KİNO TARİXİMİZDƏN - ilk filmlərimiz barədə nə bilirik? Featured

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Həmin il ölkədə ilk dəfə xarici filmlərin nümayişi baş tutmuş və həmçinin də ilk Azərbaycan filmləri çəkilmiş və göstərilmişdir.

 

1898-ci il avqust ayının 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” və s. xronikal sənədli və “İlişdin” adlı bədii kinosüjetlərini nümayiş etdirmişdi. Həmin gün həm də milli kinomuzun yaranma günü sayılır.

Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si ölkədə kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. 

Gəlin yuxarıda adlarını sadaladığımız filmlərlə daha yaxından tanış olaq. 

1.

"Bibiheybətdə neft fontanı yanğını" - Reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən bu xronikal səssiz filmdə 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə Bakı taciri, milyonçu Y.V. Vişaunun mədənində baş verən dəhşətli yanğın hadisəsi öz əksini tapmışdır. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı - milyon pud neft olan anbar və 9 buruq od tutub yanır. 

2.

"Şəhər bağında xalq gəzintisi" - Müşahidə manerasında lentə alınmış bu səssiz kinosüjetdə Bakıdakı Mixaylov bağında (İndiki Əliağa Vahid bağında) qıtlıqdan zərər çəkənlərin nəfi üçün mayın 31-də Bakı elmi foto dərnəyi tərəfindən təşkil olunmuş xalq gəzintisi öz əksini tapmışdır.

Xronikal informasiya janrına aid olan bu kinolentdə müxtəlif zümrələri təşkil edən adamlar təqdim olunmuş və tamaşaçılarda dövrün Bakı həyatı və şəhər əhalisi haqqında müəyyən təsəvvürlər yaradılmışdır.

Bu film ilk dəfə 1989-cu ildə Bakıda V.İ.Vasilyev - Vyatskinin teatr-sirkində iyunun 21-də sirk proqramından sonra göstərilmişdir. 

3.

“Əlahəzrət Buxara əmirinin "Velikiy knyaz Aleksey" paraxodunda yolasalma mərasimi” - 1898-ci il iyul ayının 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu H.Z.Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodla Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşır. Hətta limanda qonağın şərəfinə orkestrdə çalır.

Protokol informasiyanın xəbər janrında çəkilmiş bu xronikal səssiz film məhz həmin təntənəli yolasalma mərasiminə həsr edilmişdir. 

4.

"Qafqaz rəqsi" - Filmdə əyninə milli paltar geymiş rəqqas  Qafqaz rəqsini ifa edir. Rəqqasın ağzında, əllərində və belində xəncərlər var. O, dövrə vurub hər dəfə səhnənin ortasına çatanda xəncərləri bir-bir başının üstündən atıb yerə sancır. Bu minvalla rəqqas xəncərlərin hamısını taxta döşəməyə sancır. Rəqs bitdikdə xəncərlərin hamısı yerə sancılmış vəziyyətdə göstərilir. 

Bu səssiz kinosüjet həm də Azərbaycan kinosunda film-konsert janrında çəkilmiş ilk filmdir. 

5.

"İlişdin" - Bu səssiz kinoyumoreskada Bakı şəhər bağında baş vermiş məzəli əhvalat əks olunmuşdur. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyaların birində oturur. Bu vaxt arxadan xanıma yaxınlaşan cibgir ehmalca onun qolundan salladığı əl çantasından pul götürmək istəyərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir qorxudan gözləri bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündənrazı halda gülümsəyir və ardından ciddi görkəm alıb cibgirə "İlişdin" deyir.

"İlişdin" kinosüjeti ilə həm də Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur. 

6.

"1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" - Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur. 

 

Sözügedən filmlərin ssenari müəllifi, rejesoro və operatoru Aleksandr Mişon olmuşdur. 

Onu da qeyd edək ki, kinosüjetlər "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı", "Bibiheybətdə neft fontanı yanğını" var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır.

2001-ci ildə Azərbaycan Dövlət Filmfondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri - "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Dövlət Filmfondunda qorunub saxlanılır. 

Yazımın sonunda qeyd edim ki, yazıma tanınmış kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinosu 1898 - 2002” fundamental tədqiqat işi mənbə olaraq dəstək verdi.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.