmdən utanardım. Bir küncdə yazar və sonra da onu möhkəm gizləyərdim. İllər ötdü, bax bu xasiyyətim dəyişmədi. İndi də hamıdan xəlvət yazır və yazdığımı evin bir küncündə gizləyirəm.

Yəni, sualınıza cavab olaraq deyim ki, yazdığım otaqda güzgünün dili olsa belə, heç nə deyə bilməz, çünki bu proses çox xəlvət gedir.

Bir də yazı ilə bağlı bir sirrimi açım. Mən əlimlə yox, ayağımla yazıram. Yəni, o baş-  bu baş evdə, həyətdə yeriyib şeir yaza bilirəm. Ona görə deyirəm ki, mən şeiri əlimlə yox, ayağımla yazıram.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 15:00

QISA FİKİRLƏR XƏZİNƏSİndə Hüseyn Atay

“Ədəbiyyat və incəsənət” portalı Qısa Fikirlər Xəzinəsi rubrikasında bu dəfə Hüseyn Atayın fikirlərinə yer ayırıb. Toplayanı, tərcümə və tərtib edəni Cəlal Məmmədovdur.

 

 

Hüseyn ATAY:

 

Quranı kim yaradıbsa, Allah odur. Çünki belə bir kitaba Allahdan başqa heç bir qüdrət vücud verə bilməz.

 

***

Bir ayəti anlayaraq oxumaq bütün Quranı anlamadan oxumaqdan daha savabdır.

 

***

Hər zaman, hər yerdə, heç bir şərt qoşmadan Quranı aç, oxu və düşün; öz yolunu tapacaqsan.

 

“Ədəbiyyat və incəsənət”

  (09.04.2024)

 

Çərşənbə axşamı, 09 Aprel 2024 10:30

Mən sevim, sən sevmə - SEVGİDƏ ZOR OLARMI?

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

İnsan təbiətinin üç əsas xüsusiyyəti hansılardır? Düşünmədən cavab verərik ki, bioloji, intellektual və mənəvi. Əksərən bu xüsusiyyətlərə istinadən yaranan sevgi hissləri uzunömürlü olur. Amma çox təəssüf ki, hazırda bu xüsusiyyətlərin üçünü də öz kölgəsində qoyan maddilik xüsusiyyəti sevən kəslərdə dominantlıq etməyə başlayıb. İndi sevgidə şəxsi mənfəət axtaranlar, xüsusən hazırki kapitalizm cəmiyyətinin tələblərinə uyğun hərəkət edirlər. Özlüyündə gedonizm (həzz duymaq) və karyerizm (qarşı tərəfin üstünlüklərindən yararlanmaq) kimi halları birləşdirən maddilik geniş vüsət alıb. Bu dialoqları kim eşitməyib ki:

 - Qızı istəyən var.

 - Kimlərdəndir? Evi-eşiyi, işi-gücü varmı?

Yəni ki, sevənin gözəl-göyçək olmaq kimi fizioloji, sevən qəlbə malik olmaq, ağıllı, tərbiyəli, gözəl xasiyyətli olmaq kimi mənəvi, ali təhsilli, bilikli olmaq kimi intellektual tərəfləri maraq doğurmur, maraq doğuran onun regionu, valideynləri, var-dövlətidir, maddi tərəfləridir.

Uğurlu sevgi münasibətlərində bax bu faktor da nəzərə alınmalıdır, acı da olsa, «ayağını yorğanına görə uzatmaq», «özünəuyğun birisini tapmaq» zərurəti günümüzün sevgi münasibətlərinin qurulmasında ən vacib rol oynayan münasibətlərdəndir.

Xaraktercə də özünəuyğun birisini tapmaq, məhz yaxşı bələd olduğun birisi ilə ailə qurmaq istəyin özünü sonda tam doğrulda bilər. Bir tanışlıqla «ZAQS»a qaçmaq, az qala bütün ölkələrin teleefirlərində populyar olan evlilik proqramları vasitəsi ilə evlənmək əksər hallarda uğurlu ailə qurulmasına rəvac verə bilmir.

Sevgidə uğur qazanmağın bir tərəfi də illüziyalardan qopub çıxmaq bacarığıdır, qarşılıqsız sevgiyə, dəli kimi sevgiyə tuş olmamaq, bundan yayınmaq cəldliyidir. «Mən sənin sevgini istəyirəm», «Mən səni sevirəm, sən də sev» kimi tələblər nəyə lazımdır? Necə ola bilər axı, sənin ona olan hisslərini eynən də o sənə qarşı keçirsin?

Məşhur bir Azərbaycan mahnısı var, hazırda dünyasını dəyişmiş müğənni Rübabə Muradovanın ifasında dönə-dönə dinləməkdən doymazdım:

Mən sevim, sən sevmə, qoy belə olsun.

Sənə sev deməyənə cürətim var.

Ürək özünündür, özün bilərsən

Mənimsə dözumlu məhəbbətim var.

Görün necə gözəl sözlərdir. Məncə, sevgi münasibətlərinin ən lazımi səviyyəsini göstərir bu mahnı. «Sənə sev deməyə nə cürətim var!» Bax belə!

Növbəti dəfə qarşılıqlı sevgi barədə danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

Poetik Qiraətdə bu gün sizlərlə Azərbaycan Yazıçılar Birliyi sıralarına yenicə qoşulmuş Banu Muharrem görüşür. 

“Adı sevda olan soyuq bir xəncər” kimi sətri varsa, demək ki, bu sevgi şeiridir. 

Xoş mütaliələr! 

 

Qəlbimin ən dərin, isti yerində 

adı sevda olan soyuq bir xəncər.

_tutub çıxarsan...

_tutub çıxarsan...

 

Uçqundan sağ  çıxmış körpə uşaq tək

nəmli bir şəhərin toranlığında   

             leysan buludlara meydan oxuyan saralmış bir yarpaq.

_Tutub qoparsan...

_Tutub qoparsan...

 

Qürurun bitdiyi  dərd toxluğunda

Göylərdə yeriyib, yerlərdə uçan

qəribə ruhumdan qopsa həyəcan.

_Qucub saxlasan...

_Qucub saxlasan...

 

Xəyal quranlara  həsəd aparsan!

 

Udqunub susduğum xəyallarımda 

qalın  bir kitablıq  nə çox sözüm var.         

Ömür tükənməmiş, yuxum gəlməmiş

_susub oxusan...

_susub oxusan...

 

Qarın doyurmayan sönük ümidlə

vitrin şüşəsinə yansıyar gözüm

_baxıb utansan..

_baxıb utansan..

 

Darıxmaq qorxusu, qırğınlıqları 

itən sevgilərin, gedən dostların

Üzünə həkk olar son ünvanları..

_daha qayıtsan...

_daha qayıtsan...

 

Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Çərşənbə axşamı, 09 Aprel 2024 13:00

O vaxtdan bizim aktyorların bəxti gətirməyib

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu dəfə Ədəbiyyatdan qopub İncəsənətə varacağıq. Sizlərə Sələf və Xələf təqdim edilir. Kimdir onlar? Aytac Sahədin müəllifi olduğu yazını təqdim edirik.

                                                                

 

“Sələf-xələf” rubrikasının budəfəki qonaqları Azərbaycan Dövlət Kukla teatrının direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə və teatrın quruluşçu rejissoru Anar Məmmədovdur.

 

Teatrda işlər necə gedir?

 

Rəşad bəy. İşlər yaxşıdır. Sentyabrın on beşindən bugünədək tamaşalarımız olub. Hələlik tamaşalardan narazılığımız yoxdur.

 

Bəs tamaşaçı sayından necə?

 

Rəşad bəy. Ötən illərə nəzər salanda görürük ki,Kukla teatrında tətildən sonrakı tamaşalar məktəblə eyni gündə başladığı üçün həmin günlər bir az problemli olurdu. Əvvəlki illərlə müqayisədə bu il elə bir problem olmadı. Baxmayaraq ki, biz on üç ildən sonra biletin qiymətini də qaldırmışıq.

 

Qiymət nə qədər qalxıb?

 

Rəşad bəy. Üç manat idi, indi beş manatdır. Qiymət artımı bizdən asılı olmayan səbəblərdən baş verib. 2010-cu ildən indiyə kimi biletlərin qiymətində heç bir dəyişiklik olmayıb.Halbuki bu on üç il ərzində istər kommunal xərclər, istərsə də tamaşaya lazım olan materialların qiyməti bir neçə dəfə qalxıb. Kukla Teatrı açıq kassaya işləyir, bizim biletimiz hansısa məktəbdə, təşkilatda satılmır. Hazırda repertuarda 44 tamaşa var.

 

Sizcə, qiymət artımı tamaşaçı sayına mənfi təsir göstərməz?

 

Rəşad bəy. Məncə, yox. Sosial şəbəkə hesablarımızda valideynlərin əksəriyyətinin bizim bu addımımızı dəstəklədiyini görürük. Yəni əgər müqayisə etsək, parkda üç dəqiqə fırlanan yelləncəyinqiyməti iki-üç manat arasında dəyişir. Bizdə isə 45- 50 dəqiqə, bəzən bir saat tamaşalar olur. Hərgörülən işin özünün qiyməti olmalıdır. Qiymət artımından asılı olmayaraq, biz şəhid, qazi övladlarına, internat uşaqlarına öz dəstəyimizi göstəririk. Onlar yenə də ödənişsiz tamaşalara baxa biləcəklər.

 

Anar bəy, çoxdan burada çalışırsınız?

 

Anar bəy. Artıq on üç ildir.

 

Nəzərə alsaq ki, yaradıcı adamların stabilliklə arası olmur, on üç kifayət qədər ciddi rəqəmdir.

 

Anar bəy. Bu teatrın qəribə bir sehri var. Bilmirəm kollektivdəndir, yoxsa başqa səbəbdənmi? Heç vaxt demək olmur ki, mən mükəmməl kukla teatrı rejissoru, yaxud aktyoruyam. Sən daim nələrisə yenidən öyrənirsən. Ona görə də burda daha maraqlı fantaziyalar işlətmək olur, yəni kukla buna imkan verir. Məsələn, lazım olanda kuklanın əli uzun olur, lazım olanda balaca.  Ancaq aktyorun özündə bunu eləmək mümkün deyil. Buna görə də bura daha maraqlıdır. İstənilən nağılı biz özümüz gördüyümüz fantaziya ilə reallaşdıra bilirik. Digər teatrlarda isə aktyorun nə əlini uzatmaq olur, nə ayağını.

Kukla teatrı çox şey öyrədir. Bildiyiniz kimi, bizim İncəsənət Universitetində kukla teatr aktyorluğu fakültəsi yoxdur. Dram aktyorluğu, yaxud da digər fakültələri bitirib bura gələn gənclərdən biri dəmən idim. Gəlib burda kukla sənətini öyrənmişik.

 

Rəşad bəy, fakültənin açılması üçün müvafiq müraciətlər olubmu?

 

Rəşad bəy. Təxminən, dörd-beş il sərasər xahiş də eləmişik. Ümumilikdə, ölkəmizdə beş Kukla Teatrı fəaliyyət göstərir. O beş teatrın kollektivini nəzərə alsaq, heç olmasa bir qrup şəklində dərslər təşkil etmək olardı. Onsuz da aktyorlar hansısa bir teatra gələndə tam aktyorluq sənətini teatrda öyrənirlər. Bizim teatra gəldikdə isə aktyorluq fakültəsini bitirib gələn adam, təxminən bir il, il yarım bu kursu keçir.

 

Nəzəriyyəni bilmədən praktika üzərində iş aparmaq çətin olmur ki?

 

 

Rəşad bəy. Bilirsiniz, istənilən sənət nəsildən-nəslə ötürülür. Hər halda, bunun bir məktəbi olsa, daha yaxşı olar.

 

Rəşad bəy, Kukla teatrında işləmək istəyən aktyorda mütləq nə olmalıdır?

 

Rəşad bəy. Kukla Teatrında işləmək üçün daha çox aktyorun plastikası olmalıdır. Çünki aktyorun palstikası varsa, kuklaya ötürə bilir, yoxdursa, ötürə bilmir. Səs seçimi də bizdə mühüm rol oynayır. Aktyorun üzü görünməsə də,o, bir neçə kuklanın səsində danışmalıdır.

Bizdə fəaliyyət göstərən aktyorlar və aktrisalar eyni fakültəni bitirən insanlardır. Ona görə də harda asandır, harda çətin müqayisəsinə yol verrmək istəmirəm. Sadəcə olaraq,bura qısa bir müddətəişləməyə gələn adam beş-altı ay sonra da ayrı teatra dəvət olunanda getmir. Anar bayaq dediyi kimi,“Buranın sanki bir sehri var”.

 

Ancaq təəssüf ki, sənət adamlarının çoxunda gördüyümüz məşhurluq sevdasından kukla aktyorlarına pay düşmür.

 

Rəşad bəy. O baxımdan bizim aktyorların bəxti gətirməyib. Qırx il–əlli il şirmanın arxasında olurlar, amma simadan tanınmırlar. İndi şükürlər olsun, aktyorlarımızı da aktrisalarımızı da televiziya verilişlərinə, seriallara dəvət edirlər. Bir sözlə, aktyorlarımız əvvəlki dövrlə müqayisədə tanınmağa başlayıblar. Biz də bu mövzuda aktyorlarımıza dəstək oluruq. Hətta bizə deyiləndə ki hansısa kanalda kukla verilişi olacaq, özümüz xahiş edirik ki, bizim aktyorlardan dəvət olunsun.

 

Bu günün uşaqları internet dövründə yetişir. Onları təəccübləndirmək də asan məsələ deyil. Bu işin öhdəsindən necə gəlirsiniz?

 

Anar bəy.  Süjetdə yox, formalarda yeniliklər etmişik, yeni formalar tapmışıq. Konservativlikdən uzağıq.Teatrda, səhnədə çalışırıq ki, nağıl yaradaq. Qeyd etdiyiniz kimi, internet dövrüdür. Uşaqlar indi istənilən cizgi filminə baxa bilir. Amma onu canlı seyr etmək fərqli sehrdir. Ona görə daha çox çalışırıq ki, uşaqları nağıla yönəldək və onlar özlərini nağılın içində hiss eləsinlər. Düşünürəm ki, alınır. Nağlın da bir məğzi olanda, onu gözəl bəzəyəndə tamaşa özünü doğruldur.  İndi işıqdan tutmuş, musiqiyə qədər teatrda bir çox geniş imkanlar var. Bizim teatrın imkanları var ki,  hər tamaşada yeni bir effekt tətbiq edək. Uşaq ancaq oturub qulaq asmaq istəmir, maraqlı bir effekt görəndə diqqətini dərhal cəlb edir. Biz də o effektlərdən istifadə edirik. Bu teatr daim inkişafdadır, ümid edirəm ki, bundan sonra da inkişafımız davam edəcək.

 

Rəşad bəy. Uşağın zövqünü oxşamayan bir tamaşa olanda heç bir qüvvə onu zalda oturmağa məcbur edə bilmir. Ona görə biz tamaşanı elə hazırlamalıyıq ki, həm böyüklərin xoşuna gəlsin, həm uşaqların. Böyüyün xoşuna gəlməyəndə bir də uşağı gətirmir, uşağın xoşuna gəlməyəndə uşaq durub çıxır. Teatrlarda hazırda elə bir şərait var ki, biz də müasirliyə hakim ola bilərik. Valideyn üç-dörd nağıl bilir. Zəng eləyir, soruşur ki, bugün hansı tamaşadır? Deyirsən, filan tamaşa. Soruşur ki, bəs “Göyçək Fatma” nə vaxtdır?İndi bu hallar xeyli azalıb. Hətta yeni tamaşalar hazırlananda valideynlərin diqqətini çəkir. Tamaşaçıya yaxşı tamaşa lazımdır. Tamaşa qədim nağıldır, yoxsa müasir pyes onu maraqlandırmır. Klassik tamaşaların əksəriyyəti bu gün bizdə var. Keçən ildən isə müasir Azərbaycan yazarlarının əsərlərini hazırlamağa başlamışıq. Əslində, əvvəllər də hazırlayırdıq. Amma indi daha çox gənc nəsildən söhbət gedir.

 

 Gənc yazarların yazdıqları sizi qane edirmi?

 

Rəşad bəy. Axtaran tapır. Həm də biri xoşuna gəlməz, ikisi xoşuna gəlməz. Onda gərək bağlayaq teatrı. Bizim teatr digər teatrlar üçün tamaşaçı hazırlayır. Ona görə də çalışırıq ki, seçdiyimiz tamaşanın mövzusu, ssenarisi elə olsun ki, uşaq teatrı sevə bilsin.

 

Anar bəy. Hər rejissoru maraqlandıran problemlər olur ki, onu hansısa pyesdə, novellada, romanda axtarır. Əgər rejissor axtardığı problemi hansısa pyesdə tapırsa, ona mane olan şeyləri redaktə edərək ikinci müəllif kimi səhnələşdirə bilir. Burda böyük bir problem yoxdur. Əsas odur ki, rejissoru və cəmiyyəti maraqlandıran problem həmin pyesdə olsun.

 

 Rəşad bəy, bir qədər də kuklaların hazırlanma prosesindən danışaq.

 

Rəşad bəy. Tamaşa bədii şura tərəfindən qəbul edilib rejissoru, rəssamı təyin olunduqdan müəyyən müddət sonra eskizlər təqdim olunur. O eskizlər əsasında kukla hazırlanır. Kuklanın boyundan tutmuş, göz rənginə qədər eskizdə göstərilməlidir. Çalışırıq ki, eskizdə nədirsə, o da hazırlansın. Bu, çox qəliz və uzun prosesdir.

 

Bəs kuklaların ortalama qiyməti neçə olur?

 

Rəşad bəy. Nədənsə həmişə yaradıcılıqdan söhbət düşəndə hamını maliyyə maraqlandırır (gülümsəyir). Kuklaların qiyməti müxtəlif olur. Rəqəm birinci hazırlandığı materialdan sonra onun mexanikasından asılıdır. Kukla var ki, qulaqları, burnu, bığı – hamısı tərpənir. Bütün bunlar maliyyədə rol oynayır.

 

Bu gün gənc aktyorlar arasında Kukla teatrına üz tutanların sayı çoxdurmu?

 

Anar bəy. Hə, üz tutanlar kifayət qədərdir. Bəzən olur ki, gənclər gəlir, ancaq Kukla teatrının çətinlikərini biləndə deyirlər ki, bura mənlik deyil, çətindir. Amma işləmək istəyənlərin də sayı çoxdur.

 

Rəşad bəy. Mən öz teatrımızı tərifləmək niyyətində deyiləm. Amma qeyd edim ki, bizdə ştat cədvəlində bir boş yer də yoxdur.

Sevimli aktyorumuz Yaşar Nuri “Məşədi İbad” tamaşasında oynayanda iki-üç məşqdən sonra gəlib yanımda dedi ki, kənardan kuklanı oynatmaq çox asan görünür. Olar, mən kuklasız çıxıb “jivoy” oynayım?  Heç bir teatrın xətrinə dəyməsin, ancaq deməliyəm ki, bizim aktyorlar istənilən teatrda oynaya bilir. Ancaq digər bir teatrın aktyorunu gətirsəniz, burda kuklanı idarə edə biləcək, yaxud edə bilməyəcək, bax bu, sual altındadır.

 

Necə düşünürsünüz, uşaqlar üçün tamaşa hazırlamaq daha çətindir, yoxsa böyüklər üçün?

 

Anar bəy. Tamaşa tamaşadır, fərqi yoxdur, uşaq üçün hazırlayırsan, ya böyük üçün. Uşaqlar ən böyük kritikdir. Böyük isə kiminsə tanışı olar, yalandan deyər ki, yaxşıdır. Ona görə də uşaq üçün tamaşa hazırlamaq daha çətindir.

 

Rəşad bəy. Son sözü tamaşaçı deyir, tamaşaçısı varsa, tamaşa var, tamaşaçısı yoxdursa, tamaşa da yoxdu. Əgər planşet, kompüter dövründə tamaşaçımızı itirməmişiksə, deməli, bizə tapşırılan işin öhdəsindən gələ bilmişik.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

Çərşənbə axşamı, 09 Aprel 2024 16:00

“Dəccal” (son) – ORXAN FİKRƏTOĞLUNUN KİNONOVELLASI

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kino Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü görəcək. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Bu gündən etibarən oxucularımızı “Kinocizgilər” kitabındakı yazılarla tanışlıq gözləyir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalı olacaq.

 

“DƏCCAL” kinonovellasının son bölümü təqdim olunur.

 

Vəkili Molla Qafara Ayişənin də hamilə oldu­ğu­nu söylədiyi an isə hər şey ona gün kimi aydın olmuşdu. Ən qəribəsi bu idi ki, heç kəs sarışının bu işləri edə biləcəyinə inanmazdı. Heç kəs onun günahkar ola biləcə­yini ağlına belə gətirməzdi. Əksinə, bütün kənd onun qeyrətli oğul olmasından danışırdı. Bu insanların gözü, görəsən, necə bağlanmışdı? Yaxşı, deyək ki, kəndlilər avamdı. Bəs müstəntiqlər? Axı Molla Qafarın hər iki qızı hamiləydi. Bunu kimsə etmişdi də. Qızlar öz-özünə ha­milə olmamışdılar ki? Molla Qafar qızlarının sarışınla yatmasını tədqiqatdan gizlətsə də özündən gizlətməmişdi. Bəs niyə onun özü belə bu sirri açmırdı? Ona nə mane olurdu? Adam içinə çıxmaqdan utanırdı? Onsuz da daha adam içinə çıxmayacaqdı. Ömürlük həbs olunmuşdu. Sarışın uzaqdan diqqətlə ona baxırdı. Molla Qafar hiss etdi ki, sarışın onun alçalmasını, sındığı, Allahdan üz döndərdiyi anı görmək istəyir. Sarışın nəfs idi. Sarışın günah idi. Sarışın hər nə idisə, adam deyildi. Molla Qafar özünü toplayıb sarışının gözlərinin içinə baxdı. Sarışının göz­ləri gülürdü.

 Nəhayət, Molla Qafarın üzünə hökm oxundu.

Onu bir neçə dəqiqə sonra məhkəmə salonundan həbsxa­na­ya aparacaqdılar. Molla Qafar ağır-ağır ayağa qalxdı. Çev­ri­lib Gülər tərəfə baxdı. Baxışları ilə olsa da, qadını ilə halal­laşırdı. Gülər salonun ortasında sarışını sinəsinə sıxıb ağlayırdı. Sarışının əli Gülərin bu gün bir az dik görünən döşlərinin üstündəydi. Gülər də sarışını bir az başqa cür qucaqlamışdı. Əyninə geydiyi qara paltarının ətəyi bir az yuxarı qalxmışdı. O, əvvəllər belə paltarlar geyinməzdi. Sarışın Molla Qafar görsün deyə sağ əlini yavaş-yavaş Gülərin kürəyindən aşağı sürüşdürüb arxasında saxladı. Və salondakı qarışıqlıqda Gülərin yumru arxasını sığallamağa başladı. Qəribəsi bu idi ki, Gülər də onun əlini geri itələmirdi. Molla Qafar nə deyəcəyini, nə edəcəyini bilmədi. Yerə tüpürüb salondan eşiyə çıxdı. Addımını atdıqca qollarını sıxan qandal qəribə səslər çıxarırdı. Maşına minənə qədər Molla Qafar heç nə düşünə bilmədi. Yenə olanları Allahın ixtiyarına buraxdı.

Ancaq gecə təkadamlıq kamerada işıqlar söndürü­ləndən sonra Molla Qafar döşəməyə çöküb üzünü göyə tut­du və utana-utana pıçıtıyla kimdənsə: “Sən hələ or­dasan?” – soruşdu...

Və birdən qulaqlarına açıq-aydın sarışının səsi gəldi: “Əlbəttə burdayam... harda olacam?”

 

SON

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

 

 

Çərşənbə axşamı, 09 Aprel 2024 10:45

Şəhidlər barədə şeirlər – Teymur Rəsulov

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Teymur Rəsulova həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

TEYMUR YAVUZ OĞLU RƏSULOV

(23.03.1988.-21.10.2020.)

 

Qaradağ rayonunun Sahil qəsəbəsindən olan, ADNA-nın məzunu, Qarabağın azad olunması uğrunda Vətən müharibəsinin şəhidi          

 

ELİN  İGİD OĞLU TEYMUR

Təmiz  qəlbli,  amallıydı,
Əqidəli,  kamallıydı.
Saf arzulu,  xəyallıydı,
Üzündən  tökülürdü  nur,
Elin  igid  oğlu  Teymur.


Sevirdi  işi,  zəhməti,
Yurda  sonsuz  məhəbbəti.
Dürüstlüyü,  ləyaqəti,
Gətirmişdi  ona  uğur-
Elin  igid  oğlu  Teymur.

Şair  kimi  gəldi səsi,
Vardı,  şeiri, hekayəsi.
Tükənməz  idi  həvəsi,
İstedadı, ilhamı gur,
Elin  igid  oğlu  Teymur.

Bu  Vətənin övladıydı,
Mübarizi,  Poladıydı.
Yenilməzliyin  adıydı,
Qətiyyətli,  həm    cəsur,
Elin  igid  oğlu  Teymur.

Pozdu  düşmən növrağını,
Pis  günə  qoydu yağını.
Azad  etdi  torpağını,
Sona  kimi  qaldı  məğrur,
Elin  igid  oğlu  Teymur.

Yaxşısın  bilir  yaradan,
Çox  şeyi  anlamaz  nadan.
Getdi  döyüşə  qorxmadan,
Bir  bax,  gör  necə  vuruşur
Elin  igid  oğlu  Teymur.

Gerçək  edib  nağılları,
Yurdumuzun  oğulları,
Məhv  etdilər  yağıları,
Sizinlə  duyuruq   qürur,
Elin igid  oğlu   Teymur.

Artlq Şuşanı almışıq,
Şərəfli zəfər çalmışıq,
Qalib kim ucalmışıq,
Ölməzlərdən biri budur,
Elin igid oğlu Teymur.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

 

Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”

 

Vətənim verdi mənə namü nəmək,

Vətəni unutmaq, məncə, nə demək?!

(Abbas Səhhət)

 

Dünyanın əşrəfi sayılan insan məfhumunu səciyyələndirən başlıca amillərdən ən mühümüdür vətən. Hər kəsə Tanrı tərəfindən bəxş edilmiş ülvi nemətlərdəndir torpaq. Bu nemətlərin ən dəyərlisi də elə vətəndir. Vətənin tarixi hardasa bəlkə də bəşərdən daha qədimdir. “Hər insanın doğulduğu yerdi vətən“, yaxud “hər kəsə anadan olduğu yerdi vətən”- deyənlər yanılırlar. Bu, heç də belə deyil. Bu cür fikirləşənlərin mövqeyindən yanaşaraq, bəşər övladının harada doğulmağını və harada anadan olmağını fərdi qaydada əsas götürsək, Vətən anlayışı əl yetəcək zaman, vaxt qədər günümüzə yaxındır. Belə olduqdasa əcdadlarımızın- ulu babalarımızın haqqına girmiş olarıq. Vətən uluların sabahlarına mirasıdır. Bizə görə, vətən əcdadlarımızın doğulduğu yerdi, ilk vaxtlardan qoruyub, məskunlaşdıqları məkandır. Bu məqamda din adamı Qautama Buddanın sözü müəyyən mənada yerinə düşür: “Bu günkü həyatımız dünənki düşüncələrimizin, sabahkı həyatımız da bu günkü düşüncələrimizin əsəridir…”

Bundan əlavə, aşağıdakı belə bir deyimlə də tez-tez qarşılaşırıq: “Günün harda xoş keçirsə, ora da vətəndi.” Bu düşüncədə olan insanlar var ki, ona gün-güzaranı qürbətdə də xoş keçir kimi gələ bilir. Bu cür adamlara xatırlatmaq yerinə düşər ki, hörmətli yazarımız A. Yenisey demişkən: “Vətən dörd bir yanı qürbətlə əhatə olunmuş yerdir.”

Çox güman ki, bu səbəbdən də qürbətlə vətənin həzzini bir-birindən ayıra bilmədiyindən vətən həsrətini, vətəndaşlıq hissini hələ dərk etməmişlər, hislər labirintində azıb qalmışlar. Görünür ki, bu adamların millət, vətən duyğularını qürbət ləzzəti üstələmiş, könüllərindəki yurd ocağının tonqalı yaxşı qalanmamışdır. Vətənə məhəbbət ailənin, cəmiyyətin və dövlətin ayaqda qalması, milli mənəvi dəyərlərin qorunması,onun gələcək nəsillərə aşılanması deməkdir. Qürbəti vətən hesab edənlər, bunu gündəlik həyat tərzinə çevirənlər unudurlar ki, hər doğulan uşaq dəyərli şairimiz M. Araz demişkən vətən daşı olmalıdır. Vətən daşı olan bu uşaq eyni zamanda vətəndaşlıq hissinin sabaha daşıyıcısıdır. İlk vətəndaşsa Adəm övladı olub. Vətəndaşlıq həzzinin ilk daşıyıcısı da odur. Adəm övladları çoxaldıqca nəsil əmələ gətirərək yer üzünə səpələnmişlər. Nəsillər dəyişdikcə yer kürəsi vətənlərə bölünmüşdür. Nəsil nümayəndələrinin vətəndaş olmasısa ta qədimdən uşağın doğulduğu ailədən, mənsub olduğu nəslin genindən və düşdüyü mühitdən, cəmiyyətindən asılı olmuşdur. vətəndaşlıq hissi körpəlikdən və onun tərbiyəsindən başlanır. Vətən təəssübkeşliyi, xalqa, millətə rəğbət hissi valideynin uşağa bəslədiyi münasibətindən, övladın ata-anasına hörmətindən qidalana-qidalana körpənin mənsub olduğu ailənin düşdüyü mühitin ona necə aşılanması ilə nəsildən nəslə ötürülərək formalaşır. Necə ki, ağaç kökləri ilə torpaq və havayla təmasda olmasa, su içə bilməz, qol-budaq atammaz, pöhrələməz, çoxalmaz. Çoxları o yaşda özü də bilmədən bu duyğunun ilahi duyğu olduğunun fərqinə varmır. Ana qucağından onu ayrılmağa qoymayan hansı duyğunun, hansı hissin nə olduğunu anlamır. Elə buna görədir ki, müdriklərimiz vətəni, torpağı ana qucağı ilə tən tutmuşlar.

Vətəndaşlıq hissi özünü dərk edənlər üçün həmişəyaşıldır, hər bir vaxt təzə-tərdir, həmişəyaşardı. Vətənpərvərlik duyğusu yazın orta ayına bənzər. Təbiətin bu çağında hər tərəfdən şeriyyət yağır. Canlı rəssam tablosunu seyr etməkdən göz doymayır, ürək riqqətə gəlir. Yamyaşıl don geymiş ağaclardan, məstedici rayihəsi ətrafı bürüyən rəngbərəng güllərdən, çiçəkləri al-əlvan çəmənlərdən, quşların təkrarsız əsrarəngiz nəğmələrindən adamın canına şirin bir istilik yayılır, damarında qanı qaynayır, o kəsin yaşamağa həvəsi artır.

İnsan yaşlaşdıqca, müdriklik yaşına çatdıqca vətənə qarşı sevgisi də böyüyür. Necəki, günlər bir-birini qovaraq ayları, aylarsa illəri doğur. İl üstə il gəldikcə insanın hiss və duyğuları da qol-budaq atıb şaxələnir, uşaqlıq xatirələri ayaq açıb, yaddaşda varaqlanır. Ömrün qürub çağı yaxınlaşdıqca  o bir az da duyğusallaşır. Bəlkə də, bu onun torpaqdan yaranıb torpağa gedəcəyindəndir. Klassiklərimizdən birinin dediyi kimi: “Bu dünya duracaq yer deyil, ey can səfər eylə!” Bu fikrin davamını ən çox oxunan hesab olunan alman mütəfəkkiri Artur Şopenhauerin aforizmlərindən birində də görürük: “Öldükdən sonra, doğulmadan öncə haradaydıqsa, oraya qayıdacağıq.”

Bizim fikrimizcə də, insanın ahıl çağında vətən, yurd, el-oba məhəbbəti torpaq yağışı, qarı canına hopdurduğutək adamı daha çox özünə cəlb edir, duyğularını oyadaraq iliyinə, qanına yeriyir. Bu elə bir ilahi həzz, elə bir ruhi hissdir ki, insan can üstdə olanda belə dünyasını dəyişənə qədər onu tərk etmir. Bayatılardan birində əbəs yerə deməyiblər: 

 

Əzizim vətən yaxşı,

Geyməyə kətan yaxşı.

Gəzməyə qərib ölkə,

Ölməyə vətən yaxşı.

 

Belə bir fikir də var ki, can tərk edəndə cismini həmin kəsin son umacaq yeri, dünyadan rahat köçmə təsəllisi vətəndir. Bu baxımdan da “ölməyə vətən yaxşı”- deyiblər müdriklərimiz. Ömür boyu yaşamaq uğurunda dəniz kimi coşub çağlayan, qarışqa tək hər zəhmtə qatlaşan insan ölümüylə torpağa qarışırsa, qoyub getdiyi əməlləri ilə bu dünyada yaşayaraq vətəndaşlıq hissini gələcək nəsillərə ötürür. Vay o gündən ki, qürbətin təmtərağına, cah-cəlalına aldanıb gecikəsən...

 

Nə qədər insan gördüm ki,əynində libası yox,

Nə qədər libas gördüm ki,içində insan yox…

(Mövlana Cəlaləddin Rumi)

 

“Ədəbiyyat və incəsənət”

(08.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.